Məhkəmə qərarları › İş №1(101)-618/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-618/2021

12.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-618/2021 12.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Hüseynov Səbuhi Sabir oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri 3 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, taksi sürücüsü kimi fəaliyyət göstərmiş, məhkumluğu olan, Bərdə şəhəri, Koroğlu küçəsi, ev 9-da qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 2A, mənzil 38-də kirayədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi İlə qanunsuz olaraq narkotik vasitə hesab olunan qurudulmuş marixuananı və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən preqabalin tərkibli dərman preparatını əldə edib daşımaqla saxlamışdır. Belə ki, o, naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan mənbədən ümumi çəkisi 102,293 qram olan narkotik vasitə-qurudulmuş marixuananı və ümumi miqdarı 6 qram olan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən preqabalin tərkibli dərman preparatını tamah niyyətilə satmaq məqsədilə qanunsuz əldə edib üstündə saxlayaraq kirayə yaşamış olduğu Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti, ev 2A-da yerləşən 38 saylı mənzilə daşımış və orada narkotik vasitə-qurudulmuş marixuananı bükümlərə bölərək 2 ədəd bükümünü üzərində saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 23:30 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həmin evin qarşısında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, şübhəli şəxs qismində tutularaq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki yaşıl rəngli gödəkçənin sol içəri döş cibindən ayrıayrılıqda 2,472 və 2,529 qram çəkilərdə, ümumi çəkisi 5,001 qram olan 2 ədəd kağız bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar olunduqdan sonra, xx xxxxxxx 2020-ci il tarixə keçən gecə, saat 03 radələrində həmin Baş İdarənin əməkdaşları tərəfindən davam etdirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs kirayədə yaşamış olduğu Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti, ev 2A-da yerləşən 38 saylı mənzilə baxış aparılan zaman mənzilin qonaq otağına giriş qapısının sağ tərəfində qoyulmuş qəhvəyi rəngli dolabın içərisindən ayrı-ayrılıqda 0,904, 14,524, 70,0, 2,481, 2,432, 1,685, 0,268, 0,284, 0,364, 0,622, 0,278, 0,285, 0,365, 0,337, 0,287, 0,258, 0,309, 0,330, 0,298, 0,338, 0,341 və 0,302 qram çəkilərdə, ümumi çəkisi 97,292 qram olan 3 ədəd sellofanda və 19 ədəd kağız bükümündə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana və ümumi miqdarı 6 qram olmaqla 1 ədəd bütöv və 6 ədəd kəsilmiş konvalyutda, ümumi 20 ədəd kapsuldan ibarət külli miqdarda güclü təsir edən preqabalin tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bərdə rayonundan olsa da, Bakı şəhərində Qara Qarayev metrosunun yaxınlığında kirayədə yaşayır. Özü narkotik vasitələrdən istifadə edir. Əvvəllər polis əməkdaşları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq etmişdir. Bu əməkdaşlıq onun birgə yaşadığı qadın vasitəsi ilə yaranmışdır. Belə ki, həmin qadın vasitəsi ilə o, polis əməkdaşlarının dediyi yerlərə narkotik vasitə qoymuş və lazım olanda onların dediyi yerdən də götürmüş, bunun müqabilində polisdən pul almışdır. Bir müddətdən sonra polislə əməkdaşlıqdan imtina etdiyinə görə polislər onu hazırkı cinayət işi ilə şərləmişlər. Belə ki, ilk öncə demək istəyir ki, o, Nərimanov rayonunda yaşamamışdır. Tutulan vaxt isə maşında olsa da, polis əməkdaşları həmin maşını gizlədirlər. Polislər xx xxxxxxx 2020-ci il tarixdə onu tutan vaxt dərhal onun üzərinə vəkilsiz, şahidsiz baxış keçirmişlər. Baxış zamanı üzərimdən 2 büküm marixuana çıxmışdır. Həmin narkotik vasitəni o, öz istifadəsi üçün saxlamışdır. Qeyd etdiyi narkotik vasitəni o, Bərdə rayonunda yas mərasimində olarkən tanımadığı bir şəxsdən pulsuz olaraq əldə etmişdir. Çünki narkotik vasitədən asılıdır. Amma qalan yazılanların hamısı yalandır. Onun üzərinə videoçəkiliş etməzdən əvvəl polislər onu döymüşdür. Hətta bununla bağlı onun qulağında yaranan xəsarət çəkilişdə də görünür. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadələrində göstərmişdir ki, özlərinə məxsus Bərdə şəhəri, Koroğlu küçəsi, döngə 8-də yerləşən 9 saylı evdə anası X7 ilə bir yerdə yaşamışdır. Son bir neçə il ərzində Bakı şəhərinə gedib ayrı-ayrı yerlərdə, tutulanadək Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospekti, ev 2A, mənzil 38-də yaşamışdır. 5 ildir ki, narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan çəkmə yolu ilə istifadə edir və buna görə, 1 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azadlıqdan məhrum etmə yerindən azad olunduqdan sonra yenidən narkotik vasitədən qanunsuz istifadə etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə barəsində cinayət işinə baxılır. Həmçinin, 6 aydan çoxdur ki, güclü təsir edən dərman preparatlarından istifadə edir. Tutulanadək istifadəsində "Samsung" və "Nokia" markalı 2 ədəd mobil telefon olmuşdur. "Nokia" markalı mobil telefona +**********70, "Samsung" markalı mobil telefona isə +**********92 saylı mobil nömrə taxaraq onlardan istifadə etmiş və sonuncu telefonun kilid kodu L-dir. "Nokia" markalı mobil telefon sadə telefon olmaqla web proqramları dəstəkləməsə də, "Samsung" markalı mobil telefon web proqramları dəstəkləyir. Buna baxmayaraq, həmin telefonda "Whatsapp web" proqramı açmamış və həmin proqramdan istifadə etmir. Üzərindən və kirayə yaşadığı mənzildən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın və güclü təsir edən dərman preparatlarının aşkar olunması ilə əlaqədar isə bildirir ki, xx xxxxxxx 2020-ci il tarixdə Bərdə şəhərinə getmiş, orada yerləşən Mərkəzi Bazarda olan zaman ayrı-ayrılıqda Namiq və Nadir adlı şəxslərlə tanış olmuşdur. Söhbət əsasında Namiq və Nadir adlı şəxslər onun narkotik vasitə qurudulmuş marixuananın və güclü təsir edən dərman preparatlarının istifadəçisi olduğunu bildiklərindən, ona qurudulmuş marixuana və güclü təsir edən dərman preparatları sata biləcəklərini demişlər. Aralarında razılıq əldə olunandan sonra, həmin gün, saat 15 radələrində görüşdükləri yerdə Namiq adlı şəxslə görüşüb 50 manat pul müqabilində ondan 2 ədəd konvalyutda olmaqla cəmi 22 ədəd preqabalin tərkibli dərman preparatı almışdır. Göstərilən tarixdə, saat 18 radələrində isə eyni yerdə Nadir adlı şəxslə görüşərək 100 manat pul müqabilində ondan şəffaf rəngli sellofan paketdə olmaqla 100 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana əldə etmişdir. Sonra, əldə etdiyi narkotik vasitə və dərman preparatlarını özü ilə götürüb oradan çıxaraq kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 2A-da yerləşən 38 saylı mənzilə gətirmişdir. Orada əldə etdiyi qurudulmuş marixuanadan az miqdarda istifadə etməklə 1 ədəd konvalyutu kəsib 8 yerə bölərək dərman preparatlarından 2 ədədini qəbul etmiş, qalan marixuananın bir hissəsini hissələrə bölməklə 3 ədəd şəffaf rəngli sellofana, digər hissəsini isə 21 ədəd kağıza bükmüşdür. xx xxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində istifadə etmək məqsədilə kirayə yaşadığı mənzildə saxladığı narkotik vasitə - qurudulmuş marixuanadan 2 ədəd bükümünü götürüb əynindəki yaşıl rəngli gödəkçənin sol içəri döş cibinə qoyaraq yaşadığı mənzilin yerləşdiyi evin qarşısına çıxmış, orada olan zaman mülki geyimdə 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək səs-küy salmamağını və onlarla birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, səsküy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan Baş İdarəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin Baş İdarənin inzibati binasında yerləşən otaqların birinə getmiş, aradan 10-15 dəqiqə keçəndən sonra, otağa tanımadığı 1 mülki geyimli şəxs daxil olmuş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymaq təklifi ediləndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd açarı, 1 ədəd "Nokia" markalı mobil telefonu, şalvarın sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefonu, arxa sağ cibindən 60 manat pulu və əynindəki yaşıl rəngli gödəkçənin sol içəri döş cibindən içərisində narkotik vasitə - qurudulmuş marixuana olan 2 ədəd bükümü çıxarıb könüllü onlara təqdim etmiş, həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, səmimi olaraq bükümlərin içərisində narkotik vasitə - qurudulmuş marixuana olduğunu, həmin marixuananı xx xxxxxxx 2020-ci il tarixdə Bərdə şəhərində tanımadığı şəxsdən 100 manat pula əldə etdiyini bildirmiş, daha sonra, təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin marixuananı ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən narkotik vasitə-qurudulmuş marixuananın aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə, digər əşyalar onun özünə qaytarılmışdır. Bundan sonra, polis əməkdaşları onunla şifahi sorğu-sual aparan zaman o, kirayə yaşadığı mənzildə narkotik vasitə qurudulmuş marixuananın və güclü təsir edən dərman preparatlarının olduğunu bildirdiyindən, razılığı ilə polis əməkdaşları ondan ərizə almış və birlikdə kirayə yaşadığı qeyd olunan ünvanda yerləşən mənzilə getmiş, mənzilə gedəndən sonra, polis əməkdaşlarının təklifi ilə öncədən mənzilin qonaq otağında, ora giriş qapısından sağ tərəfdə olan qəhvəyi rəngli dolabın içərisində qoyduğu 1 ədəd şəffaf sellofan torbanı onlara təqdim etmiş, içərisində narkotik vasitə - qurudulmuş marixuana və güclü təsir edən dərman preparatlarının olduğunu söyləmiş, bundan sonra, polis əməkdaşları həmin sellofan torbanın içərisinə baxış keçirəndə, içərisindən qurudulmuş marixuana, 2 ədəd sellofan torba və 1 ədəd elektron tərəzi aşkar olunmuş, həmin 2 ədəd sellofan torbaların birinin içərisindən qurudulmuş marixuana, ikinci sellofan torbanın içərisindən isə 19 bükümdə qurudulmuş marixuana, əlavə olaraq bir qədər qurudulmuş marixuana və 20 ədəd üzərində "Paden 300 preqabalin" sözləri yazılmış dərman preparatları aşkar olunmuş, həmin vaxt aşkar olunmuş kütlənin və dərman preparatlarının nəyin olduğu soruşulanda, o, səmimi olaraq sellofan torbanın və bükümlərin içərisindəki kütlənin narkotik vasitə - qurudulmuş marixuana, dərman preparatlarının isə güclü təsir edən maddələrin olduğunu bildirmiş, daha sonra, təhqiqatçı tərəfindən yaşadığı mənzildə baxış aparılsa da, digər hər hansı qanunsuz əşya, predmet və ya alət aşkar olunmamışdır. Ondan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, sellofan torbada və bükümlərdə olmaqla həmin marixuananı, dərman preparatlarını və elektron tərəzini ekspertizaya göndərmək məqsədilə ayrı-ayrılıqda 2 ədəd zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərflərin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt kirayə yaşadığı mənzildən narkotik vasitəqurudulmuş marixuananın və güclü təsir edən dərman preparatlarının aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Həmçinin, vurğulamışdır ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və eyni xarakterli hərəkətlərə yol verməmiş, üzərindən və kirayə yaşadığı mənzildən aşkar olunmuş qurudulmuş marixuananı və dərman preparatlarını özünün istifadəsi üçün əldə etmişdir. Həmin vaxt üzərindən və yaşadığı mənzildən narkotik vasitə - qurudulmuş marixuana, güclü təsir edən dərman preparatları və elektron tərəzi aşkar olunan zaman ona qarşı heç kim zor tətbiq etməmiş, o, könüllü olaraq onları polis əməkdaşlarına təqdim etmiş və əldə olunma şəraiti haqqında danışmışdır ( cild 1, iş vərəqi 75-80). Elan olunmuş ifadəsi ilə əlaqədar məhkəmədə verilən suala cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, həmin ifadənin yazıldığı protokoldakı imzalar ona məxsus olsa da, o, imzaları etməyə məcbur edilmişdir. Həmin ifadəsini təsdiq etmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs sonradan tanımışdır. Elgizlə hər hansı münasibəti olmamışdır. Elgizin üzərindən və yaşadığı mənzildən narkotik vasitə-qurudulmuş marixuananın və güclü təsir edən dərman preparatlarının aşkar olunması ilə əlaqədar qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və güclü təsir edən dərman preparatlarını əldə edib Bakı şəhəri Nərimanov rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında Elgizi ifşa etmək məqsədilə dərhal əməliyyat tədbirinin həyata keçirilməsi üçün xidmət etdiyi Baş İdarənin rəisinə raportla məruzə etmiş, alınmış razılıq əsasında əməliyyat tədbirinin həyata keçirilməsinə dair onun tərəfindən qərar qəbul edilərək əməliyyat tədbirini həyata keçirməyə başlamış, qabaqcadan hazırlanmış plana əsasən o, tədbirə cəlb edilmiş Baş İdarənin digər əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə xx xxxxxxx 2020-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs kirayə yaşadığı 38 saylı mənzilin yerləşdiyi Bakı şəhəri Nərimanov rayonu, Atatürk prospektində yerləşən 2A saylı evin qarşısına gedərək orada gözləmə mövqeyi seçmiş, göstərilən tarixdə, saat 23:30 dəqiqədə Təqsirləndirilən şəxs həmin evin qarşısında piyada hərəkət etməsi müşahidə olunanda, ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmişlər, Təqsirləndirilən şəxs polis əməkdaşları olduqlarını biləndən sonra, yayınaraq qaçmaq istəyəndə, saxlanılmış və üzərində şəxsi axtarışın aparılması məqsədilə Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edilmişdir. Elgiz artıq onların hər bir şey haqqında məlumatlı olduqlarını dərk etdiyindən, hər hansı etiraz bildirmədən onlarla birlikdə Baş İdarənin yerləşdiyi inzibati binaya getmişdir. Bu vaxt müvafiq raport yazandan sonra, araşdırmanın aparılması Baş İdarənin Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə olunduğundan, Təqsirləndirilən şəxs təhqiqatçı üçün ayrılmış xidməti otağa aparmışlar, təhqiqatçı Vüsal Həsənquliyev 12 saylı Vəkil Bürosunun vəkili X3 dəvət edib Təqsirləndirilən şəxs təqdim edəndən sonra, onun üzərində şəxsi axtarış aparacağını nəzərlərinə çatdırmış, sonra, təhqiqatçı X9 Mirzəyevə hüquq və vəzifələrini bir daha xatırladıb üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, Elgiz əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd açarı, 1 ədəd "Nokia" markalı mobil telefonu, şalvarın sol yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefonu, arxa sağ cibindən 60 manat pulu və əynindəki yaşıl rəngli gödəkçənin sol içəri döş cibindən 2 ədəd kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bükümlərin içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq bükümlərin içərisində narkotik vasitə - qurudulmuş marixuana olduğunu, həmin marixuananı xx xxxxxxx 2020-ci il tarixdə Bərdə şəhərində tanımadığı şəxsdən 100 manat pula əldə etdiyini bildirmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, həmin bükümlər açılıb içərisinə baxılanda, içərisində spesifik iyə malik bitki mənşəli tünd yaşıl rəngdə qurudulmuş kütlənin olması məlum olmuşdur. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin kütləni ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlənin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilməklə, ona məxsus 1 ədəd açar və 60 manat pul onun özünə qaytarılmışdır. Qeyd olunan vaxtda və yerdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə oxşar kütlənin aşkar olunması prosesində onunla şifahi sorğu-sual aparılan zaman o, kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 2A-da yerləşən 38 saylı mənzildə narkotik vasitə - qurudulmuş marixuananın və güclü təsir edən dərman preparatlarının olduğunu bildirdiyindən və yaşadığı mənzilin baxışının aparılmasına etirazının olmadığına dair ərizə ilə müraciət etdiyindən, birlikdə onun kirayə yaşadığı qeyd olunan ünvanda yerləşən mənzilə gedilmiş, mənzilə gedəndən sonra, Təqsirləndirilən şəxs mənzilin qonaq otağında, ora giriş qapısından sağ tərəfdə olan qəhvəyi rəngli dolabın içərisinə qoyulmuş 1 ədəd şəffaf sellofan torbanı onlara təqdim etmiş, içərisində narkotik vasitə-qurudulmuş marixuana və güclü təsir edən dərman preparatlarının olduğunu söyləmiş, bundan sonra, təhqiqatçı Vüsal Həsənquliyev həmin sellofan torbanın içərisinə baxış keçirəndə, oradan spesifik iyə malik bitki mənşəli olmaqla tünd yaşıl rəngində qurudulmuş kütlə, 2 ədəd sellofan torba və 1 ədəd elektron tərəzi aşkar olunmuş, həmin 2 ədəd sellofan torbaların birinin içərisindən spesifik iyə malik bitki mənşəli olmaqla tünd yaşıl rəngində qurudulmuş kütlə, ikinci sellofan torbanın içərisindən isə 19 bükümdə spesifik iyə malik bitki mənşəli olmaqla tünd yaşıl rəngində qurudulmuş kütlə, əlavə olaraq bir qədər spesifik iyə malik bitki mənşəli olmaqla tünd yaşıl rəngində qurudulmuş kütlə və 20 ədəd üzərində "Paden 300 preqabalin" sözləri yazılmış dərman preparatları aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin və dərman preparatlarının nəyin olduğu soruşulanda, o, səmimi olaraq sellofan torbanın və bükümlərin içərisindəki kütlənin narkotik vasitə - qurudulmuş marixuana, dərman preparatlarının isə güclü təsir edən maddələrin olduğunu bildirmiş, onları xx xxxxxxx 2020-ci il tarixdə Bərdə şəhərində tanımadığı şəxsdən əldə etməsini qeyd etmişdir. Daha sonra, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzilin baxışı aparılsa da, oradan digər hər hansı qanunsuz əşya, predmet və ya alət aşkar olunmamışdır. Sonda, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, bükümlərdə olmaqla həmin kütlələri və elektron tərəzini ekspertizaya göndərmək məqsədilə 1 ədəd zərfə, dərman preparatlarını isə digər zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü və zərflərin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzildən narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlənin, dərman preparatlarının və elektron tərəzinin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. Həmçinin, vurğulayır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və ya alqı-satqısı ilə məşğul olmasının birbaşa şahidi olmasa da, xidmət etdiyi Baş İdarəyə daxil olmuş əməliyyat məlumatı əsasında onun narkotik vasitələri və güclü təsir edən dərman preparatlarını satış məqsədilə qanunsuz əldə edib saxlayaraq dövriyyəsi ilə məşğul olması haqqında məlumatlı olub. Elgizə qarşı hər hansı fiziki və psixiki təzyiq, hədə tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər pols əməkdaşı Şahid1 Şahid2 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və videodiskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkçənin sol içəri döş cibindən 2 ədəd kağız bükümdə olmaqla narkotik vasitə - qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 29-33). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və videodiskin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs kirayə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, ev 2A-da yerləşən 38 saylı mənzilin qonaq otağına giriş qapısının sağ tərəfində qoyulmuş qəhvəyi rəngli dolabın içərisindən 3 ədəd sellofanda və 19 ədəd kağız bükümdə olmaqla narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, üzərində "Paden 300 preqabalin" sözləri və rəqəmləri yazılmış 20 ədəd kapsul və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqi 36-38). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 6/2336 saylı ekspert rəyindən görünür ki: - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd konvalyutda 14 ədəd və 6 ədəd kəsilmiş konvalyutda 6 ədəd, ümumi 20 ədəd üzərlərində "PGN 300" yazısı olan ağ-qəhvəyi rəngli kapsullardakı ağ rəngli tozşəkilli maddə preqabalin tərkibli dərman preparatıdır; - 20 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 6 qram təşkil edir; - Preqabalin tərkibli dərman preparatı "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısının təsdiq edilməsi haqqında" xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş "Güclü təsir edən maddələrin və onların külli miqdarının" siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 46-50). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 7/767 saylı ekspert rəyindən görünür ki: - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş 2 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,472 və 2,529 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, ümumi çəkisi 5,001 qram təşkil edir. - Təqsirləndirilən şəxs Qurban oğlunun yaşadığı mənzildən aşkar olunaraq tədqiqata təqdim edilmiş 3 ədəd şəffaf sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 0,904, 14,524 və 70,0 qram, 19 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,481, 2,432, 1,685, 0,268, 0,284, 0,364, 0,622, 0,278, 0,285, 0,365, 0,337, 0,287, 0,258, 0,309, 0,330, 0,298, 0,338, 0,341 və 0,302 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, ümumi çəkisi 97,292 qram təşkil edir. - Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunaraq tədqiqata təqdim edilmiş 21 ədəd kağız bükümdə və 3 ədəd şəffaf sellofanda olan marixuanalar tərkiblərinə görə eynidirlər. - Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq tədqiqata təqdim edilmiş 1 ədəd "PCS Mode" adlı elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə - marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün təqdim olunmuş marixuanalarla müqayisəli tədqiqat aparılmadı. Tədqiqatın dəyəri 89 (səksən doqquz) manat təşkil edir (cild 1, iş vərəqi 52-55). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 3234 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli, 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 162-163). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2308 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmur, əməli törədən vaxt və hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk və onları idarə etmə iqtidarında olduğundan, anlaqlı hesab edilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqi 165-166). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “xxxx” MMC-dən əldə edilmiş, texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünün adına və istifadəsində olmuş +**********70 saylı telefon nömrə ilə ayrı-ayrı şəxlərlə narkotik vasitələrin və güclü təsir edən dərman preparatlarının alqı-satqısına dair danışıqlar və yazışmalar aparılmış, anten məlumatlarından isə görünür ki, mütəmadi olaraq kirayə yaşamış olduğu qeyd olunan ünvanda yerləşən mənzildə olmuşdur (cild 1, iş vərəqi 186-189). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı mənzilə keçirilmiş baxışın videogörüntülərini əks etdirən 2 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 87-88). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş və 3 ədəd bağlamada qablaşdırılmış təmiz çəkisi 101,573 qram olmaqla qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana və ümumi miqdarı 5,4 qram olmaqla qalıq qalmış 18 kapsula güclü təsir edən preqabalin tərkibli dərman preparatları, 1 ədəd elektron tərəzi maddi sübut qismində tanınmış və Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin məsul saxlanışına verilmişdir (cild 1, iş vərəqi 100- 102). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən əldə edilmiş texniki vasitələrlə ötürülən məlumatları özündə əks etdirən 1 ədəd CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 190-191). İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi polis polkovniki İslam Hümbətov tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 125). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin xx.xx.2020-ci il tarixli, 008-6304-1220 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı hər hansı bir tədbirə cəlb edilməmişdir (iş vərəqi 244). Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, 2-ci qrup əlildir, 2003-cü il təvəllüdlü Sevil və 2005-ci il təvəllüdlü Aysun adlı iki azyaşlı uşağı var (cild 1, iş vərəqi 152-154, 212-213). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Mirzəyev X4 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 5 (beş) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəza müddəti 11 ay 20 gün müddətə endirilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 129-130, 192-195). Cinayət işinə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(009)-138/2020 saylı hökmündən və həmin Məhkəmənin xx.xx.2021-ci il tarixli, 1(009)-138/2020 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə xx xxx 2020-ci ildə törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Hökm xx xxxxxx 2020-ci il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir (cild 1, iş vərəqi 203-210). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər törətdiyi az ağır cinayətə görə cəzanı çəkib qurtarmadığına görə məhkumluğu ödənilməmişdir. Buna görə də o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə nisbətdə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən marixuananın qurudulmuş halda şəxsi istehlak miqdarı 5 qrama qədər, 500 qram və ondan yuxarı miqdarı külli miqdar hesab olunur. “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanununa əsasən preqabalin preparatı həmin siyahıya daxildir və 5 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı narkotik vasitə olan qurudulmuş marixuananın və güclü təsir edən dərman preparatının miqdarının şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, narkotik vasitənin xırda bağlamalara bükülməsi, onda narkotik vasitəni çəkmək üçün elektron tərəzinin aşkar olunması məhkəməyə o qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs həmin vasitələri məhz satış məqsədilə əldə edib saxlamış və daşımışdır. Təqsirləndirilən şəxsin ondan aşkar olunan narkotik vasitənin cüzi hissəsini etiraf edib şəxsi istehlak məqsədilə əldə etməsi, əvvəllər polis əməkdaşları ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq etməsi, bir müddətdən sonra polislə əməkdaşlıqdan imtina etdiyinə görə polislər onu hazırkı cinayət işi ilə şərləməsi, polis əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, onlar işin digər halları ilə, habelə yuxarıda şərh olunan sübutlarla tam və məntiqli şəkildə uzlaşdığından məhkəmə həmin ifadələri daha düzgün olan ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab olunan qurudulmuş marixuananı və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən preqabalin tərkibli dərman preparatını əldə edib daşımaqla saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır və ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildə törətdiyi Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Hökm xx xxxxxx 2020-ci il tarixdə qüvvəyə minmiş və icraya yönəldilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində residivin olmasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.2 və 240.3.2-ci maddələrinin sanksiyalarında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmayan həddi təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən onun 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona hazırkı hökm üzrə təyin olunacaq cəza ilə qismən toplanılmaq yolu ilə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində xx.xx.2020-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 21, 37-39). Qeyd edilən müddəaları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun azadlığının faktiki məhdudlaşdırıldığı xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 101,573 qram olmaqla qalıq qalmış narkotik vasitə - qurudulmuş marixuana və ümumi miqdarı 5,4 qram olmaqla qalıq qalmış 18 kapsula güclü təsir edən preqabalin tərkibli dərman preparatları, 1 ədəd elektron tərəzi məhv edilməli, video görüntülər və telefon danışıqları olan üç ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 203 (iki yüz üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, CM-in 234.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.3.2-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş cəzaya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasını qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar: - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 101,573 qram olmaqla qalıq qalmış narkotik vasitə - qurudulmuş marixuana və ümumi miqdarı 5,4 qram olmaqla qalıq qalmış 18 kapsula güclü təsir edən preqabalin tərkibli dərman preparatları, 1 ədəd elektron tərəzi məhv edilsin; - video görüntülər və telefon danışıqları olan üç ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 203 (iki yüz üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Səbuhi Hüseynov Əli Məmmədov Əsli ilə düzdür: Hakim Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar