Məhkəmə qərarları › İş №1(101)-623/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-623/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-623/2024 21.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1996-cı ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib satmaq məqsədi ilə internet sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs tərəfindən 14 mart 2023-cü il tarixdə saat 16 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində “Bravo Market”in yaxınlığında gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq 212,339 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini və 3,532 qram çəkidə külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15 mart 2023-cü il tarixdə saat 19:40 radələrində Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 300 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 02 ədəd qara rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 12,324 qram və 200,015 qram olmaqla ümumi təmiz çəkisi 212,339 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 3,532 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, tutulduğu gündən bir gün qabaq 35 qram narkotik vasitəni Bilgəhdən götürmüşdür. Həmin narkotik vasitəni o, iranlıdan sosial şəbəkə vasitəsilə sifariş etmişdir. Bir gün sonra onu Biləcəri ərazisində polis əməkdaşları saxlamış və ondan üzərində narkotik vasitə olub-olmamasını soruşmuşlar. O da üzərində olan narkotik vasitəni təqdim etmişdir. Həmin narkotik vasitələrdən 30 qramı heroin, 3 qramı isə metamfetamin olmuşdur. Daha sonra onu bölməyə gətirmişlər, narkotik vasitənin üstünə polis əməkdaşları özləri əlavə etmişlər. Onda cəmi 35 qram narkotik vasitə olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, narkotiklərə görə iranlıya 100 manat pul ödəmişdir, narkotiki istifadə məqsədilə ilə almışdır. Son 3-4 ay ərzində gündə 1 qram olmaqla narkotikdən istifadə etmişdir. İranlının adı Mehdi olmuş, sonuncudan qramı 25 manat olmaqla hər dəfə 25-30 qram narkotik almışdır. Sonuncu dəfə 100 manat ödəmiş, maaş alanda hamısını ödəyəcəkmiş. Əlavə narkotiki polis əməkdaşları gətirib stola qoymuş və onu götürməli olduğunu demişlər. O da götürüb cibinə qoymuş və məcburiyyətdən boynuna götürmüşdür. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından Bakı şəhərinə gələrək Binəqədi rayonu, Biləcəri qəsəbəsində yaşayan qaynanasının evində yaşamış, bundan sonra Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq sarayının yaxınlığında kirayədə yaşamışdır. Son 4 gündə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "VİP” oteldə qalmışdır. Təxminən 2 ay əvvəl sosial şəbəkədə İran İslam Respublikasının vətəndaşı olan bir nəfərlə tanış olmuş və onunla “Whatsapp” vasitəsilə yazışmışdır. Bəzi vaxtlarda iranlıdan narkotik vasitə almışdır. 14 mart 2023-cü il tarixdə adını bilmədiyi həmin İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılaşdıqdan sonra hal-hazırda dəqiq xatırlamadığı kartına 25 manat pul vəsaiti göndərdikdən sonra Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən “Bravo Market”in yaxınlığına 2 ədəd qara sellofana bükülmüş narkotik vasitə hesab edilən heroin və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş psixotrop maddə hesab edilən metamfetamini “atdığı” yerin şəklini ona göndərmiş, həmin gün qeyd olunan ünvana gedib narkotik vasitə və pisxatrop maddələri oradan götürmüşdür. 15 mart 2023-cü il tarixdə saat 19:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 300 nömrəli orta məktəbin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Bakı şəhəri, Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə aparmışlar. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. 6-cı Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkiliş altında baxış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etdiyi 2 ədəd qara rəngli sellofana bükülmüş halda bükümlərdə olan narkotik vasitə hesab edilən heroin və 1 ədəd şəffaf sellofana bükülmüş halda olan psixotrop maddə hesab edilən metamfetaminə oxşar maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, həmçinin gödəkçəsinin sol yan cibindən 1 ədəd “Redmi Note 9” markalı mobil telefon aşkar edilmişdir. Bu barədə tərtib edilmiş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. O, göstərmişdir ki, bir müddətdir ki, psixotrop maddə hesab edilən metamfetamin istifadə edir. 14 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı ilə danışıb razılaşdıqdan sonra həmin şəxs Mərdəkan qəsəbəsinə 2 ədəd qara şəffaf sellofana bükülmüş narkotik vasitə hesab edilən heroin və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş psixotrop maddə hesab edilən metamfetamini 25 manata alıb üzərində saxlamışdır ki, istifadə etsin. Üzərindən aşkar edilmiş narkotik vasitələ və psixotrop maddənin satışı ilə məşğul olmamış, şəxsi istifadəsi üçün əldə etmişdir (cild 1, iş vərəqi 44-46, 59-61). Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon Polis İdarəsinə narkotik vasitələrin gəzdirilməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Polis əməkdaşları martın 15-i 300 nömrəli məktəbin yaxınlığında şəxsə yaxınlaşıb özlərini təqdim edib bölməyə dəvət etmişlər. Bölmədə təhqiqatçının iştirakı ilə şəxsin üzərinə baxış keçirilmiş və üzərindən 2 qara büküm və 1 şəffaf bükümdə metamfetamin və heroin aşkar olunmuşdur. Öz deməsinə görə narkotikləri şəxsi istifadəsi üçün İran vətəndaşından almışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, onlara qarşı şəxs tərəfindən heç bir müqavimət olmadığını, şəxsə qarşı fiziki və psixi təzyiq olmadığını, təqsirləndirilən şəxsin ona polislər tərəfindən əlavə narkotik verilməsi barədə bildirdiklərinin həqiqətə uyğun olmadığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid1 eyni məzmunlu ifadə verərək, eyni zamanda onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadəsilə Şahid2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1996-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyat üzrə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində gəzdirməsi və satışı ilə məşğul olması bildirilir (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xx xxxxxx 1996-cı ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyat üzrə yaşayan Təqsirləndirilən şəxs həmin gün saat 19:40 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 300 nömrəli məktəbin yaxınlığında saxlanılaraq 6-cı Polis bölməsinə gətirilmişdir (cild 1, iş vərəqi 7). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs ciblərində, əşyalarında və ya bədənində olması ehtimal edilən əşyaları təqdim etməsi təklif edilmiş, bu təklifdan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd qara rəngli sellofana bükülmüş halda olan bükümləri və 1 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü, həmçinin 1 ədəd "Redmi Note 9" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd bükümün içərisində metamfetamin olduğunu, 2 ədəd bükümdə isə heroin olduğunu bildirmiş, onları xx.xx.2023-cü il tarixdə İran vətəndaşından 25 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 30-33). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1607 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N175” dairəvi möhür əksi, imzalar olan paketdəki: - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,324 qram və 200,015 qram, ümumi təmiz çəkisi 212,339 qram qəhvəyi rəngli tozşəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 3,532 qram ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 37-42). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 51-52). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "Redmi Note 9" markalı mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə əhəmiyyəti kəsb edəcək hər hansı bir məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 86). - Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, əməliyyat tapşırığı ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun konkret olaraq kimlərə narkotik vasitə və ya psixotrop maddə satması, habelə əlaqə saxladığı İran vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır (cild 1, iş vərəqi 108). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3028 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 120-121). - ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1658 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona iitiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğundur. O, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir (cild 1, iş vərəqi 122-124). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmə və götürmə barədə videoçəkiliş görüntüləri olan CD formatlı diskə baxış keçirən zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs həmin Polis İdarəsinin 4-cü Polis bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin Polis İdarəsinin 43-cü Polis bölməsinin Cinayət Axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid1 iştirakları ilə özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 ədəd qara rəngli sellofana bükülmüş halda olan bükümləri və 1 ədəd şəffaf sellofana bükülmüş halda olan bükümü, həmçinin gödəkçənin sol yan cibindən 1 ədəd “Redmi Note 9” markalı mobil telefonu çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, təqdim etdiyi 1 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan maddə metamfetamin, 2 ədəd qara rəngli sellofana bükülmüş bükümlərdə olan kütlənin narkotik vasitə hesab olunan heroindir, həmin kütlələri 14 mart 2023-cü il tarixdə İran İslam Respublikasının vətəndaşından 25 manat qarşılığında almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlələr qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənir və bu barədə müvafiq protokol tərtib edilir. Həmin protokol iştirakçılara ucadan oxunur və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilir (cild 1, iş vərəqi 116). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd sellofana bükülmüş bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 12,324 qram, 200,015 qram olmaqla ümumi təmiz çəkisi 212,339 qram narkotik vasitə heroin, 01 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 3,532 qram psixotrop maddə metamfetamin, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalmış 212,049 qram heroin, 3,332 qram metamfetamin saxlanmasından ötrü Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 125-139). - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından mənbə xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmiş, zəruri sənədlərin surəti çıxarılmaqla ayrılmış cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 140-142). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin və metamfetaminin təmiz halda 0,15 qrama qədəri şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs yalnız narkotik istifadəçisi olması, narkotiklərin satışı ilə məşğul olmaması, onda cəmi 35 qram narkotik vasitə aşkar olunması, aşkar olunan narkotiklərin üzərinə polis əməkdaşlarının əlavə narkotik qoyması və məcburiyyətdən bütün narkotikləri boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə o tutulmuş, daha sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, lakin videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmiş və o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd sellofana bükülmüş halda olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd bükümün içərisində metamfetamin olduğunu, 2 ədəd bükümdə isə heroin olduğunu, onları 14 mart 2023-cü il tarixdə İran vətəndaşından 25 manata aldığını bildirmişdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Nə şəxsi axtarış, nə də ki, dindirmələr zamanı o, polis əməkdaşlarının ondan aşkar edilmiş narkotiklərin üzərinə əlavə narkotik qoyduqlarını bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi, ondan aşkar olunan narkotiklərin üzərinə polis əməkdaşlarının əlavə narkotik qoyması barədə ifadəsini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən əlavə narkotiklərin ona verilməsi barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə cəzasını yüngülləşdirmək məqsədini güdür. Məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin müxtəlifliyini, narkotik vasitələrin və psixotrop maddənin ayrı-ayrı bükümlərə bükülməsini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, məhkəmə hökmündən və qərarından görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarına əsasən cəzası 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqi 97-98, 100-105, 106-107). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı tarixdən sonra məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində residivin olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ailə vəziyyətinə dair elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumata görə, onun xx.xx.2017-ci il təvəllüdlü Ruqayyə Hüseynli adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində 17 mart 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 15 mart 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 68-70, 176-179). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 15 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 212,049 qram heroin və 3,332 qram metamfetamin məhv edilməlidir. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 212,049 qram heroin və 3,332 qram metamfetamin məhv edilsin. Digər maddi sübut – Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmənin gedişatını özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar