Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-624/2022 31.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və Hazıqov Əliqismət Nurəli oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 17 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum vaxtda və mənbədən, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 520,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 1 ünvanının qarşısına qədər daşımış, orada özünü şübhəli apardığına görə həmin ərazidə xidmət aparan Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin (bundan sonra: RPİ, PB) əməkdaşları tərəfindən qeyd olunan ünvanın qarşısında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis bölməsinin inzibati binasına aparılmış, həmin gün orada şəxsi axtarış zamanı əlində saxladığı göy rəngli sellofan paketin içərisində, satış məqsədi ilə əldə edib özündə saxlayaraq daşıdığı, təmiz çəkisi 520,0 qram olmaqla külli miqdar təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana narkotik vasitəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, “Vasmoy bazarı” deyilən yerdə özünə məxsus pomidor-xiyar anbarı olmuşdur. O, narkotik vasitə “kakos”-dan qoluna iynə vurmaq yolu ilə istifadə etsə də, işə getdiyi vaxtlar istifadə etməmişdir. İstifadəsində “621-80-00” saylı mobil nömrə olmuş, başqa nömrə olmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, saxlanılan ərəfədə Əlpolad adlı ustaya həyətdə tövlə tikdirmiş, sonuncu işlədiyi müddətdə onun yanında oturmuşdur. Həmin vaxt 6 nəfər polis əməkdaşı onların həyətinə girmiş, onu tutub bölməyə aparmışlar. Maştağada bölmədə onun əvvəllər narkotik istifadəçisi olduğunu və bu səbəblə əvvəllər tutulduğunu bilmişlər. Ondan 450 qram nəşəni boynuna götürməsini istəmiş, “srok”-a getməli olduğunu bildirmişlər. O, döyüləcəyini düşünmüş, qorxmuş və ona görə də 450 qram nəşəni boynuna götürmüşdür. Lakin sonradan 450 qram olaraq bildirdikləri nəşəni artırıb 520 qram etmişlər. Onun üzərinə şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə olunmuş, o, videoçəkiliş zamanı narkotikin ona aid olmasını, həmçinin narkotiki Buzovnada dənizin qırağından tapdığını demişdir. İstintaq zamanı onun ümumiyyətlə vəkili olmamış, o, barəsində olan işin yekunlaşmasına dair sənədlərə imza etməmişdir. Onun özündə ümumiyyətlə narkotik vasitə olmamış, o, sanksiya zamanı da, hətta narkoloji xəstəxanada da olarkən polislər tərəfindən evindən aparıldığını və onda narkotik vasitə olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edildi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bildiyini qeyd edib göstərmişdir ki, o, təxminən 3 il olar ki, nəşə, yəni marixuanadan çəkmə yolu ilə istifadə etməyə başlamışdır. Lakin son bir ildə el arasında «kakos» və «patı» adlanan narkotik vasitələrdən çəkmə yolu ilə istifadə etmişdir. Narkotik vasitələrə tələbatı olduqda Sabunçu rayonunun ərazisində üzdən tanıdığı, lakin adlarını bilmədiyi şəxslərdən istifadə üçün almışdır. 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Sabunçu rayon Məhkəməsi tərəfindən məhkum olunmuş, 2016-cı ildə amnistiya aktına əsasən azad olunmuşdur. Təqsirləndirilən şəxs tədqiq olunan ifadəsinin davamında göstərmişdir ki, tutulmazdan təxminən bir həftə əvvəl Buzovna qəsəbəsinin dəniz kənarı hissəsində gəzərkən yerdə olan dolu göy rəngli sellofan torba onun diqqətini cəlb etmiş və o, həmin torbanı açıb içinə baxarkən orada qurudulmuş ot görmüşdür. Otun iyindən marixuana olduğunu bilmişdir. Həmin sellofanı həmin yerdən götürüb sonradan oradan başqa yerə aparmaq üçün bir qədər aralı olan məişət tullantıları üçün qutuların yanında digər yerdə torpağa basdırmışdır. 17 sentyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində piyada həmin yerə gedib gizlətdiyi sellofan torbanı çıxartmış və evin həyətində gizlətmək üçün evinə tərəf getmişdir. Həmin torba ilə evinin yanından keçərkən yanına iki nəfər mülki geyimli şəxs yaxınlaşmış, özlərinin polis əməkdaşları olduğunu bildirərək onun narkotik vasitələri qanunsuz gəzdirmədə şübhəli bilindiyini deyib onlarla birlikdə 14-cü polis bölməsinə getməli olduğunu demişlər. O, etiraz etmədən polis əməkdaşları ilə həmin polis bölməsinə getmişdir. Polis bölməsində otaqların birinə gətirildikdən sonra onun hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onun üçün vəkil dəvət olunmuşdu. Ona üzərinə baxış keçiriləcəyi barədə məlumat verilmiş və əgər üzərində qeyri-qanuni əşya varsa özünün könüllü olaraq təqdim etməsi ona təklif olunmuşdur. O, gizlətmək üçün daşıdığı, içərisində marixuana olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin torba açılmış və içərisindəki marixuana aşkar edilmişdir. Bu narkotik vasitəni haradan əldə etdiyini olduğu kimi polis əməkdaşlarına bildirmişdir. Bundan sonra həmin marixuana qablaşdırılmış, qablaşdırılmış torbanın üzərini hamı imza etmiş və sellofan möhürlənmişdir. Bundan sonra üzərinə keçirilmiş axtarışla bağlı protokol tərtib edilmiş, protokolun məzmunu oxunmuş və hamı bu protokolu imzalamışdı. Onun mobil telefon nömrəsinə qanunsuz maddələrin satışıyla bağlı gələn mesajlar barədə heç nə demək istəməmişdir (iş vərəqə: səh. 213-215). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu RPİ-nin 14-cü Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid2 ifadəsində göstərdi ki, 17 sentyabr 2021-ci il tarixdə, saat 20:30 radələrində inzibati ərazidə iş yoldaşı Şahid1la birgə xidmətdə olarkən narkotik vasitələrin əldə edilməsində, üzərində saxlamada şübhəli bilinən 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bilgəh qəsəbəsi, XX Qurultay küçəsində müəyyən etmiş, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş, 14-cü PB-nin əməkdaşı olduqlarını bildirmiş və onu 14-cü PB-nə dəvət etmişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olması polis bölməsində bir daha müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təhvil verdikdən sonra təhqiqatçı video çəkiliş aparılmaqla Əlabbasın üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, sonuncuya hüquq və vəzifələri izah olunmuş, dövlət tərəfindən müdafiəçinin yardımından istifadə etmək hüququ izah edilmiş, müdafiəçi təqdim edildikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə xidməti otaqların birində video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz maddə və ya əşyanın olub-olmaması barədə sual verilmiş, bu zaman sonuncu əlində olan göy rəngli sellofan torbadan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində qurudulmuş marixuana narkotik vasitəsinin olduğunu, özünə məxsus olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə götürülərək iştirakçıların iştirakı ilə qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Buzovnadan tapdığını, üzərində daşıdığını bildirmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid qismində dindirilmiş əməliyyat müvəkkili Şahid2 ilə oxşar məzmunlu ifadələr verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 20:30 radələrində ünvan 1 ünvanının qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu rayon RPİ-nin 14-cü PB-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs əlindəki bir ədəd gör rəngli sellofan torbadan marixuana narkotik vasitəsinə şübhəli bitki mənşəli kütlə aşkar edilərək götürülmüş və baxış və götürmə ilə əlaqədar aparılan prosessual hərəkət «Samsung» markalı mobil telefon vasitəsi ilə videolentə alınmışdır(iş vərəqə: 24-26). Məhkəmə baxışı zamanı tədqiq olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs marixuana narkotik vasitəsinin aşkar edilərək götürülməsi prosesinin «Samsung» markalı mobil telefon vasitəsi ilə çəkilmiş video görüntülər daşıyıcı qurğuya – 1 ədəd DVD diskə köçürülmüş və həmin görüntülərə baxış keçirilməklə protokollaşdırılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan, şəxsi axtarış prosesinin görüntülərinə baxış keçirmək barədə 08 yanvar 2022-ci il tarixli həmin protokoldan və məhkəmə istintaqında nümayiş olunan videodiskə köçürülmüş video görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki bir ədəd göy rəngli sellofan torbadan marixuana narkotik vasitəsinə şübhəli bitki mənşəli kütlə aşkar edilərək götürülmüşdür. Tədqiq olunan protokoldan və nümayiş etdirilən videodiskdən görünür ki, hər iki halda istintaq hərəkətləri aparılarkən prosessual pozuntuya yol verilməmişdir (iş vərəqə: 195, videodisk). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməbioloji ekspertizanın 18 sentyabr 2021-ci il tarixli, 7/955 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs» və s. yazısı olan skoçla bağlanmış polietilen torbada bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır və təmiz çəkisi 520 qram təşkil edir (iş vərəqə: 33-36). Məhkəmə baxışı zamanı tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş 19 noyabr 2021-ci il tarixli, 24018 saylı məktub və 1 ədəd CD disk üzrə məlumatlara baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “050 684 07 32” saylı mobil nömrədən çıxan sms yazılarına baxış keçirilərkən 10 iyul 2021-ci il tarixdə 055 437 39 38 nömrəsinə «bayaqdan cıxa bilmirdin qapıdan cole sencun goturmusam emanetleri verim sen oz yoluna», 11 iyul 2021 tarixində 055 *** ** ** saylı nömrədən «alındıra bilsaydin bes manat manda vererdim bidene alardın helelik sabahda getsem getirecem ilkinde var getirecem biri gunde pul alacam gor nese alındıra», 12 iyul 2021 tarixində «alındıra bilseydin gele bilsaydin on manat vererdim alardın mende pisem yaman bugunu yola vererdik ilkin verecek mene das gor alınırsa get alda», 27 iyul 2021 tarixində 055 *** ** ** nömrəsindən «pul elimde sani gozleyirem», 17 sentyabr 2021 tarixində 055 *** ** ** nömrəsindən «ac bu telefonu getir mənə patı ver s.. icini dununden g.. olub seni gozduyurem» kimi qanunsuz maddələrin satışıyla məşğul olması ilə bağlı bir sıra başqa yazışmalar müəyyən edilmişdir (iş vərəqə: 94-156; 197-198). Ən nəhayət, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2021-ci il tarixli, 4958 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin, kannoboidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 160-161). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-psixiatrik ekspertizanın 22 noyabr 2021-ci il tarixli, 2742 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir və onun hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, o hazırda öz hərəkətlərini idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ona ittiham elan olunan cinayət əməlini törədən zaman anlaqlı olmuşdur (iş vərəqə: 162-164). Məhkəmə istintaqı zamanı tədqiq olunan, «Maddi sübut kimi tanıma və saxlama barədə» 27 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 520,0 (beş yüz iyirmi) qram qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 519,95 qram qurudulmuş marixuana narkotik vasitəsi saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinrə təhvil verilmişdir (iş vərəqə: 75, 77). Məhkəmə istintaqı zamanı tədqiq olunan, «maddi sübut kimi tanınma haqqında» 08 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 17 sentyabr 2021-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüləri yerləşdirilmiş 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək, saxlamaq və daşımaq cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə təqsirləndirilən şəxsin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş qurudulmuş marixuana narkotik vasitəsi 520,0 (beş yüz iyirmi) qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş qurudulmuş marixuana narkotik vasitəsinin yuxarı həddindən çoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ziddiyyətli ifadələrini, törətdiyi əməlini inkar etməsini onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş əməliyyat-sorğu arayışından görünür ki, təqsirləndirilən şəxs Cəlilov X3 rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 21 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (iş vərəqə: 76-78). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü uzrə olan məhkumluğu ödənilmiş və Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Belə ki, Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü üzrə məhkum olunduğu əməl təsnifatına görə az ağır cinayətlər (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) kateqoriyasına aiddir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinin tələblərinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli hökmü üzrə təyin olunan azadlıqdan məhrum etmə cəzasını çəkməkdən 21 oktyabr 2016cı il tarixdə azad olunduğunu, Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddəsinə əsasən yuxarıda qeyd edilən hökm üzrə məhkumluğunun 21 oktyabr 2018-ci tarixdə ödənildiyini və hazırda baxılan cinayət işi üzrə cinayət hadisəsinin 17 sentyabr 2021-ci il tarixdə, yəni məhkumluğu ödənildikdən təqribən 2 il 10 ay sonra törədildiyini nəzərə alıb, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən isə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Cinayət işində olan rəsmi sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü və 2015-ci il təvəllüdlü iki nəfər azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun barəsində cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Qeyd olunan bu halla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli baxılan iş üzrə şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2021-ci il tarixdən də hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 17 sentyabr 2021-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin məhkəmə, işdə olan ambulator məhkəmə-narkoloji ekspertizanın 08 dekabr 2021-ci il tarixli, 4958 saylı rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən olunan opioidlərin, kannoboidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi ilə əlaqədar onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbir təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 519,95 (beş yüz on doqquz tam yüzdə doxsan beş) qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilməli; - 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 89,00 (səksən doqquz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 17 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi müalicə təyin edilsin və o, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan 519,95 (beş yüz on doqquz tam yüzdə doxsan beş) qram qurudulmuş marixuana narkotik vasitəsi məhv edilsin; - 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 89,00 (səksən doqquz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-624/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-624/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver