Məhkəmə qərarları › İş №1(101)-628/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-628/2024

01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-628/2024 01.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5, X1 və X10, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X6, X11, Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi- “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonu, Müşkür ərazi dairəsi, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 11:45-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 9,845 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:40da Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti 323 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3da yerləşən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib üzərində həmin gün saat 14:45-dən etibarən şəxsi axtarış keçirilərkən onun satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 9,845 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən eyni tərkibli ayrı-ayrılıqda təmiz çəkiləri 4,713 qram və 5,132 qram olmaqla iki ədəd sellofan bükümdə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə və psixotrop maddə istifadə etməmişdir. 2023-cü ilin fevral ayının 19-dan 20ə keçən gecə Xaçmaz rayonunda yeyib-içdiyi zaman Əfqan adlı dostu ilə dava edib evə gəldikdən sonra 2 nəfər “vəhabi” təriqətindən olan şəxs evinə gələrək işlətdikləri kafedə mübahisə etməyinin səbəbini soruşduqda, həmin şəxslərə ona nə isə etdikləri təqdirdə, silahının olduğunu və istifadə edə biləcəyini bildirmişdir. O, 26 fevral 2023-cü il tarixədək gizləndikdən sonra Bakı şəhərinə gəlib Xəzər rayonu, Mərdəkan qəsəbəsində Cavid adlı tanışının evində bir müddət qalmışdır. Ailə üzvləri xəstə olduğuna görə məcburən yaşadığı Quba rayonuna qayıtmalı olduğundan, saat 11-ə qalmış Mərdəkan qəsəbəsindən avtomobili ilə çıxıb yolda olduğu zaman Nərminanov rayonunda “Dərnəgül” tərəfdən körpüyə çatmamış yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb “Toyota Camry” markalı avtomobilin sağ oturacağına əyləşdirildikdən sonra ona fiziki zor tətbiq edilmiş, onun şəxsi avtomobilini isə kimin idarə etdiyini bilməmişdir. Saxlanıldığı yerdə üzərinə baxış keçirilib mobil telefonları, elektron siqareti və saqqızı götürülərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Polis əməkdaşları onu Quba rayonunda dava-dalaş etdiyinə görə saxlamış, avtomobilindən travmatik tapança aşkarlanmış, daha sonra həmin silah başqası ilə dəyişdirilmiş, özünə məxsus olmayan qaz balonunu, tapançanı və 2 ədəd bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşları videoçəkiliş zamanı təqdim edərək zibilliyin yanından tapmış kimi bildirməyini ondan tələb etmişlər. Baş İdarədə bir neçə saat “Seyid” adlı şəxs tərəfindən ona fiziki və psixi zorakılıq edildikdən sonra məcbur qalıb razılaşaraq videoçəkişdən istifadə edilməklə şəxsi axtarış və baxış keçirilən zaman ona məxsus olmayan psixotrop maddə metamfetamini, qaz balonunu və travmatik silahı təqdim etmişdir. Daha sonra müvəqqəti saxlama yerinə gətirilmiş, orada müstəntiqin tələbi ilə saxta ifadəni imzalamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, saxlanılmazdan 2 gün əvvəl Bakı şəhərində tanımadığı ərazidə məişət tullantıları olan sahədən keçərkən yerdə bir paket diqqətini çəkdiyi üçün paketi açıb içərisinə baxmaq qərarına gəlmiş, paketi açıb içərisinə baxan zaman 2 ədəd sellofan bükümdə “şüşə” olduğunu gördükdən sonra şəxsi istifadəsi üçün onu götürüb üzərində daşımaq qərarına gəlmişdir. Daha sonra paketin içərisinə baxanda içərisində 1 ədəd boş daraq olan 1 ədəd travmatik tapança və 1 ədəd gözyaşardıcı qaz balonunu görüb, silahlara olan xüsusi marağından irəli gələrək həmin predmetləri də götürmüşdür. O, tapançanı və gözyaşardıcı qaz balonunu hər hansı bir cinayətkar məqsəd üçün əldə etməyib istifadə etməmişdir. 13 mart 2023-cü il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti 323 ünvanının qarşısında ona məxsus olan “Lada Priora” markalı, O913CT05 dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərdikdən sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etdiyindən, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşərək səmimi olaraq etiraf edib üzərində “şüşə” olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş, o da buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmiş, polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib, ilk növbədə əynində olan tündgöy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin 2 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində ağ rəngli, kristalşəkilli “patı” müəyyən edilmiş, sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 13 mart 2023-cü il tarixdə saat 12:30-12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti ərazisində idarə etdiyi avtomobilin yaxınlığında olarkən, Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə müdafiəçisinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və baxış istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin, 1 ədəd tapança, 1 ədəd qaz balonu, mobil telefonlar və pul aşkar aşkarlanmış, Təqsirləndirilən şəxs həmin predmetləri şəxsi istifadəsi üçün əldə etdiyini və marağı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı avtomobilinin yanında olarkən yaxınlaşıb Baş İdarəyə dəvət etdiklərini, Baş İdarədə avtomobilinə baxış keçirilərkən hər hansı qanunsuz predmetin aşkarlanmadığını, Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən zorakılıq edilmədiyini, o, əməliyyat qrupunun rəhbəri olmaqla Şahid2 və Şahid3 ibarət qrup təşkil edildiyini, Təqsirləndirilən şəxs təxminən “Socar” yanacaqdoldurma məntəqəsi və “Olimpiya” Stadionunun yaxınlığında saxlanıldığını, sonuncunun şəxsi avtomobilində Baş İdarəyə aparıldığını, Təqsirləndirilən şəxs arxa oturacaqda əyləşdiyini, saxlanıldıqdan dərhal sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbiri barədə qərar təqdim olunub Baş İdarəyə dəvət edildiyini, Təqsirləndirilən şəxs nəzarət altında olduğundan üzərindəki psixotrop maddə metamfetamini atmağa, habelə saxlanıldığı yerdə üzərinə şəxsi axtarış keçirilməsinə şəraitin olmadığını, videoçəkilişlə aparılan istintaq hərəkəti zamanı aşkarlanmış predmetləri Təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etdiyini, Təqsirləndirilən şəxs nümayiş etdirməsi üçün hər hansı əşya və ya predmet verilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 13 mart 2023-cü il tarixdə, saat 12:40 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospektində şəxsi avtomobilinin yanında olarkən Təqsirləndirilən şəxs yaxınlaşıb barəsində olan qərarla tanış etdikdən sonra sonuncu Baş İdarəyə dəvət edilmiş, Baş İdarədə müdafiəçisinin iştirakı ilə təhqiqatçı tərəfindən şəxsi axtarış və baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən 1 ədəd dəmir tipli tapançaya bənzər predmet, 2 büküm psixotrop maddə olan metamfetamin, 2 ədəd mobil telefon və qaz balonu aşkarlanmışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən zorakılıq edilmədiyini, sonuncunun avtomobilinin yanında hansısa şəxsi gözlədiyini, saxlanıldığı yerdə şəxsi axtarış və baxış keçirməyə şərait olmadığına görə Təqsirləndirilən şəxs avtomobili ilə sonuncunu Baş İdarəyə gətirdiklərini, videoçəkilişlə aparılan istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan predmetləri təqdim etdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış və həmin əməliyyat məlumatına əsasən 13 mart 2023-cü il tarixdə saat 12-13 radələrində Təqsirləndirilən şəxs Heydər Əliyev prospektində saxlanılaraq Baş İdarəyə gətirilmişdir. Baş İdarədə şəxsi axtarış və baxış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 1 ədəd tapançaya bənzər predmet, 1 ədəd qaz balonu və 2 ədəd büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs qarşı o və ya digər polis əməkdaşı tərəfindən zorakılıq edilmədiyini, sonuncunun saxlanılan vaxt polis əməkdaşlarına müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs Heydər Əliyev prospekti yaxınlığında öz avtomobilinin yanında dayandığını, əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət etdikdən sonra üzərinə baxış keçirildiyini, Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərinə baxış keçirmək üçün şəraitin olmadığını, Təqsirləndirilən şəxs Baş İdarəyə “priora” markalı avtomobil ilə gətirdiklərini, polis əməkdaşlarından birinin xidməti avtomobil ilə, digər iki nəfər polis əməkdaşının isə Təqsirləndirilən şəxs avtomobili ilə idarəyə gəldiyini, Təqsirləndirilən şəxs nəzarət edildiyindən üzərindəki qanunsuz əşya və ya predmeti atmağa şəraiti olmadığını, Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirildikdə heç bir qanunsuz əşya aşkar edilmədiyini, Təqsirləndirilən şəxs üzərindən qaz balonu, tapançaya bənzər predmetin aşkar edildiyini, əməliyyat məlumatının Şahid1 daxil olduğuna görə şəxs barəsindəki məlumatları, üzərində nə olub-olmadığını sonuncunun daha dəqiq bildiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən “Qafur” adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və Şahid3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 7-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti 323 ünvanının yaxınlığında idarə etdiyi “Lada Priora” markalı, O913CT05 qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 18; 19) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan tünd-göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümü, şalvarının sağ bel kəmər hissəsindən 01 ədəd tapança tipli odlu silaha oxşar dəmir predmeti, əynində olan gödəkçənin sol ön cibindən 01 ədəd göz yaşardıcı qaz balonuna oxşar predmeti, gödəkçənin sol yan cibindən 01 ədəd “Honor” markalı və 01 ədəd “Micromax” markalı mobil telefonları, əynində olan şalvarının sağ yan cibindən 3 manat pulu, əynində olan gödəkçənin sağ yan cibindən 01 ədəd avtomobil açarını çıxardıb masanın üzərinə qoymuş, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilərkən bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd tapança tipli dəmir predmetə baxış keçirilən zaman həmin predmetin üzərindən 01 ədəd boş daraq aşkarlanmış, həmin tapança tipli odlu silaha oxşar dəmir predmet və daraq bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gözyaşardıcı qaz balonuna oxşar predmet bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 3 manat pul və avtomobil açarı Təqsirləndirilən şəxs qaytarılmışdır. “Honor” markalı və “Micromax” markalı mobil telefonlar götürülmüş, şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini, 01 ədəd travmatik tapança kimi bildiyi tapançanı, eləcə də qaz balonunu Bakı şəhərində tanımadığı ərazidə 2 gün əvvəl yerdən tapdığını, psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, tapança və qaz balonundan isə hər hansı məqsədlər üçün istifadə etmədiyini bildirmişdir. (Cild 1, iş vərəqə 26; 27-29) xx.xx.2023-cü il tarixli “Baxış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı O913CT05 qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən iş üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 30; 32-34) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1538 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan iki ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,713 qram, 5,132 qram olmaqla, ümumi təmiz çəkisi 9,845 qram olan ağ rəngli kristallik formada olan maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi 9,845 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 9,745 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 57-58) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Krimalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 23/205r nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd ********** nömrəli silah zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 45 (11,43 mm) kalibrli Makarov konstruksiyalı MP-80-13T modelli travmatik tapançadır və odlu silah hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya zavod üsulu ilə istehsal olunmuşdur. 45 (11,43 mm) kalibrli Makarov konstruksiyalı MP-80-13T modelli travmatik tapançaların komplekt hissəsi olmaqla, texniki cəhətdən sazdır, bircərgəlidir və 45 (11,43 mm) kalibrli travmatik patronların saxlanılması üçün nəzərdə tutulmuş daraqdır. (Cild 1, iş vərəqə 63-68) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 85-86) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-349/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(005)-1015/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 122-126; 254-257) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-497/2023 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirilərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 128) xx.xx.2023-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 9,745 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 131-132) xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Priora” markalı O913CT05 qeydiyyat nişanlı avtomobil atası X2 qaytarılmışdır. (Cild 1, iş vərəqə 142) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2011-ci il tarixdə cəzası başa çatmışdır. (Cild 1, iş vərəqə 149-150) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-6/2-4166/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə edilməsinin, narkotik vasitə və ya psixotrop maddələrin satışı və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməlkiyyat-axtarış tədbirləri nəticəsində mübət nəticə əldə etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 151) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 4572 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. (Cild 1, iş vərəqə 153) xx.xx.2023-cü il tarixli, 382 nömrəli Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. (Cild 1, iş vərəqə 159) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 8003 nömrəli məktubuna əlavə edilmiş diskdəki məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil nömrəsində iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 163) xx.xx.2023 və xx.xx.2023-cü il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Honor” markalı və “Micromax” markalı mobil telefonlarda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 164-165) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 1500 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 184-185) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3/480 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet-zavod üsulu ilə istehsal edilmiş, yalnız hücumu dəf etmək təyinatına malik olan gözyaşardıcı, qıcıqlandırıcı və ya qısa müddətə sinir-iflicedici özünümüdafiə təyinatlı aerozol qurğulu qaz silahıdır, üzərində hər hansı dəyişiklik edilməmişdir, döyüş sursatı, partlayıcı maddə hesab edilmir. İstifadə müddəti bitdiyindən təyinatı üzrə istifadəyə yararsızdır. (Cild 1, iş vərəqə 188-189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X8” X14 xx.xx.2023-cü il tarixli, 1045/k nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. Barbitur turşusu törəmələri, kannabioid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. (Cild 1, iş vərəqə 191-193) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 9,745 qram olan psixotrop maddə metamfetaminin maddi sübut hesab edilməklə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsi, şəxsi axtarış və götürmə aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər sübut növü kimi tanınmışdır. (Cild 1, iş vərəqə 194-204) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 212-213) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə, habelə digər qanunsuz hərəkətlərə məruz qalması öz təsdiqini tapmadığından, material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. (Cild 1, iş vərəqə 258-260) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-6027/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinin xx.xx.2023-cü il tarixli, xx-xx/1328 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Üzvi mənşəli emosional labil (astentik) pozuntu. Dəqiqləşdirilməmiş ensefalopatiya. Epileptiform tutmaları. İİV infeksiyası İ klinik mərhələ. Bronxial astma” diaqnozu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3/3-3/2-25321/2023 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyinə görə istənilən informasiyanın təqdim edilməsi mümkün deyil. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfi ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində tutulması ərəfəsində polis əməkdaşlarının ona fiziki və psixi zorakılıq etdiyini desə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların araşdırılması üçün Bakı şəhəri Nərimanov rayon prokurorluğuna və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına müraciət edilmiş, cavabları alınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-6027/2023 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmamış, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması faktı üzrə prokurorluqda aparılmış araşdırma zamanı cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanılmasının rədd edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanıldığı yeri və vaxtı mübahisələndirib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti 323 ünvanının yaxınlığında yox, Nərimanov rayonu, Ziya Bünyadov prospektində (“Dərnəgül” tərəf) körpüyə çatmamış yol patrul xidməti əməkdaşı tərəfindən saxlanıldığını, saxlanılan yerdə üzərinə baxış keçirilib mobil telefonları, elektron siqareti və saqqızı götürülərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını, saxlanılmasının səbəbi kimi Quba rayonunda bir müddət əvvəl dalaşmasını gördüyünü, həmin vaxt üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını, ümumiyyətlə narkotik tərkibli maddələrdən istifadə etmədiyini, ona videoçəkilişlə həmin istintaq hərəkəti həyata keçirilərkən nümayiş etdirməsi üçün psixotrop maddə olan metamfetaminin və digər predmetlərin təqdim edildiyini, fiziki və psixi zorakılıq nəticəsində məcbur qalıb razılaşdığını bildirsə də, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Şahid1 prospekti 323 ünvanının yaxınlığında saat 12:40-da saxlanıldığını, üzərindən aşkar edilmiş 2 bükümdə olan psixotrop maddə-metamfetamini Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyini, sonuncuya nümayiş etdirməsi üçün hər hansı çəkidə psixotrop maddə və digər predmetin təqdim edilmədiyini söyləmişlər. Cinayət işinin materiallarının 9-cu vərəqində olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da ünvan 5 ünvanının yaxınlığında saxlanılmışdır. Məhkəmə bir halı qeyd edir ki, müdafiə tərəfinin vəsatəti təmin edilməklə, ünvanlanmış sorğuya Daxili İşlər Nazirliyinin X3 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3/3-3/2-25321/2023 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyinə görə istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır. Habelə, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əlindəki bükümləri istintaq hərəkəti zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddə kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokoldan görünür ki, zərf “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zərflər üçün № 6” saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1538 nömrəli ekspert rəyinin təsviri hissəsində tədqiqata təqdim olunmuş “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin tamlığının pozulması ilə bağlı qeyd aparılmamış, təqdim olunanlar əsasında keçirilmiş ekspertizanın nəticəsində Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkəti zamanı təqdim etdiyi 2 ədəd bükümün içərisində ümumilikdə 9,645 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetaminin olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışında təqsirləndirilən şəxsə bilavasitə dinlənilməsi ilə məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə baxışı zamanı təqsirsizik prezumpsiyası rəhbər tutulmuş, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxılmış və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edilmiş, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanmış, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh ediləcəyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəlinmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə baxışı zamanı müdafiə tərəfinin hüquqları qorunmuş, vəsatətləri təhlil edilməklə hüquqi münasibət bildirilmişdir. Müdafiə tərəfi Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsinin işə aid olmadığına görə sübut siyahısından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sənədlərin tədqiqi mərhələsində müəyyən edilmişdir ki, Şahid1 cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixdə ibtidai istintaq orqanına verdiyi ifadəsi məhkəmədə baxılan işə aid deyil. Bu səbəbdən, məhkəmə bu pozuntuya tənqidi yanaşır, lakin qeyd edir ki, Şahid1 məhkəmə iclasında sərbəst şəkildə məhkəmədə baxılan iş üzrə ətraflı məlumat vermişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cinayət işinin materiallarının 1-ci cildinin 175-177-ci vərəqlərində olan xx.xx.2023-cü il tarixli Şahid1 dindirilməsi protokolu” işə aid olmadığına görə sübut siyahısından çıxarılmalı, Şahid1 məhkəmə araşdırması zamanı işin hallarına uyğun ifadə verməsi nəzərə alınmalıdır. Bundan savayı, müdafiə tərəfinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərkən verilmiş suala polis əməkdaşlarının psixoloji təsiri nəticəsində təsdiqedici cavab verdiyini iddia edib müvafiq videogörüntülərin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən götürülməsi barədə vəsatəti təmin edilməklə icra üçün göndərilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-628/2024 nömrəli məktubuna əlavə edilmiş videodiskə baxış keçirilən zaman həmin hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə onları təqsirləndirilən şəxsin xx.xx.2023-cü il tarixli ifadəsini, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143- 145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə, yəni satış məqsədi ilə əldə etdiyi külli miqdarda psixotrop maddə metamfetamini saxlayıb daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə görə, satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri külli miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, istehsal etdikdə, emal etdikdə, daşıdıqda, göndərdikdə, yaxud qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satdıqda müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, psixotrop maddələr- BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən edilir. Sözügedən Qanunun 21.2-ci maddəsinə əsasən, qazanc əldə etmək məqsədilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilməsi, belə şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarı, habelə onların külli miqdarı müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən isə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarına görə, şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdəki psixotrop maddə metamfetaminin təmiz çəkisi 9,845 qram təşkil edir. Məhkəmə qeyd edir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olsa da, məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddənin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olması sübuta yetirilməmişdir. Belə ki, şahid ifadələri və cinayət işinin materialları ilə, habelə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə məşğul olması barədə hər hansı məlumat aşkarlanmamış, istehlakçı ilə əvvəlcədən razılıq, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlıq müəyyən edilməmiş, həmin maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi və ya saxlanılması, hazırlanması, istehsal etmə, emal etmə, daşıma, göndərmə halları müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə muvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunvericiliyin tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşıması barədə gəldiyi qənaət iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təsdiq olunmadığından həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilməli və bu tövsif vahid məhkəmə təcrübəsinə də uyğundur. Bununla bağlı məhkəmə qeyd edir ki, “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023cü il tarixli, 1500 nömrəli ekspert rəyinə görə Təqsirləndirilən şəxs opiodlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olmuşdur. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 9,845 qram olan psixotrop maddə metamfetamini külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən, həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, özü və ailə üzvlərində olan xəstəlikləri, səhhətini cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-349/2023 saylı qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən bugünədək davamlı olaraq həbsdə saxlanılır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 13 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,745 qram psixotrop maddə metamfetamin məhv edilməli, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X14 xx.xx.2023-cü il tarixli, 1500 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 13 mart 2023-cü il tarixdən hesablansın. İbtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,745 qram psixotrop maddə metamfetamin məhv edilsin. “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar