Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-629/2021 20.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən),Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1974-cü ildə Xaçmaz rayonu, Uzunoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Uzunoba kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 26 may 2020-ci il tarixdə, saat 20 radələrində, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yaşadığı Xaçmaz rayonu, Uzun-oba kəndindəki fərdi yaşayış evində olarkən, arvadının qohumu Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək, ona 2600 manat pul borclu olduğunu iddia edərək, həmin məbləği tələb etmiş, əvvəllər də aralarında razılıq olmadığını əsas gətirərək, Zərərçəkmiş şəxs həmin məbləğdə pul verməli olmadığını bildirmiş, bu səbəbdən evin həyətində aralarında başlanan mübahisənin gedişində Zərərçəkmiş şəxs söyüşlü ifadələr işlətməsindən sonra onun baş nahiyəsinə bir dəfə yumruqla qəsdən zərbə endirib, sonuncuya ənsə nahiyəsində sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan, səthi əzilmiş yara xəsarəti yetirmiş, mübahisənin davamında əlbəyaxa olmuşlar, yaxınlıqda baş verənləri müşahidə edən ailə üzvlərinin yanında Zərərçəkmiş şəxs nalayiq ifadələr işlətməyə davam etdiyindən, habelə «sən necə kişisən ki, mənim pulumla ailəni saxlayırsan» sözlərini deyərək alçaltması səbəbindən o, küçəyə çıxan Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə onu diri-diri yandırıb əzab verməklə qəsdən xüsusi amansızlıqla öldürmək qərarına gəlmiş, bu məqsədlə evin həyətində giriş qapısının yanındakı çardağın altına qoyduğu, içərisində benzin yanacağı olan 0,5 litrlik plastmas qabı götürüb Zərərçəkmiş şəxs ardınca küçəyə çıxmış, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, benzini onun üzərinə töküb alışqanla yandırmaqla, sonuncunun sağlamlığına AĞİR zərər vurmaya aid olan - üzün, başın tüklü hissəsinin, qulaq seyvanlarının, boyunun, hər iki yuxarı ətrafın, gövdənin (dairəvi), hər iki budun 75-77 %-li İİ-İİİ və İV dərəcəli termiki yanıqları xəsarətləri yetirmiş, lakin həmin vaxt onların mübahisəsini eşidib evin yanında küçədə toplaşmış kənar şəxslərin müdaxiləsi nəticəsində alov söndürülərək Zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırıldığından və ona zəruri tibbi yardım göstərilməklə həyatını xilas etmək mümkün olduğundan, özündən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək, zərərçəkmiş şəxsi qəsdən xüsusi amansızlıqla öldürməyə, yəni digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Xaçmaz rayonu, Uzun-oba kəndində ailə üzvləriylə birlikdə yaşayır. Yaşadığı kənddə rəngsaz usta kimi işləyirdi. Hadisə günü, 26 may 2020-ci il tarixdə axşam saat təxminən 6- 7 radələrində evdə olan zaman, tanıdığı Nəriman ona zəng vuraraq, onlara gəlib onunla görüşmək istədiyini bildirdi, o da ona heç bir etiraz etmədi. Təxminən saat 7-8 radələrində Nəriman evinin qarşısına gəldi. Yanında İlham da var idi. Nərimanı evə dəvət etdi. Evin həyətinə daxil olan kimi Nəriman ona 2600 manat borcu olduğunu dedi və bildirdi ki, elə bu dəqiqə həmin pulu ona qaytarmalıdır. Nərimanın içkili olduğu hiss olunurdu və çox aqressiv formada danışırdı, onu sakitləşdirməyə çalışsa da ona məhəl qoymurdu. Daha sonra Nəriman onu təhqir etməyə, nalayiq söyüşlər söyməyə başladı, o israrla onu sakitləşdirəsakitləşdirə heç bir borcu olmadığını desə də Nəriman ondan pul tələb edirdi. Nəriman rayon ərazisində mal-qara alveri ilə məşğul olduğu üçün o qızına toy edən zaman Nərimandan 800 manatlıq ət almışdı. Sonra isə pulun yerinə öz inəyini ona verdi, Nərimana da heç bir borcum qalmadı. Nərimanı sakitləşdirə bilmədi və qəflətən üzündən kəllə ilə vurdu. O darvazaya dəydi və burnu, qaşı partladı. Nəriman içkili olduğu, nə etdiyini bilmədiyi üçün onu həyətdən çıxartdı ki bəlkə sakitləşər. Yenə də and aman edib ona borclu olmadığını dedi. Nərimanla İlham isə onu zorla maşına mindirməyə çalışırdılar ki, onu ucqar bir yerə aparıb öldürsünlər. Ancaq o birtəhər onların əlindən çıxdı. Nərimanın heç cür sakitləşməyəcəyini başa düşdüyü üçün nə edəcəyini bilmirdi. Onu həyətdən çıxarmaq üçün həyətdə olan plastmas borunu götürüb onun tərəfə atdı, ancaq boru Nərimana dəymədi. Daha sonra gözü yerdə olan plastmas qabdakı benzinə sataşdı. Nərimanı qorxutmaq üçün benzini götürüb onun üstünə atdı, fikirləşdi ki, qorxub gedər. Nəriman yenə də onu təhqir etməyə davam edirdi, ona “sən necə kişisən ki, sənin arvadını, ailəni mən saxlayıram” dediyi üçün o əsəbiləşib onu əli ilə həyətdən küçəyə çıxarmaq istədi. Nəriman həyətədən çıxmadı və dayanmadan onu söyməyə davam etdi. O Nərimanın üzərinə benzin tökdükdən 3-5 dəqiqə sonra alışqanı çıxarıb siqaret çəkməyə başladı. Həmin vaxt Nəriman da, o da evin həyətində idilər. Sonra isə özü də bilmədən alışqanı Nərimanın üzərinə atdı və o yanmağa başladı. Qonşular Şahbaba əynindəki gödəkçəni çıxardıb Nərimanın üstünə atdı, ailə üzvləri də Nərimanın yanmasının qarşısını almaq üçün evdən su, adyal gətirərək onun üzərinə atmağa çalışırdılar. Oğlu Emil vedrə ilə su gətirib tökdükdən sonra alov tamamilə söndü. Oğlu Ceyhun təcili-tibbi yardıma zəng etsə də vaxt itirməmək üçün qonşuları X3 öz maşını ilə xəstəxanaya apardı. Həmin vaxt özü də xəsarət almışdı, Nəriman ona kəllə vurduğu üçün üzündən qan axırdı. Həmçinin Nərimanı söndürməyə çalışan zaman özünün də əlində yanıq xəsarəti olmuşdu. Mübahisəlləri təxminən 25 dəqiqə çəkmişdi. Həmin vaxt əvvəlcə Nəriman ona kəllə ilə vurdu. Nərimanın yanması isə təxminən 1 dəqiqəyə yaxın çəkmişdi. Əməlimdən peşmanam. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi qızının yoldaşıdır. O Xaçmaz rayonu, Qusarçay kədnində ailə üzvləriylə birlikdə yaşayır. Rayon ərazisində mal-qara alveri ilə, qəssablıqla məşğul olaraq ailəsini dolandırır. 26 may 2020-ci il tarixdə, təxminən günorta saatları tanışı Şahid3la görüşdü. İlhama kənddə ot presi satıldığını bildirdi və birlikdə Qusarçay kəndinə getdilər. İlhama istədiyi qiymətə ot tapa bilmədiyi üçün onu Xaçmaz şəhərinə aparmağını istədi. Daha sonra təxminən axşamüstü saat 7-8 radələrində o onun avtomobili ilə Qusarçay kəndindən çıxıb Xaçmaz şəhəri istiqamətində yola düşdülər. Yolda olarkən Vüsala zəng edib onlara gedəcəyini bildirdi, Vüsal da onu evinə dəvət etdi. Onlara getməkdə məqsədi Vüsaldan ona olan borcunu istəmək idi. Vüsal 2 il əvvəl qızının toyu vaxtı ondan ət almış və onun pulunu verməmişdi. Daha sonra isə Vüsalın arvadı, əmisiqızı İlhaməyə də pal-paltar alıb-satmaq üçün 1000 manat borc pul vermişdi. Bundan başqa ayrıayrı vaxtlarda yenə də ondan borca pul almışdılar. Ümumilikdə ona 3000 manat borcları yaranmışdı və sadəcə olaraq həmin puldan 400 manatını geri qaytarmışdılar. Vüsaldan həmin 2600 manat pulu almağa getmişdi. Saat təxminən axşamüstü 8 radələrində Vüsalın yaşadığı evin qapısına çatdılar. Həmin vaxt əmisi Nəzərşah, əmisi qızı İlhamə və Vüsal darvazanın qarşısında dayanmışdı. Maşından düşüb onlarla görüşdükdən sonra həyətə keçdilər. İlham küçədə maşının içərisində onu gözləyirdi. Vüsalın içkili olduğu hiss olunurdu. Daha sonra o adi səs tonu ilə Vüsaldan ona olan borcunu qaytarmasını istədi, Vüsal isə ona heç bir borcu olmadığını dedi. Vüsal sərxoş vəziyyətdə olduğu üçün ona aqressiv cavablar verdi, hətta onu təhqir etdi və “Mənim sənə heç bir borcum yoxdur” dedi. O da dözməyərək Vüsalın üstünə qışqırdı və onlar mübahisə etməyə başladı. Təqribən 20-25 dəqiqə həyətdə mübahisə etdilər. Vüsal həyətdəki su borusunu götürüb onu öldürəcəyini dedi. O da qorxub darvazadan küçəyə qaçdı. Səs-küyüə kənd camaatı da toplaşmışdı. Əmisi və əmisi qızı onu həyətə dəvət etdikləri üçün o Vüsalın sakitləşdiyini fikirləşib onunla danışmaq üçün yenidən həyətə daxil oldu. Ancaq Vüsal hələ də sakitləşməmişdi, onu söyməyə davam edirdi. Daha sonra o da dözməyib Vüsalı söyməyə başladı. Vüsal qəfildən yerdə içərisində benzin olan plastik qabı götürüb üstünə gəldi və onu yandıracağını, öldürəcəyini dedi. Benzini üzərinə tökdükdən sonra isə üzərinə alışqan atdı və o alovlar içərisində qaldı. O yana-yana Vüsal yenə də onun üzərinə benzin tökməyə davam etdi. O qışqırıb kömək istəməyə başladı. Bir neçə dəqiqə yanmaqda davam etdi, ancaq heç kim köməyə gəlmədi. Həmin vaxt küçədə olan İslam və Murad adlı şəxslər onu söndürdülər. Daha sonra isə onu xəstəxanaya apardılar. Vüsalın məqsədi onu öldürmək idi, o yanan zaman da Vüsal ona heç bir kömək etmədi. O ondan ancaq borcunu istəməyə getmişdi, o isə təkidlə ona heç bir borcu olmadığını deyirdi. O müalicə alan zaman bir dəfə pul verməyə cəhd etsələr də ailə üzvləri acıqlı olduğu üçün qəbul etməyiblər. Vüsalı vurmamışdı, sadəcə yaxasından tutub itələdi. Vüsalla barışmamış və ona qanunvericilikdə nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, zərərçəkmiş şəxs isə doğma əmisioğludur. Hadisə günü, yəni 26 may tarixində, saat təxmiən axşamüstü 7-8 radələrində yoldaşı Vüsal əmisioğlu Nərimanın onlara qonaq gələcəyini dedi və bir qədər sonra Nəriman öz maşını ilə gəldi. Nərimanın yanında bir nəfər də var idi, sonradan onun adının da İlham olduğunu bildi. Nərimanın içkili olduğu hiss olunurdu. Vüsal Nərimanı qarşılayıb evə dəvət etdi. Nəriman həyətə keçdikdən sonra əsəbi şəkildə Vüsaldan borcunu istəməyə başladı. Yoldaşı isə Nərimana heç bir borcu olmadığını deyərək, içkili olduğu üçün onu sakitləşdirməyə çalışırdı. Nəriman qəssablıqla məşğul olduğu üçün qızının xeyir işi olan vaxt Nərimandan borca 800 manatlıq ət almışdılar. Lakin toydan sonra borcun yerinə 1300 manatlıq inəklərini ona verdilər və borclarını bağladılar. Daha sonra Nəriman Vüsala söyüş söyməyə başladı və yoldaşının üzündən kəllə ilə vurdu. Vüsalın üzü qanadığı üçün o da araya girib Nərimanı sakitləşdirmək istədi, ancaq onun də üzərinə hücum çəkdi. Səs-küyə qonşular da küçəyə toplaşmışdı. Daha sonra Nəriman yoldaşına dedi ki, “sən necə kişisən ki, sənin arvadını, ailəni mən saxlıyıram”. O Nərimanın sakitləşmədiyini gördüyü üçün kömək çağırmağa qonşuya getdi. Bir də gördü ki, darvazanın qarşısında yanğın baş verir. Evin qarşısına çatanda məlum oldu ki, Vüsal içərisində benzin olan plastmas su qabını götürərək Nərimanın üstünə töküb və onu qorxutmaq istəyib. Ancaq Nəriman çıxıb getmədiyi, Vüsalı təhqir etməyə davam etdiyi üçün Vüsal cibindən alışqanı çıxararaq Nərimanın üstünə atıb. O gəlib çatdıqda artıq Nərimanın alovunu söndürmüşdülər. X2 maşını ilə onu xəstəxanaya apardı. Yoldaşı Vüsalın da sol əli yanmışdı. Təxminən 1 saat sonra polis əməkdaşları gəlib Vüsalı Xaçmaz rayon polis şöbəsinə apardılar. Nəriman guya həyat yoldaşının ona 2600 manat borcu olduğunu deyərək, həmin pulu tələb edirdi. Ancaq onların Nərimana borcları yoxdur. Nərimandan paltar alveri etmək üçün aldığı 1000 manatın əvəzində Vüsal ona əlbəəl 400 manat pul qaytarmış və ayrı-ayrı vaxtlarda Nərimana məxsus olan 02 ədəd “Qazel” markalı avtomobilini pulsuz rəngləmişdir. Nəriman əvvəlcə 1600, sonra 2600, 3000 manat borc olduğunu deyirdi. Çox güman ki, həmin vaxt içkinin təsirindən nə danışdığını bilmirdi. Nəriman yanan zaman onu küçədə olan qonşuları Şahbaba, İslam və başqaları söndürmüşdülər. Oğlu Emil də vedrə ilə su gətirib Nərimanın üstünə töküb, digər oğlum Ceyhun isə təcili-tibbi yardıma zəng edib məlumat verib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Hadisə günü- 26 may 2020-ci il tarixdə, axşamüstü saat 7-8 radələri idi. O piyada Uzun-oba kəndində yaşayan babası Ağarəhimin evinə gedirdi. Yolda olan zaman anasının əmisi oğlu Nərimanın öz avtomobili ilə evə tərəf getdiyini gördü. Onu gördükdən sonra o da piyada evə tərəf qayıtdı. Evə çatdıqda Nərimanın maşını evin qarşısında dayanmışdı, atası da onun maşınında idi. O onlara yaxınlaşan kimi atası ona maşından düşməkdə kömək etməyini istədi. Nəriman onu zorla maşına oturdaraq harasa aparmaq istəyirdi. Atamı maşından düşürtdükdən sonra Nəriman atasını nalayiq söyüşlərlə təhqir etməyə başladı. Nəriman guya atasının ona borcu olduğunu deyirdi və atasından pul tələb edirdi. Ancaq atasının Nərimana borcu olmayıb. 2 il əvvəl bacısın toyu vaxtı atam ondan 800 manatlıq ət almışdı, lakin toydan sonra atam Nərimana həmin borcun qarşılığında 1300 manatlıq inəyi vermişdi və borcunu bağlamışdı. Nəriman isə guya atasının ona 2600 manat borcu olduğunu deyirdi, anası 2019-cu ilin noyabr ayında ticarətlə məşğul olmaq üçün Nərimandan 1000 manat borca pul almışdı. 2020-ci ilin mart ayında atası həmin puldan 400 manatı Nərimana geri qaytarmışdı, cəmi 600 manat borcu qalmışdı. Həmin 600 manatın əvəzində isə heç bir məbləğ almadan Nərimana məxsus olan 2 ədəd “Qazel” markalı avtomobilini rəngləmişdi. Həmin işin zəhmət haqqı isə 600 manatdan çox edir. Atası Nərimana heç bir borcu olmadığını desə də o, atasının üstünə cumub üzündən bir dəfə kəllə ilə vurdu. Zərbədən atasının üzü də qanamışdı. Buna qarşılıq atası da sol yumruğu ilə Nərimanın başından vurdu. Beləcə Nərimanla atasının mübahisələri yarandı. Anası, babası və qardaşı Emil də Nərimanı sakitləşdirməyə çalışırdı, ancaq heç bir faydası olmadı. Nəriman sərxoş vəziyyətdə olduğu üçün özünü idarə edə bilmirdi. Atası bir neçə dəfə Nərimanı həyətdən çıxarsa da o geri qayıdıb atasıyla mübahisə etməyə davam edirdi. Təxminən 25-30 dəqiqə həyətdə mübahisələri davam etdi. Daha sonra atası həyətdə divarın yanındakı benzin qabını götürüb Nərimanın üstünə tökdü və çıxıb getməsi üçün onu qorxutdu. Ancaq o yenə atasına söyüşlər söyməyə, yumruq, təpik atmağa davam etdi. Daha sonra isə Nəriman atasına “sən kişi deyilsən, acından ölürdünüz, sənin arvadını mən saxlamışam” kimi ifadələr işlətdi. Ondan sonra atası əsəbiləşdi. Atası artıq Nərimanın heç cür sakitləşmədiyini, daha da aqressivləşdiyini gördüyü üçün əlacsız qalıb cibindən alışqan çıxarıb Nərimanın üstünə atdı. Nəriman yanmağa başladı. Qonşuları Şahbaba əynindəki gödəkçəsini çıxarıb Nərimanın üstünə atdı və Nərimanın yanmasının qarşısını aldılar. O dərhal təcili-tibbi yardıma zəng etdi, qardaşı Emil isə Nərimanın üzərinə su tökürdü. Qonşu İslam təcili yardımı gözləmədən Nərimanı elə onun öz maşını ilə xəstəxanaya apardı. Hadisədən təxminən 1 saat sonra polis əməkdaşları gəlib atamı Xaçmaz rayon polis şöbəsinə apardılar. Atası Nərimanı qorxutmaq üçün üzərinə benzin töksə də sonradan onun hərəkətlərinə, dediyi sözlərə dözə bilmədiyi üçün alışqanı onun üzərinə atdı. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 26 may 2020-ci il tarixdə mən öz evində idi. Saat təxminən axşamüstü 7-8 radələrində qonşu Vüsalın evinin həyətindən qışqırıq, söyüş səsləri eşitdi və nə baş verdiyini öyrənmək üçün küçəyə çıxdı. Qonşu Şahbaba da həmin vaxt küçədə idi, onunla birlikdə Vüsalgilin darvazasına tərəf getdilər, darvazanın qarşısında göy rəngli “Niva” markalı avtomobil dayanmışdı. Həmin maşın Nərimana məxsus idi. Avtomobildə bir nəfər şəxs də var idi, sonradan onun da İlham olduğunu öyrəndilər. Nərimanın Vüsala çox ağır şəkildə söyüş söydüyünü eşitdi. Həyətdə baş verənləri aydın görə bilmirdilər, ancaq səsləri eşidirdilər. Lakin başa düşülürdü ki, Nərimanla Vüsal mübahisə edirlər. Küçə ilə gedib Vüsalın darvazasının qarşısından keçdilər və daha sonra geriyə qayıtdılar. Geri qayıdan zaman Vüsalı burnu qanamış halda gördülər. Fikirləşdi ki, Nəriman onu vurub. Vüsal sakit vəziyyətdə idi, ancaq Nəriman sakitləşmək bilmirdi. Danışıqlardan məlum oldu ki, mübahisələrinə səbəb pul məsələsidir. Nəriman Vüsaldan ona olan borcunu ödəməsini istəyirdi. Vüsal isə ona borcu olmadığını və sonra hər ikisi sakit vəziyyətdə olanda danışacağını. bildirirdi Mübahisələri təxminən 25 dəqiqəyə yaxın çəkmişdi. bDaha sonra Nəriman qışqıra-qışqıra Vüsala “sənin arvadını 1 il mən saxlamışam, sən necə kişisən” dedi. Bu sözləri eşitdikdən sonra Vüsalla Nəriman çox pis tutaşdılar. Şahbaba ilə o da onları ayırmağa çalışırdı. Qəfildən Vüsal əlindəki plastik su qabını Nərimanın üstünə atdı, daha sonra isə onlar yenidən tutaşdılar. Bir də gördü ki, Nərimandan alov çıxmağa başlayıb. Nərimanın yandığını gördükdə tez əynindəki gödəkçəni çıxarıb Nərimanın üstünə atdı, sonra isə yerdən qum toplayıb Nərimanın üstünə atdi. Vüsalın oğlu Emil vedrə ilə su gətirib Nərimanın üstünə tökürdü ki, alov sönsün. Təxminən 1 dəqiqəyə Nərimanın alovunu söndürdülər. Vüsalın digər oğlu Ceyhun təcili-tibbi yardıma zəng etdi, ancaq həkimlərin gec gəlməsi ehtimalına görə Nərimanı öz avtomobilində xəstəxanaya aparmaq qərarına gəldi. İlham da maşında əyləşmişdi. Yolda olan zaman Nərəcan kəndi ərazisində təxili yardım maşını ilə rastlaşdılar və Nərimanı ora mindirdilər. İlhamla o isə ambulansın arxası ilə xəstəxanaya getdilər. Nərimanı xəstəxanaya apardığı üçün daha sonra Vüsalı bir daha görməmişdi. Xəstəxanadan qayıtdıqdan sonra Vüsalı polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını eşitdi. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır, onu Xaçmaz rayon sakini kimi tanımış. Hadisə günü 26 may 2020-ci il tarixində günorta saatları idi, o da evdə idi. Nəriman ona öz kəndlərində ucuz qiymətə ot presi satdığını dedi və birlikdə Qusarçay kəndində getdilər. İstədiyi qiymətə ot tapa bilmədiyi üçün Nərimandan onu Xaçmaza qaytarmasını istədi. O da onu öz maşını ilə Xaçmaz şəhərinə apardı. Nərəcan kəndi yaxınlığında olarkən, Nəriman Uzun-oba kəndinəəmisigilə getməli olduğunu dedi. O səbəbini soruşduqda onlardan pul götürməli olduğunu bildirdi. Kəndə çatdıqda saat təxmini 6-7 radələri idi. Nəriman avtomobilini saxlayıb maşından düşdü, o isə avtomobildə qaldı. Nəriman qapının qarşısında dayanan əmisi ilə görüşdükdən sonra mehriban şəkildə evin həyətinə daxil oldu. Bir qədər sonra o söyüş səsləri eşitdi və birdən Nəriman həyətdən çıxıb qaçmağa başladı. Vüsal isə əlində nə isə tutaraq Nərimanı qovalayırdı. Vüsalı ailə üzvləri birtəhər sakitləşdirib həyətə saldılar. O isə Nərimana təklif etdi ki, gəl çıxaq gedək, sonra sakit vaxtı söhbətinizi edərsiniz. Səs-küydən eşitdiyi və başa düşdüyü qədərilə Nəriman Vüsalın övladının toyu zamanı ona xeyir işi yola verməkləri üçün inək verib, ancaq Vüsal onu pulunu Nərimana ödəməyib. Vüsalın həyat yoldaşı, yəni Nərimanın doğma əmisi qızı da Nərimandan eşitdiyi qədərilə 1000 manat borca pul almış, ancaq qaytarmamışdır. Onlar qışqıra-qışqıra mübahisə etdikləri üçün o bu söhbətləri eşitdi. Bir qədər sonra Nərimanın əmisi və Vüsalın ailə üzvləri Nərimanı həyətə çağırdılar. O yenə də onu avtomobildə gözlədi. Təxmini 10-15 dəqiqədən sonra Nəriman darvazadan küçəyə qaçdı. Həmin vaxt Vüsalın əlində plastik qab var idi və qışqıra-qışqıra Nərimana deyirdi ki, gəl, bu saat yandıracam səni. O başa düşdü ki, Vüsalın əlindəki benzindir. Vüsalın arxasıca gedib onu tutmağa çalışdı, ancaq Vüsal əlindən çıxdı. Əlindəki benzini Nərimanın üstünə tökdü, daha sonra isə Nəriman anidən yanmağa başladı. O özünü itirdiyi üçün nə edəcəyini bilmədi. Nəriman yanmağa başladıqdan sonra isə qonşuluqda yaşayan şəxslər, həmçinin Vüsalın ailə üzvləri də onu söndürməyə kömək edirdilər. Küçədə olan qonşulardan biri əynindəki gödəkçəsini çıxarıb Nərimanın üstünə atdı. Daha sonra o də özünü toplayıb Nərimana tərəf yaxınlaşdı və alovu söndürməyə cəhd etdi. O Vüsalın həyat yoldaşının evdən gətirdiyi döşək üzlüyü ilə alovu söndürməyə kömək edirdi. Nərimanın alovunun sönməsi bir neçə dəqiqə çəkdi. Kimsə təcili-tibbi yardıma zəng edib məlumat vermişdi, ancaq adı İslam olan qonşuluqda yaşayan şəxslə o təcili yardımın gec gələcəyini düşünüb Nərimanı öz avtomobilinə əyləşdirib xəstəxanaya yola düşdülər. Yolda olan zaman təcili yardım maşını ilə rastlaşdılar və Nərimanı həmin maşına mindirdikdən sonra maşının arxasıca yola davam etdilər. Xəstəxanaya çatdıqdan sonra Nərimanın ailəsinə məlumat verdilər və hadisələrin təsirindən o özünü çox pis hiss etdi, özünə gəldikdə Nəriman artıq Bakı şəhərinə aparılmışdı. Bundan sonra o da çıxıb evinə getdi, hadisədən qabaq nə Vüsalı, nə də onun ailə üzvlərini tanımamışdır. Hadisələr baş verən zaman da o avtomobildə Nərimanı gözləyirdi. Həmin gün Nərimanla bir yerdə olduğu üçün təsadüfdən həmin ünvana getmişdi. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətində olmamasına dair ifadəsi zərərçəkmiş şəxsin və şahidin işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan 27 may 2020-ci il tarixli tutma protokolundan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 03.09.2020-ci il tarixli, 1673 JNg-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən onda hər hansı bir psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyətinə malikdir, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Həmin halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında və ya güclü ruhi həyəcan vəziyyətində olmamışdır. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 29.05.2020-ci il tarixli, 289 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alm və burun nahiyələrinin sıyrıqları bərk küt əşya(əşyalar), sol əl nahiyəsinin yanıq yarası isə yüksək temperaturun (alovun) təsirindən törənməklə yetirilmə müddəti 26.05.2020-ci il tarixə uyğun gəlir, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının 10.09.2020-ci il tarixli, 602 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üzün, başın tüklü hissəsinin, qulaq seyvanlarının, boyunun, hər iki yuxarı ətrafın, gövdənin (dairəvi), hər iki budun 75-77 %-li İİ-İİİ və İV dərəcəli termiki yanıqları yüksək temperaturun (alovun) təsirindən törənməklə yetirilmə müddəti 26.05.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Ənsə nahiyəsindəki səthi əzilmiş yara isə bərk küt əşya təsirindən törənməklə yetirilmə müddəti 26.05.2020-ci il tarixə uyğun gəlir, və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs xəsarət yetirilərkən zərərçəkmiş müxtəlif vəziyyətlərdə (ayaq üstə, oturmuş, yarımoturmuş, uzanmış və s.) ola bilərdi. Cinayət işində olan məhkəmə-trasoloji ekspertizasının 30.07.2020-ci il tarixli, 3/759, 3/760 Ns-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş şalvarın, kəmərin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi, sayı göstərilməklə təsvir edilən termiki təsirdən yaranmağa xarakterik yanma izləri vardır. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik izlərin yaranma mexanizminin müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən izlərin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. Cinayət işində olan məhkəmə-lifli materialların kriminalistik ekspertizasının 27.07.2020-ci il tarixli, 6/1266 Jvfg-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs geyim paltarlarının və yorğan üzünün üzərilərində kənar lif mikrohissəcikləri vardır. Onların rəngi və təbiəti rəyin 1 nömrəli cədvəlində göstərilib. Təqdim edilmiş 01 ədəd 05, litrlik plastik butulkanın içərisində və Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində tez alışan neft məhsulunun (benzin, kerosin və ya dizel yanacağı) izləri vardır. Lakin buxarlanma prosesinin nəticəsində yüngül fraksiyalar uçduqları üçün və yüksək temperatura məruz qaldığından əsaslı dəyişikliklər baş verdiyi üçün həmin neft məhsulunun növünü müəyyən etmək mümkün olmadı. Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında 27.05.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Uzun-oba kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətdir. Evin darvazası açıq-yaşıl rəngli naxışlı dəmir darvazadandır. Darvazanın yanındakı qapı açıq vəziyyətdədir. Həyət mişar daşından tikilmiş hasarala örtülmüşdür. Həyətə daxil olduqda həyətin yeri beton döşəmədəndir. Darvaza ilə üzbəüz bir mərtəbəli yerdən ev olduğu görünür. Evin fasadı mavi rənglidir. Evin hasarından evə qədər məsafə 8 metr, darvazanın eni 425 sm, hündürlüyü isə 215 sm-dir. Hadisə yerinə baxışda iştirak edən Təqsirləndirilən şəxs həyətdə darvazanın yanında, divarın dibini göstərərək 26.05.2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs yandırmaq üçün üstünə tökdüyü benzin qabının yerini göstərdi, həyətin giriş qapısından həmin yerə qədər olan məsafə 280 sm-dir. Daha sonra Təqsirləndirilən şəxs darvazdan küçəyə çıxaraq qapı ilə üzbəüz dayanıb Zərərçəkmiş şəxs yandırdığı yeri göstərdi, həmin yerdən darvazaya qədər olan məsafə 275 sm-dir. Bundan başqa o, hadisə vaxtı Zərərçəkmiş şəxs onu yumruqla vurması nəticəsində burun və qaş nahiyəsində xəsarət aldığını və darvazanın qarşısında yerə qanının töküldüyünü bildirdi. Daha sonra Təqsirləndirilən şəxs küçənin o biri tərəfinə gedərək söyüd ağacının altını, su arxanın kənarını göstərib içərisində benzin olan qabı sonradan tulladığı yeri göstərdi, həmin yerdə nisbətən yanğından əriməyə məruz qalmış 01 ədəd 0,5 litrlik plastmas qab aşkar edildi və qablaşdırılaraq götürüldü. Küçənin eni 12 metr, evin hasarından plastmas su qabının olduğu yerə qədər məsafə isə 13 metr 60 sm-dir. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli damalı şalvarının sol cibindən 01 ədəd başlıq hissəsində “VENDS” sözü yazılmış aşağı və yuxarı hissəsi qırmızı rəngdə olan şəffaf plastmas materialdan hazırlanmış alışqanı çıxararaq Zərərçəkmiş şəxs məhz bu alışqanla yandırdığını bildirdi. Alışqana baxdıqda içində az miqdarda maye qaz olmaqla işlək vəziyyətdə olması müəyyən edildi. Həmin alışqan müvafiq qaydada qablaşdırılaraq götürüldü. Cinayət işində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb hesab edir ki, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəza seçilməli və cəzasını tutulduğu vaxtdan, yəni 27 may 2020-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti qismən etiraf edib, səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd zoğalı rəngli yun sviter, 01 ədəd damalı şalvar, 01 ədəd sızıqlı köynək, 01 ədəd boz mayka, 01 cüt rezin çəkələk, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli şalvar və kəmər, 01 cüt corab və alovu söndürmək üçün istifadə edilmiş yorğan üzü, 01 ədəd plastik qab və 01 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 178 (yüz yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 27 may 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 178 (yüz yetmiş səkkiz) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Xaçmaz rayon prokurorluğunda maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd zoğalı rəngli yun sviter, 01 ədəd damalı şalvar, 01 ədəd sızıqlı köynək, 01 ədəd boz mayka, 01 cüt rezin çəkələk, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli şalvar və kəmər, 01 cüt corab və alovu söndürmək üçün istifadə edilmiş yorğan üzü, 01 ədəd plastik qab və 01 ədəd alışqan hökm qanuni qüvvəyə mindikdən sonra müsadirə olunaraq, dəyərləri olmadığı və eyni zamanda geri qaytarılması barədə vəsatət olmadığı üçün məhv edilsin,. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov
Məhkəmə qərarları › İş №1(101)-629/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-629/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver