Məhkəmə qərarları › İş №1(101)-610/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-610/2022

16.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-610/2022 16.02.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X14 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X12, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3 ünvanında yerləşən 3 saylı evin həyətyanı sahəsində 51 ədəd tərkibində narkotik maddələr olan narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə kultivasiya etmiş, 10 sentyabr 2021-ci il tarixdə saat 20:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman həmin 49 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisini 13 ədəd dibçəkdə, 2 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisini isə torpaq sahəsində qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi yaş vəziyyətdə ümumi təmiz çəkisi 58,547 (əlli səkkiz tam mində beş yüz qırx yeddi) qram olan külli miqdarda, 51 (əlli bir) ədəd aqrotexniki qaydada qulluq göstərilmiş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həyat yoldaşından ayrılmaqla tək yaşamış, özü fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla yanaşı yaşadığı evin həyətində əkinlə də məşğul olmuşdur. Qurudulmuş marixuanadan bir neçə ildir istifadə etmişdir. Əvvəllər qurudulmuş marixuananı tanımadığı şəxslərdən əldə etmiş, lakin son vaxtlar maddi çətinliklərlə əldaqədar marixuanın əldə edilməsi ona çətinlik yaratmışdır. 2021-ci ilin yay aylarında yaşadığı ünvan 3 ünvanında yerləşən həyətyanı sahəsində göyərti toxumları əkmişdir. Əkdiyi həmin toxumlar tədricən inkişaf edərək çətənə bitkiləri əmələ gəlmişdir. Əkdiyi göyərti toxumlarının arasında çətənə toxumlarının olması barədə əvvəlcədən məlumatı olmamış, lakin narkotik vasitələrin istifadəçisi olduğu üçün daha sonra inkişaf etmiş çətənə bitkisi toxumlarının yaxşı yetişməsi üçün onları 13 ədəd xüsusi dibçəkdə əkməklə həmin kollara qulluq etmiş, sulamışdır. 10 sentyabr 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvanda olarkən 2 nəfər şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşları olduqlarını bildirərək təqdim etmişlər. Bu zaman ona məlum olmuşdur ki, həmin şəxslər Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarıdır. Həmin polis əməkdaşları ondan adını soruşduqda o sonunculara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına dəvət etmiş, o da könüllü olaraq polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmişdir. Orada polis əməkdaşları ona narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün polis idarəsinə gətirildiyi məlum olmuşdur. Bundan sonra o, müstəntiq tərəfindən Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 237.2.3cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İzahatında həyətyanı sahəsində narkotik təbiətli çətənə bitkiləri əkib yetişdirdiyini etriraf etmiş və könüllü olaraq ünvan 3 ünvanında yerləşən həyətyanı sahəsinə baxış keçirilməsinə razılıq vermişdir. Həmin tarixdə saat 20:00 radələrində yaşadığı evin həyətyanı sahəsində polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahəsində digər bitkilərin arasında gizlətdiyi, tərəfindən 13 ədəd dibçəkdə əkilmiş, suvarılmış və qulluq edilmiş 49 ədəd kiçik çətənə şitilləri, həmçinin bir qədər kənarda torpaq örtüyündə əkib qulluq etdiyi 2 ədəd çətənə kolu olmaqla ümumilikdə 51 ədəd çətənə bitkisi aşkar edilmişdir. Polis əməkdaşları həmin bitkiləri onun yanında dibindən çıxarıb qablaşdırmışlar. Bundan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş və bütün iştirakçılar kimi onun özü də həmin protokolu imzalamışdır. Polis əməkdaşları onu saxlayıb Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə apardıqları, orada olduğu vaxt ərzində, həmçinin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman və sonrakı dövrdə ona qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Aşkar olunmuş həmin çətənə bitkilərini şəxsi istifadəsi üçün tutulduğu günədək qulluq etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır və heç vaxt narkotik vasitə satmamışdır. Narkotik tərkibli çətənə bitkisinin toxumunu heç kimdən əldə etməmişdir, həmin toxumlar təsadüfən əkdiyi göyərti toxumlarının arasına düşməklə, daha sonra o, həmin toxumları əkib yetişdirmək qərarına gəlmişdir. O polis işçilərinin yanında evinin həyətyanı sahəsində əkdiyi çətənə kollarını öz istifadəsi üçün əkib saxladığını bildirmiş və həmin vasitələrin yerlərini özü könüllü olaraq göstərərək, polis işçilərinə təqdim etmişdir. Bir daha bildirir ki, həmin vasitələri özü qəbul etmək üçün əkib saxlamış və qulluq etmiş, onun hər-hansı bir hissəsini kiməsə satmaq fikri olmamışdır. O çətənə kollarının əkilməsinin bu qədər təhlükəli olduğundan xəbərsiz olmuşdur. Törətdiyi əməldən peşmandır, himayəsində iki yetkinlik yaşına çatmamış övladı var. Buna görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Müsavi oğlu ifadəsində göstərdi ki, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində sahə inspektoru vəzifəsində xidmət edir. 10 sentyabr 2021 -ci il tarixdə saat 19 radələrində “Xaş Xaş 2021” tədbirlər planına əsasən xidmət etdiyi ərazidə yaşayan şəxslərin yaşadıqları həyətyanı sahələrində narkotik vasitə olan çətənə (kannabis) bitkisinin əkib-becərilməsi ilə əlaqədar olan məlumatların yoxlanılması məqsədilə xidmət etdiyi bölmənin əməkdaşı Şahid2 ilə birlikdə keçirdikləri tədbir zamanı yaşadığı ünvan 4 ünvanında yerləşən həyətyanı sahəsində narkotik vasitə olan çətənə (kannabis) bitkisinin əkib-becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 14cü Polis Bölməsində gətirilmişdir. Polis bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin kultivasiyasında və qəbulunda şübhəli bilindiyi üçün polis idarəsinə gətirildiyi bildirilmiş, daha sonra isə müstəntiq tərəfindən Azərbaycan Respubublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində verdiyi izahatında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik təbiətli çətənə bitkiləri əkib yetişdirdiyini etiraf etmiş və bundan sonra o, bölmənin əməkdaşı Şahid2 Nizami oğlu, mütəxəssis-aqronom qismində dəvət edilmiş X8 və saxlanılan Təqsirləndirilən şəxs ilə birlikdə 10 sentyabr 2021-ci il tarixdə, saat 21:00-da sonuncuya məxsus olan ünvan 4 ünvanında yerləşən həyətə baxış keçirmək üçün getmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bağ sahəsində narkotik vasitə kollarının olduğunu deyərək qapını açmış və onları həyətə dəvət etmişdir. Bağa daxil olan zaman orada bitki kollarının olmasının şahidi olmuş, bu zaman mütəxəssis həmin kolların narkotik vasitə kolları olduğunu və onlara aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra həmin kolların hər biri çıxarılaraq sayılmış və orada 13 ədəd dibçəkdə əkilmiş, suvarılmış və qulluq edilmiş 49 ədəd kiçik çətənə şitili, həmçinin bir qədər kənarda torpaq örtüyündə əkib qulluq etdiyi 2 ədəd çətənə kolu olmaqla ümumilikdə 51 ədəd çətənə bitkisi olmasının şahidi olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kolları bu ilin avqust ayında əkdiyini, onlara gələcəkdə yarpaqlarını qurudaraq özü istifadə etmək məqsədilə aqrotexniki qaydada qulluq etdiyini bildirmişdir. Daha sonra həyətyanı sahəyə əlavə baxış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmiş, daha sonra həmin kollar qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Şahid2 Şahid1la eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Şübhəli şəxsin tutulması haqqında” 10 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 19.00-da şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vərəqə 12) “Axtarış, baxış və götürmə aparılması haqqında” 12 sentyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, 10 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən həyətyanı sahəsində videoçəkilişdən istifadə olunmaqla keçirilən axtarış, baxış və götürmə zamanı həyətyanı sahəsində dibçəklərdə 49 ədəd və torpaq üzərində 2 ədəd çətənə bitkiləri aşkar olunaraq götürülmüşdür. (cild 01, iş vərəqə 29-30) Mütəxəssis-aqronom X4 10 sentyabr 2021-ci il tarixli rəyinin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən həyətyanı sahəyə tərəfindən baxış keçirilərkən həyətyanı sahəsinin girişdən sağ tərəfdə əkilmiş bibər əkini sahəsində plastik dibçəklərdə şitil formasında 49 ədəd və torpaq üzərində bibərlərin arasında 2 ədəd orta inkişaf formasında narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Ümumilikdə 51 ədəd çətənə bitkisi torpaqdan kökü ilə birlikdə çıxırılmış və qablaşdırılmışdır. (cild 01, iş vərəqə 32) Məhkəmə-bioloji ekspertizasının 11 sentyabr 2021-ci il tarixli 7\917 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, ağ kağız üzərində”...vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən götürülmüş...” sözləri yazılmış sintetik torbada 02 (iki) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 50,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Həmin torbada 49 (qırx doqquz) ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 8,547 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. (cild 01, iş vərəqə 39-41) “Baxış keçirilməsi haqqında” 12 sentyabr 2021-ci il tarixli protokolun məzmunundan görünür ki, 10 sentyabr 2021-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi “Samsunq” markalı videokamera vasitəsi ilə videoçəkiliş aparılaq 1 ədəd DVD diskinə köçürülmüş görüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntü açıldıqda fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi geyimində iki nəfər şəxs və mülki geyimdə olan iki nəfər şəxs görüntüyə gəlir. Polis mayoru xüsusi geyimində olan şəxs özünü 14-cü Polis Bölməsinin təhqiqatçısı Zamin Həsənov kimi təqdim edir və Sabunçu 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik bitkiləri əkib becərməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evinin yaxınlığında saxlanılıb yaşadığı evin həyətyanı sahəsinə 10 sentyabr 2021ci il tarixdə baxış keçirilməsini bildirir. Bundan sonra baxışda iştirak edən şəxslər özlərini təqdim etmələrindən məlum olur ki, baxışda Sabunçu RPİ-nin 14-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Nizami oğlu, sahə inspektoru Şahid1 Müsavi oğlu, mətəxəssis aqranom X8 və saxlanılan Təqsirləndirilən şəxs iştirak edir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində və yaşadığı evdə baxış, axtarış və götürmə aparılması barədə qərarla tanış edib yaşadığı ünvanda və həyətyanı sahədə qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu halda təqdim etməsi təklif olunur. Təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən həyətyanı sahəsinin girişdən sağ tərəfdə əkilmiş bibər əkini sahəsində plastik dibçəklərdə şitil formasında 49 ədəd və torpaq üzərində bibərlərin arasında 2 ədəd orta inkişaf formasında çətənə bitkisi əkməsini göstərib bildirir ki, həmin çətənə bitkilərini özünün gələcəkdə qurudaraq qəbul etməsi üçün əkmişdir. Dəvət olunmuş mütəxəssis aqranomun iştirakı ilə həyətyanı sahəsinə baxış keçirilir. Mütəxəssis aqranomun iştirakı ilə baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı yaşayış evinin həyətyanı sahəsində 13 ədəd dibçəkdə və torpaq üzərində əkilmiş və xüsusi qaydada qulluq edilmiş çətənə bitkilərinin olması aşkar olunur. Bundan sonra həmin çətənə bitkiləri aqrotexniki qaydada qulluq olunub- olunmamasını müəyyən etmək məqsədi ilə mütəxəssis aqranomun iştirakı ilə sahəyə baxış zamanı həmin sahədən şitil formasında 49 ədəd və 2 ədəd orta inkişaf formasında çətənə bitkilərinin olması müəyyən edilir. Həmin bitkilərin yetişdirildiyi yerə baxan mütəxəssis çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunduğunu, alaq otlarından təmizləndiyini, suvarıldığını bildirir. Aşkar olunmuş çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün tərəflərindən polietilen torbalara yığılaraq möhürlənir və götürülür. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə yaşadığı Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi döngə 3 ev 33 ünvanında olan yaşayış sahəsinə baxış keçirilərkən qanunsuz əşya və predmet aşkar edilmir. Təhqiqatçı həmin çətənə bitkilərinin qablaşdırmaq üçün bağlamaların üzərində qeydlər edir, iştirak edənlər bağlamanın üzərini imzalayır və bağlamalar qablaşdırılmaqla möhürlənir. (cild 01, iş vərəqə 62-63) Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16.09.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası 1952-ci il təvəllüdlü X1, arvadı- 1982-ci il təvəllüdlü X2, qızı- 2004-cü il təvəllüdlü X5, oğlu- 2006-cı il təvəllüdlü X6 ibarətdir. (cild 01, iş vərəqə 72) Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16.09.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 73) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 86-87) Məhkəmə-narkoloji ekspertizasının 01.12.2021-ci il tarixli 4808 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vərəqə 94-95) Məhkəmə iclasında kompyuter texnikasının vasitəsilə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Baxış keçirilməsi haqqında” 12 sentyabr 2021-ci il tarixli protokolda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər, və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahılarında «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər» siyahısında çətənə növlü bitkilərin 16 ədəd (51 hissə) və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. Beləliklə məhkəmə, məhkəmə tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sabunçu Rayon Məhkəməsinin 12 sentyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin 10 sentyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 12, 69- 71). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi müəyyən edildiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Sabunçu RPİ-nin maddi sübutları saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 57,527 qram olan yaş vəziyyətdə 51 ədəd təşkil edən çətənə (kannabis) bitkisi məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən xüsusi müsadirə tədbiri tətbiq edilmir. Məhkəmə məsrəfini təşkil edən 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının və məhkəmənin qərarları ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10, məhkəmə mərhələsində isə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2- ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, ibtidai istintaq mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X9 vəkil işlədiyi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat, məhkəmə mərhələsində göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Sabunçu rayon Polis İdarəsinin maddi sübutlar saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq ümumi təmiz çəkisi 57,527 qram olan yaş vəziyyətdə 51 ədəd təşkil edən çətənə (kannabis) bitkiləri məhv edilsin; - Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi prosesinin videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X10 üçün 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar