Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-620/2024 15.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1995-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Teartr Lounge ” restoranında qəlyan təmizləyən işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixi qərarı ilə həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,470 qram çəkidə psixotrop maddə metamfetamini 17 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhərində “Dəniz kənan bulvar”-da əldə edərək, üzərində saxlamış və ünvan 4 ünvanına daşımışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 17 noyabr 2022ci il tarixdə saat 19:00-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarının sol yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,580 qram və 4,890 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 10,470 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Sumqayıt şəhərinin sakinidir, 17 noyabr 2022-ci il tarixdə işə gedərkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizim şöbəsinin baş əməliyyatçısı Vüqar Ağayev və onun yanında olan üç nəfər polis əməkdaşı ilə birlikdə idarəyə gətirilmiş, idarədə olarkən namaz qılıb-qılmaması, əqidəsi və tanımadığı şəxslərin adları sonuncudan soruşulmuşdur. Saxlanılan zaman üzərində “Bakcell” operatoruna məxsus ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Polis idarəsinin dini ekstremizim şöbəsinin rəisinin otağına gətirilərək qarşısına iki paket qoyulmuş, onların sonuncuya məxsus olması bildirilmişdir. Polis əməkdaşları tərəfindən ailəsi ilə hədələndiyinə üçün narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Axşam saatlarında təxmini saat 10:00 radələrində üzərinə baxış keçirilən zaman videoçəkilişdə müdafiəçi də iştirak etmiş və bütün baş verən hadisələrin şahidi olmuşdur. Narkotik vasitələrdən həmişə uzaq olduğuna, heç vaxt istifadə etmədiyinə görə polis əməkdaşlarına üzərinə narkotik vasitə əvəzinə silah qoyulmasını bildirmişdir. Polis əməkdaşları sonuncunun təklifi ilə razılaşmamışdır. Yaxınlarının şikayəti əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunun müstəntiqi tərəfindən dindirilən zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qaldığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törədilmiş cinayət əməli barədə verdiyi izahat və ifadələrində “şüşə” kimi bilinən psixotrop maddə metemfetamindən istifadə etdiyini, özünə lazım olduqda müxtəlif şəxslərdən əldə etdiyini, 17 noyabr 2022-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhərində dəniz kənarı bulvar adlanan ərazidə yerdən 2 ədəd bükümdə psixotrop maddə metamfetamin tapdığını, onları əynindəki şalvarın sol yan cibində saxladığını, fürsət düşən kimi qəbul edəcəyini, həmin gün işi ilə əlaqədar ünvan 4 ünvanının yaxınlığında olduğu zaman özlərini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslərin ona yaxınlaşaraq, ondan anket məlumatlarını dəqiqləşdirdikdən sonra onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirdiklərini, o, isə səmimi olaraq üzərində şəxsi istifadəsi üçün metamfetamin saxladığını, lakin heç vaxt satışı ilə məşğul olmadığını polislərə bildirdiyini, polislərin onu Baş İdarəyə dəvət etdiklərini, onun da buna etiraz etməyərək polis əməkdaşları ilə birgə həmin idarəyə getdiyini, polis idarəsində hüquqlarını müdafiə edəcək vəkillə təmin edildikdən sonra vəkilin iştirakı ona hüquq və vəzifələrinin izah edildikdən sonra video çəkilişdən istifadə edilərək üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərində əynindəki şalvarın sol yan cibindən 2 ədəd sellofan bükümdəki metamfetmani çıxardıb masanın üzərinə qoymaqla təqdim etdiyini, bu maddələrin polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürüldüyünü bildirmişdir. (Cild 1, iş vərəq 51-52, 64-66, 83-84, Cild 2, iş vərəq 108-109). Məhkəmə iclasında və ibtidai istintaq dövründə verdiyi ifadələri arasındakı ziddiyyətlərin səbəbini polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması ilə izah etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 17 noyabr 2022-ci il tarixdə Baş İdarəyə daxil olan narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, təxmini saat 19:00 radələrində Bakı şəhəri 28 May metrostansiyasının yaxınlığında olan dəmiryolu avtovağzalına getmiş, 15-20 dəqiqə müşahidə apardıqdan sonra xarici simasından Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Təqsirləndirilən şəxsə nə üçün yaxınlaşdığını və şübhənin mahiyyətini bildirdikdən sonra onu polis idarəsinə dəvət etmişdir. Polis idarəsində videoçəkiliş zamanı təqsirləndirilən şəxsin üzərindən özünün Sumqayıt bulvarından tapdığını bildirdiyi iki büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi faktı öz təsdiqini tapmamış, sonuncu saxlanılarkən polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, 17 noyabr 2022- cil tarixdə Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi və daşınması ilə bağlı daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qurupu yaradılmış, həmin tarixdə saat 19:00 radələrində Mirəli Qaşqay küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir. Baş İdarədə olarkən videoçəkiliş zamanı təqsirləndirilən şəxsin şalvarının cibindən özünün təqdim etdiyi psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş və polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. Polis əməkdaşları tərəfindən də təqsirləndirilən şəxsə fiziki və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid3 Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 17 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokol və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 19:00 radələrində ünvan 5 ünvanında saxlanılaraq həmin idarəyə gətirilmiş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə həyata keçirilən zaman ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri vermək təklif edildikdə, o, üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan boz rəngli şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümü, həmin şalvarın cibindən “İphone” markalı mobil telefonu, əynində olan şalvarının sağ yan cibindən 8 manat pulu və üzərində **********079265, **********245272 rəqəmləri qeyd edilən 02 ədəd plastik bank kartını, özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər iki bükümün psixotrop maddə metamfetaminə oxşar maddələr olduğu aşkar edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Sumqayıt şəhərində yerləşən "Dəniz kənarı Bulvar” adlanan ərazidə yerdən tapdığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan psixotrop maddələr 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ‘‘Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini Sumqayıt şəhərində yerləşən dəniz kənarı bulvar adlanan ərazidə tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqi 42- 44). 18 noyabr 2022-ci il tarixli məhkəmə kimyəvi ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində "... Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” və sair yazılar, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 5,580 qram və 4,890 qram, ümumi təmiz çəkisi 10,470 qram olan ağ rəngli, kristallik maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatından sonra metamfetaminin qalıq çəkisi 10, 370 qram təşkil etmişdir (cild 1, iş vərəqi 55-56). 20 noyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10, 370 qram təşkil edən metamfetamin maddi sübut qismində tanınmışdır(cild 1, iş vərəqi 106). 18 noyabr 2022-ci il tarixli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət aşkar edilməmişdir (Cild 1, iş vərəq 154- 155). 01 dekabr 2022-ci il tarixli məhkəmə kimyəvi ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), kannabinoid (çətənə bitkisindən alınan təbii mənşəli narkotik hesab edilən), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 159-161). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 9 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 151). 12 iyul 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarla təqsirləndirilən şəxs X2 üzərinə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 10,470 qram olan və ekspertiza keçirildikdən sonra qalıq çəkisi 10,370 qram olan psixotrop maddə metamfetaminin Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağında saxlanılması müəyyən edilmişdir (cild 2, iş vərəqə 147-153). “Götürülmüş əşyanın təyinatı üzrə həll edilməsi haqqında ” 06 fevral 2023-cü il tarixli qərarla şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş və üzərində **********079265, **********245272 rəqəmləri qeyd edilən 02 ədəd plastik bank kartı sonuncunun ailə üzvlərinə qaytarılması üçün müdafiəçisi X3 verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbayvan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 2-ci Siyahısının (köhnə redaksiyada) 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs barəsində 27 noyabr 2023-cü il tarixdə video-çəkiliş vasitəsilə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən üzərindən metamfetaminə oxşar maddə aşkar edilmiş, o həmin maddənin şüşə olduğunu bildirib, Sumqayıt şəhərində yerləşən “dəniz kənarı bulvar adlanan” ərazidə yerdən tapdığını, şəxsi istifadə üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin ibtidai istintaq dövründə həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində ifadə verərkən həmin ifadələri bir daha təsdiq etmişdir. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs həm şübhəli, həm təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrindən imtina edərək, həmin ifadələrin barəsində psixoloji təzyiq tətbiq edilməsi səbəbindən tərəfindən verildiyini, eləcə də videoçəkilişlə qeydə alınması üsulu ilə barəsində şəxsi axtarış istintaqı hərəkəti keçirilməsinə və psixotrop maddə metamfetamin təqdim etməyə razı olduğunu qeyd etmiş, həmin psixoloji təsirin nədən ibarət olmasını təsdiq edəcək mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə əldə etdiyi Bakı İstintaq Təcridxanasından daxil olan 31 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən, ilkin tibbi müayinə zamanı xəsarət aşkar edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən psixotrop maddə metamfetaminin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materillarında olan xasiyyətnamədən görünür ki, X4 qeydiyyatda olduğu və yaşadığı dövrdə onun barəsində 22 saylı mənzil kommunal idarəsindən qonşularından və digər orqanlardan heç bir yazılı və şifahi şikayət daxil olmayıb. Xasiyyətnamə üzrə şəxsiyyəti müsbət qiymətləndirilir (cild 1, iş vərəqi 109-110). Cəza təyin edərkən məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 37). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2022-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 17 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 96-100). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs oğluna təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə narkoloji ekspertizasının 18 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, iş vərəqə156- 157). Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,370 qram təşkil edən metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 88 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 54). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10,370 qram təşkil edən metamfetamin məhv edilsin; - Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 240 (iki yüz qırx ) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-620/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-620/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver