Məhkəmə qərarları › İş №1(101)-616/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-616/2022

11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-616/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1ünvanında (Sabunçu rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvan) qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq ünvan 3-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 3,398 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və qanunsuz olaraq satmaqda şübhəli bilindiyi üçün Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında saxlanılaraq, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 2 (iki) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1,692 qram, ümumi təmiz çəkisi isə 3,398 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç vaxt heç kimə narkotik vasitələr satmamışdır. O, uzun müddətdir ki, narkotik vasitə olan “kakosdan” istifadə etmişdir. O, 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısında olan zaman 2 (iki) nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra həmin polis əməkdaşları onu narkotik vasitələrin daşınmasında, gəzdirilməsində və istifadəsində şübhəli şəxs qismində saxlayaraq Polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsinə getmişdir. Orada onun hüquq və vəzifələri izah olunmuşdur. Həmçinin polis əməkdaşları videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürmə aparılacağını ona bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən xidməti otaqların birində videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş və olduğu təqdirdə təqdim etmək təklif edilmişdir. O da əynində olan açıq göy rəngli cins şalvarın cibindən içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan 2 (iki) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümlərə baxış keçirmişlər və bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Aşkar edilmiş narkotik vasitələr polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Sorğu-sual zamanı o, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə olan narkotik vasitəni 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. O, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. O, bunu ibtidai istintaq zamanı da demişdir. Həmin vaxt müstəntiq ona demişdir ki, sənədlərini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tərtib edəcəkdir. Ona görə də o, müstəntiq ilə razılaşaraq özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilmişdir. Lakin sonradan müstəntiq ona demişdir ki, barəsində olan cinayət işini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə sənədləşdirmiş və artıq gecdir. O, müstəntiqə bu məsələ ilə əlaqədar öz etirazını bildirsə də, onun sözünə məhəl qoyan olmamışdır. Buna görə də o, bundan sonraki mərhələdə sənədlərin heç birini imzalamamışdır. Müstəntiq isə ona demişdir ki, “qol çəksən də, çəkməsən də artıq hər şey bitib, sənədlər tərtib edilib”. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis bölməsində Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 sentyabr 2021-ci il tarixdə ünvan 3-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 31-ci Polis bölməsinin rəhbərliyinin göstərişi əsasında ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar birlikdə həmin tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən “Univermaq” ticarət mərkəzinin qarşısına getmişlər və orada Təqsirləndirilən şəxs saxlamışlar. Onlar əvvəlcə özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər, sonra isə sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs də onlara özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra sonuncuya üzərində narkotik vasitə olması barədə şübhəli olduğunu bildirmişlər və araşdırma aparılması üçün 31-ci Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə 31-ci Polis bölməsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın həyata keçirilməsində Təqsirləndirilən şəxsla yanaşı, o, Şahid2, təhqiqatçı və müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) ədəd kağız bükümünü çıxararaq təhqiqatçıya təqdim etmiş və həmin bükümlərin içində narkotik vasitə olduğunu bildirmişdir. Sonra həmin kağız bükümlər açılmış və bükümlərin hər birinin içərisindən qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs 2 (iki) bükümdə olan narkotik vasitəni 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmışdır. Sonra bu barədə protokol tərtib edilmiş və həmin protokol orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 8) görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən “Univermaq” Ticarət Mərkəzinin qarşısında müşahidə aparılması və Təqsirləndirilən şəxs müəyyən olunan zaman saxlanılaraq 31-ci Polis bölməsinə gətirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli məktubdan (cild 1, iş vərəqə 10) görünür ki, həmin gün Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması və istifadəsi ilə bağlı Suraxanı RPİ-nin 31-ci Polis bölməsinə aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsində şübhəli bilindiyinə görə onun tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 32) görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 sentyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 34) görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü kağızda 2 (iki) ədəd bükümü çıxararaq polis əməkdaşlarına təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə sayılan “kakos” olduğunu və həmin vasitəni şəxsi istifadəsi üçün 06 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3938 nömrəli rəyindən (cild 1, iş vərəqə 41-43) görünür ki, tədqiqata təqdim olunmuş zərfdə 2 (iki) ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1,706 qram və 1,692 qram olmaqla, ümumi çəkisi 3,398 qram qəhvəyi rəngli tozşəkilli maddə öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 5(010)-422/2021 saylı qərarından (cild 1, iş vərəqə 48-49) görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş 07 sentyabr 2021-ci il tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 66) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılmasına etiraz etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 sentyabr 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 67-85) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında axtarış aparılan zaman qanunla qadağan edilmiş və iş üçün əhəmiyyət kəsb edən əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2021-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 88-89) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-454/2021 saylı qərarından (cild 1, iş vərəqə 114-117) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin cavab məktubundan (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbəni, eləcə də sonuncunun kiməsə narkotik vasitələr satmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 3979 saylı rəyindən (cild 1, iş vərəqə 149-150) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş təlabnamədən (cild 1, iş vərəqə 133-135) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 2 (iki) dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş, sonuncu dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum olunmuş, 16 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olmuş və onun üzərində ödənilməmiş məhkumluq yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 159-166) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,298 qram təşkil edən narkotik vasitə heroinin saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 dekabr 2021-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 4(010)-660/2021 saylı qərarından (cild 1, iş vərəqə 192-195) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 20 (iyirmi) gün müddətinə, yəni 27 yanvar 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 may 2019-cu il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-184/2019 saylı hökmündən (cild 1, iş vərəqə 136-142) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin maddə üzrə ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 fevral 2020-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)-75/2020 saylı qərarından (cild 1, iş vərəqə 143-148) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli 1(011)-184/2019 saylı hökmü ilə təyin edimiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 05 (beş) ay 28 (iyirmi səkkiz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən 02 (iki) ay 29 (iyimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21.06.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının (1-ci Siyahı) 5-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin əldə etmiş, üzərinə saxlamış və gəzdirmişdir. 07 sentyabr 2021-ci il tarixdə, saat 15:00 radələrində Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxsi qismində saxlanılaraq 31-ci Polis bölməsinə aparılmışdır. Orada onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən 2 (iki) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1,692 qram, ümumi təmiz çəkisi isə 3,398 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək maddi sübut kimi ötürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 3,398 qram təşkil edən narkotik vasitə heroinin aşkar edilməsi cinayət işinin mübahisəsiz hallarıdır. Bu hal həm Təqsirləndirilən şəxs ilkin izahatı və ifadələri, həm şahid ifadələri, həm də cinayət işinin materialları ilə tam şəkildə təsdiq olunur. Məhkəmənin qarşısında duran başlıca vəzifələrdən biri Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkan məqsədinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halın müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı ilkin izahatında və sonradan vermiş olduğu ifadələrində, istərsə də məhkəmə istintaq zamanı vermiş olduğu ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin növünü, çəkisi və həmin narkotik vasitəni saxladığı bükümlərin sayını mübahisələndirməmişdir. Əksinə qeyd edilən halları təsdiq etmiş və üzərindən aşkar edilmiş narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər (polis əməkdaşları) də Təqsirləndirilən şəxs üzərindən 2 (iki) bükümdə narkotik vasitə heroinin aşkar edilməsini və sonuncunun həmin narkotik vasitəni öz istifadəsi üçün əldə etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,398 qram narkotik vasitə heroinin ümumi təmiz çəkisi külli miqdar təşkil etsə də, uzun müddət narkomaniya xəstələyindən əziyyət çəkən Təqsirləndirilən şəxs bir neçə dəfəlik dozasını təşkil etmişdir. Həmçinin Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin 21 sentyabr 2021-ci il tarixli cavab məktubundan da görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri əldə etdiyi mənbəni, eləcə də onun kiməsə narkotik vasitələr satmasını əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və işə əlavə edilmiş məhkəmə hökmlərindən də görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 dekabr 2011-ci il tarixli hökmü və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinmişdir. Bu hallar isə Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkməsini təsdiq edən mühüm hallardır. İbtidai istintaq orqanı qeyd edilən halları nəzərə almadan belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitənin çəkisi 3,398 qram, yəni külli miqdar olması təşkil edir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu andan ibtidai istintaqın sonunadək, o cümlədən məhkəmə istintaqında eyni məzmunlu ifadələr verərək bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin onun həmin narkotik vasitəni satmaq kimi məqsədi olmamış və o, heç vaxt heç kimə narkotik vasitə satmamışdır. Əksinə o, narkotik vasitə heroini məhz öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs eyni məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini ümumiyyətlə nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən satış məqsədi ilə narkotik vasitə heroinin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün düyil. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması müəyyən olunmadı. Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Seymur Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və 16 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbayan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərkən böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə görə təyin edilmiş cəzadan azad edildiyi tarixdən, yəni 26 may 2020-ci il tarixdən qanunla müəyyən edilmiş 1 (bir) il müddət keçdiyindən Təqsirləndirilən şəxs əməlində residiv və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran digər hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiyaya əsasən yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Belə ki, o, əvvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəzalandırılsa da, təyin edilmiş yüngül cəzalar onun islah olunmasına kifayət etməmişdir. Əksinə o, eyni cinayət əməlini törətməyə meyilli olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan narkoloji rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə qeyd edilən rəyi və Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,298 qram təşkil edən narkotik vasitə heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,298 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar