Məhkəmə qərarları › İş №1(101)-633/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-633/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-633/2025 17.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X15 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının və X10, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X12, təqsirləndirilən şəxs X6, müdafiəçi, Bakı şəhəri 02 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə, 29 sentyabr 1988-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X13 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, X3 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Şamil” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Cəfər Cəfərov “Şamil” adlı şəxsin sifarişi ilə gələcəkdə ayrı-ayrı “müştərilərə” çatdırılması və satışının həyata keçirilməsi üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Gənclik” restoranının yaxınlığında yerləşdirdiyi külli miqdarda - 2,847 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini və külli miqdarda - 5,681 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Cəfər Cəfərov 30 may 2024-cü il tarixdə saat 23:05-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4aş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilməklə orada 31 may 2024-cü il tarixdə saat 00:30-dan etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,847 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 5,681 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X13 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitələri əldə etdiyi İran İslam Respublikası vətəndaşının nömrəsini narkotik vasitədən istifadə edən başqa bir şəxsdən almış, bundan sonra iranlıya yazmış, narkotik vasitə almaq istədiyini bildirmişdir. Hər dəfə narkotik vasitəni o şəxsdən almış, aldıqları isə “kokos” və “patı” olmuşdur, yəni heroin və metamfetamin almışdır. Ödənişi iranlının kartına pul atmaqla etmiş, karta pul atandan sonra çekin şəklini yollamış, iranlı da ona konum və narkotik vasitəni gizlətdiyi yerin şəklini yollamışdır. O da yollanılan konuma gedərək narkotik vasitələri götürmüşdür. İranlının mobil telefon nömrəsi İran İslam Respublikasına aid bir nömrə olmuşdur. Əvvəllər “kokos” və “patı”nın qramı üçün 25-30 manat pul ödəmiş, son vaxtlar isə qiyməti 40 manata yüksəlmişdir. Sonuncu dəfə narkotik vasitə alan zaman İran İslam Respublikası vətəndaşına zəng etmiş, narkotik vasitəyə ehtiyacı olduğunu bildirmişdir. İranlı da ilk olaraq ondan kartına pul yollamağını istəmiş, o da karta 360 manat pul vurmuş və çekin şəklini göndərmişdir. Narkotik vasitəni təhvil almaq üçün Nərimanov rayonunda yerləşən “Gənclik” şadlıq sarayının yanına getmiş, narkotik vasitələri götürən zaman Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu tutub saxlamış, sonra da İdarəyə aparmışlar. O, 6 qram “kokos”, 3 qram “patı” sifariş etmiş, amma idarənin əməkdaşları narkotik vasitələri tərəzidə çəkən zaman hər birinin çəkisi 1 qram artıq olmuşdur. Narkotik vasitələri alan zaman onun heç vaxt satış məqsədi olmamış, yalnız şəxsi istifadəsi üçün sifariş etmişdir. 2020-ci ildə ***-**-** telefon nömrəsindən ona mesaj gəlmişdir, o da belə bir narkomana aid telefon nömrəsi olmayacağını düşündüyü üçün cavab belə yazmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs X13 bildirdi ki, polis idarəsində ona qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Narkotik vasitələri aldığı İran vətəndaşının adı Şamil olmuşdur. Şamildən 1 ay ərzində 1-2 dəfə narkotik vasitə almışdır. Şamillə olan yazışmalarında heç vaxt satış məqsədinin olması ilə bağlı bir ifadəsi olmamışdır. Tək səhvi o olmuşdur ki, bircə dəfə Şamili tələsdirmək üçün yalandan ona “tez ol, gözləyən var” kimi bir mesaj yollamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı X11 ifadəsində göstərdi ki, 30 may 2024-cü il tarixdə Cəfər Cəfərovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri də o təyin olunmuşdur. Həmin gün gecə saat 23:05 radələrində Nərimanov rayonu, X24 küçəsi, 35 ünvanının yaxınlığında Cəfər Cəfərov əməliyyat qrupu tərəfindən saxlanılmış, tədbirin keçirilməsi barədə qərarla tanış edilmiş, bundan sonra Cəfər baş idarəyə dəvət edilmiş, idarədə üzərində şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkar olunmuşdur. Sorğu zamanı Cəfər Cəfərov aşkar edilmiş narkotik vasitəni İran vətəndaşından öz istifadəsi üçün aldığını bildirmişdir. Narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X11 bildirdi ki, təqsirləndirilən şəxs Cəfərə etirafedici ifadə verməsi üçün hər hansı qanunsuz vasitələrdən istifadə edilməmişdir. Saxlanılan zaman Cəfərov Cəfər narkotik vasitəni satmadığını, öz istifadəsi üçün əldə etdiyini demişdir. Təqsirləndirilən şəxsin İran İslam Respublikası vətəndaşı ilə əlbir olmasını müstəntiq müəyyən etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Cəfər adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələri əldə edərək saxlaması və daşıması bildirilir. Müəyyən edilmişdir ki, Cəfər adlı şəxs 29 sentyabr 1988-ci ildə Abşeron rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan X8r (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2024-cü il tarixli raportun məzmunundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmada, satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlama, daşıma və satmada şübhəli bilinən 29 sentyabr 1988-ci ildə Abşeron rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan X6 olduğu yer müəyyən edilərək həmin günü saat 23:05-də ünvan 3 ünvanının yaxınlığında saxlanımış, saxlanılarkən üstünə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə prosessual hərəkətlərin aparılmasından ötrü saxlandığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 9). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə X6 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra o, üstündə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirib əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağız yapışqanla bağlanmış və üzərində “CK3P” yazıları olan 1 ədəd bağlamanı, həmin şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefonu çaxararaq masanın üzərinə qoymuş, həmin bağlama açıldıqda bağlamanın içərisində əlavə olaraq hər biri ağ rəngli kağız yapışqanla bağlanmış, birinin üstündə 3K, digərinin üstündə 6K yazıları qeyd olunmuş 02 ədəd bükümün olması müəyyən edilmişdir. Həmin bükümlərdən biri açıldıqda içərisində şəffaf sellofana bükülmüş narkotik vasitə heroinə bənzər, digəri bükümün içərisindən isə şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə olduğu aşkar edilmişdir. Həmin maddələr müvafiq qaydada qablaşdırılaraq DİN-in Zərflər üçün 6 saylı möhürü ilə mühürlənərək götürülmüşdür. Şifahi sorğu zamanı Cəfər Cəfərov təqdim etdiyi bükümdə olan maddələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu, həmin maddələri xx.xx.2024-cü il tarixdə Şamil adı ilə tanıdığı İran vətəndaşından 360 manat ödəməklə sonuncunun onun telefonuna göndərdiyi ünvandan əldə etdiyini, öz şəxsi istifadəsi üçün üstündə saxlamaqla daşıdığını, həmin maddələrdən heç kimə vermədiyini və satmadığını bildirmişdir (cild 1, iş vərəqi 27-29). - materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3043 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6” dairəvi möhür əksi, “X6 üzərindən aşkar olunmuş...(imza) C.Cəfərov" yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,847qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 1(bir) bükümdə təmiz çəkisi 5,681qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 40-44). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 58-59). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 aşkar edilib götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,747 qram çəkidə psixotrop maddə metamfetamin və 5,581 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 93-95). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Ədil Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 111). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X20 xx.xx.2024-cü il tarixli, 7671 saylı məktubundan görünür ki, X13 arxiv məlumatlarına görə adı yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 119). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ibtidai istintaq orqanının əməliyyat tapşırığına verdiyi xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, ilkin əməliyyat məlumatında X5 aşkar edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi qeyd edilmişdir. Sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cəfər Cəfərovun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar əldə edilmişdir. Lakin, Cəfər Cəfərovun əvvəllər narkotik vasitə və ya psixotrop maddələri, o cümlədən üzərindən aşkar edilmiş narkotik vasitəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin, həmin narkotik vasitəni aldığı şəxsin müəyyən edilməsinin, həmçinin, digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsinin, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri ilə müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 120). - telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, X6 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC-dən daxil olmuş diskdə olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 140). - bank məlumatları barədə disk və sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2024cü il tarixli protokoldan görünür ki, X6 üzərindən aşkar edilmiş "xxxx" ASC-yə aid plastik bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən CD diskə və sənədlərə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 158-159). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 4503 nömrəli rəyindən görünür ki, müayinə zamanı X7 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 160-161). - məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 287/MEŞ nömrəli rəyindən görünür ki, X6 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (cild 1, iş vərəqi 162-164). - mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, X6 şəxsi axtarış zamanı üzərindən götürülmüş 01 ədəd “Samsung Galaxy A6” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman “WA Business” proqram təminatının “Söhbətlər” bölməsində adı “Şamil” kimi qeyd edilmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98990-846-4950 mobil nömrəsinin istifadəçisi ilə Cəfər Cəfərov arasında yazışmalar müəyyən edildi. Belə ki, həmin nömrənin istifadəçisi 30 may 2024-cü il tarixdə saat 20:00-da Cəfər Cəfərova səsli ismarıc göndərərək bildirmişdir ki, “Uşaq çöldədir, hazır olsun, deyim çıx”. Cavab olaraq Cəfər Cəfərov səsli ismarıc göndərərək bildirmişdir ki, “Yaxşı, mənim qardaşım, yaxşı”. Bundan sonra Cəfər Cəfərov həmin tarixdə saat 21:11-də yazılı və səsli ismarıclar göndərərək bildirmişdir ki, “Cavab yazda adam başqa adamdan almaq isdir”, “Tez bir söz dü”, “E”, “Bir söz de”, “Mənim qardaşım, birdənə tez mənə cavab de, camaat məni gözləyir, başına dönüm sənin. Sonra deyəcəksən ki, bax elə olmadı, belə oldu, qalarıq belə də, biabırçılıq olar. Birdənə tez de, burdasan, mənim qardaşım, xəbər de”. Həmin tarixdə saat 21:22-də həmin mobil nömrənin istifadəçisi Cəfər Cəfərova səsli ismarıc göndərərək bildirmişdir ki, “Beş-üç dəqiqəyə deyirəm, çıxırsan, mənim qardaşım, beş-üç dəqiqə səbrli ol”. Cavab olaraq Cəfər Cəfərov səsli və yazılı ismarıclar göndərərək bildirmişdir ki, “Vsyo” mənim qardaşım, “vsyo”. Sən Allah, birdənə yazanda tez cavab ver ki, camaat mənim “mazqi”mi xarab edir, ona görə deyirəm. Başına dönüm sənin, yaxşı? “Davay” gözləyirəm”, “Qardaşim”, “Ona de tez elesin”, “Bu xiyar başqasından almasin”, “Başiva dönüm”, “Tez həll et”. Bundan sonra həmin tarixdə saat 21:40-da “Şamil” səsli ismarıc göndərərək bildirmişdir ki, “On dəqiqə vaxt ud, düz on dəqiqəyə kartı atıram sənə, pulu vurursan. On dəqiqəyə kartı atıram, pulu vurursan, gedirsən ünvana”. Cəfər Cəfərov cavab olaraq “Yaxşi” məzmunlu yazılı ismarıc göndərmiş, bundan sonra həmin tarixdə saat 21:56-da “Şamil” “Qardaşım, kartı atıram, vur. Kartı atıram, vur” məzmunlu səsli ismarıc və 01 ədəd üzərində “takhmira huseynova, leo bank”, “5411 2498 0360 9192” söz və rəqəmləri yazılmış bank kartının fotoşəklini göndərmişdir. Cavab olaraq Cəfər Cəfərov “Qardaşım, konumu da at da, başına dönüm sənin. Yolüstü də vurum da onu. Olar, mənim qaqaşım?” məzmunlu səsli ismarıc göndərmiş, “Şamil” cavabında səsli ismarıcla bildirmişdir ki, “Qardaşım, sən pulunu vur, “brat”, konumu atıram mən, bir dəqiqəyə atıram. Sən pulunu vur, narahat olma”. Cavab olaraq Cəfər Cəfərov “Atıram da, mənim qaqaşım. Narahat olma, başına dönərəm sənin” məzmunlu səsli ismarıc, “Pati 25 di 30” məzmununda yazılı ismarıc və “Şamil” adlı şəxsin ona göndərdiyi bank kartı hesabına 200 manat və 130 manat pulun köçürülməsini özündə əks etdirən qəbzlərin fotoşəklini göndərmişdir. Həmin tarixdə saat 22:22-də “Şamil” səsli ismarıclar göndərərək bildirmişdir ki, “Qardaşım, doqquz dənə mal “zakaz” veribsən, brat” doqquz dənə mal nə qədər pul eləyir?”, “Otuz manat qalıb, qardaşım, onu da at həmin karta. Otuz manat qalıb, onu da at”. Cavab olaraq Cəfər Cəfərov yazılı ismarıcla bildirmişdir ki, “Qarşim 240 kola edir 90 da pati 330 edirde”. Həmin tarixdə saat 22:31-də Cəfər Cəfərov səsli ismarıc göndərərək bildirmişdir ki, “Ay qaqaş, bu şeyin də mənə qiymətin deyərsən də, bu dərmanın”. Cavab olaraq “Şamil” adlı şəxs “Qardaşım, “pati” ilə “kola” bir yerdədir, “brat”. “Pati” “kola” ayırmırıq biz burda. “Pati” ilə “kola” qiymət birdir”, “Qoyun-quzu ayırmıram ki, mənim qardaşım. O otuz manat, bu qırx manat, o otuz beş manat. Hamısı bir qiymətdir, mənim qardaşım qırx manat. Hamısı bir qiymətdir”. X18 səsli ismarıc göndərərək bildirmişdir ki, “Nə olar, baş üstə. Niyə qışqırırsan, mənim qardaşım? Yaxşıdır hər şey, salamatçılıqdır, başına dönərəm sənin? Əsəbləşmə. At da konumu. At konumu, yolda indi vuraram, problem deyil, mənim qardaşım. Nolub sənə? Mənimlə bir cür danışırsan, Allaha and olsun, elə bil inam, etibarın yoxdu mənə, nolub sənə? Bir dənə mənə cavab ver görüm, nolub sənə?”. Cavab olaraq “Şamil” adlı şəxs “Yox, qardaşım. İnam, etibar söhbəti deyil, “brat”. Yanımda şərikim var, o biraz ağız-burun əyir, başımı xarab edib bayaqdan”, “Atıram, atıram. Elə otuz manatı da həmin karta vurarsan, qardaşımsan. Atıram konumu bir dəqiqəyə” məzmunlu səsli ismarıclar, konum və 02 ədəd ox işarəsi ilə işarələnmiş ərazinin fotoşəklini göndərmiş, Cəfər Cəfərov cavabında “Mənim qaqaşım, mənim gözüm üstə. Sən bilirsən ki, sənin qardaşın nadürüst adam deyil. Yəni pul “tema”sidir, narahat olma. Sənin bu inam, etibarın üçün mən ölürəm də. Qurana and olsun, Allah köməyin olsun, qaqam. Elə bu dəqiqə də vururam. Yaxşı, narahat olma, başına dönərəm” məzmunlu səsli ismarıc və “Şamil” adlı şəxsin göndərdiyi bank kartına 30 manat pulun köçürülməsini təsdiq edən qəbzin fotoşəklini göndərmişdir. Bundan başqa həmin mobil telefonun “Mesajlar” bölməsində Cəfər Cəfərovla ***-***-**-** mobil nömrəsinin istifadəçisi arasında yazışmalar müəyyən edildi. Belə ki, həmin mobil nömrənin istifadəçisi 24 sentyabr 2021-ci il tarixdə saat 04:25-də Cəfər Cəfərova “Qaqa oralarda kola ya meti var?” məzmunlu ismarıc göndərmiş, Cəfər Cəfərov cavab olaraq bildirmişdir ki, “İkiside var kola 50 meti 25”. Həmçinin 04 noyabr 2021-ci il tarixdə saat 18:18-də həmin mobil nömrənin istifadəçisi Cəfər Cəfərova “Qaqa niye bele eleyirsen narahatam ağrıyıram sende acmirsan” məzmununda ismarıc göndərmiş, cavab olaraq Cəfər Cəfərov bildirmişdir ki, “qaqam 05 isdisense dunenden hazirdi gel iwdeyem”. Əlavə olaraq həmin mobil telefonun “Mesajlar” bölməsində Cəfər Cəfərovla ***-***-**-** mobil nömrəsinin istifadəçisi arasında yazışmalar müəyyən edildi. Belə ki, Cəfər Cəfərov 13 dekabr 2020-ci il tarixdə saat 16:44-də ismarıc yazaraq bildirmişdir ki, “Nece manatliq nece qiram de bilim gelende goturum”. Həmin mobil nömrənin istifadəçisi cavab olaraq bildirmişdir ki, “20 manatliq bəsimdi mənim sənin kimi pullu deyiləm”. Həmçinin 18 dekabr 2020-ci il tarixdə saat 19:33-də Cəfər Cəfərov həmin mobil nömrənin istifadəçisinə “Gel qaqaw 20 manatliq isdesinde” məzmununda ismarıc göndərmişdir (cild 1, iş vərəqi 165-174). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 aşkar edilib götürülmüş, “Samsung Galaxy A6” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir(cild 1, iş vərəqi 175-177). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 179-193). - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X13 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham elan edilmişdir (cild 1, iş vərəqi 203-204). - cinayət işi materiallarından başqa cinayət işi ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən X5 aşkar edilib götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin əldə edilmə mənbəyinin müəyyən edilməsinə görə və Şamil adlı şəxsin və qrupun digər üzvlərinin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 1, iş vərəqi 228-229). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X13 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 129-130). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X6 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs X6 narkotik vasitələrin satışı ilə məşğul olmaması, narkotikləri öz istifadəsi məqsədilə əldə etməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, X6 şəxsi axtarış zamanı üzərindən götürülmüş “Samsung Galaxy A6” markalı mobil telefona baxış zamanı onun 30 may 2024-cü il tarixdə, yəni saxlandığı gün Şamil adlı İran vətəndaşı ilə apardığı danışıqlardan müəyyən olunur ki, o, narkotik vasitələrin fəal satışı ilə məşğuldur, ondan aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni İran vətəndaşı ilə sövdələşərək satış məqsədilə əldə edir. Bundan başqa həmin telefonun “Mesajlar” bölməsində olan yazılşmalardan həmçinin görünür ki, hələ 2020 və 2021-ci illlərdə də Cəfər Cəfərov narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə X6 istifadə etdiyi mobil nömrəsi ilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı aparılmış sms yazışmasını, ondan aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. X6 ailə vəziyyətinə dair “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışından görünür ki, onun himayəsində xx.xx.2015-ci il təvəllüdlü Yusif Cəfərov adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxs X6 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X13 yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. X6 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən X6 törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, X13 30 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 may 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 19, 88-92, 237-241). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X6 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 30 may 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, X5 götürülərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,747 qram çəkidə psixotrop maddə metamfetamin və 5,581 qram çəkidə narkotik vasitə heroin məhv edilməli, X5 götürülmüş, “Samsung Galaxy A6” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, X6 üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, X13 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi X5 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X13 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - X5 götürülərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,747 qram çəkidə psixotrop maddə metamfetamin və 5,581 qram çəkidə narkotik vasitə heroin məhv edilsin; - X5 götürülərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan “Samsung Galaxy A6” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. - X6 üzərinə aparılmış şəxsi axtarışın görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. X13 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci X5 tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (X9 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar