Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-628/2023 07.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X11 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 10 yanvar 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski kücəsi, ev 106, mənzil 124-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev kücəsi, ev 9 b, mənzil 16-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,069 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 8 sentyabr 2022-ci il tarixdə saat 21:20-də ünvan 1 ünvanının qarşısında olan zaman özünü şübhəli apardığından Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 3,069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, axşam radələrində narkotik vasitə əldə etmək üçün Nəsimi rayonu, Papanin adlı əraziyə getmişdir. Orada 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Əgər polis əməkdaşları onu 15 dəqiqə gec saxlasaydılar, üzərində yarım qrama yaxın narkotik vasitə olardı. Barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini dedikləri üçün o, narkotik vasitəni boynuna almışdır. Onun cibinə videoçəkilişdən əvvəl narkotik vasitəni qoymuşlar. Əgər o, narkotik vasitəni boynuna almasaydı, polis əməkdaşları onu bir neçə kiloqram narkotik vasitələri əldə etməkdə ittiham edərdi. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğu və narkotik vasitə almağa çalışdığı üçün onu tutmuşlar. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini dedikləri üçün polis əməkdaşları ilə razılaşmışdır. Papanin adlanan ərazidə üzdən tanıdığı “Ciqan” adlı şəxsdən narkotik vasitə alacaqdı. O, saxlanılana qədər mütəmadi olaraq narkotik vasitələrdən istifadə etmişdir. 15 manat pula yarım qram narkotik vasitə alacaqdı. İbtidai istintaq zamanı barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini deyib onu aldatmışlar. İbtidai istintaq zamanı onu hədələdikləri üçün o, narkotik vasitəni boynuna almışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmə istintaqında ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 8 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Papanin adlı əraziyə kakos adlanan narkotik vasitə almaqdan ötrü getmişdir. Həmin vaxt tanımadığı şəxsdən istifadə etmək üçün 90 manat pul verməklə 1 bükümdə narkotik vasitə olan kakos almışdır. Saat 21:20 radələrində Papanin adlı ərazidə olan zaman ona 2 nəfər polis əməkdaşı yaxınlaşmışdır. Həmin polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun hərəkətlərinin şübhəli olduğunu bildirərək sorğu sual edib, sonra da onu PB-yə dəvət etmiş, o da onlarla birlikdə PB-yə getmişdir. PByə daxil olduqda o, mobil telefonunu götürərək anasına məlumat vermək istədikdə polis əməkdaşları ondan mobil telefonu təqdim etməyini xahiş etmişlər və o da mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. PB-də olarkən onu təhqiqatçının yanına aparmışlar və təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Bundan sonra 14 saylı vəkil bürosunun vəkili X4 gəlmiş, o da həmin vəkilə etiraz etməmişdir. Vəkil X4 şəxsi axtarışda iştirak edə bilməyəcəyini demiş, ondan soruşulduqda o da etiraz etmədiyini bildirmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra sənədləşmə aparılaraq ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Həmin proses mütəxəssis tərəfindən videokamera vasitəsilə qeydə alınmış, ona verilən suallara cavab olaraq əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisindən qəhvəyi rəngli maddə olan, yəni narkotik vasitə kakos olan 1 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Sualcavab zamanı həmin maddənin kakos olduğunu, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin kakosu özü istifadə etmək üçün 8 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Nəsimi rayonu, Papanin adlı ərazidə tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra həmin narkotik vasitə boş bir zərfə qoyularaq onun və iştirakçıların yanında möhürlənib MEM-ə göndəriləcəyi bildirilmişdir. Daha sonra həmin videogörüntüyə baxmışlar və sonra protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni ona satan şəxsin mobil nömrəsini bilmir, eləcə də, başqa əlaqə vasitəsi barədə hər hansı məlumatı yoxdur, narkotik vasitəni əldə etdiyi şəxslə aralarında narkotik vasitələrin satışı ilə bağlı hər hansı razılaşma olmamışdır, özünün istifadəsində olan mobil nömrə ***-***-**-** olmuş, polis əməkdaşları onu saxlayarkən hər hansı qanunazidd hərəkətə yol verilməmişdir. Psixiatrik ekspertiza zamanı məsuliyyətdən yaxa qurtarmaq üçün üzərindən aşkar edilmiş narkotik vasitənin çox olmasını yalandan bildirmiş, özünü təqsirli bilir (cild 1, iş vərəqə 67-69 və 86-88). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini tam etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru Şahid1 ilə birlikdə xidmətdə olarkən saat 21:20 radələrində ünvan 3 ünvanının qarşısında bir nəfər şəxsin narkotik vasitə istifadə etməklə özünü şübhəli apardığını görmüş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsin adını soruşmuşlar. Həmin şəxs də özünü Pərviz deyə təqdim etmişdir. Həmin şəxslə söhbət zamanı üzərində narkotik vasitə olmasına şübhə yaranmış və bu barədə soruşduqda, şəxs üzərində narkoik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsi Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Sonra narkotik vasitə saxlaması, qəbul etməsində şübhəli olması ehtimal edildiyindən üstünə baxış keçirilməsi məqsədilə bölmə rəhbərliyinə raportla məruzə etmiş və həmin raportun icrası təhqiqatçıya həvalə edilmişdir. Müdafiəçi dəvət edildikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərinə şəxsi axtarış keçiriləcəyini və şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirmişdir. Sonra təhqiqatçı Elşən Rəsulov Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs da əynində olan şalvarın cibindən 1 ədəd bükümü təqdim edərək həmin bükümdə kakos adlı narkotik vasitə olduğunu bildirmiş və həmin bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümün içərisindəki maddənin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində olan maddənin heroin olduğunu bildirərək “Papanin” adlı ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu bildirmiş, lakin təqsirləndirilən şəxsin narkotik vasitəni hansı qiymətə almasını xatırlamamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 153-156). Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər 1 bükümdə kütlənin aşkar edilməsi faktı təsdiq olunmuşdur (cild 1, iş vərəqə 44-50). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, sms tarixçəsinin qeyd olunan mobil nömrədən başqa nömrələrə daxil olan sms mətnlərində aşağıdakılar müəyyən edilmişdir: 22 iyun 2022-ci il tarixdə saat 13:10-da qeyd olunan nömrədən 077-271-23- 23 saylı mobil nömrəyə daxil olmuş sms mətnində “brat shukurler olsun coca cola lazim idi 10 manatlig”, baxışda iştirak edən Pərviz Bürcəliyev bildirdi ki, həmin mobil nömrənin sahibini tanımır, həmin şəxsdən cola dedikdə “kokos”, yəni narkotik vasitə heroin almaq üçün özü tərəfindən sms mətni yazılmışdır. 23 iyun 2022-ci il tarixdə saat 9:40-da qeyd olunan nömrədən 077-271- 23- 23 saylı mobil nömrəyə daxil olmuş sms mətnində “Mənim qardaşım ola bilər məndə 1- 2 saatlıq yuxuya getdim sen imkan olsa 10 kola 5 de fanta smsi silirem Orxan baxir eliyir pul ise nagdi üstümdə”, baxışda iştirak edən Pərviz Bürcəliyev bildirdi ki, həmin mobil nömrənin sahibini tanımır, həmin şəxsdən cola dedikdə “kokos”, narkotik vasitə heroin, fanta dedikdə isə metadon suyu almaq üçün özü tərəfindən sms mətni yazılmışdır. xx.xx.2022-ci il tarixdə saat 11:39-da qeyd olunan nömrədən ***-***-**-** saylı mobil nömrəyə daxil olmuş sms mətnində “Bratka gör alınırsa 10 kola 5 də fanta”, baxışda iştirak edən Pərviz Bürcəliyev bildirdi ki, həmin mobil nömrənin sahibini tanımır, həmin şəxsdən cavab gəlmədiyi üçün yenidən yazaraq qeyd olunan almaq üçün sms mətni yazılmışdır (cild 1, iş vərəqə 144-145, 167). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9 sentyabr 2022-ci il tarixli 6/4942 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 bükümdə maddə təmiz çəkisi 3,069 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3,069 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,019 qram, cild 1, iş vərəqə 56-58). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 3 oktyabr 2022-ci il tarixli 2617 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 162-163). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 xx.xx.2022-ci il tarixli 5465 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 123- 124). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 17 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,019 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD və 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 168-178). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 11 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 iyun 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 151-152). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin müddəalarına görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 20-21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 8 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 97-100). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 8 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,019 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 8 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 92 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 3,019 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-628/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-628/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver