Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-606/2022 18.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Paşayev Azər İslah oğlunun sədrliyi ilə, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 27 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olub, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, nömrəsiz ünvanda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan Nəqliyyat Servisinin 10 nömrəli qarajın əsas giriş hissəsində iş yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə zamanı stulun üzərindən götürdüyü açılıb-qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan və qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qaradağ rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin nəzdində olan Nəqliyyat servis MMC-də usta işləyir. Zərərçəkmiş şəxs da Qaradağ rayonu ərazisində Fövqəladə Hallar Nazirliyinin nəzdində olan Nəqliyyat servis MMC-də usta kimi işləyir. Zərərçəkmiş şəxslə münasibəti həmişə yaxşı olmuşdur. 28 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocəsən yolunda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan Nəqliyyat Servisinin 10 nömrəli qarajına gəlmiş və həmin vaxt iş yoldaşı Zərərçəkmiş şəxs işdə olmuşdur. O, Pərvizlə zarafat etməyə başlamış və Pərviz onun zarafatını pis başa düşmüşdür. Bu məsələni aydınlaşdırmaq məqsədi ilə qarajın əsas giriş hissəsinə gəlmişlər. Orada aralarında sözlə mübahisə başlamış, mübahisə iki-üç dəqiqə davam etmişdir. Mübahisə zamanı Pərviz onu nalayiq ifadələrlə təhqir etmişdir. Mübahisə zamanı Pərviz qolundan tutmuş və onu çölə çıxartmaq istəmişdir. O isə getməmiş və orada qalmışdır. Bu zaman gözləmədiyi anda Pərviz üstünə hücum çəkmiş və Pərvizin onu vuracağından ehtiyat edib stulun üzərində olan qatlanan cib bıçağını götürərək Pərvizin qarın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Hadisəni kənar şəxslərdən heç kim görməmişdir. Həmin vaxtı Pərviz qarın nahiyəsini tutmuş və qışqırmağa başlamışdır. Pərvizin qarın nahiyəsindən qan axmağa başlamış və köynəyi qan içində olmuşdur. Daha sonra Pərvizin qışqırıq səsinə iş yoldaşları Elvin, Ruzi, Vüsal, Elnur və Rasim gəlmişdir. Hadisədən sonra Pərviz əynində olan iş paltarını işdə dəyişib gündəlik geyim paltarını geyinmiş və Elnur və Rasim Pərvizi Respublika Klinik Xəstəxanasına aparmışlar. O isə hadisə yerində qalmışdır. Daha sonra hadisə törətdiyi üçün işdən könüllü çıxmağı barədə ərizə yazmışdır. Daha sonra o, avtomobili ilə Respublika Klinik Xəstəxanasına getmişdir. Xəstəxanaya gedən zaman Pərvizi vurduğu bıçağı avtomobilinin pəncərəsindən bayıra tullamışdır. Həmin yer yadında qalmamışdır. Xəstəxanaya gəlib Pərvizin yaxşı olmasını öyrənmiş və xəstəxanadan çıxaraq yaşadığı evlərinə getmişdir. Ailə üzvlərinə hadisə törtməyini söyləmiş və daha sonra Qaradağ RPİ-nin 10-cu PB-nə gələrək könüllü təslim olaraq hadisə törətdiyini səmimi etiraf etmişdir. Polis əməkdaşları onu saxlamış və daha sonra onu Qaradağ RPİ-nin İŞ-nə gətirib təhvil vermişlər. Pərvizi bıçaqla vurub öldürmək niyyəti və məqsədi olmamışdır. Onun qarın boşluğundan bir dəfə bıçaqla vurub xəsarət yetirdikdən sonra yenə Pərvizi bıçaqla vurmağa imkanı olmuş, lakin o, bu hərəkəti təkrar etməmişdir. Əməlindən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Qaradağ rayonu ərazisində FHN-nın nəzdində olan Nəqliyyat servis MMC-də çilingər işləyir. Təqsirləndirilən şəxs da Nəqliyyat servis MMC-də çilingər işləyir. Onunla münasibəti həmişə yaxşı olmuşdur. 28 oktyabr 2021-ci il tarixdə saat 15:00 radələrində Fövqəladə Hallar Nazirliyinə məxsus avtomobilin sürət qutusunu sökmüş və təmir edırkən Röyal onunla zarafat etməyə başlamışdır. Röyalın zarafatı onun pisinə gəlmişdir. O da cavab olaraq onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra Röyal ilə aralarında sözlə mübahisə yaranmış və mübahisə 2-3 dəqiqə davam etmişdir. Mübahisə zamanı bir-birilərini vurmamışlar. Mübahisə vaxtı orada iş yoldaşları Elvin, Ruzi, Vüsal, Elnur və Rasim olsa da, onlar mübahisəni görməmişlər. Röyal ilə birlikdə Fövqəladə Hallar Nazirliyinə məxsus qarajın əsas giriş hissəsinə keçmişdir. Aralarında olan mübahisəni aydınlaşdırmaq üçün Röyalın qolundan tutub zorla çölə çıxarmaq istəyəndə Röyal qarajın içində olan stulun üzərindəki qatlanan cib bıçağını götürüb bir dəfə qarın boşluğuna zərbə vurmuş, nəticədə qarın nahiyəsindən qan gəlmişdir. Röyalın onu yenidən bıçaqla vurmaq imkanı olmuş, lakin o, ona bir dəfə bıçaq zərbəsi vurduqdan sonra özünə gəlmiş və könüllü olaraq öz əməlini dayandırmışdır. Həmin bıçaq Röyala məxsus olmuşdur. Röyal onu bıçaqla vurarkən orada heç kim olmamışdır. İş yoldaşları qarajın təmir işləri aparılan hissəsində öz işləri ilə məşğul olmuşlar. Onlar isə qarajın çöl hissəsində, yəni əsas giriş hissəsində olmuşdur. Röyal onu bıçaqla vurduqdan sonra səs-küyə iş yoldaşları Elvin, Ruzi, Vüsal, Elnur və Rasim gəlmiş, onlar Röyalın əlində bıçağı, onun köynəyinin isə qanlı olduğunu görmüşdür. Daha sonra o, əynində olan iş paltarını işdə dəyişib gündəlik geyimi geyindikdən sonra Elnur və Rasim onu Respublika Klinik Xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 6 ildir Bakı şəhəri Qaradağ rayonu Lökbatan Xocəsən yolunda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan Nəqliyyat Servisi MMC-də elektrikçi işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxsı tanıyır. Onlar servisdə çilingər işləyirlər, hər ikisi ilə münasibəti normaldır. 28 oktyabr 2021ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan-Xocəsən yolunda yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan Nəqliyyat Servisinin 10 nömrəli qarajında digər iş yoldaşları Ruzi, Vüsal, Elnur və Rasim kimi öz işini icra edən vaxtı bu zaman qarajın əsas giriş hissəsindən Pərvizin qışqırıq səsinə eşitmiş və iş yoldaşları Ruzi, Vüsal, Elnur və Rasimlə birgə ora gəlmişdir. Həmin vaxtı qarajın əsas giriş hissəsində Pərvizi və Röyalı görmüşdür. Pərvizin qarın nahiyyəsindən isə qan axmışdır. Röyalın əlində isə bıçaq olduğunu görmüşdür. Onlardan nə baş verdiyini soruşmuşdur. Röyal Pərvizi bıçaqla vurduğunu səmimi etiraf etmişdir. Sonradan ona məlum olmuşdur ki, Röyal Pərvizlə zarafat etmiş, Pərviz də Röyalın zarafatını pis qəbul etmiş, Pərviz Röyalın ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən Röyal Pərvizi bıçaqla vurub xəsarət yetirmişdir. Röyalın bıçaqla Pərvizi vurmasını görməmiş, eləcə də, digər iş yoldaşları Ruzi, Vüsal, Elnur və Rasim də Röyalın Pərvizi bıçaqla vurmasını görməmişlər. O, Ruzi, Vüsal, Elnur və Rasim birlikdə Pərvizə köməklik göstərmişdir. Pərvizin əynindəki iş paltarı qan olduğu üçün işdə paltarını dəyişib gündəlik geyimini geyindikdən sonra Elnur və Rasim Pərvizi Respublika Klinik Xəstəxanasına aparmağa köməklik etmişlər. Sonradan həmin köynəyin hara tullanmasından xəbəri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4, Hüseyov Elnur Sosialist oğlu Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdilər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi tədqiq edilən Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 03 dekabr 2021-ci il tarixli 868 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət-daxili qanaxma və mədənin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının sol yarısından qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara deşici-kəsici alət (əşyanın), ola bilsin bıçaq təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Respublika Klinik Xəstəxanasına müraciət etdiyi 28 oktyabr 2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinə əlavə edilmiş 29 oktyabr 2021-ci il tarixli «könüllü gəlmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 oktyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nə gələrək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən şosesində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Maddi-Texniki Təchizat İdarəsinin nəzdində olan Nəqliyyat Servisinin qarajında iş yoldaşı Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaqla vuraraq ona xəsarət yetirməsini könüllü olaraq etiraf etməklə polisə təslim olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq edilmiş barışıq ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi tərəfindən verilmiş 17.02.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 20.10.2020-ci il tarixində qismən səfərbərliyə cəlb edilərək aidiyyəti hərbi hyissəyə təhvil verilmiş, 26.12.2020-ci il tarixdə tərxis olunmuşdur. Xocavənd-Füzuli-Cəbrayıl rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 4-cü bəndinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, Vətən Müharibəsi iştirakçısı olmasını, hadisədən sonra könüllü olaraq polis bölməsinə gedib təqsirini boynuna alıb təslim olmasını, əməlindən səmimi peşman olmasını, Azərbaycan Respublikasının Cinayət-Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını həmin Məcəllənin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmasını, könüllü gəlib təqsirini boynuna almasını və onun cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin ediləcək cəzanın müddəti 6 (altı) ildən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci tarixli, 2668 nömrəli Sərəncamının 8-ci bəndində ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunması, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi təsbit olunmuşdur. Həmin sərəncamın 13.3-cü bəndində göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Həmin sərəncamın 13.4-cü bəndinə əsasən, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, cəza təyin edən məhkəmə, şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, Vətən Müharibəsi iştirakçısı olmasını, hadisədən sonra könüllü gəlib təqsirini boynuna almasını, zərəçəkmiş şəxlə barışmasını nəzərə alıb, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Belə ki, qüvvədə olan cinayət qanunvericiliyinin mövqeyinə görə, cəza cinayətə görə sitəm kimi deyil, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilməlidir. Burada sosial ədalətin bərpası cinayətlə pozulan şəxsi, ictimai və dövlət mənafeyinin bərpasını nəzərdə tutur. Sosial ədalətin bərpası kimi cəzanın məqsədi cinayətin şəxsiyyətə, cəmiyyətə və dövlətə vurduğu ziyanın optimal kompensasiya imkanını, cəzanın cinayətin ağırlığına, təqsirkarın şəxsiyyətinin təhlükəliliyinə, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğunluğunu və sair halları nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasının mümkünlüyünə dair nəticəyə gələrkən, təqsirləndirilən şəxsin şəxsiyyətlərinin ictimai təhlükəliliyinin əhəmiyyətli dərəcədə azalmasını xüsusi qeyd edir. Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanı real çəkməsinə və cəmiyyətdən təcrid edilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Həmin Məcəllənin 70.5-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Onun barəsində 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-606/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-606/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver