Məhkəmə qərarları › İş №1(101)-641/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-641/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-641/2023 12.05.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi ilə, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, işləməyən,ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi olmadan külli miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 25 avqust 2022-ci il tarixdə saat 12:00-da Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən “Ballı” Ticarət Mərkəzinin yaxınlığında saxlanılıb Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin inzibati binasına aparılaraq üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən iki ədəd bükümdə təmiz çəkiləri 1,238 qram və 3,735 qram ümumi təmiz çəkisi 4,973 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o pis mühitə düşdüyünə görə narkotik vasitələrin istifadəçisi olmuşdur, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin polis əməkdaşları tərəfindən bölməyə aparılmış, şöbədə xəstə olduğunu və müalicəyə ehtiyacı olduğunu,lakin imkanı olmadığına görə müalicə oluna bilmədiyini,rahat nəfəs ala bilməsi üçün narkotik vasitə qəbul etdiyini, ürəyində asma olduğunu bu xəstəliyə görə ona 2-ci dərəcəli əllillik verildiyini, onun üzərində narkotik vasitə olmadığını, üstündə tapılan narkotik vasitənin ona məxsus olmamasını, yalnız narkotik vasitə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin nevroloji problemləri olduğunu, bununla bağlı olaraq özünü ifadə etməkdə çətinlik çəkdiyini, səbəbsiz əsəbləşdiyini, problemi ilə əlaqədar hər hansı bir xəstəxanada qeydiyyatda olmadığını, əkiz qardaşının da eyni xəstəlikdən əziyyət çəkdiyini, lakin sonuncunun narkotik vasitə istifadə etmədiyini bildirmişdir. Miqdarını onun qiyməti ilə müəyyən edərək narkotik vasitənin heroin növündən 1 il yarım müddətdir ki, həm çəkməklə, həm də digər yolla istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitəni tutulmadan 3 gün öncə 22 avqust 2022-ci ildən 25 avqust 2022-ci ilə qədər az da olsa istifadə etmişdir. O, Suraxanı ərazisində “Ballı” market ərazisində həyət evində qaldığını qeyd edərək, anasının ona evdə polis əməkdaşları olduğunu və sonuncunu çağırdığını, tutulan zaman yanında yalnız anasının olduğunu, polis əməkdaşlarının dəvəti əsasında könüllü olaraq polis bölməsinə getdiyini qeyd edərək iş yerinin olmadığını, arada dəmir yığmaqla məşğul olduğunu və bu işdən günlük 20 manat qazanaraq narkotik vasitəni də məhz bu qazancla əldə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs onu tutmağa gəlmiş polis əməkdaşını ilk dəfə gördüyünü, tutulduğu günə qədər hər hansı bir polis əməkdaşı tərəfindən ona xəbərdarlıq edilmədiyini, narkotikdən müalicə olunmaq məqsədilə onları çağırmadığını, şöbədə olarkən polis əməkdaşları ona sual verdikdə narkotik vasitənin istifadəçisi olduğunu bildirdiyini qeyd etmişdir. Həmçinin o niyə görə polis əməkdaşlarının onun adi qaydada narkotik vasitə qəbul edib-etmədiyini analiz verdirərək müəyyənləşdirmək əvəzinə sonuncunun üzərinə narkotik vasitə qoyub yüklədiklərinin səbəbini, hətta narkotik vasitəni sonuncuya kimin təklif etdiyini də bilmədiyini bildirmişdir. Polis əməkdaşı ona narkotik vasitə istifadə etməyinin problem yaratmayacağını, videoçəkiliş zamanı narkotik vasitəni filan yerdən aldığını bildirməsini, sonuncunun narkotik vasitəni cibinə qoyaraq çəkiliş zamanı təqdim etməsini bildirmiş, o da verilən narkotik vasitəni cibinə qoyaraq videoçəkiliş zamanı təqdim etmişdir. O əməliyyatçıların qanunsuz hərəkətlərindən şikayət etməmiş və barəsində Suraxanı rayon məhkəməsində həbs qətimkan tədbiri seçilən zaman hakimə üzərində narkotik vasitə olmadığını, əməliyyatçıların onu polis bölməsinə apardıqlarını bildirməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı yüngülvari fiziki zorakılıq tətbiq edilmişdir. Məhkəmə iclasında tədqiq edilərək elan edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrdən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif yerlərdən, tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 22 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, ancaq adını, ünvanını bilmədiyi şəxsdən 20 manat ödəməklə iki büküm narkotok vasitə heroin alaraq, sonradan istifadə etməsi üçün əynindəki şalvarın cibinə qoymuşdur. 25 avqust 2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində yerləşən “Ballı” Ticarət Mərkəzinin yaxınlığında olarkən ona mülki geyimdə olan iki nəfər yaxınlaşmışlar. Özlərini polis əməkdaşı kimi təqdim edib, ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış aparılması üçün onu Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları birlikdə 30-cu Polis Şöbəsinə getdikdən sonra ona hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil ona təqdim olunduqdan sonra o, ərizə yazaraq üzərində şəxsi axtarış keçirilən zaman vəkilin iştirak etməməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onu saxlayan polislərin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Əvvəllcə ona üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş hər hansı bir əşya olduğu təqdirdə çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli idman şalvarımın sağ yan cibindən içərilərində narkotik vasitə heroin olan iki ədəd şəffaf sellofan bükümlərini çıxarıb təqdim etmişdir. Həmin bükümlərə polis əməkdaşı tərəfindən baxış keçirilmiş və içərisində olması və haradan əldə etməsi soruşulduqda həmin maddənin narkotik vasitə heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə Yeni Günəşli qəsəbəsində üzdən tanıdığı, adını, ünvanını bilmədiyi şəxsdən 20 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Üzərində axtarış davam etdirilsə də, təqdim etdiyi bükümlərdən başqa hər hansı bir əşya, maddə-vasitə aşkar edilməmişdir. Təqdim etdiyi iki ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, zərfııı üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Bundan sonra özünün razılığı ilə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsində olan evinə baxış keçirilsədə, hər hansı bir əşya, mal götürülməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Suraxan Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməliyyat axtarış üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs haqqında ona ilk dəfə əməliyyat məlumatı daxil olmuşdur, əməliyyat məlumatının məzmununda narkotik vasitənin miqdarı barədə məlumat olmamışdır,digər polis əməkdaşlarına sonuncu haqqında əməliyyat məlumatının daxil olub-olmamasından məlumatlı yoxdur. Tarixi dəqiq xatırlamasa da Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Dədə Qorqud qəsəbəsi yaxınlığında saxlamış, şəxsi saxlayarkən onun yanında sahə inspektoru Həsən və Orxan Alsaxovun olmuş, onun üzərindən büküm halında narkotik vasitə olan heroin aşkar edilmişdir. Xatırladığı qədəri ilə narkotik vasitə Təqsirləndirilən şəxs tərəfindən Əhmədli metrostansiyası yaxınlığında əldə edilmişdir və onun narkotik vasitəni İran vətəndaşından zakladka üsulu ilə alması barədə məlumatı olmamışdır. Şahid1 təqsirləndirilən şəxsin yalnız anasını, sonuncunu da Təqsirləndirilən şəxs tutulduqdan sonra tanıdığını, onların məişət şəraitində görüşlərinin olmadığını, Təqsirləndirilən şəxs özünü isə sonuncunun yaşadığı ərazinin onun xidmət ərazisi olmadığına görə əvvəllər tanımadığını, təqsirləndirilən şəxs barəsində narkotik vasitələrinin qanunusuz istifadəsi, daşıması, dövriyyəsi ilə bağlı onun ailə üzvlərinin şikayəti ilə bağlı məlumatı olmadığını, təhqiqat otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirərkən onun üzərində olan narkotik vasitəni çıxararaq təqdim etdiyini və narkotik vasitəni satış üçün yox, şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı otağına təhvil verdikdə onun yanıda kimlərin olduğunu xatırlamır.Təqsirləndirilən şəxs polis bölməsinə təhvil verilərkın onun üzərinə müayinə keçirmədiklərini, onu əli açıq formada apardıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs polis bölməsinə aparılarkən polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir, və onun üzərində ola narkotk vasitədən qurtulmaq imkanı olmamışdır. Məhkəmədə Şahid2 ibtidai istintaq dövründə elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyniməzmunlu ifadələr vermişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 25 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa edilməsi, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi və s. məqsədləri ilə “X2 haqqında” Qanununa uyğun olaraq müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (Cild 1, iş vərəqə 5). 25 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən verilmiş mənzildə axtarış aparılmasına etiraz etməməsi barəsində ərizəyə müvafiq olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aparılan axtarış haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ünvan 4 ünvanında baxış istintaq hərəkəti həyata keçirilmiş, iş üçün əhəmiyyət kəsb edəcək hər hansı əşya aşkar edilməmişdir (Cild 1, iş vərəqə 34-37). Şəxsi axtarış və götürmə aparılması haqqında 25 avqust 2022-ci il tarixli protokoldan və şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməmişdən əvvəl ona qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Bakı şəhəri, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində adını, ünvanını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 20 manata aldığını bildirmişdir (cild 1, iş vərəqə 30-32). 26 avqust 2022-ci il tarixli məhkəmə- kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: AR DİN “Zərflər üçün №194“ möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...'’ və.s.sözlər, imzalar olan zərfdəki 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,238 qram, 3,735 qram ümumi təmiz çəkiləri 4,973 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005- ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş 'Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr’in İ siyahısına daxildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 4,833 qram təşkil etmişdir (Cild 1, iş vərəqə 47-49) . 15 dekabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 4,973 qram narkotik vasitə hesab olunan heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq çəkisi 4,833 qram təşkil edən narkotik vasitə hesab olunan heroinin saxlanılması üçün Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməsi, təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntüləri özündə əkst ediən DVD diskin cinayət işi materiallarında saxlanılması müəyyənləşdirilmişdir(Cild 1, iş vərəqə 132-138). Məhkəmə ambulator psixiatrik ekspertizasının 10 sentyabr 2022-ci il tarixli, 2412 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda və hazırda hər hansı bir psixi xəstəlik aşkar edilməmişdir. Cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət əməlini törədən anda öz hərəkətlərini ölçüb-biçmək və düzgün qavramaq, təsvir edə bilmək iqtidarında olmuşdur. Hazırda ifadə vermək qabiliyyəti, baş verənləri düzgün qavramaq, təsvir edə bilmək imkanına malikdir. (cild 1, iş vərəqə 124- 127). Təqsirləndirilən şəxs məhkəmə iclasında tutularkən polis əməkdaşları tərəfindən yüngülvari fiziki təzyiqə məruz qalmağı ilə bağlı ibtidai istintaq dövründə etirafedici ifadələr verdiyini bildirdiyindən məhkəmənin təşəbbüsü ilə sonuncunun saxlanıldığı 3 saylı İstintaq Təcridxanasından əldə edilən, məhkəmə iclasında elan edilərək tədqiq edilən tibbimüayinə sənədlərindən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs bədən səthinin müayinəsində yeni zədə və xəsarət izləri aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, habelə barəsində həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin nəticələrini təkzib etmək üçün tutarlı səbəb gətirməmiş, döyülməsi ilə əlaqədar məhkəmə iclasında bildirdikləri ilə bağlı məhkəmənin təşəbbüsü ilə əldə edilmiş tibbi-müayinə sənədlərinə əsasən isə onun bədən səthində müayinə zamanı yeni zədə və xəsarət izlərinin aşkar edilməməsi müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Həmin əməl Təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmaqla ağır cinayət hesab olunur. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial ekspert Komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli əlillik diaqnozu qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X4 İnstitutunun xəstəlik tarixindən çıxarış vərəqələrindən görünür ki, ona broxinal astma atopik forma, nəzarət olunmayan qeyri-stabil remissiya mərhələsi, tənəffüs çatışmazlığı ikinci mərhələ diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyi olmasını, onun yuxarıda göstərilən xəstəliklərdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır (cild 1, iş vərəqə 125). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs ikinci dərəcəli əlilliyi olmasını, onun yuxarıda göstərilən xəstəliklərdən əziyyət çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, üstündən aşkar edilərək götürülən narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddinin aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş (Cild 1, iş vərəqə 10),Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 25 avqust 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 90-95). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablanmalıdır. Ambulator məhkəmə-narkoloji ekspertizasının 10 noyabr 2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı” Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomaniya xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. (Cild 1, iş vərəqə 126-127). Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,498 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinin video görüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 43). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə zamanı “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına 264 ( iki yüz altmış dörd) manat məbləğində, pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,833 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin video görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 110 (yüz on) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar