Məhkəmə qərarları › İş №1(101)-623/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-623/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-623/2025 12.03.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Zərdab rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, 02 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti araşdırılan şəxs (şəxslər) ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib sataraq qazanc əldə etmək məqsədilə məlum olmayan tarixdə naməlum mənbədən külli miqdarda - ümumi təmiz çəkisi 6080 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və 1 ədəd elektron tərəzini əldə edib üzərində və idarə etdiyi avtomobildə saxlamaqla daşımış, 02 iyun 2024-cü il tarixdə saat 00:50-də Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Araz küçəsində idarə etdiyi “Renault Megane” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olarkən saxlanılıb ünvan 2 ünvanında yerləşən Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi, 6-cı Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 02:10-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı 1 ədəd selofan bükümdə təmiz çəkisi 40 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 03:20-də həmin polis bölməsinin həyətində olan idarə etdiyi “Renault Megane” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobildə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman avtomobilin yük yerindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 5 ədəd bağlamada, ayrı-ayrılıqda təmiz çəkiləri 3765 qram, 130 qram, 845 qram, 720 qram və 580 qram olmaqla, tərkiblərinə görə öz aralarında eynilik təşkil edən külli miqdarda bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Binəqədi rayonu ərazisində axşam vaxtı idarə etdiyi maşından düşəndə saxlanılmışdır. Maşının baqajını açanda polis əməkdaşı onu yerə yıxmışdır. Sonra polis işçiləri onun telefonunda olan konumla hərəkət edib narkotik vasitəni qoyulduğu yerdən götürmüşlər. Maşında olan zaman polis əməkdaşları ona təzyiqlər göstərmişlər. Onun üzərindən 40 və ya 60 qram narkotik vasitə, maşının baqajından isə 6 kiloqram marixuana aşkar olunmuşdur. Sualları cavablandıran Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən 40 qram, maşınından isə 6 kiloqram marixuana aşkar olunduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün aldığını, 40 qram narkotik vasitəni 300 manata aldığını və həmin yerə 40 qram narkotiki götürmək üçün getdiyini, iranlının isə ona 6 kiloqram narkotikin onda qalmasını bildirdiyini, maşında tərəzi olmadığını, yalnız narkotik vasitələrin olduğunu, onun gecə təxminən saat 23 radələrində tutulduğunu, maşına 2-3 dəfə baxış keçirildiyini, üzərində 60 qram deyil, 40 qram narkotik vasitə olduğunu, bununla razı olmaığını, onun on nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin polis əməkdaşlarını üzdən tanıdığını, bədənində xəsarətləri olmadığını, prokurorluq əməkdaşının onun izahatını aldığını, narkotik vasitəni saxlamağına görə iranlının ona 900 manat pul göndərdiyini, narkotik vasitəni Sumqayıt yolundan götürdüyünü, əvvəllər Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə məhkum olunduğunu, maşınında tərəzinin olması barədə yazılanları çıxmaq şərti ilə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və həmin ifadənin məhkəmədə verdiyi ifadə kimi qəbul edilməsinə etiraz etmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğuna görə məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edildi. Təqsirləndirilən şəxs həmin ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 02 iyun 2024-cü il tarixdə saat təxminən 00:50 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Araz küçəsinin yaxınlığında idarə etdiyi Renault Megane markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olan zaman 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamağında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları onun barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onu Binəqədi RPİ-nin 6-cı PB-nin inzibati binasına dəvət etmişlər. Avtomobil isə Binəqədi RPİnin 6-cı PB-nin həyətinə yerləşdirilmişdir. Burada vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 1 ədəd selofanda olan narkotik vasitə qurudulmuş marixuananı, 5 manat pulu, 1 ədəd üzərində **********126643 nömrəli bank kartını, şalvarının sağ yan cibindən lədəd üzərində 077- ***-**-** nömrəsi olan “Redmi” markalı mobil telefonu, 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan “Tecno” markalı mobil telefonu və 1 ədəd açarı təqdim etmişdir. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, marixuananın çəkisi 60 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri müdafiəçi, təhqiqatçı və onun tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 ədəd mobil telefon, 1 ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüşdür. 1 ədəd açar və 5 manat pul isə özünə qaytarılmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran vətəndaşı “Kovid” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Sumqayıt şəhəri ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 900 manat pul verdiyini, üzərindən başqa Renault Megane markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr saxladığını, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra onun və müdafiəçinin iştirakı ilə polis əməkdaşları 6-cı PB-nin həyətində saxlanılan Renault Megane markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avotmobilə baxış keçirmişlər. Baxış zamanı ona avtomobildə qanunla qadağa edilmiş kütlənin təqdim edilməsi təklif olunmuş, o, avtomobilin arxa yük yerindən 5 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuana kütlələrinin çəkisi 7 kq 500 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri müdafiəçi, təhqiqatçı və onun tərəfindən imzalanmışdır (cild 1, iş vərəqi 77-79). Elan olunmuş ifadə ilə bağlı sualları cavablandıran Təqsirləndirilən şəxs elektron tərəzi ilə bağlı yazılanları qəbul etmədiyini, qalan hissədə istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək göstərdi ki, 02 iyun 2024-cü il tarixdə Tural Məhəmmdov adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bağlı Baş idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupa Arif Babayev rəhbərlik etmiş, o isə, Şahid2la birlikdə qrupa daxil edilmişdir. Təqsirləndirilən şəxs Binəqədi qəsəbəsi ərazisində onlar tərəfindən müəyyən olunaraq saxlanılmış və 6-cı Polis şöbəsinə dəvət olunmuşdur. Orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs şəxsi axtarışı keçirilmişdir. Bu zaman Tural cibindən bir bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı Tural bundan əlavə idarə etdiyi maşında da narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra Turalın maşınına baxış keçirilmiş, baxış zamanı maşından 5 ədəd bağlamada marixuana aşkar olunaraq götürülmüşdür. Həmin bağlamalar tərəzidə çəkilərkən kütləsinin 7 kq 500 qram olduğu müəyyən olunmuşdur. Tural həmin narkotik vasitələri bir gün əvvəl İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq üçün Sumqayıt ərazisindən götürdüyünü bildirmişdir. Sualları cavablandıran Şahid1 istintaqda verdiyi ifadəni təsdiq etdiyini, saxlanılarkən və sonradan polis şöbəsində olarkən təqsirləndirilən şəxsə qarşı hər hansı təsir və ya təzyiq olunmadığını, həmin vaxt protokol tərtib olunduğunu, ucadan oxunduğunu və iştirakçılar tərəfindən imzalandığını, əməliyyat tədbirinin üstündən xeyli müddət keçdiyi üçün həmin vaxt tərəzi aşkar olunub-olunmadığını xatırlamadığını, Baş idarəyə Turalın narkotik vasitələrin qanunsuz dövrriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olduğunu, əməliyyat tədbirinə Şahid3 rəhbərlik etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 6-cı Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi tədbirində əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədə verdiyi ifadə ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid - Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili X2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunarkən, onun 01 iyun 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, 6-cı Polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış və idarə etdiyi avtomaşına baxış keçirilməsi zamanı külli miqdarda narkotik vasitə marixuananın aşkar edilərək götürülməsi ilə bağlı əməliyyat məlumatının ona daxil olması və keçirilmiş tədbirdə əməliyyat qrupunun rəhbəri olması, bu barədə digər iki şahidin ifadələri ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən edildi (cild 1, iş vərəqi 131-134). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokola əsasən, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd selofanda açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, 5 manat pulu, bank kartını, şalvarın sağ yan cibindən 2 ədəd mobil telefonu və 1 ədəd açarı təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, çəkisi 60 (altmış) qram olmuş, zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, zərfin üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu İran vətəndaşı “Kovid” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Sumqayıt şəhəri ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 900 manat pul verdiyini, üzərindən başqa «Renault Megane» markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitələr saxladığını, həmin avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşə polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-31). Cinayət işində olan xx.xx.2024-cü il tarixli avtomobilə baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi «Renault Megane» markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa yük yerindən ümumilikdə 5 (beş) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 7 (yeddi) kq 500 (beş yüz) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş materiallarında olan 03 iyun 2024-cü il tarixli disklərə baxış keçrilməsi haqqında protokollardan görünür ki, həmin disklərə 02 iyun 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və idarə etdiyi «Renault Megane» markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə dair qeydə alınmış videogörüntülər yüklənmiş, baxış zamanı həmin videogörüntülərin şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış keçirilməsinə dair müvafiq protokollarla uyğunluq təşkil etməsi müəyyən olunur (cild 1, iş vərəqi 52-53). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə keçrilən şəxsi axtarış zamanı və avtomobilə keçirilən baxış zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 2 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 106-108, 188-196). Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-7/882 №-li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... ” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd selofan bağlamada təmiz çəkisi 40 qram və ağ kağız üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi...” yazısı və imzalar olan qara rəngli çantadakı 5 (beş) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3765 qram, 130 qram, 845 qram, 720 qram, 580 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 6080 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. 1 (bir) ədəd elektron tərəzinin üzərində marixuananın hissəcikləri yoxdur. Həmin tərəzinin üzərində marixuanın hissəcikləri olmadığı üçün təqdim edilmiş marixuanalarla müqayisəli tədqiqat aparılmadı (cild 1, iş vərəqi 41-45). Ambulator narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4508 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeyydiyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160-161). Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 1982 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətlər aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, T.M. Məhəmmədov əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür (cild 1, iş vərəqi 162-165). "xxxx" ASC-dən xx.xx.2024-cü il tarixli məktubla daxil olmuş diskə baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:43:36-da Təqsirləndirilən şəxs məxsus **********126643 nömrəli bank hesab kartına 900 manat pul mədaxil olunmuşdur (cild 1, iş vərəqi 173-174). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd selofan bağlamada təmiz çəkisi 40 qram və qara rəngli çantadakı 5 ədəd ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 3765 qram, 130 qram, 845 qram, 720 qram, 580 qram, ümumilikdə 6080 qram olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 6078,9 qram çəkidə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi saxlanılması üçün Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir (cild 1, iş vərəqi 103-105). İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi» markalı mobil telefon və "xxxx" ASC-dən daxil olmuş bir ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vəroəqi 188-196). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alnmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1, 69.3-cü maddəsinə əsasən 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (cild 1, iş vərəqi 144-145). Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Qeyd olunan tələbnaməyə əsasən və cinayə qanunvericliyinin müddəalarına uyğun olaraq Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, Binəqədi rayonu ərazisində axşam vaxtı idarə etdiyi maşından düşəndə saxlanıldığını, polis işçiləri onun telefonunda olan konumla hərəkət edib narkotik vasitəni qoyulduğu yerdən götürdüklərini, maşında olan zaman polis əməkdaşlarının ona təzyiqlər göstərdiklərini, üzərindən 40 və ya 60 qram, maşının baqajından isə 6 kiloqram marixuana aşkar olunduğunu, həmin narkotik vasitələri öz istifadəsi üçün aldığını, maşında tərəzi olmadığını, maşınında tərəzinin olması barədə yazılanları çıxmaq şərti ilə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirib, öz müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin müdafiəçinin iştirakı ilə istintaqa verdiyi bütün ifadələrində aşkar olunmuş narkotik vasitələrin hamısının özünə məxsus olduğunu, həmin narkotikləri sosial şəbəkədən tanış olduğu İran vətəndaşı “Kovid” adlı şəxsin vasitəsi ilə 1 gün əvvəl Sumqayıt şəhəri ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində sonuncunun ona 900 manat pul verdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymalı olduğunu bildirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələr üzrə cinayətləri törətməkdə təqsiri özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, həmçinin maddi sübutlarla, ekspertiza rəyləri və digər çoxsaylı sübutlarla tam təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən qismən fərqli ifadə verməklə öz müdafiəsi üçün gətirdiyi dəlilləri onun məsuliyyətini yüngülləşdirmək üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı tam verdiyi etirafedici ifadələrini iş üzrə obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li Qərarında məhkəmələrə edilən tövsiyyələrə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs İlqar Hüseynovun aşkar olunmuş külli miqdarda narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olması, həmin maddələri narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirakı müqabilində satış məqsədilə İran vətəndaşı kimi tanıdığı “Kovid” adlı şəxsdən əldə etməsi barədə etiraflarını, həmçinin eyni tərkibli narkotik vasitənin bir qisminin üzərindən, daha çox hissəsinin isə idarə etdiyi avtomobildən aşkar olunmasını, baxış zamanı narkotik vasitələrin satışı zamanı çəkisini müəyyən etmək üçün istifadə edilən elektron tərəzinin mövcud olmasını, həmçinin aşkar edilmiş narkotik vasitələrin kütləsinin külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın başlanğıcı 02 iyun 2024-cü il tarixli tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Həmçinin Təqsirləndirilən şəxs 02 iyun 2024-cü il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 4508 №-li rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olsa da, hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından, onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlanma otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd selofan bağlamada və qara rəngli çantada 5 ədəd ədəd bağlamada, ümumilikdə çəkisi 6078,9 qram qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilməli; - Təqsirləndirilən şəxs məxsus bir ədəd "Redmi" markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin yükləndiyi iki ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatı 78 (yetmiş səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Binəqədi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməklə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 1 ədəd selofan bağlamada və qara rəngli çantadakı 5 ədəd ədəd bağlamada, ümumilikdə çəkisi 6078,9 qram olan qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin; - Təqsirləndirilən şəxs məxsus bir ədəd "Redmi" markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və avtomobilə baxış zamanı qeydə alınmış videogörüntülərin yükləndiyi iki ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 78 (yetmiş səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi ödənilməli olan 240 (iki yüz qırx) manat məbləğində pul vəsaiti Bakı şəhəri, 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar