Məhkəmə qərarları › İş №1(101)-623/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-623/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-623/2022 22.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Hacıyev Siyavuş Həbib oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə, məsləhətçi Bağırova Arifə Arif qızının katibliyi ilə, dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X1, Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxx 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası Ordubad şəhəri, Vənəd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu, Q.Məmmədov küçəsi, 3C, mənzil 89-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasiətəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Rza adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 26 sentyabr 2021-ci il tarixdə sonuncu tərəfindən Bakı şəhəri Suraxanı rayonu, Günəşli qəsəbəsində gizlədilmiş külli miqdarda 2918,786 qram narkotik vasitə olan heroini, külli miqdarda 158,227 qram psixotrop maddə olan metamfetamini, 341,667 qram narkorik maddə olan marixuananı, külli miqdarda 16,956 qram narkotik vasitə həşişi qətranını qanunsuz olaraq əldə edib yaşadığı ünvan 1 ünvanda daşımaqla saxlamış, 27 sentyabr 2021-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 20:00-da Lənkəran rayonu Girdəni kəndi ərazisində yerləşən «Dəmirağac» marketin yaxınlığında idarə etdiyi «X3 Prado» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Lənkəran şəhəri P.Təhməzov 8 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilən şəxsi axtarış və idarə etdiyi «X3 Prado» markalı **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir maddi sübut aşkar edilməsə də, şəxsi axtarış zaman kirayə yaşadığı mənzildə narkotik vasitələr və psixotrop maddələr saxladığını bildirməsinə görə əməliyyat axtarış tədbirlərinin davamı olaraq 28 sentyabr 2021-ci il tarixdə saat 6:20də yaşadığı ünvan 3 ünvanda keçirilmiş baxış zamanı giriş qapısından irəlidə solda yerləşən şkafın aşağı hissəsindən 1 ədəd sintetik materialdan olan çantanın içərisindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1799,0 qram, 1118,0 qram, 1,786 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi 2918,786 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 97,181 qram, 49,422 qram, 10,933 qram, 0,691 qram olmaqla küllü miqdarda ümumi təmiz çəkisi 158,227 qram ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin, 1 bükümdə təmiz çəkisi 341,667 olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd bükümdə küllü miqdarda təmiz çəkisi 16,956 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı və 1 ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Neft Şirkətinin 4 saylı nəqliyyat idarəsində işləmişdir. Tutulanadək ünvan 4-da Minarə Əzimova ilə birlikdə ərarvad kimi yaşamışlar. 26 sentyabr 2021-ci il tarixdə Minarə ilə birlikdə Lerikdə yerləşən «Relax» istirahət mərkəzinə yola düşmüşlər. 27 sentyabr 2021-ci il tarixdə oradan geri qayıdarkən Lənkəranın girişində idarə etdiyi «X3 Prado» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxtı Minarə də maşında olmuşdur. Polis əməkdaşları ilə birlikdə Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Polis Şöbəsinə getmişlər. Orada xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmış, lakin heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra regional şöbənin həyətində saxladığı avtomaşınının yanına getmişlər. Onun razılıq ərizəsinə əsasən idarə etdiyi avtomobilə videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış keçirilərkən heç bir qanunsuz əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra onun kirayədə yaşadığı ünvan 4 ünvanına getmişlər. Evə 28 sentyabr 2021-ci cil tarixdə, gecə saat 2 radələrində çatmışlar. Polis əməkdaşları ilə birlikdə evə daxil olmuşlar. Evdə sərbəst şəkildə hərəkət etmiş, çay içərək polis əməkdaşları ilə birlikdə Playstation oynamışdır. Səhər təxminən saat 6 radələrində oturduğu yerdə yuxuya getmişdir. Daha sonra polis əməkdaşları onu yuxudan oyadıb, evdə videoçəkiliş aparılmaqla axtarış edəcəklərini demişlər. Polislər bildirmişlər ki, evdə olan şkafın içərisindən narkotik vasitə var, əgər o, sərbəst qalmaq istəyirsə həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməlidir, əgər bu cür bildirsə, videoçəkilişdən sonra onu sərbəst buraxacaqlar. O, razılaşsa da, əvvəlcə çəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmamasını demişdir. Həmin vaxt video çəkiliş dayandırılmış və polis əməkdaşları ona fiziki və psixi təzyiq göstərməyə başlamış, onun və Minarənin üzərinə 5 kq narkotik vasitə qoyacaqlarını bildirmişlər. Odur ki, qorxub, polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan sonra yenidən videoçəkiliş aparılmağa başlanmış, o, polis əməkdaşlarının dediyi kimi çəkiliş zamanı aşkar edilmiş narkotik vasitələrin özünə məxsus olmasını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Evdən aşkar olunan narkotik vasitələr ona məxsus deyil, o, yatarkən polis əməkdaşları həmin narkotik vasitələri mənzilə yerləşdirmişlər. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Lənkəran rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı yoxlamaq üçün Şöbənin XMİU baş əməliyyat müvəkkili Şahid2 tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, Ruslan və Aqil ilə birlikdə məlumat əsasında saat 20:00 radələrində Lənkəran rayonu, Girdəni kənd ərazisinə getmişlər. Həmin vaxt Girdəni kənd ərazisində yerləşən Dəmirağac marketin yaxınlığında Nicatın «X3 Prado» markalı, **-KZ- *** dövlət qeydiyyat nişanlı avtomaşında olmasını görüb, yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs yanında qeyri-rəsmi birlikdə yaşadığı Minarə Əzimova olmuşdur. Təqsirləndirilən şəxs və Minarə Əzimovanı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə dəvət etmişlər. Nicat və Minarə etiraz etmədikdən sonra sonuncunu DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Famil Həsənova təhvil vermişlər. Famil Həsənov ilk olaraq Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmuş və hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların, müdafiəçinin və Minarə Əzimovanın iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Nicata üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, sonuncu üzərində heç bir qanunsuz əşya olmadığını demişdir. Nicat əynindəki şalvarın sağ yan cibindən bir ədəd «Samsung» markalı mobil telefon, şalvarın sol yan cibindən üç ədəd 200 manatlıq və bir ədəd 50 manatlıq pul əskinası olmaqla cəmi 350 manat pul, bir ədəd plastik kart və şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-da narkotik vasitə olduğunu demişdir. Bundan sonra Nicatın idarə etdiyi «X3 Prado» markalı, **-KZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirsələr də, iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4-a baxış keçirilməsi üçün sonuncudan ərizə almışlar. Sonra o, Şahid2, Şahid3, Təqsirləndirilən şəxs və müdafiəçi Ədalət Muradov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmək üçün Lənkərandan yola çıxmışlar. Onlar saat təxminən 04-05 radələrində Bakı şəhərinə Əhmədli qəsəbəsinə çatmışlar. Təqsirləndirilən şəxs əvvəlcə yaşadığı ünvanın yerini səhv göstərməyə başlamış, bir saatdan çox onları başqa yerlərə aparmışdır. Təxminən saat 06 radələrində Nicat yaşadığı ünvanı onlara göstərmişdir. Bundan sonra təhqiqatçı tərəfindən baxış və götürmə istintaq hərəkəti həyata keçirməyə başlanmışdır. Orada Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitələri təqdim etməsi təklif edilmiş, Nicat evin özünə məxsus olan otağın giriş qapısından irəlidə solda yerləşən şkafın aşağı hissəsindən bir ədəd sintetik materialdan olan çantanı çıxarıb təqdim etmişdir. Həmin çantaya baxıldıqda içərisində bir ədəd sellofan bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd elektron tərəzi, üç ədəd telefon bükülüdə heroinə bənzər kütlə, dörd ədəd sellofan bükülüdə metamfetaminə bənzər kütlə, bir ədəd sellofanda həşiş qətranına bənzər kütlə, üzəri qara olan bir ədəd bloknot aşkar edilərək götürülmüşdür. Sonra həmin kütlələr elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlələr 2kq 945 qr, qurudulmuş marixuanaya bənzər kütlə 340 qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələrin İranlı Rza adlı şəxs tərəfindən Bakı şəhəri, Günəşli qəsəbəsində küçədə pilləkənin yanına qoyulduğunu, gündüz vaxtı özü tək gedib onları götürdüyünü, gələcəkdə İranlının deyəcəyi yerə qoymalı olduğunu, bunun müqabilində ona hər bir kiloqrama görə 500 manat pul verilməli olduğunu bildirmişdir. Nicat iranlı ilə yalnız telefon vasitəsi ilə əlaqə saxladığını bildirmiş, yaşadığı evdə narkotik vasitə saxlanmasından Minarənin məlumatı olmadığını qeyd etmişdir. Nicatın yaşadığı mənzildən aşkar olunmuş kütlələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixoloji təzyiq göstərilməmiş, Nicat özü narkotik vasitəni saxladığı barədə polisə bildirmiş, bundan sonra evə baxış keçirilərkən çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr verdilər. İşin 1-ci cildinin 170-176-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid1 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid1 dediklərini təsdiqləməyərək, polis əməkdaşlar tərəfindən təzyiqlərə məruz qaldığım, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığım, polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulduğunu bildirmişdir. İşin 1-ci cildinin 177-183-cü vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid3 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid3 dediklərini təsdiqləməyərək, polis əməkdaşlar tərəfindən təzyiqlərə məruz qaldığını, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulduğunu bildirmişdir. İşin 1-ci cildinin 184-190-cı vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı da Şahid2 bir daha istintaqa verdiyi ifadəsini təsdiqləyərək, Təqsirləndirilən şəxs üzünə qarşı demiş, Təqsirləndirilən şəxs da, Şahid2 dediklərini təsdiqləməyərək, polis əməkdaşlar tərəfindən təzyiqlərə məruz qaldığım, aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən yaşadığı mənzilə qoyulduğunu bildirmişdir. İşin 1-ci cildinin 42-44-cü vərəqələrindəki 28 sentyabr 2021-ci il tarixli «baxış və götürmə aparılması haqqında» protokoldan görünür ki, 28 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman mənzildə 1 ədəd sellofan bükülüdə 340 qram çəkidə qurudulmuş marixuana, 3 ədəd bükümdə 2,945 kiloqram narkotik vasitə heroin, 4 ədəd sellofan bükümdə 161,31 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd sellofan bükümdə 44,82 qram narkotik vasitə həşiş qətranı və 1 ədəd elektron tərəzi aşkar edilmiş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 1 ədəd DVD disk protokola əlavə edilmişdir. Məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 19/969 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş heroinə bənzər, qurudulmuş marixuanaya bənzər, metamfetaminə bənzər, həşiş qətranına bənzər kütlələr və 1 ədəd elektron tərəzi...» sözlər və imzalar olan bir ədəd bağlamdakı, 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri:- 1799,0 qr:-1118,0 qr-1,786 qram; ümumi təmiz çəkisi:-2918,786 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri:-97,181 qr:-49,422 qr:-10,933 qr:-0,691 qram; ümumi təmiz çəkisi:-158,227 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir- birləri ilə eynidirlər. 1 bükümdə təmiz çəkisi:-341,667 olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd bükülüdə təmiz çəkisi- 16,956 qram olan maddə (bitki mənşəli kütlə) narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qatranıdır və 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən nİrkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxildir (Siyahı İ). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in siyahısına daxildir (Siyahı İ). Həşiş qətranı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxildir (Siyahı İ). Məhkəmə-narkoloji ekspertizasının 5 noyabr 2021-ci il tarixli, 4338 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşin 1-ci cildinin 253-254-cü vərəqlərindəki protokoldan görünür ki, Şahid1 istifadəsində olmuş ***-***-**-** və Şahid2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrələrinə 27 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən 1 ədəd «CD» diskə təqdim olunmuş və həmin diskə baxış keçirilən zaman Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil nömrənin 28 sentyabr 2021-ci il tarixdə saat 01:22:29-da Lenkeran rayon, saat 02:06:22-də Masalli rayonu, saat 02:07:15-də Celilabad rayonu, Uzuntepe kendi, saat 02:07:15-də Masalli rayonu, saat 02:08:47-də Celilabad rnu, Uzuntepe kendi, saat 02:24:15-də Celilabad rayonu, Guneshli kendi, saat 02:35:52-də Salyan yolu, «NNOİL» yanacag doldurma menteqesi, saat 02:59:59-da «Qaradağ r-nu, Yeni liman erazisi, saat 03:14:16-da Qaradağ rayonu, Neriman Nerimanov adina neft shirketi, saat 03:25:21-də Sahil qesəbəsi, saat 04:40:49-da Axmedli, Xudu Mammedov st» anten dairəsində olması müəyyən edilmişdir. İşin 1-ci cildinin 150-151-ci vərəqlərindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilməsinin görüntüsü olan 1 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildə olan dolabdan 1 ədəd sintetik materialdan olan çantanın içərisindən 3 ədəd bükümlərdə ümumi təmiz çəkisi 2918,786 qram narkotik vasitə olan heroinin, 4 ədəd bükümlərdə ümumi təmiz çəkisi 158,227 qram psixotrop maddə metamfetaminin, 1 bükümdə təmiz çəkisi 341,667 qram narkotik vasitə qurudulmuş marixuananın, 1 ədəd bükülüdə təmiz çəkisi 16,956 qram narkotik vasitə-həşiş qatranının və 1 ədəd elektron tərəzinin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. İşin 2-ci cildinin 27-45-ci vərəqlərindəki qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3 ədəd bükümdə ilkin təmiz çəkisi 2918,786 qram olmuş heroin, 1 ədəd bükümdə ilkin təmiz çəkisi 341,667 qram olmuş qurudulmuş marixuana, 1 ədəd bükümdə ilkin təmiz çəkisi 341,667 qram olmuş qurudulmuş marixuana, 1 ədəd bükümdə ilkin təmiz çəkisi 16,956 qram olmuş həşiş qətranı, 4 ədəd bükümdə ilkin təmiz çəkisi 158,227 qram olmuş metamfetamin, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, yaşadığı mənzilə və avtomobilinə baxış keçirilməsinin görüntüləri olan 03 ədəd DVD disk, «Azercell” MMC-dən götürülmüş bir ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2918,636 qram heroin, 341,647 qram qurudulmuş marixuana, 16,936 qram həşiş qətranı, 158,027 qram metamfetamin və bir ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 129-130-cu vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 22-ci vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 2-ci cildinin 46-50-ci vərəqlərindəki qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyini müəyyən etmək üçün cinayət işindən 6 yanvar 2022-ci il tarixdə Azərbaycan Respubilkası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və ayrıca istintaqı aparılır. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilmədi. Onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli olması ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib olunduğundan, məhkəmə ifadəsinə tənqidi yanaşır və sübut hesab etmir. Yuxarıda sadalanan və bir birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 27 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2918,636 qram heroin, 341,647 qram qurudulmuş marixuana, 16,936 qram həşiş qətranı, 158,027 qram metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, dörd ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 sentyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübutlar: Bakı şəhəri Xətai RPİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.918,636 qram heroin, 341,647 qram qurudulmuş marixuana, 16,936 qram həşiş qətranı, 158,027 qram metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, dörd ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar