Məhkəmə qərarları › İş №1(101)-613/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-613/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-613/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 15:10-da Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı, X4 və X6, müdafiəçilər- Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, məhkumluğu olmayan, işsiz, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Kristal ünvan 1 ünvanında yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 10,892 qram çəkidə psixotrop maddə olan metamfetamini 16 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə edərək, üzərində qanunsuz saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 15:25 dəqiqədə ünvan 2 ünvanın qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkcənin sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,940 qram və 4,952 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 10,892 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə polis əməkdaşları tərəfindən saxlanılmış, daha sonra üzərinə baxış keçirildikdə üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Üzərindən çıxan psixotrop maddə ona məxsus olmuş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi və ya fiziki zorakılıq olmamışdır. Özünü təqsirli bilir, ittiham aktında göstərilənlər doğrudur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, verdiyi izahat və ifadələrində əməllərindən peşman olduğunu, narkotik vasitələrin istifadəçisi olmasa da, ətrafında olan şəxslərdən şifahi olaraq adını “patı” kimi bildiyi psixotrop maddənin falqada yandırıb tüstüsünü nəfəsə çəkmə yolu ilə qəbul edildiyini eşitdiyinə görə həmin maddədən alaraq özünün də istifadə etmək qərarına gəldiyini, tutulmamışdan bir gün əvvəl soraqlaşaraq Sumqayıt şəhərindən tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün iki bükümdə “patı” adı ilə tanınan maddəni 80 manat pul müqabilində alaraq üstündə istifadə etmək məqsədilə saxladığını, 17 noyabr 2022-ci il tarixdə saat 15:25 dəqiqədə ünvan 3 ünvanın yaxınlığında olduğu zaman 3 nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirdiklərini, ondan anket məlumatlarını soruşaraq dəqiqləşdirdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirdiklərini, barəsində olan “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etdiklərini, özünün səmimi olaraq üzərində psixotrop maddə olduğunu etiraf etdiyini, bundan sonra polis əməkdaşlarının onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdiklərini, o da etiraz etmədən polis əməkdaşları ilə birgə həmin idarəyə getdiyini, polis idarəsində hüquqlarını müdafiə edəcək vəkillə təmin edildiyini və şübhəli şəxs qismində tutulduğunu, ona hüquq və vəzifələrinin izah edildiyini, video çəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində “patı” adı ilə tanıdığı maddə olduğunu polislərə bildirdiyini, əynində olan qara rəngli şalvarının sol yan cibində olan 1 ədəd "Samsung'’ markalı mobil telefonunu, əynində olan qara rəngli şalvarının sağ arxa cibində olan 5 manat pulunu və 01 ədəd “Bakı kart” plastik kartını və əynində olan qara rəngli gödəkcənin sağ yan cibində olan 02 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etdiyini və həmin maddələrin “patı” adı ilə tanıdığı psixotrop maddələr olduğunu dediyini, təqdim etdiyi 02 ədəd şəffaf sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün içərisindən psixotrop maddə metamfetaminin aşkar olunduğunu, sorğu zamanı üzərindən aşkar olunan 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini bilmədiyi şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün aldığını və üzərində daşıdığını dediyini, bundan sonra üzərindən aşkar edilən 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminin və 01 ədəd “Samsung” markalı mobil telefonun polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldüyünü, eyni zamanda şəxsi axtarış zamanı aşkar edilmiş 5 manat və 01 ədəd “Bakı kart” plastik kartının özünə qaytarıldığını və sonda bununla bağlı protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 2022-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Qaradağ rayonu ərazisində olduğu müəyyən edilib saat 15-16 radələrində ona yaxınlaşaraq anket məlumatlarını dəqiqləşdirdikdən sonra narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat verilib sonra Baş İdarəyə gətirilmiş, idarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə müdafiəçisinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq cibindən 2 büküm psixotrop maddə olan metamfetamini təqdim edərək psixotrop maddəni şəxsi istifadəsi üçün 2 gün əvvəl Sumqayıt şəhərindən 80 manata əldə etdiyini bildirmişdir. Aşkar olunan həmin maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı zaman onlara hər hansı müqavimət göstərməmiş, könüllü olaraq Baş İdarəyə gəlmiş, Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq Şahid1 ifadəsində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət, düşmənçilik olmamışdır. 17 noyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra sonuncu Baş İdarəyə gətirilmiş, Təqsirləndirilən şəxs saxlanıldığı zaman onlara hər hansı müqavimət göstərməmiş, könüllü olaraq Baş İdarəyə gəlmişdir. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən müdafiəçisinin iştirakı ilə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq cibindən 2 büküm psixotrop maddə olan metamfetamini təqdim edərək şəxsi istifadəsi üçün 2 gün əvvəl üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən aldığını bildimışdir. Aşkar olunan həmin maddə qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir psixi və fiziki zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq Şahid3 ifadəsində göstərdiklərinin doğru olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid1 və Şahid3 məhkəmədə verdiyi ifadələrinə oxşar məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 18) xx.xx.2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 20-22) xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 15:25-də Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 23) xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 38-39) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı, əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədləri könüllü tədqim etməsinin təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” kimi tanıdığı maddə olduğunu etiraf edərək, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən iki ədəd sellofan bükümü, şalvarının sol yan cibindən mobil telefonu, sağ arxa cibindən isə nağd pulla ictimai nəqliyyatda hərəkət etmək üçün nəzərdə tutulmuş plastik kartı çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sellofan büküm açıldıqda hər birinin içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə oxşar maddə kütləsi aşkar edilmiş, iki ədəd sellofan bükümdə olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış, bundan sonra sonuncunun üzərindən aşkar edilmiş nağd pul və plastik kart özünə geri qaytarılmış, “Samsung” mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (Cild 1, iş vərəqə 40-44) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/6624 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №6” dairəvi əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə...” yazı və imzalar olan zərfdə 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 5,940 qram və 4,952 qram olmaqla, ümumi təmiz çəkisi 10,892 qram olan ağ rəngli, kristal şəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmətamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi 10,892 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 10,792 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 55-57) xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 70) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)- 1223/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(009)-169/2023 nömrəli qərarına əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 17 iyun 2023-cü il tarixədək, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(009)- 400/2023 nömrəli qərarına əsasən isə 17 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 98-102; 175-179; Cild 2, iş vərəqə 132-136) “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, tədqiqatdan sonra qalıq qalmış 10,792 qram çəkidə psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut hesab edilməklə saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 112-113) xx.xx.2022-cü il tarixli “Baxış” protokolundan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun üzərində müəyyən cızıqlar olduğu görülür, mobil telefonun üzərinə ********** və ********** nömrəli sim kartlar quraşdırılmış və hər iki nömrə aktivdir. Əsas menyuya keçirilən baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək məlumat müəyyən edilməmişdir. (Cild 1, iş vərəqə 148) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 157) "xxxx" MMC-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonunun Seyidli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 4 ünvanında yaşayır, 3-cü qrup gözdən əlildir, ailə tərkibi iki azyaşlı uşağı və həyat yoldaşından ibarətdir. (Cild 1, iş vərəqə 168) "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X10 xx.xx.2022-ci il tarixli, 11911 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 181) Ağdam rayon İcra Hakimiyyəti Başçısının Ağdam rayon Seyidli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (Cild 1, iş vərəqə 185) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 5(002)-257/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 187-188) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X5” X10 xx.xx.2022-ci il tarixli, 4313/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edilmiş, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və çətənə bitkisindən alınan təbii mənşəli narkotik hesab kannabinoid aşkar edilmədi. (Cild 1, iş vərəqə 189-192) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X5” X10 xx.xx.2022-ci il tarixli, 522/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 193-195) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefon yaxın qohumuna qaytarılmışdır. (Cild 1, iş vərəqə 202) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(009)-400/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 3(üç) ay, yəni 17 sentyabr 2023-cü il tarixdək uzadılmışdır. (Cild 1, iş vərəqə 132-136) “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. (Cild 2, iş vərəqə 97-98) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək təmiz çəkisi 10,892 qram və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,792 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin hökmünə kimi Dövlət Təhlükəsizlik Xidmətinin maddi sübutlar otağında saxlanılması nəzərə alınmışdır. (Cild 2, iş vərəqə 148- 155) Doğum haqqında şəhadətnamələrin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il və xx.xx.2021-ci il təvəllüdlü 2 azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2022-ci il tarixli, 6974 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyindən əzab çəkmir, Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratmış və Təqsirləndirilən şəxs öz təqsirini səmimi olaraq etiraf etmiş, Təqsirləndirilən şəxs etirafı iş üzrə bütün sübutların məcmusu ilə, yəni həmin özünün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekpert rəyləri və digər sənədlərlə öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs və şahidlərin ifadələrindən, 17 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs 2 bükümdə psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim etmiş, aşkarlananlar zərfə qoyulub 6 nömrəli möhürlə möhürləndikdən sonra məhkəmə-kimyəvi ekspertizası təyin edilərək icra olunması üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, 6/6624 nömrəli ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiqat obyekti üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə-metamfetaminə oxşar maddə...” yazı və imzalar olan bir ədəd kağız zərfdə təqdim edilmiş, zərf açıldıqda içərisində 2 ədəd şəffaf polietilen torbacıqda hər birinin ayrı-ayrılıqda bükümdə təmiz çəkisi 5,940 qram və 4,952 qram olmaqla, ümumi 10,892 qram ağ rəngli kristalşəkilli maddələr aşkar edilmişdir. Daha sonra keçirilmiş ekspertizanın nəticəsində həmin maddənin kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olması müəyyənləşmiş və rəyin nəticə hissəsində bu barədə qeyd edilmişdir. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Cinayət- Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, 17 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 10,892 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 1-ci Siyahısının 5-ci bəndinə əsasən həmin Siyahıların 67-ci bənində əsasən isə psixotrop maddə olan metamfetamin təmiz halda 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə yekun hüquqi qiymət verərkən və onun cinayət əməllərini törətməkdə təqsirliliyi məsələsini müəyyən edərkən mütləq nəzərə alır ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamı qəbul edərək ibtidai istintaqda verdiyi etirafedici ifadəsi ilə oxşar məzmunlu ifadəni məhkəmə istintaqı zamanı bir daha verməklə əməlini etiraf etmiş və şahidlərin ifadələrində göstərdiyi xüsusatların həqiqiliyini də təsdiq etmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 1 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, 17 noyabr 2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, onlara əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi psixotrop maddə olan metamfetaminin təmiz çəkisinin külli miqdarda olmasına, təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələrinə əsasən, habelə şahidlərin ifadələrini, cinayət işinin materiallarında olan, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə isə həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməklə səmimi peşmanlığını, əvvəllər məhkum olunmamasını, 3-cü qrup əlilliyinin olmasını, müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, habelə cəzasını yüngülləşdirən halların mövcudluğunu, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-1223/2022 nömrəli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin tarixdən bugünədək Təqsirləndirilən şəxs davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin Maddi sübutlar otağında saxlanılan 2 (iki) ədəd bükümdə ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,792 qram olan metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X10 xx.xx.2022-ci il tarixli, 6974 nömrəli Ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmaqla, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Dövlət Təhlükəsizlik Xidmətinin maddi sübutlar otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,792 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar