Məhkəmə qərarları › İş №1(101)-622/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-622/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-622/2022 08.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2, müdafiəçi, Bakı şəhəri 4 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Azərbaycan-rus dillərinin tərcüməçisi X2 iştirakları ilə, xx xxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən yandırmaqla, zərərçəkmiş şəxsə xüsusilə küllü miqdarda ziyan vurmaqla əmlakını məhv etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində özgənin əmlakını qəsdən yandırmaqla məhv edib maddi ziyan vurmaq məqsədilə ünvan 3 ünvanında olan Zərərçəkmiş şəxs ərazisi olan, inzibati binanın sağ yan hissəsindəki şlaqbaumlu giriş üçün icazəli olan sahəyə qanunsuz daxil olaraq nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazidən məhkəmənin inzibati binasının sol girişinin qarşısında pilləkan qəfəsinin altında olan, binanın divarının isti aqlayının və su navalçasının axımının qarşısındakı bina divarına bitişik olan plastmas zibil qabını, həmin ünvana gəlməmişdən öncə yaşadığı mənzildə hazırlamış olduğu içərisini kibrit dənləri ilə doldurub üzərinə asan alışan mayeni səpib, karton kağızın içərisinə doldurub kleyləmə üsulu ilə düzəltmiş olduğu bükümü həmin ünvanda üzərindəki alışqan ilə yandırıb divar dibinə bitişik olan zibil qabını yandırmaqla, daha sonra həmin odun yaxşı alovlanıb miqyasının genişlənib inzibati binanı yandırması üçün alovlu qabın içərisinə, üzərində olan asan alışan neft əsaslı materialları həmin yanan odun üzərinə əlavə edib ayaqları ilə həmin zibil qutusunu təpikləmiş, nəticədə məhkəmənin həmin hissədə inzibati binasının sol girişinin qarşısındakı pilləkan qəfəsinin altında olan binanın divarının isti aqlay adlanan örtüyünün 4x0,9 metr ölçüdə, su navalçasının üzərində olan boya qatı istinin təsirindən üzərlərində vurulmuş boya qatları bəzi hissələrdə yanmaqla ümumi inzibati yandırmaq üçün real qəsd hərəkətləri edib Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 5.897.867,3 (beş milyon səkkiz yüz doxsan yeddi min səkkiz yüz altmış yeddi manat otuz qəpik) manat dəyərində olan inzibati binasına və məhkəmənin içərisində olan 3.999.962,23 (üç milyon doqquz yüz doxsan doqquz min doqquz yüz altmış iki manat iyirmi üç qəpik) manat dəyərində istifadə olunan inventar və avadanlıqlarını yandırmaqla Suraxanı Rayon Məhkəməsinə cəmi 9.897.829,53 (doqquz milyon səkkiz yüz doxsan yeddi min səkkiz yüz iyirmi doqquz manat əlli üç qəpik) manat xüsusilə küllü miqdarda ziyan vurmaqla əmlakını məhv etməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə həmin gün hava şəraiti gecə qısa müddətli yağış yağmasına görə o, cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,186.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında kirayədə yaşayır. 2014-cü il tarixdə o, dinə gəlmiş və sünni təriqətinin vəhabilik qolu üzrə namaz qılır. O, hadisənin baş verdiyi gün 50 qram olan yağı, alışqanı götürüb, karton kağızı cırmış və həmin kartonun içərisinə kibrit dənələri qoyub onu yumrulamış və bərk qalması üçün “Moment” yapışqanı ilə tam bükmüşdür. Həmin bükümün içərisinə və üzərinə bükməmişdən öncə yağ tökmüşdür. O, bükümü və alışqanı cibinə qoymuş, məhkəmənin girişdən sol tərəfdə olan dayanacaq hissəsinə yaxınlaşmış və zibil vedrəsi onun diqqətini cəlb etmişdir. O, həmin bükümü əlində yandırmış və plastmas zibil vedrəsinə atmışdır. Həmin yağ qabını da vedrəyə atmış və vedrə yanmışdır. O, vedrənin əridiyini müşahidə etdikdən bir qədər sonra məhkəmədən uzaqlaşmış və evə getmişdir. Daha sonra yenidən məhkəmənin həyətinə gəlmiş və evdən götürdüyü kəlbətinlə elektrik naqillərini kəsib oradan uzaqlaşmışdır. O, hadisəni nə üçün törətdiyini bilmir və özündə olmamışdır. 6-7 aydır ki qulağına səslər gəldiyini və gözünə varlıqlar göründüyünü qeyd edir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, Suraxanı Rayon Məhkəməsində işləyən hər hansı şəxslə ədavəti olmamışdır. Onun məqsədi məhkəməni deyil, zibil vedrəsini yandırmaq olmuşdur. Zibil vedrəsini yandırdıqdan 1-2 saat sonra yenidən məhkəmənin həyətinə gəlib işıq kabellərini kəsmişdir. Məhkəmə ilə onun yaşadığı ev arasındakı məsafə təxminən 200 metr olar. Onun üzvü olduğu təriqət ilə məhkəməni yandırmağının qarşılıqlı heç bir əlaqəsi yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, kirayə yaşadığı evdə olan təmir işləri ilə əlaqdər olaraq yağlama üçün duru yağ almışdır. Həmin yağ yumşaq küçük qablaşmada olmuşdur. 29 iyul 2021-ci il tarixdə o, Suraxanı Rayon Məhkəməsinə ziyan vurmaq üçün evdən bir neçə gün öncə almış olduğu 50 qram olan maye yağı, alışqanı və karton kağızı cırmış və həmin kartonun içərisinə kibrit dənələri qoyub onun yumrulanmış və bərk qalması üçün onu moment кleyi ilə tam bükmüş və həmin bükümü bükməmişdən öncə içərisinə yağ və sonra yenə üzərinə yağ tökmüşdür. Bir ədəd bükümü rulon formasında bükmüş və əlində həmin bükümü saxlamış və maye, alışqanı cibinə qoymuş, məhkəmənin girişdən sol tərəfdə olan dayanacaq hissəsinə yaxınlaşmış və sol tərəfdə yağış sularının axması üçün olan borunun altındakı vedrə onun diqqətini cəlb etmişdir. Həmin vaxtı onun əynində qara kapişon, qara şalvar, bej köynək və göy rəngli barmaqlıq olmuşdur. O, həmin bükümü əlində yandırmış, palstmas vedrəyə atmış, üzərinə əlindəki yağı qabı ilə birlikdə vedrəyə atmışdır. Vedrə yaxşı yanmamış, ona görə o, vedrəni təpikləmiş, əlində olan kley tipli mayeni də üzərinə səpmiş və kley qabını da odun üzərinə atmışdır ki, yaxşı alışsın. Sonra o yenə bir qədər məhkəmənin yanında fırlanmış və vedrənin yanmasını görmüşdür. Həmin vaxtı hava bir qədər yağışlı olmuşdur. Elə bilmişdir ki, məhkəmə yanacaq və evə getmiş, artıq 30 iyul 2021-ci il tarixdə 02 radələrində o, məhkəmənin yanıb-yanmamasını görmək üçün məhkəmənin ətrafına gəlmiş, məhkəmənin yanmadığını görüb üzərində olan kəlbətinlə saat məhkəmənin dayanacaq tərəfdə olan hissəsindəki fasadının işıqlanması üçün olan işıqların gələn elektrik naqillərini kəsmiş və sonra həmin ünvandan uzaqlaşmışdır. O Onun məhkəmədə işləyən hər hansı bir şəxslə problemi olmamış və onun hər hansı bir məhkəmə prossesi olmamış, ona qarşı hər hansı haqsızlıq olmamışdır. Bunu isə məhkəmənin yekun hökm verməsinə görə etmişdir ki, qoy yansın və məhkəmə yekun hökm oxuya bilməsin. Onun həmin yanğını törtəməkdə məqsədi məhkəmənin binasının yandırmaqla ora maddi ziyan vurmaq olmuşdur. O, məhkəmə divarının tez yanan maddədən olan üzlük olmasını bilmiş, ona görə yanğını məhz məhkəmə divarına yaxın yerdə etmişdir ki, məhkəmənin inzibati binasının divarı yansın. Lakin həmin gecə yağış yağması onun planlarını alt-üst etmiş və o, hətta əlində olan maye qablaşmanı qabı ilə birlikdə həmin vedrəyə səpmişdir ki, yaxşı alışsın. Hətta o, bir necə dəfə vedrəyə təpik vurmuşdur ki, yaxşı alışsın. O, məhkəməni müşahidə edən zaman onun çöldən divarını yoxlamışdır, onun tez alışan maddədən olmasını bilmiş, hətta o, məhkəmə divarında və yan tərəfində olan müşahidə kamerasının işıqlarının yanmasını görmüş və bilmişdir ki, onu müşahidə kamerları çəkir. O isə bilə-bilə həmin əməli etmişdir. O, İslam qanunlarından başqa hər hansı qanunu qəbul etmir, məhkəmə binasında hər hansı şəxsin olmasını zənn etməmişdir (cild 1, iş vərəqi 260-262). Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərdi ki, o, Suraxanı Rayon Məhkəməsində hakim köməkçisi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə vurulmuş 150 manat faktiki zərər məhkəmənin hesabına aradan qaldırılmışdır. Təqsirləndirilən şəxsə qarşı tələbləri yoxdur. Məhkəmədə verilən suallara cavab olaraq Nümayəndə2 bildirdi ki, hadisə gecə vaxtı törədildiyi üçün məhkəmənin fəaliyyətinə təsir edib-etmədiyi barədə məlumatı yoxdur. Suraxanı Rayon Məhkəməsində Təqsirləndirilən şəxs hər hansısa qohumunun və ya tanışının məhkəmə işinin olub-olmaması barəsində məlumatı və Suraxanı Rayon Məhkəməsində sələfilik təriqətinin üzvü olan hər hansısa şəxsin işinin olub-olmaması barədə məlumatı yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, Suraxanı rayon Mühafizə şöbəsində mülki mühafizəçi vəzifəsində işləyir. Hadisənin baş verdiyi 29 iyul 2021-ci il tarixdə o, Suraxanı Rayon Məhkəməsinin binasında mühafizəçi olmuşdur. Həmin tarixdə o, səhər saat 09 radələrində işə gəlmiş, növbəni qəbul etmiş və hər hansı çatışmazlıq olmamışdır. Həmin gün xidmətinə davam etmişdir. Monitorda binanın daxilində və xaricində olan kameralar üçün qrafalar kiçik olduğundan oradan binanın daxili və xaricini tam olaraq müşahidə etmək çətin olmuşdur. Həmin gecə yay fəsli olmasına baxmayaraq bir qədər yağışlı olmuş, ona görə kameralar tam olaraq yaxşı göstərməmişdir. 30 iyul 2021-ci il tarixdə saat 02 və ya 03 radələrində o, işdə inzibati binanın giriş hissəsində olan növbətçi üçün ayrılmış yerdə olduğu zaman orada binanın işıq şitinin olduğu yerdə fasadın işıqlarının elektrik avtomatlarının atması səsləri eşitmiş və təzədən yandırmış, yenə işıqların avtomatı atmışdır. Buna görə o, dərhal binanın arxa girişinə çıxmış və işıqlara baxmış, fasadın işıqlanması üçün orada olan lampaların yanmadığını görmüşdür. Hava yağışlı olduğuna görə elə zənn etmişdir ki, yağış suları naqilin açıq olan hissəsindən düşməyinə görə qısaqapanma olmuşdur. Ona görə elə də əhəmiyyət verməmiş və yenə binaya keçmişdir. Həmin gecə hər hansı şübhəli şəxsi canlı olaraq və ya müşahidə kamerasında görməmişdir. 30 iyul 2021-ci il tarixdə səhər saat 09 radələrində kameraya təkrar olaraq baxan zaman məlum olmuşdur ki, naməlum şəxs Suraxanı Rayon Məhkəməsinin inzibati binasının sağ yan hissəsində binanın divarının dibində qoyulmuş plastmastdan olan zibil qabını yandırıb, binanın qarşi hissəsində 6 ədəd, sağ yan hissəsində 7 ədəd, arxa hissəsində 4 ədəd olmaqla ümumilikdə 17 ədəd binanın işiqlandırılması üçün quraşdırılmış lampaların kabellərini kəsmişdir. Kameralar üzrə incələmə aparılarkən aydın olmuşdur ki, 29 iyul 2021-ci il tarixdə saat 23:44-də əynində qısa şalvar, ön hissəsində qırmızı rəngdə naxışları olan papaqlı kofta, ayağında çəkələk olan kişi cinsli bir nəfər məhkəmənin ərazisinə daxil olmuş, binanın sağ yan hissəsinə, yəni nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulmuş əraziyə, generator olan sahəyə keçmiş, inzibati binanın divarına bitişik olan zibil qutusuna yaxınlaşaraq onu yandırmış, həmin sahədən kənarlaşdıqdan sonra iki dəfə təkrar gələrək yanan sahəyə baxmış, sonuncu gəlişində ayağı ilə yanan sahəni vuraraq aşırmış, saat 23:52-də binanın ərazisini tərk etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 30 iyul 2021-ci il tarixdə saat 02 radələrində Suraxanı Rayon Məhkəməsinin ərazisi olan inzibati binanın sağ yan hissəsindəki şlaqbaumlu giriş üçün icazəli olan sahəyə qanunsuz daxil olaraq nǝqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazidən məhkəmənin inzibati binasının sol yan hissəsində 7 ədəd, arxa hissəsindən 4 ədəd və binanın qarşı hissəsindən 6 ədəd olmaqla ümumilikdə 17 ədəd binanın işıqlandırılması üçün quraşdırılmış lampaların kabellərini kəsmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona məxsus olan evdə yaşamışdır. 2021-ci ilin mart ayında X6 ona məxsus olan ünvan 6 ünvanında olan faktiki olaraq boş evini bibisi oğlu Təqsirləndirilən şəxs kirayə yaşamaq üçün verməyini xahiş etmişdir. Namiq Ağasiyevi o, 3 il müddət olar ki, tanımış və onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. O, ev boş olmasına görə, həmçinin Namiq qonşuları olduğundan imtina etməmiş, evi təmənnasız olaraq yaşamaq üçün verəcəyini bildirmiş, Nurlandan hər hansı kirayə haqqı tələb etməmiş və bildirmişdir ki, aylıq olaraq istifadə etmiş olduğu kommunal xərcləri ödəsin. Evin həmin vaxt həyətinin və evin özünün 2 dəst açarı olmuş, o, həmin açarın bir dəstini 2021-ci ilin mart ayında Təqsirləndirilən şəxs vermiş və evlə bağlı şərtlərini izah etmişdir. Təqsirləndirilən şəxs evə yaşamaq üçün hər hansı əşya gətirməmişdir. Nurlan yalnız evin içərisində olan əşyalar ilə kifayətlənmişdir. Nurlan qapalı həyat tərzi keçirmiş və o, ayda 1- 2 dəfə evə gəlmişdir. Nurlan, o, evə gələn zaman evdə olmuş və Nurlanı demək olar ki, küçədə görməmişdir. Nurlan saqqalı olmaqla sünni namazı qılmışdır. 30 iyun 2021-ci il tarixdə o, evə baxmaq üçün gəlmiş, o zaman qonşu qadın ona Təqsirləndirilən şəxs polis tərəfindən aparılmasını bildirmiş və o, maraqlanan zaman məlum olmuşdur ki, 29 iyul 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin ərazisinə daxil olmuş, generator olan sahəsinə keçmiş, inzibati binanın divarına bitişik olan zibil qutusuna yaxınlaşaraq onu yandırmış, həmin sahədən kənarlaşdıqdan sonra iki dəfə təkrar gələrək yanan sahəyə baxmışdır. Həmçinin Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə axam saat 02 radələrində Suraxanı Rayon Məhkəməsinin ərazisi olan inzibati binanın sağ yan hissəsindəki şlaqbaumlu giriş üçün icazəli olan sahəyə qanunsuz daxil olaraq nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazidən məhkəmənin inzibati binasının sol yan hissəsində fasad üzlüklü binanın divarının işıqlandırılması üçün nəzərdə tutulmuş ümumilikdə 17 ədəd lampaların kabellərini kəsmişdir. Nurlanın həmin hadisəni nə səbəbə etməsini bilmir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığl ilə məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, təxminən 1 il müddət olar ki, Nərimanov rayonunda olan kütləvi ət kəsimi yerində qəssab işləmiş və hər gün saat 12 radələrində işə gedərək axşam saat 21 radələrində evinə gəlmişdir. Əvvəllər məhkum olunmuş və cəzasını 2 və 11 saylı cəzaçəkmə müəssisələrində çəkmişdir. X5 uşaq vaxtından tanımış və qonşuluqda yaşamışlar. Həmçinin Namiqlə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Təqsirləndirilən şəxs Namiq Ağasiyevin vasitəsi ilə tanımış və o, Namiqlə birlikdə Namiqin bir nəfər İntiqam adlı tanışının ünvan 7 ünvanında olan evində kirayədə qalmışdır. Belə ki, onun evinin söküntü və tikinti işlərinə Namiq tərəfindən kömək olunmuşdur və həmin vaxtı o da onların kirayə yaşadıqları evə gəlib-getmişdir. Belə bir şəraitdə o, Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Nurlan hər hansı işlə məşğul olmamışdır və deməsinə görə Nurlan qardaşı ila birlikdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində olan evlərini kirayə verməklə oradan əldə etdikləri pulla dolanmışlar. Həmin ərəfədə onun istifadəsində ***-***-**-** nömrə olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəni o, tam olaraq xatırlamır, onların arasında telefon zəngləri olmuşdur, hətta bir neçə dəfə o, Nurlanın yaşadığı evə çörək alıb getmişdir. Təqsirləndirilən şəxs qapalı bir şəxs olmuş və Nurlanın hər hansı bir şəxslə əlaqə saxlamasını o, demək olar ki, görməmiş və günün əksər vaxtında Nurlan evdə olmuşdur. Nurlanın deməsindən bilmişdir ki, sonuncunun atası və anası ölmüşdür. Yalnız qardaşı Şahid3 nadir halda görmüş və Nicatın taksi sürücü, kondisioner ustası kimi bütün günü iş arxasınca getməsini bilmişdir. Təqsirləndirilən şəxs həmçinin elektrotexnik olmasını bilmişdir. Sonra bilmişdir ki, 29 iyul 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin ərazisinə daxil olmuş, binanın generator olan sahəsinə keçmiş, inzibati binanın divarına bitişik olan zibil qutusuna yaxınlaşaraq onu yandırmış, həmin sahədən kənarlaşdıqdan sonra iki dəfə təkrar gələrək yanan sahəyə baxmışdır. Həmçinin Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə axam saat 02 radələrində Suraxanı Rayon Məhkəməsinin ərazisi olan inzibati binanın sağ yan hissəsindəki şlaqbaumlu giriş üçün icazəli olan sahəyə qanunsuz daxil olaraq binanın işıqlandırılması üçün quraşdırılmış ümumilikdə 17 ədəd lampaların kabellərini kəsmişdir. Nurlanın həmin hadisəni nə səbəbə etməsini bilmir (cild 1, iş vərəqi 224-227). Məhkəməyə şahid qismində dəvət edilmiş, təqsirləndirilən şəxsin qardaşı Şahid3 hüququndan istifadə edərək ifadə verməkdən imtina etdi. Həmin səbəbdən ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində Şahid3 göstərmişdir ki, o, 2020-ci il tarixdə Hövsan qəsəbəsində yaşayan qadın ilə evlənmiş və həmin qəsəbədə kirayə ev tutmaqla ora köçmüşdür. Bir il müddət olar ki, dayısı oğlu olan X7 öz yaşadığı evin qonşuluğunda olan sonradan adını bildiyi Şahid4 evini Nurlan Qaybıova yaşamaq üçün tapmışdır. 2014-cü il tarixdə Nurlan dinə gəlmiş və sünni təriqəti üzrə namaz qılmışdır. Nurlan namaz qılmaq üçün Yasamalda olan İlahiyyat məsçidinə gəlmiş və sərbəst olaraq gündə beş dəfə namaz qılmışdır. Nurlan evlənməmişdir. Sonra bilmişdir ki, 29 iyul 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Suraxanı Rayon Məhkəməsinin ərazisinə daxil olmuş, binanın sağ yan hissəsini, nəqliyyat vasitələrinin saxlanılması üçün nəzərdə tutulmuş ərazinin generator olan sahəsinə keçmiş, inzibati binanın divarına bitişik olan zibil qutusuna yaxınlaşaraq onu yandırmış, həmin sahədən kənarlaşdıqdan sonra iki dəfə təkrar gələrək yanan sahəyə baxmışdır. Həmçinin Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə axam saat 02 radələrində Suraxanı Rayon Məhkəməsinin inzibati binasının sağ yan hissəsindəki şlaqbaumlu giriş üçün icazəli olan sahəyə qanunsuz daxil olaraq nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazidən məhkəmənin inzibati binasının sol yan hissəsində poliuretan materialdan olan fasad üzlüklü binanın divarının işıqlandırılması üçün quraşdırılmış lampalarına gələn elektrik cərəyanı kabellərindən 7 ədəd, arxa hissəsindən 4 ədəd və binanın qarşı hissəsindən 6 ədəd olmaqla ümumilikdə 17 ədəd binanın işıqlandırılması üçün quraşdırılmış lampaların kabellərini kəsmişdir. O, Nurlanın həmin hadisəni nə səbəbə etməsini bilmir. Onun bildiyinə bildiyinə görə Nurlanın məhkəmədə hər hansı mülki və cinayət işi olmamışdır. Qardaşının özünə qapanma kimi psixoloji problemi olmuşdur (cild 1, iş vərəqi 234-237). Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmədə təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli, 30/21 nömrəli məktubundan görünür ki, 30 iyul 2021-ci il tarixdə saat 09:00 radələrində aydın olmuşdur ki, Suraxanı Rayon Məhkəməsinin inzibati binasının sağ yan hissəsində binanın divarının dibinə qoyulmuş plastmasdan olan zibil qabı yandırılmış, binanın qarşı hissəsindən 6 ədəd, sağ yan hissəsindən 7 ədəd, arxa hissəsindən 4 ədəd olmaqla ümumilikdə 17 ədəd binanın işıqlandırılması üçün quraşdırılmış lampaların kabelləri kəsilmişdir. Kameralar üzrə incələmə aparılarkən aydın olmuşdur ki, 29 iyul 2021ci il tarixdə saat 23:44-də əynində qısa şalvar, ön hissəsində qırmızı rəngdə naxışları olan papaqlı kofta, ayağında çəkələk olan kişi cinsli bir nəfər məhkəmənin ərazisinə daxil olmuş, binanın sağ yan hissəsini, nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazini, generator olan sahəni kəsmiş, zibil qutusuna yaxınlaşaraq onu yandırmış, həmin sahədən kənarlaşdıqdan sonra iki dəfə təkrar gələrək yanan sahəyə baxmış, sonuncu gəlişində ayağı ilə yanan sahəni vuraraq aşırmış, saat 23:52-də binanın ərazisini tərk etmişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması haqqında xx.xx.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən yol kənarında, inzibati binanın sol tərəfində şlaqbamlu dayancaq hissəsi olmuşdur, binanın sol tərəfində yağış sularının axması üçün nəzərdə tutulmuş divar hissədə və boruda qaralma izləri vardır. Bundan başqa divarın solunda dar hissədə arxasında və önündə divarın işıqları üçün nəzərdə tutulan fanar tipli işıqlara gələn elektrik xətləri birləşən hissədə kəsilmişdir. 17 ədəd işıqlanma naqili kəsilmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı, Z.Əliyev 1 nömrəli evin qapısına gəlmiş və həmin evin məhkəmə ilə üzbəüz yoxuş hissədə, yolun kənarında aralarında təxminən 150-160 metr məsafədə olması müəyyən edilmişdir. Hadisə yerindən yanğın qalıqları götürülmüşdür (cild 1, iş vərəqi 8- 25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə 17 ünvanında olan ünvan 10sı ilə üzbə-üz dayandıqda girişin qapısında olan pilləkanın qəfəsinin arxa hissəsidir. Pilləkən qəfəsinin arxa ətrafı isti aqlay adlanan örtüklə örtüklənmiş və üzərinə boya qatı vurulmuşdur. Həmin hissəsinin sol künc tərəfindən elastik nazik təbəqə dəmirdən hazırlanmış yağış sularının axması üçün istifadə olunan dairəvi boru olmuşdur. Borunun uc hissəsində yuxarıya doğru boya qatı pozulmuş və rəng dəyişməyə uğramışdır. Belə ki, uc hissədə boya qatı tökülmüş, yuxarıya doğru hislənmə nəticəsində qaralmışdır. Müəyyən edilir ki, yanğının yayılma istiqaməti aşağıdan, yəni döşəmə nahiyəsindən yuxarıya doğru genişlənmişdir. Borunun arxa hissəsində pilləkan qəfəsi üzərinə qurulmuş örtük istiliyinin təsirindən bəzi hissələrdə boya qatı tökülmüş, çox hissədə hislənərək qaralmışdır. Həmin yerdə döşəmə üzərində plastik materialldan hazırlanmışa bənzəyən hər hansı predmetin ərimiş vəziyyətdə qaldıqları müşaidə olunur. Baxış zamanı yanğın predmeti təsirə məruz qalmış, isti aqlay adlanan örütüyn eninin 0,92 metr hündürlüyü 1,014 metr olduğu müəyyən edildi. Baxış zamanı hadisə yerində yararsız vəziyyətə salınmış 17 ədəd elektrik lampalarının naqillərinin yenisi ilə əvəz olunduğu müəyyən edildi (cild 1, iş vərəqi 178-181). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bizimyol.infonun xx.xx.2021-ci il tarixli hava proqrozunu əks etdirən məlumatdan görünür ki, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlnilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimalqərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaqdır (cild 1, iş vərəqi 26). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Suraxanı Rayon Məhkəməsi tərəfindən təqdim edilmiş CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin video görüntülərin əldə edildiyi müşahidə kamerası Suraxanı Rayon Məhkəməsinin dörd bir tərəfindən quraşdırılmışdır. Baxış zamanı həmin müşahidə kamerasının fiksasiya funksiyasına malik olması və CD diskə köçrülməsi müəyyən olunur. Belə ki, CD diskə flaşkarta baxış keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 29 iyul 2021-ci il tarixdə axşam saat 23 radələrində yağışlı havada ünvan 11 ünvanında olan Suraxanı Rayon Məhkəməsinin ərazisi olan inzibati binanın sağ yan hissəsindəki şlanqbaumlu giriş üçün icazəli olan sahəyə daxil olaraq nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazidən məhkəmənin inzibati binasının sol yan hissəsində binanın divarının dibinə qoyulmuş plastmasdan olan zibil qabını özü ilə gətirdiyi əşya və maye səpməklə yandırması, divara bitişik olan zibil qabının içərəsinə atıb yandırmaqla əlində olan tez alışan mayeni həmin alovun üzərinə səpib, qabın içərisinə atması və ayağı ilə alovun tez alışması üçün həmin qabı təpikləməklə alışmanı sürətləndirmişdir ki, nəticədə məhkəmənin həmin hissədə olan divrarı ilə yanaşı damdan axan yağış sularının axımı üçün nəzərdə tutulmuş kollektor borunu yandırması və sonra həmin ünvanı tərk etməsi və Təqsirləndirilən şəxs təkrarən 30 iyul 2021-ci il tarixdə axşam saat 02 radələrində təkrar ünvan 13 ünvanında olan Suraxanı Rayon Məhkəməsinin ərazisi olan inzibati binanın sağ yan hissəsindəki şlaqbaumlu giriş üçün icazəli olan sahəyə qanunsuz daxil olaraq nəqliyyat vasitələrinin saxlanması üçün nəzərdə tutulmuş ərazidən məhkəmənin inzibati binasının sol yan hissəsində binanın divarının işıqlandırılması üçün quraşdırılmış lampalara gələn elektrik cǝrǝyanı kabellərindən 7 ədəd, arxa hissəsindən 4 ədəd və binanın qarşı hissəsindən 6 ədəd olmaqla ümumilikdə 17 ədǝd binanın işıqlandırılması üçün quraşdırılmış lampaların kabellərini kəsilməklə lampaları söndürüb elektrik xəttlərini sıradan çıxarmışdır (cild 1, iş vərəqi 53-54). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli, BKC/LGL-18145/21 nömrəli məktubdan görünür ki, ***-***-**-** mobil nömrə Təqsirləndirilən şəxs məxsusdur (cild 1, iş vərəqi 168-170). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefon nömrələrinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə 01 yanvar 2021-cı ildən 01 avqust 2021-ci il saat 09:00-dǝk daxil olan və çıxan zənglər, zənglərin abunəçilərinin anket məlumatları, rekvizitləri, daxil olan və çıxan zənglərin anten məlumatları və həmçinin həmin mobil telefon nömrələrinə qeyd olunan müddət ərzində daxil olan və çıxan SMS mətnləri “Azerfon” və "xxxx" MMC rabitə müəssisələrindən götürülmüş CD diskələ baxış keçirilmiş, iş üçün əhəmiyyətli hallar müəyyən olunmamışdır (cild 1, iş vərəqi 218). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021 tarixli, 8/1314 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs inzibati binasının dəyəri 5 897 867,3 manat, istifadə olunan inventar və avadanlıqların dəyəri isə 3 999 962,23 manat təşkil edir (cild 1, iş vərəqi 238). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1808 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ittiham olunan dövr ərzində, cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı bir psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onlar idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün vacib olan hallan düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21.1-ci, 21.3-cü və ya 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 173-177). Müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təkrar stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 81 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Bununla yanaşı Təqsirləndirilən şəxs xasiyyətin paranoyal tipli psixopatik cizgiləri qeyd olunur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ətrafdakılar üçün sosial təhlükə kəsb etmir, törətdiyi əməlin qanunazidd olmasını başa düşür. Təqsirləndirilən şəxs hazırda öz psixi vəziyyətinə görə cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımi səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Bütün bunlar hal-hazırda onun psixi vəziyyətinin qənaətbəxş səviyyədə olduğunu göstərir. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tədbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan xasiyyətin psixopatik cizgilərinin paranoyal tipli olması səbəbindən davranışının arzuolunmaz şəkildə istiqamət götürməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkimpsixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir (cild 2, iş vərəqi 127-133). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks yanğın və texnoloji partlayışların tədqiqi, tikinti-texniki obyektlərin tədqiqi, məhkəmə-əmtəəşünaslıq ekspertizası, ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi, materialların məhkəmə ekspertizası, yanacaq və sürtgü materiallarının tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/4947, 9/6780 və 6/4223 nömrəli rəyindən görünür ki, ünvan 14 ünvanında yerləşən Suraxanı Rayon Məhkəməsinin inzibati binasının konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi bina ilə üzbəüz dayandıqda, binaya sol giriş hissənin pilləkən qəfəsinin arxa hissəsində, döşəmə səviyyəsində olmuşdur. Yanğın - qərarın təsviri hissəsində göstərilən şəraitdə, kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən, yəni karton parçalarının üzərinə tökülmüş asan alışan mayenin alışqanla yandırılması nəticəsində baş vermasi mümkündür. Tədqiqata yanğından sonrakı qalıq nümunə qismində təqdim olunmuş termiki təsirə məruz qalmış, yanmış kütlələr üzərində neft əsaslı materiallara məxsus izlər vardır və tezalışma xüsusiyyətinə malikdirlər. Aparılmış hesablamalar nəticəsində Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 17 ünvanında yerləşən Suraxanı Rayon Məhkəməsinin inzibati binasında yanğın nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilməli işlərin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 150,0 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 1, iş vərəqi 183-187). İşdə olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 85). İşdə olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ünvan 14 ünvanında olan Suraxanı Rayon Məhkəməsinin həyətindən - hadisə yerindən götürülmüş yanğın qalıqları, hadisənin görüntülərinə dair olan CD disk maddi sübut hesab olunmuş, yanğın qalıqları Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 263-274). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 157-158). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə hadisəni nə üçün törətdiyini bilməməsi, hadisəni törədərkən özündə olmaması, son zamanlar ərzində qulağına səslər gəldiyini və gözünə varlıqlar göründüyünü qeyd edərək özünü psixi pozutusu olan biri kimi göstməsini məhkəmə müdafiə taktikası kimi qiymətləndirir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs ibtidai itintaq zamanı verdiyi ifadələrində hadisəni Suraxanı Rayon Məhkəməsinə ziyan vurmaq məqsədilə törətdiyini etiraf etməsini işin faktiki hallarına uyğun olmaqla daha inandırıcı hesab edir, onun ibtidai istintaq zamanı ifadələrini həmin hissədə sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını qəsdən yandırmaqla, zərərçəkmiş hüquqi şəxsə xüsusilə külli miqdarda ziyan vurmaqla əmlakını məhv etməyə cəhd etməsi kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdırılan hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 186.3-cü maddəsinin sanksiyasında yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu əməl ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 31 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Zərərçəkmiş şəxs qərarı ilə barəsində 02 avqust 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 69, 120-123, 210-214, 305-308). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 31 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan, hadisə yerindən götürülmüş yanğın qalıqları məhkəmənin hökmü qanuni qüvvəyə minəndən sonra məhv edilməli, hadisənin görüntülərinə dair CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 ( yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 31 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minəndən sonra iş üzrə maddi sübut, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsində saxlanılan, hadisə yerindən götürülmüş yanğın qalıqları məhv edilsin. Digər maddi sübut - hadisənin görüntülərinə dair CD disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar