Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-633/2024 20.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X1 və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - X3 və Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 avqust 1983-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 8,702 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 12 mart 2023-cü il tarixdə saat 12:30-da Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 8,702 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, “Oba” marketdən çıxaraq Qaraçuxur qəsəbəsində taksiyə minmişdir. Daha sonra Post patrul xidmətinin əməkdaşları yaxınlaşaraq onu avtomobildən endirmişlər. Polislər ona yaxınlaşarkən yanında dostu və taksi sürücüsü olmuşdur. Onlar üzərinə dərhal axtarış və baxış keçirmişlər. Lakin polis əməkdaşları qanunsuz hər hansı bir əşya tapmamışlar. Bundan sonra polis əməkdaşları onları Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. Orada qarşısına narkotik vasitə qoyaraq videoçəkiliş aparmışlar. Həmin vaxt vəkil iştirak etməmişdir. Polis əməkdaşları onun iştirakı olmadan yaşadığı evə gedərək axtarış və baxış istintaq hərəkətlərini aparmış, lakin evdən heç nə tapmamışlar. Post patrul xidmətinin əməkdaşları onu döymüşlər. Polis əməkdaşları onun əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, təxminən 1 (bir) il 06 (altı) ay müddətdir ki, narkotik vasitədən istifadə edir. Onu saxlayan polis əməkdaşlarını tanımır. Post patrul xidmətinin əməkdaşları onu küçənin ortasında döymüşlər. Onlar 3 nəfər şəxs olmuşlar. Onlardan biri onun sifətinə 2-3 yumruq vurmuşdur. O, polislər tərəfindən nalayiq ifadələrlə təhqir olunmuşdur. Lakin o, aldığı xəsarətlərlə bağlı heç yerə şikayət etməmişdir. O dostu və taksi sürücüsünü buraxsınlar deyə özünə məxsus olmayan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalmışdır. Polislər tərəfindən saxlanılan vaxt üstündə mobil telefon, “Leo bank” kartı, açar və pulu olmuşdur. Pulu nağd şəkildə verib narkotik vasitəni əlbəəl götürmüş, “Leo bank” kartı vasitəsilə ödəniş etməmişdir. O, narkotik vasitəni kiminləsə bölüşməmiş, tək istifadə etmişdir. Tutulan vaxt onun üstündə hər hansı narkotik vasitə olmamışdır. “Oba” marketdən çıxıb taksiyə əyləşmiş, bundan sonra onun arxası ilə post patrul xidmətinin avtomobili gəlmiş və dayanmaq üçün onlara işarə vermişlər. Onu maşından düşürüb, şalvarını çıxartmışlar. Həmin yerdə kameraların olub-olmadığını bilmir. Polislər onu 12 mart 2023-cü il tarixdə səhər saat 04-05 radələrində saxlamışlar. Daha sonra onu Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar və orada təhqiqatçının gəlməsi üçün səhərin açılmasını gözləmişlər. Təhqiqatçı gəldikdən sonra ona nalayiq ifadələr işlədərək narkotik vasitəni boynuna götürəcəyi təqdirdə işinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə rəsmiləşəcəyini bildirmişdir. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Taksi sürücüsünün adını bilmir. Yanında olan dostu isə məhəllədən Bəhruz olmuş və onları da bölməyə gətirmişlər. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə əldə etdiyi narkotik vasitə heroini mobil telefon vasitəsi ilə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 110 manata onlayn qaydada Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən Yağmur restoranının yaxınlığında mobil telefonda ona bildirilən yerdən götürüb əldə etmişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə saat 12:30 radələrində polis əməkdaşları ona yaxınlaşmış və onu polis bölməsinə dəvət etmişlər. PBdə şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər, o da buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da üzərində olan 1 ədəd Samsung markalı mobil telefonu, bir ədəd Leobank yazısı olan plastik bank kartını və üzərində saxlamaqla daşıdığı özünə məxsus içərisində heroin kimi tanıdığı narkotik maddə olan 01 (bir) ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bükümü açmış və içərisində heroin kimi tanıdığı narkotik maddəni aşkar etmişlər. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf 196 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Keçirilən bütün proseslər video çəkilişlə qeydə alınmışdır. Bundan sonra, onun yaşadığı evə onun razılığı ilə özünün və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmamış, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. O, narkotik maddəni mobil telefon vasitəsi ilə tanış olduğu adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 110 manata onlayn qaydada ona telefonda bildirilmiş Suraxanı Rayonu, Qaraçuxur qəsəbəsində yerləşən Yağmur şadlıq sarayının yaxınlığında qabaqcadan qoyulmuş yerdən götürüb əldə etmişdir. O, özü narkotik maddələrin qəbulu ilə məşğul olmuşdur. Polis bölməsinə gətirilən zamanı polis əməkdaşları tərəfindən onu döyən və ya işgəncə verən olmamışdır. (Cild 1, iş vərəqi 69-70) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, o Daxili İşlər Nazirliyinin X7 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışır, polis serjantıdır. Təqsirləndirilən şəxs Qaraçuxur ərazisində özünü şübhəli apardığı üçün ona yaxınlaşaraq Suraxanı RPİ-nin 32-ci PB-nə təhvil vermişlər. Orada Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu məlum olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, məlum hadisənin baş verdiyi tarixi xatırlamır. Təqsirləndirilən şəxs tərəflərindən təxminən saat 12 radələrində saxlanılmışdır. Həmin vaxt xidmətdə səhv etmirsə, 3 nəfər olmuşlar. Təqsirləndirilən şəxs bölməyə gətirməkdə səbəb özünü şübhəli aparması və polis əməkdaşlarından yayınmağa çalışması olmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan vaxt üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxs bölmədə üzərinə şəxsi axtarış və baxış keçirilərkən həmin istintaq hərəkətində iştirak etmiş, və bu zaman üzərindən səhv etmirsə, heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirməmişlər. Təqsirləndirilən şəxs Qaraçuxurda Yusif Eyvazov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini bildirmiş, lakin onun satışı ilə məşğul olduğunu söyləməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən tək olmuşdur. Onu küçədə soyundurmamış və maşından düşürməmişlər. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki təzyiq olmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Respublikası DİN-nin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantı xüsusi rütbəsi daşıyır. 12 mart 2023-cü il tarixdə təxminən saat 12:30 radələrində iş yoldaşı ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə 2477 çağırışlı avtopatrulla onlara təhkim olunmuş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində xidmət aparan zaman Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində bir nəfər şəxsin özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxs onları görüb oradan uzaqlaşmaq istəmişdir. Onu saxlayıb kim olması barədə soruşmuşlar. Həmin şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onunla sorğu-sual edən zaman qeyrisəlis cavablar verməyə başlamış və onlar həmin şəxsin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhələnmişlər. Buna görə də, onu Suraxanı RPİ-nin 32ci PB-nə dəvət etmişlər. Həmin şəxs də razı olaraq onlarla birlikdə 32-ci PB-nə gəlmişdir. 32-ci PB-də onun şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd üzərində “Leobank" yazısı olan bank kart və əynindəki həmin qış gödəkçəsinin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümün içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs həmin bükümün içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin narkotik maddəni 12 mart 2023-cü il tarixdə Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən “Yağmur” şadlıq sarayının yaxınlığında tanımadığı İİR-nın vətəndaşından onlayn qaydada ödəniş etdikdən sonra mobil telefonuna göndərilən ünvana gedib götürərək öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 01 ədəd büküm, bir ədəd mobil telefon və bir ədəd bank kartı götürülərək qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilməsinin zəruri olduğu izah edilmiş və yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı həyət evinə onun və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən qanunsuz hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsinə dair protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. (Cild 1, iş vərəqi 98-100) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 Alayının 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində çalışan polis serjantı Şahid2 İlham oğlu ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 12:30 radələrində Təqsirləndirilən şəxs özünü şübhəli aparması səbəbindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci PB-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 6, 26) 12 mart 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd üzərində Leobank yazısı olan plastik kart və həmin gödəkçənin sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli spesifik qoxuya malik bükümü təqdim edərək, həmin maddələrin narkotik vasitə olduğunu, narkotik maddəni onlayn qaydada İİR vətəndaşından Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən Yağmur Şadlıq sarayının yanında əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənmişdir. (Cild 1, iş vərəqə 27, 29-30) xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, MİK-6, ev 27, 106 nömrəli mənzilinə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı sübut aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 38) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1528 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəkı bir ədəd bükümdə təmiz çəkisi 8,702 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Cild 1, iş vərəqə 45-49) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-in 234.1-ci maddəsindən 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (Cild 1, iş vərəqə 58-59) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 60) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 82-86) Mobil telefona baxış keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istntaq hərəkəti aparılan zaman aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonda iş üçün əhəmiyyət kəsb edən danışıqlar, sms mətnləri və ya digər hər hansı məlumat aşkar edilmişdir. (Cild 1, iş vərəqə 87) Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılaraq onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilmişdir. (Cild 1, iş vərəqə 107-112) Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ay həddində, yəni 12 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 127-130) İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X9 adında bir övladı vardır. (Cild 1, iş vərəqə 133) Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4155 saylı 05 iyul 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 134-135) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə”, evə baxış, diskə baxış protokolları, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 137-146) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 4 ay 27 gün müddətə islah işləri – 20 % cəzasına məhkum edilmiş, Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (Cild 1, iş vərəqə 104-106) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadələrində tutulan zaman üzərində narkotik vasitə olmadığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman qeydə alınmış videoçəkilişdə narkotik vasitələrin özünə məxsus olması kimi etirafedici ifadələr verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 20-12/605 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. Suraxanı Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 5H/2-23733/23 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Suraxanı rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 391-C/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa iş üzrə şahidlər Şahid1 və X4 məhkəmədə dindirilərkən onlara verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də polis bölməsində heç bir fiziki və ya psixi təsir və təzyiq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı Müdafiəçi1 məhkəməyə yazılı vəsatətlər verərək bildirmişdir ki, iş materiallarında göstərildiyi kimi təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə saat 12:30-da Qaraçuxur qəsəbəsində yerləşən “Yağmur” şadlıq sarayının yanında deyil, həmin gün səhər saat 04-05 radələrində Qaraçuxur qəsəbəsində başqa yerdə saxlanılmış və polis bölməsinə gətirilmişdir. Bu müddət isə şəxsə təzyiq edərək etmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi imkanına dəlalət edir. Odur ki, Təqsirləndirilən şəxs və iş üzrə şahidlər Şahid1 və Ə.Şıxıyevin istifadəsində olan mobil nömrələrin 12 mart 2023-cü il tarixdə anten dairələrinin müəyyən edilməsi üçün müvafiq mobil operatorlarına sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə həmin xüsusatın araşdırılması üçün müdafiəçi tərəfindən verilmiş vəsatəti təmin edərək təqsirləndirilən şəxs və şahidlərin 12 mart 2023-cü il tarixə olan anten dairələrinə dair müvafiq mobil operatorlara sorğular göndərmiş və cavabları alınaraq iş materiallarına əlavə edilmişdir. Lakin həmin anten məlumatlarında müdafiəçinin vəsatətində qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Təqsirləndirilən şəxs barəsində keçirilmiş şəxsi axtarış istintaq hərəkəti protokolunun məzmunundan, həmin istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən CD diskdən, həmçinin təhqiqat araşdırması dövründə müdafiəçisinin iştirakı ilə vermiş olduğu izahatından, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrdən də görünür ki, şəxsi axtarış zamanı üzərindən aşkar edilən narkotik vasitə olan heroinin ona məxsus olduğunu, həmin maddəni mobil telefon vasitəsi ilə tanış olduğu adını bilmədiyi İİR vətəndaşından 110 manata onlayn qaydada telefonda bildirilmiş Yağmur şadlıq sarayının yaxınlığında qabaqcadan qoyulmuş yerdən götürüb əldə etdiyini bildirmişdir. Lakin məhkəmə iclasında ifadə verərək tutulan zaman üzərində narkotik vasitə olmaması, polis əməkdaşları tərəfindən döyülməsi, onun dostunu və taksi sürücüsünü buraxsınlar deyə özünə məxsus olmayan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalması barədə hədə qorxu yolu ilə ona psixi təsir edildiyini göstərərək şəxsi axtarış istintaq hərəkəti keçirilməsi zamanı təqdim etdiyi narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bir-biri ilə ziddiyyət təşkil edən ifadələrini, eləcə də barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti protokolunun mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən şübhə altına alınması üçün əsasların olmaması kimi halları iş üzrə mövcud olan şahid ifadələri, istintaq protokolları ilə birgə müqayisə edərək qiymətləndirməklə təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülən narkotik vasitə heroinin ona aid olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək hesab edir ki, üzərindən aşkar edilərək götürülən narkotik vasitənin ona məxsus olması işin mübahisəsiz halıdır. İş materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs ittiham elan edərkən sonuncunun üzərindən aşkar edilərək götürülən külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmişdir. "Savalanlı və digərləri Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli Qərarının məzmunundan aydın olur ki, satış məqsədilə narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılması zamanı cinayət törətməkdə təqsirləndirilən şəxslərə münasibətdə istintaq hərəkətləri axtarış və götürmə aparılması ilə məhdudlaşmamalı, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla əlaqədar müvafiq istintaq hərəkətləri aparılmalı, nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, o cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutların, habelə təqsirləndirilən şəxslərin sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanması və müəyyən edilməsinə nail olunmalıdır. Məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda təmiz çəkisi 8,702 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış və üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində külli miqdarda təmiz çəkisi 8,702 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə həmin maddədə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri elementlərindən biri olan “satış” məqsədinin sübuta yetirilməməsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməli satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini qəsdən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməl cinayətlərin təsnifatına əsasən ağır cinayətlər kateqoriyasına aiddir, başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını AR Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halın olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 03 fevral 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılaraq onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən məhkəmənin şifahi sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli, 66177/23 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və o qanunla müəyyən olunmuş qaydada qeydiyyata alınmadığından ona təyin edilmiş cəzanı çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 12 mart 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,652 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 4155 saylı 05 iyul 2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindormu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi alt) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Suraxanı rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 8,652 qram narkotik vasitə olan heroin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-633/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-633/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver