Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-606/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim - Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər - Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 7,595 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində sonuncu 03 may 2023-cü il tarixdə saat 14:20-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılaraq Baş İdarəyə gətirilib xidməti otaqların birində saat 16:08-dən etibarən üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 7,595 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Rahim oğlu özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 3 may 2023-cü il tarixdə, saat 2 radələrində evdən çıxaraq maşınını təmir xidmətinə verdiyi ünvana, Mikayıl Əliyev küçəsinə getmiş, orada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 3 nəfər polis əməkdaşı tərəfindən maşına mindirilərək aparılmışdır.Onu saxlayan şəxsin adının Yaşar olduğunu bilir. Polis əməkdaşları onu adam döyməsi ilə bağlı saxlamışdır. Sonuncu polis əməkdaşlarına kimi döyməsi ilə bağlı ona zərərçəkmiş şəxsin ərizəsinin göstərilməsini xahiş etmişdir. İdarədə olarkən üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman müdafiəçi iştirak etmişdir. İdarənin zirzəmisində olarkən yanına 3-4 nəfər gəlmiş, həmin şəxslərə o, narkotik vasitə istifadəçisi olmadığını, belə əməllərdən uzaq olduğunu, taksi xidməti ilə məşğul olduğunu bildirmişdir. Yaşar adlı polis əməkdaşı qolunu qandallamış, cibindən mobil telefonunu və sənədlərini götürüb Polis İdarəsinə aparmışdır. İdarədə olarkən sonuncuya get “Yaşar nə deyirsə, onu da et” ifadəsi deyilmiş, Yaşar adlı şəxs ona iki qram narkotik vasitəni videoçəkiliş zamanı təqdim etməkdən ötrü götürməsini və 4 aydan sonra azad olacağını bildirmişdir. Polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasa da onların rəisinin sözünə əsasan məcbur olub narkotik vasitəni götürmüşdür. Polis əməkdaşları ona içində narkotik vasitə olan su vermiş və nəticədə analiz zamanı ondan götürülmüş qan nümunələrindən narkotik vasitə aşkar edilmişdir. Hadisənin üzərindən iki ay keçdikdən sonra müstəntiq ona ən az 5 ildən 12 il müddətinə qədər azadlıqdan məhrum ediləcəyini bildirərək narkotik vasitənin miqdarının 7.5 qram olduğunu demişdir. Sonuncu müstəntiqin dediklərinə əsasən etiraz əlaməti olaraq aclıq elan etmişdir. Bakı İstintaq Təcridxanasında olarkən aclıq elan etdiyi üçün üç qabırğasını sındırılmış, ciyəri partladılmışdır. Bakı İstintaq Təcridxanasının rəisi yanında gəldikdən sonra sonuncu təcili tibbi yardımla müalicə üçün xəstəxanaya göndərilmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, arada narkotik vasitə marixuana və psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etmişdir. Hər hansı narkoloji və ya psixiatrik müəssisədə müalicədə və qeydiyyatda olmamışdır. Bakı şəhəri Binəqədi rayonu ərazisində “Əhməd” adlı şəxslə tanış olmuş, onunla söhbət əsnasında həmin şəxs ona narkotik vasitə təşkil edəcəyinə söz vermişdir. 02 may 2023-cü il tarixdə anket məlumatlarını bilmədiyi, özünü “Əhməd” adı ilə təqdim edən və mobil nömrəsini xatırlamadığı həmin şəxslə “Vatsapp” ani mesajlaşma proqramı vasitəsilə əlaqə saxlayaraq Bakı şəhəri Binəqədi adlanan ərazidə görüşmüş və ondan 1 ədəd bükümdə adını “şüşə” kimi bildiyi psixotrop maddə metamfetamin əldə etmişdir. Bunun müqabilində həmin şəxsə 30 manat pul vermişdir. Həmin şəxs 25-30 yaşlarında biri idi və ilk dəfə idi ki, ondan psixotrop maddə almışdır. Əldə etdiyi psixotrop maddənin bir hissəsini özü istifadə etmiş və qalan hissəsini isə cibinə qoymuşdur. Bundan sonra 03 may 2023-cü il tarixdə, saat 14:20-də ünvan 3 ünvanın qarşısında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib anket məlumatlarını soruşmuşlar. Özünü təqdim etdikdən sonra polis əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş "Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında" qərarla tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis idarəsinə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etməklə masanın üzərinə qoymuş və bu maddənin narkotik maddə olmasını bildirmişdir. Daha sonra əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 ədəd mobil telefonu və həmin şalvarın sağ yan cibindən pul vəsaitlərini təqdim etməklə masanın üzərinə qoymuşdur. İlk əvvəl təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı həmin mobil telefonun içərisində ***-***-**-** saylı mobil nömrəsinin olmasını bildirmişdir. Daha sonra təqdim etdiyi pul əskinaslarına baxış keçirilmişdir. Pul əskinasları 45 manatlıq əskinaslar idi. Həmin pulun özünə məxsus olmasını, hər hansı bir qanunsuz yolla həmin məbləği əldə etmədiyini bildirmişdir. Daha sonra təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümə baxış keçirilmişdir. Büküm iştirakçıların şahidliyi ilə açılmışdır. Bu zaman həmin sellofan bükümün içərisində ağ rəngli psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan metamfetamini təxminən 01 gün əvvəl, yəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində olarkən əvvəllər tanımadığı “Əhməd” adlı şəxsdən əldə etdiyini, bu maddələri kiməsə satmaq, hədiyyə və ya pay qismində vermək kimi bir niyyətinin olmadığını, yalnız şəxsi istifadəsi üçün bu maddələri əldə etdiyini və buna görə də “Əhməd” adlı şəxsə 30 manat pul verdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Aşkar edilmiş 45 manat pul əskinasları özünə geri qaytarılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələr arasındakı ziddiyyəti təqsirləndirilən şəxs onunla izah etmişdir ki, şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitəni Yaşar adlı polis əməkdaşı onun cibinə yerləşdirmiş, ona videoçəkiliş zamanı həmin narkotik vasitəni Əhməd adlı şəxsdən aldığını deməsi tapşırılmışdır. Həmçinin polis əməkdaşları narkotik vasitəni üzərinə götürmədiyi təqdirdə ona “15 il iş verəcəklərini” bildirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatı raportla rəhbərliyə məruzə edilmiş, əməliyyat qrupunun rəhbəri özü olmuşdur. 3 may 2023-cü il tarixdə köhnə maşın bazarı tərəfdə özünü təqsirləndirilən şəxsə təqdim etmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı ona göstərdikdən sonra təqsirləndirilən şəxsi saxlamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmiş, o könüllü şəkildə maşına əyləşərək polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmiş, təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmiş və şəxs özü üzərində olan narkotik vasitəni kurtkasının sol yan cibindən çıxarmış, təqdim edərək bir gün öncə Binəqədi rayonu ərazisindən aldığını bildirmişdir. Sonralar keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxsin narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair fakt öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 3 may 2023-cü il tarixdə Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayonu ərazisində köhnə maşın bazarı yaxınlığında təqsirləndirilən şəxsə yaxınlaşmış, onun üstünü əli ilə yoxlamamış və onun kurtkasında gözə çarpacaq hər hansı bir predmet müşahidə etməmişdir. Təqsirləndirilən şəxs əli açıq formada polis idarəsinə gətirilmiş, həmin anda polis əməkdaşları Təqsirləndirilən şəxs yanında olduqlarına görə onun üzərində olan narkotik vasitəni atmaq imkanı olmamışdır. Polis idarəsində baxış zamanı Təqsirləndirilən şəxs üzərindən bir büküm metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat məlumatı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olsa da, təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı psixoloji təzyiq göstərməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Şahid1 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 3 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və ona əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs Rahim oğlu barəsində daxil olan əməliyyat məlumatı onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması satış məqsədi ilə narkotik vasitələr psixotrop maddələr əldə edərək saxlaması və daşıması haqqında olmuşdur. Daxil olmuş məlumat əsasında 3 may 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saat 14:20-də ünvan 3 ünvanın qarşısında olduğu zaman saxlanılaraq ünvan 4 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 16:08-də şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli qış gödəkçəsinin sol iç yan cibindən bir ədəd bükümdə ümumilikdə təmiz çəkisi 7,595 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin maddəni bir gün əvvəl , yəni 02 may 2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayon ərazisində olarkən əvvəllər tanımadığı “Əhməd” adlı şəxsdən əldə etdiyini, bu maddələri kiməsə satmaq, hədiyyə etmək və ya pay qismində vermək kimi bir niyyəti olmadığını, yalnız şəxsi istifadəsi məqsədilə 35 manat müqabilində həmin maddələri əldə etdiyini bildirmişdir (cild 1, səh 31- 34). 03 may 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N6” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs aşkar olunan...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,595 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 7,545 qram təşkil edir (cild 1, iş vərəqə 38-42). 5 may 2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, bir ədəd zərfdə qablaşdırılan tədqiqatdan sonra qalıq çəkisi 7,545 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi Sübutlar saxlama yerinə təhvil verilmişdir(Cinayət işi cild 1, səh 97-98 ). 18 may 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan metamfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (cild 1, iş vərəqə 140-143). Məhkəmə-tibbi ekspertizasının 15 may 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqə 136-139). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi X6 05 may 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 03 may 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərar qanunauyğun hesab edilmişdir. (cild1, iş vərəqi 36). Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olan 6 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qardaşı 1-ci qrup əlil olan X1 baxır və onu himayə edir. “Mobil telefona baxış keçirilməsi haqqında” 24 iyun 2023-cü il tarixli protokoldan görünür ki, “Samsung” markalı mobil telefonun daxilində olan məlumatlara baxış keçirilən zaman iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir(cild 1; iş vərəqi 135). "xxxx" MMC-dən 19 iyun 2023-cü il tarixli məktubla göndərilən və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsi ilə 04 avqust 2022-ci il tarixdən 04 may 2023-cü il tarixədək aparılan danışıqlara dair məlumatları özündə əks etdirən 1 ədəd CD diskdən görünür ki, həmin mobil telefon nömrəsindən müxtəlif nömrələrlə telefon danışıqlarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (cild 1; iş vərəqi 134). “Sübutların qiymətləndirilməsi haqqında” 5 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Həmin qərarla həmçinin şəxsi axtarış ve götürmə istintaq hərəkətinin həyata keçirilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,545 qram təşkil edən psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilməsinin nəzərə alınması müəyyən edilmiş, üzərindən götürülmüş “Samsung” markalı telefonun onun ailə üzvlərinə qaytarılması müəyyən edilmişdir(cild 1, iş vərəqi 159). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X12 daxil olmuş 23 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəsəxanda müalicə olunmamışdır (cild 1, iş vərəqi 115). Məhkəmənin təşəbbüsü ilə 30 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından göndərilən məktubla müşaiyət edilən Təqsirləndirilən şəxs barəsində ilkin tibbi müayinə sənədlərindən görünür ki, sonuncu təcridxanaya daxil olarkən bədənində xəsarətlər aşkar edilməmiş, hər hansı xəsarət aldığını inkar etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübut olan şəxsi axtarış və götürmə aparılması barədə DVD diskdə əks olunan video görünütlərin tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının 67-ci bəndinə (köhnə redaksiyada)əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs Rahim oğlunun üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən DVD diskdən də görünür ki, təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkətləri həyata keçirilərkən üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin özünə məxsus olmasını bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs həm şəxsi axtarış zamanı, ibtidai istintaq dövründə verdiyi ifadələrdə şəxsi axtarış zamanı üzərindən aşkar edilən psixotrop maddə metamfetaminin ona məxsus olduğunu, həmin maddəni polis əməkdaşları tərəfindən saxlanılmazdan bir gün əvvəl , yəni 02 may 2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayon ərazisində olarkən əvvəllər tanımadığı “Əhməd” adlı şəxsdən əldə etdiyini, bu maddələri kiməsə satmaq, hədiyyə etmək və ya pay qismində vermək kimi bir niyyəti olmadığını, yalnız şəxsi istifadəsi məqsədilə 35 manat müqabilində həmin maddələri əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında həmin narkotik vasitənin ona məxsus olmamasını qeyd etməklə ibtidai istintaq dövründə verdiyi ifadələrlə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti psixi təzyiqə məruz qalması ilə izah etsə də bu barədə məhkəməyə tutarlı dəlillər təqdim edə bilməmişdir. Bundan başqa məhkəməyəqədər icraat dövründə təqsirləndirilən şəxsin üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə Bakı İstintaq Təcridxanasından sorğu edilərək əldə edilən tibbi müayinə sənədləri ilə Təqsirləndirilən şəxs Rahim oğlu barəsində hər hansı fiziki zor tətbiq edilməsi halları inkar olunmuşdur. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən psixotrop maddənin Təqsirləndirilən şəxs Rahim oğluna məxsus olması işin mübahisəsiz halları olmaqla müvafiq sübutlarla təsdiq olunur. Lakin iş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs Rahim oğluna ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən narkotik vasitənin satış məqsədilə əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Rahim oğlunun barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərək üzərindən narkotik vasitə aşkar edilsə də, istintaq orqanı bu hərəkətlə kifayətlənmiş, təqsirləndirilən şəxsin yaşadığı evə münasibətdə ümumiyyətlə axtarış həyata keçirilməmişdir. Bundan başqa nə təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı üzərindən aşkar edilərək götürülən “Samsung” mobil telefona, nə də Təqsirləndirilən şəxs Rahim oğlunun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsi ilə 04 avqust 2022-ci il tarixdən 04 may 2023-cü il tarixədək aparılan danışıqlara dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi zamanı iş üçün əhəmiyyət kəsb edən, o cümlədən şəxsin üzərindən aşkar edilən narkotik vasitələri əldə etməsi, daşıması və saxlamasında satış məqsədinin olmasına dəlalət edən hər hansı hallar aşkar edilməmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Rahim oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlləri satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Cinayətlərin təsnifatına əsasən həmin əməl ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Rahim oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Rahim oğlunun himayəsində 03 mart 2013-cü il təvəllüdlü və 16 aprel 2009-cu il təvəllüdlü övladları vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi uşaqlar üçün Tibbi Sosial Ekspert Komissiyasının 27 noyabr 2019-cu il tarixli 3 nömrəli göndərişindən və 12 mart 2023-cü il, 30 mart 2023-cü il tarixli Ambulattor kitabçadan çıxarış vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs Rahim oğlunun övladı X2 qapalı kəllə beyin travması, baş beyin və beyin kötüyünün ağır dərəcəli əzilməsi, spastik tetraparez xəstəliyindən əziyyət çəkir. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olan 17 iyul 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamış, ərazi üzrə müsbət xarakterizə edilmişdir. Himayəsində birinci qrup əlil olan qardaşı X5 vardır. Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 22 may 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Rahim oğlu yaşadığı müddət ərzində Keşlə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, himayəsində yetkinlik yaşına çatmayan başqa övladının da olmasını, həmin uşağın spastik tetraparez xəstəliyindən əziyyət çəkməsini, təqsirləndirilən şəxsin yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində 1-ci qrup əlil qardaşının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən daxil olmuş 8 iyun 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 24 aprel 2003-cü il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 19 iyun 2003cü il tarixli qərarı ilə cəzası 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 22 noyabr 2007-ci il tarixində cəza çəkmə müddəti başa çataraq azad edilmiş, məhkumluğu ödənilmişdir. Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Nevskiy Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sankt-Peterburq Şəhər Məhəməsinin 2 iyul 2015-ci il tarixli apellyasiya qərarına əsasən, barəsində qəbul edilmiş hökm dəyişdirilmədən saxlanılmış, cəza çəkmə müddəti başa çatdıqdan sonra azad edilmişdir (cild 1, iş vərəqə 121-122). Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2023-cü il tarixli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Rahim oğlu barəsində Rusiya Federasiyası Sankt- Peterburq şəhəri, Nevsk Rayon Məhkəməsinin 25 fevral 2015-ci il tarixli hökmünün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır (cild 1, iş vərəqə 147). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs Rahim oğlunun yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı bir yetkinlik yaşına çatmayan övladının, 1-ci qrup əlil qardaşının olmasını, uşaqlarından birinin spastik tetraparez xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasınının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 3 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 23), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 may 2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 3 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 91-95). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 may 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının 4 may 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindormu, (narkomaniya) xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir (cild 1, iş vərəqə 144-145). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,545 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 205). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 3 may 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,545 qram təşkil edən psixotrop maddə metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk və onun istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi vasitəsi ilə aparılan danışıqlara dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-606/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-606/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver