Məhkəmə qərarları › İş №1(101)-631/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-631/2022

13.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-631/2022 13.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X5 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11,403 qram çəkidə heroini və 1,145 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06 oktyabr 2021-ci il tarixdə Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, həmin gün saat 15:30-da Bakı şəhəri Nəsimi rayonu, Topçubaşov küçəsi 142 saylı evin qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinə gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən iki bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram və 7,501 qram olmaqla, ümumi təmiz çəkisi 11,403 qram təşkil edən külli miqdarda heroin, bir bükümdə 1,145 qram çəkidə psixotrop maddə metamfetamin və narkotik vasitə-psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə etdiyi bir ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrin istifadəçisidir. 30.11.2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müdddətinə azadlıqdan məhrum edilmiş, 15.12.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün həbsdən azad olunmuşdur. Ailəli olmaqla, həbsə saxlanıldıqdan əvvəl ailəsini taksi fəaliyyəti göstərməklə dolandırmışdır. 06 oktyabr 2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanıldığı zaman ona təzyiq göstərilmişdir. Həmin vaxt evdə tək olsa da, polis əməkdaşları tərəfindən polis idarəsinə aparıldığı zaman qonşular əməliyyatın şahidi olmuşlar. Həmin vaxt üzərində narkotik vasitə olmamış, lakin polis idarəsinə gəldikləri zaman xidməti otaqda olarkən videoçəkiliş aparılmaqla ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə o, polis əməkdaşlarının təziqi altında sonuncular tərəfindən üzərinə qoyulmuş əynindəki qara rəngli şalvarının sağ yan cibindən 2 ədəd şəfaf selofana bükülmüş içərisində toz şəkilli maddə, sol yan cibindən isə iki bükümdə olan biri şəffaf selofanda içərisində toz şəkilli maddə, digəri isə sarı kağıza bükülmüş ağ rəngli krisal şəkilində maddə olan bükümləri və elektron tərəzini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı o, həmin şəffaf selofana bükülmüş içərisində toz şəkilli maddələrin «kakos», sarı kağızda olan bükülünün içərisində olan ağ kristal şəkilli maddənin el içində “Patı və ya şüşə” deyilən narkotik vasitə olan metamfitamin olduğunu bildirmiş, ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərimdə gəzdirdiyi sual edəndə uzun müddətdir narkotik vasitə istifadə etdiyini, onda bir neçə gün əvvəl WhatsApp vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Hasan adlı şəxsin kartına 450 manat pul ödəyərək, Hasan adlı şəxsin əvvəlcədən təyin etidiyi Yasamal rayonunda Sovestki deyilən ərazidə köhnə söküntülərin içərisindən götürdüyünü, həmçinin həmin narkotik vasitəni öz istifadəsi və satmaq üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirsə də, Hasan adlı şəxsi tanımır və elə bir şəxslə heç bir zaman əlaqəsi olmamışdır. Bununla bağlı bildirir ki, polis əməkdaşları onu ilk olaraq saxladıqdan sonra artıq onu hədələdiklərindən və ona nə deməli olmasını öyrətdiklərindən suallara cavabı həmin məzmunda vermişdir. Bundan sonra onun tərəfindən təqdim olunmuş bir bükümdə şəffaf selofana bükülmüş, ağ krisğal şəkilli narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Videoçəkiliş aparılmaqla üzərinə baxış keçirildiyi zaman vəkil iştirak etməmişdir. Polis əməkdaşlarının ona etdikləri təziqlərlə əlaqədar heç bir yerə müraciət etməmişdir. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməsi və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 06.10.2021-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Ceyhun adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə etməsi, istifadəsi, saxlaması, gəzdirməsi və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən əməliyyat qrupu yaradılmışdır. 06.10.2021-ci il tarixdə həmin qrupa Nəsimi rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 tərəfindən daxil edilmişdir. “Ceyhun” adlı şəxsin ünvan 3 ünvanın qarşısında olacağı ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaqdan ötrü cinayət başında yaxalanması və əməlinin ifşa olunması məqsədilə 06.10.2021-ci il tarixdə saat 14:30-da Şahid2 ilə birlikdə ünvan 3 ünvanın qarşısına gəldikdə, həmin ünvanın qarşısında bir müddət gözlədikdən sonra saat 15:30 radələrində əməliyyat məlumatında göstərilən “Ceyhun” adlı şəxsin xarici görünüşü ilə oxşar olan şəxs görmüşlər və həmin şəxsə özlərini təqdim edərək üzərində narkotik vasitə saxlaması, istifadə etməsi və satması barədə məlumat daxil olduğundan onlarla birlikdə Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Həmin şəxs etiraz etməmiş və onlarla birlikdə Polis İdarəsinə getməyə razılıq vermişdir. Polis İdarəsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olundu və sonuncuya hüquq və vəzifələrini izah edilib üstünə videoçəkilişlə şəxsi axtarış aparılacığını bildirilmiş, Təqsirləndirilən şəxs isə etiraz etməmişdir. Bunda sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoymasını təklif olunmuş və sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş içərisində toz şəkilli maddəni, sol yan cibindən bir ədəd sarı kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddəni çıxarıb və əlində olan üzərində elektronik yazılmış tərəzini masanın üzərinə qoymuşdur. Həmin bükülülərin içərisində olan maddə barədə sual verilən zaman Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində olan maddənin “Patı və ya şüşə” olmasını bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükülüləri saxlanıldığından bir neçə gün əvvəl “WatsApp” vasitəsilə tanımadığı”Həsən” adlı İran İslam Respublikası vətəndaşından onun kartına 450(dörd yüz əlli) manat ödəməklə həmin şəxsin əvvəlcədən təyin etdiyi Yasamal rayonu, Sovetski deyilən ərazidə yerləşən söküntülərdən əldə etdiyini bildirdi. Daha sonra onların iştirakı ilə həmin şəffaf sellofana və sarı rəngli kağıza bükülmüş psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroinə bənzər maddə zərfə qoyularaq bağlanıb möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs X2 yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 06 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 16.00-da şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 24). “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 06.10.2021-ci il tarixli protokoldan görünür ki, əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 3 ədəd şəffaf selofana bükülmüş içərisində toz şəkilli narkotik maddələr və bir ədəd ağ rəngli kristal şəkilli narkotik maddə, həmçinin elektron tərəzi aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən CD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır (cild 01, iş vərəqə 48-53). Məhkəmə-kimyəvi ekspertizasının 07 oktyabr 2021-ci il tarixli 6/4438 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,902 qram; 7,501 qram; ümumi çəkisi 11,403 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 1,145 qam olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış metamfetamindir (cild 01 iş vər. 60-65). “Cinayət işinin tövsif edilməsi haqqında” 07.10.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 01, iş vərəqə 76-77). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-429/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 111-113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş 09.10.2021-ci il tarixli tələbnamədə və məhkəmə hökmünün surətindən görünür ki, Rufullayev X1 Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 29,317-1.1-ci maddələri ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 15.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vərəqə 138-151, 151-174). Məhkəmə-psixiatrik ekspertizasının 29.10.2021-ci il tarixli 2525 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vərəqə 178-180). Məhkəmə-narkoloji ekspertizasının 15.11.2021-ci il tarixli 4483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vər. 181-182). Məhkəmə-kimyəvi ekspertizasının 07.12.2021-ci il tarixli 6/5110 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd gümüşü korpuslu elektron tərəzinin səthində psixotrop maddə-metamfetamin izləri müəyyən edilmiş, tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və həmin şəxsdən aşkar olunmuş metamfetamin kütləsi ilə eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır (cild 1, iş vərəqə 183-186). “Telefon məlumatlarına baxış keçirilməsi barədə” 10.01.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan və çıxan smsmlər olan DVD diskə baxış keçirilmişdir. DVD diskdə olan məlumatların məzmunundan görünür ki, 14.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus 077 *** ** ** nömrəsindən “ kola alında gelende“ kimi narkotik vasitənin satışı ilə bağlı mesaj müəyyən edilmiş, baxış keçirilmiş, sms mətnləri iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (cild 01, iş vərəqə 190, 191-200) “Sübutların qiymətləndirilməsi haqqında” 07.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi üçün hazırkı cinayət işindən naməlum şəxs barəsində cinayət işi ayrılmışdır. (cild 01, iş vərəqə 210-220) Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması və maddi sübutun göterelməsi barədə” 06 oktyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin və yaxud başqa narkotik vasitə satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 1(008)-195/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 317-1.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 15.12.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 1,095 qram psixotrop maddə metamfetamin və 11,323 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan bir ədəd «CD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlətin büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 06 (altı) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 1,095 qram psixotrop maddə metamfetamin və 11,323 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə 06.10.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 218 (iki yüz on səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlətin büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar