Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-611/2024 26.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X2, Təqsirləndirilən şəxs, müdafiəçilər, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 12 may 2023-cü il tarixdə 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 11,290 qram olan psixotrop maddə metamfelamini əldə edərək üzərində saxlayıb Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə daşımış və 13 may 2023-cu il tarixdə saat 12:05-də Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 323 saylı orta məktəbin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış, baxış və götürmə aparılan zaman əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən həmin 11,290 qram çəkidə külli miqdarda olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, dövlət işində mühəndis işləmiş, həftə sonları isə fərdi əməklə məşğul olmuşdur. 13 may 2023-cü ildə Qala qəsəbəsində fərdi yaşayış evində yanında ustalar ilə birlikdə işlədiyi zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşaraq yeni təyin olunmuş sahə inspektor olduğunu və yeni tikilən evlərlə maraqlandığını bildirmişdir. Onlar da işlədikləri yerin yeni tikili olmadığını demişlər. Polis əməkdaşları onlara aşağı düşmələrini, adlarını yazıb, əl imzalarını çəkdikdən sonra işlərini davam etdirməyi bildirmişlər. O, qol çəkməyə düşən zaman mülki formada olan polislər onu vuraraq yıxmış, daha sonra onu avtomobilə mindirərək Xəzər rayon Polis İdarəsinə gətirmişlər. İdarədə ona təzyiqlər edilmişdir. Ona narkotik vasitəni qəbul etməli olduğu şərti qoyulmuş, qəbul etmədiyi halda ya Vətən xaini maddəsi ilə, ya da onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərəcəkləri bildirilmişdir. Ona qarşı edilmiş fiziki təzyiqlər nəticəsində baldırında qançır əmələ gəlmiş, o, fiziki təzyiqlərə dözməyərək məcburiyyət qarşısında qalaraq çoxsaylı kağızlara qol çəkmişdir. O polis əməkdaşlarından heç olmasa onun üzərinə satış məqsədilə deyil, narkotik vasitələrdən istifadə ilə bağlı ittiham verilməsini xahiş etmişdir. O, həyatı boyu metamfetamin görməmişdir. Qulu adlı polis əməkdaşı narkotik vasitəni onun cibinə qoyarkən həmin narkotik vasitənin metamfetamin olduğunu bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, narkotik vasitəni Qulu adlı şəxs onun cibinə qoyarkən videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını deməsini bildirmişdir. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermişdir. Onu hansı səbəbdən saxladıqlarını bilmir. İstintaq Təcridxanasında onun bədəninə baxış keçirilən zaman baldır və bas nahiyəsində zədə aşkar edilmişdir. Üzərində aşkar edilmiş zədə ilə bağlı heç bir hüquq-mühafizə orqanına şikayət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması, daşıması və istifadəsi ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı rəhbərliyə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Onlar şübhəli şəxs Təqsirləndirilən şəxs Qala qəsəbəsində saxlayaraq 1-ci Polis şöbəsinə dəvət etmişlər. Orada şöbənin rəhbərinə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs işi təhqiqatçıya həvalə edilmiş, qısa müddət ərzində vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə Şahinin üzərinə baxış keçirilmiş və üzərindən ağ sellofana bükülmüş kristal halda narkotik vasitə aşkar edilmişdir. Şübhəli şəxs özü narkotik vasitəni 1 gün öncə axşam saatlarında Qala qəsəbəsində işlədiyi yerin yaxınlığından tapdığını, lakin narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Videoçəkiliş vasitəsilə üzərinə baxış keçirildikdən sonra təhqiqatçı aşkar edilərək götürülmüş narkotik vasitəni qablaşdırıb ekspertizaya göndərmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs hadisədən əvvəl tanımadığını, sonuncunu Qala qəsəbəsi, 320 nömrəli məktəbin yaxınlığında kiçik əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saxladıqlarını, şübhəli şəxsin üzərinə baxış keçirilən zaman polis rəisinin iştirak etmədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiqin edilmədiyini, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid2 eyni məzmunlu ifadələr verərək Şahid1 göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs qarşı polis şöbəsində heç bir fiziki zorakılıq etmədiyini, həmçinin hər hansı fiziki zorakılığı edilməsinin şahidi olmadığını, şübhəli şəxsin özünün könüllü şəkildə etiraf etdiyini, Təqsirləndirilən şəxs Qala qəsəbəsində yerləşən 323 nömrəli məktəbin yaxınlığında saxlanıldığını, şəxsin narkotik vasitənin ona məxsus olmasını, gələcəkdə istifadə edəcəyini bildirdiyini, şəxsin üzərinə baxış keçirilən zaman şöbə rəisinin iştirak etmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, xx.xx.1983-cü ildə Kəlbəcər rayonu, Nadirxanlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupunun yaradılması və onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.1983-cü ildə Kəlbəcər rayonu, Nadirxanlı kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2023-cü il tarixdə saat 12:05-də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 323 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə siqaretin şəffaf sellofanına bükülmüş içərisində kristallik şüşə formasında psixotrop maddəyə bənzər kütlələri araşdırmaya təqdim etmişdir. Təqdim edilmiş 01 bükümdə siqaretin şəffaf sellofanına bükülmüş içərisində kristallik şüşə formasında psixotrop maddəyə bənzər kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 157 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı üzərində aşkar edilmiş 01 ədəd bükümdə siqaretin şəffaf sellofanına bükülmüş içərisində kristallik şüşə formasında psixotrop maddəyə bənzər kütlələrin psixotrop maddə olan metamfetamin olmasını və xx.xx.2023-cü il tarixdə axşam saat 21:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində tapdığını və gələcəkdə şəxsi istifadəsi üçün üzərində daşıyıb gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 26-27). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün 157 nömrəli dairəvi möhür əksi və "...Təqsirləndirilən şəxs-imza. İştiirakçəlar-üç imza. Tərtib etdi: A.İsayev-imza...”; yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 11,290 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 92 manat təşkil edir (cild 1, iş vərəqi 33-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması haqqında Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi və əməliyyat qrupunun yaradılmasına dair 13 may 2023-cü il tarixli qərarlar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 72-73). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsin üzərində axtarış aparılmasına dair videoçəkilişi özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, istintaqa təqdim edilmiş 01 ədəd elektron daşıyıcı “DVD” markalı disk kompyuter qurğusunun riderinə yerləşdirildi. Bundan sonra kompyuterdə olan disk qurğusu açıldı və orada video çəkilişin əks olunduğu müşahidə edildi. Həmin video çəkilişdən görünür ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin baş təhqiqatçısı polis mayoru X10 rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Cinayət Axtarış şöbəsinin kiçik inspektoru polis baş serjantı Şahid2, Bakı şəhər 8 saylı Vəkil bürosunun vəkili Fərman Cəfərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində xx.xx.2023-cü il tarixdə axtarış apararkən həqiqətən də Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə siqaretin şəffaf sellofanına bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən tapdığını və gələcəkdə şəxsi istifadəsi üçün üzərində gəzidirdiyini bildirmişdir. Aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmışdır (cild 1, iş vərəqi 74). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmayan, ali təhsilli, işləməyən, Kəlbəcər rayonu, Nadirxanlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır (cild 1, iş vərəqi 77). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəsini, eləcə də narkotik vasitələri satdığı şəxs və ya şəxsləri müəyyən etmək məqsədilə kompleks əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir (cild 1, iş vərəqi 82). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübut kimi tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 11,290 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 11,190 qram metamfetamin Bakı şəhəri Xəzər RPİ-nin saxlanma otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 86, 88). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 89). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3799 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 90-91). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə ********* nömrəli cinayət işinin materiallarından material ayrılaraq Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə göndərilmişdir (cild 1, iş vərəqi 96-100). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, ona əleyhinə ifadə verən şahidlərə bilavasitə suallar vermək üçün şərait yaradılmış, o, müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Savalanlı və digərləri Azərbaycana qarşı” məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə ikinci, üçüncü və dördüncü ərizəçilərə münasibətdə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir. İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarındakı müddəalar nəzərə alınmaqla tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə psixotrop maddə metamfetamini əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda 11,290 qram təmiz çəkidə psixotrop maddə metamfetamini bir bükümdə üzərində saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda psixotrop maddə metamfetamini əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin və onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi ilə bağlı əməliyyat orqanına tapşırıq verilmişdir. Həmin əməliyyat tapşırığına verilmiş cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin mənbəsini, eləcə də narkotik vasitələri satdığı şəxs və ya şəxsləri müəyyən etmək məqsədilə kompleks əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da təqsirləndirilən şəxsin hansısa şəxsə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən edilmir. Digər tərəfdən, məhkəmədə dindirilmiş polis əməkdaşları – təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədilə yaradılmış əməliyyat qrupunun üzvlərinin ifadələrindən də görünür ki, təqsirləndirilən şəxs barəsində əvvəlcədən əldə edilmiş məlumat onun narkotik vasitələri saxlaması, daşıması və istifadəsi ilə bağlı olmuşdur. Həmin şahidlər təqsirləndirilən şəxsin kiməsə psixotrop maddə satması barədə konkret faktı məhkəməyə bildirməmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin psixotrop maddələr satması, bu istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir sübut yoxdur. Lakin, 13 may 2023-cu il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli miqdarda 11,290 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri əldə etməsi və dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən külli miqdarda bir bükümdə narkotik vasitə olan psixotrop maddə metamfetaminin aşkarlanması özü-özlüyündə onun həmin maddənin satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq etmir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun psixotrop maddə metamfetaminin satışı ilə məşğul olması, belə maddələrin satışı ilə bağlı hər hansı şəxslə danışıq aparması və bu barədə sövdələşməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, “müştəridən” psixotrop maddələrlə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 13 may 2023-cu il tarixdə onun üzərindən külli miqdarda 11,290 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin psixotrop maddə metamfetaminin məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddə metamfetamini o, satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş psixotrop maddə olan metamfetaminin çəkisi, yəni külli miqdarda olması təşkil etmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə psixotrop maddə olan metamfetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə psixotrop maddə olan metamfetamini əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən və təsdiq etmək mümkün olmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə psixotrop maddə metamfetamini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ifadə verərək və cinayət prosesinin iştirakçılarının suallarına cavab verərək saxlanlan zaman polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və işgəncə verilməsi və onun həmin təzyiq və təhdid altında etirafedici ifadə verdiyini bildirsə də, məhkəmə onun bu hissədə verdiyi ifadəsini inandırıcı və ağlabatan hesab etmir. Belə ki, polis şöbəsində üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onun müdafiə hüququ təmin edilmiş, bu məqsədlə prosessual hərəkətdə iştirak etmək üçün müdafiəçi dəvət edilmiş, videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan açıq mavi rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd bükümdə siqaretin şəffaf sellofanına bükülmüş içərisində kristallik şüşə formasında psixotrop maddəyə bənzər kütlələri araşdırmaya təqdim etmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman və şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində ifadələr verərkən üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmasını etiraf etmişdir. Lakin məhkəmədə ifadələrini dəyişərək həmin psixotrop maddənin ona aid olmadığını qeyd etmiş və polis əməkdaşları tərəfindən ona fiziki təzyiq və işgəncə verildiyini və onun həmin təzyiq altında etirafedici ifadə verdiyini bildirmişdir. Bununla bağlı, məhkəmə istintaqı zamanı məhkəmə Təqsirləndirilən şəxs şəxsi işini və tibbi kartoçkasını onun saxlanıldığı İstintaq təcridxanasından tələb edib baxışını keçirmiş, kitabçada onun təcridxanaya qəbul edilərkən üzərinə baxış keçirilən zaman onun sol baldırının arxa səthində sarımtıl rəngli qançır aşkar edildiyi barədə qeyd müəyyən edilmişdir. Qeyd edilən xəsarətlə bağlı araşdırma aparılıb-aparılmamasının müəyyən edilməsi məqsədilə Xəzər rayon prokurorluğuna məhkəmə tərəfindən sorğu verilmişdir. Həmin prokurorluqdan məhkəməyə daxil olmuş 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və psixi zorakılığa, işgəncələrə məruz qalması, döyülməsi və bu kimi zorakı hərəkətlərə məruz qalması sübuta yetirilməmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, həmin məcəllənin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ali təhsilli olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 may 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 may 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 24, 66-67). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 13 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanma otağında saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 11,190 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməsi üçün əsas müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 13 may 2023-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin saxlanma otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,190 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-611/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-611/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver