Məhkəmə qərarları › İş №1(101)-636/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-636/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-636/2024 19.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı3 və Dövlət ittihamçısı4, müdafiəçilər –Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Beyləqan rayonunun Birinci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 azyaşlı, 2 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, Beyləqan rayonu, Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri tədbiri ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclasında saat 10:50-də açıq məhkəmədə baxaraq, müəyyənetdi: İttiham aktına görə, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq etmiş, eyni zamanda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır və ağır zərər vurmuşdur. Belə ki, o, 18 yanvar 2023-cü il tarixdə, saat 23:00 radələrində, yüngül dərəcəli alkoqol sərxoşluğu halında, kirayə yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi, ev 1 ünvanında onunla eyni həyətdə kirayədə yaşayan Zərərçəkmiş şəxs2 qardaşı Şahid1 ilə mübahisə etdiyini görərək ucadan qışqırıb nalayiq ifadələr işlətməklə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib, birgə yaşayış qaydalarını pozub özünə qarşı hər hansı bir hüquqazidd hərəkət olmadığı halda səbəbsiz olaraq Zərərçəkmiş şəxs2 üzərinə hücum edib sonuncunun əlində olmuş, lakin Şahid1lə aralarında olan mübahisə zamanı yerə düşmüş arxası taxta tutacaqlı dəmir borunu götürüb silah qismində istifadə etdiyi həmin boru ilə Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub ona zor tətbiq edərək xuliqanlıq etməklə yanaşı, xuliqanlıq niyyəti ilə qəsdən sonuncunun sağlamlığına dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağ kürək sümüyünün akromion çıxıntısının qapalı, yerini dəyişmiş sınığı ilə müşayiət edilən az ağır zərər vurmuş, eyni zamanda ətrafda həyəcan və təşvişin yaranmasına səbəb olan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək baş vermiş mübahisənin səbəbini öyrənmək üçün həmin yerə gəlmiş, Zərərçəkmiş şəxs2 qaynatası Zərərçəkmiş şəxs1 üzərinə səbəbsiz olaraq hücum edib onun ünvanına nalayiq ifadələr işlədərək silah qismində istifadə etdiyi arxası taxta tutacaqlı dəmir boru ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub xuliqanlıq niyyəti ilə qəsdən sonuncunun sağlamlığına dərəcələrinə görə insan həyatı üçün təhlükəli olan, ağ ciyərlərin kontuziyası və döş qəfəsin sol plevra boşluğunun pnevmatoraksı ilə müşayiət olunan döş qəfəsinin soldan 5-6-7-ci qabırğalarının qapalı, yerini dəyişmiş sınıqları ilə müşayiət olunan ağır zərər vurmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. O, 17 yanvar 2023-cü il tarixdə, saat 23:00 radələrində qardaşı Şahid1 kirayə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsində yerləşən evə gəlmişdir. Bir müddət sonra ev sahibi Azad adlı şəxs həmin yerə gəlib onlara səssiz olmalarının lazım olduğunu demiş, o da qardaşı Rahillə birlikdə pivə içməyə davam etmişdir. Daha sonra o, yataqda uzanarkən, evin taxtadan olan şüşəli qapısı qırıldığından, qardaşı Rahil nə baş verdiyini anlamaq üçün çölə çıxmışdır. Qardaşı Rahil vurulduğu üçün yerə yıxıldığından, o, həmin şəxsdən kim olduğunu soruşmuş, üstünə gəlib onu vurmaq istədikdə həmin şəxsi itələyib çölə çıxarmışdır. Sonradan gələn şəxslərdən birinin Zərərçəkmiş şəxs2 olduğunu öyrənmiş, sonuncunun qolunun ağrıdığını bildikdən sonra X10 çağırılmış, o da həmin şəxslə birgə xəstəxanaya getmişdir. Xəstəxanada Zərərçəkmiş şəxs2 qolunda hər hansı qırığın olmadığı aşkarlanmışdır. Növbəti gün, 18 yanvar 2023-cü il tarixdə o, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə çağırılmış, orada aralarında razılaşma olsa da, Zərərçəkmiş şəxs2 sonradan ondan şikayət etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə nələrin yazıldığını bilmədiyini, hadisənin məhkəmədə ifadə verdiyi şəkildə baş verdiyini, həqiqəti danışdığını, digər Zərərçəkmiş şəxs1 vurmadığını, sonuncunun iş yerində yıxılıb xəsarət aldığını, həmin xəsarəti onun vurduğu kimi göstərdiyini, hadisənin baş verdiyi evə girmək üçün 2 qapıdan keçməyin lazım olduğunu, evin qapısı içəridən örtüldükdə öz-özünə kilidləndiyini, Zərərçəkmiş şəxs1 hər iki qapını sındıraraq evə daxil olduğunu, X10 maşını ilə gedərkən Zərərçəkmiş şəxs1 iş yerində yıxıldığı üçün işləyə bilməyəcəyini dediyini, dəmir parçasının olmadığını, Zərərçəkmiş şəxs1 əlindəki ağac parçasını sonuncunun əlindən aldığını, sonuncunun ağac parçasını özü ilə gətirdiyini, heç kimə zorakılıq etmədiyini, yalnız itələdiyini, ibtidai istintaq zamanı verdiyi ifadədə olan imzaların ona məxsus olduğunu, müstəntiqin ona azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunacağını dediyi üçün imzaladığını, zərərçəkmiş şəxslərin yalan danışdıqlarını, dəmir boru ilə heç kəsi vurmadığını bildirdi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. 17 yanvar 2023-cü il tarixdə qardaşının yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Aslanov küçəsində yerləşən evə gələrək qardaşı ilə birgə evdə yemək yeyib spirtli içki qəbul etmiş, daha sonra evdən çıxaraq kafedə oturaraq spirtli içki içib evə qayıtmışlar. Evdə olduqları zaman balaca qardaşı ona zəng etdiyindən, sonuncu ilə videozəng vasitəsilə danışmış, uca səslə danışdıqlarına görə evin sahibi Azad oraya gəlib qonşuların narazılıq etdiyini, sakit olmalarını bildirmişdir. Bir müddət sonra adını Eynur kimi bildiyi şəxs onların yaşadıqları evə gələrək “niyə səs-küy salırsız?” deyə bərkdən qışqırmağa başlamış, o da içkili halda Eynura “bura gəl görüm nə deyirsən sən?” deyə bildirmişdir. Eynur gedən zaman qardaşı ilə söhbət etmiş və nalayiq ifadələr işlətmişdir. Onlar ev sahibi Azad ilə evdə olduqları zaman anidən qapının sındırılması səsini eşitmişlər. O, çarpayıda uzandığı zaman qardaşı Rahil qapının səsini eşitdikdən sonra bayıra çıxmış, bir neçə saniyə sonra o, çölə çıxdıqda Eynur əlində dəmir parçası ilə qardaşını vurduğunu görmüşdür. Onlar mübahisə etdiyi zaman Rahil yerə yıxılmış, Azad isə onları aralamağa çalışmışdır. O, həmin şəxslərə tərəf gedərkən bir nəfər şəxs onun qolundan tutmuş, həmin şəxsdən kim olduğunu soruşduqda sonuncu ona Eynurun qohumu olduğunu demiş, o da başı ilə həmin şəxsin sifət nahiyəsinə vurmuşdur. Eynurun qohumu yerə yıxıldıqdan sonra yumruqla bir neçə dəfə, habelə əlində olan dəmir borunu alaraq yenidən zərbələr vurmuşdur. Daha sonra o, qardaşı Rahilin üzərində olan Eynura da dəmir boru ilə zərbələr endirmişdir. Ev sahibi Azad onları ayırmağa çalışmış, Eynur və qohumu onların yaşadığı həyətdən çıxmışlar. Bir az sərxoşluğu keçdikdən sonra o, özünü toparlayıb Eynurun qaldığı evə getmiş, buna səbəb isə həmin şəxslərlə barışmaq niyyəti olmuşdur. Daha sonra o, X10 mərkəzinə zəng etmiş, həkimlər gəldikdə isə o, Eynur və qohumu Səfərlə birgə xəstəxanaya getmişlər. Hadisə baş verən gün çoxlu spirtli içki qəbul etdiyi üçün isə hadisəni tam xatırlamır. Eynur qardaşını vuranda o, Zərərçəkmiş şəxs2 qayınatasının əlində olan taxtanı alıb bir neçə dəfə vurmuşdur ki, qardaşı Rahili buraxsın. Eynur Rahil ilə mübahisə etdiyi zaman Zərərçəkmiş şəxs1 oraya gəlib bərkən qışqırmağa başladığı üçün ondan kim olması barədə soruşmuş, Zərərçəkmiş şəxs1 ona bərk səslə cavab verdiyi üçün başı ilə sifət nahiyəsinə kəllə vurduğundan, sonuncu yerə yıxılmışdır. Aralarında baş vermiş mübahisə 10 dəqiqə davam etmişdir. Həmin vaxt həm sərxoş olduğu, həm də hava qaranlıq olduğu üçün sonuncuya nə ilə xəsarət yetirdiyini tam xatırlamır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs2 isə onun kürəkəni, yəni qohumudur. 17 yanvar 2023-cü il tarixdə arvadını cərrahi əməliyyat edilməsindən ötrü Neftçala rayonundan Bakı şəhərinə, kürəkəninin kirayə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki evinə gətirmişdir. Həmin tarixdə saat 23:00 radələrində yatdığı zaman arvadı onu oyadaraq həyətdən səs-küy gəldiyini bildirmiş, o, nə baş verdiyini aydınlaşdırmaq üçün həyətə çıxdıqda Təqsirləndirilən şəxs kürəkəni Zərərçəkmiş şəxs2 vurduğunu görmüşdür. O, yaxınlaşıb təmkinli olmaq lazım olduğunu dedikdə Təqsirləndirilən şəxs ondan kim olduğunu soruşmuş, o da Zərərçəkmiş şəxs2 qohumu olduğunu, qonaq gəldiyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kəllə ilə onun burnuna vurmuş, o, yerə yıxıldıqdan sonra isə dəmir boru ilə kürəyinə zərbələr yetirmişdir. Həmin zərbələr nəticəsində onun səhhətində ciddi xəsarətlər almışdır. Təqsirləndirilən şəxslə barışmamış, vurulmuş ziyanı tələb edir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 yaşadığı evdən çölə çıxdıqda orada 4 nəfər şəxsi gördüyünü, sonradan həmin şəxslərin kürəkəni Eynur, Təqsirləndirilən şəxs, sonuncunun qardaşı və ev sahibi olduğunu müəyyən etdiyini, həmin vaxt Təqsirləndirilən şəxs ona dəmir boru ilə vurduğunu, həmin dəmir boru ilə 3 dəfə kürəyinin sol tərəfinə zərbə endirdiyini, hadisə vaxtı görməsə də, sonradan polis əməkdaşları tərəfindən müvafiq istintaq hərəkəti aparılarkən həmin dəmir borunu gördüyünü, dəmir borunun üzərində onun burnundan gəlmiş qanın izlərinin olduğunu, hadisədən əvvəl hər hansısa xəsarətinin olmadığını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə 20000 manat məbləğində pul tələb etdiyini, zorakılıq nəticəsində qabırğalarının qırıldığını və ağciyərinin deşildiyini, hadisənin Şahid1lə kürəkəninin ayrı-ayrı mənzillər olmaqla yaşadıqları evin həyətində baş verdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs1 isə onun qayınatası, yəni arvadının atasıdır. 17 yanvar 2023-cü il tarixdə gecə vaxtı həyətdən səs-küy və söyüş səsləri gəldiyi üçün çıxıb nə baş verdiyini aydınlaşdırmaq istəmiş, səs-küyün qonşu evdən, yəni Təqsirləndirilən şəxs yaşadığı mənzildən gəldiyini görüb həmin ünvana getmiş, yaxınlaşaraq səs-küy salmamalarını, evdə xəstə qaynanasının olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Şahid1 onu söyüb yumruqlar atdıqda, o, həmin yumruqlardan yayınmışdır. O, həmin şəxslərə içkili olduqlarını, mülayim şəkildə söhbət etmək lazım olduğunu dedikdən sonra onu nalayiq formada təhqir etmişlər. Bu vaxt o, həmin sözlərə dözməyib Şahid1 yaxınlaşmış və aralarında münaqişə yaranmışdır. Şahid1lə aralarında yaranmış münaqişə zamanı qardaşı Təqsirləndirilən şəxs heç bir səbəb olmadan dəmir boru ilə onu vurduğundan, o, yerə yıxılmış, daha sonra o, qayınatası Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs həmin dəmir boru ilə vurduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs onu və qayınatasını ucadan söymüş, daha sonra ev sahibi Azadın köməkliyi ilə qayınatası ilə yaşadıqları evə getmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxslə barışmamış, vurulmuş ziyanı tələb edir. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 səs-küy olduğuna görə ilk öncə ev sahibi olan Azad adlı şəxsə zəng edib sakitliyi təmin etməsini istədiyini, səs-küy davam etdiyinə görə daha sonra həmin ünvana getdiyini, həmin an polisə xəbər etmək ağlına gəlmədiyini, Şahid1 və Təqsirləndirilən şəxs hadisə vaxtı içkili vəziyyətdə oldu qlarını, Təqsirləndirilən şəxs ona zərbə endirdiyindən çiyninin zədələndiyini, Azad adlı şəxsin də oraya gəldiyini, ilk öncə qapını döyüb mənzilə daxil olaraq Şahid1lə söhbət etdiyini, mənzildən çıxdıqdan sonra mübahisənin Şahid1 həyətində baş verdiyini, Təqsirləndirilən şəxs yerdən götürdüyü dəmir parçası ilə onun başının arxa tərəfinə və çiyninə vurduğunu, onları Azad adlı şəxsin ayırdığını, Şahid1 evinin qapısını sındırıb evə daxil olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 onun qonşusu, Zərərçəkmiş şəxs1 isə sonuncunun qayınatası, yəni qohumudur. O, 17 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Həzi Aslanov küçəsi ünvanında yerləşən kirayə yaşadığı mənzildə qardaşı Təqsirləndirilən şəxs və yaşadığı evin sahibi Şahid2lə oturarkən anidən qapı sındırılmış, nə baş verdiyini öyrənmək üçün yaxınlaşdıqda Zərərçəkmiş şəxs2 əlində gətirdiyi dəmir parçası ilə onu vurmağa başlamışdır. Həmin anda o, nə baş verdiyini başa düşməmiş, sadəcə özünü müdafiə etməyə çalışmışdır. Yerdə yıxılı vəziyyətdə olarkən çətinliklə Zərərçəkmiş şəxs2 əlində olan dəmir parçasını alıb kənara atmışdır. Bundan sonra da Zərərçəkmiş şəxs2 onun üstündə duraraq əlləri ilə vurmağa davam etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 çıxıb evinə getmişdir. Növbəti gün Zərərçəkmiş şəxs2 baş verənlərin səbəbini soruşduqda sonuncu evdə səs-küy, söyüş səsləri eşitdiyinə görə həmin evə gəldiyini bildirmiş, o da telefonla danışdığını izah etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 həmin gün qardaşı ilə evdə yemək yediklərini, lakin spirtli içki qəbul etmədiklərini, Zərərçəkmiş şəxs2 o və qardaşı Təqsirləndirilən şəxs tərəfindən söyüldüyünü düşündüyündən əlindəki dəmir parçası ilə onlara hücum etdiyini, Zərərçəkmiş şəxs2 onu vurmağa başlayanda qardaşı Təqsirləndirilən şəxs içəridə oturduğunu, daha sonra isə səs-küyə görə çölə çıxdığını, həmin yerdə qardaşı Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında nə baş verdiyini xatırlamadığını, ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, hadisə günü spirtli içki qəbul etmədiklərini, qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 kəllə ilə, eləcə də Zərərçəkmiş şəxs1 vurduğunu görmədiyini, hadisənin yaşadığı evin içərisində başlayıb daha sonra həyətdə davam etdiyini, baş verənləri Şahid2 də gördüyünü bildirdi. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə versə də, həmin vaxt Təqsirləndirilən şəxs onu Zərərçəkmiş şəxs2 əlindən almaq üçün sonuncunu dəmir boru ilə vurduğunu, Eynurun qaynatası Zərərçəkmiş şəxs1 isə başı ilə kəllə vurub yerə yıxdığını, ardınca isə dəmir boru ilə xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə aralarında ədavət və düşmənçilik yoxdur. O, Şahid1 və Zərərçəkmiş şəxs2 kirayəyə ev vermişdir. 17 yanvar 2023-cü il tarixdə saat 23:45 radələrində onun digər evində kirayədə qalan Zərərçəkmiş şəxs2 ona zəng edib Şahid1 yaşadığı evdə səs-küy olduğunu bildirərək öz narahatçılığını ifadə etmişdir. Bundan sonra o, Şahid1 qaldığı evə getdikdə Təqsirləndirilən şəxs də orada olduğunu görmüş, o, Təqsirləndirilən şəxs səs-küy saldığına görə oradan getməsini istədikdə sonuncu gecə olduğu üçün gedə bilmədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 da oraya gəlmiş, Təqsirləndirilən şəxs isə sonuncunu söyməyə başlamışdır. O, Zərərçəkmiş şəxs2 getməsini, özünün həll edəcəyini demiş, daha sonra evə daxil olub oturaraq Şahid1 qardaşı Ramilin oradan getməsini, Ramilin kirayədə yaşamadığını söyləmişdir. Həmin vaxt Şahid1 də Zərərçəkmiş şəxs2 ünvanına nalayiq söyüşlər istifadə etməyə başladığından, bir qədər sonra Zərərçəkmiş şəxs2 əlində dəmir parçası ilə qapıya vurub Şahid1 həyətə çağırmışdır. Şahid1 həyətə çıxdıqdan sonra Zərərçəkmiş şəxs2la aralarında mübahisə başlamış, Şahid1 Zərərçəkmiş şəxs2 əlindəki dəmir borusunu alıb həyətin kənarına atmışdır. Daha sonra Təqsirləndirilən şəxs də həyətə çıxıb söyüş söyə-söyə həmin borunu yerdən götürərək Zərərçəkmiş şəxs2 arxadan zərbə vurmuşdur. Zərərçəkmiş şəxs2 xəsarət aldığını gördükdən sonra aralaşmışlar. Zərərçəkmiş şəxs1 mübahisə olduğu yerə gəldikdə Təqsirləndirilən şəxs sonuncudan kim olduğunu soruşmuş, Zərərçəkmiş şəxs2 qayınatası olduğunu bildikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kəllə ilə zərbə vurmuş, daha sonra da yumruq və boru ilə vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Şahid1 yaşadığı evə gəldikdə sonuncu və qardaşı Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğunu, hadisənin onun evinin həyətində baş verdiyini, Şahid1lə Zərərçəkmiş şəxs2 qaldıqları evlərin həyətinin eyni olduğunu, hadisə yerinə başqa şəxslərin gəlmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımır, aralarında ədavət və ya düşmənçiliyi yoxdur. O, 11 ildir ki, ekspert kimi fəaliyyət göstərir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X3” X6 Bakı şəhəri Qaradağ rayon şöbəsində məhkəmətibbi eksperti vəzifəsində işləyir. O, Zərərçəkmiş şəxs1 barəsində olan 27 fevral 2023-cü il tarixli, 121 nömrəli ekspert rəyini tərtib etmiş, sonuncunun məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində aşkarlanmış xəsarətlərin həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid olduğunu müəyyən etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 02:45-də Zərərçəkmiş şəxs1 sol döş qəfəsinin əzilməsi və burnun əzilməsi diaqnozu ilə müraciət etməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 7) xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cırtdan” parkın yaxınlığı, H.Aslanov küçəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində baş vermişdir. (Cild 1, iş vərəqə 8-10) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 38; 52-53) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (Cild 1, iş vərəqə 78-79) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 112-114) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X4 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 132-133) xx.xx.2023-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqə 143) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 120 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət sağ kürək sümüyünün akromion çıxıntısının qapalı, yerini dəyişmiş sınığı bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Elnur Məlikovun almış olduğu xəsarətin xarakteri və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətin şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (Cild 1, iş vərəqə 169-171) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 121 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər ağciyərlərin kontuziyası və döş qəfəsinin sol plevra boşluğunun pnevmatoraksı ilə müşayiət olunan döş qəfəsinin soldan 5-6-7-ci qabırğaların qapalı, yerini dəyişmiş sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X8 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs1 almış olduğu xəsarətin xarakteri və lokalizasiyasının nəzərə alıb demək olar ki, həmin xəsarət şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. (Cild 1, iş vərəqə 172-175) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3, 221.2.1, 66.2 və 66.3-cü maddələri ilə təqsirli bilinib 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 03 ay 13 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 78-2023/MTKŞ nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş dəmir boru zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı borudur və soyuq silah hesab edilmir. (Cild 1, iş vərəqə 191-192) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2023-cü il tarixli, 104/2023-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qrup göstəricisi: AB/İV/ (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən) Ekspertizaya təqdim edilmiş bir ədəd dəmir borunun üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigenləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB(İV) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (Cild 1, iş vərəqə 193-197) xx.xx.2023-cü il tarixli “Əməlin tövsif edilməsi və şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmış, Şahid1 barəsində olan cinayət təqibinə isə xitam verilmişdir. (Cild 1, iş vərəqə 205-211) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, elan edilmiş ittiham dəyişdirilərək həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 215-217) xx.xx.2023-cü il tarixli “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 225) xx.xx.2023-cü il tarixli “Üzləşdirmədə dindirmə” protokolundan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı baş verənləri deyərək sonuncunu ifşa etmişdir. (Cild 1, iş vərəqə 240-241) xx.xx.2023-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi göstərmişdir. (Cild 1, iş vərəqə 246-250) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-127/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 255-260) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Ambulator-məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1871 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə hal-hazırda hərkətlərinə cavab vermək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. (Cild 1, iş vərəqə 270-272) xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarda görünür ki, 01 ədəd taxta tutacaqlı dəmir boru özündə cinayət təqibi üçün mühüm halları əks etdirən predmet olduğundan iş üzrə maddi sübut kimi tanınmaqla, saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları və fotoşəkillər, götürmə və ifadənin yerində yoxlanılma protokolları, ekspert rəyləri və digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 274-285) Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən, həmin Məcəllənin 126.1-ci maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma əməli xuliqanlıq niyyəti ilə törədildikdə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və həmin Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma xuliqanlıq niyyəti ilə törədildikdə cinayət məsuliyyətini nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda cinayət məsuliyyətini özündə ehtiva edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145.1-ci maddələrinin tələblərinə əsasən, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq etmiş, eyni zamanda xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır və ağır zərər vurmuşdur. Məhkəmə yekun qərar-ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”, 17 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” və 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarlarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında”, 23 mart 2004-cü il tarixli “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının müddəalarını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” müvafiq qərarına əsasən, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Silah qismində istifadə olunan əşyalar dedikdə, sağlamlığa zərər vurmaq və digər qeyri-qanuni hərəkətlər etmək üçün istifadə edilə bilən, istər xüsusi hazırlanmış və ya düzəldilmiş, istərsə də adi təsərrüfat-məişət təyinatı olan və ya heç bir təyinatı olmayan predmetlər başa düşülür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini müdafiə ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs2 itələyib oradan uzaqlaşdırdığını, lakin həm sonuncuya, həm də digər Zərərçəkmiş şəxs1 yumruqla, boru ilə və ya digər hər hansı predmetlə zorakılıq etmədiyini, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətləri iş yerində aldığını desə də, məhkəmə araşdırması zamanı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrin, iş materiallarında olan sənədlərdən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 zorakılıq etməsi sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qardaşı ilə birgə sonuncu evində spirtli içki qəbul etdikdən sonra səs-küy yaratmaqla ictimai qaydanı kobud surətdə pozub, evdə və həyətdə söyüş və nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, zərərçəkənlər üzərində silah qismində istifadə olunan əşyalardan istifadə edib zor tətbiq etməklə, heç bir səbəb olmadan özünə qarşı hər hansı bir hüquqa zidd hərəkət olmadığı halda Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına az ağır və Zərərçəkmiş şəxs1 qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı, yəni xx.xx.2012-ci il və xx.xx.2015-ci il təvəllüdlü uşaqlarının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun olmamasını, himayəsində 1 yetkinlik yaşına çatmayan, yəni xx.xx.2008-ci il təvəllüdlü uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın isə olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində göstərilən cinayət əməli az ağır, həmin Məcəllənin 126.2.4-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilməsi əsası ilə azad olunaraq barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün müddətə şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 12 iyun 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan 01 ədəd taxta tutacaqlı dəmir boru məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 yanvar 2023-cü il tarixdən 20 yanvar 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə cəmi 02 (iki) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və təyin edilmiş cəzadan çıxılaraq üzərində 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə üzərinə maddi sübut kimi tanınmaqla, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsində saxlanılan 01 ədəd taxta tutacaqlı dəmir boru məhv edisin. İş üzrə həbs qoyulmuş əmlakın, mülki iddianın, məhkəmə məsrəflərinin, xüsusi müsadirə edilməli əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar