Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-635/2021 19.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185, 177.2.2 və 221.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin x xxxxx 2012-ci il tarixli qərarı ilə həmin hökm ləğv edilib əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.5, 185.3.3 və 326.2-ci maddələrinə tövsif edilərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə 10 (on) ay 28 (iyirmi səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, dalan 8, ev 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 86,691 qram küstar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin əldə edib üzərində saxlamaqla daşımış və x xxxx 2020-ci il tarixdə saat 22:25 radələrində ünvan 1 ünvanının qarşısında Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılıb Nərimanov RPİ-nə dəvət olunmuş, polis idarəsinin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 bükümdə təmiz çəkisi 86,691 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, x xxxx 2020-ci il tarixdə saat 21:30 radələrində gəzmək üçün Bakı şəhəri, Nərimanov rayonu, “Nərimanov” metrostansiyasının yaxınlığına gəlmişdir. “McDonalds” restoranının arxa tərəfində gəzişərkən təsadüfən yerdə şəffaf rəngli sellofan torba görmüş, maraqlı olduğu üçün həmin torbanı yerdən götürüb içərisinə baxanda sellofanda “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin narkotik vasitəni özü istifadə etməsi üçün əynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoymuşdur. Bundan sonra yaxınlıqda yerləşən “Naxçıvan” yeməkxanasına getmişdir. Yeməkxananın qarşısında olarkən mülki geyimdə olan 2 nəfər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da razı olduqdan sonra polis əməkdaşları ilə birlikdə Nərimanov RPİ-nə getmişdir. Orada polis əməkdaşları ona narkotik maddə qəbul etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Sonra da hüquqlarını müdafiə etmək üçün vəkil siyahısı təqdim edilmiş və o, təqdim olunmuş siyahıdan X3 adlı vəkilin hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşları həmin vəkili Nərimanov RPİ-nə dəvət etmiş və vəkil gəldikdən sonra vəkilin, onun və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərində axtarış və götürmə aparmağa başlanılmışdır. Axtarış aparılan zaman üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. O da yerdən tapdığı və əynində olan qara rəngli gödəkcəsinin sol yan cibinə qoyaraq saxladığı şəffaf rəngli polietilen torbanın içərisində olan narkotik vasitə heroini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu, həmin gödəkcəsinin sol iç döş cibində olan “Bakı kartı” və “Unibank” kartlarını da təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi narkotik vasitə olan heroini zərfə qoyub qablaşdıraraq möhürləmişlər. Hüquqlarını müdafiə edən vəkil və iştirakçılar zərfin üzərini imzalamışlar. Sonra da bu barədə protokol tərtib edilmiş və protokol oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı üzərindən narkotik vasitə olan heroin aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir psixi və fiziki təsir göstərilməmişdir. Narkotik vasitə olan heroini yerdən tapmışdır. Narkotik vasitəni özü istifadə etmək istəmişdir. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni satacağı məzmunda heç kimə məsaj yazmamışdır. Üzərinə baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Rafael oğlu ifadəsində göstərmişdir ki, x xxxx 2019-cu il tarixdə saat 22:25 radələrində polis serjantı Şahid1 ona zəng edərək orada bir şəxsin özünü şübhəli apardığını bildirərək kömək məqsədi ilə onu həmin əraziyə çağırmışdır. Həmin əraziyə getdikdən sonra onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək onu Nərimanov RPİ-nə dəvət etmişlər. Həmin şəxs də etiraz etmədikdən sonra birlikdə Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində həmin şəxsin xx.xx.1986-cı il təvəllüdlü Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Tofiq Bayramov küçəsi, dalan 8, ev 3-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Sonra xidməti otaqların birində videoçəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf rəngli polietilen torbanı çıxarıb onlara təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümdə olan maddə narkotik vasitə olan heroindir və onu həmin gün saat 21:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisindən yerləşən “McDonalds” restoranının arxa hissəsində gəzərkən yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkcənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon və həmin gödəkcənin sol iç döş cibindən “Bakı Kart” və 1 ədəd “Unibank” kartı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunduqdan sonra düzgün tərtib olunduğuna görə iştirakçılar tərəfindən həmin protokol və zərfin üzəri imzalanmışdır. Baxış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 ilə yaxındır ki, istifadəsində ***-***-**-** saylı mobil nömrə var və həmin nömrə öz adınadır. Təxminən fevral ayının sonlarında tanışı Fəxri işlədiyi bərbərə gələrək ondan 100 manat pul borc istəmiş, o da Fəxriyə 100 manat borc vermişdir. Fəxri həmin pulu alarkən 5-10 günə qaytaracağını bildirmişdir. Fəxrinin dediyi vaxtdan keçdiyinə görə ona bir neçə dəfə zəng etsə də, zənginə cavab vermədiyi üçün pulu götürmək üçün hara gəlməyi və pula ehtiyacı olduğu üçün vəziyyətinin yaxşı olmadığı barədə Fəxriyə məsaj yazmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai araşdırma orqanına verdiyi ifadədən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 156-158). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin x xxxx 2020-ci il tarixli 6/79 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs.…” yazısı olan zərfdəki 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 86,691 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin təmiz çəkisi 86,691 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 86,491 qram (cild 1, iş vərəqə 47-48). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 x xxxx 2020-ci il tarixli 6/79 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 168-169). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan x xxxx 2020-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən əynindəki gödəkcəsinin sol yan cibindən 1 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür (cild 1, iş vərəqə 25-26). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185, 177.2.2 və 221.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin x xxxxx 2012-ci il tarixli qərarı ilə həmin hökm ləğv edilib əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 181.2.1, 181.2.5, 185.3.3 və 326.2-ci maddələrinə tövsif edilərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 5 (beş) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə 10 (on) ay 28 (iyirmi səkkiz) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 115-116; 122-155). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2, 15.3 və 15.4-cü maddələrinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “böyük ictimai təhlükə törətməyən”, “az ağır” və “ağır” cinayətlər hesab olunur. Təqsirləndirilən şəxs törətdiyi hazırki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinin tələbinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 6 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 83.4-cü maddələrinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü madəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə hesab edir ki, Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, ona təyin edilmiş və çəkilməmiş 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni təyin olunmuş hökmlə qismən birləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs x xxxx 2020-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 16). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli x xxxx 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 93-95). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu x xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 86,491 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Xəzər rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə çəkilməmiş 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza yeni təyin olunmuş hökmlə qismən birləşdirilərək ona qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı x xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Nərimanov rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 86,491 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-635/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-635/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver