Məhkəmə qərarları › İş №1(101)-608/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-608/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-608/2023 02.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vəqqəti yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,991 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 09 sentyabr 2022-ci il tarixdə saat 14:30-da ünvan 3 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 2,991 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təqribən 5-6 il müddətdir ki, fasilələrlə narkotik vasitə qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 15 gün əvvəl narkotik vasitə istifadəsini dayandırmış və əvəzində Papanin adlanan ərazidə satılan narkotik vasitəni tərgitmək üçün 1 ədədi 5-6 manata olan sakitləşdirici dərmanlar qəbul etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə o, Nəsimi rayonu, Papanin adlanan ərazidə kirayədə yaşadığı evin yaxınlığında dayanıb, evini təmir etdirən qonşusunun gəlib ona qum daşımaq, kərpic düzmək və sair bu kimi hər hansı bir iş verməyini gözləyirmiş. Saat təxminən 14:00 radələrində küçədən polisin xidməti avtomobilinin keçdiyini görmüşdür. Onu görən polis əməkdaşları avtomobili saxlamış, polis əməkdaşlarının ona yaxın gəldiyini görüb, özü üzərində heç nə olmadığını bildirmək üçün onlara yaxınlaşmışdır. Onu Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə aparmışlar, orada ondan əvvəl saxlanılan şəxslərin döyülmə səslərini eşitmiş, qorxmuş, amma polis əməkdaşları ona zor tətbiq etməmişlər. Polis əməkdaşı ona demişdir ki, “səndə AR CM-in 234.1-ci maddəsinin tərkibi var, cəza təyin olunandan sonra müalicə müəssisəsində müalicə olunarsan”. Halbuki o, təxminən 15 gün əvvəl narkotik vasitə istifadə etmişdir. Son zamanlar həm Papanin adlanan ərazidə bir müddət əvvəl çəkiliş olduğundan ehtiyat edirmiş, həm də pulu olmadığı üçün narkotik vasitə istifadə edə bilmirmiş. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsində polis əməkdaşları onun cibinə psixotrop maddə olan “metamfetamin” qoymuşlar və videoçəkiliş zamanı tanımadığı şəxsdən 20 manata aldığını bildirməsini istəmişlər. Onun üzərində siqaretdən başqa heç nə olmamış, əvvəllər “nəşə” və ya “kokos” kimi narkotik vasitələrdən istifadə etmiş, amma “Metamfetamin”-dən heç zaman ümumiyyətlə istifadə etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə rəisi Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14;30-da ünvan 5 ünvanda 20-ci Polis bölməsində sahə inspektoru Şahid2 ilə birlikdə xidmətdə olan zaman sonradan adını soyadını öyrəndiyi Təqsirləndirilən şəxs şübhəli davranışları diqqət çəkmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq kimliyi ilə maraqlan zaman sonun qeyri səlis danışığı sonuncu narkotik aiudəcisi olduğunu və üzərində şəxsi istifadə üçün narkotik maddə olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs 20-ci PB-ya dəvət edilmiş, o, da razılaşaraq Polis bölməsinə getmiş, Bölmədə təhqiqatçı üzərində şəxsi axtarışı videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü təqdim etməsini təklif etmiş, o, tünd göy rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan ağ rəngli kristala bənzər spesifik iyə malik maddə aşkar edilmiş və həmin maddənin ona aid olub-olmaması soruşanda Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq qeyd edilən maddənin ona aid olmasını, təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop vasitə olan"metamfetamin” olduğunu və Nəsimi rayon ərazisində Papanin adlanan yerdən tanımadığı şəxsdən 50 manata şəxsi istifadə üçün aldığını bildirmişdir. Seyhunun təqdim etdiyi bir ədəd selofana bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, bütün iştirakçılar kimi o, da həmin protokola imza edərək doğruluğunu təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin sahə inspektoru Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14;30-da ünvan 5 ünvanda 20-ci Polis bölməsində sahə rəisi Şahid1 ilə birlikdə xidmətdə olan zaman sonradan adını soyadını öyrəndiyi Təqsirləndirilən şəxs şübhəli davranışları diqqət çəkmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq kimliyi ilə maraqlan zaman sonun qeyri səlis danışığı, qolunda yaraların olması sonuncu narkotik aludəçisi olduğunu və üzərində şəxsi istifadə üçün narkotik maddə olduğunu bildirmiş, sonra Təqsirləndirilən şəxs 20-ci PB-ya dəvət edilmiş, o, da razılaşaraq Polis bölməsinə getmiş, Bölmədə təhqiqatçı üzərində şəxsi axtarışı videoçəkilişlə aparılacığını bildirmiş, Təqsirləndirilən şəxs etiraz etməmiş, bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü təqdim etməsini təklif etmiş, o, tünd göy rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoymuş, həmin bükümə baxış keçirilən zaman bükümün içərisində olan ağ rəngli kristala bənzər spesifik iyə malik maddə aşkar edilmiş və həmin maddənin ona aid olubolmaması soruşanda Təqsirləndirilən şəxs ona verilən suala cavab olaraq qeyd edilən maddənin ona aid olmasını, təqdim etdiyi bükümün içərisində olan maddənin psixotrop vasitə olan"metamfetamin” olduğunu və Nəsimi rayon ərazisində Papanin adlanan yerdən tanımadığı şəxsdən 50 manata şəxsi istifadə üçün aldığını bildirmişdir. Seyhunun təqdim etdiyi bir ədəd selofana bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış, sonra bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, bütün iştirakçılar kimi o, da həmin protokola imza edərək doğruluğunu təsdiqləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2022-ci il 6/5032 saylı rəydən görünür ki, “Təqdim edilmiş üzərində “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,991 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in İİ siyahısına daxildir. (iş vərəqə 54-58) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlama üzrə məhkəmə-narkoloji ekspertiza üzrə xx.xx.2022-ci il tarixli 5825 saylı rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda ağciyər vərəmi xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 111- 112) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və xx.xx.2022-ci tarixli “baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntülərin köçürüldüyü diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 2,991 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, psixotrop maddə-metamfetamin aşkar edilib götürülməsi öz təsdiqini tapmışdır. (iş vərəqə 40-46; 68) İş materiallarında olan 13.10.202-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 2,991 qram təşkil edən ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin xx.xx.2022-ci ildə maddi sübut kimi tanınmışdır. (iş vərəqə 108-109) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təsvir edilmiş cinayət əməllini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək, üzərindən aşkarlanan psixotrop maddənin ona aid olmaması ilə bağlı verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun bu ifadəsi işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun məhkəmədə verdiyi ifadəsi özünün qismən etiraf edici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və “baxış keçirilməsi barədə” protokollar və digər sənədlərlə tam təkzib olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təqribən 5-6 il müddətdir ki, fasilələrlə narkotik vasitə qəbul edirəm. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, Nəsimi rayonu, Papanin adlanan ərazidə tanımadığı şəxsdən istifadə etmək üçün 50 manata bir büküm psixotrop maddə olan “metamfetamin” alaraq, kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayounu, R.Səfərov küçəsi ev 79 ünvanına getmək üçün yola düşmüş, xx.xx.2022-ci il tarixdə saat 14 radələrində o, kirayədə yaşadığı ünvanın qarşısında olan zaman iki nəfər polis formasında şəxs yaxınlaşıb özlərini polis olduqlarını bildirərək özlərini təqdim etmişlər, üzərində qanunla qadağan edilmiş narkotik vasitə olub olmadığını xəbər almış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə dəvət etmişlər, o, da razılaşmış Polis bölməsinə getmiş, onun hüquq və vəzifələri izah olunmuş, sonra üzərində axtarış keçirilmiş, o, əynində olan tünd göy rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd bükümdə metamfetamini çıxararaq təqdim etmiş, üzərində şəxsi axtarış video çəkilişlə aparılmış, həmin videogörüntüyə baxış keçirilmiş, sonra o, tərtib edilmiş protokola digər iştirakçılarla birlikdə protokolda göstərilənlərin doğru olduğunu imzalarla təsdiq etmişlər. (iş vərəqə 76-77) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə qeyd edir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,991 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(006)-39/2017 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixində "8 Noyabr-Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 2.11-ci bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad olunmuşdur.(iş vərəqə 95-96, 100-106) Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. “8 Noyabr-Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında" Milli Məclisin xx.xx.2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi qeyd olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və onun əməlində cinayətlərin residivi halı müəyyən olunmur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ağciyər vərəmi xəstəsi olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(006)-475/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 17-18, 84-87) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 5825 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə maddi sübutla bağlı məsələni müzakirə edərək, belə nəticəyə gəlir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübuların saxlanma otağına təhvil verilmiş 01 bükümdə təmiz çəkisi 2,991 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,941 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübuların saxlanma otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,941 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Rasim Sadıxov İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar