Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-643/2020 10.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Əliövsəd Məzahir oğlu Abasovun sədrliyi ilə, hakimlər Mahmud Muradxan oğlu Ağalarov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, Kəminə Elşad qızı Məmmədovanın katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 2020-ci il Bakı şəhərində xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli,himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1-da qeydiyyatda olan və yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:41 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin və 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli qolsuz gödəkcənin sol döş cibində saxladığı 30 ədəd bükümdə ümumi çəkisi 2,11 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə çəkisi 0,04 qram olan narkotik vasitə metadon, 10 ədəd bükümdə ümumi çəkisi 0,333 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir, xx.xx.2020-ci il tarixdə əmisi oğlu X3 içərisində narkotik vasitə olan 41 ədəd bükülünü və 1 ədəd metadon həbini istifadə etmək üçün ona vermişdir. Həmin bükülülərin 30 ədəd bükümün içərisində narkotik vasitə olan heroin, 10 bükülünün içərisində metamfetamin, 1 ədəd bükümün içərisində isə metadon olmuşdur. Həmin gün Sənan vəfat etmişdir. xx.xx.2020-ci il tarixdə saat 13:41 radələrində o, Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisində piyada gedərkən bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini polis əməkdaşı olduğunu, narkotik vasitə qəbulunda və gəzdirilməsində şübhəli bilindiyini və ona üzərində şəxsi axtarış keçiriləcəyini, şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə ediləcəyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş, əynində olan göy rəngli qolsuz gödəkcənin sol döş cibindən sellofan paketə qoyulmuş 30 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülünü, 10 ədəd siqaretin qara rəngli kağızına bükülümüş bükülünü 1 ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə Corat qəsəbəsində əmisi oğlu Sənanın ona şəxsi istfadə etmək üçün verdiyini demişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı ünvana baxış keçirilməsinə dair etirazının olub olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini demişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gəlmişdir. Polis bölməsində onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr tərəziyə qoyularaq çəkilmiş, qablaşdırılaraq möhürlənmiş, protokol tərtib edilmiş, protokolu imza etmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 1 ünvanına getmiş, polis əməkdaşları yaşadığı evə videoçəkilişlə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdən və evin həyətyanı sahəsindən hər hansı narkotik vasitə aşkar edilməmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır.O, narkotik vasitələri ailə üzvlərindən gizli istifadə etdiyinə görə Sənandan aldığı narkotikləri üzərində gəzdirmişdir.Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən də olsa etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertizaların rəyləri, cinayət işinin digər materialları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Voraşil oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Namiq adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun rəhbərliyi ilə, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid2, 1-ci PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və kriminalistik təhqiqatlar bölməsinin rəisi, polis mayoru X2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin məlumat əsasında xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi ərazisinə gəlmiş, ekspert kriminalist Xalid Quliyev tərəfindən “Panasonik” markalı videokamera işə salınmış, saat 13:41 radələrində Namiq adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir şəxsin Cümə məscidindən təxminən 100 metr aralıdan getdiyini görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını, ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli qolsuz gödəkcənin sol döş cibində saxladığı ağ rəngli şəffaf sellofanı onlara təqdim etmişdir. Həmin sellofan torba açıldıqda içərisində otuz ədəd siqaretin gümüş kağızına bükülmüş, on bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülülər olduğu müəyyən edilmişdir. Otuz ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülülər tərəflərindən açıldıqda onların içərisində açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər, on ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülülər açıldıqda onların içərisində ağ şəffaf rəngli narkotik vasitəyə bənzər kütlələr, bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülü açıldıqda onun içərisində bir ədəd həbin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğu soruşulduqda o, bildirmişdir ki, otuz ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükülüdə olan kütlələr narkotik vasitə olan heroin, on ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülüdə olan kütlələr metamfetamin, bir ədəd siqaretin qara rəngli kağızına bükülmüş bükülüdə olan həb isə metadondur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitələri haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitələri xx.xx.2020-ci il tarixdə Corat qəsəbəsində əmisi oğlu Sənan ölən günü ona şəxsi istfadə etmək üçün verdiyini, bu məqsədlə üzərində gəzdirdiyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsi barədə məhkəminin qərarının olduğu bildirərək yaşadığı evə baxış keçirilməsinə dair etirazının olub olması soruşulmuş, Təqsirləndirilən şəxs baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə getmişlər. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, sonra narkotik vasitələr qablaşdırılmış, möhürlənmiş və protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçrilməsi məqsədi ilə onun və müdafiəçisinin iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanına gəlmişlər. “Panasonic” markalı videokamera ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana onun və müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmiş,sonuncu və əmisi oğlu Abdullayev Sənanın yalnız narkotik vasitələri istifadə etdikləri barədə şöbədə əməliyyat məlumatları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 Voraşil oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduğundan Sumqayıt şəhər məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə onun yaşadığı evə baxış keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakı ilə onun yaşadığı ünvan 1 ünvanına gəldik. Təqsirləndirilən şəxs yaşadığı fərdi evin qarşısına gəldikdən sonra saat 14:30 radələrində ekspert kriminalist, polis mayoru X5 tərəfindən “Panasonic” markalı videokamera ilə çəkiliş apararaq Təqsirləndirilən şəxs yaşadığı ünvana onun və müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Namiq Ahbdullayevin yaşadığı evdə və evinin həyətyanı sahəsində narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid8 Şahid5 ifadəsinə uyğun ifadə vermişlər. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2971 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılmış şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” sözlər və imzalar olan bir ədəd zərfdəki 30 ədəd bükümdə ümumi çəkisi 2,11 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 10 ədəd bükümdə ümumi çəkisi 0,333 qram olan ağ rəngli kristal formada maddələr metamfetamindir və 01 ədəd bükükmdə 01 ədəd ağ rəngli dairəvi formalı həb metadon adlı dərman preparatıdır. (Metadon adlı preparat Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir) və həbim təsiredici maddəsinin ümumi miqdarı 0,04 qramdır. Metamfetamin adlı preparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına”daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 464 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli, 3865 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası ƏN MEM-nin “Tədqiqat Obyekti 76 nömrəli” ştamp əksi olan paketdəki Təqsirləndirilən şəxs götürülmüş 30 ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. Təqsirləndirilən şəxs götürülmüş və 10 ədəd bükümdə ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X3 xx.xx.2020-ci il tarixdə ölmüşdür.(cild 01,vər.170) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə təqsirli bilinib 160 saat ictimai işlər cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3,221.3,263.1,221.2.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx xxxx 2009-cu il tarixli Amnistiya qərarının 1.1-ci bəndinə əsasən azad olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə cəza çəkməkdən azad olunsa da, cəzadan azad olunandan sonra məhkumluğun götürülməsi üçün tələb olunan 2 il müddət başa çatmadığından Təqsirləndirilən şəxs törətdiyi əməl cinayətin resdivi hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivi hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sumqayıt Şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı yalnız aşkar olunmuş narkotik vasitənin çoxlu bükümlərdə və külli miqdar təşkil etməsini əsas götürərək, heç bir mötəbər sübuta əsaslanmadan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittihamı irəli sürmüş, eyni zamanda məhkəmə istintaqı zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti, yəni narkotik vasitənin satışını törətməsini təsdiq edən mötəbər sübut təqdim etməmişlər.Polis əməkdaşları ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrdə Təqsirləndirilən şəxs yalnız narkotik vasitələri istifadə etdiyini bildirmiş, onun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmamışdır. Göründüyü kimi istintaq orqanının gəldiyi nəticə mülahizə xarakteri daşıyır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində də qeyd olunur ki, «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitələtin satışı ilə məşğul olması sübut olunmamışdır. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitənin miqdar əlaməti, onun narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçının olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, narkotik vasitələrin hazırlanması və bölüşdürülməsi üçün avadanlığın olması isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs üzərindən 2,11 qram çəkidə narkotik vasitə heroinin və az miqdarda digər narkotik vasitələrin aşkar olunması ilə bağlı xüsusatlar, Təqsirləndirilən şəxs ağır cinayət əməli törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələrin yalnız qeyd edilən ölçülərdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələbinə əsasən məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satış məqsədi ilə əldə edib, daşıması sübut olunmamışdır. Ona görə Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə yəni, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşımaya tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətinin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsini rəhbər tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar- Sumqayıt şəhər polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,96 qram heroin, 0,283 qram çəkidə psixotrop maddə metamfetamin, 0.04 qram metadon narkotik vasitələr müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri 179 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar- Sumqayıt şəhər polis idarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,96 qram heroin, 0,283 qram çəkidə psixotrop maddə metamfetamin, 0.04 qram metadon narkotik vasitələr müsadirə edilərək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərcləri 179 manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN Ə.M.ABASOV HAKİMLƏR M.M.AĞALAROV E.Ə.MİKAYİLOV
Məhkəmə qərarları › İş №1(101)-643/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-643/2020
10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver