Məhkəmə qərarları › İş №1(101)-624/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-624/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-624/2023 01.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, müdafiəçilər – Bakı şəhəri, «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, «Ekol» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış, 01 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq məlum olmayan mənbədən, naməlum vaxtda külli miqdarda - təmiz çəkisi 1329,065 qram (1 kq 329,065 qr) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımış, 1 ədəd bükümdə 69,065 qram narkotik vasitə marixuananı paltarında saxlamış, onun qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin idarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 01 oktyabr 2022-ci il tarixdə saat 14:30-da ünvan 3 ünvanının yaxınlığında saxlanılıb ünvan 4 yerləşən Xətai rayon Polis idarəsi 35-ci Polis bölməsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 69,065 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 17:15-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş baxış və götürmə zamanı mənzilin eyvanında olan taxta konstruksiyalı dolabın içərisindən onun satış məqsədilə əldə edərək saxladığı külli miqdarda - 1 ədəd bükümdə təmiz çəkisi 1260 qram (1 kq 260 qram) tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, sərbəst ifadəsində və verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsinin məhkəmə iclasında verdiyi ifadə kimi qəbul edilməsini xahiş edir. İbtidai istintaq zamanı ona qarşı heç bir təsir və təzyiq olunmamışdır. O, narkotik vasitəni Ağa adlı şəxsdən almışdır. O, birinci dəfədir ki, Ağadan narkotik vasitə almışdır. Belə ki, Ağanı çoxdan tanıdığından onun telefon nömrəsini tapmışdır. 077 *** ** ** saylı mobil nömrə onun özünə məxsus olmuş, lakin Ağanın nömrəsi yadında qalmamışdır. O, narkotikə görə əvvəlcədən 500 manat vermiş, qalan 2.500 manatı isə narkotiki satdıqdan sonra verəcəyi barədə razılaşmışdır. Ağanın nömrəsi onun telefonunda olmuş, amma hazırda xatırlamır. Birinci dəfə olduğuna görə narkotiki necə satacağını bilməmişdir. İttiham aktında göstərilən çəkidə narkotik vasitə ona məxsus olmuşdur. Özü ailəlidir, himayəsində bir azyaşlı uşağı vardır, əməlindən peşmandır. Bununla belə, növbəti məhkəmə iclasında işə yeni qoşulmuş müqavilə əsasında müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əlavə ifadə vermək istədiyini qeyd etmiş və ittihamda qeyd olunan narkotik vasitənin ona məxsus olmadığını, polis işçiləri tərəfindən saxlanılan zaman onun yanında olmuş Elşən adlı şəxsin narkotiki olduğunu, Elşən polis əməkdaşlarının gəldiyini görüb əlində olan narkotik vasitəni onun maşınının pəncərəsindən içəri atdığını, həmin vaxt 10 nəfərə yaxın polis əməkdaşının onu saxladıqlarını, polis işçilərinin saxlanılarkən onu döydüklərini, lakin onu hansı polis işçisinin vurduğunu bilmədiyini, onların sifətlərini xatırlamadığını, Ağa adlı şəxsi tanımadığını, əvvəllər kiməsə narkotik satmadığını və narkotik vasitə daşımadığını, döyüldükdən sonra bədənində xəsarətlər olduğunu, həmin xəsarət izlərinin təxminən bir ay-ay yarım onun üzərində qaldığını, tutulmamışdan qabaq ona Elşənin zəng etdiyini və Elşən narkotik vasitəni ona vermək istəyən zaman tutulduqlarını, həmin vaxt onların maşında oturduqlarını, evə çəkiliş keçirilən zaman əvvəlcə polis əməkdaşlarının özlərinin evə qalxdığını, təxminən 20-25 dəqiqə sonra onun evə qaldırıldığını, narkotik vasitəni ona vermək üçün Elşənin bir neçə gün ona zəng etdiyini, 70 qram narkotik vasitəni 500 manata ona verəcəyini dediyini, Elşənlə əvvəllər birlikdə narkotik vasitədən istifadə etdiklərini, Elşənlə bir həyətdə yaşadıqlarını, həmin gün Elşənin ona zəng etdiyini, polis əməkdaşlarının sonradan gəldiklərini, onun bədənində xəsarətin olduğunu, xəsarətlə bağlı heç yerə şikayət etmədiyini və prokurorluq əməkdaşları tərəfindən izahatının alınmadığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında sonuncu dəfə verdiyi ifadəsi ilə istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadəsi tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək törətdiyi cinayət əməlini tam etiraf etmiş, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, 01 oktyabr 2022ci il tarixdə saat 14:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 25 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərmiş, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Xətai RPİ, 35-ci PB-nin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində 077 ***-**-** mobil nömrəsi olan “Samsung” markalı mobil telefon, 1 ədəd açar və 60 (altımış) manat 10 (on) qəpik pul aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 74 qram olduğu məlum olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürülmüş, 1 ədəd açar və 60 manat 10 qəpik pul isə özünə geri qaytarılmışdır. İstintaq zamanı verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ağa” adlı şəxsin vasitəsi ilə bir gün hadisədən əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və satmaq məqsədi ilə 500 manata əldə etdiyini, özü isə 1 qramını 10 manata satdığını, həmçinin Bakı şəhəri, Xətai rayonunda yaşadığı mənzildə narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı mənzilə getmişlər. Orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, mənzildə balkonda olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə qurudulmuş marixuananı təqdim etmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 1 kq 295 qram olduğu müəyyən olmuşdur. Daha sonra həmin kütlə içərisi boş olan selofan torbanın içərisinə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri onun, müdafiəçinin və təhqiqatçınm imzaları ilə təsdiqlənmişdir. Sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Ağa” adlı şəxsin vasitəsi ilə bir gün hadisədən əvvəl Bakı şəhəri, Suraxanı rayonu ərazisindən əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və satmaq məqsədi ilə 3000 manata razılaşıb 500 manat verib əldə etdiyini, qalan 2500 manatı satdıqdan sonra verəcəyini, özü isə 1 qramını 6 manata satdığını, yaşadığı mənzildə narkotik vasitə olmasından heç kimin xəbəri olmadığını, başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 63-65). Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradımış və Təqsirləndirilən şəxs saxlanılmışdır. Sonra o, Xətai rayon Polis idarəsi 35-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə aparılmışdır. Bu zaman onun şalvarının yan cibindən bir büküm narkotik vasitəyə bənzər marixuana aşkar olunmuşdur. Bundan sonra onun mənzilinə baxış keçirilmiş və mənzilindən də 1 kiloqram 295 qram narkotik vasitə marixuana aşkar olunmuşdur. Proses iştirakçılarının suallarını cavablandıran Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs saxlanılan zaman onlara müqavimət göstərmədiyini, sorğu zamanı narkotik vasitəni satış məqsədi ilə aldığını və narkotik vasitənin 1 qramını 10 manata satdığını bildirdiyini, Teymuru yaşadığı binanın qarşısında saxladıqlarını, Teymuru maşınından düşüb evinə gedən zaman saxladıqlarını, Teymuru daxil olmuş əməliyyat məlumatı əsasında saxladıqlarını və əməliyyat məlumatının ona daxil olduğunu, daxil olmuş məlumatın külli miqldarda narkotik vasitələrin satışı barədə olduğunu, Teymurun narkotik vasitəni Ağa adlı İran vətəndaşından aldığını bildirdiyini, Teymurun mobil telefonunda Ağa adlı şəxsin nömrəsinin olduğunu, lakin həmin nömrəni indi xatırlamadığını məhkəməyə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 şübhəli şəxs Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, Xətai RPİ, 35-ci Polis bölməsinə gətirilib üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilərkən külli miqdarda narkotik vasitənin aşkar edilərək götürülməsi zamanı əməliyyat qrupunun üzvü kimi iştirak etdiyini bildirərək, həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, həyat yoldaşı Teymur tutulduğu vaxt o, uşağı ilə evdə olmuşdur. Həmin vaxt üç nəfər evə daxil olmuş və ona Teymuru dostu ilə tutduqlarını bildirmişlər. Polis əməkdaşları ona evdə nə qızılları varsa, götürüb kənara çəkilməsini bildirmişlər. O, evdə qızıllarının olmadığını bildirmişdir. Həmin vaxta qədər o, evdə kənar bağlama görməmişdir. Polis əməkdaşları həyat yoldaşını apardıqdan iki saat sonra təkrar evə gətirilmişdir. Həmin vaxt evdə çəkiliş olmamış, ikinci dəfə təxminən iki saatdan sonra evə gələndən sonra evdə çəkiliş aparılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini oxumamışdır. Şahid Səhər Hüseynova həmçinin evə üç nəfər polis əməkdaşı gəldiyini, onların mülki formada və qısaqol köynəkdə olduqlarını, iki saatdan sonra gəldikdə təhqiqatçı və vəkilin də çəkilişdə iştirak etdiklərini, bağlamanın balkondan aşkar olunduğunu, lakin dəqiq haradan götürdüklərini görmədiyini, Teymurun narkotik vasitələrdən istifadə etdiyini eşitdiyini, Teymurun taksi fəaliyyəti ilə məşğul olduğunu, Teymurun telefonda son danışığının saat 13:30-da olduğunu, mənzilə baxışda iştirak etdiyini və baxışın təxminən 15 dəqiqə çəkdiyini, videoçəkiliş vaxtı gedib şkafdan götürdüklərini, lakin kimin götürdüyünü görmədiyini məhkəməyə bildirdi. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmədə şahid Səhər Hüseynovanın ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2014-cü il təvəllüdlü 1 övladı olmuşdur. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 01 oktyabr 2022-ci il tarixdə təxminən saat 17 radələrində yaşadığı ünvan 7 ünvanında olduğu zaman evin giriş qapısı döyülmüş, qapını açmış və xatırlamadığı sayda bir neçə şəxs mənzilə daxil olaraq özlərini Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduğunu bildirmiş və mənzilə daxil olub baxış keçirmək üçün ondan icazə almışlar. Həmin zaman etiraz etməməsi ilə bağlı ərizə yazması xahiş olunmuş, o da, etirazı olmadığı üçün könüllü şəkildə razılıq ərizəsi vermişdir. Təqsirləndirilən şəxs həmin şəxslərə narkotik vasitə olan qurudulmuş marixuananın harada olmasını göstərmişdir. Həmin şəxslər daha sonra mənzilin balkonunda yerləşən taxta konstruksiyalı dolabın içərisində yerləşən 1 ədəd bükümü götürmüşlər. Daha sonra əməkdaşlar ondan videogörüntüdə iştirak etməsini xahiş etdikdə, o, etiraz etməmişdir. Həmin zaman əməkdaşlar videogörüntüyə çəkilmiş və aşkar edilmiş narkotik vasitə marixuananı elektron tərəzidə çəkilərək 1 kiloqram 295 qram olması müəyyən edilmişdir. Həmin kütlələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün möhürlənmiş, həmin zərfin üzərinə baxışda iştirak edən şəxslər imzalar atılmışdır (cild 1, iş vərəqi 99-101). Elan olunmuş ifadə ilə bağlı proses iştirakçılarının suallarını cavablandıran şahid Səhər Hüseynova protokolda olan imzaların ona məxsus olduğunu, lakin həmin ifadəni təsdiq etmədiyini, müstəntiqə də məhkəmədə olduğu kimi ifadə verdiyini, lakin müstəntiqin onun dediklərini yazmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 oktyabr 2022-ci il tarixli protokola əsasən, həmin tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ünvan 3 ünvanının yaxınlığında saxlanılıb Xətai RPİ, 35-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynində olan şalvarın sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 31-32). Cinayət işinin materiallarında olan mənzilə baxış keçirilməsi haqqında 01 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:15-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanında videoçəkilişdən istifadə edilməklə keçirilmiş baxış və götürmə zamanı mənzilin eyvanında olan taxta konstruksiyalı dolabın içərisindən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 36-37). Məhkəmə-bioloji ekspertizasının 02 oktyabr 2022-ci il tarixli 7/1131 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş... " sözləri yazılmış polietilen torbada bir ədəd selofanda təmiz çəkisi 1260 qram və üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi.. ” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd selofanda təmiz çəkisi 69,065 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Ümumi çəkisi - 1329,065 qramdır (1 kq 329,065 qram) (cild 1, iş vərəqi 40, 43-46). Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6481 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidləri istifadə etmə hallan olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 69, 93-94). İbtidai istintaq orqanının 05 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, habelə yaşadığı mənzilə baxış zamanı aşkar edilərək götürülmüş ümumilikdə 1329,065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış ümumillikdə 1328,965 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin müvafiq qərarına qədər saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-də məsul saxlanca verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs şəxsi axtarışı və mənzilə baxış keçirilməsi görüntülərinin qeydə alındığı 2 ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 66-68, 114-125). Cinayət işinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Zəhra adlı azyaşlı uşağı vardır. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, idarənin informasiya bazasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (cild 1, iş vərəqi 129-130). Məhkəmə baxışı başlayarkən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib işin halları barədə ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə oxşar məzmunlu ifadə versə də, növbəti məhkəmə iclasında işə yeni qoşulmuş müqavilə əsasında müdafiəçinin iştirakı ilə əlavə ifadə vermək istədiyini bildirmiş, bu zaman ittihamda qeyd olunan narkotik vasitənin ona məxsus olmadığını, aşkar olunmuş narkotikin polis işçiləri tərəfindən saxlanılan zaman onun yanında olmuş Elşən adlı şəxsə aid olduğunu, Elşən polis əməkdaşlarının gəldiyini görüb əlində olan narkotik vasitəni onun maşınının pəncərəsindən içəri atdığını, polis işçiləri tərəfindən saxlanılarkən döyüldüyünü, lakin onu hansı polis işçisinin vurduğunu bilmədiyini, onların sifətlərini xatırlamadığını, Ağa adlı şəxsi tanımadığını, əvvəllər kiməsə narkotik satmadığını və narkotik vasitə daşımadığını, döyüldükdən sonra bədənində xəsarətlər olduğunu, evə çəkiliş keçirilən zaman əvvəlcə polis əməkdaşlarının özlərinin evə qalxdığını, təxminən 20-25 dəqiqə sonra onun evə qaldırıldığını, narkotik vasitəni ona vermək üçün Elşənin bir neçə gün ona zəng etdiyini, 70 qram narkotik vasitəni 500 manata ona verəcəyini dediyini, Elşənlə əvvəllər birlikdə narkotik vasitədən istifadə etdiklərini, Elşənlə bir həyətdə yaşadıqlarını, həmin gün Elşənin ona zəng etdiyini, polis əməkdaşlarının sonradan gəldiklərini, xəsarətlərlə bağlı heç yerə şikayət etmədiyini və prokurorluq əməkdaşları tərəfindən izahatının alınmadığını qeyd edərək öz müdafiəsi dəlillər gətirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış, həmçinin yaşadığı ünvana baxış keçirilərkən özü heç bir kənar təsir olmadan ittihamda qeyd olunmuş narkotik vasitələri polis əməkdaşlarına təqdim etmiş, həmin maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilkin izahatında, həmçinin şübhəli şəxs və təqsirləndirilən şəxs qismində istintaqa verdiyi bütün ifadələrində, eləcə də məhkəmə iclasında ittiham elan olunduqdan sonra verdiyi ifadəsindlə üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olduğunu, həmin kütlələri tanıdığı Ağa adlı İran vətəndaşından tutulmamışdan bir gün əvvəl Suraxanı rayon ərazisindən əvvəlcədən təyin edilmiş yerdən istifadə etmək və satmaq məqsədilə 500 manat verib qalan 2500 manatını isə narkotik vasitəni satdıqdan sonra vermək barədə razılığa gəldiyini, özü həmin narkotik vasitənin bir qramını 10 manata satdığını, narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və yaşadığı mənzildə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman və üzərinə, evinə baxış keçirilərkən ona qarşı hər hansı zor və təzyiq göstərilmədiyini bildirmişdir. Eləcə də, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi izahatında Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Bundan başqa, məhkəmənin sorğusu əsasında Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq təcridxanasından onun tibbi kitabçasının surəti məhkəməyə təqdim olunaraq baxışı keçirilmiş, müəyyən olunmuşdur ki, təcridxanaya daxil olub müayinə aparılarkən təqsirləndirilən şəxsin bədəni üzərində hər hansı zədə və xəsarət izi aşkar edilməmiş, o, xəsarət almadığını və hal-hazırda heç bir şikayəti olmadığını bildirmişdir. Bakı şəhəri, Xətai rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli ********* saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu zaman polis əməkdaşları tərəfindən ona bədən xəsarətləri yetirilməsi ilə bağlı rayon prokurorluğuna hər hansı məlumat daxil olmamış və bu istiqamətdə heç bir araşdırma aparılmamışdır. İş üzrə obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə məhkəmə tərəfindən təqsirləndirilən şəxsin ifadəsində qeyd etdiyi Elşən adlı şəxsin müəyyən edilərək məhkəməyə dəvət edilib dindirilməsi istiqamətində tədbirlər görülmüş, bununla bağlı müdafiəçinin vəsatətində adını çəkdiyi Şahid3 məhkəməyə dəvət edilmiş, onun məhkəməyə könüllü gəlməsini təmin etmək mümkün olmadığına görə barəsində məcburi gətirmə haqqında qərar qəbul edilərək icra üçün aidiyyəti üzrə polis orqanına göndərilmişdir. Bakı şəhəri, Xətai RPİ, 35-ci Polis bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla müəyyən edilmişdir ki, Şahid3 ünvan 9 ünvanından xx.xx.2000-ci il tarixdə qeydiyyatdan çıxaraq yaşamadığı üçün onun barəsində qəbul edilmiş məcburi gətirmə haqqında qərarı icra etmək mümkün olmamışdır. Bununla bağlı məktuba 87 saylı Mənzil kommunal istismar sahəsinin xx.xx.2023-cü il tarixli 29 saylı arayışı da əlavə edilmişdir. Qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə baxışının müəyyən mərhələsindən sonra ziddiyyətli ifadələr verməsini, narkotik vasitələrin özünə yox, başqa şəxsə məxsus olması, polis əməkdaşlarının onu döyməsi nəticəsində cinayəti etiraf etməsi barədə bildirdiklərini Təqsirləndirilən şəxs sonradan müqavilə əsasında işə qoşulmuş müdafiəçinin təsiri ilə məsuliyyətdən azad olunmaq üçün seçdiyi müdafiə taktikası kimi qiymətləndirir, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı sübutlarla təsdiq olunduğuna görə onun ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ilkin etirafedici ifadələrini obyektiv həqiqəti əks etdirən sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ondan aşkar olunmuş narkotik vasitələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində, həmçinin məhkəmə baxışı başlayarkən verdiyi ifadəsində şəxsi axtarışı və yaşadığı mənzilə baxış zamanı aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu səmimi etiraf etməsini, həmçinin həm üzərindən, həm də daha sonra yaşadığı mənzildən eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsini, həmçinin aşkar olunmuş narkotik vasitələrin kütləsinin külli miqdar anlayışından dəfələrlə artıq olmasını nəzərə alır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsə münasibətdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, məhkəmədə Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 01 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan müddəaları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı bütün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməli, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 6481 saylı rəyini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs kannabioidləri istifadə etmə hallan olsa da, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadığından və narkomaniya xəstəliyindən əzab çəkmədiyindən, barəsində tibbi xarakterli məcburi tədbir təyin edilməməli, lakin o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutlar - Bakı şəhəri, Xətai RPl-nin maddi sübutları saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı, habelə yaşadığı mənzilə baxış zamanı aşkar edilərək götürülmüş ümumilikdə 1329,065 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumillikdə 1328,965 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, Təqsirləndirilən şəxs şəxsi axtarışı və mənzilə baxış keçirilməsi görüntülərinin qeydə alındığı 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatı 89 (səksən doqquz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və hesabatdan görünür ki, Bakı şəhəri, «Zəfər» Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəsi ilə əlaqədar 4 saat vaxt sərf etmişdir. Lakin hesabatla tanışlıq zamanı müəyyən edilmişdir ki, müdafiəçi cinayət işinin materialları ilə tanış olma vaxtını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə iclaslarının başlama və qurtarma vaxtlarını özündə əks etdirən protokollar, həmçinin müdafiəçinin məhkəmə iclaslarına gəlib-getməsi ilə bağlı sərf etdiyi vaxt və iş materialları ilə tanış olma vaxtı da nəzərə alınmaqla vəkil Müdafiəçi1 iş saatı ümumlikdə 6 saat müəyyən edilməlidir. Bu səbəbdən, dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödəniləcək 36 (otuz altı) manat məbləğində pul vəsaiti Bakı şəhəri, «Zəfər» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll olunsun: - Bakı şəhəri, Xətai RPİ-də məsul saxlanca verilməklə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı və mənzilə keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 1328,965 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs şəxsi axtarışı və yaşadığı mənzilə baxış zamanı çəkilmiş videogörüntüləri əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri hesab edilən: - 89 (səksən doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə baxışı dövründə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş vəkil Müdafiəçi1 ödənilməli olan 36 (otuz altı) manat məbləğində pul vəsaiti Bakı şəhəri «Zəfər» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar