Məhkəmə qərarları › İş №1(101)-605/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-605/2021

02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-605/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X5 və X1, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1954-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuruşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində qonşusuna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, nömrəsiz fərdi yaşayış evinin həyətində usta işləyən Zərərçəkmiş şəxs ona 500 manat borcu olduğunu etiraf etməməsi, əksinə onun Zərərçəkmiş şəxs 124 manat borcu olmasını bildirməsini bəhanə gətirərək mübahisə yaradıb, cəmiyyətdə bərqərar olmuş ümumi davranış qaydalarını qərəzli surətdə pozmaqla, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydalara əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq nümayiş etdirməklə, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub heç bir əsaslı səbəb olmadan əlində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin sol nahiyəsinə qəsdən vuraraq ağır dərəcəli hemorragik şoka, sol dirsək arteriyasının və said əzələlərinin yaralanmasına səbəb olan sol said nahiyəsinin kəsilmiş yarası, sol qoltuqaltı nahiyənin, sol bazu və sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi xəsarətləri xuliqanlıq niyyəti ilə yetirməklə Zərərçəkmiş şəxs ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 ittihamda özünü qismən bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2017-ci ilin oktyabr ayından qardaşı Rafiqin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində 25 sot torpaq sahəsinin içərisində bir mərtəbəli evi tikməsi ilə bağlı tanımışdır. O əvvəllər qardaşı Rafiq və ailəsi ilə birlikdə sonuncunun evində bir yerdə yaşamış, sonradan qardaşı Rafiqin həyətində torpaq sahəsinin küncündə ev tikdirmək qərarına gəlmişdir. Bu zaman elə qardaşının evini tikmiş usta Zərərçəkmiş şəxs müraciət etmiş, Mahir də razılıq vermişdir. Bundan sonra o, Mahirə onun üçün bir mərtəbəli evi tikməsi barədə tapşırıq vermiş, Mahir də ilk olaraq evin tikintisinin layihəsini çəkmişdir. Evin tikintisi getməklə yanaşı bu müddətdə Zərərçəkmiş şəxslə münasibətləri yaxşılaşmış və Mahir ondan ümumilikdə hissə-hissə olmaqla əlavə olaraq 1700 manat borca pul almışdır. Bundan sonra Mahir ondan aldığı pulu vaxtında qaytarmamış, xırda-xırda olmaqla, ümumilikdə isə hər dəfə onu yubadaraq 750 manat pulunu qaytarmış, qalan 950 manat borcunu isə qaytarmamışdır. Evin tikintisi ilə bağlı Mahir evinə 7 cərgə daş düzmüş və fundament qazmış, bununla da ona olan borcunu qaytardığını demiş, hətta əlavə olaraq onun Mahirə borclu olduğunu da iddia etməyə başlamışdır. Onun hesablamalarına görə isə Mahir onun evində bütün işləri görüb qurtarandan sonra da Mahirin ona 500 manat borcu qalmalı olmuşdur. Bu səbəbdən Mahirlə aralarında bir neçə dəfə söhbət olmuş, lakin buna baxmayaraq onlardan hərəsi özünü haqlı hesab etdiyi üçün hər ikisinin, eləcə də onun özünün əsəbləri daralmışdır. O, artıq Mahirlə danışmaqla məsələni həll edə bilməyəcəyini başa düşmüş, belə ki, özünü hesab məsələsində yanlışlığa yol verdiyini düşünməmişdir. Elə bu səbəbdən Mahirlə mübahisə etmək barədə düşünmüşdür. xx xxxx 2020-ci il tarixdə evdə olarkən Mahir fəhləsi ilə kağız göndərərək, artıq onun evini tikmək üzərində işləmək istəmədiyini və onun Mahirə 124 manat borcu olduğunu və borcunu ödəməsini tələb etdiyini bildirmişdir. Bundan sonra təxminən saat 17:00 radələrində Mahirin qonşunun həyətində işlədiyini bilib oraya getmiş və evdən çıxarkən mətbəxdən bir ədəd bıçaq götürmüşdür. Evin həyətinə daxil olduqdan sonra Mahirlə yenidən sonuncunun ona olan borcu barədə söhbət açmış və Mahirin razılaşmadığından əsəbləşərək daha əvvəl evdən götürdüyü bıçaqla Mahirin sol qol nahiyəsinə bıçaqla zərbə endirmişdir. Daha sonra oradan çıxıb getmək üçün Mahirin qardaşı Aqşinə tərəf gedərkən, Aqşin anidən onun başından rezin boru ilə vurmuşdur. Bundan sonra Mahir və qardaşı Aqşin qaçaraq oradan uzaqlaşmış, o isə heç bir reaksiya vermədən oradan çıxıb getmiş və başından xəsarət aldığı üçün həkimə müraciət etmişdir. Aqşinə qarşı onun heç bir şikayət və tələbi olmamışdır. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Zərərçəkmiş şəxs borcunu danması səbəbindən əsəbləşmiş və onu cəzalandırmaq istəmişdir. Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmamışdan əvvəl Mahir ona qarşı hər hansı nalayiq ifadə işlətməmiş, onu təhqir etməmiş və onu vurmamışdır. Zərərçəkmiş şəxslə aralarında mübahisələrinə səbəb Mahirin ona olan borcunu danması və əksinə guya onun Mahirə 124 manat borclu olmasını bildirməsi olmuşdur. Zərərçəkmiş şəxs öldürmək fikri və məqsədi olmamış, sadəcə əsəblərini cilovlaya bilməyib bıçaqla sonuncunu vurmuşdur. Zərərçəkmiş şəxs vurarkən sonuncu ona qarşı hər hansı aktiv hərəkət etməmiş, ona doğru əl atmamış və sonuncunun əlində hər hansı kəsici-deşici alət və ya kənar əşya olmamışdır. Mahir ilə söhbət edib sözlə borc məsələsi üzərində mübahisə edərkən, Mahir bir qədər kobud danışdıqda əsəbləşmiş və sonuncunu bıçaqla vurmuşdur. Bıçağı evdən götürməsinin səbəbini indi özü də başa düşməsə də, həmin vaxt bıçağı özü ilə götürmüşdür ki, Mahir sakit davranmasa istifadə etsin. Hadisə zamanı orada olan şəxslərdən mübahisələrinə heç kəs müdaxilə etməmiş, o, özü ani olaraq Mahiri bıçaqla vurmuş, ətrafdakı şəxslər də onun belə bir hərəkət edəcəyini güman etməmişlər. Son olaraq göstərdi ki, törətdiyi əməldən peşmandır və hadisəni Mahirlə aralarında olan pul məsələsindən yaranmış mübahisə səbəbindən törətdiyinə görə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilir. Baş vermiş hadisəyə görə peşmançılıq çəkir və etdiyi əməldən hazırda hədsiz dərəcədə utanır. Odur ki, barəsində olan yüngülləşdirici halların nəzərə alınmaqla yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünü qismən təqsirli bilməsinə baxmayaraq, hadisələrin baş vermə səbəbi, vaxtı, yeri və ardıcıllığı ilə bağlı iş materialları ilə uzlaşan ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, maddi sübutlar, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci ildən, Gülağanın qardaşı Rafiqin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində 25 sot torpaq sahəsinin içərisində bir mərtəbəli evi tikdirməsi, yəni onun özünün usta kimi həmin evi tikməsi ilə bağlı tanımışdır. Sonradan Gülağanın müraciət etməsi əsasında o və qardaşı Aqşinlə birlikdə Gülağanın evinin tikintisi ilə məşğul olmuşdur. Evin tikintisi ilə məşğul olduğu müddətdə ehtiyacı olduğundan o, Təqsirləndirilən şəxs maşın alması ilə əlaqədar borca pul almışdır. Bundan sonra işlədikcə borcunun bir hissəsini qaytarmış, eləcə də Gülağanın evinin tikintisini başa çatdırdıqdan sonra ona olan borcu qurtarmış, hətta bütün işləri gördükdən sonra Gülağanın ona borcu yaranmışdır. Buna baxmayaraq başa düşmədiyi səbəblərdən Gülağa onunla borc məsələsi üzərində mübahisə etmiş və ona olan borcunu vermək istəməmişdir. xx xxxx 2020-ci il tarixdə tanışı İbrahimdən Gülağaya özünün Mahirlə olan haqq-hesablarının kağızını göndərmişdir. Elə həmin gün saat 17:00 radələrində o və qardaşı Aqşin Gülağanın qonşusunun həyətində işləyən zaman Təqsirləndirilən şəxs əsəbi halda ona yaxınlaşıb, kinayəli şəkildə onun Gülağaya borcu olduğunu demişdir. Bu zaman o, Gülağa ilə razılaşmayıb özünün hesab kitabı yazdığını bildirərək onun Gülağaya yox, Gülağanın ona 124 manat borcu olduğunu bildirmişdir. Bundan sonra Gülağa əlində olan vərəqi ona verərək hesab kitaba dəqiq riayət etməsini və oxumağını bildirmiş, o əyləşərək həmin vərəqi oxuyan zaman Gülağa qəflətən əlində olan bıçaqla onun qolunun və bədəninin sol səthindən bir neçə zərbə endirmiş və geri çəkilmişdir. Həmin an Gülağanın belə bir hərəkət edə biləcəyini düşünmədiyindən sonuncuya qarşı heç bir müqavimət göstərə bilməmiş, Gülağa onun yanında uzaqlaşıb, həyətdən çıxan istiqamətdə qardaşı Aqşinə tərəf getdiyi zaman artıq qardaşı Aqşin Gülağanın başından orada olan rezin boru ilə vurmuşdur. Bundan sonra qardaşı Aqşin onu təcili Sabunçu rayon 3 saylı ŞKX-na çatdırmışdır. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2017-ci ildə sonuncunun qardaşı Rafiqin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində 25 sot torpaq sahəsinin içərisində qardaşı Mahirin bir mərtəbəli ev tikməsi ilə bağlı tanımış, qardaşı Mahirlə birlikdə Gülağanın evinin tikintisi ilə məşğul olmuşlar. xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində o və qardaşı Mahir qonşu Əlirza Fəximin həyətində işləmişlər. Belə ki, ev sahibi həmin vaxt ölkə hüdudlarından kənarda olduğu üçün həmin bağ sahəsinə nəzarəti ona tapşırmış, o da gündəlik həmin bağ sahəsinə baş çəkib abadlıq və təmizlik işləri görmüşdür. İşləri ilə məşğul olduqları vaxt Təqsirləndirilən şəxs əsəbi halda qardaşı Mahirə yaxınlaşmış və Mahirin ona borcu olduğunu demişdir. Mahir hesabatı dəqiqləşdirdiyini və onun Gülağaya yox Gülağanın ona 124 manat borcu olduğunu bildirmişdir. Bundan sonra Gülağa əlində olan vərəqi ona verərək oxumasını bildirdiyindən Mahir əyləşərək həmin vərəqi oxuyan zaman Gülağa əlində olan bıçaqla qardaşı Mahirin bədəninin sol tərəfindən zərbə endirmişdir. Həmin vaxt o baş verənlərdən özünü itirmiş və Gülağa onun üstünə tərəf gələn zaman Gülağanın onu da vurmaq istədiyini zənn edib qarşısını almaq üçün əlində olan rezin boru ilə Gülağanın baş nahiyəsindən vurmuşdur. Bundan sonra Gülağa oradan çıxıb getmiş və o da, qardaşını təcili Sabunçu rayon 3 saylı ŞKX-na çatdırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, münasibəti, ədavət və ya düşmənçiliyi olmamışdır. O, Şahid1, Zərərçəkmiş şəxs və Şahid2lə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində ev tikintisi ilə məşğul olmuş və xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində birlikdə işlədikləri zaman sonradan ona adı Təqsirləndirilən şəxs kimi məlum olan şəxs oraya gəlmişdir. Gülağa evin həyətinə keçdikdən sonra Mahirə yaxınlaşmış aralarında olan haqq-hesabla bağlı məsələni aydınlaşdırmışlar. Bu zaman Gülağa əlində olan vərəqi Mahirə uzadaraq sonuncuya 124 manat borcu olmadığını bildirmişdir. Mahir stula əyləşib həmin vərəqi oxuyan zaman gözləmədikləri anda Gülağa əlində olan bıçaqla Mahirə zərbə endirmiş, bu zaman Mahir "Ay allah deyərək” qışqırmışdır. Bundan sonra Gülağa Mahirdən aralanıb, Aqşin tərəfə gedərkən, sonuncu Gülağanı baş nahiyəsindən rezin boru ilə vurmuş, Gülağa da oradan çıxıb getmişdir. Daha sonra Aqşin qardaşı Mahiri Sabunçu rayon 3 saylı ŞKX-na çatdırmışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır onunla əvvəllər heç bir münasibəti olmayıb ona qarşı heç bir ədavəti və düşmənçiliyi olmamışdır. O, Mahirlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində ev tikintisi ilə məşğul olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində onlar işləyən zaman Təqsirləndirilən şəxs əsəbi halda Mahirə yaxınlaşaraq onun Mahirə borcu olduğunu deyən zaman Mahir hesab kitabı yazdığını bildirərək onun Gülağaya yox, Gülağanın ona 124 manat borcu olduğunu bildirmişdir. Bundan sonra Gülağa əlində olan vərəqi ona verərək hesab kitaba dəqiq riayət etməsini və oxumasını bildirmiş, Mahir əyləşərək həmin vərəqi oxuyan zaman Gülağa əlində olan bıçaq ilə Mahirin sol səthindən zərbə endirmişdir. Gülağa Mahirdən aralanıb Aqşinin tərəfinə gedərkən, Aqşin Gülağanı zərərsizləşdirmək məqsədilə onun baş nahiyəsindən şlankla vurmuşdur. Bundan sonra Gülağa xəsarət aldığı üçün zərərsizləşmişdir. Onlar oradan qaçaraq uzaqlaşmışlar. Daha sonra Aqşin qardaşı Mahiri Sabunçu rayon 3 saylı ŞKX-na çatdırmışdır. Təqsirləndirilən şəxs qəflətən bir anlıqda Zərərçəkmiş şəxs bıçaqla vurmuş, Mahir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurandan sonra özü Mahirdən ayrılmış, onun Mahirə növbəti zərbələri vurmağa imkanı olmuşdur. Təqsirləndirilən şəxs Mahiri bıçaqla vurub ondan artıq aralandıqdan sonra qardaşı Aqşin Gülağanın başından şlankla vurmuşdur.(cild 01, iş vər. 65-67) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində qonşusuna məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsi, nömrəsiz fərdi yaşayış evinin həyətində heç bir əsaslı səbəb olmadan aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan bıçaqla sol dirsək, sol qoltuqaltı və sol bud nahiyələrindən qəsdən vurub xəsarət yetirməsi faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanması və icraata qəbul olunaraq istintaq aparılması qərara alınmışdır.(cild 01. İş vər 01) “Şifahi şikayətin qəbul edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, şikayətçi Ağayev X2 RPİ-nin 14-cü PB-nə gələrək, Təqsirləndirilən şəxs ilə 3 ildir ki, tanış olduqlarını, Gülağanın evində usta kimi işlədiyini, Gülağanın ona 124 manat borcu olduğunu, bununla bağlı görülən işlər barədə qeydiyyat apararaq yazılı formada İbrahimdən Gülağaya göndərdiyindən təxminən 10-15 dəqiqə sonra Gülağanın Mahirin qonşuda işlədiyi evə gələrək gözlənilmədən əlindəki bıçaqla ona 2 yerdən sol qol nahiyəsindən xəsarət yetirdiyini bildirib, Gülağa barədə tədbir görülməsini xahiş etmişdir. (cild 01. iş vər. 05) Sabunçu RPİ-nin 14-cü PB-nin məsul növbətçisi X4 RPİ-nin 14-cü PB-nin rəisinə olan xx.xx.2020-ci il tarixli MK-1150 nömrəli raportundan görünür ki, məsul növbətçi tərəfindən raportla məruzə edilərək, xx xxxx 2020-ci il tarixdə saat 18:34 radələrində 03 saylı Şəhər Klinik Xəstəxanasından tibb bacısı Əfəndiyevanın məlumat verərək, Bilgəh qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs sol saitin kəsilmiş-deşilmiş diaqnozu ilə müraciət etməsi barədə bildirilməsi qeyd olunmuşdur. (cild 01, iş vər. 07) “Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Sabunçu RPİnin 14-cü PB-nin təhqiqatçısı Elsahib Vəliyev tərəfindən dəvət olunmuş hal şahidlərinin, polis əməkdaşının və ev sahibinin iştirakları ilə xx xxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Təqsirləndirilən şəxs, qonşusu və tanışı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi qara rəngli ümumi uzunluğu 32 sm, tiyəsi 20 sm, dəstəyi 11.05 sm olan bıçaq ilə hadisə yerindən maddi sübut kimi götürülmüşdür.(cild 01, iş vər. 08-11) “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” xx xxxx 2020-ci il və xx.xx.2020-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri aşkar olunmamışdır. (cild 01, iş vər. 14-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 03 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 356 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs travmatoloji şöbəsinə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək aldığı xəsarətlə əlaqədar sol saidin aşağı 1/3-ü dirsək arteriyasının və 5 barmağı bükən vətərin zədələnmiş və kəsilmiş yarası, sol bazunun yuxarı 1/3-nin qoltuqaltı nahiyəsinin kəsilmiş və deşilmiş yarası, 3-cü dərəcə hemorragik şok diaqnozu ilə daxil olmuş və stasionar müalicə almışdır. (cild 01, iş vər. 23) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 36) Məhkəmə-tibbi ekspertizasının 1001 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ağır dərəcəli hemorragik şoka, sol dirsək arteriyasının və said əzələlərinin yaralanmasına səbəb olan sol said nahiyəsinin kəsilmiş yarası, sol qoltuqaltı nahiyənin, sol bazu və sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx xxxx 2020-ci il tarixə uyğun gəlmiş və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Xarakterinə və lokalizasiyasına görə, xəsarətlərin yıxılma nəticəsində törənməsi və müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmuşdur. (cild 01, iş vər. 45-47) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. (cild 01, iş vər. 68) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır.(cild 01, iş vər. 90) Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx xxxx 2020-ci il tarixdə, təxminən saat 17 radələrində Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ sahəsində baş vermiş münaqişə nəticəsində xəsarət almış, lakin Şahid1 ilə barışmış, ona qarşı heç bir şikayəti yoxdur və gələcəkdə də, olmayacaqdır. (cild 01, iş vər. 103) Məhkəmə-ballistik ekspertizasının 3/799 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. (cild 01, iş vər. 106-108) “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi Elxan Hacıyev tərəfindən Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi hadisə yerində yoxlanmış və bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları əyani olaraq göstərməklə təsdiq etmişdir. (cild 01, iş vər. 119-123) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-509/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. (cild 01, iş vər. 130-132) “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törətdiyi 1 (bir) ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri olan 1 (bir) ədəd ağ rəngli köynək maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxanadək Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (cild 01, iş vər. 133-134) Məhkəmə-tibbi kriminalistik ekspertizasının 534/2020 -MTKŞ saylı, xx xxxxxx 2020ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus köynəyin sol qoluqaltı nahiyəsində iki ədəd, köynəyin sol qolunun yuxarı-bayır nahiyəsində bir ədəd və köynəyin arxa hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın təsirindən törənməsi inkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri törədən daxil olma səviyyəsində eni 2.1 sm-ə qədər olmuşdur. (cild 01, iş vər. 144-146) Məhkəmə-tibbi bioloji ekspertizasının 838/2020-MTBŞ saylı, xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu-B/lll/ təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə təyin olunduqda yalnız “B” antigeni alınmışdır. Bu qan ləkələri V alfa /İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.(cild 01, iş vər. 148-151) Ambulator məhkəmə-kompleks psixoloji və psixiatrik ekspertizasının 2192 saylı, xx xxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman onda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməpsixoloji ekspertizası üzrə, Təqsirləndirilən şəxs cinayət törədən zaman əqli inkişafında ruhi xəstəliklə bağlı olmayan gerilik əlamətləri olmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında hal-hazırda gerilik əlamətləri yoxdur. Qıcığa qarşı həssaslıq, özünə hörmət tələb etmək, özünə məxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyllilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, yaddaş, qavrayış, təfəkkür və s.) normaya uyğun olduğundan o, hazırda ifadə vermək və baş verənləri düzgün qavrayıb təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayəti törədən zaman şüuruna və fəaliyyətinə təsir göstərə bilən hər hansı psixiemosional vəziyyətdə olmamışdır. (cild 01, iş vər. 154-156) “Sübutların qiymətləndirilməsi və tövsif edilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən 126.2.4-cü maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsi 126.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində 29,120-ci maddənin tərkibi olmadığına görə sonuncu barəsində iş üzrə həmin maddə ilə cinayət təqibinin başlanması rədd olunmuş, bu barədə cinayət işindən material ayrılaraq Sabunçu rayon prokurorluğuna göndərilməsi qərara alınmış, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs bıçaqlamış, daha sonra oradan kənarlaşmaq üçün Şahid1 istiqamətində gedən zaman sonuncu anlaşılmazlıq ucbatından səhv başa düşdüyü üçün əlində olan şlankla Təqsirləndirilən şəxs başına vurduğu üçün sonuncuda yüngül xəsarət yaranmış, Təqsirləndirilən şəxs Şahid1 ilə barışması nəzərə alınmalı, Şahid1 barəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs cinayəti törətdiyi bıçaq təyin edilmiş trasoloji ekspertiza rəyinə əsasən soyuq silah hesab edilmədiyindən onun barəsində iş üzrə Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 01. İş vər 157-165) Zərərçəkmiş şəxs xx xxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutları müqayisəli qaydada tədqiq edərək, sübutlara hərtərəfli və obyektiv qiymət verməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadələri, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli hesab edərək, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyi və heç bir xuliqanlıq əməli törətmədiyi və ibtidai istintaq orqanının gəldiyi qənaətin həqiqəti əks etdirməməsi ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli, 3 saylı qərarının 6-cı bəndinə əsasən, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürməkdən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyəti ilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyələrini və işin faktiki hallarını qarşılıqlı şəkildə tədqiq və təhlil edərək təqsirləndirilən şəxsin əməlinin tövsifi ilə bağlı qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında hadisə günü və ondan əvvəl hər hansı münaqişə baş verməmiş, onlar arasında yalnız borc münasibətləri ilə bağlı qarşılıqlı narazıçılıq olmaqla, hər iki tərəf bir-birinə öz arqumentlərini irəli sürmüş, hadisədən əvvəl zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı hər hansı hüquqa zidd hərəkətlərə yol verməmiş, hadisə vaxtı isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi hesablamalarına dair kağız parçasını oxuyarkən Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsə bıçaqla vurmaqla ittihamda qeyd olunan xəsarətləri yetirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər sübutların qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən yuxarıda qeyd olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa xəsarət yetirmədiyini bildirsə də, verilmiş ittihamı təkzib edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasənqəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini mahiyyət etibarı ilə etiraf edib peşman olmasını, 67 yaşının olmasını, Zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanın tam olaraq ödənilmiş olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs 67 yaşı olmaqla ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və şəxsiyyətini xarakterizə edən digər halları, törətmiş olduğu cinayətin xarakterini, cinayətin baş vermə şəraitini, məqsədi və motivini, onun cinayət törətdikdən sonrakı davranışını ilə bağlı müstəsna halları, həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan halları, onun şəxsiyyətini, sağlamlıq durumunu nəzərə alaraq, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cəza təyin edilərkən barəsində CM-nin 62-ci maddəsini tətbiq etməklə təqsirli bilindiyi cinayət əməlinə görə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddindən də az cəza təyin edilməsini əsaslı, məqsədəmüvafiq və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri olan bir ədəd ağ rəngli köynək dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: Sabunçu RPİ-də saxlanılan Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 1 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus üzərində qan ləkələri olan bir ədəd ağ rəngli köynək dəyərini itirdiyindən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə məhkəmə xərcləri, mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar