Məhkəmə qərarları › İş №1(101)-635/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-635/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-635/2024 01.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 16:25-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşavirləri Dövlət ittihamçısı və X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, əməlində cinayətin təhlükəli residivi müəyyən edilən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri ərazisində gündəlik evlərdə kirayə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədi ilə «Baba» adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, ödənişsiz olaraq özünün istifadəsi üçün narkotik vasitə əldə etmək müqabilində “Baba” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitənin satışını həyata keçirməsi barədə 14 aprel 2023-cü il tarixdə razılığa gəlib, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 ünvanında yerləşən yaşayış binasının zirzəmisinin havalandırma dəliyinə əvvəlcədən şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 1010,3 qram narkotik vasitə heroini götürüb qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 14 aprel 2023-cü il tarixdə saat 12:10 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 ünvanının arxasında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti 81 B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilib, xidməti iş otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qısa qol gödəkcənin iç sol cibindəki sellofanın içərisindən bir ədəd bağlamada təmiz çəkisi 1010,3 qram olan külli miqdarda qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər bir neçə dəfə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə həbsdən azad edilmişdir. Həbs olunmamışdan əvvəl və həbsdən azad olunduqdan sonra narkotik vasitələrdən istifadə etmiş, narkotik vasitə aludəçisidir. 14 aprel 2023-cü il tarixdə narkotik vasitə aludəçisi olan, lakin adını bilmədiyi şəxsin telefon nömrəsini ona verdiyi İran İslam Respublikası vətəndaşı olan, adını “Baba” kimi bildiyi şəxslə «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə danışıb ona narkotik vasitə göndərməsini xahiş etmişdir. 14 aprel 2023-cü il tarixdə «Baba» onun mobil telefonuna narkotik vasitənin qoyulduğu yerin, yəni Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 nömrəli binanın zirzəmisinin havalandırma dəliyinin şəklini göndərmişdir. O, həmin yerə gedib «Baba»nın ona telefon vasitəsilə şəkilini göndərdiyi yerdən içərisində büküm olan sellofanı götürüb əynində olan qısa qol gödəkcənin sol iç cibinə qoyan zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun adını soruşmuş və sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gətirilərkən o, narkotik vasitə aludəçisi olduğunu etiraf etmişdir. Polis şöbəsində otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Həmin otaqda üzərinə baxış keçirilən zaman hamının iştirakı ilə ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, üzərində bir kiloqrama yaxın narkotik vasitə olduğunu bildirib əynində olan qısa qol gödəkcənin sol iç cibində saxladığı sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülünün içərisində olan maddənin “kakos” kimi tanıdığı narkotik vasitə, yəni “heroin” olduğunu bildirmişdir. O, narkotik vasitəni satış məqsədi ilə əldə etməmiş, özünün istifadəsi məqsədi ilə götürmüşdür. Polis əməkdaşları onu narkotik vasitəni götürdüyü yerdə saxlamış, narkotik vasitəni 12 min manata almaq üçün razılaşmış, lakin, pulunu verməmişdir. Narkotik vasitəni almaq üçün 12 min manat pulu gözətçi işləyərək günə təxminən 60-70 manat məbləğində pul qazanmaqla əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla ədavəti olmamışdır. 14 aprel 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Nizami rayonu, ünvan 5 ünvanın yaxınlığında 50-55 yaşlarında olan, arıq bədən quruluşlu, orta boylu, «Elman» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat barədə raportla rəhbərliyə məruzə edildikdən sonra «Elman» adlı şəxsin olduğu yerin müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri, Nizami rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar çıxarılmışdır. Rəhbərlik tərəfindən verilmiş əmrə əsasən Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və tədbirin keçirilməsinə başlanılmışdır. Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə 14 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, saat 12:10 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə «Elman» adlı şəxsə oxşar bir şəxsin piyada gəldiyi müəyyən edilmişdir. Həmin şəxs özünü xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1, Nizami RPİ inzibati binasında qeydiyyatda olan, Bakı şəhərində gündəlik kirayə evlərdə yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və hava şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən “Samsung Duos” markalı mobil telefonu, daha sonra əynində olan qara rəngli qısa qol gödəkcənin sol iç cibindən tünd göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış zamanı içərisində yapışqan örtüklə üzlənmiş bir ədəd qara rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin yapışqan örtüklə üzlənmiş qara sellofana baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, İran İslam Respublikası vətəndaşı, adını “Baba” kimi bildiyi şəxsin WhatsApp ani mesajlaşma proqramında verdiyi göstərişlə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 nömrəli binanın zirzəmisinin havalandırma dəliyindən götürdüyünü və həmin narkotik maddəni İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə aparması müqabilində ona narkotik vasitə verəcəyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd “Samsung Duos” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkiliş aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda Nizami rayon Polis İdarəsində təhqiqatçı vəzifəsində xidmət edən Şahid3 ifadəsində göstərdi ki, 14 aprel 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkilləri, polis mayorları Şahid2 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində saat 12:10 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 ünvanının yaxınlığında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1, Nizami RPİ inzibati binasında qeydiyyatda olan, Bakı şəhərində gündəlik kirayə evlərdə yaşayan Təqsirləndirilən şəxs saxlanılaraq Nizami RPİnin 24-cü PŞ-nə gətirilmişdir. Nizami RPİ- nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən “Samsung Duos” markalı mobil telefonu, daha sonra əynində olan qara rəngli qısa qol gödəkcənin sol iç cibindən göy rəngli sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış zamanı içərisində yapışqan örtüklə üzlənmiş bir ədəd qara rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin yapışqan örtüklə üzlənmiş qara sellofana baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, İran İslam Respublikası vətəndaşı, adını “Baba” kimi bildiyi şəxsin Whatsapp ani mesajlaşma proqramında verdiyi göstərişlə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 nömrəli binanın zirzəmisinin havalandırma dəliyindən götürdüyünü və həmin narkotik maddəni İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə aparması müqabilində ona narkotik vasitə verəcəyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı fiziki və yaxud psixoloji təzyiqin olmadığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aşkar edilmiş 01 ədəd “Samsung Duos” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmiş, şəxsi axtarış və götürmə zamanı onun tərəfindən video çəkiliş aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə verərək onların qeyd etdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 6/2216 saylı rəyindən görünür ki, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №164» dairəvi möhür əksi, « (imza) Təqsirləndirilən şəxs » yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1010,3 qram (1 kq 10,3qr) qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxildir. (iş vərəqə: 51-52) İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4018 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 130-131) İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarından görünür ki, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (iş vərəqə 104) İş materiallarında olan 14 aprel 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, xx.xx.2023- cü il tarixdə saat 12:10 radələrində Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində, daşınmasında və dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Nizami rayon Polis İdarəsinin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən “Samsung Duos” markalı mobil telefonu çıxarıb təqdim etmiş, daha sonra əynində olan qara rəngli qısa qol gödəkcənin sol iç cibindən tünd göy rəngli üzərində «original levis» yazısı olan sellofanı çıxarıb təqdim etmişdir. Həmin sellofananın içərisinə baxış zamanı içərisində yapışqan örtüklə üzlənmiş bir ədəd qara rəngli sellofan büküm aşkar olunmuşdur. Həmin yapışqan örtüklə üzlənmiş qara sellofana baxış keçirildikdə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, İran İslam Respublikası vətəndaşı, adını “Baba” kimi bildiyi şəxsin Whatsapp ani mesajlaşma proqramında verdiyi göstərişlə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 103 nömrəli binanın zirzəmisinin havalandırma dəliyindən götürtdüyünü və həmin narkotik maddəni İran İslam Respublikası vətəndaşının deyəcəyi yerə aparması müqabilində ona narkotik vasitə verəcəyini bildirmişdir. Vəkil X2 üzərindən aşkar olunmuş narkotik vasitənin həqiqətən İran İslam Respublikası vətəndaşının ona dediyi yerdən götürdüyünün doğruluğu və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı bir fiziki və yaxud psixoloji təzyiq olunub-olunmadığı sualını vermiş, Təqsirləndirilən şəxs cavab olaraq üzərində aşkar olunmuş maddənin İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürdüyünü və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona hər hansı fiziki və yaxud psixoloji təzyiq olunmadığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılan zaman aşkar edilmiş 01 ədəd “Samsung Duos” markalı mobil telefon iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. (iş vərəqə: 36-37) İş materiallarında olan 14 aprel 2023-cü il tarixli «Mobil telefona baxış keçirilməsi barədə» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “01” ədəd «Samsung Duos» markalı mobil telefona Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı mobil telefonun Whatsapp ani mesajlaşma proqramında +**********54 saylı nömrədən əlaqə yaratmış, özünü İbrahim kimi təqdim edən şəxsin narkotik vasitələr barədə səs yazıları və foto şəkillər göndərməsi müəyyən olunmuş, həmçinin səs yazılarında həmin şəxs Təqsirləndirilən şəxs hər növdə keyfiyyətli malların olduğunu, ona şəkil və konum göndərəcəyini, gedib malları götürəcəyi, lazımi ünvanlara, yəni «Neftçilər», «Xırdalan»a verəcəyi qeyd olunmuşdur. Həmçinin mobil telefonun foto şəkillər olan bölümündə müxtəlif sellofan bükümlərin və müxtəlif ünvanların şəkilləri aşkar olunmuşdur. (iş vərəqə 38-43) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək, narkotik vasitəni şəxsi istifadə məqsədi ilə əldə etməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək belə hesab edir ki, onun məhkəmədə verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmamaqla məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onun özünü müdafiə üçün irəli sürdüyü fikirlər onu özünün ibtidai istintaq zamanı verdiyi ifadəsi, iş üzrə şahidlərin ifadələri, məhkəmə fiziki-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 6/2216 saylı rəyi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli qərarı, 14 aprel 2023-cü il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokol, 14 aprel 2023cü il tarixli «Mobil telefona baxış keçirilməsi barədə» protokol, eləcə də digər mötəbər sübutlarla tam təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qismində ifadəsində özünü tam təqsirli bilərək qeyd etmişdir ki, “Baba” adlı şəxslə aralarında olan razılaşmaya əsasən, “Baba” Bakı şəhərində ünvanını ona sonra göndərəcəyi yerə narkotik vasitə qoyulacağını, həmin narkotik vasitəni götürüb bildirəcəyi yerə qoyduqdan sonra əvəzində ona şəxsi istifadəsi üçün müəyyən qədər narkotik vasitəni ödənişsiz verəcəyini vəd etmişdir. (iş vərəqə 77-80) Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər–narkotik müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə, külli miqdarda, təmiz çəkisi 1010,3 qram narkotik vasitə heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla, külli miqdar təşkil edir, habelə narkotik vasitənin bir yerdən başqa yerə daşınması da təsdiq edir ki, o, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özündə saxlamış və daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 11,05.1993-cü il tarixdə Bakı Qarnizonunun Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası CM-nin 243 və 207-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1997-ci il tarixdə Bakı şəhəri Əzizbəyov rayon Xalq Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 15 və 95-ci maddələri ilə təqsirli bilinərək 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarına əsasən xx.xx.2006-cı il tarixdə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2009-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək AR CM-in 66.5-ci maddəsinə əsasən, 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (iş vərəqə 126-128) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir və Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv müəyyən olunduğundan onun barəsində azadlıqdan məhrum etmə cəzasının müddəti onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddin üçdə ikisindən az olmamaqla təyin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 4(007)-182/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 26; 90-92) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 4018 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bağlamada təmiz çəkisi 1010,3 qram (1 kq 10,3 qr) narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 1010,1 qram narkotik vasitə heroin məhv edilməli, Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Samsung Duos» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış-götürmə və mobil telefona baxış istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. . İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 (bir) ədəd bağlamada ekspertiza tədqiqatından sonra qalıq qalmış 1010,1 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, Nizami rayon Polis İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus «Samsung Duos» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış-götürmə və mobil telefona baxış istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 35 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına 210 manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim edildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Telman Hüseynov Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar