Məhkəmə qərarları › İş №1(101)-612/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-612/2022

26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-612/2022 26.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı3 və ədliyyə müşaviri Dövlət ittihamçısı4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, 23 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 25 iyul 2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs dostu Şahid2 Şahid1 və Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında baş vermiş mübahisənin səbəbini aydınlaşdırmaq məqsədilə, 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın qarşısında dostu Şahid2 ilə birlikdə Şahid1 və Zərərçəkmiş şəxsla görüşüb sözlü mübahisə edən zaman Şahid1 üzərində olan bıçaqla Şahid2 xəsarət yetirdiyinə görə, qisas almaq məqsədilə üzərində olan naməlum bıçağı çıxarıb həmin bıçaqla bir dəfə qəsdən Zərərçəkmiş şəxs bədən nahiyəsindən vuraraq ona sağ əlin İİ barmağının 1 ədəd kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək hematoraks törədən 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyat üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və yerdə naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 2,534 qram olan psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri, Nəsimi rayon Polis idarəsi 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 iyul 2021-ci il tarixdə saat 16:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 2,534 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, «Atabəy» kimi tanınan Şahid2 onun dostu, Şahid1 isə tanışıdır. 2021-ci ilin mart ayında Nicat ilə Sudef dava edən zaman Nicatın qohumu Telman Sudefi vurmuşdur. 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində Sudef ilə birlikdə məsələni aydınlaşdırmaq üçün Nicatın yaşadığı küçəyə gəlmişdir. Nicata yaxınlaşıb dava barədə söhbət edən zaman Nicatın qohumu Telman onlara yaxınlaşmış, həmin vaxt Sudef Telmanı görən kimi sonuncunun onu vurduğunu bildirmişdir. O, Telmandan yuxarıdakı mağazada işləyən oğlan olubolmamasını soruşmuş, Telman bunu təsdiq etmişdir. Sonra Telmana dava zamanı Sudefi vurmağının düzgün olmadığını bildirmişdir. Bu zaman Sudef Telmanın ağız nahiyəsindən yumruqla bir dəfə vurmuş və Telman yerə yıxılmışdır. Sonra anidən Sudefin üzərində qan olduğunu qıvrıldığını görmüş, Sudef Nicatın onu bıçaqla vuraraq xəsarət yetirdiyini demişdir. Buna görə o da, üzərində olan bıçaqla Telmanı bir dəfə vurmuş, lakin hansı nahiyəsindən vurduğunu bilməmişdir. X6 maşını ilə 5 saylı şəhər xəstəxanasına aparmış və Sudef əməliyyat olunmuşdur. Daha sonra Telmanın da aldığı xəsarətlə əlaqədar xəstəxanaya aparıldığını bilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə görə, təxminən iyul ayının 23-ü ya 24-ü bacısı ilə birlikdə evdə olarkən qapı döyülmüş və bacısı ona polis əməkdaşlarının olduğunu bildirmişdir. O, bacısının yanında əli qandallı aparılmasını istəmədiyi üçün yaşadıqları üçüncü mərtəbədən aşağı tullanmaq istəmiş, bu zaman polis əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılmışdır. Həmin vaxt günorta saat 12-1 radələri olmuşdur. Bölmədə polis əməkdaşları ona Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə axtarışda olduğunu və bu səbəbə saxlanıldığını bildirmişdir. Sonra polis əməkdaşları ona narkotiki də boynuna almasını, bunu etmədiyi halda 4-5 nəfərin onun üzünə duracağını və narkotiklərin satışı ilə ittiham olunacağını bildirmiş, o da, məcbur olub polis əməkdaşlarının dedikləri sənədlərə imza etmişdir. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs CM-nin 234-cü maddəsini qəbul etmədiyini, həmin narkotikin onun boynuna qoyulduğunu, tutulmamışdan 3-4 ay əvvəl narkotikdən istifadə etməyə başladığını, heroindən və metamfetamindən istifadə etdiyini və narkotik vasitəni çəkmək yolu ilə qəbul etdiyini, onu tutan polis əməkdaşlarını əvvəllər tanımadığını və polislərlə heç bir problemi olmadığını, bölməyə gətirildikdən sonra narkotik vasitəni boynuna alması üçün ona təzyiqlər olunduğunu, hazırda Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ona qarşı heç bir şikayəti olmadığını və törətdiyi əməldən peşman olduğunu məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə elan və tədqiq olundu. Azərbaycan Respublikası CM-nin 126.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilən Təqsirləndirilən şəxs həmin ifadəsində bildirmişdir ki, Şahid2 dostudur. Sudefi həm də “Atabəy” deyə tanıyırlar. Şahid1ı tanıyır. Nicat ilə 2021-ci ilin mart ayında dava-dalaşı olmuşdur. Həmin vaxtı Nicat ilə Sudef dava edən zaman həmin yerə Nicatın qohumu Telman gəlmiş və Sudefi vurmuşdur. Bundan sonra Nicat ilə aralarında mübahisə olmuşdur. 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində Sudef ilə Nicatın yaşadığı küçəyə gəlmişlər. Bu vaxt Hüseyn adlı şəxs də onlarla birgə olmuşdur. Orada Nicat ilə rastlaşmışlar. Avtomobildən düşüb Nicata yaxınlaşıb dava barədə söhbət edən zaman Nicatın qohumu Telman yaxınlaşmışdır. Telmanı görən kimi Sudef ona “məni sən vurdun keçən dəfə,!” demişdir. Həmçinin Telmandan sən “Killerin” yanında mağazada işləyən oğlan deyilsən?! Deyə soruşmuşdur. Bu vaxt Zərərçəkmiş şəxs keçən dəfə davada Sudefi əsassız yerə vurmasını və səhv elediyini bildirmişdir. Həmin vaxt Sudef Telmanın ağız nahiyyəsindən yumruqla bir dəfə vurmuşdur. Zərbənin təsirindən Telman yerə yıxılmış və anidən Sudefin üzərində qan olduğunu və yığıldığını görmüşdür. Şahid2 Nicatın onu bıçaqla vuraraq xəsarət yetirdiyini demişdir. Bundan sonra üzərində olan bıçaqla Telmanını 1 dəfə vurmuşdur. Bıçağın Telmanın hansı nahiyyəsinə dəydiyini bilmir. Daha sonra Telman və Nicat oradan uzaqlaşmışlar və Sudefi çiyninə alıb Hüseynin avtomobilinə əyləşmişdir. Hüseyn avtomobili 5 saylı şəhər xəstəxanasına sürmüşdür. Orada Sudefi cərrahiyyə əməliyyat etmişlər. Daha sonra Telmanın da xəstəxanaya aparıldığını öyrənmişdir. Hadisə ümumilikdə 1-2 dəqiqə ərzində baş vermişdir. Hadisə yerində kənar şəxslər olmamışdır. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə görə, o, narkotik vasitə istifadəçisidir. 22.07.2021-ci il tarixdə “Papanin” adlanan yerdən tanımadığı bir şəxsdən 40 (qırx) manata psixotrop maddə - metamfetamin alaraq üzərində saxlamışdır. 23.07.2021-ci il tarixində saat 16 radələrində ünvan 4 ünvanın yaxınlığında olan zaman iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin əldə etməsi və qəbulunda şübhələndiklərini bildirib onlarla birlikdə polis bölməsinə getməyimi xahiş etmişlər. Polis bölməsinə gəldikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş, sonra otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Onu saxlayan əməkdaşların iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və baxış zamanı əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızında olan bükümü təqdim etmiş və həmin bükülünün içərisində olan maddənin metamfetamin olduğunu və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir (cild 2, iş vərəqi 33-35). Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində evin yaxınlığında qohumu Nicatın mübahisə etdiyini görmüş və ora yaxınlaşdıqdan sonra Hüseyn və “Atabəy” adı ilə tanınan Sudefi tanımış, digər şəxsin isə kim olduğunu bilməmişdir. Bu vaxt Sudef ondan 2021-ci ilin mart ayında baş vermiş davada onu vuran şəxsin kim olmasının soruşmuşdur. Həmçinin Sudefin yanında olan sonradan adının Tural olduğunu öyrəndiyi şəxs ondan “Killer” mağazasının yanında işləyən şəxs olub-olmadığını soruşmuşdur. Bu vaxt anidən Sudef yumruq ilə onun ağızından bir dəfə vurmuşdur. X7 bıçaqla vurmuş, Tural da onu bir dəfə sinə nahiyəsindən bıçaqla vurmuşdur. O, özündən qan gəldiyini görüb qışqıraraq oradan uzaqlaşmışdır. Nicat ilə birgə evə gəlmiş, sonra səhhətinin pis olduğunu görüb onu 3 saylı Şəhər klinik xəstəxanasına aparmışlar. Hadisə 1-2 dəqiqə davam etmiş, ətrafda heç kəs olmamışdır. Hadisənin baş verməsinə səbəb Sudefin onu yumruqla vurması olmuşdur. Nicat Sudefi bıçaqla vurduğu üçün Tural da bıçaqla onu vuraraq xəsarət yetirmişdir. Sualları cavablandıran Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxslə barışdığını və ona qarşı şikayəti və tələbinin olmadığını bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Şahid2 onun yaşadığı evdən 2 küçə aralıda yaşayır. Sudef ilə onun arasında təxminən 2021-ci ilin mart ayında narazılıq yaranmışdır. Buna səbəb Sudefin özünü kriminal şəxs kimi aparması olmuşdur. Həmin vaxtı aralarında dava-dalaş baş verməsinə səbəb Sudefin ondan haqq istəməsi olmuş, o, etiraz etdikdə Sudef ilə aralarında dava baş vermiş və bir-birlərini vurmuşlar. Bu vaxt Sudefin yanında dostu Tural da olmuşdur. Dava edən zaman Sudef ondan fiziki cəhətdən canlı olduğundan onu altına salmış, bu vaxt qohumu Zərərçəkmiş şəxs köməyinə gəlmişdir. Telman Sudefi vuraraq ondan aralamışdır. 25.04.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında küçədə olan zaman Sudef onu görüb yaxınlaşmış, bu vaxt Tural da orada olmuşdur. Bundan sonra qohumu Telman da oraya gəlmişdir. Telman gələn kimi Sudef onunla əvvəlki davasına görə mübahisə etmişdir. X3 “Killer” mağazasının yanında işləyən oğlan olub-olmamasını soruşmuşdur. Tural sözünü deyən vaxt anidən Sudef Telmanın ağız nahiyəsindən yumruqla vurmuşdur. Bundan sonra fiziki cəhətdən zəif olduğunu görüb o, üzərində olan bıçağı çıxarıb Sudefi 1 dəfə qarnından vurmuşdur. Sudefi vurduqdan sonra Telmanla üzbəüz dayanan Tural da üzərində olan bıçaqla Telmanı vurmuşdur. Daha sonra Sudef vurulduğunu demiş, Sudef Turalla birgə maşına doğru getmişlər. O isə, Telmanla birlikdə evə getmişlər. Telmanın sinəsinin sağ tərəfindən qan gəldiyini görüb onun qolundan tutub evinə aparmışdır. Bu vaxt evdə onun nənəsi Rahilə Məlikova olmuşdur. Evin həyətində Telmana kömək eləməyə çalışmışlar, lakin qanın dayanmadığını görüb “103” xidməti zəng mərkəzinə müraciət etmişlər. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində bildirdi ki, 25 aprel 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman həyətdən səs-küy gəlmiş, həyətə çıxdıqda qohumu Zərərçəkmiş şəxs və nəvəsi Şahid1 görmüşdür. Həmin vaxt Telman sinə nahiyəsindən yaralanmış və qan içində olmuşdur. Telmana ilkin tibbi yardım göstərməyə çalışsa da, qanın dayanmadığını və Telmanın halının pisləşdiyini görüb mobil telefonla 103 təcili tibbi yardım xidmətinə müraciət etmişdir. O, nə baş verdiyini soruşmuş, Nicat Sudef adlı şəxslə mübahisəsi olduğunu, mübahisə vaxtı üzərində olan bıçaqla Sudefi bir dəfə vuraraq xəsarət yetirdiyini, həmçinin Sudefın yanında olan dostu Turalın da Telmanı bıçaqla vuraraq xəsarət yetirdiyini demişdir. Sonra təcili tibbi yardım maşını ilə Telman 3 saylı şəhər klinik xəstəxanasına aparılmışdır. Məhkəmə iclasında dindirilən şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci polis bölməsinin cinyət-axtarış qrupunun əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs kimi axtarışa verilmişdir. 23 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olduğu yer barədə daxil olmuş məlumat əsasında əməliyyat müvəkkili Şahid5la birlikdə Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsinə getmişlər. Saat 16:30-da Turalın yerini müəyyən edib Şahid5la birlikdə onu saxlayıb 20-ci polis bölməsinə dəvət etmişlər. Tural özünü şübhəli apardığına görə üstündə hər hansı qeyri-qanuni əşyanın olub-olmamasını dəqiqləşdirmək məqsədilə üzərinə axtarış keçirilmişdir. Axtarışı təhqiqatçı videoçəkilişlə keçirmişdir. Bu zaman Tural əynindəki cins şalvarının sağ yan cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni cixararaq metamfetamin olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin maddəni 22 iyul 2021-ci il tarixdə “Papanin” adlanan yerdən tanımadığı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş və ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Nəsimi RPİ, 20-ci polis bölməsinin cinyət-axtarış qrupunun əməliyyat müvəkkili Şahid5 həmkarı Şahid4 məhkəmə iclasında verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Şahid2 həmin ifadəsində göstərmişdir ki, 25.04.2021-ci il tarixdə saat 23 radələrində dostu Hüseyn ilə ona məxsus avtomobildə Nəsimi rayonu “Papanin” adlanan ərazidə yaşadığı evin yaxınlığında avtomobildə gəzən zaman Nicat adlı şəxs ilə rastlaşmışdır. Nicat ilə təxminən 2021-ci ilin mart ayında aralarında dava-dalaş olmuşdur. Nicatı görən kimi avtomobildən düşmüşdür. Nicat ilə mübahisə edən zaman dostu Təqsirləndirilən şəxs hadisə yerində olmuşdur. Bundan sonra Nicatın qohumu Telman adlı şəxs də ora yaxınlaşmışdır. Telman yaxınlaşan kimi mübahisə yaranmış və mübahisə zamanı yumruqla Telmanın ağız nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Telman yerə yıxılmışdır. Bu vaxt Nicat üzərində olan bıçaqla onu bir dəfə qarın nahiyəsindən vurmuşdur. O, aralanmış və həmin vaxt Tural isə üzərində olan bıçaqla Telmanı vurmuşdur. O, qan gəldiyini görüb kömək istəmiş, Hüseyn və Tural onu avtomobilə qoyub 5 saylı xəstəxanaya aparmışlar (cild 1, iş vərəqi 90-92). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə olunmuş 17 avqust 2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokola əsasən, Təqsirləndirilən şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisı yerində bir daha təsdiq etmiş və istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 197-201). İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması haqqında 19 iyun 2021-ci il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs sərbəst ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 123-126). Cinayət işinə əlavə olunmuş 23 iyul 2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.07.2021-ci il tarixdə Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 40 manata satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə, ümumi təmiz çəkisi 2,534 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşıması və 23.07.2021-ci il tarixdə saat 16:30-da ünvan 5 ünvanının qarşısında Bakı şəhəri Nəsimi RPİ 20-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilməsi və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə, ümumi təmiz çəkisi 2,534 qram olan psixotrop maddə olan metamfetaminin aşkar edilməsi faktı təsdiq olunur (cild 1, iş vərəqi 39-45). Məhkəmə-tibbi ekspertizasının 06 iyul 2021-ci il tarixli 2186 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısının daxilə nüfuz edərək hematoraks (döş boşluğuna qanın toplanması) törədən 1 (bir) ədəd deşilmişkəsilmiş yarası, sağ əlin İİ barmağının 1 (bir) ədəd kəsilmiş yarası deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir; üst dodağın selikli qisasının əzilmiş-cırılmış yaraları - küt əşyanın (əşyaların) təsirindən törənmişdir; törənmə müddəti Zərərçəkmiş şəxs tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilən 25.04.2021-ci il tarixdə əmələ gəlmişdir; qeyd olunan xəsarətlərdən: Döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edərək hematoraks törədən 1 (bir) ədəd deşilmiş kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aiddir; Sağ əlin İİ barmağının 1 (bir) ədəd kəsilmiş yarası və üst dodağın selikli qişasının əzilmişcırılmış yaraları isə həm ümumilikdə və həm də ayrı-ayrılıqda dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 1, iş vərəqi 131- 132). Məhkəmə-bioloji ekspertizasının 22.06.2021-ci il tarixli 374-2021-MTBŞ nömrəli rəyindən görünür ki:

1. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi - A/İİ/ (Qərarın təsviri hissəsində göstərilən məlumata əsasən)

2. Ekspetizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və mayka üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq olunduqda “A” antigeni və həmçinin beta aqlyutinini alındı. Bu qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər (cild 1, iş vərəqi 133-136). Məhkəmə-kriminalistik ekspertizasının 25 iyun 2021-cil tarixli 267- 2021 MTKŞ nömrəli rəyi ilə müəyyən edilmişdir ki:

1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin ön səthinin sağ nahiyəsində cəmi bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sağ çiyin tikişi üzərində bir ədəd natamam sökülmə zədəsi aşkar olundu. Bu sökülmə zədəsi küt yaranma mexaniziminə malikdir, maykanın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynəyin ön səthinin sağ nahiyəsində aşkar edilmiş cəmi bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthinin sağ yarısında olan bir ədəd yarası ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər (cild 1, iş vərəqi 137-139). Məhkəmə kimyəvi ekspertizasının 24 iyul 2021-ci il tarixli 6/3057 nömrəli rəyindən görünür ki, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə təmiz çəkisi 2,534 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (cild 1, iş vərəqi 46-49). Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli 3651 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 220-221). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 15.10.2021-ci il tarixli 2393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki:

1. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə “İsterik tipli şəxsiyyət pozuntusu” qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən isterik tipli şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməyib. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyinin dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.

2. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılması mümkündür.

3. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 222-223). İbtidai istintaq orqanının 25 avqust 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 2,534 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd zərfdə - 2,484 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin məsul saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 202-203). İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısa qol köynək və 1 ədəd mayka maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri, Nəsimi RPİ-nin məsul saxlancına təhvil verilmişdir (cild 1, iş vərəqi 208-209). Cinayət işinə əlavə olunmuş 16 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində məlumat yoxdur (cild 1, iş vərəqi 114). Təqsirləndirilən şəxs ona ittiham verilmiş psixotrop maddənin özünə aid olmaması, onun boynuna polis əməkdaşları tərəfindən qoyulması, ona görə də, Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə bağlı verilmiş ittihamı qəbul etməməsi barədə məhkəmədə gətirdiyi dəlillərə hüquqi qiymət verən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş yuxarıda sadalanan çoxsaylı sübutlarla təkzib olunduğuna görə həmin dəlillər təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirmək məqsədi ilə seçdiyi müdafiə taktikası kimi qiymətləndirilməlidir. Bu səbəbdən, məhkəmə həmin hallar üzrə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən ifadələr hesab edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır, on iki ildən artıq olmayan əməllər isə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması və cəzanə ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə ayrı-ayrılıqda cəza təyin edilməklə, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplama yolu ilə ona qəti cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, ilk dəfə ağır cinayət törətməyə görə məhkum olunmuş şəxsər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulub saxlandığı 23 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən, adı çəkilən şəxs həmin tarixdə Bakı şəhəri, Nəsimi RPİ, 20-ci Polis bölməsi tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Nəsimi RPİ-nin məsul saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,484 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısa qol köynək və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-cı il tarixli 3651 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiacı olduğundan, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 65 (altmış beş) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Cinayət işi üzrə mülki iddianın verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 381, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətə, Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Məhkəmə məsrəfləri olan 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Nəsimi RPİ-nin məsul saxlancına təhvil verilmiş maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 2,484 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 1 ədəd qısa qol köynək və 1 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cnayət işi üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev Əsli ilə düzdür Hakim Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar