Məhkəmə qərarları › İş №1(101)-606/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-606/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-606/2023 14.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X15 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1987-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,196 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində daşıyaraq saxlamış və 4 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, F.Məmmədov küçəsi 10 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin ünvan 3 ünvanında yerləşən inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 2,196 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2 sentyabr 2022-ci il tarixdə 18:30 radələrində ünvan 4 ünvanında yerləşən binanın qarşısında skamyada əyləşərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib onu 18-ci Polis Şöbəsinə aparmış və həmin şöbədə ona psixoloji təzyiq göstərmişlər. O, tutulmazdan əvvəl “Nizami” metrostansiyasının yaxınlığındakı “Sovetski” deyilən ərazidə yarım qram heroin almışdır. Polis əməkdaşları onu saxlayan zaman üzərində bir bükümdə 0,5 qram heroin olmuşdur. O, narkotik vasitə istifadəçisi olduğunu polis əməkdaşlarına bildirmiş, lakin irəli sürülən ittihamda qeyd edilən 2 qram narkotik vasitə onun üzərində olmamışdır. Ona polis şöbəsində fiziki təzyiq olunmasa da, ünvanına nalayiq ifadələr işlədib psixoloji təsir göstərmişlər. Onun üzərində 0,5 qram heroin olmuş, 2 sentyabr 2022-ci il tarixdə 18:30 radələrində saxlanılmışdır. Qara bazarda heroinin qramı 35-40 manatdır, o, 0,5 qram heroini 20 manata almışdır. Polis əməkdaşları onu binanın qarşısında skamyada əyləşərkən tutmuşlar. Videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən qram artırılmış, ibtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Ona psixoloji təsir göstərərək 2 qram heroin boynuna almasa, daha ağır maddə ilə ittiham irəli sürəcəklərini bildirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, ünvan 1-da qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 2-də kirayədə yaşamışdır. Təxminən 6-7 il narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə heroin qəbulu ilə məşğul olmuşdur. Saxlanılmazdan 1-2 gün əvvəl təxminən 3 sentyabr 2022-ci il tarixdə axşamtərəfi saat 18 radələrində “Nizami” metrostansiyasının yaxınlığındakı Sovetski deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata 1 ədəd gümüşü rəngli kağız bükümdə narkomanlar arasında “kakos” kimi tanınan narkotik vasitə heroin alıb ağrıları olanda istifadə etmək üçün əynində olan boz rəngli cins şalvarının sol arxa cibinə qoyub gizlətmişdir. 4 sentyabr 2022-ci il tarixdə saat 14:30 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən binanın qarşısında gəzərkən 2 nəfər mülki geyimli şəxsin ona diqqətlə baxdığını görmüşdür. Həmin vaxt ona diqqətlə baxan şəxslərin polis əməkdaşları ola biləcəyini düşünüb cibində heroin olduğuna görə həyəcanlanaraq oradan uzaqlaşmağa çalışmışdır. Bu zaman həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək ondan adını və soyadını, habelə hansı ünvanda yaşadığını soruşmuşlar. O, cibində olan heroin bükümünə görə həbs olunacağını düşünüb həyəcanlanaraq özünü itirmiş və polis əməkdaşlarına özünü təqdim etdikdən sonra cəld oradan uşaqlaşmaq istəmişdir. Bunu görən polis əməkdaşları ona Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə getməyi təklif etmişlər. O, başqa çıxış yolu görməyib etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə getmişdir. Həmin vaxt polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb cibindəki heroin bükümünü kənara tullaya bilməmişdir. Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra həmin vəkilin, həmçinin polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üzərində narkotik vasitə və ya qanunsuz əşya varsa, təqdim etməyi təklif etmişlər. O da əynindəki boz rəngli cins şalvarının sol yan cibindən siqaret qutusu ilə alışqanı, habelə şalvarının sol arxa cibindən içərisində heroin olan 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi kağız bükümdəki maddənin nə olduğunu ondan soruşduqda o, başqa çıxış yolu görməyib səmimi etiraf edərək bükümün içərisində “kakos” olduğunu demişdir. Polis əməkdaşları həmin maddəni haradan əldə etdiyini soruşduqda o, həmin heroini “Sovetski” deyilən ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşları üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparıb protokol tərtib etmiş və ondan aşkar olunmuş həmin heroin bükümünü zərfə qoyub qablaşdırmışlar. Sonra həmin protokolu və zərfi imzalamışdır. Əvvəllər qəbul etmək üçün heroini kimdən və ya haradan əldə etdiyini xatırlamır, əməlindən peşmandır. 3 sentyabr 2022-ci il tarixdə 10 manat müqabilində narkotik vasitə heroin əldə etdiyi şəxsin xarici görünüşünü və əlamətlərini xatırlamır (cild 1, iş vərəqə 45- 48 və 65-67). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 4 sentyabr 2022-ci il tarixdə ünvan 5 ünvanının yaxınlığında Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin sahə rəisi Müşviq Süleymanovla birlikdə ya əməliyyat məlumatı əsasında, ya da özünü şübhəli apardığı üçün Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək ondan adını və soyadını, habelə yaşayış ünvanını soruşmuşlar. Bu zaman həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və danışa-danışa ərazidən uzaqlaşmağa çalışdığından onun üzərində narkotik vasitə olmasından şübhələnib müvafiq yoxlama aparılması üçün onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün raportla şöbə rəisinə məruzə etmişlər. Bundan sonra 18-ci Polis Şöbəsinin təhqiqatçısı Mirsaleh Cavadov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilərək onun, 18-ci Polis Şöbəsinin polis sahə rəisi Müşviq Süleymanovun və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı Mirsaleh Cavadov tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində hər hansı qeyriqanuni əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynində olan boz rəngli cins şalvarının sol arxa cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin kağız bükümə baxış keçirilərkən bükümün içərisində spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddə barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin “kakos” olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin maddəni haradan əldə etməsini soruşduqda o, həmin maddəni Sovetski deyilən ərazidən öz istifadəsi üçün əldə etdiyini və 6-7 ildən çoxdur ki, narkotik vasitə istifadəçisi olduğunu demişdir. Təqsirləndirilən şəxs ya əməliyyat məlumatı əsasında, ya da özünü şübhəli apardığı üçün saxlanılmışdır. Təqsirləndirilən şəxsi 4 sentyabr 2022-ci il tarixdə saxlamışlar, lakin onu hansı saatda saxladıqlarını xatırlamır. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X6 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 4 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd gümüşü rəngli kağız bükümdə spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün əks olunduğu 1 ədəd CD disk protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 24-25). Cinayət işinin materiallarında olan “videogörüntünün əks olunduğu CD diskə baxış keçirilməsi haqqında” 5 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin təhqiqatçısı Mirsaleh Cavadov tərəfindən 4 sentyabr 2022-ci il tarixdə saat 16:20-dən 16:50-dək həmin şöbədə yerləşən xidməti otağında Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7, 18-ci Polis Şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 və 18-ci Polis Şöbəsinin polis sahə rəisi X2 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar qəhvəyi rəngli tozşəkilli maddə kütləsinin götürülməsinə dair videogörüntünün olması müəyyən edilmişdir. Baxışın nəticələrinə dair tərtib müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 49- 50). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 sentyabr 2022-ci il tarixli 6/4768 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №224” dairəvi möhür əksi və “Təqsirləndirilən şəxs - imza, - iki imza. Təhqiqatçı: M.Cavadov - imza...4 sentyabr 2022” yazı əlavəsi qeyd edilmiş 1 ədəd kağız zərfdə 1 ədəd bükümdəki təmiz çəkisi 2,196 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 2,196 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 2,146 qram, cild 1, iş vərəqə 35-37). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 27 oktyabr 2022-ci il tarixli 6384 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 161- 162). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 24 sentyabr 2022-ci il tarixli 2540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqə 159-160). Cinayət işinin materiallarında olan 16 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,146 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd CD-R disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 172-181). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 131). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 146). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 4 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22-23). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 4 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 84-88). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,146 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 4 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkisi 2,146 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar