Məhkəmə qərarları › İş №1(101)-639/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-639/2023

26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-639/2023 26.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonunun Ələskərli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - ümumi çəkisi 1724,312 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, daşıyaraq üzərində və yaşadığı ünvanda saxlamış, 14 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli qısa şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 84,312 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 14 sentyabr 2022-ci il tarixdə saat 22:00-da Təqsirləndirilən şəxs və qeyri-rəsmi münasibətdə yaşadığı Şahid3 könüllü razılığı əsasında yaşadıqları ünvan 2 ünvanına baxış keçirilərkən mətbəxdə olan dolabın üst hissəsindən satış məqsədi ilə 01 ədəd sellofan torbada külli miqdarda- təmiz çəkisi 1640,0 qram təşkil edən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana ilə eyni olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd üzərində marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi işlər görməklə günəmuzd 20-30 manat pul qazanmışdır. Təxminən 4-5 ildir ki, narkotik vasitələrdən istifadə edir. 14 sentyabr 2022-ci il tarixdə o, metronun “Xalqlar Dostluğu” stansiyasının yanında dostu ilə görüşüb evə qayıdan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu demiş, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamış, amma mənzilində narkotik vasitə saxlamasını polislərə etiraf etmişdir. Bundan sonra polislərlə birlikdə yaşadığı ünvana getmişlər. Arvadı Şahid3 da evdə olmuşdur. O, mətbəxdəki taxta dolabın üst hissəsindən içərisində yalnız 400 qram olan ağ rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Amma polislər əvvəlcədən onun mənzilinə daxil olaraq özünün də bilmədiyi hansısa üsulla içində narkotik vasitə olan torbanı onun mətbəxindəki dolabına yerləşdirmiş və ona məhəl verməyərək təsir və təzyiq göstərməklə çəkisinin 1 kq 705 qram olması barədə rəsmiləşdirmə aparmışlar. O, 400 qram çəkidə olan narkotik vasitəni 2300 manat pul ödəməklə İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsdən əldə etdiyini bildirmişdir. O, həmin narkotik vasitəni alıb ayrı-ayrı yerlərə çatdırmaqla pul qazanmamış, amma hərdən öz tanışlarına aldığı narkotik vasitədən 70-80 manat müqabilində vermişdir. Aşkar edilmiş marixuananı şəxsi istifadəsi üçün saxladığının, himayəsində bir azyaşlı uşağının olmasının nəzərə alınaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 14 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Xətai rayonunda piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduğunu demişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklər Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin idarədə onu müdafiəçi ilə təmin etdikdən sonra hüquq və vəzifələrini elan edib üzərinə şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış keçirilməmişdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan edilən nə varsa təqdim etməyini təklif etmişlər. O da əynindəki göy rəngli qısa şalvarın sağ yan cibində bir bükümdə yaşıl rəngli narkotik vasitə marixuananı təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın sol yan cibindən iki ədəd açar, 8 manat pul, 1 ədəd “Samsung” markalı və 1 ədəd "Kenxin da” markalı mobil telefonlar aşkar edilərək götürülmüşdür. Sonra təqdim etdiyi marixuana elektron tərəzidə çəkilən zaman 106 qram olması müəyyən edilmiş, həmin narkotik vasitə qablaşdırılaraq möhürlənib götürülmüş, 2 ədəd açar və 8 manat pul isə özünə qaytarılmışdır. O, aşkar olunan narkotik vasitənin İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsdən əldə etdiyini, Peymanın vasitəsilə tanıdığı anket məlumatlarını bilmədiyi qadından narkotik vasitəni alıb ayrı-ayrı yerlərə çatdırıb pul qazandığını bildirmişdir. Əslində isə o, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən almışdır. O, üzərinə şəxsi axtarış keçirilən zaman yaşadığı ünvan 1 ünvanında da narkotik vasitələr olduğunu bildirib həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı ünvana getmişlər. Mənzilə keçirilən baxışda onunla bir mənzildə yaşayan arvadı Şahid3 da iştirak etmişdir. Orada polis əməkdaşları yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşan zaman o və Rufina bu barədə ərizə yazaraq mənzilə baxış keçirilməsinə etirazlarının olmadığını bildirmişlər. Bundan sonra ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə yaşadığı mənzildə baxış keçirilmişdir. Baxış zamanı o, mətbəxdəki taxta dolabın üst hissəsindən 01 ədəd ağ rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi olduğunu bildirmişdir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman 01 ədəd elektron tərəzi və açıq yaşıl rəngli qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra mənzildən aşkar olunmuş bitki mənşəli kütlə elektron tərəzində çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1 kq 705 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş bitki mənşəli kütlə və elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra mənzilin digər otaqlarına baxış keçirilən zaman qonaq otağında olan masanın üzərindən 02 ədəd “Kapital bank” və “Bank Respublika”ya məxsus bank kartları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, mənzildən aşkar olunan narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsdən əldə etdiyini, Peymanın vasitəsilə tanıdığı anket məlumatlarını bilmədiyi qadından narkotik vasitəni alıb ayrı-ayrı yerlərə çatdırıb pul qazandığını bildirmişdir. O, özünü müdafiə etmək üçün bu cür bildirmişdir. Əslində isə o, üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində tanımadığı şəxsdən almışdır. Narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etməklə yanaşı, hərdən satışı ilə də məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təyziqlər göstərilməmişdir. Onun narkotik vasitələrdən istifadə etməsi və satışı ilə məşğul olmağı, yaşadığı ünvanda narkotik vasitə olması barədə arvadı Rufinanın məlumatı olmamışdır. O, narkotik vasitəni Rufina evdə olmayan zaman gizlin olaraq gətirib mətbəxdə olan dolabın üst hissəsində gizlətmişdir (cild 1, iş vərəqə 147-150). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, 14 sentyabr 2022-ci il tarixdə onun tərəfindən Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar məlumat əsasında 14 sentyabr 2022-ci il tarixdə saat 18:30 radələrində Xətai rayonu, Qadir Məmmədov küçəsi, ev 4, mənzil 206 ünvanın yaxınlığına getmişlər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orda olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və həmin vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Anar da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan paketi çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və axtarış zamanı şalvarın sol cibindən 02 ədəd açar, 8 manat pul, 01 ədəd “Samsung” və 01 ədəd “Kenxin da” markalı mobil telefonlar aşkar edilmişdir. Anarın üzərindən aşkar edilmiş açar və pul sonuncuya qaytarılsa da, mobil telefonlar təhqiqatçı tərəfindən götürülmüşdür. Anarın təqdim etdiyi bükümə baxış keçirilərkən içərisində açıq yaşıl rəngli, qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması və həmin büküm elektron tərəzində çəkilərkən ümumi çəkisinin 106 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdə olan maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Peyman adlı şəxsin vasitəsi ilə dörd gün öncə Binəqədi rayonu ərazisində tanımadığı qadından ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini, bundan əlavə yaşadığı mənzildə də narkotik vasitə saxladığını və həmin maddələri də təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Anarın üzərindən aşkar olunmuş bitki mənşəli kütlə zərfə qoyaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Anar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər, orada Anarın arvadı Şahid3 da ərizə alınmış və sonuncuya da mənzilə keçirilən baxışda iştirak etməsi təklif edilmişdir. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və sonuncuya qanunsuz maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mətbəxdə olan dolabın üst hissəsindən 01 ədəd ağ rəngli sellofan torbanı təqdim edərək içərisində qurudulmuş marixuana və elektron tərəzi olduğunu bildirmişdir. Həmin torbanın içərisinə baxış keçirilərkən 01 ədəd elektron tərəzi və narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Həmin bitki kütləsi elektron tərəzidə çəkilərkən qablaşdırma ilə birlikdə ümumi çəkisinin 1 kq 705 qram olması müəyyən edilmişdir. Sonra aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra digər otaqlara baxış keçirilmiş və qonaq otağındakı masanın üzərindən 02 ədəd bank kartları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni də İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Peyman adlı şəxsin vasitəsilə dörd gün əvvəl Binəqədi rayonu ərazisində tanımadığı qadından ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Anar tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bütün hərəkətlər qanun çərçivəsində aparılmış, Təqsirləndirilən şəxs heç bir təsir və təzyiq olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 3 il olar ki, qeyrirəsmi ər-arvad münasibətində olmuşlar, münasibətləri həmişə yaxşı olmuşdur. Anar fəhləlik edib ailəsini dolandırmışdır. Anarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu barədə onun heç bir məlumatı olmamışdır. 2022-ci ilin sentyabr ayının 14də polis əməkdaşları onların evinə gələrək Anarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, həmçinin bununla bağlı yaşadığı evə baxış keçirilməli olduğunu demişlər. O da bu barədə ərizə vermiş və polis əməkdaşları evlərinə baxış keçirən zaman Anarın əşyalarının arasında mətbəxdə olan dolabın içərisindən narkotik vasitə aşkar edib götürmüşlər. Onun Anarın həmin narkotik vasitəni evlərinə gətirib gizlətməsindən heç bir məlumatı olmamışdır. Anarın öz telefonu olmadığı üçün onun “Samsung” markalı telefonunu istifadə etmiş, lakin həmin telefondan eyni zamanda o da istifadə etmişdir. Anarın həmin telefonda konkret olaraq kimlərlə danışmasından və yazışmasından məlumatı olmamışdır (cild 1, iş vərəqə 132-134). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsin vasitəsilə tanımadığı qadından alıb ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 33-36, 61-62). Mənzilə baxış keçirilməsi və götürmə haqqında 14 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına sonuncunun razılığı və iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs mənzildə olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs mənzildə olan mətbəxdəki dolabın üst hissəsində gizlətdiyi 01 ədəd ağ rəngli torbanı təqdim etmişdir. Həmin torbanın içindən 01 ədəd elektron tərəzi və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşı Peyman adlı şəxsin vasitəsilə tanımadığı qadından alıb ayrı-ayrı yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirmişdir. Baxış zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 41-43, 63-64). Məhkəmə-bioloji ekspertizasının 15 sentyabr 2022-ci il tarixli, 7/1039 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 84,312 qram və yaşadığı evindən götürülmüş bir ədəd bağlamada təmiz çəkisi 1640,0 qram, ümumi çəkisi 1724,312 qram olan bitki mənşəli kütlələr tərkiblərinə görə eyni olub, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspert tədqiqatından sonra marixuananın qalıq çəkisi 1724,212 qram təşkil etmişdir (cild 1, iş vərəqə 50-54). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 sentyabr 2022-ci il tarixli, 5435 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 136-137). Diskə baxış keçirilməsi haqqında 06 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 16:54:59-da ***-***-**-** saylı mobil nömrəyə “Qaqa08 ele 20 manatdi pul 08 duzelt”, xx.xx.2022-ci il tarixdə saat 23:18:58-də ***-***-**-** saylı mobil nömrədən “wey var ? istiyen var bir de qaqa mene bir iki manat versen kartdan ataram sene falqaya zada indi yoxdu usdumde”, xx.xx.2022-ci il tarixdə saat 23:20:16-da ***-***-**-** saylı mobil nömrədən “Qaqas canivi yeyerem alinirsa mene srocnu yari lazimdi tekem nolar alinirsa hell ele de”, xx.xx.2022-ci il tarixdə saat 02:ll:32-də ***-***-**-** saylı mobil nömrədən “Anar salam qaqas..Qardawimsan alinirsa 40 manatim var heresinden goturumde yarı”, xx.xx.2022-ci il tarixdə saat 21:28:00-da ***-***-**-** saylı mobil nömrədən “X6 20manatda X9 X3 X8”, xx.xx.2022-ci il tarixdə saat 21:18:35-də ***-***-**-** saylı mobil nömrədən “30 manat demisem verecey metilerde iksi qalib saba satib verecem yani qaa das normal olsaydi hindiye hamsin vermişdim sabada pul verecem narahat olma” məzmunlu mesajlar göndərilmişdir (cild 1, iş vərəqə 145-146). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 22 oktyabr 2019-cu il təvəllüdlü bir azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 100-101). İbtidai istintaq orqanının 06 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 1, iş vərəqə 167- 168). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 102). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində narkotik vasitənin olmaması və yaşadığı evdə yalnız 400 qram çəkidə narkotik vasitəni saxlaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən özünün narkotik vasitənin satışı ilə məşğul olmasını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 14 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 24, 88-93). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1724,212 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 51,187). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 14 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 1724,212 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına vəkil X4 üçün 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar