Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-605/2023 17.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və həmin şöbənin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi, ev 47, mənzil 87-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda edib edib saxlayıb daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 520,0 qram narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, “Həyat mebel” mağazasının yaxınlığında şübhəli olduğuna görə Sabunçu RPİnin 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİ-nin 14-cü Polis bölməsinə aparılmış, orada onun üzərində şəxsi axtarış keçirilərkən əlində saxladığı üzərində “Manovi” sözü yazılmış, ağ rəngli sellofan torbanın içərisindən satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı külli miqdarda təmiz çəkisi 520,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 1985-ci il sentyabr ayının 1-də Bakı şəhəri, Yasamal rayonunda anadan olmuşdur. O, 07 sentyabr 2022-ci ildə kirayədə yaşadığı evdən çıxaraq siqaret almaq üçün mağazaya getmişdir. Qısa müddətdən sonra o, 14-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Ümumiyyətlə, polis əməkdaşlarının əksəriyyəti onu narkotik vasitələrin istifadəçisi kimi tanımışlar. O, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində 1 (bir) dəfəlik istifadə üçün (siqaretə doldurma yolu ilə) narkotik vasitə marixuana olmuşdur. O, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman həmin polis əməkdaşları onu qara rəngli “Hundai Sonata” markalı avtomobilə əyləşdirmişlər. Polis əməkdaşları onu saxladıqdan sonra Polis bölməsinə aparılacağını, orada yalnız üzərinə axtarış keçirələcəyini, daha sonra isə buraxılacağını ona bildirmişlər. O da polislərlə razılaşıb sonuncuların idarə etdikləri qara rəngli “Hundai Sonata” markalı avtomobilə əyləşərək Polis bölməsinə getmişdir. Polis bölməsinə daxil olduqdan sonra onu inzibati binanın kamera müşahidə sisteminin olmadığı aşağı mərtəbədəki ayaqyoluna apararaq orada ona fiziki təzyiq etməyə başlamışlar. Həmin vaxt polislər ona təqdim etdikləri ağ rəngli, içərisində 400 qram narkotik vasitə olan sellofan torbanın ona məxsus olduğunu bildirməsini ona bildirmişlər. Polis bölməsində onun üzərinə axtarış həyata keçirilən zaman onun yanında müdafiəçi olmamışdır. O, ümumiyyətlə üzərində şəxsi axtarış və götürmə hərəkətlərinin mütləq müdafiəçinin iştirakı ilə keçirilməli olduğunu da bilməmişdir. O, fikirləşmişdir ki, digər dövlət müəssisələrində olduğu kimi burada da sadə formada rəsmiləşdirmə işləri üçün ona sənədləri imzalatdırmışlar. O, videoçəkilişin nə üçün aparıldığını soruşduqda, polis əməkdaşları ona videoçəkilişin sosial xarakterli olduğunu, həmin videoçəkilişin özləri üçün çəkdiklərini bildirmişlər. O, Polis bölməsində olduğu zaman ona həmin ağ rəngli şəffaf sellofanın içərisindəki narkotik vasitənin ona məxsus olduğunu bildirməsini, bunu etdiyi təqdirdə barəsində daha yüngül maddə üzrə, yəni Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi açacaqlarını, nəticədə isə məhkəmə zalından azad ediləcəyini, ya da narkoloji dispanserdə məcburi müalicə alacağını bildirmişlər. Həmin videoçəkiliş 2 (iki) dəfə baş tutmuşdur. Çünki 1-ci videoçəkilişdə o, başı ilə polis əməkdaşlarına narazılığını bildirmişdir. O, yalnız guya 400 qram narkotik vasitənin ona məxsus olduğunu bildirməyə çalışmışdır. Polislər buna görə 1-ci videoçəkilişi dayandırmışlar. Sonra isə polislər ona demişlər ki, “guya üzərindən elektron tərəzinin də aşkar edildiyini bildirməlisən”. O, bunu etmədiyi təqdirdə yenidən polis əməkdaşları onu Polis bölməsinin aşağı mərtəbəsinə endirəcəklərini bildirib orada yenidən ona qarşı təzyiq ediləcəyi ilə onu hədələmişlər. Polislər onu Polis bölməsinin kamera müşahidə sisteminin olmadığı hissəsinə aparıb orada ona təzyiq göstərəcəklərini bildirmişlər. O da məcbur olub polislərin dediklərini etmişdir. O, 14-cü Polis bölməsindən Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra orada onu tibbi müayinədən keçirtmişlər. Onun bədənində olan ağrılardan o, əvvəlcə elə bilmişdir ki, qabırğaları sınmış və ya çatlamışdır. Lakin o, rentgen müayinəsindən keçdikdən sonra məlum olmuşdur ki, onun qabırğalarında çatlar olmamış, amma qabırğalarının ciddi şəkildə əzilməsi müəyyən edilmişdir. Bədənində olan əzilmələrə münasibətdə həkimlər ona demişlər ki, “əzilmələr bir müddət sonra düzələcək”. Bundan əlavə, o, taxta ilə döyülən zaman həmin taxtanın kiçik hissəsi onun bədəninə təmas etdiyi üçün həmin təmas yerində kiçik həcmli çirkli irin yaranmışdır. Müayinələrdən sonra müstəntiq onun yanına gedərək ondan döyülməsilə bağlı ərizə yazmağını bildirmişdir. O da həmin müstəntiqə demişdir ki, “əgər etdiyim şikayətin əhəmiyyəti olacaqsa, şikayət ərizəsi yazmağa razıyam”. Müstəntiq də ona demişdir ki, “şikayəti yaz, şikayətə mütləq baxılacaq”. Buna görə də o, müstəntiqə demişdir ki, “şikayət verməyin demək olar ki, əhəmiyyəti yoxdur”. Ona görə də o, şikayət ərizəsi yazmaq istəməmişdir. Daha sonra başqa bir müstəntiq onun yanına gələrək baş verənlər haqqında, yəni saxlanıldığı zaman polis əməkdaşları tərəfindən məruz qaldığı zorakılıqlarla bağlı ifadəsini almışdır. O, ilkin izahatını 14-cü Polis bölməsində vermişdir. Sonra isə onu müvəqqəti saxlama yerinə təhvil vermişlər. Bundan sonra isə onun işini müstəntiqə həvalə etmişlər. O da müstəntiqə ifadə verəndə ilkin ifadələrini inkar etməmişdir. Çünki o, qorxmuşdur ki, bu barədə əvvəlki polis əməkdaşlarına məlumat verilər və onun vəziyyəti ağırlaşar. Buna görə də o, müstəntiqə də eyni cür ifadə vermiş və ilkin ifadəsini təsdiq edərək 300 (üç yüz) manat qarşılığında narkotik vasitə əldə etdiyini bildirmişdir. O, ilk dəfə idi ki, belə bir hadisə ilə qarşılaşmışdır. Buna görə də o, nəyi necə etməli olduğunu bilməmişdir. Sonradan o, məlumat əldə etmişdir ki, 400 (dörd yüz) qram narkotik vasitə əldə etməsi üçün ona 4.000-5.000 manat pul lazım olmuşdur. Onun isə bu məbləğdə pulu olmamışdır. O, Maştağa qəsəbəsində yerləşən “Şükran” mağazasında gündəlik 20 (iyirmi) manat qarşılığında fəhlə kimi işləmişdir. O, gündəlik qazandığı 20 (iyirmi) manat pulun yarısını demək olar ki, siqaret və gündəlik yemək üçün xərcləmişdir. O, demir ki, aydan arı, sudan durudur. Doğrudur, o, narkotik vasitə istifadə etmişdir. Lakin o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, adətən öz narkoman dostları ilə atışıb bir yerdə narkotik vasitələr alıb istifadə etmişdir. Bəzən də elə olmuşdur ki, dostları ona istifadə etməsi üçün narkotik vasitələri pay vermişlər, yəni onu narkotikə qonaq etmişlər. O isə heç vaxt heç kimə narkotik vasitəni pay verməmiş, çünki onun buna maddi imkanı olmamışdır. Təqsirləndirilən şəxs cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, təhsilini yarımçıq bitirdiyi üçün natamam ali təhsillidir. Ali Hərbi Akademiyanı bitirməsinə, yəni zabit olmasına 1 (bir) il qalmış, o, könüllü surətdə ərizə yazaraq həmin ali məktəbi tərk etmişdir. O, təhsil aldığı zamanda narkotik vasitələrdən istifadə etməmişdir. O, akademiyanı həmin akademiyada edilən haqsızlıqları gördüyü üçün tərk etmişdir. O, narkotik vasitələri son 1 (bir) ildir ki, qəbul edir. 14-cü Polis bölməsində ona qarşı fiziki təzyiq olunmuşdur. O, fiziki təzyiq göstərən şəxslərin kimliyini xatırlamır. O, Maştağa qəsəbəsi, Məmmədyarov dairəsi adlanan ərazidə, yəni “Həyat” mebelin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, həmin polis əməkdaşlarını tanımamış, lakin polislər onu tanımışlar. Çünki həmin polislər bir neçə dəfə onu narkotik vasitələri istifadə etdiyi üçün hərəkət və davranışlarından şübhələnərək saxlamışlar. O, ilkin ifadəsində narkotik vasitənin miqdarını, tərəzini, həmçinin narkotik vasitəni kimdən aldığını demiş, lakin bütün bunları qorxduğu üçün etmişdir. Müvəqqəti saxlanma yerində saxlanılmağa təhvil verildikdən sonra isə o, müstəntiqə də eyni cür ifadə vermiş, yəni qorxmuşdur ki, həmin müstəntiq bu barədə onu saxlayan polislərə məlumat verər, bu da onun vəziyyətini daha da ağırlaşdırar. Polis əməkdaşlarının dediklərini təsdiq etməsi üçün, yəni 400 qram narkotiki üzərinə götürməsi üçün polislər onu döymüşlər. Həmin gün o, narkotik vasitə almamış, üzərində aşkar edilən narkotik vasitəni isə ona pay vermişlər. Üzərinə axtarış keçirilən zaman aşkar edilən narkotik vasitəni hal-hazırda məhkum olan Ramin adlı şəxs ona pay vermişdir. O, Polis bölməsində döyülməsilə bağlı istintaq təcridxanasında saxlanıldığı zaman şikayət etmişdir. Videoçəkilişdə o, nə dediyini xatırlamır. Hadisə baş verən gün o, narkotik vasitə istifadə etmişdir. O, Polis əməkdaşları tərəfindən saxlanılan zaman artıq narkotik vasitənin təsiri bitmişdir. O, həbs olunana qədər Maştağa qəsəbəsində yerləşən “Həyat” mebel salonu ilə üzbəüz evdə kirayədə yaşamışdır. O, fəhləlik ilə məşğul olmuşdur. O, heç vaxt yol qırağında yatmamış və tüfeyli həyat tərzi keçirməmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan olunmuş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan onun ibtidai istintaq orqanına vermiş olduğu ifadəsinin məhkəmə iclasında elan edilməklə tədqiq edilməsinə zərərurət yaranmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, təxminən 4-5 ay müddətdir ki, narkotik vasitə olan heroini istifadə etməyə başlamışdır. Lakin daha sonra o, bu maddəni tərgitmək üçün narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. O, fəhləlik edərək əldə etdiyi gəliri öz gündəlik ehtiyaclarına və ya narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməyə xərcləmişdir. O, bu maddəni hər dəfə Bakı şəhəri, Maştağa qəsəbəsində fərqli şəxslərdən şəxsi istifadəsi üçün əldə etmişdir. xx.xx.2022-ci il tarixdə yenə də o, marixuana əldə etmək istəmişdir. Lakin o, Maştağa qəsəbəsində bu maddəni əldə edə biləcək şəxs tapmamışdır. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhərinə getmişdir. Belə ki, o, eşitmişdir ki, Xırdalan şəhərində də bu maddəni əldə etmək mümkündür. Onun üzərində 300 manat pul olmuş və o, həmin pulu gündəlik fəhlə işlədiyi yerlərdən aldığı puldan yığıb saxlamışdır. Bundan sonra o, 07 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tanımadığı şəxsdən 300 manat pulun müqabilində narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək üzərində saxlayıb daşımağa başlamışdır. Bu maddənin çəkisini o, dəqiq xatırlamır. O, əldə etdiyi bu maddəni 01 ədəd üzərində “Manovi” sözü yazılmış, ağ rəngli sellofan paketdə almışdır. Bundan sonra o, həmin paketlə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə geri qayıtmışdır. Həmin gün saat 21:30 radələrində o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Həyat Mebel” evinin yaxınlığında olan zaman həmin ərazidə xidmət aparan 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra polislər ondan şəxsiyyət vəsiqəsi və ya şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb etmişlər. O da üzərində hər hansı bir sənəd olmadığını polislərə bildirmişdir. Daha sonra o, əlində saxladığı 1 ədəd sellofan paketin içərisində narkotik vasitə marixuana olduğu üçün narahat olmağa başlamışdır. O, polis əməkdaşlarının suallarından yayınmaq istədiyindən özünü şübhəli aparmağa başlamışdır. Bundan sonra polis əməkdaşları onu Sabunçu RPİnin 14-cü PB-nə gətirmişlər. Polis bölməsində xidməti otaqlarının birində təhqiqatçı tərəfindən dövlət hesabına ona müdafiəçi təyin edilərək müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmişdir. Daha sonra ona üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra o, videoçəkiliş zamanı müdafiəçinin iştirak etməməsini xahiş emiş və bu barədə ərizə yazmışdır. Belə ki, onun əlində olan paketdə narkotik vasitə olan marixuana olduğundan o, istəməmişdir ki, müdafiəçi bunu görsün. Belə ki, o, istəmişdir ki, müdafiəçisi gələcəkdə onu ürəkdən müdafiə edə bilsin. Daha sonra videoçəkiliş ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. O, xidməti otaqda olarkən ondan üstündə, paltarında və ya paltarlarının ciblərində, bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əlində tutduğu 01 ədəd üzərində “Manovi” sözü yazılmış, ağ rəngli sellofan paketi masanın üzərinə qoymuşdur. Daha sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması bağlı sorğu sual verilmişdir. Sonra o, göy rəngli, cins şalvarının cibindən 1 ədəd “Keno” markalı siqaret qutusunu və 1 ədəd alışqanı, həmin şalvarın arxa, sağ, yan cibindən 3 manatlıq əskinazı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində axtarış aparılmağa başlanılmış və əvvəlcə geyindiyi cins şalvarının, sağ vo sol yan ciblərinə, arxa cibinə baxılmış, lakin hər hansı bir aşya aşkar edilməmişdir. O, üzərindən aşkar edilən 1 ədəd sellofan paketin içərisində narkotik vasitə olan marixuana olmasını bildirmişdir. Polis əməkdaşları həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirməsi barədə ondan soruşduqda, o, həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən 300 manat qarşılığında almasını və şəxsi istifadəsi üçün üzərində daşımaqla saxladığını bildirmişdir. Bundan sonra şəxsi axtarışda iştirak edən iştirakçılara içərisində marixuana saxladığı 1 ədəd sellofan paketin ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Bundan sonra narkotik vasitə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənmişdir. Şəxsi əşyaları olan 1 ədəd “Keno” markalı siqaret qutusu, 1 ədəd alışqan və 3 manat pul polis əməkdaşları tərəfindən ona geri qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs tutulmasından sonra uzun müddət keçdiyindən o, tam təfərrüatı ilə hadisəni xatırlamır. Lakin yadında qaldığına görə o, təxminən 2022-ci ilin sentyabr ayında iş yoldaşı Şahid2 ilə birlikdə inzibati ərazidə, yəni Maştağa qəsəbəsində hərəkət etmişdir. Bu zaman onlar “Həyat mebelin” yaxınlığında əvvəllər tanımadıqları bir şəxsin əlində ağ rəngli torba ilə dayandığını görmüşlər. Həmin şəxs onları görən zaman həyəcanlanaraq əlindəki torbanı yerə atıb qaçmağa çalışmışdır. Lakin onlar həmin şəxsi, yəni Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə aparmışlar. Polis bölməsində təhqiqatçının otağında videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən baxış zamanı narkotik vasitə marixuana aşkar edilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə münasibətdə bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xırdalan qəsəbəsində 300 manat qarşılığında tanımadığı şəxsdən almışdır. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs “Həyat mebelin” yaxınlığında onları görən zaman qaçmağa cəhd göstərmişdir. Polis bölməsində videoçəkiliş vasitəsilə təqsirləndirilən şəxsin üzərinə baxış həyata keçirilən zaman o da həmin prosessual hərəkətdə iştirak etmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq və ya zorakılıq edilməmişdir. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı müəyyən çəkidə narkotik vasitəni üzərinə götürdüyü halda vəziyyətinin yüngülləşdiriləcəyi barəsində heç bir təklif olunmamışdır. Həmin narkotik vasitələr təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüşdür. Səhv etmirsə, təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs “Həyat mebelin” yaxınlığında onları görən zaman qaçmağa çalışsa da, cəhdi baş tutmamışdır. Yəni Təqsirləndirilən şəxs onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Səhv xatırlamırsa, təqsirləndirilən şəxs əlindəki torbanı sadəcə yerə qoymuşdur. Onlar Təqsirləndirilən şəxs yaxınlaşan zaman sonuncu onlara azərbaycan dilində cavab vermişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ölçüsünün müəyyənləşdirilməsi üçün qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Polis bölməsinin hər bir tərəfində müşahidə kameraları var. Polis bölməsində müşahidə kameralarının olmadığı hissə yoxdur. Təqsirləndirilən şəxsə müşahidə kamerası olmayan hissədə fiziki təzyiq göstərilməsi qeyri-mümkündür. Təqsirləndirilən şəxsin üzərində torba olmadığını bildirməsi yalandır. Onlar təqsirləndirilən şəxsi saxlayan zaman hansı avtomobili idarə etdiklərini o, xatırlamır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, iş yoldaşı Şahid1 ilə birlikdə Maştağa qəsəbəsində “Məmmədyarov” dairəsi kimi adlanan yerin yaxınlığında “Həyat mebel” mağazasının qarşısında hərəkət edən zaman yolun kənarında bir nəfər şübhəli şəxs görmüşlər. Həmin şəxs, yəni Təqsirləndirilən şəxs onları görərək həyəcanlı şəkildə əlində saxladığı ağ rəngli torbanı yerə ataraq qaçmağa çalışmışdır. Həmin an onlar Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə hesab edilən marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilən zaman etiraf edərək bildirmişdir ki, həmin narkotik vasitə hesab edilən marixuananı Xırdalan qəsəbəsində tanımadığı şəxsdən 300 manata almışdır. Şahid2 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı müstəntiqə vermiş olduğu ifadəsini təsdiq edir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və işlədiyi inzibati ərazidə də sonuncunu görməmişdir. Təqsirləndirilən şəxs o, iş yoldaşı Şahid1 ilə birlikdə yaxınlaşmışdır. Şahid1 əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs o, iş yoldaşı Şahid1 ilə birlikdə rəsmi polis geyim formasında yaxınlaşmışdır. Təqsirləndirilən şəxs onları görən zaman həyəcanlı şəkildə qaçmağa çalışmaq istədiyi üçün onlar Təqsirləndirilən şəxs saxlayaraq Polis bölməsinə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə baxış həyata keçirilən zaman o da həmin videoçəkilişdə iştirak etmişdir. Təqsirləndirilən şəxs qarşı istər Polis bölməsinə aparılan zaman, istərsə də Polis bölməsində heç bir fiziki zorakılıq və ya təzyiq edilməmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman göstərilən şəxsin əlində çəkisini dəqiq xatırlamadığı, içərisində narkotik vasitə hesab edilən marixuana olan ağ rəngli torba olmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zorakılıq və ya təzyiqlər olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: 07 sentyabr 2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və sahə rəisi, polis mayoru Şahid2 raportla həmin idarənin rəisinə məruzə edərək xx.xx.2022-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Həyat mebel” evinin yaxınlığında xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını və əlində olan ağ rəngli torbanı ataraq qaçmaq istədiyini görüb həmin vətəndaşa yaxınlaşmışlar və sorğu-sual zamanı həmin şəxs onlara qeyri-adekvat cavab verdiyindən, eləcə də onlardan qaçaraq yayınmaq istədiyindən tərəflərindən həmin şəxs Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət olunduğunu bildirmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1985-ci il təvəllüdlü vətəndaş Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. 07 sentyabr 2022-ci il tarixli raportdan (cild 01, iş vərəqə 5) görünür ki, Sabunçu RPİ-nin 14-cü Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Firon İsgəndərov raportla həmin idarənin rəisinə məruzə edərək xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü PBnin əməkdaşları tərəfindən saxlanılmış vətəndaş Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəsində, daşınmasında şübhəli bilinərək 14-cü PB-nə gətirilməsini bildirmişdir. 07 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 01, iş vərəqə 6) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. 07 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 01, iş vərəqə 14) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 07 sentyabr 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi və götürmə haqqında qərardan (cild 01, iş vərəqə 24) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. 07 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 26-27) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı, üzərində “Manovi” sözü yazılmış ağ rəngli torbanı təqdim edərək həmin torbanın içərisində narkotik maddə olduğunu, bu narkotik maddəni xx.xx.2022-ci il tarixdə Xırdalan qəsəbəsində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə məlumatı olmayan şəxsdən 300 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd üzərində “Manovi” sözü yazılmış ağ rəngli torbanı açıldıqda, həmin torbanın içərsində narkotik maddə hesab edilən marixuanaya bənzər qurudulmuş ot kütləsi aşkar edilmişdir. Aşkar olunmuş 1 ədəd üzərində “Manovi” sözü yazılmış ağ rəngli torbanın içərisindəki narkotik vasitə hesab olunan marixuanaya bənzər ot kütləsi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 (bir) ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 100 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 manatlıq əskinaz, 1 ədəd alışqan və 1 ədəd “Keno” markalı siqaret cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olmadığından geri qaytarılmışdır. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. 08 sentyabr 2022-ci il tarixli Bakı şəhər Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin məktubundan (cild 01, iş vərəqə 15) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Sabunçu rayon Polis İdarəsinin 14-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən icraatında olan araşdırma materialı üzrə xx xxxxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər YYM-də tüfeyli həyat tərzi yaşayan, daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə, saat 22:45 dəqiqədə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 08 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/991 nömrəli ekspertiza rəyindən (cild 01, iş vərəqə 31-33) görünür ki, tədqiqata təqdim edilmiş “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddi sübut...” yazılan paketdə təmiz çəkisi 520,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətən (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 08 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 46-47) görünür ki, otaqda xüsusi geyimdə iki nəfər şəxs və mülki geyimdə olan iki nəfər şəxs görüntüyə gəlmişdir. Polis baş leytenantı xüsusi geyimində olan şəxs özünü 14-cü PB-nin təhqiqatçısı Firon İsgəndərov kimi təqdim etmiş və Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin saxlanılmasında şübhəli bilinən polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə 07 sentyabr 2022-ci il tarixdə şəxsi axtarış keçirilməsini bildirmişdir. Bundan sonra otaqda olan və şəxsi axtarışda iştirak edən şəxslərin özlərini təqdim etmələrindən məlum olmuşdur ki, şəxsi axtarışda Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları Şahid1, Şahid2 və saxlanılan Təqsirləndirilən şəxs iştirak etmişdir. X2 polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində saxladığı qanunla dövriyyəsi qadağan edilmiş əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əlində saxladığı üzərində “Manovi” yazıları olan ağ rəngli sellofan torbanın təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını və həmin maddəni saxlanılmamışdan əvvəl Xırdalan qəsəbəsində yaşayış yerini və əlaqə telefonunu bilmədiyi tanımadığı şəxsdən 300 manata əldə etməsini bildirmişdir. Təhqiqatçı həmin maddəni qablaşdırmaq üçün zərfin üzərində qeydlər etmişdir, iştirak edənlər zərfi imzalamışdırlar və sellofan torba zərfə qoyulmuşdur. Zərf möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə əlavə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz saxladığı əşya, predmet aşkar edilməmişdir. 09 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, iş vərəqə 48) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. 09 sentyabr 2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)- 749/2022 saylı qərarından (cild 01, iş vərəqə 78-81) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. 17 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 01, iş vərəqə 88) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. 29 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 5639 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən (cild 01, iş vərəqə 107-108) görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılı asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 04 oktyabr 2022-ci il tarixli Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin cavab məktubundan (cild 01, iş vərəqə 97) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən olunması istiqamətində və narkotik maddə qurudulmuş marixuananın satışı ilə məşğul olub-olmadığını, onun tərəfindən narkotik vasitələrin satışının həyata keçirilməsini görə biləcək şahidləri müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilsə də, müsbət nəticə olunmamışdır. 07 oktyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 3631 saylı məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 01, iş vərəqə 104-106) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərərkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. 14 oktyabr 2022-ci il tarixli "xxxx" MMC-nin BKC/LGL-13751/22 saylı cavab məktubundan (cild 01, iş vərəqə 95-96) görünür ki, Təqsirləndirilən şəxs adına "xxxx" şəbəkəsində aktiv nömrə qeydə alınmamışdır. 05 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 112-117) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs əldə etmiş olduğu 520,0 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut olaraq tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır. 05 dekabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 01, iş vərəqə 118) görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 520,0 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X3 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısına əsasən - təmiz halda 500 (beş yüz) qramdan artıq çəkidə qurudulmuş narkotik vasitə marixuana külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı külli miqdarda edib edib saxlamaqla daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, işin digər hallarını, eləcə də onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və 1 (bir) azyaşlı uşağının olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Təqsirləndirilən şəxs aşkar olunmuş və Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 519,95 qram təşkil edən narkotik vasitə qurudulmuş maruxiana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 519,95 qram təşkil edən narkotik vasitə qurudulmuş maruxiana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-605/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-605/2023
17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver