Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-626/2021 26.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işlməyən, Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxx 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci və 333.4cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluqları ödənilmiş, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, faktiki məcburi köçkün kimi Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, 4 saylı yataqxanada məskunlaşaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 2,419 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı və külli miqdarda psixotrop maddəni - ümumi təmiz çəkisi 13,112 qram təşkil edən metamfetamini əldə edib qurudulmuş marixuananı altı ədəd ayrıayrı kağız bükümlərə, metamfetamini isə yeddi ədəd ayrı-ayrı şəffaf polietilen bükümlərə qablaşdıraraq üzərində saxlamaqla Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, 4 saylı yataqxananın qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:45 dəqiqədə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, 4 saylı yataqxananın qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zamanı əynində olan gödəkçəsinin sağ yan cibində satış məqsədilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığı altı ədəd kağız bükümdə ümumi təmiz çəkisi 2,419 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və yeddi ədəd polietilen bükümdə külli miqdarda - ümumi təmiz çəkisi 13,112 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, məlum hadisələrlə bağlı Qubadlı rayonundan ailəsi ilə birlikdə məcburi köçkün kimi Bakı şəhərinə gələrək məskunlaşmışdır. Həyat yoldaşı və iki azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsindəki 4 saylı yataqxanada yaşayır. Rəsmi olaraq heç yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında yaşadığı 4 saylı yataqxananın qarşısında olan zaman özlərini Baş Mütəşkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən bir neçə mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, nəyə görə saxladıqları barədə heç bir məlumat vermədən məcburi şəkildə maşına əyləşdirərək Baş X1 İdarəsinə aparmışlar. Həmin mülki geyimlilər iki avtomobillə gəlmişlər. Onu maşında aparanda qollarına qandal da vurmuşlar. Maşında olan zaman bir nəfər mülki geyimli polis əyləşdirildiyi tərəfdən qapını açmış və əlini onun şalvarının sağ yan cibinə salaraq cibindən mobil telefonunu götürmüşdür. İdarəyə gətiriləndən sonra əlini cibinə saldıqda cibində iki ədəd metamfetamin olduğunu görmüş və başa düşmüşdür ki, həmin bükümləri onun cibindən mobil telefonu götürən zaman polis işçisi qoymuşdur. Bundan sonra polis əməkdaşları üzərinə videoçəkilişlə baxış keçirilərkən həmin bükümləri təqdim etməsini tapşırmışlar. O, həmin metamfetaminlərin ona məxsus olmadığını deyib etiraz etmiş, cavabında isə polis əməkdaşları əks halda onun evindən külli miqdarda narkotik vasitə tapıb götürəcəklərini və ailə-uşağını da polis idarəsinə gətirəcəklərini bildirmişlər. Ona görə də məcbur olub polislərin dediyi kimi etməyə razılıq vermişdir. Bundan sonra adını bilmədiyi polis əməkdaşı əlavə olaraq bir neçə bükümdə marixuana və metamfetamini gətirib cibinə qoymuş, çəkiliş zamanı bunları təqdim etməsini tapşırmışlar. Qorxduğundan onların dediklərini etmiş və həmin çəkiliş zamanı qeyd olunan bükümləri təqdim edib ona məxsus olduğunu bildirmiş, sonra da bu proseslə bağlı tərtib olunmuş bütün sənədləri imzalamışdır. Bir daha qeyd edir ki, saxlanarkən üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Amma onu da səmimi etiraf edir ki, özü narkotik vasitə istifadəçisidir və əvvəllər öz istifadəsi üçün arabir tanımadığı şəxslərdən narkotik vasitə, psixotrop maddə əldə etmişdir. Tanışı olan bir neçə xəstə şəxslərə də əvvəllər xatırlamadığı şəxslərdən narkotik vasitələr alıb təmənnasız olaraq vermişdir. Təxminən 2020-ci ilin yanvar ayından sonra isə ümumiyyətlə narkotik vasitə qəbul etməmişdir. Özünü yalnız narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilir. Məhkəmədən himayəsində azyaşlı uşaqlarının, ailəsinin ağır maddi vəziyyətdə olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrində özünü təqsirli bilərək göstərmişdir ki, mütəmadi olmasa da, narkotik vasitə olan marixuanadan və psixotrop maddə olan metamfetamindən istifadə edir. xx xxxx 2020-ci il tarixdə yaşadığı yataqxanadan çıxıb Buzovna qəsəbəsinə gedib orada olan bankomatın yanından keçərkən yerdə siqaret qutusu görmüşdür. Siqaret qutusunun içi dolu kimi göründüyündən onu yerdən götürüb baxanda içində kağız və şəffaf sellofanlara bükülmüş vəziyyətdə bükümlərin olduğunu görmüşdür. O, həmin bükümlərin içinə baxanda məlum olmuşdur ki, 6 ədəd kağız bükümdə olan maddələr narkotik vasitə olan marixuana, 7 ədəd sellofan bükümdə olan maddələr isə metamfetamindir. Özü onların istifadəçisi olduğundan maddələri baxan kimi tanımış, bükümləri şəxsi istifadə məqsədi ilə götürüb cibinə qoyub siqaret qutusunu tullamışdır. Həmin bükümlər də əynində olan gödəkçənin cibində qalmışdır. xx xxxx 2020ci il tarixdə saat təxminən 14:45 radələrində iki nəfər mülki geyimdə olan şəxs yaşadığı yataqxananın yaxınlığında ona yaxınlaşaraq özlərini təqdim edib Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirmişdir. Ondan özünü təqdim etməsini istəmişlər və o öz anket məlumatlarını onlara demişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib baş idarəyə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Vəkillə söhbət edib ona etirazı olmadıqdan sonra onun barəsində tutma haqqında qərar qəbul olunmuşdur. Bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. O, etiraz etmədikdən sonra videoçəkilişlə üstünə baxış keçirilməyə başlanmışdır. Ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa könüllü olaraq təqdim etsin. O, bundan sonra masaya doğru yaxınlaşıb əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən kağız və şəffaf sellofanlara bükülmüş bükümləri masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca üzərində olan bir ədəd mobil telefonu, bir ədəd kibrit qutusunu, bir ədəd “Rothmans” adlı siqaret qutusunu və bir ədəd açarı masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra ona əynində olan gödəkçəni çıxarıb ciblərini açmağı, həmçinin gödəkçənin və şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmişdir. O deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca onun təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. İlk olaraq siqaret qutusuna, kibrit qutusuna və açara baxış keçirilmiş, kənar maddə aşkar edilmədiyindən özünə qaytarılmışdır. Ardınca mobil telefonun markası soruşulmuş, o telefonun “Samsung-Duos” markalı mobil telefon olmaqla özünə məxsus olduğunu bildirmişdir. Daha sonra onun təqdim etdiyi bükümlərdə olan maddələrin nə olması soruşulmuş və kağız bükümlərdə olan maddələrin narkotik vasitə olan marixuana, şəffaf sellofan bükümlərdə olan madddələrin isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Ardınca təqdim etdiyi bükümlərin hər birinə baxış keçirilməsinə başlanmışdır. İlk olaraq şəffaf sellofan bükümlərdə olan maddələrə baxış keçirilmiş və bükümlərin sayının 7 ədəd olmaqla içində ağ rəngli kristallardan ibarət iysiz maddələrin olduğu məlum olmuşdur. Baxış zamanı şəffaf sellofan bükümlərdəki ağ rəngli kristallardan ibarət psixotrop maddələrə bənzər maddələrə masanın üzərinə töküldüyündən polis əməkdaşları tərəfindən ağ rəngli kağıza yığılaraq 1 ədəd büküm halına gətirilmişdir. Bu səbəbdən şəffaf kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddələr 7 ədəd şəffaf sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə olmaqla ümumilikdə 8 ədəd bükümdə olmuşdur. Ardınca 6 ədəd kağız parçalarına bükülmüş vəziyyətdə olan bükümlərin hər biri açılmış və içində narkotik vasitə olan marixuana olduğu məlum olmuşdur. O, sorğu zamanı həmin maddələri bir gün əvvəl Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində bankomatın yaxınlığından tapdığını və şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilmiş bükümlərdəki psixotrop maddələr və narkotik vasitələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə qablaşdırılaraq möhürlənmiş və o iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişdir. Onun üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon araşdırma zəruriyyəti olaraq saxlanılmışdır (cild 1, iş vərəqə 68-70). Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə öz xətti ilə yazdığı ilkin izahatında, həmçinin xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində dindirilən zaman verdiyi ifadəsində də törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməklə təqsirləndirilən şəxs qismində sonradan ifadəsində göstərdiyi halları ətraflı təsvir etmişdir (cild 1, iş vərəqə 40- 42, 57-59). Təqsirləndirilən şəxs barəsində xx xxxx 2020-ci tarixdə həbs qətimkan tədbiri seçilərkən və xx xxxx 2020-ci il tarixdə həbsdə saxlanılması müddəti uzadılarkən məhkəmə iclasında irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildiyini, narkotik vasitələri satmaq niyyətinin olmadığını, narkotik vasitəni öz istifadəsi üçün aldığını, həmin narkotik vasitələrdən marixuananı 60 manata, digərini isə 140 manata tanımadığı şəxsdən tutulmamışdan 2-3 gün əvvəl aldığını bildirmişdir (cild 1, iş vərəqə 85-90, 151-153). Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilərkən hərbi xidmətdə olduğu dövrdən narkotik vasitə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etməyə başladığını, həmçinin arabir psixotrop maddə olan metamfetamindən, təxminən 2-3 ildir ki, həm də arabir narkotik vasitə olan tiryəkdən daxilə qəbuletmə yolu ilə istifadə etdiyini, ondan aşkar olunub götürülmüş narkotik vasitə olan marixuananı və psixotrop maddə olan metamfetamini tapdığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir (cild 1, iş vərəqə 168-169). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş, hadisə baş verən vaxtda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyat müvəkkili vəzifəsində xidmət etmiş Şahid2 göstərdi ki, həmin vaxt işlədiyi Baş İdarəyə xx xxxx 2020-ci il tarixdə “Zamin” adlı şəxsin Bakı şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuş, “Zamin”in şəxsiyyəti müəyyən edilərək onun xx xxxx 1983-cü ildə Qubadlı rayonunda anadan olan, Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, 4 saylı yataqxana, 28 nömrəli otaqda yaşayan Təqsirləndirilən şəxs olması dəqiqləşdirilmişdir. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən Baş idarə əməkdaşlarından ibarət qrup yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Xəzər rayonu, Albalılıq qəsəbəsi, 4 saylı yataqxananın yaxınlığına gedərək orada əməliyyat mövqeyi seçmişlər. xx xxxx 2020ci il tarixdə saat 14:45 radələrində həmin ünvanda 4 saylı yataqxananın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edilərək saxılanılmışdır. Ona özlərini təqdim edərək Baş X1 İdarəsinin əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirdiyindən onu Baş İdarəyə dəvət etmişlər. Baş İdarəyə çatan kimi Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raportla rəhbərliyə məruzə edilmiş və bundan sonra təhqiqatçının dəvət etdiyi vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif edildikdən sonra o, əynində olan gödəkçəsinin sağ yan cibindən kağız və şəffaf sellofan bükümləri masanın üzərinə qoymaqla təqdim etmişdir. Ardınca üzərində olan bir ədəd mobil telefonu, bir ədəd kibrit qutusunu, bir ədəd “Rothmans” markalı siqaret qutusunu və bir ədəd açarı masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanmış, amma başqa əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret, kibrit və açar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs kağız bükümlərdə olan maddələrin marixuana, şəffaf sellofan bükümlərdə olan madddələrin isə metamfetamin olduğunu bildirmişdir. Ardınca təqdim olunan bükümlərin hər birinə baxış keçirilməsinə başlanmışdır. İlk olaraq şəffaf sellofan bükümlərdə olan maddələrə baxış keçirilmiş və bükümlərin sayının 7 ədəd olmaqla içində ağ rəngli kristallardan ibarət iysiz maddələrin olduğu məlum olmuşdur. Baxış zamanı şəffaf sellofan bükümlərdəki ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddələr masanın üzərinə töküldüyündən şəxsi axtarış keçirən şəxs tərəfindən həmin maddələr ağ rəngli kağıza yığılaraq 1 ədəd büküm halına gətirilmişdir. Bu səbəbdən şəffaf kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddələr 7 ədəd şəffaf sellofan bükümlərdə və 1 ədəd kağız bükümdə olmaqla ümumilikdə 8 ədəd olmuşdur. Ardınca 6 ədəd kağız parçalarına bükülmüş vəziyyətdə olan bükümlərin hər biri açılmış və içində tünd qəhvəyi rəngli ot kütləsi halında, spesifik iyli maddələrin olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan maddələri bir gün əvvəl Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, “bankomat”ın yaxınlığından tapdığını və şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 7 ədəd şəffaf sellofan bükümlərdə və baxış zamanı masanın üzərinə tökülmüş ağ rəngli kristal şəkilli maddələrin büküldüyü 1 ədəd kağız büküm olmaqla ümumilikdə 8 büküm psixotrop maddə olan metamfetaminə bənzər maddələr və 6 ədəd kağız parçasına bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər maddələr özünün iştirakı ilə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmaların üzərinə imza etmişlər. Onun üzərindən aşkar edilmiş 1 ədəd mobil telefon da əhəmiyyət kəsb edə biləcəyindən götürülmüşdür. Baxış keçirilməsinə dair protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş, protokol düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Bütün bu proseslər zamanı Zaminə qarşı heç bir psixi və ya fiziki təzyiq, təsir göstərilməmişir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında xx xxxxxxx 2020-ci il tarixdə üzləşdirmə keçirilən zaman Şahid2 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (cild 1, iş vərəqə 208-210). Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşı Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid1 arasında xx xxxxxxx 2020-ci il tarixdə üzləşdirmə keçirilən zaman Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişdir (cild 1, iş vərəqə 211-213). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, təxminən iki il əvvəldən başlayaraq marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs isə təxminən 10 il əvvəldən tanıyır. Aralarında həmişə yaxşı münasibətlər olmuşdur. Əvvəllər Zaminlə bir məhəllədə yaşamışdır. Zaminin narkotik vasitə istifadə etdiyini bilmişdir. Amma Zamindən heç vaxt narkotik vasitə almamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 4 ildən artıqdır ki, marixuana çəkir. Təxminən iki il əvvəl almağa marixuana axtaranda tələbə yoldaşı Zahidin tanışı Telman adlı şəxsin vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Telmanla görüşərkən sonuncu ona Zamindən narkotik vasitə ala biləcəyini demişdir. Telmandan Zaminin mobil nömrəsini alıb üç gün sonra zəng vurmuş, onun nömrəsini Telmanın verdiyini, “o məsələyə görə” zəng etdiyini demişdir. Zamin onunla bir qədər söhbət etdikdən sonra heç bir problem olmadığını, bir büküm marixuananı 10 manata sata biləcəyini demişdir. Zaminə 2 büküm sifariş etmiş və marixuananı yaşadığı Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 15 saylı binanın qarşısına gətirməsini xahiş etmiş, marixunanının pulunu da yerində ödəyəcəyini bildirmişdir. Zamin təxminən 2 saatdan sonra bildirdiyi ünvana gəlib marixuananı vermiş, o da əvəzində Zaminə 25 manat pul ödəmişdir. Ümumilikdə Zamindən öz istifadəsi üçün təxminən 5-6 dəfə marixuana almışdır. Zamin marixuananı ona bir neçə dəfə həm də Buzovna qəsəbəsində satmışdır. Zaminlə sonuncu dəfə təxminən 2020-ci ilin fevral ayında Buzovna qəsəbəsində görüşmüş, orada 20 manat ödəyib 2 büküm marixuana almışdır. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 göstərdi ki, 1996-cı ildən tanıdığı Təqsirləndirilən şəxslə eyni məhəllədə yaşayır, aralarında məhəllə adamı kimi normal qonşuluq münasibətləri vardır. xx xxxx 2020-ci il tarixdə günorta radələrində şahidi olmuşdur ki, yataqxananın qarşısında mülki geyimli bir neçə şəxs Zamini saxlamış və divara tərəf söykəmiş, sonra da maşına mindirərək aparmışlar. Həmin vaxt oraya mülki geyimli şəxslər iki avtomobildə gəlmişlər. Onu saxlayan şəxs Zamini arxadakı avtomobilə mindirmiş, özü isə qabaqdakı avtomobilə əyləşmişdir. Maşınlar dərhal oradan uzaqlaşıb getmişlər. Həmin avtomobillərin markalarını və dövlət qeydiyyat nişanlarını xatırlamır. Eyni məhəllədə yaşayan şəxs kimi bilir ki, Zamin narkotik vasitə istifadəçisidir. Onun narkotik vasitələri haradan əldə etməsini bilmir. Zaminin narkotik vasitələrin satışı ilə məşğul olması barədə isə məlumatı yoxdur. Bir məsələni də qeyd edə bilər ki, məhəllədə baş verən hər şey sakinlər tərəfindən bu və ya digər şəkildə müzakirə olunur, danışılır. Zamin tutulmamışdan təxminən bir ay əvvəl məhəllədə ümumi şəkildə eşitmişdir ki, Zamini polis əməkdaşları narkotik məsələsinə görə izləyirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq olunmuş Şahid3 göstərmişdir, təxminən bir il yarımdır ki, “nəşə” deyilən narkotik vasitə olan marixuana istifadə etmişdir. O, mütəmadi olaraq istifadə etməsə də arabir, yəni yeyib-içəndən sonra marixuana çəkmişdir. Əvvəllər “107” nömrəli marşrut xəttində konduktor işləmişdir. Təqsirləndirilən şəxs də orda tanımışdır. Belə ki, sonuncunun həmin xətdə avtobus sürücüsü işləmişdir. Onunla normal münasibəti olmuşdur, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Söhbət əsnasında onun narkotik vasitə marixuana istifadə etdiyini bilmişdir. Ona görə də Zamin istədiyi vaxt ona pulu ilə narkotik vasitə sata biləcəyini bildirmişdir. Təxminən 2019-cu ilin yay aylarında ondan bir siqaret bükümü marixuananı 10 manata almışdır. O, həmin gündən sonra lazım olanda Təqsirləndirilən şəxs pulu ilə narkotik vasitə marixuana alıb istifadə etmişdir. Təxminən 6-7 dəfə ondan narkotik vasitə marixuana alıb istifadə etmişdir. Sonuncu dəfə də təxminən 2020-ci ilin mart ayının ortalarında Novruz Bayramı ərəfələrində Zaminlə görüşdükdə ondan 10 manat verməklə bir siqaret bükümündə narkotik vasitə marixuana almış və həmin narkotik vasitəni istifadə etmişdir. Zamin ona narkotik vasitəni kimdən əldə etdiyini deməmişdir. Onun narkotik vasitə marixuanadan başqa digər növ narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmadığını bilməmişdir (cild 1, iş vərəqə 95- 96). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizanın xx xxxx 2020-ci il tarixli 6/327 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 8 (səkkiz) ədəd bükümdə, ümumi təmiz çəkisi 13,112 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatdan sonrakı qalıq çəki 12,952 qramdır (cild 1, iş vərəqə 43-46). Məhkəmə-bioloji ekspertizanın xx xxxx 2020-ci il tarixli 7/109 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 06 (altı) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,444 qram, 0,285 qram, 0,443 qram, 0,376 qram, 0,465 qram, 0,406 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 2,419 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatdan sonrakı qalıq çəki 2,299 qramdır (cild 1, iş vərəqə 47-49). Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatdan sonrakı qalıq 12,952 qram çəkidə psixotrop maddə metamfetamin və 2,299 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqə 130-132). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx xxxx 2020-ci il tarixli 1780 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqə 168-169). Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:45-də Bakı şəhəri, Xəzər rayonu, Albalılıq qəsəbəsi, 4 saylı yataqxananın qarşısında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş və üzərinə şəxsi axtarış və götürmə zamanı əynində olan gödəkçəsinin sağ yan cibindən altı ədəd kağız bükümdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və yeddi ədəd polietilen bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin vaxt şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs qeyd olunan maddələri bir gün əvvəl Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində, «bankomat»ın yaxınlığından tapdığını və şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini bildirmişdir (cild 1, iş vərəqə 32-34). «Bakcell» Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxx 2020-ci il tarixli, BKC/LGL- 6557/20 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilməsinə dair xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrəyə xx xxxx 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “qaqa iki karopka götürmək olar neçiyədi birdə” məzmunlu sms göndərilmişdir. Həmin məlumatları özündə əks etdirən 2 vərəqin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 133-137). «Azerfon» Məhdud Məsuliyyətli Cəmiyyətindən xx xxxxxx 2020-ci il tarixli, AZF/LGL- 7351/20 nömrəli müşayiət məktubu ilə daxil olmuş 1 ədəd diskə baxış keçirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə xx xxxx 2020-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Pati yarı neçiyədi”, xx.xx.2020-ci il tarixdə “Sey da ver mena 40 verəcəm”, xx xxxx 2020-ci il tarixdə “Var Patı” məzmunlu sms məlumatı göndərildiyi müəyyən edilmişdir. Həmin məlumatları özündə əks etdirən 1 vərəqin surəti çıxarılaraq protokola əlavə edilmişdir. Bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 158-161). İbtidai istintaq orqanının verdiyi əməliyyat tapşırığı ilə bağlı daxil olmuş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 141). Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə əlavə dindirilərkən ifadəsində Baş X1 İdarəsinin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qaldığını bildirmiş və həmin xüsusatla bağlı Baş Prokurorluq tərəfindən aparılan araşdırma nəticədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlar təsdiqini tapmamış və ona görə də xx xxxxxx 2020-ci il tarixdə bununla bağlı toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir (cild 1, iş vərəqə 214-218). Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə müəyyən edilmədiyinə görə ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 234-235). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Hərbi Məhkəməsinin xx xxxxxxx 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci və 333.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 5 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqə 99-100, ). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluqları ödənilmişdir. Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 10-17/335 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən 1993-cü ildən məcburi köçkündür, Bakı şəhəri, Xəzər rayonu, Vişnovka, 4 saylı yataqxanada müvəqqəti məskunlaşmışdır (cild 1, iş vərəqə 121). Cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı 191227 №-li vəsiqənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs həqiqətən 1993-cü ildən məcburi köçkündür (cild 1, iş vərəqə 124). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən və müvafiq arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il və xx.xx.2009-cu il təvəllüdlü uşaqları vardır (cild 1, iş vərəqə 184). Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Xəzər rayon Mənzil-kommunal təsərrüfatı birliyinin 140 saylı Mənzilkommunal istismar sahəsi tərəfindən tərəfindən verilmiş xasiyyətnamələrdə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (cild 1, iş vərəqə 123, 183). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi narkotik vastənin və psixotrop maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, üzləşdirmə protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai araşdırmanın ilkin mərəhələsindən başlayaraq verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, hazırda məhkumluğunun olmamasını, məcburi köçkün olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 22, 60-61, 85-90). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxx 2020ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, qalıq çəkisi 12,952 qram olan metamfetamin və qalıq çəkisi 2,299 qram olan qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən sinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 44-48). Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsində saxlanılan, qalıq çəkisi 12,952 qram olan metamfetamin və qalıq çəkisi 2,299 qram olan qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 183 (bir yüz səksən üç) manat 82 (səksən iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-626/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-626/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver