Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-611/2021 18.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X4 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Yelmar Buludxan oğlu Bəşirovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş: Zərərçəkmiş şəxs Tərcüməçi: X2 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5 saylı inzibati binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakınıələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq cinayət əməlini törətmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2020-ci il tarixdə saat 05:30 radələrində ünvan 1 B ünvanında yerləşən “Starmart”marketə daxil olub həmin marketdən 1 (bir) ədəd 31 manat dəyərində “Russkiy eksklyuziv” markalı spirtli içki, 1 (bir) ədəd 2 manat 23 qəpik dəyərində “Bolqar bostan” xiyarı turşusu, 5 (beş) ədəd ümumi dəyəri 25 qəpik olan plastik stəkanlar, 1 (bir) ədəd 1 manat 20 qəpik dəyərində “Cricet” markalı alışqan, 2 (iki) qutu biri 7 manat olmaqla ümumi qiyməti 14 manat olan “Marlbo Vinche” markalı siqaretlər və 1 (bir) ədəd 99 qəpik dəyərində olan Chocobis Clas markalı peçenyeni, ümumi dəyəri 49 manat 67 qəpik olan əmlakı götürdükdə, marketdə satıcı işləyən Zərərçəkmiş şəxs götürülmüş məhsulların pulunu tələb edərkən, basqınla müşayiət olunan, üzərində olan bıçağı çıxardıb hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə Zərərçəkmiş şəxs hədələyib sonuncuya qarşı quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 5 saylı inzibati binada qeydiyyatdadır. Yaşayış yeri olmadığı üçün müvəqqəti Bakı şəhərindəki ucuz hostellərdə yaşamışdır. O, 25 ildən artıq Rusiya Federasiyasında yaşamış, xarici pasportunun vaxtı bitdiyi üçün 2020-ci ilin fevral ayının ortalarında Rusiya Federasiyasından Bakı şəhərinə gələrək pasportunu dəyişdirmiş, lakin “Koronavirus” pandemiyası ilə əlaqədar Rusiya Federasiyasına qayıda bilmədiyi üçün həmin müddətdən Bakı şəhərində olan ucuz hostellərdə yaşamağa başlamışdır. Heç bir qohumu olmadığından hostellərdə yaşamaq məcburiyyətində qalmışdır. O, Rusiya Federasiyasından xərcləmək üçün 5.000 ABŞ dolları gətirmiş, Bakı şəhərində bu müddət ərzində yemək, yatmaq və digər ehtiyacları üçün pulu xərcləmiş, sentyabr ayının əvvəllərində artıq pulu tamamilə bitmişdir. O, gününün çox hissəsini «Xəqani» bağında keçirmiş, ona görə də tanımadığı insanlardan pul istəmiş və ona 2,3,4 manat olmaqla xırda pullar vermişlər. Onun üstündə daima yemək üçün istifadə edilən çəngəl, bıçaq, qaşıq və mətbəxdə istifadə edilən, özü yemək yeyən zaman xiyar, pomidor, çörək və. s doğramaq üçün istifadə etdiyi bıçaq olmuş, həmin əşyaları plasmas qutuda cibində gəzdirmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında cibində olan xırda pullarla marketdən spirtli içki almış və “Xəqani” bağında spirtli içkini qəbul etmiş, sonra X9 yanında yerləşən hosteldə gedib yatmışdı. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 05 radələrində yuxudan oyanıb “Sahil” metrosunun çıxışı istiqamətinə gəzmiş, metrostansiyanın yaxınlığında binanın altında yerləşən “Starmart” yazılan marketə daxil olmuşdur. İçərisində çəngəl, qaşıq, bıçaq saxladığı plasmas qutunu cibindən çıxarıb orada olan saxlanc yerinə qoymuşdur. Plasmas qutunun içindən bıçağı çıxarıb əlində tutaraq marketdə gəzməklə spirtli içki satılan yerdən çəkisi və adı yadında qalmayan 1 ədəd butulkada araq, 2 qutu “Marlboro” siqareti, 1 ədəd peçeniye və 1 bankada duzlu xiyar götürüb satıcıya yaxınlaşmışdır. Həmin vaxt satıcıdan və ondan başqa marketdə heç kim olmamışdır. O, götürdüyü əşyalarla birlikdə satıcının masasına yaxınlaşmış, götürdüyü şeyləri paketə həmin vaxt sağ əlində bıçağı saplaq hissəsindən tutmuşdur ki, satıcı qorxub ondan pul istəməsin və əşyaları paketə yığdıqdan sonra marketdən çıxıb sakit addımlarla oradan uzaqlaşmışdır. Həmin vaxt içkili olduğu üçün satıcının onun arxasınca nə isə deyibdemədiyini xatırlamır. O, “Xəqani” bağına gedib orada olan oturacağın üstündə oturmuş, paketdən əşyaları götürüb arağı açmış və yeyib-içməyə başlamışdır. Bir neçə dəqiqədən sonra 4 nəfər polis əməkdaşı ona yaxınlaşmış və marketin satıcısının şikayət etdiyini bildirmiş, o, bıçağı polis əməkdaşlarına təqdim edərək sonuncuların dəvəti ilə Polis bölməsinə getmişdir. Onun marketdən götürəcəyi əşyalar üçün verməyə pulu olmamış, bıçağı o niyyətlə əlində saxlamışdır ki, satıcı onun əlində bıçağı görərək qorxub ondan pul istəməsin. Bıçaqla satıcıya hədə-qorxu gəlməmiş, sadəcə bıçağı əlində tutmuşdur. Həmin bıçaq qara saplaqlı, məişətdə istifadə edilən bıçaq olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yerləşən “Starmart” mağazasında satıcı işləyir, market 24 saat ərzində fəaliyyət göstərir. xx xxxxxxxx 2020-ci il tarixdə saat 05:30 radələrində o, marketdə işdə olduğu vaxt marketdə müştəri olmamış, bir nəfər üzü tüklü, təxminən 30 yaşlarında bir nəfər marketə gəlmiş, bir neçə dəqiqə marketdə gəzdikdən sonra kassaya yaxınlaşaraq götürdüyü 1 (bir) ədəd 31 manatlıq “Russkiy eksklyuziv” markalı spirtli içki olan arağı, 1 (bir) ədəd 2 manat 23 qəpiklik “Bolqar bostan” xiyarı turşusunu, 5 (beş) ədəd ümumi dəyəri 25 qəpik olan plastik stəkanı, 1 (bir) ədəd 1 manat 20 qəpiklik “Cricet” markalı alışqanı, 2 (iki) qutu biri 7 manat olmaqla ümumi qiyməti 14 manat olan “Marlbo Vinche” markalı siqaretləri və 1 (bir) ədəd Chocobis Clas markalı peçenyeni kassa olan masanın üstünə qoymuşdur. O, həmin şəxsin götürdüyü ərzaq, spirtli içki, siqaret və digər məhsulları kassada olan skaynerdən keçirmiş, dəyəri ümumilikdə 49 manat 67 qəpik təşkil etmişdi. O, qəbzi çıxarıb sonuncuya tərəf dönəndə görmüşdür ki, həmin müştəri götürdüyü ərzaq və digər məhsullar yığılmış torbanı sol əlində, sağ əlində isə gümüşü rəngli, qara dəstəyi olan bıçaq tutmuşdur. Həmin müştəri ona demişdi ki “pulum yoxdu, istəsən polisə məlumat verərsən” və qapıdan çıxaraq oradan uzaqlaşmışdır. O, həmin müştəriyə qarşı heç bir hərəkət edə bilməmiş, çünki həmin müştərinin əlində bıçaq olduğu üçün qorxmuşdur ki, onu bıçaqla vurar. Həmin şəxs gedəndən sonra çölə çıxmış, hadisədən 2-3 dəqiqədən sonra həmin ərazidə xidmət aparan polis əməkdaşlarına yaxınlaşaraq hadisə barədə məlumat vermişdir. Bundan 5-10 dəqiqə sonra polis əməkdaşları ona həmin şəxsi saxladıqlarını bildirmiş və o, bölməyə gedib bu barədə izahat vermişdir. Polis bölməsində həmin şəxsin adının Teymur olduğunu öyrənmişdir. Teymur adlı şəxs bıçaqla ona hədə-qorxu gəlməmiş, lakin bıçağı açıq şəkildə, yəni onun görməyi üçün əlində saxlamışdır ki, o, qorxub sonuncudan pul istəməsin, o da həqiqətən də qorxmuşdur ki, pulu istəsə həmin müştəri onu vura bilər, ona görə də heç nə deyə bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Səbail RPİ-nin PPXB-nin manqa komandiri Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə iş yoldaşları Mirəli Əmrəliyev, Şahid2 və Təbriz Şıxəliyevlə birlikdə çağırışı 66-57 saylı olan avtopatrul avtomaşını ilə xidmət apararkən təxminən saat 05.10 radələrində ünvan 3 hərəkət etmişlər. Bu zaman həmin ünvana yaxın yerləşən Üzeyir Hacıbəyli küçəsi 16B ünvandakı «Starmart» adlı marketin yaxınlığından keçərkən həmin marketin işçisi, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs onları saxlatdırıb bildirmişdir ki, bir nəfər tanımadığı kişi marketə daxil olmuş, marketdə satışda olan mallardan bir neçəsini götürərək kassaya yaxınlaşmış, o, alıcının aldığı malların qiymətini kassa aparatında hesablayaraq torbaya yığmış, bundan sonra həmin alıcı üzərində pulunun olmadığını demiş, əlindəki bıçağı ona nümayiş etdirməklə hədə-qorxu gəlmiş və aldığı malların pulunu ödəmədən üzü «Xəqani» bağı istiqamətində qaçmışdır. Onlar avtopatrul avtomaşını ilə deyilən istiqamətdə hərəkət edərkən satıcı Zərərçəkmiş şəxs onlara dediyi əlamətlərinə uyğun gələn bir nəfər şəxsin «Xəqani» bağının içərisində olduğunu aşkar etmişlər. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmək və sonuncu ilə söhbət etmək istəmiş, lakin sonuncu əlində olan bıçağı özünün boyun nahiyəsinə dirəyərək bildirmişdi ki, əgər ona yaxınlaşsalar özünə xəsarət yetirəcək. İş yoldaşları ilə birlikdə həmin şəxsi zərərsizləşdirmiş və xidmət etdikləri avtopatrul avtomaşınına əyləşdirmişlər. Bundan sonra marketdə satıcı işləyən Zərərçəkmiş şəxs da götürüb inzibati ərazi vahidliyi üzrə Səbail RPİ-nin 39-cu Polis bölməsinə aparmış, orada raport yazaraq həmin şəxsi Növbətçi hissəyə təhvil vermişlər. Polis bölməsində onlara məlum olmuşdu ki, həmin hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra onlar yenə də öz xidməti ərazilərinə qayıtmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun hər iki biləyində tibbi sarğı olmuş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, bir gün əvvəl özü lezva ilə öz biləklərini kəsmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman və ya sonra sonuncuya qarşı hər hansı bir zor və ya təzyiq göstərilməmişdir. Məhkəmədəşahid qismində ifadə vermiş Şahid2 və X3 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edən ifadələr vermişlər. Məhkəmədə təqsirləndirilən şəxsin, zərərçəkmişin və şahidlərin ifadələri ilə yanaşı aşağıdakı sübutlar da araşdırılmışdır. Cinayət işinə əlavə olunmuş xx.xx.2020-ci il tarixli 2/7833 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-trasoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 3/1135 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə-psixoloji və ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 2087 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburu müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhər Səbail rayon məhkəməsinin xx xxxxxxxx 2020-cu iltarixli 4(009)-476/2020 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla "həbs" qətimkan tədbiri seçilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Azərbaycan Respublikası CM-in 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət ağır cinayətlər kateqoriyasına aid olduğu üçün və o ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət işinin materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs Elman oğlundan bir ədəd bıçaq götürülmüş və xx xxxxxx 2020-ci il tarixli qərardan məlum olur ki, həmin bıçaq maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə istintaqı nəticəsində təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin132-ci maddəsinə əsasən işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə 64 manat (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı tutulduqları vaxtdan- xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğluna 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193, 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli– xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Barəsində seçilmiş "həbs" qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İşi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasıüçün Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə 64 manat (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi oğluna 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-611/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-611/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver