Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-618/2025 10.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, tərcüməçilər- X3, X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun üzvü Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan bir ədəd bükümdə təmiz çəkisi 15,536 qram olmaqla külli miqdarda psixotrop maddə sayılan metamfetamin əldə edib, üzərində saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.
İşin faktiki halları
2. Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 15,536 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin və 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 27 may 2024-cü il tarixdə saat 22:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3 yerləşən Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 15,536 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Şəxsi axtarış və götürmə haqqında tərtib olunmuş xx.xx.2024-cü il tarixli protokol və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl bu barədə tərtib olunmuş qərarla tanış edilmiş, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Bundan sonra o, əynindəki qara rəngli cins şalvarının cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 01 ədəd “Leobank” plastik bank kartı, içərisində 01 ədəd şəffaf sellofana bükülmüş büküm olan 01 ədəd “Rothmans” markalı siqaret qutusunu, 01 ədəd şüşə ampula və 01 ədəd kağıza bükülmüş 02 ədəd bükümü təqdim etmişdir. O, cibindən çıxararaq təqdim etdiyi həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümləri xx.xx.2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı olan Baba adlı şəxsdən şəxsi istifadəsi üçün 100 manata almış, həmin bükümləri “Qış parkı” adlanan ərazidən götürmüşdür.
4. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, içərisində 01 ədəd şəffaf sellofana bükülmüş büküm, 01 ədəd kağıza bükülmüş 02 ədəd büküm və 01 ədəd ampula bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 186 saylı möhürü ilə möhürlənib götürülmüşdür (cild 1, iş vərəqi 63-65).
5. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/2999 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №186” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs aşkar edilmiş... saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,536 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - bir ədəd şüşə flakonun içərisində və flakondakı pambıq hissələrinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. İz şəklində olduğu üçün heroinin təmiz çəkisini müəyyən etmək mümkün deyildir; - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 15,536 qram olmuş, 0,2 qram tədqiqata sərf edildikdən sonra 15,336 qram qalıq qalmışdır. Məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/851 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: -tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs aşkar edilmiş...” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd üzərində “Rothmans” yazısı olan siqaret qutusunda 2 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,15 qram və 0,14 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanaların ümumi çəkisi 0,29 qramdır. Qeyd: marixuananın ümumi çəkisi 0,29 qram olmuş, 0,04 qram tədqiqata sərf edildikdən sonra 0,25 qram qalıq qalmışdır. Aparılmış tədqiqatların ümumi dəyəri 186 (bir yüz səksən altı) manat təşkil edir (cild 1, iş vərəqi 81- 83; 87-88).
6. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Cinayətaxtarış şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində saxlanılıb Nəsimi Rayon Polis İdarəsinə gətirilmişdir. X12 Hənifəyevin üzərinə videoçəkilişdən istifadə edilməklə müdafiəçisi, tərcüməçi və təhqiqatçının iştirakları ilə şəxsi axtarış və baxış keçirilərkən 01 ədəd “Samsung” markalı mobil telefon, bank kartı və siqaret qutusu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin siqaret qutusunun içərisinə könüllü şəkildə qanunsuz maddə olan narkotik tərkibli maddələr yerləşdirdiyini etiraf etmiş, bundan sonra həmin qanunsuz maddələr qablaşdırılaraq tədqiq olunması üçün ekspertizaya göndərilmişdir. Şahid1 həmçinin bildirmişdir ki, saxlanılarkən Təqsirləndirilən şəxs tək olmuş, sonuncu polis əməkdaşlarına hər hansı müqavimət göstərməmiş, könüllü şəkildə polis şöbəsinə gəlmiş, könüllü şəkildə üzərində aşkarlanmış bükümləri təqdim etmiş, həmin narkotik tərkibli maddələri “Qış Parkı”-nın yaxınlığında Baba adlı şəxsdən əldə etdiyini söyləmiş, saxlanılarkən Təqsirləndirilən şəxs üzərində marixuana və metamfetamin mövcud olmuş, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zorakılıq edilməmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı İbişov X5 Əli Şəmsəddin oğlu kimi eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi xüsusatları olduğu kimi təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, o, özünü təqsirli bilmişdir. O, bir neçə aydır ki, narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin qəbul edir. 27 may 2024-cü il tarixdə saat 22:30-da ünvan 5 ünvanın qarşısında olarkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirib barəsində narkotik vasitələri qanunsuz saxlamaqla daşımağı barədə məlumatlı olduğunu söylədikdən sonra onu Nəsimi Rayon Polis İdarəsinə dəvət etdikdə, etiraz etməyib polis əməkdaşları ilə birgə həmin polis idarəsinə gəlmişlər. Polis idarəsində şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün ona vəkil təyin olunduqdan, tərcüməçi dəvət edildikdən sonra otaqların birində üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə ona üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə onu təqdim etməsi təklif olunduqda o, əynində olan cins şalvarın cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “Leobank” plastik bank kartı, 01 ədəd “Rothmans” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmçinin həmin siqaret qutusunun içərisindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd şüşə ampulanı təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq o, təqdim etdiyi psixotrop maddə və narkotik vasitəni sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Baba” adlı şəxsdən 27 may 2024-cü il tarixdə öz şəxsi istifadəsi üçün 100 manata məkan yeri bildirilməklə “Qış parkı” deyilən ərazidə qoyulmuş yerdən əldə etdiyini bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış, lakin başqa heç bir əşya aşkarlanmamışdır. Təqdim etdiyi bükümlər, mobil telefon və bank kartı qablaşdırılaraq götürülmüş, videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. Nəsimi Rayon Polis İdarəsinə gətirilməmişdən və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamış, üzərinə yalnız həmin polis idarəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddə ona məxsusdur. O, həmin şəxsin əlamətlərini bilmir, həmin şəxslə sosial şəbəkə vasitəsilə əlaqə saxlamış və həmin şəxsə 100 manat pulu göndərdikdən sonra narkotik vasitə və psixotrop maddəni “Qış parkı” deyilən əraziyə qoyub məkan yerini ona göndərmiş, o da onları gedib həmin yerdən götürmüşdür. Həmin şəxsdən ilk dəfə psixotrop maddə və narkotik vasitə almışdır. O, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə heç bir zaman məşğul olmamışdır. Narkotik vasitə və psixotrop maddə əldə etdiyi şəxslə aralarında narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə bağlı hər hansı razılaşma olmamış, ümumiyyətlə o, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur.
7. Məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024-cü il tarixli əməliyyat raportundan görünür ki, ünvan 2 ünvanda “Cəlil” adlı şəxsin narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cəlil adlı şəxsin xx.xx.2003-cü il təvəllüdlü Sumqayıt şəhərində anadan olduğu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 7anında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir (cild 1, iş vərəqi 5).
8. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan, həmin tarixli, 51/7177/24 nömrəli əmrdən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşları tərəfindən ünvan 2 ünvanında müəyyən olunub saxlanılmış və 19-cu Polis Şöbəsinə gətirilmişdir (cild 1, iş vərəqi 5-6; 7-8; 10).
9. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 696 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (cild 1, iş vərəqə 159-160)
10. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024cü il tarixli, 1979 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi durumuna görə onun özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs öz psixi durumuna görə araşdırma üçün əhəmiyyətli olan halları adekvat qavramaq və onlar haqqında obyektiv ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs fantaziya, özündən uydurmağa patoloji meyllilik müəyyən edilmədi. Təqsirləndirilən şəxs hazırki psixi durumu ona araşdırma üzrə zəruri olan hərəkətlərtdə iştirak etməyə imkan verir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. (cild 1, iş vərəqi 195- 197).
11. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3777 nömrəli rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 103-104).
12. Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs əməli Cinayaət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,29 qram narkotik vasitə qurudulmuş marixuana ittihama daxil edilməmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilərək götürülmüş 15,536 qram olan psixotrop maddə metamfetamin xüsusiyyətlərinə, əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 15,336 qram metamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk iş üzrə sübut kimi tanınmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması zamanı aşkar edilərək götürülmüş maddi sübut olmayan narkotik vasitə qurudulmuş marixuananın 0,25 qram qalığı və 01 ədəd şüşə flakon saxlanılması, eləcə də 01 ədəd plastik bank kartı və 01 ədəd mobil telefon isə yaxın qohumlarına qaytarılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi qərara alınmışdır. (cild 1, iş vərəqi 203-213).
13. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqi 134-136).
14. Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrlə aparılan danışıqlar və anten məlumatları ilə bağlı Daxili İşlər Nazirliyinin Baş İnformasiya- Kommunikasiya İdarəsinin məktubuna əlavə edilmiş bir ədəd diskdə olan telefon danışıqlarına və sms mübadilələrinə dair məlumatlar təhlil olunarkən iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. (cild 1, iş vərəqi 201)
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
15. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 27 may 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində olarkən 3-4 nəfər polis əməkdaşı yaxınlaşıb Nəsimi Rayon Polis İdarəsinə getməli olduğunu ona söyləmiş, həmin vaxt onun üzərində 2 ədəd bükümdə narkotik tərkibli marixuana olmuşdur. Orada onun üzərinə baxış keçirilmiş və polis əməkdaşları həmin narkotik tərkibli maddələri aşkar etdiklərindən polis idarəsinə aparılmış, idarəyə çatdıqdan 10 dəqiqə sonra xidməti otağa daxil etmişlər. Həmin otaqda bir nəfər adını bilmədiyi polis əməkdaşı əlindəki içərisində 2-3 ədəd metamfetamin doldurulmuş siqaret dənəsi təqdim edib həmin bükümlərin ona məxsus olduğunu söyləməsini tələb etdikdə, o, həmin polis əməkdaşına təqdim olunan bükümlərin ona məxsus olmadığını demiş, bundan sonra polis əməkdaşı seyfdən daha böyük ölçüdə olan sellofan bağlamanı çıxarıb həmin bağlamanı ona aid olmasını söyləməklə hədələmişdir. O da məcbur qalıb razılaşmış, əks halda daha ağır cinayət əməli ilə onların ona aid olduğunu söyləmişlər. O, polis əməkdaşına həmin maddələrin ona aid olmadığını söyləyən zaman seyfdən daha böyük bir sellofan bağlama çıxardaraq onda bu bağlamanın ona aid olduğunu söyləyərək onu təhdid etmişlər. O da məcbur qalıb razılaşmış, əks halda onu daha ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb ediləcəyi ilə hədələmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, saat 18-19 radələrində polis əməkdaşları tərəfindən saxlanılarkən tək olmuş, polis idarəsində videoçəkiliş aparılmış, üzərindən aşkarlanmış metamfetamin ona aid olmamış, narkotik vasitə istifadəçisi olmuş, üzərindən aşkarlanmış narkotik vasitə marixuananı “M.Əcəmi” metrostansiyasının yaxınlığından əldə etmiş, ona fiziki təzyiq göstərilməmiş, lakin psixi təzyiq göstərilmiş, polis əməkdaşı onun avtomobilindən götürdükləri siqaret qutusunun içərisinə metamfetamin olan bükümləri qoymuş, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmə qarşısında duran zaman üzərindən aşkarlanmış metamfetaminin ona məxsus olmadığını söyləmiş, metamfetamin onun gözünün qarşısında qablaşdırılmamış, şəxsi axtarış zamanı müdafiəçisi iştirak etməmiş, sonradan gəlmiş, tərcüməçi isə iştirak etmiş, tərtib edilmiş ekspert rəyi ilə razı olmamışdır.
16. Müdafiə tərəfi təqsirləndirilən şəxsin atası X1 xx.xx.2024-cü il tarixdə ölməsinə dair “Ölüm haqqında şəhadətnamə”-ni təqdim etmişdir.
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət Məcəlləsi:
17. CM-in 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
18. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
20. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
21. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
23. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
24. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
25. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
26. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
27. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
28. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
29. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
30. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
31. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
32. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
33. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən, psixotrop maddə metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
34. Maddə 1.0.2. psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır
35. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
36. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
37. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”
38. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən, İstintaq təcridxanasının müdiriyyəti istintaq təcridxanasına gətirilmiş həbs edilmiş şəxsi qəbul etməli və aşağıdakı məlumatları qeydə almalıdır: 5.7.5. bənd. həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun istintaq təcridxanasına daxil olanadək məruz qaldığı hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayəti. 21.8. bənd. İstintaq təcridxanasının müdiriyyəti həbs edilmiş şəxsdə prosessual hərəkətin keçirilməsindən əvvəl və sonra müşahidə olunan bədən xəsarətləri və prosessual hərəkət zamanı yol verilən hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar barədə şikayətləri qeydə alır və Qanunda (“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanun) nəzərdə tutulmuş qaydada tədbirlər görür.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı
39. Qərarın 16-cı bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.1-1-ci maddəsində həmin Məcəllənin 234.1-ci maddəsində göstərilən əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Odur ki, CM-in 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
40. Qərarın 16-cı bəndi (4-cü abzas). Satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.
41. Qərarın 25-ci bəndi (2-ci abzas) və 26-cı bəndi. Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
Avropa Məhkəməsinin president hüququ:
42. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
43. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin miqdarı və digər sübutlar külli miqdarda psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsinə dəlalət edir.
44. Psixotrop maddənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi, qablaşdırılması, həmin maddə kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən (hökmün 26-cı bəndi) həmin hərəkətlərin nəticələri, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi, onun məhkəmə baxışı zamanı ittihama uyğun məzmunda verdiyi ifadəsi, şahid ifadələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
45. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş psixotrop maddənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən (bax: hökmün 34-37-ci bəndləri) irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
46. Məhkəmənin mövqeyinə görə, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi olmadan psixotrop maddəni əldə etmə, saxlama və daşımaya görə verilmiş ittiham əsaslıdır. Beləki, işdə olan sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs külli miqdarda, yəni 15,536 qram psixotrop maddə metamfetamini satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımışdır.
47. Təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Belə ki, təqsirləndirilən şəxs üzərində ittihamda göstərilən miqdarda psixotrop maddə metamfetaminin aşkar edilmədiyini, həmin metamfetaminin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, ona qarşı psixoloji təsir göstərildiyini, üzərindən aşkarlanmış psixotrop maddə metamfetamini müvafiq istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün polis əməkdaşının təqdim etdiyini bildirərək özünü təqsirli bilməmişdir.
48. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji, fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət aşkar edilməmiş və döyülməsi barədə məlumat verməmiş, psixoloji təsir göstərilməsi barədə dəlilləri ancaq məhkəmədə bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
49. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə zorakılığın mövcud olmaması və sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (hökmün 28, 38,39, 40, 41-ci bəndlərindəki normativ aktlara əsasən).
50. Məhkəmənin mövqeyinə görə təqsirləndirilən şəxsin üzərində psixotrop maddə metamfetaminin olmaması, polis əməkdaşları tərəfindən psixi zorakılığın göstərilməsi, tutulduğu yerdə üzərinə baxış keçirilməsi, polis əməkdaşının müvafiq istintaq hərəkəti zamanı psixotrop maddə metamfetamini nümayiş etdirməsi üçün təqdim etməsi baradə dedikləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə baxışında şəxsi axtarış və götürmə istintaqı hərəkəti zamanı videoçəkilişin aparıldığını söyləmişdir. Həmin istintaq hərəkətinin videoçəkilişdən görünür ki, videoyazı fasiləsiz aparılmış, hər hansı kəsintiyə yol verilməmiş, təqsirləndirilən şəxs könüllü şəkildə cibindən narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini çıxarıb təqdim etmiş, təhqiqatçı tərəfindən qablaşdırılmaqla, iştirakçılar tərəfindən imzalanıb möhürlənmişdir. Daha sonra müvafiq zərf ekspertizaya göndərilmiş və ekspertizanın nəticəsinə dair rəy tərtib edilməklə cinayət işinin materiallarına əlavə olunmuşdur.
51. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsini, təqsirləndirilən şəxsin üzərində psixotrop maddənin olmasını səmimi şəkildə etiraf etməsini, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, külli psixotrop maddə metamfetamini məhz satış məqsədi olmadan əldə etmişdir.
52. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (hökmün 25-ci bəndi).
53. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
54. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 18, 19, 20, 21-ci bəndləri).
55. Məhkəmə təqsirləndirilən şəxsin məhkumluğunun olmamasını, törətdiyi cinayət əməlini qismən etiraf etməsini, ailə vəziyyəti, məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə davranışını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əzasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
56. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin 02 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (cild 1, iş vərəqi 198-199).
57. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli, 53-2/1-3595 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini aldığı şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etmək mümkün olmamış, onun narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirilməsi ilə bağlı məlumat əldə edilməmişdir. (cild 1, iş vərəqə 181)
58. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
59. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (hökmün 22-ci bəndi).
60. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 38, 129-133, 190-193). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (hökmün 23, 29 və 30-cu bəndləri).
61. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 27 may 2024cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
62. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
63. İş üzrə maddi sübut olan, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 15,336 qram psixotrop maddə metamfetamin, habelə narkotik vasitə qurudulmuş marixuananın 0,25 qram qalığı və 01 ədəd şüşə flakon məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (hökmün 31-ci bəndi).
64. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
65. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 186 (bir yüz səksən altı) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (hökmün 32-ci bəndi).
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs hazırki iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırki iş üzrə tutulduğu vaxtdan, yəni 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 186 (bir yüz səksən altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Nəsimi Rayon Polis İdarəsinin saxlanma otağına təhvil verilən ekspertiza tədqiqatından sonra qalıq çəkisi 15,336 qram olan psixotrop maddə metamfetamin, eləcə də qalıq çəkisi 0,25 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd şüşə flakon məhv edilsin. xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova