Məhkəmə qərarları › İş №1(101)-615/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-615/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-615/2024 15.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X13 ibarət tərkibdə, X2 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 və fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, usta işləmiş, məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev küçəsi, ev 76, mənzil 69-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi ilə qanunsuz olaraq 01 (bir) ədəd bükümdə, külli miqdarda təmiz çəkisi 4,442 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2023-cü il tarixdə saat 20:00-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılıb ünvan 2rləşən Xətai RPİ-nin 37-ci PŞ-yə gətirilərək videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkсənin sağ yan cibindən “Sobranie” markalı siqaret qutusunun içərisində olan 01 ədəd siqaretin sarı kağızına bükülmüş, təmiz çəkisi 4,442 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Mingəçevir şəhərində doğulmuş, valideynləri vəfat etdikdən sonra işlə əlaqədar Bakı şəhərinə gəlmiş, Bakı şəhərində kirayə ev tutub yaşamış və elektrik, kamera quraşdırılması işləri ilə məşğul olmuşdur. Dindardır, narkotik vasitələrlə hər hansı bir əlaqəsi yoxdur, ən pis vərdişi siqaret çəkmək olmuşdur. 29 mart 2023-cü il tarixdə axşam saat 7-8 radələrində bir nəfər ona zəng edib, polis əməkdaşı olduğunu, adının Emil olduğunu bildirib, guya onun banka borcunun olduğunu və onu aydınlaşdırmaq üçün görüşmək istədiyini bildirmişdir. O, Sumqayıtda olmadığını dedikdə, həmin şəxs onun harada olduğunu soruşmuşdur. O, hazırda Xətai rayonunda müştərinin evində olduğunu, kabel işi gördüyünü bildirmiş və nə vaxt gəlməsinin uyğun olduğunu soruşmuşdur. Özünü Emil adı ilə təqdim edən şəxs 20-25 dəqiqəyə çatacağını bildirib, “AzərTürk” hospitalın, 37-ci PB–nin yaxınlığına gəlməyi təklif etmişdir. Yarım saatdan sonra o, həmin nömrəyə zəng etmiş, özünü Emil kimi təqdim edən şəxs 5 dəqiqəyə çatacağını demişdir. O, binanın qarşısına düşmüş, bir neçə nəfər ona yaxınlaşmış, salam verib polis olduqlarını deyib, onu maşına oturdub, bölməyə aparmışlar. Bölmədə növbətçi hissədə üzərində nə varsa çıxarıb verməsini istəmişlər, o da üzərində olan telefonu, açarı, siqareti təhvil vermiş, daha sonra onu saxlama kamerasına salmışlar. Bir qədər gözlədikdən sonra səs edib etiraz etməyə başlamış, onun banka olan borcunu ödəmək üçün bir gün gecikməsi ilə əlaqədar tutulduğunu zənn edib, bunun qanunsuz olduğunu demişdir. Bundan sonra bir nəfər polis əməkdaşı ona yaxınlaşıb, qolunu arxadan qatlayıb qandal vurmuş, bir qədər möhkəm sıxdığı üçün o, başını çevirib bir qədər boşaltmasını xahiş edəndə gödəkcəsinin cibinə nə isə bir büküm atdığını görmüşdür. Daha sonra onu sorğu-sual etmişlər, ondan İranda, İrakda olub-olmamasını soruşmuşlar. O, 2015-2016-cı illərdə qanuni yolla Məşəd ziyarətinə getdiyini bildirmişdir. Daha sonra polis əməkdaşları ona “İrandan baban sənə 3 kilo narkotik göndərib, haradadır?” sualı vermişdir. Bu sualı verdikdən sonra ona əl-qol atmağa başlamış və evinə 3 kilo narkotik vasitə qoyacaqlarını demişlər. O, 2 azyaşlı övladının olduğunu, üzərinə qoyduqları narkotik vasitəni gördüyünü, həmin bükümü qəbul edəcəyini, sənədləri imzalayacağını bildirmiş, evinə getməmələrini xahiş etmişdir. Bundan əlavə dindar olduğunu, yalan danışa bilməyəcəyini, nə desələr etiraz edəcəyini demişdir. Onlar da razılaşmışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlandığı gündən bir gün əvvəl, Fazil Mustafa adlı dövlət xadimi vurulmuş, həmin şəxsi tanıyıb-tanımadığını soruşmuşlar, o da televizorunun olmadığını, ona görə də tanımadığını bildirmişdir. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. İş yerində olanda ***-***-**-** saylı mobil nömrə üzərində olmuş, polis bölməsinə də həmin telefonla getmişdir. Həmin vaxt kredit ödənişi ilə bağlı 10 gün gecikməsi olmuşdur. Ona zəng edən həmin şəxslə “Azərtürk” hospitalının yanında görüşmüşlər. Onu tutmağa gəlmiş polis əməkdaşları mülki maşında gəlmiş və 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, növbətçi hissədə ciblərini özü boşaltmış, narkotik vasitəni onu döyməmişdən əvvəl cibinə qoymuşlar. Siqaret qutusunu çəkiliş vaxtı gətirmişlər, çəkilişdən əvvəl siqaret qutusu olmamışdır. Onu yanvar ayının 9-da DTX-nın binasına çağırmış, orda İranda olubolmamasını soruşmuşlar, o da ziyarətə getdiyini demişdir. Ondan İranla əlaqəsinin olubolmaması soruşulmuş, o da heç bir əlaqəsinin olmadığını demiş, bundan sonra ona “get ibadətinlə məşğul ol, başqa işlərə girmə” demişlər. O, DTX-da çıxanda telefonunun onlarda qalacağını bildirmişlər. Onun telefonu mart ayının 9-a kimi DTX-da qalmış, o, 9 mart tarixində telefonu götürəndə ona İranla əlaqəsinin olmadığını demişlər. Onu döyən Vüqar adlı şəxs olmuş, onu təxminən 15-20 dəqiqə onu incitmişlər, sonra evinə narkotik vasitə qoymaqla onu hədələmişlər. Müdafiəçini ona çəkiliş zamanı təqdim etmişlər. O, müdafiəçiyə ona olan təzyiqlər barədə məlumat verməmişdir. Polis əməkdaşları onu döysə də, hazırda bədənində xəsarət yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 29 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla bağlı əməliyyat məlumatı daxil olmuş, bu barədə məlumat rəhbərliyə məruzə olunmuş, həmin məlumata əsasən o, Şahid2la birlikdə Süleyman Vəzirov küçəsi 17 saylı ünvanın qarşısına getmişdir. Həmin vaxt onlar orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Yasin adlı şəxsin əlamətləri ilə üstüstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb, ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edilməsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə 37-ci PŞ-nin inzibati binasına gəlmiş, şöbə rəhbərliyinin tapşırığı ilə Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin keçirilməsi üçün şöbə təhqiqatçısı Bahadur Ənnağızadəyə təhvil verilmişdir. Video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən siqaret qutusunun içində siqaretin kağızına bükülmüş 1 ədəd büküm aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu və tanımadığı şəxsdən 110 manata aldığını bildirmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsi Süleyman Vəzirov küçəsində saxlamışlar, ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. O, özünü təqsirləndirilən şəxsə Emil adı ilə təqdim etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsindəki xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə şahid ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində siqaretin sarı rəngli kağızına bükülmüş tünd qəhvəyi rəngli bərk halda maddə olan 1 ədəd büküm olan 1 ədəd «Sobranie» markalı siqaret qutusu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddənin özünə məxsus olmaqla narkotik vasitə olmasını və onu 28 mart 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində tanımadığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və bu məqsədlə üzərində saxladığını bildirmişdir. (i/v: 31-32) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «Diskə baxış keçirilməsi haqqında» 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd «Sobranie» markalı siqaret qutusunun içərisində siqaretin sarı rəngli kağızına bükülmüş tünd qəhvəyi rəngli, bərk halda maddə olan 1 ədəd bükümü könüllü olaraq çıxarıb təqdim edərək həmin bükümün içərisində olan maddənin özünə məxsus olmaqla narkotik vasitə olmasını bildirmişdir. (i/v:55-56) Cinayət işinin materiallarına əlavə edilmiş DVD disk məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan video görüntü «şəxsi axtarış və götürmə aparılması haqqında» 29 mart 2023-cü il tarixli və «Diskə baxış keçirilməsi haqqında» 30 mart 2023-cü il tarixli protokolla eynilik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 30 mart 2023-cü tarixli 6/1828 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «...imza Təqsirləndirilən şəxs...» sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 4,442 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı»na daxildir. (i/v:39-43) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X1 üzrə 22 may 2023-cü il tarixli 3108 nömrəli ekspert rəyindən görünür ki, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (i/v:146-147) İbtidai istintaq orqanının işdə olan maddi sübut kimi tanıma haqqında 22 may 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 4,442 qram olan narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış 4,342 qram hissəsi iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (i/v: 118-119) İbtidai istintaq orqanının işdə olan maddi sübut kimi tanıma haqqında 29 may 2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkiliş aparılaraq qeydə alınmış 1 ədəd DVD-R formatındakı disk iş üçün əhəmiyyət kəsb edən halların müəyyən olunmasına kömək etdiyindən maddi sübut kimi tanınmışdır. (i/v: 120) Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin narkotik vasitənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroinin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi- ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmiş, məhkəmə istintaqı zamanı həmin halları təkzib edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi, polis əməkdaşları tərəfindən döyülməsi və psixoloji təzyiqlərə məruz qalması səbəbindən polis əməkdaşlarının təklifi ilə razılaşaraq onların verdiyi narkotik vasitəni boynuna götürməsi ilə bağlı ifadəsinə qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin qeyd edilən məzmundakı ifadələri məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam təkzib olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadəsinin yoxlanılması məqsədi ilə təqsirləndirilən şəxsin saxlanıldığı İstintaq Təcridxanasından onun adına açılmış şəxsi iş və tibbi kitabça məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olan zaman tibbi müayinədən keçirilmiş və onun üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, sağ qalça çuxuru nahiyəsində köhnə çapıq toxuma müşahidə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs işgəncəyə və qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayəti üzrə Bakı şəhəri Xətai rayon prokurorluğu tərəfindən müvafiq araşdırma aparılmış və araşdırma üzrə toplanmış 571-C-23 nömrəli material üzrə 24 noyabr 2023-cü il tarixli qərarla cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülüb təzyiqlərə məruz qalması öz təsdiqini tapmamışdır. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bununla belə Təqsirləndirilən şəxs həmin külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitəni əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilən zaman mənzilindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə heroin bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin narkotik vasitədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Əhmədov X3 şəhər xalq məhkəməsinin 20 oktyabr 1999-cu il tarixli hökmü ilə 01 il şərti sınaq müddəti müəyyən edilməklə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (i/v: 95- 96) Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını bildirsə də, müdafiə tərəfi bununla bağlı məhkəməyə heç bir sənəd təqdim etməmiş, bununla belə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə axtarış verildikdə onun himayəsində xx.xx.2004cü il təvəllüdlü X7 və xx.xx.2022-ci təvəllüdlü X8 adlı övladlarının olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 29 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,342 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 55 (əlli beş) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 29 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar – Xətai RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,342 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. 01 ədəd DVD disk iş materiallarında saxlanılsın İş üzrə məhkəmə məsrəfləri – 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar