Məhkəmə qərarları › İş №1(101)-625/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-625/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-625/2021 17.08.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X2 və X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, müdafiəçi: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1990-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Musabəyli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa aqır zərər vurmuş və silah qismidə istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən “Cənub” kafesinin qarşısında qardaşı Şahid4 naməlum şəxslər tərəfindən döyülməsi səbəbindən ictimai qaydalara qarşı etinasızlıq göstərərək, əxlaq normalarını və cəmiyyətə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarını kobud surətdə pozub, bilərəkdən özünü ictimai qaydalara qarşı qoyaraq, gücünü nümayş etdirməklə, cəmiyyətə açıqca hörmətsilik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edən qərəzli hərəkətlər edərək, ictimai yerdə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçaqdan silah qismində istifadə edib zərərçəkmiş Zərərçəkmiş şəxs zor tətbiq edib sonuncunun döş qəfəsinin nahiyyəsinə iki dəfə bıcaqla vuraraq döş qəfəsinin ön səthinin sağda bir ədəd boşluğa nüfuz edən, pnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası, sol qaş nahiyəsinin və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları kimi insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsi tanımır. Belə ki, o, qardaşı Şahid4la Sulutəpə qəsəbəsində kirayə yaşayırdılar. 07.09.2020-ci il tarixdə saat təxminən 19 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən “Aftoş” kimi tanıdığı kafeyə çay içməyə getmişlər. Kafedə çöldə olan masa arxasında əyləşərək çay sifariş vermişlər. Digər masada təxminən 15-ə yaxın oğlan əyləşib yeyib içirdilər. Bir qədər sonra həmin masada əyləşmiş, qardaşı Şamili tanıyan Əli adlı şəxs qardaşına yaxınlaşıb sonuncunu söhbət etmək üçün bayıra çağırmışdır. Yəni, Əli qardaşını hansısa pis niyyətlə çağırmamışdır, sadəcə köhnə tanış kimi söhbət etmək üçün dəvət etmişdir. Görmüşdür ki, Əli ilə bir masada əyləşən cavan oğlanlar Əli ilə Şamilin arxasınca çölə çıxırlar. Bir azdan isə çöl tərəfdən qardaşının qışqırıq səslərini eşidərək dərhal qardaşının olduğu yerə getmiş, görmüşdür ki, Əlinin masasında əyləşən oğlanlar qardaşını yerə yıxıb döyürlər. Qardaşının üz-gözü qan içində idi. Qardaşını kütlənin içindən qaldırıb kənara çəkərək 5-6 metr aralıda duran taksiyə əyləşdirmiş, lakin özü maşına minmək istədikdə qardaşını döyən şəxslər onu tutaraq maşına minməyə imkan verməmişlər. Bu səbəbdən taksi sürücüsünə sür get deyərək özü həmin şəxslərin əhatəsində qalmış, bu şəxslərlə əlbəyaxa olmuş, lakin onlar çox olduğu, o isə tək olduğu üçün döyülmüş və özünü müdafiə etmək məqsədilə cibində olan açılıb-qatlanan bıçağı çıxarıb onlardan birinə xəsarət yetirərək oradan uzaqlaşmışdır. Etdiyi əməldən peşmandır, o, orada xuliqanlıq əməli törətməmişdir. Əksinə onu və qardaşını döyən şəxslər sərxoş olmuşlar, kafedəkilərin istirahətini pozmuşlar, xuliqanlığı onlar etmişlər. Həmin hadisədə istifadə etdiyi bıçağı isə o, polislər onu saxladığı gün onlara təqdim etmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs 19.03.2021-ci il tarixdə Bakı Hava Limanından Moskva şəhərinə getmiş, qayıtması barədə məlumat qeyd edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, hadisə baş verən zaman o, Binəqədi rayonu. Xocasən qəsəbəsində kirayə yaşamış, hadisə olan günə kimi o, “Meyvəli” ticarət mərkəzində satıcı işləmişdir. 07.09.2020-ci il tarixdə o, özünün toy gününü qeyd etmək üçün tanıdığı uşaqlarla “Aftoş” deyilən kafeyə getmişdir. Onlar orada masa arxasında əyləşmiş və onun tanışlarıda onunla birlikdə əyləşmişdir. Həmin vaxt orada tanışları Əli, Səyyad, Dilqəm. Rusxar və bir neçə üzdən tanıdığı uşaqlar olmuşdur. Onlar oturub orada yemək yeyir və spirtli içki qəbul etmişlər. Həmin zaman heç bir narazıçılıq olmamış, təxminən bir saat sonra üzdən tanıdığı lakin adların xatrılamadığı uşaqlar onarla sağollaşıb getmişlər. Lakin, o və adların çəkdiyi uşaqlar və bir neçə üzdən tanıdığı şəxslər orada qalmış və oturub yenədə içməyə davam etmişlər. Həmin gün saat təxminən 20 radələrində Əli onların masasından qalxaraq digər masaya keçmiş və kimləsə söhbət eləməyə başlamışdır. Bu zaman onlar çölə çıxmışlar. O, həmin vaxt çox içkili olmuş və əl üzünü yumaq üçün sanitar qovşağına getmişdir. Təxminən 3-4 dəqiqə sonra o, oradan çıxıb çölə siqaret çəkmək üçün getmişdir. Bu zaman o, görmüşdür ki, çöldə mübahisə düşüb. Həmin mübahisənin səsinə yanında olan şəxslərdə çıxmışlar. Mübahisə davaya çevrilmiş və həmin dava-dalaşda üzdən tanıdığı uşaqlarda vardı. O, araya girmiş ki, onları aralasın. Təxminən 15 dəqiqə davadalaşdan sonra hamı aralaşmışdır. O, ayaq üstə dayanmış və qəfildən nəfəsinin ağır gəldiyini hiss etmişdir. O, əlini sinəsinə tərəf qaldıranda görmüşdür ki, paltarı qandır. Bir anlıq özündən getmişdir. O, bu zaman tanımadığı və xatrılamadığı bir şəxsə onu bıçaqla vurduğlarını demişdir. Həmin vaxt o, içkili olmuş və kim tərəfindən təcili tibbi yardım çağrıldığını və kim tərəfindən paltarının çıxarıldığını xatırlamamışdır. Təcili tibbi yardım gəldikdən sonra isə onu Mirqaqsımov adına Respublika Xəstəxanasına aparmışlar. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq heç kimlə düşmənçiliyin olmadığını, dava-dalaş zamanı iştirak edən şəxsləri tanımadığını, ətrafda 10 nəfərə yaxın adamın olduğunu, dava-dalaşın 10-15 dəqiqə davam etdiyini, həmin dava-dalaş zamanı qarışıqlıq olduğundan kimlərin iştirak etdiyini bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs isə tanımır. 07.09.2020-ci il tarixdə saat təxminən 19 radələrində qardaşı Muüşfiqlə Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Aftoş” kafesinə getmişlər. Orada həyətdə bir masada əyləşərək çay sifariş verib çay içmişlər. Oturduqları masanın yanında bir neçə masa birləşdirilməklə təxminən 10-11 nəfər adam əyləşərək yeyib-içirdilər. Həmin masada oturanlardan biri onun tanışı idi. Tanışının adı Əli idi. Əlini Meyvəli bazarında fəhlə işlədiyi dövrdən tanıyırdı. Əli ona yaxınlaşaraq salamlaşmış, çoxdandır bir-birini görmədiklərini, çıxıb söhbət etmələrini təklif etmişdir. O da Əli ilə birlikdə kafenin həyətindən çıxıb adi söhbət etmişlər. Əli ilə bir masada əyləşən digər oğlanlar onların bayıra çıxmalarını səhv anlayaraq onlara yaxınlaşmış, lakin Əli onlara heç bir şey olmadığını, geri qayıtmalarını demişdir. Həmin uşaqlar kafeyə qayıtsalar da sonra yenidən onların yanına qayıdaraq gözləmədiyi halda ona hücum edərək yumruqtəpiklə onu döyməyə başlamışlar. Aldığı zərbələrdən o yerə yıxılmışdır. Əli onu döyən şəxsləri nə qədər ayırmağa çalışsa da onlar Əliyə məhəl qoymamışlar. Vəziyyətin belə olduğunu görüb qardaşı Müşfiqi qışqıraraq köməyə çağırmışdır. Onun səsinə bayıra çıxan Müşfiq onu döyən şəxsləri ondan itələyib kənarlaşdırmış, onu ayağa qaldırıb bir taksiyə mindirib evə yola salmışdır. Lakin Müşfiq özü taksiyə minə bilməmişdir. Belə ki, həmin onu döyən oğlanlar ona buna imkan verməmişlər. Taksi sürücüsü vəziyyəti görüb maşını sürüb oradan uzaqlaşmışdır. Bundan sonra o, nə baş verdyini bilməmiş, sadəcə polisə dəvət olunduqdan sonra bilmişdir ki, qardaşı kimisə bıçaqlamışdır. Qardaşının üzərində balaca bıçaq olduğunu bilirdi. Həmin bıçaq meyvə kəsmək üçün istifadə olunan bıçaq idi. Əvvəllər Meyvəlidə işlədiyi Əli ilə münasibətləri yaxşı olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildimişdir ki, Təqsirləndirilən şəxs kafenin müştərisi kimi tanıyır. Müşfiq çox vaxt kafeyə qardaşı Şamillə birlikdə gəlib çay sifariş verib çay içib gedirdilər. Hadisə günü axşam saat 19 radələrində Müşfiq qardaşı Şamillə kafeyə gəlib həyətdəki masalardan birinin ətrafında əyləşərək çay sifariş vermişlər. Müşfiq də, qardaşı Şamil də içkili deyildilər. Həmin vaxt həyətdə birləşdirilmiş masalar arxasında təxminən 10-15 nəfər şəxs oturub hansısa hadisəni qeyd edirdilər. Həmin şəxslər hamısı içkili idilər. O. kafenin inzibatçısı olduğu üçün həm masalara, həm də mətbəxə nəzarət edir, arabir mətbəxə daxil olur, oradan həyətə çıxırdı. Növbəti dəfə mətbəxdən həyətə çıxdıqda içki içən həmin şəxslərin mübahisə etdiklərini görərək onları sakitləşdirib masada əyləşdirmişdir. Bu zaman həmin uşaqlardan biri Müşfiqin qardaşı olan Şamilə yaxınlaşaraq onu kafedən çölə çıxmağa dəvət etmişdir. Şamilin reaksiyasından hiss etmişdir ki, Şamil həmin şəxsi tanıyır, bu səbəbdən də tərəddüd etmədən həmin şəxsin arxasınca getmişdir. İçki məclisi olan masadan digər şəxslər də ayağa qalxıb Şamilgilin arxasınca getmişlər. O, nə baş veridyini anlamasa da çöldə dava-dalaş səsləri olduğunu eşitmişdi. Həmin səslərə Müşfiqdə çölə çıxmış, Müşfiqin arxasınca isə o da kafedən bayıra çıxmışdır. Bayıra çıxdıqda görmüşdür ki, içki məclisində oturan şəxslər Şamili döyür, Müşfiq isə qardaşı Şamili həmin şəxslərin əlindən almağa çalışır. Həmçinin kafenin müştərisi kimi tanıdığı Nurlan həmin vaxt eyni masada əyləşdiyi dostlarını aralamağa çalışırdı. Anidən kimsə Nurlanın vurulduğunu demiş, o, bu vaxt görmüşdür ki, Nurlan yerdə qan içində uzanmışdır. O, dərhal təcili tibbi yardıma zəng etmiş, bir neçə dəqiqə sonra təcili tibbi yardım gəlib Nurlanı aparmışdır. Bundan sonra həmin yerə polislər gəlmişdir. Hadisənin şahidi olduğu üçün təsdiq edir ki, Təqsirləndirilən şəxs kafedə heç kəslə mübahisə etməmiş, qardaşının döyülməsini bilib kafedən onu döyənləri aralamağa çıxmış, lakin özü də hücuma məruz qaldığı üçün hadisəni törətmişdir. Onu da qeyd etmək istəyir ki, Nurlanın məhz Müşfiq tərəfindən xəsarət aldığını görməmişdir, bunu sonra polisdə bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxsla isə birlikdə Meyvəli bazarında işləmişdir. Hadisənin tarixini çox vaxt keçdiyi üçün artıq xatırlamır, lakin xatırladığı odur ki, dostlarından kiminsə ad günü münasibəti ilə axşam Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Aftoş” kafesində o da iştirak etmişdir. Orada xatırladığı qədər o, Nurlan, Səyyad, Əli və xatırlamadığı digər şəxslər olmuşdur. Onlar kafenin həyətində masa ətrafında əyləşərək yeyib, spirtli içkilər qəbul etmişlər. Ətrafdakı masalarda insanların olmasını xatırlasa da onların masası ətrafında əyləşən şəxslərdən kiminsə, o cümlədən Əlinin digər masada əyləşmiş Təqsirləndirilən şəxs qardaşı Şahid4 kafedən bayıra çağırmasını görməmiş, bir onu xatırlayır ki, onunla masada əyləşən dostları masadan qalxaraq kafedən bayıra çıxmış, oradan dava-dalaş səsi gəldiyi üçün o da səs olan yerə çıxmış, dalaşanları ayırmağa çalışmış, lakin bu zaman görmüşdür ki, Nurlanın əynindəki köynək qana bulaşmış, ona yardım göstərmək üçün öz köynəyini çıxarıb Nurlanın yarasına tutmuş, daha sonra təcili tibbi yardım çağırılmış və Nurlanı xəstəxanaya aparmışlar. Nurlan bıçaqlandığını, lakin onu bıçaqla vuran şəxsi görmədiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur, 07.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs evlilik il dönümünü qeyd eləmək üçün bir yerdə yığışmışlar. Həmin gün saat 20 radələrində onlar Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən “Aftoş” adlı kafeyə getmişlər. Orada o, Nurlan, Fərid və bir nəfər tanımadığı şəxs olmuşdur. Bir qədər sonra digər tanışlarıda gəlmişlər. Onlar arasında onun tanımadığı şəxslərdə olmuş, onlarda içki sifariş vermiş və içməyə başlamışlar. Onlar musiqi sifariş vermiş və oynamağa başlamışlar. Bu zaman bir neçə masa arxasıda oturan uşaqlardan çölə çıxmışlar. Nurlanda bu zaman onların yanındaymış. Daha sonra çöldə səs küy eşitmişlər. Birinci Nurlan arxasıyca Fərid daha sonra isə o, çıxmışdır. Orada olan zaman o, görmüşdür ki, tanımadığı şəxslər onların yanında olan bir neçə şəxs mübahisə edirmiş, qaranlıq olduğundan dəqiq olaraq kim olduğunu bilməmişdir. Bu zaman həmin şəxsələr arasında dava düşmüşdür. Nurlan həmin şəxsləri aralamaq üçün ortaya girmişdir. O da qardaşları aralamaq məqsədi ilə ortaya girmişdir. Bu zaman kimsə Nurlanın bıçaqlandığını bildirmişdir. O, tez ona yaxınlaşmışdır. Daha sonra təcili tibbi yardım çağırmış və onu xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin rəisinə ünvanlanan 07.09.2020-ci il tarixli raportdan müəyyən olunur ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Respublika Xəstəxanasına müraciət etmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 08.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqdi rayon məhkəməsinin 09.09.2020-cu il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08.09.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış “könüllü təqdim etmə və götürmə keçirilməsi barədə” 07.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPi-nin 40-cı PB-yə gətirilmiş və orada Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd qəhvəyi rəngli tutacağı olan, açılıb-qatlanan bıçağı könüllü olaraq təqdim etmişdir. Məhkəmədə elan edilib araşdırılmış 08.09.2020-ci il tarixli, 2/7097 saylı «Sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından müəyən olunur ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” 08.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağa baxış keçirilərkən bıçağın qatlanan tipli, tiyə və dəstəkdən ibarət olmaqla ümumi uzunluğu 151 mm-dir. Bıçağın kəsici hissəsinin üzərində “BOKER” yazısı yazılmışdır və qara rəngdədir. Dəstək hissəsinin bir tərəfi qəhvəyi plastik digər tərəfi isə qara metaldandır. Baxış zamanı Təqsirləndirilən şəxs həmin bıçaqdan hadisə zamanı istifadə etdiyini və zərərçəkmiş şəxsə zərbə endirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 09.09.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hadisənin Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsin, R.Allahverdiyev küçəsində yerləşən “Aftoş” kafesi qarşısında baş verdiyini bildirərək hadisə yerini və hadisənin necə baş verməsini əyani göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 09.09.2020-ci il tarixli, 1480 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən- üzün sağ gözaltı və yanaq nahiyələrinin, göz qapaqlarının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma küt əşyanın təsirindən, sağ əlin İ barmağının ovuc səthindəki səthi kəsilmiş yara isə kəsici kənara malik olan iti alətin təsirindən müayinədən 1-2 gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən 07.09.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə üzün sağ gözaltı və yanaq nahiyyələrinin, göz qapaqlarının dərialtı hematoması, sağ gözün ağlı qişasına qansızma sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sağ əlin İ barmağının ovuc səthindəki səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlərdən üzün sağ gözaltı və yanaq nahiyələrindəki, göz qapaqlarındakı dərialtı hematoma, gözün ağlı qişasına qansızma zərərçəkənin təsvir etdiyi şəraitdə, yəni başqa şəxs tərəfindən yumruqla vurulan zərbənin təsirindən, sağ əli İ barmağının ovuc səthinində səthi kəsilmiş yara isə şəxsin özü tərəfindən bıçaqla yetirilə bilərdi. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 25.09.2020-ci il tarixli, 1596 saylı rəyindən müəyyən olunur ki, Şahid4 bədəni üzərində aşkar edilmiş xəsarətbaşın alın nahiyyəsindəki çapıq səthi əzilmiş yara izi olmaqla bərk küt əşyanın təsirindən müayinədən 2-3 həftə əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən 07.09.2020-ci il tarixinə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şahid4 bədənində aşkar edilmiş xəsarətlər zərərçəkənin göstərdiyi şəraitdə, yəni başqa şəxs tərəfindən şüşə butulka ilə vurulan zərbənin təsirindən əmələ gələ bilərdi. Şahid4 bədənində aşkar olunmuş xəsarətin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 26.10.2020-ci il tarixli, 1789 saylı rəyindən müəyyən eolunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən- döş qəfəsinin ön səthinin sağda bir ədəd boşluğa nüfuz edən, pnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən, sol qaş nahiyəsinin və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları kəsici kənara malik olan iti alətin təsirindən onun Ak. M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına daxil olduğu və qərarda göstərilən 07.09.2020-ci il tarixidə törənmişdirlər, dərəcəsinə görə döş qəfəsinin ön səthinin boşluğa nüfuz edən, pnevmotoraksla müşaiyət olunan deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir, sol qaş nahiyyəsinin və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyələrdə yerləşməsinə baxmayaraq onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə tibbi-kriminalistik ekspertizanın 25.11.2020-ci il tarixli, 588-2020/MTKŞ saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan tipli, deşici-kəsici xassəyə malik cib bıçağıdır və soyuq silah hesab olunmur. Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində sağda bir ədəd boşluğa nüfuz edən, pnevmotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yarası, sol qaş nahiyyəsində bir ədəd və döş qəfəsinin ön səthində bir ədəd (cəmi 02 ədəd) kəsilmiş yaralar aşkar olundu. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş xəsarətlərin xarakteri, forma və öçülərini, həmçinin ekspertizaya təqdim edilmiş bıçağın konstruktiv xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, bu xəsarətlərin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi-bioloji ekspertizasının 17.12.2020-ci il tarixli, 912/MTBŞ-2020 saylı rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş bıçaq üzərində qan aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə psixiatrik ekspertizasının 13.10.2020-ci il tarixli, 2041 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ”sübutların qiymətləndirilməsi haqqında” 21.12.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd cib bıçağı saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Abşeron rayon məhkəməsinin 22.04.2021-ci il tarixli hökmünun surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 03 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Abşeron rayon məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan 22.04.2021-ci il tarixli hökmü ilə təyin olunmuş cəza hazırki iş üzrə azadlıqdan məhrum etmə cəzası təyin olunduqda həmin cəzalar cinayətlərin məcmusu üzrə CM-nin 66.5-ci maddəsinə əsasən toplanılmalıdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, hadisə Təqsirləndirilən şəxs qardaşı Şahid4 döyülməsi səbəbindən başlasa da Təqsirləndirilən şəxs qardaşı Şamilə qanunsuz hərəkətlər törədən şəxslərə deyil qardaşı ilə savaşanları ayıran Zərərçəkmiş şəxs qarşı cinayət əməlini törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 126.1ci maddəsi ilə yanaşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə də tövsif edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini barəsində həbs qətimkan tədbiri seçilmiş 08.09.2020-ci il tarixdən hesablamalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan Bakı şəhəri Binəqədi RPİ-nin saxlanc ambarına təhvil verilmiş 01 ədəd açılıb-bağlanan cib bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X5 (i/v 228), məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X5 üçün Bakı şəhəri 11 Vəkil Bürosunun nəfinə 300 AZN (üç yüz manat), müdafəçi Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə Azərbaycan Respublikası CM-nin 126.1-ci i maddəsi ilə 04 (dörd) il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 10 on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Abşeron rayon məhkəməsinin 22.04.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən hazırki iş üzrə təyin olunmuş cəza ilə qismən toplanılmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 08 sentyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- Bakı şəhəri Binəqədi RPi-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd açılıb-bağlanan cib bıçağı məhv edilsin. İbtidai istintaq zamanı göstərdiyi hüquqi yardımla bağlı müdafiəçi X5 üçün 300 AZN (üç yüz manat) pul Bakı şəhəri 11 saylı Vəkil Bürosunun, məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı isə Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar