Məhkəmə qərarları › İş №1(101)-618/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-618/2024

27.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-618/2024 27.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X3-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə məhkəmədə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşınması və satışı barədə şəxsiyyəti istintaqa məlum olmayan “Gündüz” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək razılaşdıqdan sonra, qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından istifadə etməklə «Whatsapp» vasitəsilə əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq narkotik maddələrin qoyulacaq ünvanlar barədə “Gündüz” adlı şəxsdən məlumat aldıqdan sonra 02 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, “Ulduz” metrostansiyasınm yaxınlığında gizlədilmiş külli miqdarda olmaqla 1035 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdarda 910 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi ilə əldə edib daşımaqla üzərində saxlamış, həmin gün saat 23:10 radələrində Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3erləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nə gətirilərək üzərinə xx.xx.2023-cü il tarixdə saat 00:05-də müdafiəçinin İştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 1035,0 qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 910,0 qram ağ rəngli kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, o, 02 fevral 2023-cü il tarixdə “Ulduz” metrostansiyasının yaxınlığına öz şəxsi istifadəsi üçün narkotik vasitə marixuana götürməyə getmişdir. Orada onu polis əməkdaşları saxlamışlar. Polis bölməsində ona təzyiq göstərərək, ititham aktında deyilən miqdarda narkotik vasitəni üzərinə götürməyini tələb edib, razı olmasa ailəsinə zərər yetirməklə hədələdilər. Külli miqdarda narkotik vasitənin ona aid olduğunu deməsə, ailəsini evdən çıxaracaqları ilə təhdid etdilər. O, bu zaman xəsarət almışdır, lakin Bakı İstintaq Təcridxanasına daxil olanda üzərində xəsarət olduğunu deməmişdir. O, saxlanılanda axşam saat 22:00-23:00 radələri olardı. Polis bölməsində onu gecə saat 03:00-ə kimi saxlamışlar. Onun üzərinə şəxsi axtarış videoçəkilişlə həyata keçirilib. Hadisə fevral ayının 2-si baş verib. İbtidai istintaq zamanı müstəntiq tərəfindən ifadələr onun adından yazılıb. Onun narkotik vasitənin satışı ilə bağlı telefon danışıqları olmayıb. Onun tutulmasını həyata keçirilən əməliyyat-axtarış tədbirlərində on-on beş nəfər polis əməkdaşı iştirak etmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən aparılan videoçəkiliş zamanı onu ittiham aktında göstərilən miqdarda narkotik vasitənin özünə aid olduğunu deməyə məcbur etmişlər. Narkotik vasitə sellofanın içərisində idi. Onun həmin narkotik vasitəyə aidiyyatı olmayıb. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 5-6 ilə yaxındır ki, narkotik maddə olan marixuanam çəkmək üsulu ilə qəbul etmişdir. Dostluq münasibətində olduğu Gündüz adlı şəxslə dəfələrlə narkotik maddə əldə etmək üçün Gündüzlə Bakı şəhərinin müxtəlif yerlərindən narkotik maddə götürməyə getmişdir. Lakin hər dəfəsində həmin narkotik maddələri Gündüzün özü götürmüşdür. xx.xx.2023-cü il tarixdə saat 21:15 radələrində Gündüz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etməklə Nərimanov rayonu, ULDUZ metrostansiyasınm yaxınlığına gedərək oradan narkotik maddə olan sellofanı götürməyini xahiş etmişdir. Gündüz onun telefonunun vatsap səhifəsinə həmin narkotik maddənin olduğu “işarələnmiş” yerin foto şəklini göndərmişdir. O, işlərini yekunlaşdırdıqdan sonra xx.xx.2023-cü il tarixdə saat 23:10 radələrində Gündüzün ona göndərdiyi yer olan ünvan 5 ünvana getmişdir. Həmin “işarələnmiş” yerdən 1 ədəd qara sellofanı götürmüşdür. Həmin sellofanın içərisində 1 ədəd qəhvəyi rəngli, spesifik iyə malik iri büküm və 1 ədəd ağ rəngli kristal formalı iri büküm olmuşdur. O, həmin sellofanı götürərək oradan uzaqlaşmaq istəyən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər ona özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu sorğu-sual etməyə başlamışlar və həmin vaxt o, özünü itirərək verilən suallara çaşqın halda cavablar verməyə başlamışdır. Bu da polis əməkdaşlarında şübhə oyatmış və polis əməkdaşları üzərinə baxış keçirilməsi üçün onu 17-ci PŞ-nə dəvət etmişlər. O da razılaşaraq həmin polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nin 17-ci PŞ-yə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra onu şöbənin xidməti otaqlarının birinə aparmışlar. Orada ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına vəkil dəvət edilmişdir. Vəkili ilə görüşdükdən sonra polis əməkdaşları video görüntü ilə üzərinə baxış keçirməyə başlamışlar. Əvvəlcə ondan üzərində hər hansı əşya varsa təqdim etməyini xahiş etmişlər. O da əynində olan göy rəngli cins şalvarın sağ cibindən 20 manat pul, özünə məxsus avtomobilin açarını, həmin şalvarın sol cibindən yaşadığı binanın lift kartını və qara rəngli REDMİ markalı mobil telefonu və sağ əlində 1 ədəd adi qara sellofana bükülmüş 1 ədəd qəhvəyi rəngli iri bükümdə olan narkotik maddəyə bənzər büküm və 1 ədəd ağ rəngli kristal formalı iri büküm olan narkotik maddəyə bənzər bükümü təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması barədə soruşmuşlar. O isə həmin iki ədəd bükümün içərisində nə olmasını bilmədiyini, onu Gündüzün xahişi ilə onun dediyi yerdən ona çatdırmaq üçün götürdüyünü bildirmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi iki ədəd bükümü götürərək zərfə qoyub qablaşdırmışlar və protokol tərtib etmişlər. Onun və polis əməkdaşlarının iştirakı ilə həmin zərf möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Gündüz onun dostudur, lakin onun harada yaşamasını və ailə məlumatlarını bilməmişdir. Onunla bir neçə dəfə narkotik maddə götürmək üçün getmiş və hər dəfə də Gündüz Özü narkotik maddəni götürmüşdür. Bu hadisə günü ilk dəfə Gündüz ondan narkotik maddəni götürməyi xahiş etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə baxış keçirilərkən ona qarşı hər hansı bir zor, təzyiq olmamışdır. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxs Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 02 fevral 2023-cü il tarixdə iş yoldaşı Şahid1la birlikdə bir nəfər şəxsin özünü şübhəli aparmasına görə ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb etmişlər, lakin o, şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını dedi. Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. İnzibati binada video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 20 manat pul, bir ədəd ”Xiaomi Redmi” markalı qara rəngli mobil telefon, iki ədəd büküm çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs ünvan 2 ünvanında saxlamışlar. Rəfail narkotik vasitəni Gündüz adlı şəxsdən aldığını dedi. Onlar təqsirləndirilən şəxsə yaxınlaşanda o, hərəkətdə idi. Rəfailin üzərindən aşkar olunan narkotik vasitənin nə rəngdə olduğu yadında deyil. O, şəxsi axtarış zamanı Rəfailin üzərindən narotik vasitənin aşkar olunduğunu görmüşdür. O və Şahid1 Rəfailin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilən zamanı iştirak etmişlər. Rəfailin üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən vəkilin nə zaman gəlməsi yadında deyil. Dadaşov Rəfail polis bölməsinə hansı vəziyyətdə gətirilibsə, o vəziyyətdə də saxlanılıb. Saxlanarkən Rəfailin qoluna qandal vurulmamışdı. Onlar Rəfailin cibindən açar aşkar olunduqdan sonra onun avtomobilinin olduğunu bilmişlər. Onu polis bölməsinə xidməti maşınla aparmışlar. Xidməti maşının qeydiyyat nömrəsi “**-AP-***” idi. Rəfailə heç bir təzyiq və təsir göstərilməyib. Rəfailin ona təzyiqlər və təhdidlər göstərməsi barəsindəki ifadələri yalvndır.İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı xüsusi rütbəsi daşıyır. 02 fevral 2022-ci il tarixdə iş yoldaşı Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1la birlikdə onlara təhkim olunmuş ünvan 6 ünvanında bir nəfər şəxsin özünü şübhəli aparmasına görə onun narkotik vasitə aludəçisi olmasından şübhələnmişlər və ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra ondan özünü təqdim etməsini istəmişlər və həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsin əlində bir ədəd qara rəngli sellofan olmuşdur. Ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb etmişlər, lakin o, şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını demişdir. Onunla sorğu-suial etdiyi zaman özünü şübhəli aparmasından və narahat olmasından, həm də gözlərinin formasından və bədən quruluşundan ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu ərazi üzrə Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs da razı olaraq onlarla birlikdə Polis Bölməsinə gəlmişdir. 17-ci PŞ-də onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 20 manat pulu, özünə məxsus olduğunu bildirdiyi avtomobilin açarını, əynindəki həmin cins şalvarın sol yan cibindən yaşadığı binaya məxsus olduğunu bildirdiyi lift kartı və bir ədəd ”Xiaomi Redmi” markalı qara rəngli mobil telefonu, eləcə də, sağ əlində olan bir ədəd qara rəngli sellofanı açıb içərisindəki iki ədəd bağlamanı təqdim etmişdir. Həmin iki ədəd iri bağlama açılaraq içərisinə baxıldıqdan sonra Təqsirləndirilən şəxs həmin iki bağlamanın içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin iki bağlamanın içində nə olduğunu bilmədiyini, həmin iki ədəd bağlamanı tanışı Gündüz adlı şəxsin xahişi ilə sonuncunun ona mobil telefonla göndərdiyi işarələnmiş yerdən, yəni Nərimanov rayonu, Araz küçəsi 7 ünvanından götürməsini bildirdiyini və onun da Gündüzə çatdırmaq üçün gedib həmin bağlamaları götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Bundan sonra aşkar edilmiş həmin 02 ədəd bağlama və bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Nərimanov RPİ-nin 17-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Şahid1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunan şəxs Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar olaraq tanıyır. Onunla ədavəti və yaxınlığı yoxdur. 02 fevral 2023-cü il tarixdə iş yoldaşı Şahid2la birlikdə xidməti ərazidə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasına görə ona yaxınlaşaraq özlərini təqdim edib ondan şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd tələb etmişlər, lakin o, şəxsiyyətini təsdiq edən sənədinin üzərində olmadığını dedi. O, özünü şübhəli apardığına görə onu Nərimanov RPİ-nin 17-ci PŞ-nə dəvət etmişlər. İnzibati binada video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sol yan cibindən 20 manat pulu, bir ədəd ”Xiaomi Redmi” markalı qara rəngli mobil telefonu, iki ədəd bükümü təqdim etdi. Ondan narkotiki haradan əldə etdiyiyni soruşduqda o, narkotik vasitəni Gündüz adlı şəxsdən aldığını dedi. Şahid2 və o, şəxsi axtarış zamanı işirak etmişlər. Rəfaili beş-on metr məsafədən görüb ona yaxınlaşmışlar. Rəfaili polisin inzibatti binasına gətiriloəndə o, avtomobilin arxa oturacağında onunla birlikdə əyləşmişdi. Rəfailin üzərinə şəxsi axtraış zamanı narkotik vasitənin onun yanında açılıb-açılmaması yadında deyil. O, Rəfailin üzərindən aşkar olunan narkotik vasitəni açıq şəkildə nə əvvəl, nə də sonra görməmişdir.Rəfail saxlanıldıqdan sonra ona hər hansı bir təzyiq və təsir göstərilməmişqdir.O, bu ifadələri ilə özünü müdafiə edir. İfadələrinə başqa əlavəsi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Elsəvər oğlu ifadələrində Şahid2 ifadələrinə uyğun ifadə verərək, onun ifadələrində göstərdiyi ittihamı təsdiq edən sübutları təsdiq etmişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş 03 fevral 2023-cü il tarixli “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 03 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Nərimanov RPİ-nin 17-ci Polis şöbəsində video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əlində olan qara rəngli sellofan torbanın içərisindən 01 ədəd bükümdə narkotik vasitə heroinə və 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd rəqəmsal vidio diskə (DVD) disk protokola əlavə edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023cü il tarixli, 6/668 saylı rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşər Nazirliyi Zərflər üçün N:219” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bağlamadan təmiz çəkisi 1035,0 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bağlamada təmiz çəkisi 910,0 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metemfatemindir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1035,0 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 910,0 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekpertiza tədqiqatından sonra qalıq qalmış 1034,95 qram çəkidə narkotik vasitə olan heroin, 909,95 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadələrində narkotik vasitə istifadəçisi olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşlarının onu döyərək narkotik vasitəni öz üzərinə götürməsini tələb etdiklərini, istintaq təcridxnasına daxil olan zaman üzərində xəsarətlər olduğunu, döyülməyilə bağlı heç kimə müraciət etmədiyini göstərdi. Məhkəmə, Təqsirləndirilən şəxs həmin ifadələrini onun özünün ibtidai istintaq zamanı təqsiləndirildiyi ittihamın mahiyyəti üzrə verdiyi qismən etirafedici ifadələri, ona təzyiq və təsir göstərilməsinin inkar olduğunu bəyan edən şahidlərin ifadələri, onun üzərinə keçirilmiş baxışı özündə əks etdirən videoçəklişdə əks olunan təsvirlərdə onun sərbəst şəkildə cinayət əməlinin predmetini təşkil edən narkotik vasitələri təqdim edib özünə məxsus olmasını təsdiq etdiyi görüntülərlə, onun tərəfindən təqdim olunan narkotik vasitələrin ondan götürülməsini təsdiq edən qeyd və iradsız təsdiq etdiyi protokolun məzmunu ilə, onun təqdim etdiyi narkotik vasitələrin 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1035,0 qram narkotik vasitə olan heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 910,0 qram psixotrop maddə metamfetamin olmasını təsdiq edən məhkəmə ekspertizasının rəyləri, iş üzrə maddi sübut kimi tanınmış əşyalarla, habelə işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu iddialarını həqiqətə uyğun olmayan özünün məsuliyyətini yüngülləşdirməyə yönələn cəhd kimi qiymətləndirir. Çünki onun bu iddialarını təsdiq edən sübut müəyyən olunmadı. O da belə sübut təqdim etmədi. Məhkəmə gəldiyi bu qənaətlə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs sərbəst ifadə vermək hüquna malikdir. O, bilə-bilə yalan xəbərçilik etməkdən başqa özünün müdafiəsi üçün göstərdiyi hallara görə məsuliyyət daşımır. O, xəbərçilik etdikdə isə bunu təsdiq edən sübutları da təqdim etməlidir. Əks halda özündə dəqiq faktı nəzərdə tutmayan məlumatın əsassız olaraq yoxlanılması hüquq müstəvisinə çıxarılardı. Bu da hüququ müəyyənlikdən “in abstrakto”-ya, yəni mücərəddiyə, qeyri-müəyyənliyə çevirərdi. Buna isə qanunla yol verilmir. Məhkəmədə ittiham nitqi ilə çıxış edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi üzrə olan cinayət təqibindən imtina etdiyini bildirdi və cinayət təqibinə bu maddə üzrə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi üzrə olan cinayət təqibinə xitam verilməsini əsaslı sayır. Beləliklə, məhkəmə yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan 234.4.1 və 234.4.3-cü maddələrində olan cinayət əməlinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlib və onun təqsirli bilinməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 65 (altmış beş) manat xərclənməsi müəyyən olundu. Məhkəmə ekspertiza xərclərini təşkil edən 65 (altmış beş) manat vəsaitin təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə qaytarılmasını əsaslı sayır. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1034,95 qram çəkidə narkotik vasitə olan heroin, 909,95 qram çəkidə psixotrop maddə metamfetaminin məhv edilməsini, şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınaraq yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 (bir) ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarına əlavə olunmuş DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi himayəsində bir azyaşlı uşağının olması, ibtidai istintaq zamanı qismən etirafedici ifadələr verməsi müəyyən olundu. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əvvəli 02 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbirinin seçilməsi və hazırki vaxtadək davamlı olaraq həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcının 02 fevral 2023-cü il tarixdən hesablanmalı olduğu qənaətinə gəlir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 aprel 2023-cü il tarixli, 2478 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınması əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.4-cü maddəsi üzrə olan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsində göstərilən əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 02 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına məhkəmə kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 65 (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün DİN BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1034,95 qram narkotik vasitə heroin və 909,95 qram psixotrop maddə metamfetamin məhv edilsin, 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar