Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-624/2024 30.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X8 ibarət tərkibdə, X1 və Qafarova-Məmmədova Turan Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etməklə saxlayaraq daşımışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumi çəkisi 30,090 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 01 fevral 2023-cü il tarixdə saat 22:30 radələrində Sabunçu rayon Polis İdarəsinin 13-cü PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən «Aqat» şadlıq sarayının qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd bükümdə, külli miqdarda, ümumi təmiz çəkisi 30,090 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o, Azərbaycan Dövlət Neft Akademiyasını bitirmiş, rus və ingilis dillərini bilir və 5 ilə yaxındır ki yazıçı kimi fəaliyyət göstərməklə müxtəlif kitabların müəllifidir. O, narkotik maddədən istifadə etmir, bu vaxta qədər ümumiyyətlə tütün məhsullarından da istifadə etməmişdir. O, bütün həyatını ittiham olunduğu maddənin tam əksinə olaraq narkotik vasitələrlə mübarizəyə həsr etmiş, yazdığı əsərlər də buna sübutdur. O, narkotik vasitələrin əleyhinə kitab yazmış, gəncləri həyata, inkişafa, idmana addım atmağa təşviq etmişdir. Çevik hərəkat bölümündə xüsusi təyinatlı bölmədə hərbi xidmət keçmiş, təlimlərdə iştirak etmişdir. Yazdığı kitabların heç birində dövlətə qarşı qərəzli məlumatlar yoxdur. Habelə, üzərində olan mobil telefonda da bu tipli məlumatlar mövcud olmamışdır. Sözügedən ittiham saxtadır. 1 fevral 2023-cü il tarixdə ailə üzvlərini maşından düşürəndən sonra özünə məxsus olan avtomobillə daimi fəaliyyət göstərdiyi yerə yaxınlaşmış və avtomobili saxlamışdır. O, bir müddətdir ki, idmanla məşğul olur, təxminən saat 6-7 radələrində məşq etmişdir. Bu müddət ərzində o, telefona gələn mesajlara baxmış və avtomobildə olarkən avtomobilinin sağ və sol qapıları açılmışdır. O, maşına güzgüdən nəzarət etmiş və arxada avtomobil saxlanıldığını və qapılarının açıldığını görmüşdür. Bundan 45-60 saniyə sonra onun qapıları açılmış və bir nəfər telefonunu götürərək getmişdir. Digər şəxslər isə onu avtomobildən çıxarmış, onu iş yerindən 150-200 metr məsafədə yerləşən 13-cü polis bölməsinə aparmış və bölmədə rəisin otağına salmışlar. Orada ona həbs edilməli olduğu deyilmiş, bundan sonra onu digər otağa aparmış və ona insana yaraşmayan sözlər və hərəkətlər edilmişdir. Ona hər hansı bir məntiqli səbəb deyilməsə də, ona tutulmalı olduğu deyilmişdir. O, bu əməli törətməmiş, 35 il ərzində nə narkotik maddə alıb istifadə etmiş, nə də ki onun rəngini və ya qoxusunu bilmir. Ona təzyiq göstərilməsinə baxmayaraq o, bu əməli öz üzərinə götürməyəcəyini və çəkilişlə razı olmadığını demişdir. Polis əməkdaşı ona yaxınlaşaraq, narkotik vasitənin ona məxsus olduğunu boynuna almalı olduğunu, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndəriləcəyi halda ona böyük təzyiq olunacağını və bu zaman boynuna almaq üçün yalvaracağını demişlər. Əgər o, bu təklifi qəbul etməsə, atasını da tutacaqlarını demişlər. O da carəsiz qalaraq polis əməkdaşlarının təklifi ilə razılaşmalı olmuş, 5-6 dəfə video-çəkiliş edilmiş, o, məcbur olub video çəkiliş zamanı “Aqat” şadlıq sarayı yaxınlığında narkotik maddə tapdığını demişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, 01 fevral 2023-cü ildə tutulmuş, polis əməkdaşları ona birbaşa fiziki təsir edilməsə də, daha pis şəkildə psixoloji təzyiq göstərmişlər. Video çəkilişdə tanımadığı iki nəfər hal şahidi də olmuş, Eldar adlı şəxs tərəfindən cibinə narkotik vasitə qoyulmuşdur. Video çəkiliş bölmədə həyata keçirilmiş, 30 qram metamfetamin də həmin 13-cü polis bölməsində cibinə qoyulmuşdur. O, gecə polis bölməsində saxlanılmış, günorta radələrində isə tanımadığı bir şəxsi gətirərək vəkili olduğunu demişlər. Saxlanıldığı zaman üzərində avtomobil açarı və kartlar həmçinin 20-30 manat pul olmuş, çantası isə avtomobilində qalmışdır. İstintaq zamanı o, bütün kartlarını təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü RPİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 2023-cü ilin yanvar ayının sonlarında Təqsirləndirilən şəxs narkotik vasitələri daşıması ilə bağlı bölməyə məlumat daxil olmuş, daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılmış, yanvar ayının sonlarında axşam saatlarında Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, “Aqat” şadlıq evinin yaxınlığında şəxsə yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirərək onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs bölməyə gəlməkdən imtina etməmiş, bölmədə inzibati otaqların birində təhqiqatçı tərəfindən onların və vəkilin iştirakı ilə şəxsin üzərinə axtarış keçirilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərindən olan bir büküm maddəni çıxararaq masanın üzərinə qoymuşdur. Həmin maddəni haradan əldə etməsi soruşulduqda, həmin maddəni yerdən tapdığını bildirmişdir. Şahid1 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən o, yolda piyada hərəkətdə olmuş, o, Şahid2 ilə birlikdə həmin şəxsi saxlamağa getmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmiş, onu bölməyə dəvət etdikdə, o, yayınmağa çalışmamışdır. Hadisə yanvar ayında baş vermiş, onlar vətandaş Təqsirləndirilən şəxs “Aqat” şadlıq sarayının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində axtarış keçirilməmişdir. Şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Onlar şəxsi saxlayarkən 2 nəfər olmuşlar. Təqsirləndirilən şəxs bölməyə nəqliyyat vasitəsilə gətirmişlər. Bölməyə daxil olduqdan sonra təhqiqatçının otağında şəxsin üzərinə axtarış keçirilmiş, təhqiqatçının sualı əsasıda şəxs gödəkçəsində olan bir bükümü stolun üstünə qoymuşdur. Şəxsin üzərindən əlavə nə isə aşkar olunmasını xatırlamır. Şəxs həmin maddəni yerdən tapdığını bildirmişdir. Çəkiliş zamanı Şahid2, təhqiqatçı və o, iştirak etmiş, başqa şəxslərin olub-olmadığını xatırlamır. Şəxs barəsində narkotik vasitələrin saxlanması və daşınması barədə əməliyyat məlumatı daxil olmuş, satışla bağlı məlumat olub-olmadığını xatırlamır. Əməliyyat qrupunun rəhbəri o olmuş, məlumat şəxs saxlanılmamışdan əvvəl daxil olmuşdur. Onlar adətən şəxsi saxlamamışdan əvvəl gedib-gəldiyi yerləri araşdırırlar. Onlar Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi ərazisində olduğunu müəyyən etmişlər. Təqsirləndirilən şəxsin şəxsiyyətini əməliyyat tədbirləri zamanı müəyyən etmişdir. Şəxsin işlədiyi yeri xatırlamır, onu axşam saat 10-12 arasında, “Aqat” şadlıq sarayının yaxınlığında saxlamışlar. Şəxsi saxlayan zaman üzərində telefon olub-olmamasını xatırlamır. Şəxsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan zaman kiminlə əlaqə saxladığını xatırlamır. Şəxsi saxlamamışdan əvvəl İsmixan Vəlixanovun yazıçı olmasını bilməmiş, həmçinin Təqsirləndirilən şəxs qaçmağa cəhd etməmişdir. Ricat adlı polis əməkdaşı onların bölməsinin əməkdaşı olmuş, lakin X4 saxlayarkən iştirak etməmişdir. Ricat adlı şəxsin soyadını və əlaqə məlumatını bilmir. Şəxsi axtarış zamanı hal şahidlərinin iştirak edibetməməsini xatırlamır. O, şəxsin üzərində aşkar edilən maddənin nə olduğunu bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, hazırda Sabunçu RPİ-nin 13-cü polis bölməsinində sahə rəisi vəzifəsində xidmət edir və polis mayoru rütbəsindədir. Sabunçu rayon polis idarəsinin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs tanımır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Aqat" şadlıq sarayının yerləşdiyi ərazi polis sahə rəisi kimi xidmət etdiyi ərazi deyil. 01 fevral 2023-cü il tarixdə xidmət etdiyi Sabunçu RPİ-nin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılması və tutulmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs hər hansı formada narkotik vasitə və ya psixotrop maddə verməmişdir ki, o, şəxsi axtarış zamanı təqdim etsin. O, ümumiyyətlə Təqsirləndirilən şəxs tanımır. Həmçinin, Təqsirləndirilən şəxs başqa qohumlarını və ya atasını tanımır. O, polis əməkdaşı olduğu üçün xidməti zərurətlə əlaqədar 13-cü polis bölməsində, Sabunçu rayon Polis İdarəsində, müxtəlif ərazilərdə və s. olur. Ona görə də, 01 fevral 2023-cü il tarixdə harada olmasını xatırlamır. (cild İ, i/v: 218-220) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, 2023-cü ilin il fevral ayında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və hal şahidi kimi iştirak etməyə dəvət etmişlər. O, bu təkliflə razılaşıb bölməyə getdikdə orada ondan başqa bir nəfər də hal şahidi olduğunu görmüşdür. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindəki göy rəngli gödəkçənin sağ cibindən şəffaf sellefan bükümdə kristal maddə aşkar olunmuşdur. Şahid4 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər də bir dəfə hal şahidi qismində iştirak etmiş, həmin vaxt təqsirləndirilən şəxsə hansı maddə ilə ittiham verildiyini xatırlamır, lakin narkotik vasitə ilə əlaqədar olmuşdur. Hazırki iş üzrə polis əməkdaşları Bakıxanov qəsəbəsində, «Bakıxanov Mall» ticarət mərkəzinin əks tərəfində, axşam 22-23 radələrində ona yaxınlaşmışlar. Polis əməkdaşları mülki geyimdə yaxınlaşaraq özlərini təqdim etmiş və bir nəfər şəxsin üzərində şəxsi axtarış keçiriləcəyini bildirib, hal şahidi kimi iştirak etməsini xahiş etmişlər. Bölmədə olan zaman otaqda ondan əlavə bir nəfər də şahid olmuş, şəxsi axtarış zamanı təqsirləndirilən şəxs üzərindəki bükümü özü təqdim etmişdir. Təqsirləndirilən şəxsin üzərindən başqa hansısa əşyanın aşkar olunmasını xatırlamır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi məhkəmə istintaqı zamanı elan edilərkən digər Şahid4 ifadəsinə oxşar məzmunda ifadə verdiyi müəyyən olunmuşdur (cild İ, i/v: 53-55). Müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs atası Eldar İsmixanova məxsus obyekti icarəyə götürərək işlədir. Orada işlədiyinə görə Vəlixanı və atasını tanıyır. Eldar İsmixanov adətən obyektini saat 18-də bağlayır, o isə saat 18.30-dan sonra bağlayıb gedir. Vüqar adlı şəxs onun obyektindən yuxarıda işləyən şəxsdir. 2023-cü ilin fevral ayında o, yuxarı Vüqarın yanına çıxmış, belə ki, onlar Zabratda yaşadıqlarına görə evə bir yerdə gedirlər. O, Vüqarın yanında olan zaman Vəlixanı maşında görmüşlər. Belə ki, o, Vüqarla söhbət edən zaman bir nəfərin sağ tərəfdən Vəlixanının maşınına yaxınlaşdığını, bir nəfərin isə sol tərəfdən qaçaraq gəldiyini görmüşlər. Həmin şəxslərdən biri qara gödəkcə, cins şalvar və ağ idman ayaqqabısında olmuşdur. Həmin şəxslər maşına yaxınlaşmış, sağ tərəfdə olan şəxs Təqsirləndirilən şəxs telefonu almış, sol tərəfdə olan şəxs isə qapını örtmüş və Vəlixanı maşına əyləşdirmişlər. Vəlixanı avtomobilə əyləşdirəndən sonra həmin şəxslərdən biri pultla avtomobilin qapısını bağlamış və Vəlixanı aparmışlar. Onlar söhbətin nədən getdiyini bilməmiş, maşına oturaraq çıxıb getmişlər. Onlar səhər tezdən işə gəlmiş, Vəlixanın maşını orada olmuşdur. Atası Vəlixanın harada olduğunu soruşmuş, onlar sonradan öyrənmişlər ki, Vəlixanı polis əməkdaşları aparmışlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid6 bildirmişdir ki, o, Vəlixanı maşında görmüş, Vəlixan maşından düşməmiş, telefonla məşğul olmuşdur. Vəlixan maşının içərisində olan zaman ifadəsində qeyd etdiyi şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslərdən biri maşına sağ tərəfdən yaxınlaşmış, digəri isə sol tərəfdən qaçaraq gəlmişdir. Həmin şəxslər Vəlixanı maşından düşürtmüş və qara rəngli maşına əyləşdirib aparmışlar. Qara maşını 2 nəfərdən biri sürmüş, onlar Vəlixanı aparan şəxslərin polis əməkdaşı olduğunu səhəri gün bilmişlər. Şahid6 ona verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Vəlixanı apardıqları maşının markasını bilmir, lakin nömrəsi 915 olmuşdur. Həmin vaxt obyekt bağlı olmuş, içəridə heç kim olmamışdır. Təqsirləndirilən şəxs maşını üzü öz obyektlərinə tərəf dayanmış, o və Şahid7 bütün proseslərə yuxarıdan şahid olmuşlar. İfadəsində qeyd etdiyi şəxslər Təqsirləndirilən şəxs maşından zorla düşürtməmiş, lakin avtomobilin pultunu almışlar. Müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: - Sabunçu RPİ-nin 13-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, şəxs 01 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Aqat şadlıq sarayının qarşısında keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 22.30-da saxlanılmışdır. (cild İ, i/v: 3; 7). - «Şəxsi axtarış və götürmə aparılması haqqında» 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmiş və bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində şəffaf rəngli kristal formada olan maddəni çıxarıb təqdim edib, həmin maddəni xx.xx.2023-cü il tarixdə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən Aqat şadlıq sarayının yaxınlığında tapıb üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm bir ədəd zərfə qoyulub qablaşdırılmış, zərflərin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənib götürülmüşdür. (cild İ, i/v: 31-32). - «CD diskə baxış keçirilməsi haqqında» 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan diskə baxış keçirilmiş və baxış zamanı “şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2023-cü il tarixli protokolda göstərilənlər öz təsdiqini tapmışdır. (cild İ, i/v: 90) Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə bilavasitə tədqiq edilmiş və müəyyən edilmişdir ki, həmin video görüntülər «şəxsi axtarış və götürmə aparılması haqqında» 01 fevral 2023-cü il tarixli protokolla və «CD diskə baxış keçirilməsi haqqında» 03 fevral 2023-cü il tarixli protokolun məzmunu ilə eynilik təşkil edir. - Məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2023-cü il tarixli 6/643 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 160» dairəvi möhür əksi olan, «vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....» yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 30,090 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına (Siyahı İ) daxildir. (i/v: cild İ, səh. 37-41). - Ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 2269 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v: 192-193). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsidə anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild İ, i/v:195-196) - İstintaq orqanının “əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 06 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri zaman aşkar edilərək götürülmüş ümumi çəkisi 30,090 qram olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 29,990 qram təşkil edən psixotrop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (cild İİ, i/v: 127). - Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarından görünür ki, 01 fevral 2023-cü il tarixli «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərar qanuni hesab edilmişdir. (cild İ, i/v: 46-47). Məhkəmə baxışında müdafiə tərəfi ekrandan çəkilmiş təhlükəsizlik kamerasının görüntülərini təqdim etmiş, həmin video görüntülər məhkəmə iclasında nümayiş etdirilməklə tədqiq edilmiş və görüntülərdə Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən avtomobilə müəyyən şəxslərin əyləşdiyi müşahidə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi sübuta yetirilməsə də, onun külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin maddənin onun üzərindən aşkar olunması tam sübuta yetirilmişdir. Bununla bağlı məhkəmə əvvəlcə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmaması ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatında və ifadələrində üzərindən aşkar olunmuş psixotrop maddənin ona aid olmasını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində həmçinin tutulan zaman, polis əməkdaşları tərəfindən işgəncəyə və zorakılığa məruz qalmadığını, qeyd olunan bükümlərin onun cibinə polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmiş və Təqsirləndirilən şəxs cibində olan bükülünü özü şəxsən çıxarıb təhvil vermiş və özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması ilə bağlı ona məxsus olmayan psixotrop maddəni boynuna götürdüyünü bildirsə də, onun polis əməkdaşları tərəfindən qanunsuz əməllərə məruz qalması ilə bağlı şikayəti əsasında Bakı şəhəri Sabunçu rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və araşdırma zamanı qeyd olunan xüsusatlar öz təsdiqini tapmadığından material üzrə 24 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. (cild İİ, i/v: 18-21) Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmişdir. Bununla da məhkəmə təqsirləndirilən şəxsin onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması ilə bağlı ifadəsini həqiqətə uyğun hesab etmir. Bundan başqa məhkəmə müdafiə tərəfinin təqdim etdiyi video görüntülər və şahid ifadələri ilə bağlı qeyd edir ki, həmin video görüntülərdə olan şəxslərin şəxsiyyətini müəyyən etmək, həmin şəxslərin təqsirləndirilən şəxs və ya onu saxlayan polis əməkdaşları olmasını müəyyən etmək mümkün olmadığından, bundan əlavə müdafiə tərəfinin təqdim etdiyi şahidlərin təqsirləndirilən şəxsin tanışları olmaqla, onun xeyrinə ifadə verməsi hallarını da istisna etmir, buna görə də məhkəmə təqdim olunmuş video görüntüləri və əlavə şahidlərin ifadələrini mötəbər sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olunması, ibtidai istintaq zamanı şəxsi axtarış və götürmə aparılması haqqında protokol, videogörüntülər, məhkəmə kimyəvi-ekspertizasının rəyi, şahid ifadələri və digər protokollarla tam sübuta yetirilmişdir. Bununla belə məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə onun əməli düzgün tövsif olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə toplanmış sübutların hər birini bir-biri ilə qarşılıqlı şəkildə təhlil edərək belə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni əldə etməsi, daşıması və üzərində saxlaması və həmin psixotrop maddənin onun üzərindən aşkar olunması tam sübuta yetirilsə də, onun üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin külli miqdarda psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsini təsdiq edən hər hansı sübut nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə əldə etməsinə dair ittiham irəli sürərkən, bununla bağlı heç bir sübuta istinad etməmiş, onun narkotik vasitəni satdığı şəxs və ya şəxslər müəyyən edilməmiş, o, bilavasitə narkotik vasitənin və ya psixotrop maddənin satışını həyata keçirən zaman saxlanılmamış, narkotik vasitələrin və psixotrop maddənin alqı-satqısı ilə bağlı kiminləsə sövdələşməsinin olması istintaq yolu ilə müəyyən edilməmiş, qeyd olunan halla bağlı təqsirləndirilən şəxsin mobil əlaqələri müəyyən edilməmiş, həmçinin onun mənzilinə baxış keçirilən zaman hər hansı qanunsuz maddə aşkar edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan raportlardan da görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olaraq saxlanılmışdır. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilən əməliyyat qrupunun rəhbəri olan polis əməkdaşı da öz ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olmadığını bildirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamin psixotrop maddəsini əldə etmək, saxlamaq və daşımaqda, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyə görə təqsirli bilinə və cəzalandırıla bilməz. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş psixotrop maddəni «satış məqsədi ilə» daşıyıbdaşımaması ilə bağlıdır. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni satış məqsədilə əldə etməsinə dair hər hansı sübut müəyyən edilməmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Məhkəmə Plenum qərarında göstərilən həmin halları da nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Belə ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə bir bükümdə olmuş, onun üzərindən tərəzi və ya başqa avadanlıq aşkar edilməmiş, istehlakçı ilə hər hansı bir razılığının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin həmin psixotrop maddədən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetamin psixotrop maddəsinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış psixotrop vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə psixotrop maddənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şübhəsizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif etməmişdir, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin «sübutların kifayət etməsi»ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin «sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi»ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında cinayətin ictimai təhlükəliliyinin xarakterinin və cinayətin ictimai təhlükəlilik dərəcəsinin mahiyyəti izah olunmuşdur. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayət kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətin törədilmə üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlılığı və sair) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində xx.xx.2021-ci təvəllüdlü X2 adlı bir azyaşlı övladı vardır. (cild İİ, i/v: 44) Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Belə ki, cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild İİ, i/v: 9-10) Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 01 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 30,090 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 294 (iki yüz doxsan dörd) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, həmin ekspertiza xərcinin 114 (yüz on dörd) manat hissəsi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə psixotrop maddənin ekspertizası ilə əlaqədar, qalan hissəsi isə ona qarşı ittiham irəli sürülməmiş dini ədəbiyyatlarla bağlı olduğundan, qeyd olunan məbləğin 114 (yüz on dörd) manat hissəsi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməli, qalan hissədə isə məhkəmə məsrəfi dövlət büdcəsi hesabına aid edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut – Sabunçu RPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 30,090 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri – 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin, məhkəmə məsrəfi qalan hissədə dövlət büdcəsi hesabına aid edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-624/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-624/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver