Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-635/2022 07.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X4, müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15, mənzil 85-də qeydiyyatda olan, həbs olunanadək faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, D.Səfərov küçəsi, ev 7, mənzil 38-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə edib saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 2,339 qram çəkidə psixotrop maddə metamfetamin və 0,125 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 12:30 radələrində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 1 (bir) ədəd bükümdə 2,339 qram çəkidə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə 0,125 qram çəkidə narkotik vasitə heroin və üzərində narkotik vasitə heroinin izləri olan 1 (bir) ədəd elektron tərəzi əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx xxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1986-cı ildə orta məktəbə daxil olmuş və 1996-cı ildə orta məktəbi bitirmişdir. Bundan sonra o, Azərbaycan Texniki Universitetinə daxil olmuş və həmin Universiteti bitirərək ali təhsil almışdır. Sonra o, Azərneft-Yağ Emal zavodunda texnika üzrə mühəndis, daha sonra isə digər müəssisədə texnika üzrə usta işləmişdir. O, 2016-cı ildə ağır avtomobil qəzasına düşmüşdür. Qəza nəticəsində onun sol ayağı sınmış, ciyərinin üçdə bir hissəsi partlamış, habelə burnu qırılmışdır. Həmin qəzadan sonra o, 7 (yeddi) ay müddətində xəstəxanada yataq xəstəsi olmuşdur. Ağır xəsarət aldığından xəstəxanada ona güclü ağrıkəsicilər vurulmuş, bunların arasında travmadol da olmuşdur. Həmin dərmanların təsiri bir neçə müddət onun üzərində qalmışdır. Buna görə də o, bəzi dostlarının təkidi ilə sonradan ağrılarını azaltmaq üçün narkotik tərkibli otlardan istifadə etməyə başlamış və tədricən narkotik vasitələrin alüdəçisi olmuşdur. Həmçinin o, anadangəlmə ürək qüsurludur. O, ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilir. O, narkotik vasitələrin istifadəçisi olmuşdur. Lakin o, heç vaxt heç kimə narkotik vasitələr satmamışdır. O, təxminən 3-4 ildir ki, daha doğrusu 2017-ci ildən etibarən narkotik vasitələrdən istifadə etmişdir. O, əsasən narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, 27 oktyabr 2021-ci il tarixdə polislər tərəfindən tutularaq BMCMİ-yə aparılmışdır. Polislər onu tutduğu vaxt onun üzərində cəmi 0,13 qram çəkidə narkotik vasitə heroin və 0,18 qram çəkidə psixotrop maddə metamfetamin olmuşdur. Sonra Baş İdarədə onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. Həmin vaxt onun üzərindən 0,13 qram çəkidə narkotik vasitə heroin və 0,18 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha doğrusu həmin vasitələri o, könüllü olaraq polislərə təqdim etmişdir. O, ittiham aktında yazılan digər narkotik vasitələrin çəkisi və növü ilə razılaşmır. Həmin narkotik vasitələr ona məxsus olmamışdır. Eyni zamanda onun üzərindən tərəzi aşkar edilməmişdir. Ona polislər BMCMİdə təzyiq göstərərək ititham aktında göstərilmiş narkotik vasitələrin ona məxsus olduğunu etiraf etməyini tələb etmişlər. O da təzyiqlərin nəticəsində polislərin dediyi məzmunda etirafedici ifadə vermişdir. Həmin ərəfədə onun uşağının yas mərasimi olmuşdur. Polislər ona təzyiq göstərdikləri zaman o, polislərə demişdir ki, “məni buraxın, sabah oğlumun yasıdır, orada iştirak etməliyəm”. Polislər də onun qarşısına sənədlər qoyaraq demişlər ki, “bu sənədləri imzala, səni buraxaq”. O, həm təzyiq qarşısında qaldığından, həm də oğlunun yas mərasimində iştirak etmək istəyindən polislərin ona verdikləri sənədləri oxumadan imzalamışdır. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını, əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə üzrə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda təhlil edib və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi, tutularkən üzərində cəmi 0,13 qram çəkidə narkotik vasitə heroin və 0,18 qram çəkidə psixotrop maddə metamfetamin olması, həmin vaxt üzərində 1 (bir) ədəd elektron tərəzinin olmaması, ittihamda öz əksini tapmış 1 (bir) ədəd bükümdə 2,339 qram çəkidə psixotrop maddə metamfetaminin və elektron tərəzinin ona məxsus olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 oktyabr 2021-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15, mənzil 85-də qeydiyyatda olan və faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, D.Səfərov küçəsi, ev 7, mənzil 38-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, Bakı şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmış və qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin əməliyyat qrupuna o və digər polis əməkdaşı Şahid2 daxil olmuşdur. O, Şahid2la birlikdə 27 oktyabr 2021-ci il tarixdə, saat 12:00-13:00 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanının qarşısında saxlamışdır. Onlar Təqsirləndirilən şəxsı saxladıqdan sonra Elşada polis əməkdaşları olduqlarını bildirmişlər və saxladıqları şəxsi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Baş İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edilmişdir. Şəxsi axtarış və götürmə hərəkəti aparılmazdan əvvəl üzərində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları verməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “şüşə” adı ilə tanıdığı psixotrop maddə metamfetamin və “qara” adı ilə tanıdığı narkotik vasitə tiryəkin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağız bükümü çıxarıb açmış və həmin bükümün içərisində olan 2 (iki) ədəd sellofan bükümü polislərə təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd elektron tərəzini, şalvarın sol yan cibindən 1 (bir) ədəd “Samsung” markalı mobil telefonu, 1 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsini, 1 (bir) ədəd mənzil açarını və 6 (altı) manat pulu çıxararaq masanın üzərinə qoyaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd bükümün içində psixotrop maddə metamfetamin və 1 (bir) ədəd bükümün içində narkotik vasitə tiryək olduğunu bildirmişdir. 1 (bir) ədəd büküm iştirakçıların şahidliyi ilə açılmış və həmin bükümün içərisində spesifik qoxuya malik narkotik vasitə tiryəkə oxşar maddə olması müşahidə edilmişdir. Eyni zamanda digər 1 (bir) ədəd büküm də iştirakçıların şahidliyi ilə açılmış və həmin bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğusual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə olan psixotrop maddə metamfetamini və 1 (bir) ədəd bükümdə olan narkotik vasitə tiryəki 2-3 ay öncə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanıdığı İran İslam Respublikasının vətəndaşı “Baba” adlı şəxsdən aldığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin pulunu əvvəlcədən elektron qaydada “Baba” adlı şəxsin “İnstagram sosial şəbəkəsi vasitəsi ilə şəklini göndərdiyi bank kartı hesabına köçürdüyünü və sonradan “Baba” adlı şəxsin narkotik vasitənin qoyulduğu yerlərin şəklini çəkərək göndərdiyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə olan tiryəki, həmçinin psixotrop maddə olan metamfetamini “Baba” adlı şəxsin bildirdiyi “Koroğlu” metrostansiyası yaxınlığında yerləşən “Reklam lövhəsinin” altından götürərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə “Baba” adlı şəxsdən eyni qaydada narkotik vasitə və psixotrop maddələr sifariş etdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə, 1 (bir) ədəd sellofan bükümdə olan narkotik vasitə tiryəkə oxşar maddə və 1 (bir) ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdıırlmışdır. Eyni zamanda aşkar edilmiş “Samsung” markalı mobil telefon və Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Aşkar edilmiş 1 (bir) ədəd mənzil açarı və 6 (altı) manat pul isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğundan onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 14) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 23) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 31) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 32-34) görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd bükümdə 2,339 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini, 1 ədəd bükümdə 0,125 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və üzərində heroinin izləri olan 1 ədəd elektron tərəzini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/4770 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 44-46) görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazılar olan paketdəki 1 ədəd bükümdə təmiz çəkisi 2,339 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,125 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd gümüşü korpuslu elektron tərəzinin üzərində heroinin izləri müəyyən edilmişdir. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 60-61) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan (cild 1, iş vərəqə 73-74) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,085 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,259 qram təşkil edən 2,259 qram psixotrop maddə metamfetamin, 1 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 oktyabr 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1101/2021 saylı qərarından (cild 1, iş vərəqə 84-88) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 27 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 108) görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Onun istifadəsində olmuş telefon məlumatlarına baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə çoxlu sayda yazışmaların aparılması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs mobil telefon nömrəsinə daxil olan mesajların bəziləri aşağıdakılardan ibarətdir: “Elsad Bax normalni olsunda qaqa azdisa lazim deyil brat vallah goturme”, “20m duz goy”, “Qaqa qardasimsan lomkadayam 10m cəmi pulumuz var bidene balaca kola”, “patida imkan varsa verersen vezyetden cixa biley ezyetin”, “Xaloglu 10 nux lazimdi alinar? Bidene xeber de basva donum”, “Elşad pulu duzu 5 qram”, “Qaqa 8 manat duzelir brat prosto bayaxkinin de evezini cixda bayaqki az idi”, “hardasan kola lazımdır”, “Qaqa qadan alaram 22m var. X6 Агда Ağbala Gotur, X7 Gel Olurem. Ayranda. Varsa. 10 Manatdıqda ondan lazımdı. Qaqa seni gozdury awagda cıxda birdene” və sair. Lakin baxış zamanı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus hər hansı mobil telefon vasitəsi telefon danışığı və ya sms mətn yazışması aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)-1395/2021 saylı qərarından (cild 1, iş vərəqə 118) görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 27 oktyabr 2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 5112 nömrəli rəyindən (cild 1, iş vərəqə 124-125) görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 121-122) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 123) görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun «WhatsApp» proqramında “Nic” adı ilə qeyd edilmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs “bayaqki kimi yox normalni 10 luq alınar?”, ***-***-**-** saylı nömrədən “ağrıyıram kola istiyirem qardaşım, veziyyetim pisdir”, “imkan varsa mənə köməklik elə vəziyyətim pisdir” və sair oxşar məzmunlu mesajların olduğu müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 dekabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 132-139) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda itthamın elan edilməsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,085 qram təşkil edən narkotik vasitə heroinin, qalıq çəkisi 2,259 qram təşkil edən psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd elektron tərəzinin, 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun maddi sübut kimi tanınmasının və saxlanılması üçün BMCMİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 1 (bir) ədəd diskin cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 152-154) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə və Siyahıların 2-ci Siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs naməlum vaxtda, naməlum mənbədən, naməlum çəkidə və sayı məlum olmayan bükümdə qanunsuz olaraq narkotik vasitə heroin və külli miqdarda psixotrop maddə metamfetamin əldə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əvəzli və ya əvəzsiz qaydada əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Habelə məhkəmə istintaqında Təqsirləndirilən şəxs narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini haradan, hansı qiymətə, kimdən, hansı şəraitdə və nə vaxt əldə etməsini də müəyyən etmək mümkün olmamışdır. Lakin məhkəmə istintaqında 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, həmin gün onun üzərindən şəxsi axtarış keçirilməsi, şəxsi axtarış keçirilərkən onun üzərindən 1 (bir) ədəd bükümdə 2,339 qram çəkidə psixotrop maddə metamfetaminin, 1 (bir) ədəd bükümdə 0,125 qram çəkidə narkotik vasitə heroinin və 1 (bir) ədəd elektron tərəzinin aşkar edilməsi tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdə onun üzərində şəxsi axtarış keçirilərkən aşkar edilmiş narkotik vasitə və psixotrop maddə metamfetaminin çəkisini, eləcə də üzərindən aşkarlanmış elektron tərəzinin ona məxsus olmasını mübahisələndirsə də, məhkəmə bununla razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxs bu məsələdə səmimi olmamış, yalan ifadə verməklə öz məsuliyyətini yüngülləşdirmək istəmişdir. Belə ki, təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən, eləcə də ibtidai araşdırmanın sonraki mərhələsində polis əməkdaşlarının təzyiqinə məruz qalması barədə heç bir səlahiyyətli orqana müraciət etməmiş, habelə şəxsi axtarış zamanı üzərindən aşkarlanmış narkotik vasitə və psixotrop maddənin çəkisini, növünü, o cümlədən elektron tərəzinin ona məxsus olmasını mübahisələndirməmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, 27 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən onun üzərindən həqiqətən də 1 (bir) ədəd bükümdə 2,339 qram çəkidə psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə 0,125 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Bu səbəbdən də məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun hərəkətlərini, tutulma şəraitini, tutulması üçün səbəbləri və barəsində ibtidai istintaq aparılan zaman toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halda təhlil edilməsini vacib hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin izahatında və sonradan vermiş olduğu ifadələrində əvvəllər heç kimə narkotik vasitə və psixotrop maddə satmadığını, lakin son zamanlar maddi çətinlik çəkdiyindən üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Həmçinin üzərindən aşkar olunmuş tərəzidən məhz narkotik vasitə və psixotrop maddələri satarkən çəkilərini dəqiq bilmək üçün istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra, yəni ibtidai istintaqın gedişatında vermiş olduğu ifadələrini dəyişərək özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, həmçinin heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə metamfetamin satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da bu məzmunda ifadə vermişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sonradan ifadəsini dəyişərək heç kimə narkotik vasitə və psixotrop maddələr satmaması məzmununda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, onun istifadəsində olan mobil nömrə ilə aparılan sms yazışmalarından, o cümlədən “Whatsapp” proqramında aşkar olunmuş yazışmalarından açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs məhz narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin bütüm tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs evli və ali təhsilli olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal və ya hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan rəyə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,085 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,259 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 27 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,085 qram təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,259 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-635/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-635/2022
07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver