Məhkəmə qərarları › İş №1(101)-603/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-603/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-603/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxx 1967-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, 06 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 08 iyul 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetirşdirməklə kultivasiya etmişdir. Belə ki, təqsirləndirilən şəxs X2 naməlum tarixdə və müəyyənləşdirilməmiş mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə 2021-ci ilin aprel ayında əkilib becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə bitkilərini yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 16 ünvanında yerləşən evinin həyətyanı sahəsində qanunsuz olaraq külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, 06 iyul 2021-ci il tarixdə, saat 23:00-da Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası 16 ünvandakı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətdəki sahədə daş hasara yaxın torpaqda əkilmiş 44 ədəd, ümumi çəkisi 64775,0 qram təşkil edən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri külli miqdarda aşkar edilərək götürülmüşdür. Qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikası CMnin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər heç bir cinayət törətməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsini saxlamışdır. Amma təxminən 10 ilə yaxın bir müddətdə narkotik maddə olan marixuanadan istifadə etmişdir. Bundan başqa heç bir narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etməmişdir. Bu məqsədlə bildirmək istəmədiyi mənbələrdən marixuana alıb istifadə etmiş, özünün tələbatını ödəmək üçün çətənə bitkisini əkməyi planlaşdırmışdır. Odur ki, istifadə etmək üçün aldığı marixuanaların içərisindən çıxan toxum dənələrini yığıb özündə saxlamışdır. 3 ay əvvəl, 2021-ci ilin təxminən aprel ayında isə həmin toxumları yaşadığı evin həyətyanı sahəsində torpağa basdırıb sulamış, cücərib çıxdıqdan sonra qurudub istifadə etmək istəmişdir. Bir müddət sonra toxumlar cücərmiş, 3 ay ərzində gündəlik həmin bitkilərə qulluq edərək sulamış, dibinin alağını təmizləmiş, torpağını yumşaldmış, bir sözlə normal inkişaf etmələri üçün onlara qullunq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, 06 iyul 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı ünvanda olarkən Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları onun ünvanına gəlmiş, onun narkotik tərkibli çətənə bitkisini əkib becərməkdə şübhəli olmasını izah edərək evinə və həyətyanı sahəyə baxış və axtarış keçirməli olduqlarını izah etmişlər. O, polisin artıq məlumatlı olduğunu bilib buna etiraz etməmiş, hətta ərizə yazaraq razılığını bildirmişdir. Ona hüquq və vəzifələri izah edilmiş, hətta vəkilin iştirakı olmadan evinə və həyətyanı sahəyə videoçəkilişlə baxış və axtarış keçirilməsinə etiraz etməməsi barədə ərizə təqdim etmişdir. Evin həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdəki sahədə daş hasara yaxın torpaqda əkərək becərdiyi 44 ədəd çətənə bitkiləri aşkar olunaraq torpqdan çıxarılıb götürülmüşdür. Həyətyanı sahədən aşkar edilmiş çətənə bitkisinin kolları kisələrə yığılaraq qablaşdırılmış, protokol tərtib edilmiş, hamı kimi o da tərtib olunan sənədlərdə imza etmişdir. Bundan sonra polis işçiləri yaşadığı evə və üzərinə baxış keçirmiş, lakin qanunsuz saxladığı hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, ailənin yeganə qazanc gətirənidir, həyat yoldaşının və 2 övladının ümidləri onadır, tutduğu əməldən səmimi peşiman olmuşdur. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xidmət etdiyi PB-nin əməkdaşları tərəfindən 06 iyul 2021-ci il tarixdə, saat 23:00 radələrində «Xaş-Xaş-2020» tədbirlər planı əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi evə və həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış və axtarışın video görüntü ilə keçiriləcəyi barədə Təqsirləndirilən şəxs məlumat verilmiş, sonuncu yaşadığı ünvanda olan həyətyanı sahəsində və mənzilinə baxış və axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Həyatyanı sahəsinə baxış keçirilən zamanı həyatyanı sahədə daş hasara yaxın torpaqda 44 ədəd 80-120 sm hündürlükdə əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq torpaqdan çıxarılıb götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi narkotik tərkibli çətənə bitkisi olmasını və özünün istifadəsi üçün əkib qulluq etdiyini bildirmişdir. Həyətyanı sahəyə baxış zamanı iştirak edən aqronom mütəxəssis aşkar olunan 44 ədəd bitkilərin xüsusi qulluq olunmuş narkotik tərkibli çətənə bitkilərinin olmasını təsdiq etmişdir. Bundan sonra həyatyanı sahədən aşkar olunan narkotik tərkibli çətənə bitkiləri torbalara yığılıb möhürlə möhürlənmiş, bu barədə protokol da tərtib olunmuş, bağlamalar və tərtib olunan protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs imzalanmışdır. Təqsirləndirilən şəxs evinə keçirilən baxış nəticəsində isə qanunla qadağan olunan heç nə aşkar olunmamışdır. İş üzrə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş aqronommütəxəssis Şahid3 ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edildi. Şahid - aqronom-mütəxəssis Şahid3 məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsində göstərmişdir ki, 06 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Sabunçu RPİ-nin əməkdaşları bir nəfərin həyətində narkotik tərkibli bitkilərin aşkar olunduğunu və aqronom olaraq həmin həyətə baxışda iştirak etməyi ondan xahiş etmişlər. O, razılaşmış və sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi evə və həyətyanı sahəsinə video görüntü ilə baxış keçirilərkən o da iştirak etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda olan həyətyanı sahədə və mənzilə baxış və axtarış keçirilməsinə etiraz etməmişdir. Həyatyanı sahəyə baxış keçirilən zamanı həyatyanı sahədə daş hasara yaxın torpaqda 44 ədəd 80-120 sm hündürlükdə əkilməsi və becərilməsi qadağan olunan narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq torpaqdan çıxarılıb götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində əkdiyi bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və özünün istifadəsi üçün neçə ay əvvəl əkdiyini bildirmişdir. Aqronom mütəxəssis olaraq aşkar olunan 44 ədəd bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə xüsusi qulluq olunduğunu bildirmişdir. Bundan sonra həyatyanı sahədən aşkar olunan narkotik vasitə sayılan çətənə bitkiləri torbalara yığılıb möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs özü və digər iştirakçılar tərəfindən protokol və bağlamalar imzalanmışdır (iş vərəqə: səh. 104-106). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “axtarış baxış və götürmə aparılması haqqında” 06 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev 16 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə video çəkiliş müşaiyəti ilə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə daş hasara yaxın torpaqda 44 ədəd olmaqla 80-120 sm ölçülərdə tərkibində narkotik vasitələr olan çətənə bitkilərinə oxşar bitkilər aşkar olunaraq torpaqdan çıxarılıb götürülmüş, yaş vəziyyətdə 13 (on üç) ədəd ağ rəngli sintetik torbalara qablaşdırılmış, tədqiq olunan həmin protokol tərtib edilmişdir. Tərtib olunan həmin protokoldan görünür ki, protokol bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır (iş vərəqə: səh. 31-32). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan 06 iyul 2021-ci il tarixli aqronom-mütəxəssis rəyindən görünür ki, həmin rəylə Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev 16 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülən bitki nümunələrinin 44 ədəd olması, 80-120 sm ölçülərdə olması, həmin bitkilərin tərkibində narkotik vasitələr olan çətənə bitkiləri olması və həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsi təsdiq olunur (iş vərəqə: səh. 34). Məhkəmə baxışı zamanı nümayiş olunmaqla tədqiq olunan Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanası ev 16 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilməsi və tərkibində narkotik vasitələr olan çətənə bitkilərinin götürülməsi prosesinin videogörüntülərini özündə əks etdirən bir ədəd «CD» formatlı diskdən görünür ki, tədqiq olunan videogörüntülər baxış və götürmə aparılması haqqında 06 iyul 2021-ci il tarixli protokolun məzmununda göstərilənlərlə üst-üstə düşür, «CD» formatlı diskdə olan görüntülərlə torpaq sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 06 iyul 2021-ci il tarixli protokol arasında ziddiyyət müəyyən edilməmişdir(cinayət işinin materialları). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-bioloji ekspertizasının 07 iyul 2021-ci il tarixli, 7/646 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində «vət.Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahədən aşkar olunmuş bitki» yazıları və imzalar olan 13 (on üç) ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 44 (qırx dörd) ədəd, ümumi çəkisi isə 64775,0 qram olan bitki nümunələri, əkilib-becərilməsi qadağan olunmuş, narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir (iş vərəqə: səh. 48-51). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2021-ci il tarixli, 3928 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 101-102). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ibtidai istintaq orqanının müvafiq qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilməklə götürülmüş 44 (qırx dörd) ədəd, ümumi çəkisi 64.775,0 qram olan çətənə (kannabis) bitkiləri maddi sübut qismində tanınmış və tədqiqatlardan sonra qalıq kimi qalan 44 ədəd, 64.774,12 qram çətənə bitkiləri Sabunçu RPİ-nin anbarına saxlanca verilmişdir (iş vərəqə: səh.113-116). Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü təqsirli bilmiş, özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən İİİ siyahıda, yəni “qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilərdir və həmin bitkilərin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 3-15 ədəd (6- 30 hissə), külli miqdar daxil olmaqla yuxarı həddi 16 ədəd (31 hissə) müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 237.2.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Rüstəm Fətəliyevin əməli Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: səh. 87). İşdə olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır. İşdə olan, Azərbaycan Respublikası Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli, 4077 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 5 ünvanında pasport qeydiyyatındadır, Maştağa qəsəbə Nümayəndəliyinə Təqsirləndirilən şəxs barədə qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır (iş vərəqə: səh. 111). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, onun əvvəllər məhkum olunmadığını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və tutduğu əməldən səmimi peşmanlığını, onun ailənin yeganə qazancgətirəni olmasını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törpətmiş şəxsin himayəsində azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal hesab olunur. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib qeyd edir ki, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməyə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa) görə Cinayət Məcəlləsinin 237.2-ci maddəsində konkret olaraq üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin cəzaya alternativ cəza növü nəzərdə tutulmamışdır. Qanunun bu müddəasına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Lakin məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığını, özünün ailənin yeganə qazancgətirəni olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, tutduğu əməldən səmimi peşiman olduğunu, onun azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağı təqdirdə, bu cəzanın onun ailə şəraitinə nəzərə çarpacaq dərəcədə təsir göstərəcəyini, istər məhkəməyədək, istərsə də məhkəmə baxışı mərhələsində müsbət davranış nümayiş etdirdiyini və bununla da azadlıqdan məhrum edilmədən də islah oluna biləcəyini sübut etdiyini və s. məcmu olaraq müstəsna hal kimi nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd olunan əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması ədalət və humanizm prinsipləri baxımından qeyri-obyektiv və Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə zidd olmuş olardı. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli, 2668 nömrəli sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi qərara alınmışdır. Həmin Sərəncamın 13-cü bəndində cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutulması məhkəmələrə tövsiyyə olunmuşdur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, onun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılması və üzərinə bu cəzadan irəli gələn müəyyən vəzifələr qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinin tələblərinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.3-cü maddələrinə əsasən məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər üzərində bu Məcəllənin 52-1.2.1 - 52-1.2.4-cü və 52-1.3.1 - 52-1.3.4-cü maddələrində nəzərdə tutulan əsas və əlavə vəzifələr müəyyən edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.4-cü mddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, onun cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, hökmün icrası Təqsirləndirilən şəxs daimi yaşadığı Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs təyin olunmalı azadlığın məhdudlaşdırılması cəzasının müddəti ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, məhkəməyədək icraat mərhələsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla həmin cəzadan çıxılmalı və məhkum tərəfindən çəkilməli olan cəzanın müddəti qətiləşdirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 06 iyul 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub 02 (iki) gün saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun bu müddəasına əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulmaqla təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və məhkum üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə, həmçinin qeyd edir ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası isə onun daimi yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinə dair məsələni müzakirə edib belə nəticəyə gəlir ki, barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə işdə olan məhkəmə-narkoloji ekspertizanın 13 oktyabr 2021-ci il tarixli, 3928 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunsa da, tədqiqat aparılan mərhələdə onda abstinensiya və intoksikasiya əlamətlərinin olmaması, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, rəy üzrə göstərişə əsasən yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilməklə götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq kimi qalan 44 ədəd, 64.774,12 qram çətənə bitkiləri məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 66,46 (altmış altı manat 46 qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs 06 iyul 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, daimi yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaması nəzərə alınsın, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilməsin, o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar - Bakı şəhər Sabunçu RPİ-də saxlanılan saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalmış 64.774,12 qram çəkidə 44 ədəd çətənə bitkisi məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 66,46 (altmış altı manat 46 qəpik) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar