Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-613/2025 18.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X4, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3 həmin idarənin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, nümayəndələri - Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 və Bakı şəhəri, 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü ildə Yardımlı rayonu, Urakəran kəndində doğulmuş (FİN:xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, Yardımlı rayonu, Urakəran kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarına əsasən, həbsdə saxlamanın başlanğıcı həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış meneceri işlədiyi “Grant Mart" MMC-də satınalma meneceri işləyən Zərərçəkmiş şəxs ilə şirkətin marketlərində məhsul çatışmamazlığına dair “Watsapp" ani mesajlaşma qrupunda bir-biriləri ilə müzakirə apararkən aralarında yaranmış narazılıq səbəbindən biri-birinə etirazlarını bildirdikdən sonra yaranmış mübahisəyə aydınlıq gətirilməsi üçün vədləşib 11 aprel 2024-cü il tarixdə saat 21:00-da ünvan 3 ünvanında görüşərək mübahisəni davam etdirdikdə, Zərərçəkmiş şəxs yumruq və təpiklə Təqsirləndirilən şəxs sifət və qol nahiyəsinə vuraraq sonuncuya sol almacıq nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurduqdan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 150 mm, dəstəyinin uzunluğu 15 mm olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə bir dəfə Zərərçəkmiş şəxs sinə və bir dəfə sol bud nahiyəsinə vuraraq, sonuncunun döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmişkəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks, sol budun bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşaiyət olunan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 5 ilə yaxın müddətdə "xxxx" MMC-nin satış müdiri vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs isə satınalma meneceri olmuşdur. Fuadla münasibətləri həmişə yaxşı olmuşdur. 11 aprel 2024-cü il tarixdə axşam saat 17 radələrində müştərilərin məhsul çatışmamazlığı ilə bağlı şikayətlərini şirkətin «votsap» qrupuna atmışdır. Fuad isə qrupda ona cavab olaraq günahkarın satış komandası olduğunu bildirmişdir. Buna görə onların arasında mübahisə yaranmışdır. Sonra o, Fuadın şəxsi “Watsap” nömrəsinə yazaraq işçilərin yanında mübahisə etməyin düz olmadığını bildirmişdir. Fuad isə heç bir səbəb olmadan onu təhqir etmişdir. Həmin gün axşam saat 18:30 radələrində o, iş yoldaşları Şahid2 və Şahid1la Xırdalan şəhərində çayxanada görüşmüş, namaz qılandan sonra telefonuna baxanda Fuadın ona təhqirlərlə səsli mesajlar atdığını görüb sonuncuya zəng etmişdir. Fuad telefonda onu söydüyü üçün görüşmək istədiyini bildirmişdir. Fuad onu «Həzi Aslanov» metrostansiyasının yanındakı “Günel” ticarət mərkəzinin arxasına çağırmışdır. Telefonda Fuad ona “gəl, burda səni gözləyirk” dediyi üçün Fuadın oraya başqa şəxslər də gətirəcəyini düşünmüş, buna görə özü ilə maşında olan bıçağı da götürmüşdür. Saat 21:00 radələrində Fuadla həmin yerdə görüşən zaman onun tək olduğunu görmüş, Fuad onu zibil yeşiklərinin yanına qaranlıq yerə keçib söhbət etməyi təklif etmişdir. Onlar həmin yerə keçən kimi Fuad onun sifətindən yumruqla vurmuş, o, zərbənin təsirindən yerə yıxılmışdır. Fuadın yenə onun üstünə gəldiyini görüb, sonuncunu qorxutmaq üçün üstündə olan bıçağı çıxarmışdır. O, yerdə yıxılmış vəziyyətdə bıçağı fırladarkən bıçaq Fuadın sinəsinə dəymişdir. Sonra Fuad ona yerdə təpiklə vurmuş, bu zaman bıçaq Fuadın ayağına da dəymişdir. Bundan sonra Fuad qaçaraq oradan getmişdir. Bıçağı həmin yerə atıb maşına minərək Masazır qəsəbəsinə qardaşı Mircəlalın evinə getmişdir. Yolda iş yoldaşı Şahbaza zəng edərək hadisəni olduğu kimi danışmış, təcili hadisə yerinə gəlmələrini və Fuada yardım göstərilməsini xahiş etmişdir. Qardaşıgildə olan zaman Mircəlal ona polisdən zəng edib çağırıldığını demiş, o da, qardaşı birlikdə Xətai rayon Polis idarəsinin 37-ci Polis bölməsinə getmişdir. Hadisədən sonra özü və ailəsi tərəfindən Zərərçəkmiş şəxsla barışığa dəfələrlə cəhdlər edilsə də, zərərçəkmiş şəxs onunla barışmaqdan imtina etmişdir. Törətdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxsla aralarında çox yaxşı münasibətlər olmuşdur. Bu hadisəni eşidən hər kəs çox təəccüblənmişdir. Özü də bu hadisənin hansı səbəbdən baş verdiyini anlamamışdır. Çünki onlar həmişə bir yerdə oturub-duran adam olmuşlar. İşlə bağlı aralarında xırda mübahisələr olmuşdur. Seyyid Əli həmin mübahisəni şişirdərək ona zəng etmiş və şəxsiyyətini təhqir etmişdir. Seyyid Əli ilə görüşə getməsinə səbəb də sonuncunun onun ünvanına söyüşlər söyməsi olmuşdur. Seyyid Əli ona zəng vuraraq harada olduğunu soruşmuş, həmin yerə gələcəyini bildirmişdir. O da, Seyyid Əlinin onun ünvanına işlətdiyi nalayiq ifadələri qəbul etmədiyi üçün və Seyyid Əlini tanıdığı üçün həmin görüşə getmişdir. Seyyid Əlinin görüşə bıçaqla gələcəyini və onu bıçaqla vuracağını heç düşünməmişdir. Bıçaqla gələcəyini bilsəydi, ümumiyyətlə həmin görüşə getməzdi. Seyyid Əli onun nə anasına, nə atasına, nə də uşaqlarına baxacaq ikinci bir şəxsin olmadığını bilmişdir. Hadisədən sonra o, 5 gün komada qalmışdır. Seyyid Əlinin ona ölümcül xəsarət yetirməsi, iki bıçaq zərbəsi vuraraq hapdisə yerində qoyub getməsi, lakin onun həyatda sağ qalması bir möcüzə olmuşdur. O, hadisədən sonra öz maşınına əyləşib, saatda 140- 150 km sürətlə sürərək «Həzi Aslanov» metrosundan Leyla Şıxlinskaya xəstəxanasına özünü çatdırmışdır. Seyyid Əlinin onu nəyə görə bıçaqladığını bilmir, onun heç bir günahı olmadan bıçaqlandığı üçün Seyyid Əlini bağışlamağa səbəb tapa bilmir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxsla onun yalnız işlə bağlı problemləri olmuş, o da, bu məsələ ilə bağlı öz işini vəzifə səlahiyyətləri çərçivəsində yerinə yetirmişdir. O, şirkətdə satınalma şöbəsinin müdiri, Seyyid Əli isə satış meneceri vəzifəsində işləmişdir. Vəzifə səlahiyyətləri çərçivəsində birbiri ilə yazışmaları, xahişləri olmuşdur. Qrupda yazışdıqda söhbətin çox gözəl getdiyinə, bir-birlərini anlamalarına baxmayaraq, Seyyid Əli şəxsi olaraq ona qrupda yazdıqlarını atmış və onun yerinə başqa biri olsaydı, vəziyyətin xoş olmayacağını bildirmişdir. O da, Seyyid Əliyə şöbə rəhbəri olmasına baxmayaraq onu 40 nəfərin içində alçaltdığı üçün narazılığını bildirmişdir. Yazışandan sonra, o, telefonu maşında qoyub ailəsi ilə birlikdə bayramı keçirmək üçün şəhərdə olmuşdur. Bu səbəbən gələn mesajlara cavab verə bilməmişdir. Daha sonra telefona baxdıqda Seyyid Əlinin səsli mesaj atdığını görmüş, həmin mesajda Seyyid Əli ona “başının qaçdığını” bildirərək, ondan yerini söyləməsini istəmişdir. O, artıq evdə olduğu üçün «Həzi Aslanov» tərəfdə olduğunu bildirmişdir. Hadisə yerinə gələn kimi Seyyid Əli heç bir səbəb olmadan onu vurmuş, o da, özünü müdafiə etmək üçün onu yıxmışdır. Lakin ona dəymiş bıçaq zərbələrinin sayını xəstəxanada ayılandan sonra bilmişdir. Seyyid Əli bıçaqla onun üzərinə gələndə o, orada olan maşının baqajının üstündə oturmuş, ayağı ilə təpik vuran vaxtı maşının sürücüsü maşından çıxaraq onun bıçaqlandığımı görmüş və qışqırmışdır. Bundan sonra Seyyid Əli çıxıb getmiş, o, sürücüdən xəstəxanaya aparılmasını xahiş etsə də, sürücü qorxduğunu və apara bilməyəcəyini demişdir. Bundan sonra o, öz maşınına oturub xəstəxanaya getmişdir. Hadisədən sonra Seyyid Əlinin ailəsi barışmaq üçün ona müraciətlər etsə də, o, barışmaq üçün heç bir səbəb görməmiş və təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən 6 ilə yaxındır "Grant Mart” MMC-də satış üzrə menecer işləyir. Həmin vaxtdan onunla eyni şirkətdə çalışan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Onların hər ikisi ilə aralarında yaxşı münasibətlər var. 11 aprel 2024-cü il tarixdə şirkətin “Watsap" qrupunda marketlərdə toyuq filesinin çatışmamazlığı ilə bağlı müzakirə apararkən Zərərçəkmiş şəxs mağazalara kifayət qədər məhsul paylandığını bildirmişdir. Həmin gün axşam saat 18 radələrində iş yoldaşı Şahid2la birlikdə Xırdalan şəhərində yerləşən çayxanada nərd oynayan zaman Seyyid Əli onların yanına gəlmiş, bir az onlarla oturduqdan sonra namaz qılmaq üçün dəhlizə çıxmışdır. Həmin vaxt o da, ayaq yoluna getmiş, geri qayıdarkən Rüfət ona Seyyid Əlinin tələsik çıxaraq maşınına minib harasa getdiyini demişdir. O, Seyyid Əliyə bir neçə dəfə zəng etdikdən sonra sonuncu Fuadla görüşməyə getdiyini bildirmişdir. Saat təxminən 21 radələrində Seyyid Əli ona zəng edərək Fuadla görüşüb dalaşdıqlarını, mübahisə zamanı Fuadın onu vurduğunu, onun isə özünü müdafiə etmək üçün bıçaqla Fuadı vurduğunu demişdir. Seyyid Əli ondan Fuadın səhhəti ilə maraqlanmasını, lazımi köməklik göstərməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qsimində dindirilmiş Şahid2 "Grant Mart” MMC-də satış meneceri vəzifəsində işlədiyini bildirərək, Şahid1 ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 11 aprel 2024-cü il tarixdə axşam saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək iş yoldaşı Zərərçəkmiş şəxsla marketlərdə məhsul çatışmamazlığı üstündə Xətai rayonu ərasizində görüşüb mübahisə etdiyini, Fuadın onu yumruq və təpiklə vurmasından sonra özünü müdafiə etmək üçün üzərində olan bıçaqla Fuada xəsarət yetirdiyini bildirmişdir. Həmin vaxt Seyyid Əlinin üz və bədən nahiyəsində xəsarətlər olmuşdur. Bir müddət sonra onun mobil telefonuna zəng gəlmiş və o, qardaşı Seyyid Əli ilə birlikdə könüllü olaraq polis bölməsinə getmişlər. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş 12 aprel 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokola əsasən, həmin istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq hadisə yerindən aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 4-9). Cinayət işinə əlavə edilmiş 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs istintaq orqanına könüllü gələrək Zərərçəkmiş şəxs onu vuraraq xəsarət yetirməsi zamanı bıçaqla sonuncuya xəsarət yetirdiyini bildirmişdir (cild 1, iş vərəqi 13). Cinayət işində olan 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkəti zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi sərbəst ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani şəkildə təsdiq etmişdir (cild 1, iş vərəqi 45-46). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş, bu zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sərbəst ifadələrində göstərdikləri xüsusatları bır-birinin üzünə qarşı təsdiq etmişlər (cild 1, iş vərəqi 190-192). Məhkəmə-tibbi ekspertizasının 18 aprel 2024-cü il tarixli 389 nömrəli rəyindən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs sol almacıq nahiyəsinin dərialtı hematoması və sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (cild 1, iş vərəqi 122-123). Məhkəmə-tibbi ekspertizasının 30 may 2024-cü il tarixli 512 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs döş qəfəsinin daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, mədənin və diafraqmanın zədələnməsi, hemotoraks, sol budun bir ədəd deşilmişkəsilmiş yarası müəyyən edildi. Xəsarətlər iti uca və kənara malik əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxs(lər) tərəfindən ekspertizaya təqdim edilmiş bıçaqla törənə bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur (cild 1, iş vərəqi 124-127). Kompleks məhkəmə-bioloji və kriminalistik ekspertizasının 04 iyul 2024-cü il tarixli 272-2024/MTKŞ nömrəli rəyindən görünür ki: - Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və və soyuq silah hesab edilmir. - Təqdim edilmiş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (cild 1, iş vərəqi 132-135). Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar idarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-5444/2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 ədəd tampon üzərində olan qan nümunəsi kişi cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunədən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar idarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir (cild 1, iş vərəqi 78-79). İbtidai istintaq orqanının 12 sentyabr 2024-cü il tarixğli qərarı ilə cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bir ədəd bıçaq iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 194-203). Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Kazımov X1 rayonu, Urakəran kəndində qeydiyyatdadır, himayəsində heç yerdə işləməyən həyat yoldaşı, 2018 və 2020-ci il təvəllüdlü iki azyaşlı uşaqları vardır, qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə olunur (cild 1, iş vərəqi 115-116). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Baş idarənin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, iş vərəqi 84-85). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək müdafiəsi üçün hər hansı dəlil gətirmədi. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması və həmin Məcəllənin 59.1.10-cu maddəsinə əsasən, şəxsin könüllü gəlib təqsirini boynuna alması, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və əməlindən peşman olması Təqsirləndirilən şəxs münasibətdə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış və şəxs hal-hazıra qədər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinin tələbinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Qeyd olunan müddəaya əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut hesab edilməklə Bakı şəhəri, Xətai RPİ-nin Növbətçi hissəsində saxlanılan 1 ədəd mətbəx bıçağı məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 aprel 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut – Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Cinayət işi üzrə məhkəmə məsrəflərinin müəyyən edilməməsi, mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-613/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-613/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver