Məhkəmə qərarları › İş №1(101)-637/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-637/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-637/2023 01.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, tərcüməçi X3, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdə saat 01:00 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli fərdi yaşayış evində olarkən həyətlərinin qarşısında səs-küy eşidib küçəyə çıxarkən, atası Şahid4 yerdə yıxılmış vəziyyətdə olduğunu görüb həmin vaxt orada olan qonşusu Zərərçəkmiş şəxs Yueryeviç və X1 birlikdə atasının üzərinə hücum edib döydüklərini düşünərək əlinə təsərrüfat beli alıb Şahid1 yaxınlaşaraq dalaşmış, Şahid1 onun əlindən beli alaraq burun nahiyəsinə zərbə vurub sağlamlığına az ağır zərər vuran xəsarət yetirməsindən sonra onlara gücünün çatmayacağmı bildiyindən yenidən həyətlərinə qayıdıb masanın üzərindən soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı götürmüş, həmin vaxt onun arxasınca həyətə daxil olan Zərərçəkmiş şəxs onun əlindən bıçağı almaq istədikdə Zərərçəkmiş şəxs qəsdən iki dəfə bıçaq zərbəsi vurub sonuncuya bel nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti, qarın nahiyyəsinin ön divarının daxilə nüfuz edən bir ədəd köndələn çənbər bağırsağını və dalağın zədələnməsi ilə əlaqədar baş verən splenektomiya (dalağın çıxarılması) deşilmişkəsilmiş yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan bədən xəsarətləri yetirməklə qəsdən zərər çəkmiş şəxsin sağlamlığına AĞİR zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Onun qanuni iş yeri yoxdur. Fərdi əməklə məşğuldur. 2-3 gün yaxud bir həftədən bir 15-20 manat pul qazanır. Evə bazarlığı da o edir. Anası keçən il rəhmətə getmişdir. 13 sentyabr 2022-ci il axşam saat 02:00 imiş. Onlar evdə yatmışlar. Həyətdə it hürəndə atası Şahid4 çölə çıxmışdır. Atası hasarda iki nəfər görüb onlara aşağı düşmələrini demişdir. Həmin şəxslər isə hasardan aşağı düşüb atasını vurmuşlar. O, bu səs-küyə yerindən durub çölə çıxmışdır. Atasını yerdə uzanmış vəziyyətdə görmüşdür. Atasının başının üstündə iki nəfər dayanmışdır. Gücü çatmayacağını görüb bağın içində yerdəki lapatkanı götürmüşdür. Lapatka ilə adını sonradan bildiyi Etibarın başından vurmuşdur ki, kənara çəkilsinlər. Etibar lapatkanı əlindən alıb lapatka ilə üzündən vurmuş və burnunu sındırmışdır. O, Etibar və adını sonradan bildiyi Vladimirlə əlbəyaxa olmuşdur. O, onlara gücü çatmadığından həyətə qaçmışdır. Lakin, Etibar və Vladimir də arxasınca həyətə girmişlər. İndi bir çox həyət evlərində hər kəsin bıçaq, çəkiç və s.kimi belə alət-ləvazimatları olur. Onlarda da həyətdə belə alətlər var imiş. O, Etibar və Vladimiri qorxutmaq üçün bıçağı götürmüşdür. İstəmişdir onları qorxutsun, üzərinə gəlməsinlər. Vladimir onun əlindən tutub buraxmamışdır. Bu zaman necə olmuşsa, o, bıçaqla Vladimiri vurmuşdur. Atasını yerə yıxılmış vəziyyətdə görəndə özünü saxlaya bilməmiş və bıçağı buna görə gətirmişdir. Mübahisə zamanı canını qurtarmaq üçün evə getmişdir. Çünki Etibar və Vladimirə gücü çatmırmış. O, həyətə qayıdarkən kiməsə xəsarət yetirmək fikri yox imiş. Etibar və Vladimir onun arxasınca həyətə daxil olmasaymışlar, o kiməsə xəsarət yetirməyəcəkmiş. Etibar bıçağı görəndə qaçmış, Vladimir qaçmamışdır. Üstünə cumub bıçağı almaq istəyirmiş. Bəlkə bıçağı alsa, onu vura bilərmiş. Vladimir üzərinə gəlməsə onu vurmayacaqmış. Vladimir bıçağı əlindən almaq istəyərkən, ona «küçük gözümün qabağında böyümüsən indi isə mənim üstümə bıçaq çəkirsən» deyirmiş. Atası ağır şəkər xəstəsidir və yaralarına o baxır. Atasının yaraları bədənində elə yerdədir ki, ondan başqa heç kimə yarasını təmizləməyə icazə vermir. Qardaşı şizofrenya xəstəsidir və atasına baxa bilməz. Qardaşına da elə o baxır. Evlərində tək gəlir mənbəyi odur. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı Vladimiri görmüşdür. Əvvəllər Vladimirlə ədavəti olmamışdır. Lakin mübahisə zamanı Vladimir ona qarşı aqressiv imiş və onu vururmuş. Onlar Vladimir ilə əlbəyaxa olmuşlar. Etibar da lapatka ilə onu vurmuşdur. Lapatkanı birinci dəfə Vladimir əlindən almışdır. Lapatkanı əlindən alıb ona xəsarət yetirdiklərindən düşünmüşdür ki, bıçağı da əlindən alsalar ona xəsarət yetirəcəklər. Yəni, onu lapatka ilə vurmuşlar deyə düşünmüşdür ki, bıçaqla da vura bilərlər. O, da xəsarət almış, lakin dərəcəsini bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 12 avqust 2022-ci il tarixində iş yoldaşı Etibar və onun həyat yoldaşı Günay birlikdə evinmə qonaq gəlmişdir. O, Etibarla bir qədər içki qəbul etmişdir. O, Etibara və Günaya demişdir ki, gəlsinlər onlara öz həyətindən meyvə yığsın, aparsınlar evdə uşaq yesin. Beləliklə gecə vaxtı, yəni, 13 avqust 2022-ci il tarixdə təxminən saat 01 radələrində o, Etibar və yoldaşı Günay qeydiyyatda olduğu ünvan 2 ünvanındakı həyətinə üzüm və əncir yığmağa getmişlər. O, ünvan 2 ünvanındakı həyətində yaşamadığı üçün həyətdən torpaq sahəsi kimi istifadə edir və həyətin qapısı yoxdur. Onlar ora çatanda o qapı olmadığı üçün evimin hasarından öz həyətinə düşmüşdür. O, üzümləri yığdıqdan sonra Etibara üzümləri almağı üçün səslənmişdir. Lakin, Etibar nə dediyini eşitməmiş və nə dediyini soruşmaq üçün Etibar da həyətin çəpərinə qalxmışdır. O, bu zaman Etibara demişdir ki, yığdığı üzümləri əlindən alsın. Gecə vaxtı olduğu üçün Etibar onu yaxşı görmürmüş. Etibar da üzümləri almaq üçün həyətə işıq salmışdır. Bu vaxt kimsə söyüş söyərək hasardan aşağı düşmələrini demişdir. O, uca səslə qışqırmışdır ki, qonşu Vladimirdir. Lakin, həmin şəxs yenidən Etibara dayanmadan aşağı düşməyini demişdir. Bu zaman o küçəyə çıxmaq üçün çəpərə qalxmış və görmüşdür ki, Etibara aşağı düşməsini deyən şəxs qonşu Ruslandır. Ruslan əlində bıçaqla Etibarın arvadı Günaya hücum etməyə başlamışdır. Bundan sonra Etibar da aşağı düşmüşdür. Ruslan sonra bıçaqla Etibara hücum etmişdir. O, Ruslanın yanına gəlmiş və Ruslanı sakitləşdirmək istəmişdir. Bu zaman Etibar həmin bıçaq zərbələrindən yayınmışdır. Bundan sonra içəridən iki nəfər şəxs də çıxmışdır. Onlar Ruslanın oğulları Ramin və Ramal imiş. Raminin əlində təsərrüfat beli var imiş və o, təsərrüfat beli ilə onlara hücum etməyə başlamışdır. Günay Ramini sakitləşdirməyə çalışsa da, Ramin ona məhəl qoymayaraq Günayın qoluna bel ilə vurmuşdur. Zərbə onun qoluna zəif dəydiyi üçün, Günay yerə yavaşca yıxılmış, amma xəsarət almamışdır. Bundan sonra o, Günay və Ramal mübahisəni sakitləşdirmək istəmişlər. Amma Ramin sakitləşməyərək əlindəki təsərrüfat beli ilə Etibarın baş nahiyəsinin arxa hissəsindən qəsdən vurmuşdur. Etibar geriyə dönərək beli Raminin əlindən almaq istəmişdir. Onlar biraz itələşmiş, bundan sonra Etibar Raminin əlindəki beli alıb yerə atmışdır. Ramin mübahisədən kənarlaşıb evdən əlində bıçaqla çıxmış və həmin bıçaqla Etibara hücum etmişdir. Etibar həmin bıçaq zərbələrindən qaçsa da, Günayın Ramini sakitləşdirməyinə baxmayaraq, Ramin Günaya da hücum edib onun əlini kəsmiş və yerə yıxaraq sürümüşdür. O, Raminə tərəf addımlayıb ona qonşusu Vova olduğunu və ağılsızlıq etməməsini demişdir. Amma Ramin onun böyür nahiyəsindən qəsdən bıçaqla vurmuşdur. Bundan sonra, o, əliylə yarasını tutub Etibargilə tərəf getmişdir. Elə onların yanında da aldığı xəsarətdən özünü itirib yerə yıxılmışdır. Ramin ona iki bıçaq zərbəsi vurmuş, bir dəfə böyrünə, bir dəfə belinə vurmuşdur. O, Günay və Etibar Şahid4 məxsus evə və həyətə daxil olmamış, mübahisə yalnız evlərinin qarşısında baş vermişdir. Gecə vaxtı olduğu üçün Ruslan onları tanımamışdır. Dava-dalaş gecə təxminən saat 01 radələrində baş verdiyi üçün həmin vaxt nə küçəyə, nə də Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə heç kim gəlməmişdir. Dava-dalaş təxminən 4-5 dəqiqə davam etmişdir. Ramin və o qonşudurlar. Ramin ilə artıq barışmışlar, şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. 13 sentyabr 2022-ci il axşam saat təxminən 01:30 imiş. O, həyətdən səslər gəldiyini eşitmişdir. Səs-küy gəldiyindən o həyətə çıxmışdır. Görmüşdür ki, hasarın üstündə bir nəfər var. O, həmin adama hasardan aşağı enməsini demişdir. Lakin, həmin şəxs hasardan aşağı enməmişdir. Həmin şəxslə mübahisə etmişlər. O, Etibarın içkili olmasını dəqiq bilmir, amma onu bərk vurmuş və o yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra o ayağa dura bilməmişdir. Oğlu bu səs-küyə çölə çıxmışdır. Oğluyla Etibar və Vladimir bərk dava etməyə başlamışlar. Onun ayağa durmağa gücü olmamışdır. Oğlu, Etibar və Vladimir döyüşə-döyüşə həyətə girmişlər. Sonra Vladimir ona demişdir ki, oğlu Ramin onu vurmuşdur. Necə vurmağını deməmiş və sonra Vladimir və digər şəxslər qaçmışlar. Digər oğlu hərbi əlildir, ruhi xəstədir. Onlar xəstəxanaya getməmişlər, onları bölmədən gəlib aparmışlar. O, yüngül xəsarət almışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, onu Vladimir vurmamışdır. Onu digər şəxs vurmuşdur. Ev onun atasının evidir. Sonralar satılıb və indi Vladimirgilin həyətidir. Ona Vladimirin həyətini qorumaq tapşırılmamışdır. Lakin, Vladimirin həyətinə tez-tez kimlərsə gəlib narkotik vasitə çəkirmiş, sonra da onların həyətinə düşürmüşlər. Vladimir onların həyətində böyümüş, aralarında heç vaxt ədavət olmamışdır. ` Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o və yoldaşı 13 sentyabr 2022-ci ildə iş yoldaşı Vladimirin evinə qonaq getmişlər. Gece vaxtı imiş. O, və yoldaşı qayıdarkən Vova onlara demişdir ki, onun köhnə bağı var, getsinlər ordakı meyvə ağaclarından onlara meyvə dərib versin. Onlar həmin həyətə çatanda qapıdan keçə bilməmişlər, hasardan içəri keçmişlər. Vova onlara nəsə deyirmiş, amma o eşitmirmiş. O, dəmirin üstünə çıxıb Vovaya boylanmışdır ki, nə dediyini soruşsun. Bu vaxt Vovanın ona üzüm uzatdığını görmüşdür. O da qaranlıqda ətrafı görmək üçün telefonun fənərindən işiq salmışdır. Fənəri yandırmış və hasardan qalxmışdır ki, üzümləri götürsün. Həyət Ramingilin evinin qabaq hissəsinə düşür. Bu vaxt qonşu həyətə çıxmışdır. Elə bilmişlər həyətə oğru girib. Buna görə də həmin qonşu söyüş söyməyə başlamışdır. O da Vladimiri çağırmış, çünki qonşuları onu tanımırmış. Hətta o biraz da ləngimişdir ki, Vova çıxsın yuxarıya və onu görsünlər, söz-söhbət də olmasın. O, hasardan aşağı düşəndə dava-dalaş olmuşdur. Sonra Ramin də gəlmişdir. Ramin onu lapatka ilə vurmuşdur. Lakin, o, lapatkanı Raminin əlindən almışdır. Ramin içəriyə doğru evə getmişdir. Ramin içəridən gələndə əlində bıçaq var imiş. O, Ramin onu bıçaqla vurmasın deyə oradan uzaqlaşmışdır. Vova isə Ramini aralamaq üçün ona yaxınlaşmışdır. Bu an Ramin əlindəki bıçaqla Vladimiri vurmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, münaqişənin başlama səbəbi Ramin və atasının onu tanımamaları olmuşdur. Vladimiri xəstəxanaya o və yoldaşı aparmışlar. Ona yüngül xəsarətlər dəymiş, Ramin lapatka ilə vurarkən lapatka başının arxasından dəymişdir. Raminlə aralarında qarşılıqlı mübahisə olmuşdur. Ramindən şikayətçi olmamışdır. Vladimiri öz maşınıyla xəstəxanaya aparmışdır. O, Vladimirin həyətinə ilk dəfə gedirmiş. Həyətin qapısı taxtadan imiş. Qapı yerdən 6-7 daş hündürdə imiş. Qapının açarı yox imiş. Vova özü də həyətinə çox az-az gedirmiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə zəmnində tanımışdır. Zərərçəkmiş şəxsla ailəvi dostdurlar, həm də yoldaşının iş yoldaşıdır. Hadisə 12 sentyabr 2022-ci il tarixində baş vermişdir. O, yoldaşıyla Vladimirgilə qonaq getmişlər. Vladimir onları bağ evinə meyvə verməyə aparmışdır. Həyətin qapısı bağlı imiş. Buna görə Vladimir hasardan keçməli olmuş və Etibarı da çağırmışdır. Etibar işiq salmışdır ki, Vladimir əncir yığsın. Bu zaman qonşu hayküy salaraq söyüş söyməyə başlamışdır. Qonşu Etibara və Vovaya demişdir ki, hasardan aşağı düşsünlər. Çox güman qaranlıq olduğu üçün qonşu elə bilmişdir ki, həyətə başqa adam girmişdir. Yəni, hadisə anlaşmazlıq zəmnində baş vermişdir. Mübahisə zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Vladimiri bıçaqla vurmuşdur. Hadisə zamanı o bıçağı Raminin əlindən alanda ehtiyatsızlıqdan əlini bıçaq kəsmişdir. Ramin onu qəsdən vurmamışdır. Onlar Ramindən şikayətçi olmamışlar. Gecə vaxtı ətraf qaranlıq olduğundan bıçaqlanma anını tam görə bilməmişdir. Vladimiri o və yoldaşı xəstəxanya aparmışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, o, ünvan 1-də qeydiyyatdadır, həmin ünvanda da atası Ruslan və qardaşı Ramin ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində o evdə yatarkən itlər səs-küy salmağa başlamış, o, nə baş verdiyini öyrənmək üçun həyətə çıxmışdır. O, həyət qapısının açıq olduğunu görüb cəld şəkildə çölə qaçmışdır. Çölə çıxanda atası Ruslan, qardaşı Ramin və 2 nəfər şəxsin bir-biri ilə dava-dalaş etdiyini görmüşdür. O, onları aralamağa başlamışdır. O, onlara sözlə mübahisə etməməyi demiş, lakin orada bir nəfər tanımadığı qadının da olduğunu görmüşdür. O, onları ayırarkən qardaşının və sonradan tanıdığı Vladimir adlı şəxsin olmadığını görmüşdür. Təxminən 1-2 dəqiqə sonra Vladimirin belini tutub çölə çıxaraq “məni vurdular” deməsini görmüşdür. Daha sonra həmin şəxslərin bir yerdə çıxıb getdiklərini görmüşdür. Bundan sonra o, atası və qardaşını həyətə salmışdır. Daha sonra qardaşı Raminin qaçaraq evdən çıxdığını görmüşdür. Hadisə baş verənə qədər Vladimir adlı şəxsi tanıyırmış, Vladimir onların qonşusu olub, heç bir ədavətləri yoxdur. O, mübahisə zamanı heç bir xəsarət almamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ RPİ-nin 10-cu PB-nin məsul növbətçisi, polis leytenantı Hüseyn Hüseynovun 13 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 02:20-də KTM-dən həkim Əsgərov zəng edərək, Zərərçəkmiş şəxs qarının kəsilmişdeşilmiş yarası ilə xəstəxanaya müraciət etməsi barədə məlumat vermişdir. Cinayət işinin 1-ci cild 8-17-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 18 nömrəli evin həyətidir. Şahid3 iştirakı ilə aparılmış baxış zamanı həyətdə çoxsaylı qanabənzər ləkələr, üzərində qanabənzər ləkələr olan bir ədəd köynək, 01 ədəd üzərində qanabənzər ləkələr olan təsərrüfat beli və 01 ədəd bıçaq aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş qanabənzər ləkələrdən qan nümunələri, bir ədəd köynək, 01 ədəd üzərində qanabənzər ləkələr olan təsərrüfat beli və 01 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoşəkil çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 44-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 51-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Şahid3 13 sentyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu baş vermiş hadisə zamanı onun heç bir xəsarət almadığını, məhkəmə-tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 80-81-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X4 15 sentyabr 2022-ci il tarixli müvəqqəti saxlama yerindən azad etmək və şübhəli şəxs qismində statusuna xitam verilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulan Şahid3 əməlində cinayət tərkibi olmadığından, Qaradağ RPİ-nin MSY-dən azad edilmiş və şübhəli şəxs statusuna xitam verilmişdir. Cinayət işinin 1-ci cild 62-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 sentyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Şahid4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 180-181-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 28 sentyabr 2022-ci il tarixli, 680 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sol göz qapağının və gözaltı nahiyəsinin, həmin gözün qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, sol ayağın İ barmağının əsas və dırnaq falanqasının hərəkət məhdudluğu ilə müşayiət olunan qançır şişkinliyi, üst çənədə sağdan İİ dişin travmatik hərəkətliliyi, sol dirsək oynağı nahiyəsinin, sol saidin qançırları, sol dirsək oynağının, sol baldırın və sol ayaq pəncəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən, müayinədən 1 günə qədər əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Şahid4 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər öz boyu hündürlüyündən yıxılması və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Cinayət işinin 183-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 28 sentyabr 2022-ci il tarixli, 702 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər –burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin qəlpəli, yerdəyişmiş sınığı, sol göz qapaqlarının və gözaltı nahiyələrinin qançır – şişkinlikləri bərk ket əşya (əşyalar) təsirindən, müayinədən 7-9 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işinin 1-ci cild 139-141-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 21 sentyabr 2022-ci il tarixli, 692 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs Yuriyeviçin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qarın nahiyəsinin ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd köndələn çənbər bağırsağını və dalağın zədələnməsi ilə əlaqədar baş verən splenektomiya (dalağın çıxarılması) deşilmiş-kəsilmiş yaradı, bel nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibb yardım üçün X9 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. Cinayət işinin 1-ci cild 227-230-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 17 oktyabr 2022-ci il tarixli, 613/2022-MTBŞ saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs “ABO” sistemi üzrə qan qrupu –Balfa (H)/İİİ/ ; Ekspertizaya təqdim olunan 01 ədəd mətbəx bıçağı, 01 ədəd bel, 06 ədəd çubuqlu pambıq tampon, boz rəngli kofta və köynək üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti “ABO” sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alınmışdır. Bu qan ləkələri Balfa (H) /İİİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Yuriyeviçə məxsus ola bilər. Cinayət işinin 1-ci cild 232-236-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 21 oktyabr 2022-ci il tarixli, 498-MTKŞ/2022-ci il saylı maddi sübutların ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Yuriyeviçə məxsus köynəyin ön səthində bir ədəd, arxa səthində bir ədəd və boz yaşıl rəngli köynəyin sağ qolun ön səthində deşilmiş-kəsilmiş zədələr aşkar olunmuşdur. Bu zədələr küpü, kafi itilikdə olan ülgücü və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdirlər. Ekspertizaya təqdim edilmiş boz yaşıl rəngli köynəyin sol yaxalığında cırılma zədəsi aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malikdir, ola bilsin köynəyin müvafiq nahiyəsinin hər hansı bir predmetə ilişib dartılması nəticəsində əmələ gələ bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində, arxa səthində və yaşıl boz köynəkdə olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunmuş bel zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı təsərrüfat belidir və soyuq silah hesab edilmir. Cinayət işinin 2-ci cild 24-29-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 noyabr 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə zamanı, Zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq edərək, Raminin birinci təsərrüfat beliylə hücum etdiyini, daha sonra bıçaqla ona xəsarət yetirdiyini bildirərək, Təqsirləndirilən şəxs ifşa etmişdir. Cinayət işininin 2-ci cild 46-47-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-təcrübi və Tədris Birliyinin 18 noyabr 2022-ci il tarixli, 840 nömrəli canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ əlin İV-V barmaqlarının səthi kəsilmiş yaraları kəsici-deşici əşya (alət) ola bilsin bıçaq təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənə bilərdilər və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş Şahid2 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Cinayət işinin 2-ci cild 94-96-cı vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin 15 dekabr 2022-ci il tarixli 43/692 №-li canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər -qarın nahiyəsinin ön divarının daxilə nüfuz edən bir ədəd köndələn çənbər bağırsağını və dalağın zədələnməsi ilə əlaqədar baş verən splenektomiya (dalağın çıxarılması) deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcələrinə görə qarın nahiyəsinin ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd köndələn çənbər bağırsağını və dalağın zədələnməsi ilə əlaqədar baş verən splenektomiya (dalağın çıxarılması) deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir, bel nahiyəsinin 1 (bir) ədəd daxilə nüfuz etməyən deşilmiş - kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını, eləcə də adına tərtib olunmuş stasionar xəstənin tibbi kartasında qarın nahiyəsində olan daxilə nüfuz edən deşilmiş - kəsilmiş yara genişləndirildiyindən, həmin yaranın konkret olaraq hansı bıçaq təsirindən törənməsi haqqında dəqiq fikir söyləmək mümkün olmasa da, yuxanda qeyd olunan deşilmiş-kəsilmiş yaraların ekspertiza şöbəsinə təqdim olunmuş mətbəx bıçağının təsirindən və ya ona oxşar xüsusiyyətlərinə malik digər bıçağın təsirindən törənməsi inkar olunmur. Cinayət işinin 2-ci cild 97-98-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 dekabr 2022-ci il tarixli əşyaları tanınmaya təqdim etmə barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs ona təqdim olunmuş üç ədəd bıçaq içərisindən soldan birinci bıçağı, dəstəyinin hər iki hissəsi qırmızı, göy, ağ rəngli olan bıçağı tanıyaraq, Təqsirləndirilən şəxs həmin bıçaqla ona xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 103-104-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 dekabr 2022-ci il tarixli əşyaları tanınmaya təqdim etmə barədə protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ona təqdim olunmuş üç ədəd bıçaq içərisindən, ortadakı bıçağı, dəstəyinin hər iki hissəsi qırmızı, göy, ağ rəngli olan bıçağı tanıyaraq, Zərərçəkmiş şəxsa həmin bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin 2-ci cild 107-113-cü vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 dekabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 115-135-ci vərəqlərində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Qaradağ Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru X2 21 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarının tövsif edilməsi və cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 xəsarət yetirməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati iş üzrə icraat açılmamış; Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmuş, o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 191-192-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Həmçinin, cinayət işinin 2-ci cild 90-92-ci vərəqələrində olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 1(002)-237/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, cinayət məsuliyyətindən azad edilmiş və barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işinin 2-ci cild 49-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2022-ci il tarixli 2890 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və.s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin, hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona elan edilən ittihamda anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 2-ci cild 114-cü vərəqəsində olan Qaradağ RİHB-nın Lökbatan qəsəbə İƏD üzrə nümayəndəliyindən daxil olmuş 21 dekabr 2022-ci il tarixli, 21 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilir. Cinayət işinin 2-ci cild 77-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 05 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona şərti və ya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, müsbət səciyyələndirilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 20 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 126-cı vərəqəsində olan 20 sentyabr 2022-ci il tarixli şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 172-174-cü vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 4(002)-168/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd təsərrüfat beli məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd bıçaq və 01 ədəd təsərrüfat beli məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Əhməd Quliyev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar