Məhkəmə qərarları › İş №1(101)-61/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-61/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-61/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan bir ədəd bükümdə təmiz çəkisi 2,318 qram olmaqla külli miqdarda narkotik vasitə sayılan heroin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

İşin faktiki halları

2. İttiham aktına görə, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində “Əhmədli” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,318 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 20 manat pulun müqabilində əldə edib üzərində saxlayaraq daşımış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 28 sentyabr 2022-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən nömrəsiz evin qarşısında saxlanılıb ünvan 3 ünvanında yerləşən Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 2,318 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl o, bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli şəffaf sellofana bükülü olan içərisində tünd qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə aşkar edilmişdir. (cild 1, iş vərəqi 34-36).

4. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/5567 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs götürülmüş...” sözləri və imzalar olan bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,318 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; - Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 2,318 qram olmuş, 0,05 qram tədqiqata sərf edildikdən sonra 2,268 qram qalıq qalmışdır. Aparılmış tədqiqatın dəyəri 55 (əlli beş) manat təşkil edir. (cild 1, iş vərəqi 48-49).

5. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin məsul növbətçisi Şahid3 ifadəsində göstərmişdir ki, o, 28 sentyabr 2022-ci il tarixdə məsul növbətçi olarkən 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid1 və X3-zadə Fərid Sahib oğlunu həmin polis şöbəsinə gətirdiklərindən, sonuncunun üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün baxış keçirən zaman boyun və qulaq nahiyəsində, bədəninin sağ tərəfinin yan hissəsində və ayaqlarında göyərmələr aşkarladıqdan sonra xəsarətlərin yaranma səbəbini soruşduqda Təqsirləndirilən şəxs epilepsiya xəstəsi olduğunu, həmin xəstəliklə bağlı qıcmalar olan zaman yerə yıxıldığını, sonuncu dəfə, yəni 2 gün əvvəl yıxılarkən qeyd etdiyi xəsarətləri aldığını bildirmişdir. Bundan sonra o, bu barədə akt tərtib etmiş, həmin aktı Təqsirləndirilən şəxs və digər iştirakçılar imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman sonuncudan narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsi 30-cu Polis Şöbəsinin müvafiq kitablarında qeyd edilmişdir. Şahid3 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs günorta vaxtı, yəni saat 12-13 radələrində polis şöbəsinə gətirilmiş, o, iki gündən bir polis şöbəsində məsul növbətçi olsa da, xx.xx.2022-ci il tarixdə məsul növbətçi kimi xidmətdə olmamış, polis bölməsinə gətirilən şəxsin qeydiyyatı müvafiq kitabda aparılmış, məsul növbətçi kimi növbəni təhvil alanda müvəqqəti saxlama yerində saxlanılan şəxslər barədə müvafiq kitaba qeyd aparılmaqla, rəhbərliyə məruzə olunmuş, qeydiyyat kitabında Təqsirləndirilən şəxs adını bir dəfə görmüş, 25-26 sentyabr 2022-ci il tarixdə olan qeydiyyat kitabında Təqsirləndirilən şəxs adını görməmiş, sonuncu əvvəllər 30-cu Polis Şöbəsinə gətirilməmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsini eşitməmiş, sonuncu polis əməkdaşları tərəfindən zorakılıq edilmədiyini ona demişdir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə rəhbərliyə onun tərəfindən məruzə edildikdən sonra həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya 28 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yaxınlaşıb özlərini təqdim etdikdən sonra 30-cu Polis Şöbəsinə dəvət etmiş, həmin polis şöbəsində xidməti otaqda təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış keçirilərkən sonuncudan üzərində hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan 01 ədəd bükümdə narkotik vasitə heroini təqdim etmiş, aşkarlanan büküm qablaşdırılıb ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə günorta vaxtı saat 12-13 radələrində saxlanılmış, həmin vaxt sonuncu polis əməkdaşlarına hər hansı müqavimət göstərməmişdir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməliyyat müvəkkili X18 Şahid1 məhkəmə iclasında verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Təqsirləndirilən şəxs üzərindən ittihamda qeyd edilən narkotik vasitə heroinin aşkarlandığını bildirmişdir.

8. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən 1 ildən bəri narkotik vasitə heroindən istifadə edir və Bakı şəhərində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 27 sentyabr 2022ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, ancaq adını, ünvanını bilmədiyi şəxsdən 20 manat ödəməklə bir büküm narkotik vasitə heroin alaraq, sonradan istifadə etməsi üçün əynindəki şalvarın cibinə qoymuşdur. 28 sentyabr 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsindəki evin yaxınlığında olarkən ona mülki geyimdə olan iki nəfər yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edərək, şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. O da polis əməkdaşlarına özünü təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən sənədinin olmadığını bildirmişdir. Cibində istifadəsi üçün aldığı həmin narkotik vasitə heroin olduğundan, yaxalanacağından qorxaraq, həyəcanlanmışdır. Polis əməkdaşları da bunu görüb ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı RPİ-nin 30-cu PŞyə getməli olduğunu demişlər. Polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə getdikdən sonra ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman müdafiəçinin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra, onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir maddə, əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edildikdə o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümə polis əməkdaşı tərəfindən baxış keçirilmiş və içərisindəki kütlənin nə olması və haradan əldə etməsi barədə sual verildikdə o, həmin maddənin narkotik vasitə heroin olduğunu, 27 sentyabr 2022-ci il tarixdə Xətai rayonu “Əhmədli” metrostansiyasının yaxınlığında üzdən tanıdığı, adını, soyadını, ünvanını bilmədiyi şəxsdən 20 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, təqdim etdiyi bükümdən başqa hər hansı əşya, maddə aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra özünün razılığı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində olan evinə baxış keçirilsə də, hər hansı bir əşya götürülməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ifadəsində əvvəlki mövqeyini dəyişib ona polis əməkdaşları tərəfindən zorakılıq edildiyini, xx.xx.2022-ci il tarixdə saxlanıldığını və həmin vaxt üzərində narkotik vasitə olmadığını bildirmişdir.

9. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat raportundan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ünvan 8 evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (cild 1, iş vərəqi 3)

10. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarından, Ə/68-97/22 nömrəli əmrindən və raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirinin üzvləri həmin PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və X18 olmuş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbində yaşadığı evin yaxınlığında saxlanılaraq 30-cu PŞ-ə gətirilmişdir. (cild 1, iş vərəqi 4; 5-7; 8)

11. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqi 14; 23)

12. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqi 65-66)

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010- 579/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində 04 ay müddətində ev dustaqlığı, xx.xx.2023-cü il tarixdə isə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqi 93-101; 185)

14. Məhkəmə istintaqında tədqiq edilmiş diskə baxış keçirilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videoçəkilişi aparılmışdır. Həmin videogörüntünü özündə əks etdirən bir ədəd DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi, ilk olaraq ona üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş əşyaların təqdim etməsi təklif olunması, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində tünd qəhvəyi rəngli tozşəkilli 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üstünə qoyaraq təqdim etməsi, sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotiki polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yaxınlığında adını, ünvanını bilmədiyi şəxsdən 20 manata özünün istifadəsi üçün əldə etdiyini bildirməsi, şəxsi axtarışın davam etdirilməsi və sonuncun üzərindən hər hansı bir başqa əşyanın aşkar edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd bükümün zərfə qoyularaq qablaşdırılması, zərfin üzərinin o və polis əməkdaşları tərəfindən imzalanaraq möhürlənməsi müəyyən olunmuşdur. (cild 1, iş vərəqi 104).

15. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6550 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqi 123-124).

16. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə Şahid1 və X18 üzləşdirilmişlər. (cild 1, iş vərəqi 172-176; 177-181)

17. “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarla təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri və istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,318 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,268 qram narkotik vasitə heroin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin bu istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. “Toplanmış sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023-cü il tarixli qərarda göstərilənlər nəzərə alınmışdır. (cild 1, iş vərəqi 142-149; 224-237)

18. Təqsirləndirilən şəxsə məxsus olan ***-***-**-** saylı mobil nömrələrə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır (cild 1, iş vərəqi 219).

19. Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətini videoçəkiliş vasitəsilə həyata keçirmiş, sonuncunun üzərindən aşkarlanmış narkotik tərkibli maddəyə bənzər kütləni qanunvericiliyə uyğun olaraq qablaşdırıb ekspertizaya göndərmişdir. Uzun müddət keçdiyindən həmin istintaq hərəkətinin hansı tarixdə aparılmasını xatırlamır. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı zorakılıq edilməmiş, narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, Təqsirləndirilən şəxs üzərində olan narkotik tərkibli maddəni könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti “Samsung” markalı mobil telefonla videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Mobil telefonunu dəyişdiyindən həmin videoçəkiliş onda yoxdur.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş sübutlar aşağıdakılardır:

20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə axşam işdən çıxıb yaşadığı evə gəlmiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə onun istirahət günü olmuşdur. Evdə olarkən qapı döyülmüş, evə yaşadığı ərazinin sahə müvəkkili Səməndər müəllim gəlmişdir. Evə sonuncu ilə birgə bir neçə nəfər şəxs də daxil olduqdan sonra onu polis şöbəsinə aparmış, bunun səbəbini soruşduqda isə polis şöbəsində izah veriləcəyini söyləmişlər. Polis şöbəsinə gəldikdə ona “milliön” aparatı və 8 ədəd samovarı oğurlamaqda şübhəli olduğunu söyləmişlər. O, 26 sentyabr və 27 yanvar 2022-ci il tarixlərdə polis şöbəsində saxlanılmış, 28 sentyabr 2022-ci il tarixədək ona polis şöbəsində işgəncə verilmişdir. Həmin işgəncə ilə bağlı fotoşəkillər də mövcuddur. O, işgəncəyə məruz qalmasına görə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) də yazılı müraciət etmişdir. Lakin 30-cu Polis Şöbəsində guya onun 27 sentyabr 2022-ci il tarixdə narkotik vasitə heroini Əhmədli qəsəbəsindən alması, 28 sentyabr 2022-ci il tarixdə isə tutulması qeyd edilmiş, lakin həqiqətdə o, xx.xx.2022-ci il tarixdə günortadan sonra tutulmuşdur. Polis şöbəsində təhdid edilərək ona görə rəis və ya rəis müavininin narahat edilməyəcəyini, problem yaratdığı təqdirdə narkotik vasitələrin satışı ilə rəsmiləşdirmənin aparılacağını söyləmişlər. O, müxtəlif dövlət orqanlarına yazıb şikayətini bildirmişdir. 2-ci qrup əlildir, psixi xəstədir, narkotik vasitə və ya psixotrop maddədən heç vaxt istifadə etməmişdir. Həkimin yazdığı resept əsasında psixotrop maddələr, yəni yuxu dərmanları qəbul etmişdir. O, həkim nəzarətində olmamış, 2015-ci ildə oğurluq cinayətini törətməyə görə həbs edilmiş, 11 ay sonra azadlığa buraxılmışdır. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, o, ruhi-əsəb dispanserində qeydiyyatda olmuş, ibtidai istintaq zamanı keçirilmiş narkoloji ekspertiza ilə bağlı ekspert rəyi ilə tanış olmamış, polis şöbəsində polis əməkdaşları onun əli-qolu bağlayıb əl dəyənəyi və kompüterin şnuru ilə döymüş, bədəninə siqaret vurub söndürmüşlər. İbtidai istintaq zamanı ona hədə-qorxu gəlindiyindən, özünü təqsirli bilmiş, əks halda narkotik tərkibli maddələrin satışı ilə rəsmiləşdiriləcəyi hədələnmiş, barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən hakimə zorakılıq barədə söyləyə bilməmiş, çünki müstəntiq ona bu barədə dediyi təqdirdə azadlığa buraxılmayacağını bildirmiş, saxlanılarkən mobil telefon üzərində olmamış, gecə yatarkən mobil telefonunu söndürdüyündən aktiv vəziyyətdə olmamışdır. Əlilliyinə görə iş icazəsi yoxdur. Onun döyülməsini təsdiq edən fotoşəkilləri bacısı çəkmişdir. O, hazırda da güclü təsir edən psixotrop tərkibli dərman preparatları qəbul edir.

21. Şahid1 məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı evin qapısını Səməndər və Xəyyam adlı polis əməkdaşlarının döydüklərinə görə qapını açmış, onu 2 gün ərzində oğurluğa görə saxlamışlar. Şahid1 onu kompüterin şnuru ilə döymüş və ondan oğurluq cinayətini törətməsini etiraf etməsini tələb etmişdir.

22. Şahid R.V.Quluyev məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə oğurluğa görə saxlanılıb 30-cu Polis şöbəsinə aparılmış, 2 gün orada saxlanıldıqdan sonra xx.xx.2022-ci il tarixdə narkotik vasitəni üzərində saxlamaya görə məsuliyyətinə cəlb edildiyi ona deyilmişdir.

23. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək polis şöbəsində saxlanılmışdır. O, xx.xx.2022-ci il tarixdə polis şöbəsinə getdikdə Xəyyam adlı polis əməkdaşı ona oğlunun bankomat, qonşuların evlərindən samovar və digər əşyaları oğurladığını demiş, o, qonşularından bu barədə məlumatlandıqda belə bir hadisənin baş vermədiyini söyləmişlər. Daha sonra müstəntiq ona oğlunun üzərinə 2 qramdan çox heroin “qoyulduğunu”, işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini demişdir. Şahid Fəridə Səmədova həmçinin bildirmişdir ki, oğlu 10 ildən artıq müddətdən bəri psixi xəstəlikdən əziyyət çəkir, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etmir, satışı ilə məşğul olmur. xx.xx.2022-ci il tarixdə oğlu polis şöbəsinə aparıldıqda evdə olmamış, qonşularından bu barədə məlumatlanmışdır. xx.xx.2022-ci il tarixdə oğlu evə gəldikdə bədəni üzərində olan xəsarətlərin fotoşəkilləri çəkib bir gün sonra Ombudsmana gedərək şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə qızına bu barədə dedikdən sonra qızı Aysel həmin tarixdə iş yoldaşına qardaşının tutulması barədə söyləmiş, evə gəldikdə oğlunun qulağında, kürək və bədənin müxtəlif nahiyələrində xəsarətlər olmuş, oğluna qarşı polis əməkdaşları tərəfindən fiziki zorakılıq edilmişdir.

24. Şahid V.İ.İsizadə məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilsə də, Vüqar İsizadə tərəfindən ona hər hansı zorakılıq edilməmişdir. Vüqar İsizadə ona ya silahı, ya da narkotik maddə istifadəçisi olmağını boynuna götürməyi təklif etmiş, razılaşdıqdan sonra külli miqdarda narkotik vasitənin istifadəçisi kimi rəsmiləşdirmə aparmışdır. Vüqar İsizadəni ilk dəfə şəxsi axtarış və götürmə aparılarkən görmüş, həmin istintaq hərəkəti tutulduqdan 3 gün sonra baş vermiş, videoçəkilişi 30-cu Polis Şöbəsinin növbətçi hissəsinin Həmid adlı polis əməkdaşı aparmış, Vüsal İsizadə ondan narkotik tərkibli maddəni çəkdiyini yoxsa inieksiya formasında qəbul etdiyini soruşmuş, o, narkotik tərkibli maddə qəbul etmədiyini söyləmiş, oğurluqla əlaqədar tutulmuş, videoçəkiliş 2-3 dəfə təkrarlanmış, cibinə qoyulan narkotik vasitəni çıxardıqda dağıldığından yenidən videoçəkiliş aparılmış, o, narkotik vasitəni polis əməkdaşlarının dediyi formada nümayiş etdirdikən sonra həmin narkotik vasitə qablaşdırılıb götürülmüşdür.

25. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs əvvəllər sexdə işləmiş, sonuncu işdən çıxdıqdan sonra anası işləyib ailəni dolandırmışdır. 26 sentyabr 2022-ci il tarixdə anası onun yaşadığı evə gəlib qardaşı Təqsirləndirilən şəxs polis əməkdaşlarının qonşulardan samovar oğurladığına görə 30-cu Polis Şöbəsinə apardıqlarını söyləmiş, o da anasına qonşularından belə bir hadisənin olub-olmadığını soruşmuş, qonşular hər hansı oğurluq hadisəsinin olmadığını söyləmişlər. O, xx.xx.2022-ci il tarixdə qardaşının evinə paltar yığmaq üçün getmiş, evə gəldikdə evi dağınıq vəziyyətdə görmüş, bunu polis əməkdaşları etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs evə gəldikdə döyüldüyünü görmüş və həmin xəsarətləri mobil telefonuna çəkmişdir. Fotoşəkillər mobil telefonundadır və məhkəməyə təqdim edir.

26. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğurluq və narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılmış, hadisədən 3 ilə yaxın müddət keçdiyindən təfərrüatları xatırlamamış, əməliyyət qrupunun tərkibində o və Səməndər olmuş, Təqsirləndirilən şəxs Hövsan ərazisində saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən bədəni üzərində xəsarətlərin olub-olmamasını xatırlamamış, lakin sonuncu özünə xəsarət yetirən biri olmuşdur. Oğurluq faktı ilə bağlı Hüsniyyə adlı şəxsin Təqsirləndirilən şəxs barəsində olan şikayət ərizəsi əsasında sonuncu Ukrayna dairəsi deyilən yerdən tutulub polis şöbəsinə gətirilmiş, samovar və bankomat oğurlanması ilə bağlı polis idarəsinə hər hansı məlumatın daxil olub-olmamasını bilməmiş, oğurluqla bağlı rezonans doğuran hadisə baş verdiyindən yadında qalmış, heç bir polis əməkdaşı tərəfindən təqsirləndirilən şəxsə psixi və fiziki zorakılıq edilməmiş, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilməsi zamanı videoçəkilişdə iştirak etmiş, saxlanılarkən üzərində hər hansı bir xəsarətin əlamətlərinin olub-olmamasını, Təqsirləndirilən şəxs saxlanıldığı tarixi xatırlamamışdır.

27. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs saxlanılan zaman yaradılmış əməliyyat qrupunda iştiak etməmiş, sonuncunu ilk dəfə polis şöbəsində görmüş, polis şöbəsinə gətirilərkən Təqsirləndirilən şəxs üzərində xəsarət olmamış, ərazidə həmin tarixlərdə samovar və bankomat oğurluğu ilə bağlı əməliyyat məlumatının daxil olub-olmadığını xatırlamamış, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilməmiş, belə bir halın şahidi olmamışdır.

28. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X13” X22 şöbə müdiri, ekspert X5 ifadəsində göstərmişdir ki, 40 ildən çoxdur ki, məhkəmə-tibbi ekspertizası sahəsində ekspert kimi əmək stajı var. İş materiallarında olan polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli aktda göstərilən xəsarətlər insanın özü tərəfindən bədəninə yetirilə bilən xəsarətlər ola bilər. Əgər bugün ekspertiza təyin olunsa belə, hadisənin üzərindən uzun müddət keçdiyinə görə dəqiq nəticə əldə oluna bilməyəcəkdir. Əgər bədəndə göyərmə izləri yoxdursa, o, həmin xəsarətin xarakterik xüsusiyyətlərini müəyyən edə bilmir. Təqdim olunan fotoşəkillərdəki xəsarətlər şunurla (iplə) yetirilə bilən xəsarətlərə oxşamır. İnsanın hansı müstəvidə yıxılmağından asılı olaraq bədəninin müxtəlif yerlərində xəsarətlər yarana bilər. Epilepsiya tutmaları zamanı insan hansı müstəvidə yıxıldığını xatırlaya bilmir. Fotoşəkillərdəki xəsarət izləri epilepsiya tutmaları zamanı da yarana bilər, yəni konkret olaraq bu xəsarətlər kimlərsə tərəfindən yetirilməyə də bilər, yetirilə də bilər. Bu, şəraitdən asılıdır. Müxtəlif əsaslarla fotoşəkildəki xəsarət izləri yarana bilər. Ola bilər ki, xəsarət epilepsiya tutması zamanı, şəxsin özü tərəfindən yetirilən zərbələr zamanı və ya şəxsə qarşı göstərilən zorakılıq hərəkətləri zamanı yaransın. Hadisənin üzərindən uzun zaman keçdiyinə görə dəqiq şəkildə xəsarətin xarakterik xüsusiyyələri barədə məlumat vermək mümkün deyil. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş 28 sentyabr 2022-ci il tarixli aktla ona təqdim edilən fotoşəkillər arasında heç bir uyğunluq yoxdur. Tamamilə ziddiyyət mövcuddur. Şəxsin bədənindəki nöqtə-nöqtə xəsarətlər qaşınmadan da yarana bilər, şərt deyil ki, texniki təsir göstərilmiş olsun.

29. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatının xx.xx.2024-cü il tarixli, 2-5/2- 13127/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki təzyiq edilməsi və digər məsələlərə dair şikayəti araşdırılması üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir.

30. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(010)-693/2022 nömrəli qərarından görünür ki,Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarın qanuni hesab edilməsindən imtina edilmişdir.

31. Bakı şəhəri Suraxanı Rayon Polis idarəsinin xx.xx.2024-cü il tarixi, 54/2- 26961/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun aparılmasını özündə əks etdirən videoyazını əldə etmək mümkün olmamışdır.

32. Bakı şəhəri Suraxanı rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-320- 962-x-23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun aparılmasını özündə əks etdirən videoyazı görüntüləri cinayət işinin istintaq materiallarına əlavə edilərək məhkəmə baxışına göndərilmişdir.

33. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin “Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabının 2022-ci ilin sentyabr ayına dair çıxarışı əldə edilmişdir.

34. Müdafiə tərəfinin vəsatəti əsasında Bakı şəhəri Suraxanı rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və həmin araşdırmaya dair materiallar əldə edilib cinayət işinin materiallarına əlavə olunmuşdur.

35. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin xx.xx.2024-cü il, 3-13-54-1/2-13992/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ilin avqust-sentyabr ayları ərzində “Milli Ön” aparatından oğurluq edilməsi və 08 ədəd samovarın oğurlanması ilə bağlı heç bir şikayət daxil olmamışdır.

36. Müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxs barəsində xx.xx.2022ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində toplanmış materiallar əldə edilmişdir.

37. Müdafiə tərəfinin vəsatəti əsasında şahidlər Şahid4 istifadəsində olan ***-***-**- **, Şahid1 istifadəsində olan ***-***-**-**, Şahid5 istifadə etdiyi ***-***-**-** və X11 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2022-ci il tarixdə saat 00:01-dən xx.xx.2022ci il tarixdə saat 23:59-dək əhatə dairəsinə dair anten məlumatları müvafiq mobil operatorlardan ələ keçirilmişdir.

38. Müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “X8” X22 xx.xx.2025-ci il tarixli, 3-28-1/2-7192/2025 nömrəli məktubundan görünür ki, müraciətə qoşma şəklində təqdim edilmiş resept blanklarında tərkibində 2005-ci il 28 iyun trixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”-na daxil olan narkotik vasitələr saxlayan dərman vasitələri qeydə alınmamışdır.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

39. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

40. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

41. Maddə 22.1. Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir.

42. Maddə 22.2. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər.

43. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

44. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM):

45. Maddə 8.0.5. Cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biridir.

46. Maddə 19. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: - öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq.

47. Maddə 21 (1-3-cü bəndlər). Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

48. Maddə 28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

49. Maddə 28.2. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək, şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq, cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq, cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək kimi vəzifələri yerinə yetirməlidirlər.

50. Maddə 36.1. Cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

51. Maddə 42.1 və 42.1.4. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda və cinayətin törədilməsinə aidiyyəti olmadıqda çıxarılır.

52. Maddə 42.2.4. Bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.

53. Maddə 55. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz.

54. Maddə 56.0.1. Bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir.

55. Maddə 65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Maddə 65.6. Birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir.

56. Maddə 91.5.41. ittiham sübut olunmadığı halda bəraət almaq təqsirləndirilən şəxsin hüquqlarından biridir.

57. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

58. Maddə 125.2. Aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda.

59. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

60. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

61. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

62. Maddə 138.2. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.

63. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

64. Maddə 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

65. Maddə 348.3. Bəraət hökmü çıxararkən məhkəmə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsinə dair qərar qəbul edir.

66. Maddə 349 (2-5-ci bəndlər). Məhkəmənin hökmü ittihamedici, yaxud bəraətverici ola bilər. Məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Maddə Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir.

67. Maddə 350 (1-4-cü bəndlər). Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

68. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, narkotik vasitə heroinin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

69. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

70. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

71. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

72. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”

73. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

74. Qərarın 27-ci bəndi. Şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər.

75. Qərarın 28-ci bəndi. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.

Avropa Məhkəməsinin president hüququ:

76. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.

77. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun «qoyulması» ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır.

78. “Layicov Azərbaycana qarşı” olan iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 10 aprel 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır. ...Qərarın 69-cu bəndində göstərilir ki, məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun "qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, ... yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir.

79. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 3cü maddəsinə əsasən Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

80. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə əsasən qeyd edilir ki, ... Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən fundamental dəyərlərindən birini təsbit edir. Terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı kimi hətta ən çətin hallarda Konvensiya mütləq şərtlərdə işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının əksər maddi cəhətlərindən fərqli olaraq, Konvensiyanın 3-cü maddəsi istisnalar üçün hər hansı müddəaları əks etdirmir və bu qaydadan hətta millətin həyatına təhlükə törədən ictimai həyəcan halında belə, Konvensiyanın 15-ci maddəsinin 2-ci bəndinə əsasən hər hansı kənara çıxma yolverilməzdir (baxın, “Selmoni Fransaya qarşı və “Assenov və digərləri Bolqarıstana qarşı”).

81. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

82. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, “Dikmə Türkiyəyə qarşı” 11 iyul 2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etiraflar cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub).

83. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı "Bratyakin Rusiyaya qarşı" iş üzrə 09 mart 2006, "Fadin Rusiyaya qarşı" iş üzrə 27 iyul 2006, "Lenskaya Rusiyaya qarşı" iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında "ciddi səhv" anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin "natamam və qərəzli" olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

84. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, eyni zamanda ibtidai istintaqın ilkin mərhələsindən iş üzrə əldə edilmiş sübutların təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayıb daşıması sübuta yetirilməmişdir.

85. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, eyni zamanda iş üzrə əldə olunan ittihamedici sübutların (məlumatların, sənədlərin) CPM-in 125-ci maddəsi baxımından mötəbərliyi şübhə doğurur, mübahisələndirilir və iş üzrə əsaslı şübhələr var.

86. İş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar müdafiə hüququ pozulmaqla, təsir və aldatma yolu ilə əldə edilmişdir.

87. Belə ki, məlumatlar, sənədlər və əşyalar zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə və müdafiə hüquqları pozulmaqla əldə edilmişdir. Bu səbəbdən CPM-in 125.2-ci maddəsinə əsasən, cinayət işi üzrə sübut kimi qiymətləndirilməsinə yol verilmir.

88. İbtidai istintaq zamanı təyin edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2918 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. (cild 1, iş vərəqi 115-118)

89. Birinci instansiya məhkəməsinin icraatında müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək keçirilmiş Stasionar Məhkəmə-Psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 118 saylı rəyində aşağıdakılar qeyd edilmişdir: - Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədərkən üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkdiyi müəyyən edilir. Lakin Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən həmin psixi pozuntu natamam kompensasiya vəziyyətində olduğundan, Təqsirləndirilən şəxs həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictmiai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. - Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Buna görə də, Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməli Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. - Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. - Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan əmələ görə Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. - Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti hazırda da davam edir və onun gələcəkdə daha da dərinləşə biləcəyi istisna olunmur. - Bu səbəbdən, Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında deyildir. Buna görə də, onun hərəkətləri Cinayət Məcəlləsinin 22.2-ci maddəsinin təsiri altına düşür. - “Anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi ana aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı cavablandırılmır. - Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və ona tam həcmdə idarə etmək iqtidarında deyil. - Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə öz hüquqlarını və vəzifələrini, o cümlədən prosessual hüquq və vəzifələrini həyata keçirmək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs mübtəla olduğu üzvi mənşəli şəxsiyyət pozuntusunun gedişində hal-hazırda natamam kompensasiya vəziyyəti müəyyən edildiyinə görə və anamnezimdə intihar cəhdlərinin olması nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. - Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkumla anlaqlılığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Təqsirləndirilən şəxs hərəkətləri iradı olaraq tənzimləməsinin çatışmazlığı, eqosentrizm, inadkarlıq, qıcığa qarşı həssaslıq, hövsələsizlik, emosional qeyri-stabillik müəyyən edilir. - Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar brəsində düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və uydurmağa meyllilik aşkar edilmir.

90. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli çıxarışına əsasən Təqsirləndirilən şəxs “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət pozuntusu, çoxsaylı özünükəsmələr, psixi pozuntular, şizoaffektiv psixoz, depressiv tip” diaqnozu ilə 2 (ikinci) dərəcə əlildir. Əmək qabiliyyətsizdir.

91. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 92.3-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır: 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə; 92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə; 92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə və s.

92. CPM-in 92.4-cü maddəsinə əsasən cinayət prosesində müdafiəçinin iştirakı şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən — bu Məcəllənin 92.3.2, 92.3.4, 92.3.5 və 92.3.7-ci maddələrində nəzərdə tutulmuş hallarda, həmçinin şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda həmin andan təmin olunur.

93. Həmin məcəllənin 92.12-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.

94. Cinayət işinin materiallarından görünür ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı X19 tərəfindən xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar qəbul edilmiş, həmin qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından o, xx.xx.2022-ci il tarixdə saat 12:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Qeyd edilən qərardan həmin istintaq hərəkəti keçirilən zaman müdafiəçinin iştirakının təmin edilməsi müəyyən edilməmişdir. (cild 1, iş vərəqi 8)

95. İşdə olan yuxarıda qeyd olunmuş qərarda müdafiəçinin iştirakı təmin edilmiş, eyni adlı istintaq hərəkəti ilə bağlı xx.xx.2022-ci il tarixdə saat 12:00 dəqiqədə tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə saat 13:20-dən 13:35-dək Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin inzibati binasında müdafiəçi Bakı şəhəri 09 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə tutulduğu qeyd edilmişdir. (cild 1, iş vərəqi 14; 23) Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 12:00-da şübhəli şəxs qismində tutulması barədə həmin gün, saat 13:35-də başa çatmaqla tərtib olunmuş protokolu o və müdafiəçisi X2 imzalamış, “Şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında” protokol və xx.xx.2022-ci il tarixdə tərtib edilmiş digər sənədlərdə müdafiəçi Hücrəddin Hacıbalayevin imzaları olmuşdur. Lakin şübhəli şəxsin üzərində 15 dəqiqə sonra axtarış keçirilmiş və bu zaman müdafiəçi, «şəxsi axtarış və götürmə aparılması» haqqında protokolla sonradan tanış olsa da, həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs ərizə ilə müraciət edib, sözügedən istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etmədiyini, müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etmişdir. (cild 1, iş vərəqi 33)

96. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ərizə ilə cinayət təqibi orqanına müraciət etməsini işdən görür, lakin sözügedən istintaq hərəkəti zamanı müdafiəçinin iştirakını tələb etmədiyini və müdafiəçinin iştirakı olmadan üzərində şəxsi axtarış aparılmasını xahiş etdiyini inandırıcı saymır.

97. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli qərarında qanunverici Cinayət-Prosessual Məcəlləsinin 92.3-cü maddəsində xüsusi hallar müəyyən edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan etmişdir. Həmin hallar mövcud olduqda, cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə müdafiəçinin mütləq iştirakını təmin etdikdən sonra istintaq və ya digər prosessual hərəkətləri həyata keçirə bilər. Eyni zamanda, qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Lakin Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 92.3-cü maddəsində göstərilmiş bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur. Müdafiəçinin cinayət prosesində mütləq iştirakının təmin olunmaması cinayət-prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə və müvafiq prosessual hərəkətin və onun nəticələrinin qanunsuz hesab edilməsinə səbəb ola bilər.

98. Sözügedən qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz.

99. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 37-ci bəndindən görünür ki, ... faktiki tutulmuş şəxsin müdafiəçisi olduqda və ya cinayət prosesində müdafiəçinin mütləq iştirakını müəyyən edən CPM-in 92.3-cü maddəsində göstərilən hallardan biri olduqda, o cümlədən faktiki tutulub-saxlanılma anında şübhəli şəxs müdafiəçi ilə təmin olunmasını tələb etdikdə, şübhəli şəxsin tutulduğu andan, yəni azadlığının faktiki məhdudlaşdırılmasından dərhal sonra müdafiəçiyə malik olmaq hüququnu nəzərdə tutan CPM-in 90.7.2 və 90.7.5-ci maddələrinə, habelə tutulma haqqında protokolun şəxsə müdafiəçi qismində təqdim edilməsi üçün dəvət edilmiş vəkil tərəfindən imzalanmasını təsbit edən CPM-in 147.6-cı maddəsinə, eləcə də bu Qərarın yuxarıda təsvir edilmiş müddəalarına əsasən şübhəli şəxsi tutub-saxlamış (azadlığını faktiki məhdudlaşdırmış) əməliyyat-axtarış fəaliyyəti subyektinin müvəkkil edilmiş şəxsi tərəfindən tərtib edilən (əməliyyat-axtarış tədbirinin gedişinə və nəticələrinə dair) raportda və ya protokolda tutulub-saxlanılmış şəxsə tutulduğu andan müdafiəçiyə malik olmaq hüququnun izah edilməsinə dair məlumatla yanaşı, həmin şəxsin müdafiəçisinin olub-olmaması, müdafiəçi ilə təmin edilməsini tələb edib-etməməsi barədə məlumatlar da əks etdirilməli, cinayət təqibi üzrə təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs isə şübhəli şəxsin tutulmasının tutulma haqqında protokol ilə rəsmiləşdirilməsində müdafiəçinin və ya müdafiəçi qismində təqdim edilməsi üçün dəvət olunmuş vəkilin iştirakını təmin etməlidir.Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir növ onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz edir.

100. Sözügedən qərarda həmçinin qeyd edilmişdir ki, şübhəli şəxs qismində tutulmaya dair protokolun tərtib edilməsi zamanı iştirak etmiş (protokolu imzalamış) müdafiəçinin hər hansı səbəbdən, o cümlədən təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxsin şübhəli şəxsdən aldığı yazılı razılıq əsasında şəxsi axtarışda iştirak etməməsi kimi hallar müəyyən edildikdə, məhkəmələr bunu şübhəli şəxsin müdafiə hüququnun və müvafiq istintaq hərəkətinin aparılması qaydalarının pozuntusu kimi qiymətləndirməli və münasibətini bildirməlidirlər.

101. Həmin qərarda həmçinin göstərilmişdir ki, ... cinayət işlərinə məhkəmədə baxılarkən o da nəzərdən qaçırılmamalıdır ki, CPM-in 232 və 234-cü maddələri şübhəli şəxsin tutulmasından (şübhəli şəxs qismində tutulma barədə protokolun tərtib edilməsindən) dərhal sonra ondan izahatın alınmasını deyil, həmin normalarda nəzərdə tutulmuş qaydalara uyğun olaraq onun şübhəli şəxs qismində dindirilməsini (ifadənin alınmasını) və bunun şübhəli şəxsin dindirilməsi protokolu ilə rəsmiləşdirilməsini tələb edir.

102. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokolun məzmunundan göründüyü kimi ittiham tərəfinin sübutları siyahısında mühüm yeri tutan, sübutların əldə olunması prosesində müdafiəçi X2 fiziki olaraq iştirak etməmiş, lakin istintaq hərəkətindən sonra tərtib edilən bütün protokollarda müdafiəçinin iştirakı qeyd olunaraq, onun tərəfindən imzalanmış, belə vəziyyətdə isə digər istintaq hərəkətlərinə dair tərtib olunmuş protokol və qərarlarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin video çəkilişlə aparılan şəxsi axtarış və götürmə aparılması barədə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsi, “üzvi dərəcəli şəxsiyyət pozuntusu” diaqnozu ilə ikinci dərəcə əlil olan Təqsirləndirilən şəxs bu ərizəsinin təhqiqatçı tərəfindən qəbul edilərək, müdafiəçinin iştirakı olmadan onun üzərinə şəxsi axtarış keçirilməsinin izahını ağlabatan mühakimə əsasında tapmaq mümkün deyildir və qeyd edilən hal Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarına əsasən müdafiə hüququnun və həmin istintaq hərəkətinin aparılması ilə bağlı cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydalarının pozuntusu kimi qiymətləndirilməlidir.

103. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2022-ci il tarixli qərara (cild 1, iş vərəqi 14) görə Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində saxlanılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə gətirilmişdir.

104. Məhkəmə istintaqı zamanı ifadəsində (habelə məhkməyədək icraat dövründə verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində) Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə günortadan sonra 30-cu X17 adlı sahə müvəkkili və Xəyyam adlı əməliyyat müvəkkilinin onun yaşadığı evə gəlib yaxınlıqda oğurluq cinayəti törədildiyinə görə araşdırma üçün polis şöbəsinə apardığını bildirmişdir.

105. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin anası X9 və bacısı X10 ifadələrində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən 30-cu PŞ-ə aparıldığını bildirmişlər.

106. Şahid Aysel Uğurluyeva məhkəməyə xx.xx.2022-ci il tarixə aid “Whatsapp” mobil tətbiqindən yazışmanı təqdim etmişdir. Həmin yazışmada “dunen gece anam geldi, deyir feridi yene apariblar evden. Ogurluq olub, bu balaca usagnan gezirdi, 14,15 yasli usagdi, bizim terefde samavar ogurlanib, usag da deyibki ferid mene deyib men de goturmusem. Anam da deyirki getdim bolmeye feridi gorum qapisi cirpdi uzume ki ne gelmisen” məzmunu qeyd edilmişdir.

107. Şahid5 İslam oğlu məhkəmədə verdiyi ifadəsində o və Şahid4 ibarət əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs təxminən 2-3 il əvvəl oğurluq hadisəsinin araşdırılması ilə əlaqədar Hövsan ərazisində saxlayıb 30-cu Polis Şöbəsinə apardıqlarını bildirmişdir. Şahid5 həmin ifadəsində Təqsirləndirilən şəxs saxlanıldığı dəqiq tarixi xatırlamamışdır.

108. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri bilir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edildiyini bildirdiyindən, Bakı şəhəri Sabunçu rayon prokurorluğunda həmin xüsusat araşdırılmış, təqsirləndirilən şəxs və Şahid5 İslam oğlunun izahatları alınmış və nəticədə cinayət tərkibi müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir.

109. Sözügedən xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda olan və həmin araşdırma üzrə toplanmış materialdakı Şahid5 İslam oğlu tərəfindən verilmiş izahatdan görünür ki, o, həmin izahatında həmin ərəfələrdə Hövsan qəsəbəsi, Bağça küçəsində mənzillərin birində oğurluq olduğunu, hadisə yerinə yaxın ərazidə kameraya baxış keçirən zaman Təqsirləndirilən şəxs də kameraya düşdüyünü, Təqsirləndirilən şəxs əvvəllər də oğurluq cinayəti törətdiyindən sonuncudan şübhələndiklərini və xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində əməliyyat qrupu ilə yaşadığı evə gedib 30-cu Polis Şöbəsinə gətirdiklərini, Təqsirləndirilən şəxs ondan nə üçün şöbəyə aparıldığını soruşduqda, yaşadığı küçədə oğurluq olduğuna görə sual-cavab edəcəklərini söylədiyini, şöbəyə gəldikdən sonra Təqsirləndirilən şəxs həmin oğurluqda iştirakının olmadığının müəyyən edildiyini, üzərinə baxış keçirilən zaman isə şalvarının cibindən narkotik maddənin aşkarlandığını, aşkarlanan faktın rəsmiləşdirildiyini, kamera çəkilişində narkotik maddənin özünün olmasını etiraf etdiyini, Səməndər, digər polis əməkdaşı, eləcə onun Təqsirləndirilən şəxs vurmadığını, döymədiyini, polis şöbəsində Təqsirləndirilən şəxs özünü rahat aparmadığını, bu səbəbdən üzərinə baxış zamanı narkotik maddənin aşkarlandığını bildirmişdir.

110. Göründüyü kimi, Şahid5 həmin izahatında Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə saat 15 radələrində oğurluq hadisəsi ilə bağlı saxladıqlarını, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkarlandığını bildirmişdir.

111. Məhkəmə bir halı qeyd edir ki, cinayət işinin ibtidai istintaqı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsində, həmin polis idarəsinin əməkdaşları tərəfindən saxlanılarkən edilmiş fiziki və psixi zorakılıqla bağlı Təqsirləndirilən şəxs şikayəti üzrə araşdırma da eyni rayonda, yəni Bakı şəhəri Suraxanı rayon prokurorluğunda aparılmışdır.

112. Lakin Təqsirləndirilən şəxs barəsində istintaq edilmiş cinayət işinin və sözügedən araşdırma materialları arasında ziddiyyət mövcuddur. Belə ki, cinayət işinin materiallarında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində 30-cu PŞ-nin əməliyyat müvəkkilləri Şahid1 və X18 tərəfindən saxlanıldığı qeyd edilsə də, yuxarıda adı çəkilmiş araşdırma materialında isə təqsirləndirilən şəxsin 26 sentyabr 2022ci il tarixdə saat 15 radələrində saxlanıldığı müəyyən edilmişdir.

113. Məhkəmə tərəfindən həmin ziddiyyət araşdırılmışdır.

114. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, yəni Təqsirləndirilən şəxs, əlavə şahidlər X9, X12 və Şahid5 İslam oğlunun ifadələri, xüsusilə də mötəbərliyi şübhə altına alına bilinməyən mobil telefon operatorlarından əldə edilmiş məlumatlarla Təqsirləndirilən şəxs ittihamda göstərilən şəxslər tərəfindən, ittihamda göstərilən vaxtda və şəraitdə deyil, başqa şəxslər tərəfindən, başqa vaxtda və şəraitdə saxlanılması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsinə nəzər saldıqda, həmin mobil nömrənin sonuncu dəfə 24 sentyabr 2023-cü il tarixdə, saat 16:50-də aktiv olması qənaətinə gəlmək mümkündür.

115. Həmçinin ittihama görə Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş polis əməkdaşları olan həm Rasim Quluyevin, həm də Şahid1 hadisə vaxtı istifadələrində olmuş müvafiq mobil telefon nömrələrinin anten dairələrinə nəzər saldıqda müəyyən edilmişdir ki, Rasim Quluyev ittihamda göstərilən, yəni xx.xx.2022-ci il tarixdə saat 10:59:11-dən saat 16:19:46-dək, Şahid1 isə həmin tarixdə saat 10:41:47-dən saat 14:15:16-dək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci Sahil döngəsi ünvanında (Şahid1 məlumatları isə saniyə fərqi ilə yaxınlıqda olan Hövsan Mədəniyyət evini də göstərmişdir.) olmuşlar.

116. Google.com/maps” tətbiqindən istifadə edilməklə baxış keçirildikdə, 30-cu PŞnin inzibati binası C.Xanməmmədov küçəsi 5 ünvanında olmaqla, 11-ci Sahil döngəsi ilə kəsişmədə yerləşir.

117. Lakin əlavə şahidlər Şahid4 və Şahid5 xx.xx.2022-ci il tarixdə istifadəsində olmuş mobil telefon nömrələrinin anten dairələrinə nəzər saldıqda isə müəyyən edilmişdir ki, müdafiə tərəfinin iddia etdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə Şahid4 saat 14:30:26-dən saat 16:31:04-dək, Şahid5 qeyd edilən tarixdə saat 13:30:51-də ünvan 11 ünvanında olmuşlar.

118. Məhkəmə qeyd etməyi zəruri bilir ki, internet məlumatlarına əsasən təqsirləndirilən şəxsin yaşadığı Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi Çöllük massivində yerləşir.

119. Göründüyü kimi, ittihama əsasən Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və bundan sonra onun saxlanılmasına dair əməliyyat-axtarış tədbirlərində iştirak etmiş polis əməkdaşları eyni anten dairələrində, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə yox, məhz 30-cu Polis Şöbəsinin inzibati binasında olmuşlar.

120. Məhkəmə sözügedən mobil nömrələrə dair məlumatlarını, habelə xx.xx.2023cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsinə əsas olmuş toplanmış materialı nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlir ki, ittihamda adları şahid qismində qeyd edilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri X18 və Şahid1 xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Təqsirləndirilən şəxs saxlamamış, həmin tarixdə və vaxtda Təqsirləndirilən şəxs artıq 2 gündən bəri, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq 30-cu PŞ-də saxlanılmış, Təqsirləndirilən şəxs saxlanılmasında əlavə şahidlər Şahid4 və Şahid5 iştirak etmişlər.

121. Beləliklə, məhkəmə tərəfindən şahidlər X18 və Şahid1 məhkəməyədək icraat və məhkəmə baxışı zamanı, Şahid4 isə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə, habelə Təqsirləndirilən şəxs oğurluq faktının araşdırılması ilə əlaqədar 30-cu Polis Şöbəsinə aparılsa da, onun narkotik vasitə ilə bağlı əməliyyat tədbirinin nəticəsində saxlanılması barədə tərtib edilmiş qərara tənqidi yanaşılmaqla ittihamın həlli zamanı istinad edilə biləcək sübut növü kimi mötəbərliliyinə kifayət qədər şübhələrin yaranmasına səbəb olur.

122. Müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə günorta radələrində, işdə olan “Şübhəli şəxsin tutulması haqqında” qərar və “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən isə 28 sentyabr 2022-ci il tarixdə, saat 12:00-da saxlanılmışdır.

123. Eyni zamanda, “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 28 sentyabr 2022-ci il tarixli protokola əsasən onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 01 saat 50 dəqiqədən sonra (faktiki olaraq 44-45 saat sonra), yəni 13:50-də üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmışdır.

124. Beləliklə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən faktiki olaraq saxlandıqdan təqribi 44-45 saat, iş materiallarına əsasən isə polisin tam nəzarəti altına keçdiyindən 01 saat 50 dəqiqə sonra üzərinə şəxsi axtarış keçirilməsinin ağlabatan izahını müəyyən etmək mümkün olmamışdır.

125. Təqsirləndirilən şəxs saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında rəsmi sənədlərlə belə iki saata yaxın vaxtın keçməsi narkotik vasitənin mənbəyi ilə bağlı əsaslı şübhələr yaratmışdır. Aydındır ki, həmin müddət ərzində Təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuş, saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır.

126. Bununla da, Təqsirləndirilən şəxs ittiham üzrə istinad edilən narkotik vasitənin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin narkotik vasitənin əldə edilmə üsulu, ümumilikdə bu sübutun mötəbərliyi şübhə altına alınır.

127. Məhkəmə kollegiyası 2-ci qrup əlil olan və ruhi xəstəlikdən əziyyət çəkən şəxsin barəsində müdafiəçisinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsini cinayət-prosessual qanunvericiliyin müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini müəyyən edən və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan edən müddəalarının tələblərinin kobud pozuntusu kimi qiymətləndirməklə, qeyd olunan sübutu CPM-in 125-ci maddəsi baxımından mümkünsüz hesab edir.

128. Bununla yanaşı işdən müəyyən olunur ki, 28 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq 30-cu Polis Şöbəsinə gətirildikdən, həmçinin həmin tarixdə saat 13:50-dən saat 14:05-dək onun üzərinə müdafiəçisinin iştirakı olmadan “şəxsi axtarış və götürmə” istintaq hərəkəti aparıldıqdan sonra Təqsirləndirilən şəxs izahatı alınmış, faktiki olaraq həmin vaxt o, şübhəli şəxs statusunda olmuş, onun cinayət prosessual qanunvericiliklə nəzərdə tutulmuş qaydada şübhəli şəxsə məxsus hüquqlardan istifadə etməsi məhdudlaşdırılmışdır.

129. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsi (protokol) onun tutulmasından dərhal sonra aparılmamış, tutulması barədə ailə üzvlərinə məlumat verilməmişdir.

130. xx.xx.2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş kimi qeyd edilən predmet tərəzi və ya digər ölçü cihazları ilə ölçülərək çəkisi müəyyən edilməmiş, habelə həmin predmetin rəngi, forması və digər səciyyələndirici halları barədə tərtib olunmuş protokolda da hər hansı qeyd aparılmamışdır. Bütün bunlar isə şübhəli şəxsin müdafiə və digər hüquqlarına ibtidai araşdırma orqanı tərəfindən formal olaraq yanaşıldığı, onun hüquq və vəzifələrinin real olaraq ona izah edilmədiyi qənaətinə gəlməyə əsas verir.

131. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq və birinci instansiya icraatında məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin arasında olan uyğunsuzluqlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

132. Belə ki, ibtidai istintaq zamanı keçirilmiş kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 2918 nömrəli rəyi və məhkəmə tərəfindən təyin edilərək keçirilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 158 saylı rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs «Üzvi mənşəli şəxsiyyət pozuntusu» xəstəliyi natamam kompensasiya vəziyyəti müəyyən olunur.

133. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ilkin izahatı (cild 1 iş vərəqə 42), o cümlədən təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini (cild 1, iş vərəqə 73-74) təsir, o cümlədən fiziki təsir və aldatma yolu ilə əldə edilmiş ifadələr kimi qiymətləndirərək, onları mötəbər sübut kimi qəbul etmir, həmçinin qeyd edir ki, şəxsdə aşkarlanan “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyinin kompensasiya vəziyyətində olması onun tutulduğu zaman və hazırki dövrdə sözügedən xəstəlikdən əziyyət çəkməsini və 2-ci qrup əlil olmasını istisna etməməklə, mövcud xəstəliyi nəticəsində təsir və təzyiqlərə məruz qalmaqla ifadələr verməsi məhkəmə icraatında bir daha təsdiq edilir və təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, habelə ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsi (cild 1, iş vərəqə 163-165) inandırıcı sayılaraq əsas götürülür.

134. Məhkəmə kollegiyası eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaqın əvvəlində, eləcə də həbs bağlı məsələyə baxılarkən məhkəməyə özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməsini, yəni üzərində narkotik vasitənin aşkar edilməsi ilə bağlı qeyd etdiklərini məhkəmə-psixiatrik ekspertizasının rəylərinə istinad edərək onda təkzibedilməz faktiki hal olaraq “Üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi ilə əlaqələndirir.

135. Beləliklə, məhkəmə kollegiyası ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin və şahid qismində dindirilmiş şəxslərin ifadələrini, həmçinin müdafiə hüququ pozulmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutların, işdə olan sübutlar toplusunu və digər məlumatları CPM-nin 125.2.3-cü maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutlar kimi qiymətləndirir və cinayət işi üzrə sübut kimi qəbul edilməsinin yolverilməzliyini bir daha vurğulayır.

136. İşdən aşkardır ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə icraatı zamanı polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qaldığını, artıq təzyiq və təsirlərə dözməyib polis əməkdaşlarının dedikləri ilə razılaşdığını və videoçəkiliş zamanı bükümün ona məxsus olduğunu etiraf etməsini təsdiq etmişdir.

137. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təzyiqlərə məruz qalması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

138. Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli, 54/2-10912/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin Müvəqqəti saxlama yerinə xx.xx.2022-ci il tarixdə, saat 18:15 radələrində daxil olmuş, tibbi müayinə zamanı üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Həmin məktuba tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabında aparılmış qeydlərin surətləri məhkəməyə göndərilmişdir.

139. Sözügedən kitabda 423-cü qrafanın qarşısında “Sonvedi-zadə Fərid Sahib, xx.xx.1994-cü il təvəllüdlü, xx.xx.2022 saat 18:15” qeydi, “ilkin müayinə zamanı aşkar olunmuş xəsarətlər, yaxud şəxsin şikayəti, görülmüş tədbirlər” qrafasında “giriş xəsarət yox, çıxış xəsarət yox” qeydi aparılmışdır.

140. Lakin cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan (cild 1, iş vərəqə 11) görünür ki, həmin akt Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin məsul növbətçisi tərəfindən tərtib edilməklə, aktda sözügedən tarixdə saat 12:10 radələrində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdə üzərində “sol qulağının gimatoması, sağ boyun nahiyəsinin gimatoması, sağ boyun nahiyəsinin kəsilmiş, sağ qolun gimatoması, sağ böyrək nahiyəsinin gimatoması, sağ bud nahiyəsinin gimatoması” xəsarətləri, “özünün bildirdiyinə görə epilepsiya xəstəsi olduğundan sudurğa keçirdib yıxılarkən əvvəlcədən yaşadığı evin həyətində xəsarət almışdır” qeydləri aparılmışdır.

141. Bundan əlavə, müdafiə tərəfi məhkəmə iclasında fotoşəkillər təqdim edib həmin fotoşəkillərdə olan xəsarətlərin təqsirləndirilən şəxsə polis əməkdaşları tərəfindən törədildiyini bildirmişdir.

142. Fotoşəkillər təqsirləndirilən şəxsin bacısı tərəfindən xx.xx.2022-ci il tarixdə çəkilmişdir. Bunu müdafiə tərəfi mobil telefondan edilmiş çıxarışla təsdiqləyirlər.

143. Həmin xüsusatla bağlı məhkəmədə dindirilmiş şahid Ceyhun Allahverdiyevə (məhkəmə-tibbi ekspertizası sahəsində ekspert) müvafiq akt və müdafiə tərəfinin təqdim etdiyi fotoşəkillər təqdim edilmiş, şahid C.Allahverdiyev akt və fotoşəkillərdə olan xəsarətlərin eynilik təşkil etmədiyini, müxtəlif xəsarətlər olduğunu söyləmişdir.

144. Məhkəmə qeyd edir ki, eyni polis idarəsinin təqdim etdiyi məlumatlarda kəskin ziddiyyətlər mövcuddur. Belə ki, polis idarəsinin rəhbəri tərəfindən təqdim edilmiş məktubdan və əlavə olunan kitabdakı qeyddən görünür ki, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixdə qeyd aparılarkən, onun bədəni üzərində xəsarətlə bağlı məlumat yazılmamışdır.

145. Məlumatlar, sənədlər və əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onların sübut kimi qəbul edilə bilməsi tələbini əsas götürməklə məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli aktın (cild 1, iş vərəqi 11) vaxtında və düzgün tərtibinə dair əsaslı şübhələr yaranmışdır. Bununla bağlı məhkəmə kollegiyası cinayət işində olan bütün sübutların biri digərinə kifayət qədər uyğun gəlməli olmasını, digər sübutlarla təkzib edilən sənədlərin, məlumatların sübut kimi qəbul edilməsinin cinayət prosessual qanunvericiliyinin prinsiplərinə əsasən yolverilməzliyini bir daha vurğulayır və qeyd edir ki, sözügedən akt sübut kimi qəbul edilməməlidir.

146. Təqsirləndirilən şəxs isə ibtidai istintaq və məhkəmə icraatı zamanı polis əməkdaşlarının onun bədəninin müxtəlif nahiyələrinə vurmaqla fiziki zorakılıq etdiklərini bildirmişdir.

147. Həmin xüsusatla bağlı şahid Ceyhun Allaverdiyev məhkəmədə verdiyi ifadəsində ona təqdim edilmiş fotoşəkillərdəki xəsarətlərin kənar müdaxilə və ya şəxsin özü tərəfindən törədilə bildiyini, uzun müddət keçdiyindən xəsarətin törənmə vaxtı və səbəbi barədə dəqiq məlumat verə bilməyəcəyini, habelə məhkəmə-tibbi ekspertizası keçirildiyi təqdirdə belə hər hansı cavabın verilməsinin mümkün olmadığını söyləmişdir. (hökmün 28-ci bəndi)

148. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq həmin xəsarətlərin müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.) həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilə bilmələri mümkünlüyünü nəzərə alır.

149. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zorakılıq edilməsinə dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsə də, təqsirləndirilən şəxsin bacısı tərəfindən xx.xx.2022-ci il tarixdə çəkilmiş fotoşəkillərə əsasən təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətlərin olması istisna edilmir. (hökmün 25-ci bəndi)

150. Məhkəmə qeyd edir ki, Suraxanı RPİ-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən təqsirləndirilən şəxs polis şöbəsinə daxil olarkən onun bədəni üzərində xəsarət olmamışdır. Lakin xx.xx.2022-ci il tarixdə barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə əlaqədar məhkəmə iclas zalından azad edildikdən sonra evə gəldikdə isə Təqsirləndirilən şəxs bədəni üzərində müxtəlif xəsarətlər aşkarlanmışdır.

151. Göründüyü kimi, müvafiq xəsarətlər məhz polis əməkdaşlarının nəzarəti aldında olduğu müddətdə yaranmışdır. Bu da təqsirləndirilən şəxsin fiziki təzyiqlərə məruz qalması, xəsarətlərin həmin təzyiqlər nəticəsində əmələ gəlməsinə dəlalət edir.

152. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.

153. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə, zorakılıq, hədə qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.

154. Beləliklə, məhkəmə kollegiyası, “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” məhkəmə nəzarəti qaydasında mübahisələndirilməməsini təqsirləndirilən şəxsin psixi vəziyyəti, o cümlədən səmərəli hüquqi yardımdan istifadə edə bilməməsi ilə əlaqələndirir, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması hallarını nəzərə alır və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2022-ci il tarixli ifadəsini, həmçinin zorakılıq tətbiq edilməklə əldə edilən sənədlərin, məlumatların cinayət işi üzrə sübut kimi qəbul edilməsinin yolverilməzliyini bir daha vurğulayır. (hökmün 3, 8 və 14-cü bəndləri)

155. Qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası ibtidai istintaq orqanı tərəfindən təqdim edilməklə sübut kimi qəbul edilmiş cinayət işi üzrə şahidlərin ifadələri, məhkəmə narkoloji, məhkəmə-kimyəvi ekspertizalarının rəylərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

156. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 6/5567 nömrəli rəyi bilavasitə ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticəni özündə əks etdirir, bununla belə narkotik vasitənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. (hökmün 4-cü bəndi)

157. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi “X22 ambulator məcburi-narkoloji tibbi yoxlamanın” 03 noyabr 2022-ci il tarixli, 6550 nömrəli rəyi ilə bağlı qeyd edir ki, CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi olması və narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə deyil, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə edib, saxlayıb, hazırlayıb, emal edib, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir. (hökmün 15-ci bəndi)

158. Məhkəmə qeyd edir ki, hazırda məhkəmə qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı məsələlərə aydınlıq gətirilməsi deyil, əksinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılmasından ibarətdir.

159. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda göstərilən çoxsaylı qanun pozuntuları ilə həyata keçirilmiş əməliyyat tədbirləri formal əsaslarla və hazırkı cinayət işinə aid olmayan sair sübutlarla qanuni hesab edilə bilməz. Belə ki, CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onları sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır.

160. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, CPM-in 126.6cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

161. Məhkəmə kollegiyası eyni zamanda şahid ifadələrini yoxlayaraq və onlara qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaq materiallarına əlavə edilmiş Şahid1 (cild 1, iş vərəqi 105-107; 166-168) və X11 (cild 1, iş vərəqi 108-110; 169-171) şahid qismində dindirmə protokollarındakı ifadələri birəbir eyni olmaqla hazır şəkildə yazılaraq onlara imzalatdırılmış, sonuncuların bu ifadələri formal xarakter daşımaqla, buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. (hökmün 5,6 və 7-ci bəndləri)

162. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşin mübahisəsiz hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilmir, yuxarıda qeyd edildiyi kimi iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların toplusunun hər birinin ayrı-ayrılıqda, habelə toplu qaydasında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr var və onların sübut kimi qəbul edilməsi, həmçinin onun tibbi müayinəsi zamanı üzərində xəsarətlərin aşkar olunması halları, bu sübutlara əsasən şəxsin məhkum olunması CPM-in 125-ci maddəsi baxımından yolverilməz sayılmalı, belə halda cinayət təqibi ilə bağlı toplanmış materialın sübutedici qüvvəsi olmur və başa çatmış icraatın etibarsızlığı təsdiq edilir.

163. CPM-in müddəalarına uyğun xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokol, eyni tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokolu, “Təqsirləndirilən şəxs məxsus izahatı” və şahid ifadələrini, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində xx.xx.2022-ci il tarixli dindirmə protokollarını müvafiq hüquqi prosedur daxilində dəyərləndirib yolverilməz sübut kimi qəbul edib, işin faktiki hallarını məcmusu üzrə qiymətləndirməklə, həmin sübutların Təqsirləndirilən şəxs xeyrinə həll olunmasını məqsədəuyğun hesab edir. (hökmün 3, 5, 6, 7, 8 və 11-ci bəndləri)

164. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən əldə edilmiş ittiham sübutları CPM-in 124-125-ci maddəsinin tələblərinə zidd olaraq qanun pozuntularına yol verilməklə əldə edilmiş, həm də sözü gedən şəxsin CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyini təsdiq etmir.

165. Məhkəmə kollegiyası xüsusi ilə vurğulayır ki, təqsirsizlik prezumpsiyası ədalətli məhkəmə araşdırmasının ən fundamental aspektlərindən biridir.

166. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.

167. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı CM-in 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.

168. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasında ifadə olunan CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi təsdiq olunmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-in 42.1, 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməlidir.

169. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin materialların və toplanmış sübutlara əsasən Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilməmiş sayılmalı və CM-in 234.1-1-ci maddəsi ilə ona bəraət verilməlidir. (hökmün 86, 102, 120, 124, 127, 128, 130 və151-ci bəndləri)

170. CPM-in 125, 143-145-ci maddələrində qeyd olunan normaların mənasına əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar qanuni yolla əldə edilməli, tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yəni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

171. Həmçinin, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

172. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir.

173. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilməmişdir.

174. Təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fıkirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfınin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir.

175. Məhkəmə qeyd edir ki, cinayət təqibi üzrə toplanmış sübutlar kifayət edir və iş üzrə müəyyən edilməli hallar üzrə mümkün sübutlar elə həcmdədir ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir.

176. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair səhv nəticəyə gəlmişdir. (hökmün 2-ci bəndi)

177. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi nəticəsinə gəlmişdir.

178. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanunun müddəalarına əsasən, vurulmuş fiziki və mənəvi ziyan ödənilməli, bu isə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvini və ya sui-istifadəni mübahisələndirdiyi təqdirdə, vurulmuş ziyanın ödənilməsi hüququnu qazanmış olur. (hökmün 50, 168 və 169-cu bəndləri)

179. Odur ki, məhkəmə kollegiyasının qənaətinə əsasən, Təqsirləndirilən şəxs CMin 234.1-1-ci maddəsi ilə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilməlidir. (hökmün 164, 167, 168 və 169-cu bəndləri)

180. Məhkəmə kollegiyası bildirir ki, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməlidir. (hökmün 178-ci bəndi)

181. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələyə gəldikdə məhkəmə belə hesab edir ki, CPM-in yuxarıda göstərilən maddələrinə əsasən ona bəraət verildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. (hökmün 13-cü bəndi)

182. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

183. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə ümumilikdə aparılmış ekspertizaların xərci 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsinə aid edilməlidir. (hökmün 4-cü bəndi)

184. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,268 qram olan narkotik vasitə heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılması və həmin predmetə hüquqi qiymətin veriləcəyi nəzərə alınsın. Maddi sübut olan 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ümumilikdə aparılmış ekspertizaların xərci 55 (əlli beş) manat məbləğində pul dövlət büdcəsinə aid edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar