Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-639/2024 18.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:25 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilmişdir onda ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,751 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 31 mart 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılaraq 15-ci Polis Bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə satış məqsədi olmadan əldə edib üzərində daşımaqla saxladığı təmiz çəkisi 2,751 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, 28 mart 2023-cü il tarixdə onların məhəlləsində yaşayan qonşuları millət vəkili Fazil Mustafayev güllələnmişdir. Onların evlərinin arasında təxminən 30-40 metr məsafə vardır. Həmin gün atışma olanda onlar evdə iftar etmişlər. Axşam polislər gələrək onların qapısını döymüş və evdə kamera olub-olmadığını soruşmuşlar. O, evlərində kamera olmadığını, amma həmin ərazidə yəqin ki, kamera olduğunu bildirmişdir. Ayın 29-da səhər polislər yenidən gələrək ona “sənin daha əvvəl cəza çəkmən olub” deyə bildirmişlər, o da “bəli olub, 26 avqustda çıxmışam, ayın 30-da işə başlamışam, səhər işə gedib, axşam gəlirəm” demişdir. Onu 15-ci Polis Bölməsinə dəvət etmişlər. O da anası ilə birlikdə həmin Polis Bölməsinə getmişdir. Polis Bölməsində ondan narkotik istifadə edib-etmədiyini soruşmuşlar, o da istifadə etmədiyini bildirmişdir. Həmin gün onu buraxmışlar. Amma gecə saat 11-12 radələrində üç nəfər polis əməkdaşı yenidən onun evinə gəlmişlər. Həmin vaxt əsas əməliyyatçı Ramil olmuşdur. Polis əməkdaşları ona “millət vəkilinin evinin kamerasına bir qadın düşüb, sənin yoldaşından şübhələnirik” deyə bildirmişlər. Bundan sonra yoldaşı ilə birlikdə polis bölməsinə getmişlər. Həyat yoldaşını və onu ayrı-ayrı otağa salmışlar. Orada onu döyməyə başlamışlar, ona “sən türmədə olmusan, bilərsən cinayətkar hara qaçıb” deyə bildirmişlər. Sonra tanımadığı bir nəfəri gətirmişlər və bildirmişlər ki, “bu adam deyəcək ki, Yunisdən mal almışam”. O isə 5-6 aydır türmədən çıxdığını, səhər-axşam işlədiyini, çıxandan sonra 10 gündən bir gedib qol çəkdiyini, üstəlik qeydiyyatda olduğu rayonun sahə müvəkkilinin onu aparıb narkotikə görə yoxlatdırdığını bildirmişdir. Polislər ona “sənə də, yoldaşına da 10 kiloqram nəşə qoyacağıq” demişlər. Rəis ona “statistika ilə 310 nəfər adam göndərməliyəm” deyə bildirmişdir. Səhərə qədər onu döymüşlər, yoldaşını da orada saxlamışlar. Axırda yuxarı qalxmış və “yoldaşımı saxlamayın burda” demişdir. Ona “bir şərtlə ki, çəkilişdə bu narkotiki götür” deyə cavab vermişlər. O, burada nə qədər narkotik olduğunu soruşanda ona “narahat olma, 234.1-lə buraxacayıq səni, sadəcə tapşırıq gəlib ki, səni 10 kq nəşə ilə tutaq” demişlər. Həyat yoldaşı buraxılandan sonra çəkilişə razı olmuş və ona necə tapşırmışdılarsa çəkilişdə də elə demişdir. Necə onun cibinə qoymuşdularsa elə də götürüb çəkilişdə qoymuşlar. Həmin narkotikdə onun heç barmaq izi də yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, istintaqda birinci verdiyi ifadəni təzyiq altında vermiş, Kürdəxanıya gələndən sonra ifadəsini dəyişmişdir. Onu məhkəməyə saat 5-də aparmışlar, məhkəmədə də hamısını demişdir. Onu evdən aparanda günorta saat 12-1 radələri idi. Həmin vaxt evdə xalası, anası, xalası oğlu, həyat yoldaşı və uşağı olmuşdur. Qızının 14 yaşı var. Birinci dəfə onu deputatla bağlı aparmışlar, həmin vaxt anası ilə birlikdə getmişdir. Ondan izahat almamışlar. Polislər gecə evə gələndə onlar yatmışlar. Əvvəlcə darvazanı döymüşlər, amma o eşitməmişdir. Sonra isə pəncərəni döymüşlər. Əməliyyatçı Şahid1, sahə müvəkkilini və Lətif adlı şəxsi tanıyır. Onu və həyat yoldaşını rəisin maşını ilə Bölməyə aparmışlar. Bölmədə Ramil və 7-8 nəfər onu döyməyə başlamışdır. Narkotiki onun cibinə Şahid1 qoymuşdur. Evdə axtarış aparmamışlar. Üstündə telefon olmamışdır, telefon “zaryatkada” olmuşdur. Anası ilə polisə gedəndə içərisində ***-***-**-** mobil telefon nömrəsi olan telefonu olmuşdur. Xəsarət alması ilə bağlı her yerə şikayət etmiş, təcridxanaya gedəndə də bildirmiş, baş həkim ondan izahat da almışdır. Axtarış zamanı vəkili olmamış, vəkili ona sanksiya veriləndə görmüşdür. Onu birinci dəfə martın 29-da Polis Bölməsinə aparmışdılar. Birinci günorta aparmışlar, bir saat qaldıqdan sonra çıxmışlar. Sonra isə gece aparmışlar, səhərə qədər orada qalmışlar. Mart ayının 28-dən 1 ay müddətində həmin ərazidə her yerdə post olmuşdur, o narkotiklə necə keçə bilərdi polislərin yanından?!. Ayın 30-da günorta saat 1-də anası ona yemək gətirmişdir. Martın 29-dan çölə çıxmamışdır. Telefonu da evdə olmuşdur. X11 arasındakı məsafə piyada 7-8 dəqiqədir. Onu iki gün döymüşlər, boynuna götürməmişdir. Ailəsi ilə hədə-qorxi gələndən sonra məcbur olmuşdur. Evdə axtarış aparmamışlar, ancaq həyətə girmişlər və evin arxasına baxmışlar. Anası hər yerə şikayət etmiş, o da Kürdaxanıya gələndən sonra aclıq elan etməyə başlamışdır. Həyat yoldaşı orada olanda ona nə veriblərsə imzalamışdır. Bölmədə vəkil görməmiş, ancaq sanksiyada görmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkli Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat tədbirinin keçirilməsi üçün rəhbərliyə raportla müraciət edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. 31 mart 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvan 4 ünvanın yaxınlığında saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində təhqiqatçı tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Şahid1 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs Zabrat qəsəbəsi, ünvan 4 ünvanın yaxınlığında müəyyən etmişlər. Əməliyyat qrupuna o özü rəhbərlik etmiş, qərarı da özü qəbul etmişdir. Əməliyyatçı Şahid2 də əməliyyat qrupuna daxil olmuşdur. O, Təqsirləndirilən şəxs evinə getməmişdir. Onlar deputat Fazil Mustafa ilə bağlı araşdırma aparmamışlar. 31 marta qədər Yunisin izahatını almamışdır. Şahid2 də 31 marta qədər Təqsirləndirilən şəxs saxlamamış, izahatını almamış, bu barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəyə görə əvvəllər həbs olunub, yəni bütün prosesləri bilir. O, öyrədilib, onun söylədikləri doğru deyil, yalandır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin digər əməkdaşı Şahid2 göstərdi ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bölmə rəhbərliyinə raportla müraciət edilmiş və əməliyyat qrupu təşkil edilmişdir. 31 mart 2023-cü il tarixdə təxminən saat 16 radələrində Şahid1lə birlikdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 4 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər və onu 15-ci Polis Bölməsinə dəvət etmişlər. X8 Quliyevə üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa təqdim etməsi təklif edilmiş, sonuncu da şalvarının sol yan cibindən bir ədəd bükümdə heroinə bənzər narkotik vasitəni çıxararaq təqdim etmişdir. Şahid2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin şəxsi Zabrat qəsəbəsi, ünvan 4 ünvanın yaxınlığında müəyyən etmişlər. Təqsirləndirilən şəxs tutularkən onlara müqavimət göstərməmiş, onlar da sonuncuya qarşı hər hansı bir təzyiq göstərməmişlər. Təqsirləndirilən şəxs əvvəllər iki dəfə 234.1-ci maddə ilə məhkum olunduğunu müəyyən etmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özündən müdafiəçinin iştirakı olmadan axtarış aparılmasına razı olub-olmadığı soruşulmuş, o da razı olduğunu bildirmişdir. Özü 10 aydır ki, əməliyyat müvəkkili işləyir, Təqsirləndirilən şəxs əvvəllər görməmişdir. Təqsirləndirilən şəxs evində olmamışdır. Əməliyyat məlumatını alanda səhər saat 4 radələri olmuşdur. Təqsirləndirilən şəxs Polis Bölməsində nə qədər qaldığını bilmir. Polis heç bir şəxsin tutulmasında, azadlığının əlindən alınmasında, inzibati məsuliyyətə cəlb olunmasında maraqlı deyil. Müdafiəçini görüb-görmədiyini xatırlamır. Əməliyyat məlumatı bölməyə daxil olmuşdur. Əməliyyat qrupunun rəhbəri özü olmuş, Şahid1 isə qrupun üzvü olmuşdur. Həmin vaxtlar o, cəmi 5 ay idi ki xidmət edirdi, o vaxt hələ məxfiçiliyə buraxılmamışdı, ona görə ola bilərdi ki əməliyyat qrupuna Şahid1 rəhbərlik etmiş olsun. Emin Əmrahov əməliyyat müvəkkilidir, sonuncu bu iş üzrə əməliyyat tədbirində işirak etməmişdir. Əməliyyat məlumatının kimə daxil olduğu yadında deyil. Məhkəmədə şahid qismində dindirilmiş X9 göstərdi ki, onlar millət vəkili Fazil Mustafa ilə qapı qonşudurlar. 2023-cü ilin mart ayının 28-də Fazil Mustafaya sui-qəsd olan gecə polis əməkdaşları bütün qonşuların evini gəzərək onu vuran şəxsi axtarmışlar. Polislər onların da evinə daxil olmuşlar, sağa-sola baxmışlar, sonra isə çıxıb getmişlər. Mart ayının 29-da səhər sahə müvəkkili və iki əməliyyatçı yenə onların evinə gəlmiş və oğlunun 15-ci Polis Bölməsinə gedib ifadə verməli olduğunu bildirmişlər. O, oğlunu tək buraxmağa ürək etməmiş və onunla birlikdə 15-ci Polis Bölməsinə getmişdir. Orada onların ifadəsini almışlar, sonra isə buraxmışlar, onlar da evlərinə gəlmişlər. Həmin gün, yəni 29 martda axşam qapı döyülmüş, sahə müvəkkili, polkovnik gəlmiş və əlində telefon göstərib Fazil Mustafanın vurulmasından 10 dəqiqə öncə gəlininin kameranın qabağından keçdiyini bildirmişlər. O da həmin videonu izləmiş, ancaq videodakı qadının onun gəlini olmadığını bildirmişdir. Polkovnik iki gündür yatmadığını, halının pis olduğunu bildirmiş, o da polkovnikin təzyiqini ölçərək dərman vermiş, sonra hər iki polisə çay vermiş və onlar getmişlər. Bundan 15 dəqiqə sonra əməliyyatçılar daxil olmuşlar, gəlininin və oğlunun ifadə verməli olduqlarını, buna görə onlarla getməli olduqlarını bildirmişlər. Onlar gedəndən sonra o, bir saat, iki saat gözləmiş, amma onların gəlmədiklərini görüb Polis Bölməsinə getmişdir. Polis Bölməsində ona həmin işlə bağlı 200-300 adam götürdüklərini, dindirmələr getdiyini, narahat olmağa ehtiyac olmadığını bildirmişlər. Artıq martın 29-dan 30-na keçən gecə saat 2 radələrində o, evə getmiş, səhər yenə Polis Bölməsinə gələrək uşaqlarını göstərmələrini tələb etmiş, amma ona onların zirzəmidə olduqlarını bildirərək getməsini istəmişlər. O, iki sutka - 30-31 mart tarixlərində nəvəsi ilə birlikdə Polis Bölməsinin qabağından çəkilməmişdir. Ayin 31-də polislərə “hara lazımdırsa müraciət edim, uşaqlarımı görməliyəm” demişdir. Həm də o, dənizdə işləyir, bir ay müddətində evdə olur, artıq ayin 1-dən dənizə işə getməli olmuşdur. Çox həyəcanlı olmuş, ağlamış, özünü yıxıb öldürmüş, bundan sonra onu içəri buraxmışlar. Bölməyə girən kimi sağ qapı var, o, otaqlara baxa-baxa balasını axtarmışdır. Qəfildən otaqda oğlunu görmüşdür. Oğlunun başının sağ tərəfindən qan gəlmiş, üzü-gözü qan içində olmuş, əynindəki şalvar onun deyilmiş, əynində kurtkası olmamışdır. Oğlu binaya girən kimi sol tərəfdə axırıncı qapı olan otaqda idi. Oğlu ancaq gəlinini soruşmuş, ondan gedib Ramiləyə baxmasını istəmişdir. X6 dəhlizində idi, o da şikayətlənərək çox təhqiredici ifadələr eşitdiyini, onu da təhqir etdiklərini, onu narkoman adlandırdıqlarını, əl-ayağını göstərməsini tələb etdiklərini bildirmişdir. O, gəlini götürüb gedəndə orada bir nəfər ona “xala, oğlun getdi” deyə bildirmişdir. Sonra 15-ci Polis Bölməsində əməliyyatçı işləyən Şahid1 adlı şəxs ona 10 dəqiqə vaxt verərək 5000 manat gətirməsini, əks halda 11-ci dəqiqədə oğlunun həbs ediləcəyini bildirmiş, o isə cibində 50 manatının da olmadığını demişdir. Hər şey həmin əməliyyatçının dediyi kimi olmuşdur. O, həm ayın 30-da, həm də 31-də oğluna Polis Bölməsinə yemək aparmışdır. Oğlunu ayın 31-də axşam görmüşdür. 31 mart təxminən saat 16 radələrində gəlini buraxmışlar, o da gəlinini evə gətirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 göstərdi ki, 28 mart 2023-cü il tarixdə onlar yaşayan ərazidə millət vəkili Fazil Mustafayev güllələnmişdir. Bu hadisə ilə əlaqədar həmin gün axşam polis əməkdaşları, adını bilmədiyi polkovnik onlara gəlmiş, evdə olan bütün şəxslərdən, hətta uşaqlardan da şifahi izahat alıb getmişlər. Daha sonra 29 mart 2023-cü il tarixdə polis əməkdaşları təkrar olaraq səhər saat 11-12 radələrində onların evinə gəlib həyat yoldaşını və qaynanasını izahat adı ilə aparmışlar, təxminən bir saat sonra onlar izahat verib evə qayıtmışlar. Daha sonra yenə axşam radələrində saat 21-22 radələrində polkovnik gəlib bildirmişdir ki, o ərazidə yaşayan və kameraya düşən bütün xanımlar bölmədə izahat verməlidirlər, çünki araşdırma aparılır. Hətta həmin ərazidə kameraya düşən qadının videosunu əri Yunisə göstərmiş, Yunis də həmin videoya baxıb orada görünən qadının onun həyat yoldaşı olmadığını bildirmişdir. Həmin vaxt onların evində olan polkovnik özünü pis hiss etmiş, qaynanası ona çay vermiş, təzyiqini ölçmüşdür. Polis əməkdaşları getmiş, sonra həmin gecə təkrar olaraq saat 23:00 radələrində onlara gəlmiş, onun izahat verməsi üçün onlarla getməli olduğunu bildirmişdir. Həm də, həmin ərazidə o yaşda olan qadınların hamısının izahatının alındığını demişdir. Həyat yoldaşı onu tək qoymamış və bir yerdə markasını bilmədiyi ağ, hündür avtomobil ilə getmişlər. Onu bölmədə əvvəl yoldaşı ilə bir otağa salmışlar, sonra ayırıb, ayrı-ayrı otaqlarda saxlamışlar. Ondan izahat almaqla yanaşı ona şər atmışlar, təhqir etmişlər, şantaj etmişlər. Yoldaşını görəndə onun qulağında qurumuş qan və qançır olmuşdur. Onun özünü iki gün zirzəmidə saxlamışlar, onunla pis rəftar etmişlər. Onları 29 mart tarixində aparıb bölmədə saxlasalar da sənədləşmədə 31 mart qeyd edilmişdir. Orada zirzəmidə məhz millət vəkilinin güllələnməsi ilə bağlı digər şəxslər də olmuşdur. 31 mart tarixinə qədər orada zirzəmidə qalmış, sonra qaynanası gəlib onu aparmışdır. Yoldaşını təhqir edib onu həbs edəcəkləri ilə hədələyib sənədlərə imza etdirmişlər. Onun yoldaşı evdən çıxanda əynində krem rəngində şalvarı olsa da 01 mart tarixində ona yemək aparan zaman əynində başqa rəngdə şalvar olduğunu, qulağında qurumuş qan ləkəsi olmaqla şişmiş vəziyyətdə olduğunu görmüşdür. Şahid X3 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, onu və yoldaşını əvvəl polisdə zirzəmidə saxlamışlar, sonra onları ayrı-ayrı otağa keçirəndə yoldaşı Təqsirləndirilən şəxs səsini, bağırtısını eşitmişdir. Bölmədə olarkən qaynanası onlara iki ədəd dönər və 5 ədəd qutab gətirmişdir. 31 mart tarixində o, bölmədən çıxdıqdan sonra 01 mart tarixində özü Yunisə dönər və ayran gətirmişdir. Həmin vaxt da Yunisin əynində başqa şəxsə məxsus paltarlar olmuş, ayağı və qulağı şişmiş vəziyyətdə olmuşdur. Onların hər ikisinin üzərində mobil telefon olmamışdır. Həyat yoldaşı Təqsirləndirilən şəxs ilə yaşadığı müddət ərzində onun narkotik vasitədən istifadə etməsi halı olmamışdır. Həmin gecə dəfələrlə polis əməkdaşının onlara gəlməsinə və izahat almasına baxmayaraq yoldaşının cibindən narkotik vasitə aşkar olunması absurddur, həqiqətə uyğun deyildir. Yoldaşına məxsus krem rəngli şalvarı öz əlləri ilə geyinməsi üçün ona vermiş, şalvarın cibində heç bir narkotik vasitə olmamışdır. Şəxsi axtarış və götürmə aparılması haqqında 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 28-29, 56). Məhkəmə-kimyəvi ekspertizasının 01 aprel 2023- cü il tarixli 6/1901 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün № 168” dairəvi möhür əksi olan,“Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi - 2,751 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in Siyahısına (Siyahı İ) daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,701 qram təşkil etmişdir (cild 1, iş vərəqə 38-41). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 aprel 2023-cü il tarixli 2258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 112-113). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 28 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan başqa, o, Bakı şəhəri Sabunçu Rayonu Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, 09 dekabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır (cild 1, iş vərəqə 86-87). Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onun həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə, ibtidai istintaq orqanının təqdim etdiyi sübutlar məcmusunun, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş əlavə sübutların tədqiqi nəticəsində ibtidai istintaq orqanının satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma ittihamının əsaslandırılması üçün təqdim etdiyi sübutların təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirmədiyi qənaətinə gəlir. Məhkəmə qanunu rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməklə bu nəticəyə gəlir və ibtidai istintaq orqanının həmin ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmim Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həqiqətən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadələrindən görünür ki, o, istintaqın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən elan olunmuş ittihamın məzmununa oxşar ifadə vermişdir. Lakin, istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ilkin izahat və ifadəsini dəyişmiş, bunun səbəbini polis əməkdaşları tərəfindən edilmiş təzyiqlərlə əlaqələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərarındakı hüquqi mövqeyi nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadələrinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlillərini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə tərəfindən Bakı İstintaq Təcridxanasına sorğu göndərilərək Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına qəbul edilərkən onun tibbi müayinəsi zamanı üzərində hər hansı xəsarətin(lər) aşkar edilib-edilməməsi barədə məhkəməyə məlumat verilməsi, xəsarət(lər) aşkar olunduğu halda bununla əlaqədar aidiyyəti məlumatların verilibverilmədiyi, eyni zamanda, tibbi müayinə və mümkün müalicə ilə bağlı müvafiq sənədlərin surətini Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı İstintaq Təcridxanası tərəfindən həmin sorğuya xx.xx.2023-cü il tarixli 3-16- 17/38/2-6019/2023 saylı məktubla cavab verilərək göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sağ təbil pərdəsinin arxa yuxarı kvadratının sallanmış hissəsinin perforasiyası müşahidə olunmuşdur. Məktuba əlavə olunmuş tibb kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs həbs edilən zaman xəsarət aldığını bildirmişdir. Amma istintaq orqanı tərəfindən bu fakt üzrə vaxtında araşdırma aparılmamışdır. Belə ki, Sabunçu rayon Prokurorluğunun cinayət işinin rədd edilməsi haqqında 05 iyun 2023-cü il tarixli qərarından görünür ki, X9 rayon prokurorluğuna ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən döyülərək zorakılığa məruz qalması barədə məlumat vermişdir. Həmin məlumat üzrə araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə uyğun izahat verərək 15-ci Polis Bölməsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirmişdir. X1 və Şahid1 izahatları alınmış, onlar Yunis Quliyein göstərdiyi xüsusatları inkar etmişlər. Qərarda məhkəmə-tibb ekspertizasının 24/TS saylı rəyinə istinad olunmuş amma həmin rəyin hansı tarixli rəy olduğu göstərilməmişdir. Qeyd olunan rəydə göstərilmişdir ki “Bakı İstintaq Təcridxanasının tibbi sanitar hissəsinin həkimi Təqsirləndirilən şəxs müayinə edərkən ona “sağ təbil pərdəsinin arxa yuxarı kvadratının sallanmış hissəsiinin perforasiyası” diaqnozu qoymuşdur. Göstərilən diaqnoz Təqsirləndirilən şəxs sağ qulaq seyvanında, xarici qulaq keçəcəyində, təbil pərdəsi üzərində xəsarətin obyektib əlaməti olan qançır, sıyrıq, şişkilik, qansızma və sair əsaslandırılmadığından, həmin diaqnoz xəsarət kimi məhkəmə-tibbi qiymətləndirmək, eləcə də əmələ gəlmə mexanizmi və müddəti barədə fikir söyləmək mümkün deyildir”. Göründüyü kimi məhkəmə-tibbi ekspertizasının rəyində xəsarətin əmələ gəlmə mexanizmi və müddəti barədə fikir söyləməyin mümküm olmadığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.3-cü maddəsinə əsasən məhkəmə qərarına əsasən həbs olunmuş şəxs müvəqqəti saxlama yerində 24 saatdan artıq saxlanıla bilməz və bu müddət bitənədək o, istintaq təcridxanasına keçirilməlidir. Yunus Quliyevin barəsində Sabunçu Rayon Məhkəməsində 01 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilməsinə baxmayaraq o, istintaq təcridxansına 03 aprel 2023-cü il tarixdə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindəki xəsarətlər 03 aprel 2023-ü il tarixdə Bakı İstintaq Təcridxanasında qeydə alınmışdır. Buna baxmayaraq istintaq orqanı bu xüsusat üzrə susqunluq və hərəkətsizlik nümayiş etdirmiş, Təqsirləndirilən şəxs döyülməsi və işgəncələrə məruz qalması faktı üzrə vaxtında (yəni, xəsarət izləri əhəmiyyətli dərəcədə bilinən zaman) lazımi qaydada araşdırmanı təmin etməmişdir. Belə ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar belə 05 iyun 2023-cü il tarixdə, yəni şəxsin tutulmasından 2 aydan çox vaxt keçdikdən sonra qəbul olunmuşdur. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutlar təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı araşdırma aparılsa da, bu formal olmuş, zorakılıqla bağlı ibtidai araşdırmanın formal və səthi olması, araşdırmanın gec başlaması qəbul edilmiş qərarın məzmunundan da görünür. Prokurorluq təqsirləndirilən şəxsin ona işgəncə verən şəxslər kimi göstərdiyi, əməliyyat-axtarış tədbirində, istintaq hərəkətində iştirak etmiş polis əməkdaşlarını dindirməklə kifayətlənmiş, onların verdikləri ifadələrin yoxlanılması üçün başqa tədbirlər görməmiş, daha ətraflı araşdırma aparmamışdır. Nəticədə ortada işgəncə barədə iddia olunduğuna, lakin həmin idddianın yoxlanılması üçün adekvat araşdırma aparılmadığına görə işgəncənin olub-olmaması məsələsi üzrə mövcud şübhələr aradan qaldırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” 18 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təqibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır”. Hazırkı işin hallarına gəlincə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qalması aydın görünür. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun Polis Bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Polis bölməsinə gətirilərkən xəsarəti olmayan və qeydə alınmayan şəxsin oradan çıxdıqdan sonra xəsarətlərinin olması və bunun ağlabatan izahının olmaması müdafiə tərəfinin həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsi ilə bağlı dəlillərinin təkzibini mümkünsüz edir. Eyni zamanda, prokurorluq orqanında müvafiq araşdırma aparılan zaman Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşları da izahatlarında Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olması barədə hər hansı xüsusat bildirməmişlər, onda hər hansı xəsarət görmədiklərini vurğulamışlar. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin bütün ifadələrini yoxlayaraq, ifadələrini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələr mötəbərdir, iş materialları ilə tamamlanır. İstintaqın ilkin mərhələsində vermiş olduqları ifadələr isə təzyiq və təsir nəticəsində verildiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul oluna bilməz. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2023-cü il tarixdə saat 16:00 radələrində yaşadığı ünvanın - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 5 saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparılmış, həmin Polis Bölməsinin təhqiqatçısı tərəfindən 17:32 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, saat 17:55 dəqiqədə isə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin barəsində şəxsi axtarış və götürmə faktiki olaraq onun tutulduğu vaxtdan 1 saat 55 dəqiqə sonra aparılmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvan 15-ci Polis Bölməsinin yaxınlığında yerləşməsinə baxmayaraq onun üzərinə 1 saat 55 dəqiqə sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxsin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 2 saata yaxın vaxtın keçməsi narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxsin saxlanılmasından dərhal və ya qısa müddət sonra onun üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. Məhkəmə ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı bir sıra xüsusatları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından müəyyən olunur ki, təhqiqatçı tərəfindən 7 saylı Vəkil Bürosunun vəkillərinin növbətçilik siyahısı iş materiallarına əlavə edilərək müdafiəçi təyin edilməsi barədə qərar qəbul edilib həmin Vəkil Bürosuna göndərilmişdir. Həmin Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs təqdim olunması barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs də təhqiqatçıya ərizə ilə müraciət edərək hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir (cild 1, iş vərəqə 12-16, 22). 31 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulması barədə həmin gün saat 17:32-də tərtib olunmuş protokolla o və müdafiəçisi Vüqar Əhmədov elə həmin tarixdə imzalamaqla tanış olmuşlar, müdafiəçinin həmin protokolda, habelə müdafiəçinin təyin olunması ilə bağlı tərtib edilmiş digər sənədlərdə imzası vardır. Lakin cəmi 23 dəqiqə sonra şübhəli şəxsin üstünə axtarış keçirilməsi və götürmə aparılması zamanı müdafiəçi həmin istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. Təqsirləndirilən şəxs istintaqın ilkin mərhələsində verdiyi ifadədə göstərmişdir ki, “... həmin vaxt üzərimdə narkotik vasitə heroin olduğundan üzərimə şəxsi axtarış aparılmazdan əvvəl vəkilin iştirak etməsindən imtina etdim ki, vəkil üzərimdən narkotik vasitə olan heroinin aşkar olunmasını özü gözü ilə görməsin ki, gələcəkdə məni ürəkdən müdafiə edə bilsin”. Halbuki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Polis Bölməsində ümumiyyətlə ona müdafiəçi təqdim olunmadığını, müdafiəçinin ilk dəfə yalnız barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə gördüyünü bildirmişdir. Bu xüsusat da öz-özlüyündə, həmin ifadənin həqiqəti əks etdirməməsinə, Təqsirləndirilən şəxs həmin ifadəsini təsir altında imza etməsi barədə dəlillərinin əsaslı olmasına dəlalət edir. “Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs məhkəmə-kimyəvi ekspertizasının 31 mart 2023-cü il tarixli 6/1901 saylı rəyi tanış etmişdir. Protokol şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Halbuki məhkəmə-kimyəvi ekspertizasının 6/1901 saylı rəyi 31 mart 2023-cü il tarixli deyil 01 aprel 2023-cü il tarixlidir. Yəni faktiki olaraq şübhəli şəxsin həmin rəy ilə 31 mart 2023-cü il tarixdə tanış edilməsi mümkünsüzdür. Bütün bu hallar müdafiəçinin müvafiq sənədləri imzalaması vaxtı ilə bağlı əsaslı şübhələr yaradır. Bütövlükdə müşahidə olunan bu mənzərədən şübhəli şəxsə artıq buna qədər real olaraq vəkilin təqdim edilməsi, vəkilin iştirakı ilə hüquq və vəzifələrinin izah olunması, şübhəli şəxsin tutulması haqqında qərarın elan edilməsi, şübhəli şəxs qismində tutulma haqqında protokolun tərtibi prosesində vəkilin iştirak etməsi, nəhayət bütün bunlardan sonra şübhəli şəxsin rəsmi ərizə ilə müraciət edib vəkilin iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etməsi ağlabatan və real hesab oluna bilməz. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən şübhəli şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməli olan, şəxsin tutulduğu andan müdafiəçinin yardımından istifadə hüququnu təmin etmək vəzifəsini daşıyan təhqiqatçının hərəkətləri müdafiə hüququnun kobud şəkildə pozulması ilə nəticələnən vəziyyət yaratmışdır. Məhkəmə istintaqı zamanı araşdırılmış cinayət işində olan materiallar və məhkəmə istintaqının gedişində əldə edilmiş sübutların tədqiqi onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və qanunuzidd hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, faktiki olaraq cinayət işi materiallarında mövcud olan sübutlar təqsirləndirilən şəxsin lehinə və əleyhinə olan sübutlar qismində iki kateqoriyaya ayrılmışdır. Cinayət işi materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onun əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokol, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan 31 mart 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardur. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə ilkin olaraq qeyd edir ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxs Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsinin tələblərinə əsasən, şübhəli şəxs statusuna düşməklə, həmin vəziyyətdə şübhəli şəxsin bütün mümkün hüquq və vəzifələrinə malik olur. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüquqlarını təmin etməlidir. Həmin Məcəllənin 92.3.9-cu maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə) cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.10.1-ci maddəsinə əsasən, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq müdafiəçiyə qadağan olunmuşdur. Həmin Məcəllənin 92.11.1-ci maddəsinə əsasən, müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək vəzifələrini yerinə yetirməlidir. Göründüyü kimi şübhəli (təqsirləndirilən) şəxsin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsi və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi müdafiəçinin vəzifəsi kimi təsbit edilmişdir. Amma hazırkı cinayət işi üzrə bütün halların obyektiv tədqiqindən sonra yaranan mənzərə bundan ibarətdir ki, sanki müdafiəçi 31 mart 2023-cü il tarixdə, saat 17:32-də Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə şübhəli şəxsi tutulması haqqında protokolu imzalamaq üçün gəlmiş, daha sonra videoçəkilişlə aparılan istintaq hərəkətlərində “şübhəli şəxsin ərizəsinə” əsasən iştirak etməmiş (Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.11.1-ci maddəsinə əsasən bütün mümkün vasitələrdən istifadə etməklə müdafiəni həyata keçirmək vəzifəsi olmasına baxmayaraq), bundan sonra isə Təqsirləndirilən şəxs ilkin izahatı alınarkən qayıdaraq təkrarən iştirak etmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən hüquqlarının dövlət hesabına təyin olunmuş müdafiəçi Vüqar Əhmədov tərəfindən müdafiə edilməsinə etirazının olmamasına dair yazılı ərizə verməsi, eyni zamanda, bütün prosessual hərəkətlərə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan keçirilməsini xahiş etməsinin izahını “ağlabatan” mühakimə əsasında tapmaq mümkün deyildir. Eyni zamanda, məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı israrla bildirmişdir ki, onun tutulmasında və digər hərəkətlərin heç birində əslində müdafiəçi iştirak etməmiş, adı çəkilən müdafiəçini yalnız məhkəmədə görmüşdür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Müdafiə hüququ ilə bağlı yuxarıda qeyd edilən halların məcmusuna əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan həyata keçirilmişdir. Belə ki, şübhəli şəxs tutulduqdan dərhal sonra şəxsi axtarışa məruz qalarkən tutulma prosessual məcburiyyət tədbirinin təsiri altında olmuşdur. İbtidai araşdırma orqanının bu halda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş vəzifəsini yerinə yetirməməsi və dövlət hesabına təyin olunmuş müdafiəçinin Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 92.11.1-ci maddələrinin tələblərini yerinə yetirməməsi, həmin Məcəllənin 19 və 92–ci maddələrinin kobud pozuntusu hesab olunur və məhkəmə kollegiyası hesab edir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2.3-cü maddəsinin tələbləri pozulmaqla əldə edilmiş sübutdur və həmin sübutlar (19 noyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəməkimyəvi ekspertizasının rəyi (rəyin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüzdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 232.4-cü maddəsinə əsasən şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. İzahatdan görünür ki, 31 mart 2023-cü il tarixdə şübhəli şəxsin izahatı alınarakən ona şübhənin mahiyyəti elan edilməmiş, habelə ifadə verməkdən imtina etmək hüququ izah edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şübhəli şəxsin 31 mart 2023-cü il tarixli ilkin izahatı da sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, sözügedən istintaq hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından və 31 mart 2023-cü il tarixli şəxsi axtarış və götürmə istintaq hərəkəti, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə-kimyəvi ekspertizasının rəyi (rəyin narkotik vasitənin Təqsirləndirilən şəxs aidiyyatı ilə bağlı hissəsi) mümkünsüz sübut hesab edildiyindən, şübhəli və təqsirləndirilən şəxsin əleyhinə olan 01 aprel 2023-ci il tarixli şübhəli və təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolların da mötəbərliyini şübhə altına almış olur. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. İbtidai istintaq orqanın sübut kimi istinad etdiyi şəxsi axtarış və götürmə aparılması barədə 31 mart 2023-cü il tarixli protokol və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd diskə baxış keçirilməsi barədə protokolla bağlı məhkəmə qeyd edir ki, bu kateqoriyalı cinayət əməllərinin törədilməsini təsdiq edən dəlillər məcmusunun daha çox məlumat yüklü kimi qiymətləndirilməli olan həmin sübutlarla bağlı ciddi pozuntulara yol verilmişdir. Belə ki, sübut kimi istinad edilən tərtib olunmuş yazılı protokol əslində aparılmış videoçəkilişin sonradan yazılı mətnə çevrilməsindən ibarət olub yalnız çəkilişdəkiləri olduğu kimi əks etdirməli olduğu halda tam fərqli xarakter daşıyır. Yazılı protokola əsasən saxlanılaraq Sabunçu rayon Polis İdarəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlanmazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı XİOMİ” markalı videokameradan istifadə olunmaqla videoçəkilişin həyata keçirilməsi barədə xəbərdar olunmuş, şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, habelə həmin Məcəllənin 20, 26, 90-cı maddələri izah edilmişdir. Protokola əsasən şəxsi axtarış saat 17:55 dəqiqədə, yəni şəxsin rəsmi tutulmasından 23 dəqiqə, faktiki tutulmasından isə 1 saat 55 dəqiqə sonra başlanmış və saat 18:00-da bitmişdir. Amma qeyd olunan yazılı protokolun mənbəyi olan videoçəkiliş tam fərqli məzmundadır və yazılı protokolla ziddiyyət təşkil edir. Elə videoçəkiliş və şəxsi axtarış prosesi bu təhrif olunmuş vəziyyətdə ittiham aktına daxil edilərək ona sübut kimi istinad edilmişdir. Belə ki, məhkəmədə tədqiq olunmuş həmin videoçəkilişə əsasən şəxsi axtarış və götürmə hərəkəti çəkilişə əsasən cəmi 4 dəqiqə 16 saniyə davam etmişdir. 4 dəqiqə 16 saniyənin isə 2 dəqiqə 20 saniyəsi təhqiqatçı tərəfindən narkotik vasitənin üstünün yazılmasına və zərfin yapışqanlanmasına sərf edilmişdir. Videoçəkilişi kimin aparması ümumiyyətlə nə yazılı protokoldan, nə də çəkilişin özündən məlum deyil. Videoçəkilişə əsasən təhqiqatçı sağ və solunda iki nəfər mülki geyimli polis əməkdaşının dayandığı Təqsirləndirilən şəxs heç bir hüquq və vəzifə izah etmir. Bundan başqa, şəxsi axtarış və götürmə aparılması barədə yazılı protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümü çıxarıb könüllü təqdim edərək onun içində heroin olmasını, həmin narkotik maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanımadığı və yaşadığı ünvanı bilmədiyi şəxdən 15 manata öz istifadəsi üçün aldığını bildirmiş, aşkar edilmiş büküm iki ədəd zərfdə qablaşdırılb götürülmüşdür. Amma videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əynində boz rəngli yox, krem rəngli şalvar var və o, narkotik vasitəni nə vaxt əldə etməsi və bükümün işərisindəki maddənin hansı növ narkotik vasitə olması barədə ümumiyyətlə heç nə bildirmir, aşkar olunmuş büküm isə iki yox, bir ədəd zərfdə qablaşdırılır. Şəxsi axtarışın videoçəkilişindən görünür ki, təhqiqatçı şübhəli şəxsə “vəkilin iştirakı olmadan üzərinizə baxış kemirilməsinə hər hansı etirazınız varmı?”, “siz 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bölməyə gətirilərkən sizə hər hansı zor tətbiq olunubmu?” kimi suallar vermiş, şübhəli şəxs isə “xeyr” deyə cavab vermişdir. Sanki belə təəssürat yaranır ki, təhqiqatçı həmin sualları verməklə hələ də polisin nəzarəti altında olan şübhəli şəxsdən cinayət təqibi orqanının mənafeyinə uyğun cavab almaq istəmiş, bununla da gələcəkdə həmin sübutu şübhə altına almaq imkanını aradan qaldırmağa nail olmağa çalışmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 31 mart 2023-cü il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən disk və onun əsasında tərtib edilən həmin tarixli protokol sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ona güc tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla və aldatma yolu ilə əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət- Prosessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə məhkəmə, ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə 2,701 qram təşkil edən narkotik vasitə olan heroin materiala əlavə edilməlidir. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilməlidiir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi “Yusifbəyli və partnyorları” Vəkil hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21, 42, 55, 344-350, 352, 353, 356-358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclası zalında dərhal həbsdən azad edilsin. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,701 qram təşkil edən narkotik vasitə olan heroinlə bağlı qərarın müəyyən edilməmiş qalan cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll ediləcəyi cinayət işi üzrə qəbul edilməli olması nəzərə alınsın. - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitə ilə bağlı keçirilmiş ekspertiza ilə əlaqədar 80 (səksən) manat məbləğində məhkəmə xərci dövlət büdcəsi vəsaiti hesabına aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-639/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-639/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver