Məhkəmə qərarları › İş №1(101)-603/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-603/2023

27.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-603/2023 27.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi - “PROSPEKT” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 03 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - 4,866 qram səkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış və 03 sentyabr 2022-ci il arixdə Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:35-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis idarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının sol yan cibindəki pulqabının içərisindən 1 bükümdə təmiz çəkisi 4,866 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. 03 sentyabr 2022-ci il tarixdə «Nizami» metrostansiyası yaxınlığında tanımadığı Rauf adlı şəxsdən 80 manata heroin alıb evinə gəlmişdir. Həmin gün saat 20:35 radələrində yaşadığı Nəsimi rayonu, İ.İsmayılov küçəsi, 30 ünvanında yerləşən evindən bayıra çıxan zaman 2 nəfər mülki geyimdə olan polis əməkdaşları onu saxlayıb narkotiklərin qanunsuz istifadəsində şübhəli olduğunu bildirmiş və onu polis idarəsinə aparmışlar. İdarədə ona vəkil təqdim edilmiş və videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynindəki şalvarın cibində olan və həmin gün öz istifadəsi üçün aldığı 1 büküm narkotik vasitəni, 1 ədəd şprisi, limon duzunu və qara rəngli pulqabını təqdim etmiş, həmin bükümün içərisində “kokos” kimi tanıdığı narkotik olmasını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və içərisində narkotik olması müəyyən edildiyindən zərfə qoyulub götürülmüşdür. Sualları cavablandıran Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, narkotiki üzdən tanıdığı Rauf adlı şəxsdən 80 manata aldığını, şprisi və limon duzunu narkotikdən istifadə etmək üçün üzərində gəzdirdiyini, şəxsi axtarış aparılanda müdafiəçinin iştirak etdiyini, xeyli müddətdir ki, xəstəliyi ilə əlaqədar narkotiklərdən istifadə etdiyini, narkotik vasitələri tüstüsünü çəkmək və inyeksiya yolu ilə qəbul etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsirlər göstərilmədiyini, təcirdxanaya daxil olan zaman müayinədən keçirildiyini və bədənində hər hansı xəsarət izləri olmadığını və əməlindən peşman olduğunu məhkəməyə bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunarkən, onun məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən olundu (cild 1, iş vərəqi 60-61). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin rəisi Şahid1 ifadəsində göstərdi ki,təqsirləndirilən şəxsi keçirilmiş əməliyyat tədbiri ilə bağlı tanımışdır. Belə ki, bölməyə Faiq adlı şəxsin narkotik vasitələrin aludəçisi olması və İlqar İsmayılov küçəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatda həm də Faiqin narkotik vasitələrin satışı ilə də məşğul olması bildirilmişdir. Həmin məlumat əsasında onlar əməliyyat tədbiri keçirmiş, İlqar İsmayılov küçəsində moykaların yanında yaşadığı ünvanın qarşısında həmin şəxsi görərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan adını soruşduqda, sonuncu, Təqsirləndirilən şəxs olduğunu bildirmiş və bundan sonra onun nədə şübhəli bilindiyini bildirib idarəyə dəvət etmişlər. Şəxsi axtarış aparılarkən üzərində pulqabı aşkar olunmuşdur. Həmin pulqabının içərisində şüşə qırıntısı olan ampula, iki ədəd şpris və narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Həmin vaxt təxminən 4 qrama yaxın narkotik vasitə aşkar edilmişdir. Sualları cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, saxlanılan vaxt həmin şəxsə qarşı hər hansı təsir və təzyiq olunmadığını, yaxınlaşıb özlərini təqdim etdiklərini və həmin şəxsin də özünü təqdim etdiyini, şəxsin narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı sübut toplaya bilmədiklərini, Faiq adlı şəxsi İlqar İsmayılov küçəsində yaşadığı evin yaxınlığında saxladıqlarını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirinin keçirilməsinə cəlb olunmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Nəsimi RPİ-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilməsi və narkotik vasitə heroinin aşkar olunub götürülməsi zamanı əməliyyat qrupunun tərkibində iştirak etdiyini bildirərək, Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri tədqiq olunarkən, onların məhkəmədəki ifadələrlə ilə oxşar məzmunlu geniş ifadələr verdikləri müəyyən olundu (cild 1, iş vərəqi 96-98, 99-101). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 03 sentyabr 2022-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan vaxtda Nəsimi rayonu ərazidə şəxsiyyəti məlum olmayan şəxsdən qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib özündə saxlayaraq daşıması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar, həmin tarixdə saat 22:10-dan 23:00-dək şübhəli şəxs şəxs Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış, bu zaman onun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 bükümdə çəkisi 4,866 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinə bənzər maddə, şpris və ampula aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 48-51). İbtidai istintaq orqanı tərəfindən 03 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 83-85). Məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2022-ci il tarixli 6/4761 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün 186 “ dairəvi möhür əksi olan «Təqsirləndirilən şəxs üzərindən” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd parça pul qabında bir ədəd bənövşəyi rəngli qabda bir ədəd bükümdə təmiz çəkisi 4,866 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş bir ədəd şprisdə, bir ədəd sınıq şüşə ampulada narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 56-60). Ambulator narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5325 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 135-136). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 24 oktyabr 2022-ci il tarixli N37 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları iidarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsiin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları iidarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə özü və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyətinə görə ona araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğun olmaqla araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və obyektiv ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyətlərində fantaziya edib özündən uydurub danışmağa meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs təsviri hissədə göstərilən hadisə zamanı psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır (cild 1, iş vərəqi 137-140). İbtidai istintaq orqanının 05 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,866 qram narkotik vasitə olan heroin, 1 ədəd şpris və 1 ədəd sınıq şüşə ampula maddi sübüt kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,816 qram heroin, 1 ədəd şpris və 1 ədəd sınıq şüşə ampula məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 103-104). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsi tərəfindən 29 yanvar 2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 335.1 -ci maddəsi ilə N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına və N sentyabr 2016-cı ildə Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun cəzası 3 il 3 aya endirilmiş, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 10.06.209-cu il tarixli qərarı ilə 3 ay 2 gün vaxtından əvvəl şərti azad olunmuş, 11 sentyabr 2019-cu il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır (Cild 1, iş vərəqi 133-134). Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab olunmalıdır Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək müdafiəsi üçün hər hansı dəlillər gətirmədi. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin N.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 03 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 5325 nömrəli rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan və məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,816 qram heroin, 1 ədəd şpris və 1 ədəd sınıq şüşə ampula, həmçinin 2,260 qram ağ rəngli maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri olan 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 65 (altmış beş) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabat arayışından görünür ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsini təyinat əsasında 40 saat vaxt sərf etməklə «Prospekt» Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Ona görə də, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 iki (yüz qırx) manat pul vəsaiti qeyd olunan vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 03 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 4,816 qram heroin, 1 ədəd şpris və 1 ədəd sınıq şüşə ampula, həmçinin 2,260 qram ağ rəngli maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı çəkilmiş videogörüntülərin olduğu 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödəniləcək 240 iki (yüz qırx) manat pul vəsaiti «Prospekt” Vəkil bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar