Məhkəmə qərarları › İş №1(101)-619/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-619/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-619/2020 15.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Hacıyev Siyavuş Həbib və Mikayılov Eldar Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.1985-ci il tarixində Yardımlı rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Şıxlar kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən fərdi evdə qohumu Zərərçəkmiş şəxs evində təmir işləri apardıqdan sonra sonuncu tərəfindən pulun tam verilməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə beş dəfə vuraraq sol əlin, bel nahiyəsinin, sağ boyun nahiyəsinin kəsilmiş-deşilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid və döş qəfəsinin ön səthinin boşluğuna keçən deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli olan xəsarətləri yetirməklə ona qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci ilə maddəsi elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğu doğma dayısı oğludur, onların arasında həmişə münasibətləri yaxşı olmudur. Belə ki, 2019-cu ilin iyul ayından Xəyalın Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən bir otaqlı fərdi həyət evində Xəyalla birlikdə yaşamış, həmin evin torpaq sahəsini Xəyala vermiş, evin tikintisində və təmirində Xəyala kömək etmişdir. Onlar birgə yaşadıqları müddətdə aralarında heç bir mübahisələri olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 20:00 radələrində Bakı şəhərində işlərimi bitirib Sumqayıt şəhərinə yaşadığı Sumqayıt şəhəri 76-cı məhəlləyə gəlmiş, evə çatdıqda Xəyalın və bacısının əri Şahid2 evdə olduğunu görmüş, evə daxil olaraq sonuncularla görüşmüş, sonra evdə Pərvizin yanında Xəyaldan evdə usta kimi işləməsinin qarşılığı olaraq 370 manat puldan qalmış olan 200 manat pulunu istəmişdir. Xəyal isə cavabında həmin pulu verməyəcəyini bildirmiş, sonuncudan pulu nə üçün verməyəcəyini soruşduqda, Xəyal ona heç bir səbəb və əsas göstərmədən verməyəcəyini bildirmiş, onların arasında söz mübahisəsi təxminən 15 dəqiqə davam etmiş, bu zaman isə evdə olan yeznəsi Pərviz onları sakitləşdirməyə çalışmışdır. Mübahisə zamanı onlar bir-birlərinə qeyri etik, nalayiq ifadələr işlətmiş, mübahisə zamanı bir birlərinə əl qol zərbələri atmış, o, Xəyalın bu hərəkətlərinə dözməyib şalvarımın sol arxa cibində olan mətbəx bıçağını çıxarıb Xəyalın bədəninin müxtəlif nahiyələrindən vurmuş, Xəyalı vuran zaman bıçağın sonuncuya girib girmədiyini, hansı nahiyəsindən girdiyi bilməmiş, sadəcə ona əsəbi olduğu üçün vurmağı fikirləşirmiş, Xəyalı bıçaqla vurduqdan sonra Pərviz onları ayırmış, bundan sonra evdən çıxıb getmiş və evin yaxınlğında olan obyektdə gizlənmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisədən 1 saat öncə spirtli içki içdiyi üçün alkaqol sərxoşluq vəziyyətində olmuş, bıçağı hadisədən 5-6 gün öncə Bakı şəhərindən tapmış, hadisədən sonra izi itirmək məqsədi ilə bıçağı Novxanı qəsəbəsi ərazisinə xatırlamadığı yerə tullamışdır. O, Zərərçəkmiş şəxs bıçaqla vuran zaman sonuncunu öldürmək niyyəti olmamış, sadəcə onu pulunu vermədiyi üçün cəzalandırmaq, həmçinin qorxutmaq olmuş, hadisəni Pərvizdən başqa kimsə görməmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma bibisi oğludur və 2019-cu ilin iyul ayından onun yaşadığı Sumqayət şəhəri, 76-cı məhəllə ərazisində yerləşən bir mərtəbəli fərdi tikilidə onunla birlikdə yaşayır. Hicranla birlikdə yaşadığı müddətdə, həmçinin də əvvəl aralarında normal münasibət olmuş, bir birlərinə qarşı mehriban olmuşlar. Yaşadıqları evin torpaq sahəsini Təqsirləndirilən şəxs özü ona vermiş, evin tikintisində isə ona köməklik göstərmişdir. O, isə evdə birlikdə qaldıqları müddətdə heç vaxtı pis davranmamış, evin bütün ərzağını və digər ləvazimatlarını özü almışdır. xx.xx.2020-ci ildə saat 19:00 radələrində həmişə olduğu kimi işdən çıxıb yaşadığı evə getmiş, təxminən saat 19:50 radələrində Təqsirləndirilən şəxs yeznəsi Pərviz yaşadığı evə gəlmiş, biraz ordan burdan, aralarında olan münasibətlərdən söhbət etmişlər. Bundan sonra Pərviz ayaqyoluna getmiş, Pərviz ayaqyolunda olduğu ərəfədə Hicran gəlmiş, Hicran içəri girdikdən sonra Pərvizin evdə olub olmadığını soruşmuş, o guya Pərvizin evdə olmağı barədə məlumatının olmadığını demiş, Hicran isə cavabında demişdir ki, Pərvizin ayaqqabısını qapının girəcəyndə görmüş və bu səbəbdən soruşmuşdur. Bundan sonra Pərviz də içəri gəlmiş və kresloda oturmuşdur. Hicran isə ayaq üstə durmuş və ona evdə işlədikdən sonra nə üçün qalan pulu vermədiyini demişdir. Hicran ona demişdir ki, guya ona ümumilikdə 370 manat borcu olmuş, həmin borcdan 170 manatı ona siqaret və digər gündəlik yeyinti malları alaraq ödəmiş, lakin, 200 manat pulu verməmişdir. O, sonuncuya pul verməyəcəyini bildirmiş, belə olduqda aralarında bu zəmində söz mübahisəsi olmuş, həmin mübahisə təxminən 15 dəqiqəyə yaxın davam etmişdir. Mübahisənin sonunda Hicran ondan bir daha ona pul verilib-verilməcəyəsini soruşmuş, o isə cavabında Hicrana hər hansı miqdarda pul verməyəcəyini bildirmişdir. Bundan sonra Hicran əlini arxa cibindən çıxarıb “onda ala” deyərək ona zərbələr atmış, Hicranın bu sözü deməsindən sonra ona məlum olmuşdur ki, ona bıçaqla zərbələr vurur. İlk öncə ona zərbələrin dəyməsini bilməmiş, Pərviz onları ayırdıqdan sonra bədənində olan qan ləkələrindən bilmişdir ki, Hicran ona bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Hicran evdən çıxıb getmiş, o, tez öz mobil nömrəsi ilə qonşuluqda yaşayan Elvinə zəng edib onu təcli olaraq Sumqayıt şəhər TTYX-na aparmasını bildirmiş, sonra o, Pərviz və Elvinin köməkliyi ilə Sumqayıt şəhər TTYX-na gətirilmişdir. Əlavə olaraq göstərmişdir ki, hadisədən sonra xəstəxanaya aparılıqda əynindəki paltarlar qana bulaşıq olduğu üçün yolda gedərkən paltarlarını çıxarmış və zibil qutusuna atmış, bədənindəki yaralarını əski parçası ilə tutaraq xəstəxanaya getmiş, hazırda paltarları atdığı yeri dəqiq xatırlamır. Hadisə baş verən ərəfədə Hicranın sərxoş olduğunu hiss etmiş, hadisə zamanı evdə üçündən başqa heç kim olmamış, Hicran bıçağı əvvəlcədən özü ilə gətirmiş, onun əvvəlcədən bıçaqla bağlı heç bir məlumatı olmamışdır. Hazırda ona dəymiş ziyan təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə Şahid1 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs doğma qardaşıdır. xx.xx.2019-cu il tarixdə axşaat saat 23 radələrində qohumu olan Şahid2 onun mobil nömrəsinə zəng etdiyini görmüş və telefon zənginə cavab vermiş, Pərviz ona telefonda bildirmişdir ki, qaynı Təqsirləndirilən şəxs təxminən 20-25 dəqiqə bundan öncə qardaşı Zərərçəkmiş şəxs bıçaqla bir neçə dəfə vurmuş və qardaşı xəsarətlər almışdır. Bundan sonra Pərvizdən harada olduqlarını soruşmuş, Pərviz ona bildirmişdir ki, qardaşı Xəyalı Əliyevi təcili olaraq qonşuluqda yaşayan Elvin adlı şəxslə birlikdə Sumqayıt şəhər TTYX-na gətirmişlər. Bundan sonra Quba rayonundan birbaşa xəstəxanaya gəlmiş, xəstəxanada qardaşı barədə maraqlandıqda əməliyyat olunduğu üçün reanimasiya şöbəsinə yerləşdirildiyi ona bildirilmişdir. Məhkəmədə Şahid2 ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. O, ibtidai istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həm dayısı oğlu və həmdə qaynıdır. Zərərçəkmiş şəxs isə onun arvadının dayısı oğludur. Onların hər ikisi ilə münasibəti yaxşı olmuş, Hicran təxminən bir ilə yaxın bir müddət olardı ki, Xəyal Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən fərdi evində yaşamışdır. Hadisədən təxminən 3-4 gün əvvəl Xəyal ilə Hicran arasında mübahisə olması və Xəyalın Hicranı evdən qovması barədə azda olsa məlumatı olmuş, belə ki, Xəyalın evində olduqda Hicran özünə aid paltarları gəlib həmin evdən apardığını bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 19:50 radələrində qonşuluqda yaşayan Xəyalın evinə getmiş, Xəyal ilə ordan-burdan söhbət edə edə çay içmiş, Xəyal Hicranın harada olmasından narahatlıq keçirdiyini tez tez söyləmiş, təxminən saat 22 radələrində Hicran evə gəlmiş, Hicran evə girəndə o, otağda olan kresloda oturmuş vəziyyətdə olmuş, Xəyal isə ayaqüstə olmuşdur. Hicranın alkaqol sərxoşluğu vəziyyətində olması hiss olunmuş, Hicran Xəyaldan pulunu istəmiş, söhbət zamanı aydın olmuşdur ki, Hicran Xəyaldan evində usta kimi işlədiyi müddətin və etdiyi işin zəhmət haqqını istəyir. Hicran söhbət zamanı Xəyala 170 manat pul borclu qaldığını israrla bildirmiş, onların arasında söz mübahisəsi təxminən 15-20 dəqiqə davam etmiş, o, bacardığı qədər sonuncuları sakitləşdirsə də, Hicran sərxoş olduğ üçün Xəyalın ünvanına nalayiq söyüşlər söymüş və təhqir etmişdir. Xəyal isə öz növbəsində Hicranın cavabını qaytarmış və ona heç bir pul verməyəcəyini, Hicrana borclu olmadığını, evi tərk etməsini demişdir. Mübahisənin sonunda Hicran Xəyaldan təkrar olaraq pulu verib-verməyəcəyini soruşmuş, Xəyal isə ona pul verməyəcəyini bildirmişdir Bu zaman Hicran Xəyalın üzərinə gələrək ona əl zərbələri ilə vurmağa başlamış, Hicran zərbə atan zaman onun sol əlində bıçaq olduğunu görmüş və onun əlini burub qapıdan çölə çıxarmışdır. Bundan sonra Xəyal ona bildirmişdir ki, Hicran artıq onu bıçaqla bir neçə dəfə vurub xəsarət yetirmişdir. Bundan sonra məlum olmuşdur ki, Hicran əl zərbələri atan zaman bıçaqla Xəyala xəsarətlər yetirib. Belə olduqda o, dərhal qonşuluqda yaşayan Elvin adlı qonşusuna zəng edərək kömək etməsini bildirmiş, Elvin maşını yola çıxaranadək Xəyalı yola çıxarmış, sonra Elvinlə birlikdə Xəyalı Sumqayıt TTYX-na gətirmiş, baş verən hadisə barədə Xəyalın qardaşı Emilə məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, əvvəlcə Hicranın Xəyalı əli ilə vurduğunu zənn etmiş, sonra Hicranın əlində bıçaq görüb çölə çıxardıqdan sonra bilmişdir ki, Hicran Xəyalı bıçaqlayıb və xəstəxanada məlum olmuşdur ki, Xəyala Hicran tərəfindən 4-5 bıçaq zərbəsi vurulmuşdur. Onların arasında olan söz mübahisəsi 15-20 dəqiqə davam etmiş, lakin Xəyalı bıçaqlanması təxminən 30 saniyə çəkmişdir. Hicranı evdən çıxaranda bıçaq özündə olmuş və sonra Hicranı görmədiyi üçün əlavə məlumatı yoxdur. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş Məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli, 156 №-li rəyinə əsasən 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində – döş qəfəsin ön səthinin sağ yarısının döş boşluğuna keçən, lakin heç bir daxili orqanı zədələməyən kəsilmiş-deşilmiş yarası, sol əlin, bel nahiyəsini, sağ boyun nahiyəsinin kəsilmiş-deşilmiş yaraları kimi xəsarətlər olduğu, həmin xəsarətlərin 11.01,2020-ci il tarixdə yetirilməyə xarakterik olduğu, xəsarətlərin döş qəfəsin ön səthinin sağ yarısının döş boşluğuna keçən deşilmiş-kəsilmiş yarasıhəyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə sol əlin, bel nahiyəsini, sağ boyun nahiyəsinin kəsilmiş-deşilmiş yaraları isə sağlamlığın qısa müdətli pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xəsarətlərin xarakterinə, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi inandırıcı deyil. Məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzindən alınmış kompleks asbulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 349 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək aə onları idarə etmə iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinin Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinə cavab verə bilmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intelektual imkanları normaya uyğundur, əqli və psixi durumunda hər hansı bir dəyişiklik aşkar olunmur. Düzgün qavramaq, təsvir etmək, məlumat çatdırmaq və ifadə vermək qabiliyyətinə malikdir. Emosional-iradı sferasında, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi emosional vəziyyətində hirslilik, qəzəblilik yaranmış, həmin halın yaranması situasiya ilə şərtlənmir. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davaranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Beləliklə də, məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə istintaqı zamanı həmin əməlin cinayət olmasını aradan qaldıran hallar və həmçinin onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Pİ-də AR CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi xx.xx.2017-ci il tarixdə AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, təyin olunacaq azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs tərəfindən «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcının onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmasını və barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1 və 58.3-cü maddələrinin tələblərinə görə, cinayəti törətməkdə təqsirli bilinən hər bir şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, cəza təyin edərkən, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin edilən cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, cinayət əməli törətmiş şəxs haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayət əməlinin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi və Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş musadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın, habelə həmin pul vəsaitləri və yaxud digər əmlak hesabına əldə edilmiş gəlirlərin (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsinin; terrorçuluğun, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasını nəzərdə tutmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmənin qərarı əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 2 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq müdafiəçi tərəfindən 40 iş saatı həcmində hüquqi yardım sərf edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pulun köçürülməsini qanuni və əsaslı hesab edir. Cinayət işi üzrə, mülki ididia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmədə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsi vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 2 saylı Vəkil bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov

2. Siyavuş Hacıyev

3. Eldar Mikayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar