Məhkəmə qərarları › İş №1(101)-643/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-643/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-643/2023 11.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, ittiham aktına əsasən Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda özünü «Məmməd» adı ilə İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən satış məqsədi ilə qanunsuz olaraq üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 4 qram olan 100 ədəd həbi 400 manat pul müqabilində alaraq əldə edib bir hissəsini üzərində, qalan hissəsini idarə etdiyi «Opel Vita» markalı, **-GC- *** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 10 sentyabr 2022-ci il tarixdə saat 19:20-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yol 1 ünvanında yerləşən «Maşın bazarı»nın yaxınlığında idarə etdiyi «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Yasamal RPİ-nin 28-ci PB-yə aparılıb üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram olan 20 ədəd həb aşkar edilərək götürülmüş, bundan başqa, əməliyyat-axtarış tədbirinin davamı olaraq 10 sentyabr 2022-ci il tarixdə saat 21:30-da idarə etdiyi «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxış və götürmə istintaq hərəkəti keçirilən zaman qabaq sağ oturacağın üstündən, üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı, tərkibində narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı külli miqdarda, 3,2 qram olan 80 ədəd həb aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərdi ki, o, 2022-ci ilin fevral ayından, təxminən 7-8 ay olar ki, narkotik vasitə olan «kokos» qəbul etmiş, narkotik vasitədən istifadəyə son qoymaq üçün «802» qaynar xəttinə zəng etmiş və ona kömək etmələrini xahiş etmişdir. Qaynar xətdən onu narkoloji dispanserə yönəltmişlər. Narkoloji dispanserə getdikdə isə orada ona müraciətlərin sayının çoxluğu ilə bağlı onu noyabr ayının 1-də qeydiyyata salacaqlarını bildirmişlər. Ona orada həmçinin «Metadon» adlı həbdən istifadə edə biləcəyini demişlər. O, «Metadon»u əldə etmək üçün X2 vətəndaşı Məmməd adlı şəxslə əlaqə saxlamış, həmin şəxslə «Metadon»un 4 listi üçün 400 manata razılaşmışdır. O, həmin məbləği Məmməd adlı şəxsin kartına göndərmiş, belə ki, «Metadon»nun biri 10 manat olmuşdur. O, həmin vaxt başqa evə köçdüyü üçün maşının içi ev əşyaları ilə dolu olmuşdur. Ayın 10-u saat 14.00 radələrində yolda olarkən İran İslam Respublikasının vətəndaşı olan Məmməd adlı şəxs ona zəng edərək, təcili Yasamala gedib, ona şəklini göndərəcəyi yerdən dərmanı götürməyi tapşırmışdır. O, Biləcəridən qayıdıb, Yasamala getmiş, Yasamalda hündür mərtəbəli binaların yaxınlığında olanda həmin şəxs ona dərmanı qoyduğu yerin şəklini atmış, şəkli atan zaman həmçinin bildirmişdir ki, sellofanın içərisində 4 ədəd deyil, 6 ədəd «Metadon» listi var. O da həmin şəxslə razılaşıb, şəkildəki yerə yaxınlaşmış və qara sellofanda olan dərmanları götürüb, maşının ön oturacağının üstünə qoymuşdur. Maşını sürüb getmiş, maşın bazarının girişi ilə üzbəüz yolun əks tərəfində dayanmışdır. Maşında nasazlıq yarandığı üçün su bidonunu götürüb, motorxananı açmış və maşına su tökməyə başlamışdır. Daha sonra tanımadığı şəxslər taksi fəaliyyəti göstərən maşından düşüb, ona yaxınlaşmış və köməyə ehtiyacının olub-olmamasını soruşmuşlar. Daha sonra işdə şahid kimi adı keçən Şahid1 ona yaxınlaşmış və ona narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişdir. Həmin şəxslər ondan üstündə narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da maşında narkotik vasitə olduğunu bildirmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər 2008-ci ildə narkotik vasitə istifadə etdiyinə görə məsuliyyətə cəlb olunmuş, tutulana qədər narkotik vasitə olan «kokos» istifadə etmişdir. «Metadon»u istifadə etməyinin səbəbi, heroini, ümumiyyətlə narkotiki atıb, ondan uzaq durmaq olmuşdur. «Metadon» istifadə etməyi ona narkoloji dispanserdə məsləhət görmüşlər. O, gündə bir ədəd «Metadon» qəbul etməli olmuşdur. «Metadon» qara sellofanda 6 list olmuş, onu satan şəxsin kartına ümumilikdə 400 manat pul göndərmişdir. İstintaq zamanı verdiyi ifadəni təsdiq etmir. O, narkoman xəstədir, həmin zaman narkotikə ehtiyacı olduğuna görə ağrılarım olmuş, buna görə də istintaqda qeyd olunan məzmunda ifadə vermişdir. Ağrımağı ilə verdiyi ifadənin əlaqəsi odur ki, o, polis əməkdaşlarının dediyi kimi ifadə versə, ona istifadə etmək üçün narkotik vasitə verəcəklərini bildirmişlər. Onun üzərində narkotik vasitə olmamış, dərmanların hamısı maşında olmuşdur. Polis əməkdaşları onu tutub bölməyə aparmışlar. Bölmədə qara sellofandan 10 list, yəni 100 ədəd və əlavə 6 ədəd, yəni yarım list narkotik vasitə çıxmışdır. Polis əməkdaşları 10 list və 6 ədəd narkotik vasitəni stolun üstünə düzmüş, ikisini cibinə qoyub, daha sonra video çəkiliş aparmışlar. Məmməd adlı şəxs ona bildirmişdir ki, sellofanda 6 ədəd list var, əlavə listlərin haradan çıxdığını bilmir. O, ev alqı-satqısı ilə məşğul olmuş, polis əməkdaşları taksidən çıxanda ona təzyiq göstərmiş, qolunu burmuş, üzünü sıxaraq dişini qırmışlar. Üzünü sıxıb dişini qıran Roman adlı polis əməkdaşı olmuşdur. O, heç kimə narkotik vasitə satmamışdır. O, deyilən ünvana gedəndə onu «Hyundai» markalı maşının izlədiyini görmüşdür. Həmin vaxt ***-***-**-**, ***-***-**-** nömrəli mobil nömrələri istifadə etmişdir. Məmməd adlı şəxs ona qara sellofanı qoyduğu yerin şəklini atmış, o, həmin sellofanı götürüb maşına minəndə görmüşdür ki, «Hyundai» markalı maşın onu izləyir. «Hyundai» markalı maşını sürən şəxs avtomobili maşın bazarının girişinin əks istiqamətində saxlamış, sonradan polis əməkdaşları ona yaxınlaşmışlar. «Hyundai» markalı maşını həmin vaxt görmüş, sonradan görməmişdir. O, Şahid1 əvvəllər tanımamış, hesab edir ki, «Hyundai» markalı maşında onu Şahid1 izləmişdir. O, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Məmməd adlı şəxsin kartına 400 manat pul göndərmiş, həmin şəxs ona demişdir ki, sellofanda 4 list var. sonradan ona zəng edib demişdir ki, «sellofanda 6 list var, götürərsən». O, həmin şəxsdən niyə 6 list qoyduğunu soruşanda ona bildirmişdir ki, pulunu sonra verər. O, sellofanı qoyulduğu yerdən götürəndən sonra açıb içinə baxmamış, götürüb maşının ön oturacağına qoymuşdur. O, sellofanın içindəki dərmanları saymamış, lakin Məmmədin ona dediyinə görə sellofanda 6 list «Metadon» olmalı idi. Bundan başqa Təqsirləndirilən şəxs məhkəməyə müxtəlif yazılı vəsatət və ərizələr təqdim edərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təkrar etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə alıb əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilidir. Vüqar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında tərəflərindən 10 sentyabr 2022-ci il tarixdə əməliyyat tədbiri keçirilmiş, Yasamal rayonu ərazisində, kənar dairəvi deyilən yolda, maşın bazarı ilə üzbəüz yerdə təqsirləndirilən şəxs avtomobilindən düşən zaman onu saxlamış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, 28-ci polis bölməsinə dəvət etmişlər. Bölmədə olarkən təqsirləndirilən şəxsin üzərinə video çəkiliş aparılmaqla, vəkilin iştirakı ilə baxış keçirilmiş, şəxsin üzərindən 2 list, 20 ədəd «Metadon» həbi olan narkotik vasitə aşkar edilmiş, şəxs qalan həblərin də idarə etdiyi «Opel» markalı maşında olduğunu bildirmişdir. İnzibati binanın həyətində olan maşına baxış keçirilərkən həmin maşında 8 list 80 ədəd “Metadon» həb aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin «Metadon» həbləri Məhəmməd adlı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmiş, deməsinə görə, həmin həbləri 400 manata almış, pulun qalanını isə sonra verməsi barədə razılaşmışlar. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamış, baxış və götürmə zamanı təqsirləndirilən şəxsin üstündə və maşınında narkotik vasitə aşkar edilmiş, aşkar edilmiş narkotik vasitələr qanuna uyğun şəkildə sənədləşdirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupunun rəhbəri o olmuş, təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını sübut etmək onun deyil, İstintaq İdarəsinin vəzifəsidir. Şəxsi tutan zaman hərəkətlərindən narkotik vasitələrin istifadəçisi olduğuna əmin olmuşdur. Onlar mədəni şəkildə təqsirləndirilən şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar Təqsirləndirilən şəxs saxlayarkən 2 nəfər olmuşlar, üçüncü şəxs taksi sürücüsü olmuş, həmin şəxs tərəfindən əməliyyata heç bir müdaxilə edilməmiş, təqsirləndirilən şəxsin qolunu buran Şahid2 olmuşdur. Təqsirləndirilən şəxsə əvvəl Şahid2 yaxınlaşmış, daha sonra isə o, təqsirləndirilən şəxsə yaxınlaşmışdır. ***-***-**-** onun mobil nömrəsidir, lazım olarsa sorğu verib onun anten məlumatlarını götürmək mümkündür. Avtomobilə baxış keçirilən zaman maşında ev əşyaları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında DİN-in BNMİ-nin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilən zaman onun əynində olan şalvarın sağ yan cibindən üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı 20 ədəd metadon həbi aşkar edilərək götürülmüş, qablaşdırıldıqdan sonra möhürlənmişdir. Tədqiq olunan həmin protokoldan görünür ki, təhqiqatçı tərəfindən verilmiş müvafiq suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Yasamal rayonunda gizlədilən yerdən İran İslam Respublikasının vətəndaşı «Məmməd» adlı şəxsin vasitəsi ilə istifadə etmək üçün əldə etdiyini, narkotik vasitəni əldə etmək üçün həmin şəxsin kartına 400 manat məbləğində pul köçürdüyünü bildirmişdir. (iş vərəqə: cild İ, səh. 32-33). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 10 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasının həyətində Təqsirləndirilən şəxs idarə etdiyi özünə məxsus «Opel Vita» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə DİN-in BNMİ-nin əməkdaşları tərəfindən müdafiəçisinin iştirakı ilə videoçəkilişlə, eləcə də hüquq və vəzifələri izah olunmaqla baxış və götürmə istintaq hərəkəti keçirilən zaman ön sağ oturacağın üstündən üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda, yazı əlavəli, qəhvəyi rəngli, dairəvi formalı 80 ədəd metadon həbi aşkar edilmişdir. (iş vərəqə: cild İ, səh. 37-38). Məhkəmə baxışı zamanı tədqiq olunan «diskə baxış keçirilməsi haqqında» 11 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına dair tərtib olunan «Şəxsi axtarış aparılması və götürmə haqqında» və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi ilə bağlı tərtib olunan «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 10 sentyabr 2022-ci il tarixli protokolların məzmununa uyğundur (iş vərəqə: cild İ, səh. 122-123). Tədqiq olunan protokoldan görünür ki, diskə baxış keçirilməsi prosesində prosessual pozuntulara yol verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 11 sentyabr 2022-ci il tarixli 6/5070 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksi, «… Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 20 ədəd metadon həbinə bənzər kütləİər; Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; müdafiəçi-imza Y.Vahabov-imza...» yazı əlavəsi qeyd edilmiş 01 ədəd kağız zərfdəki üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 20 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 20 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı- 0,8 qramdır. Tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 7» dairəvi möhür əksi və «... Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunan 80 ədəd metadon həbinə bənzər kütlələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; müdafiəçi-İmza; Y.Vahabov-imza...» yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 80 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibi dərman preparatıdır və 80 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı- 3,2 qramdır. Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunan metadon həbləri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, təsiredici maddəsinin ümumi miqdarı 4 qramdır. Metadon adlı dərman preparatı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İİ) daxildir. (iş vərəqə: cild İ, səh. 44-49). Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 11879 №-li məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə göstərilən xəstəxanada müalicədə olmayıb. (iş vərəqə: cild İ, səh. 143) Cinayət işinin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 11 oktyabr 2022-ci il tarixli, 5954 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama üzrə rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respuyblikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: cild İ, səh. 144-145). İbtidai istintaq orqanının işdə olan və məhkəmədə tədqiq edilmiş 30 noyabr 2022-ci il tarixli «maddi sübut qismində tanınma və saxlanca verilmə haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs və idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı -4 qram olan üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 100 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı metadon həblər və Təqsirləndirilən şəxs üzərinə Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında şəxsi axtarış və götürmə, eləcə də idarə etdiyi “Opel Vita” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış istintaq hərəkəti keçirilən zaman keçirilmiş videoçəkilişin olduğu 02 ədəd DVD formatlı disk maddi sübut qismində tanınmış, ekspert tədqiqatından sonra qalıq narkotik vasitə metadonun təsiredici maddəsinin ümumi miqdarı-3,6 qram olan üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 90 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı metodon həblər saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (iş vərəqə: cild İ, səh. 141-142). Tərəflərin vəsatətinə əsasən istintaq orqanından əldə edilməklə məhkəmə baxışı zamanı bilavasitə tədqiq olunan "xxxx" MMC-dən daxil olmuş CD diskdə 2 ədəd «SMS_Tarixcesi_**********3349_702777272» və «Zenglerin_Detallasmasi_ **********3053_702777272» adlı faylların olduğu, 1-ci faylda Təqsirləndirilən şəxs istifadəsində olan ********* nömrəsinə daxil olan smslər, 2-ci faylda isə həmin telefon nömrəsi üzrə daxil olan və çıxan zənglər haqqında məlumatın göstərildiyi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 04:54:53-də «Oyagsiz Lemandı 40 verewm kecen defedende 10 qalb obsi 50 veecem»; xx.xx.2022-ci il tarixdə saat 10:38:11-də həmin telefon nömrəsindən «Bsetkada sizi gozduyrem gelirsiz»; həmin gün saat 10:48:47-də «Gelirsiz burdayame beyagdan»; həmin gün saat 10:55:11-də «Ay vuqar emi sizin blokda formada serjant yawyirki formada kim se 4 cu blokun qapsnda durub bax pencereden gizlice»; həmin gün saat 11:01:28-də «Kimse cixdi dandi onla kiwiwdi kimse neynim gedim men gozluyum»; həmin gün saat 11:10:40da «Vuqar emi gelursiz getdi qapdaki adamda» məzmununda, daha sonra ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci tarixdə saat 01:42:15-dən etibarən «adam kişi olarda deyirem agriyiram», «senin bu hereketıvı yadda saxla», «sen deseydin mene ozum gelerdim», «seni agrıda saxlasalar xowum geler??», «mawın gondermişem», «tel acda» «kıwılıyın olsun», «sen ozuvı fıkırlewen adamsan», «sen adamı pisix edersen» məzmununda smslər daxil olduğu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin smslərin kim tərəfindən yazıldığını bilmədiyini, qeyd olunan mobil nömrələri tanımadığını bildirsə də, "xxxx" MMC-dən daxil olmuş CD diskdəki digər faylda qeyd olunmuş zənglərin detallaşdırılmasına dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə sms mətnləri yazılmış mobil telefon nömrələri arasında müxtəlif vaxtlarda, dəfələrlə və çoxsaylı telefon danışıqları olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «metadon» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,02 qram, külli miqdar daxil olmaqla aşağı həddi 1,6 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar olunaraq götürülmüş metadonun təsiredici maddəsinin ümumi miqdarı 4 qram olmaqla «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş metadon narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək daşıyıb saxlaması, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mobil əlaqələri, qeyd olunan məzmunda kifayət qədər aydın sms yazışmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat orqanının məlumatları, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq külli miqdarda əldə etməsinə, saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda metadon narkotik vasitəsini alıb əldə etməklə, daşımaqla və saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində özünü təqsirli bilməyib, onun polis əməkdaşları tərəfindən qərəzli olaraq saxlanılması, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmaması, həmin narkotik vasitədən heç kimə satmaması, öz istifadəsi üçün əldə etməsi, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması məzmunundakı ifadələrinə də qiymət verərək, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs dəfələrlə ifadəsində polis əməkdaşlarının onunla qərəzli olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, hətta məhkəmə iclasında polis əməkdaşlarının onunla qərəz güdməsinə dair DİN-nin 102 Zəng Mərkəzinə şikayətlər etdiyini bildirməsi ilə əlaqədar məhkəmə tərəfindən Bakı şəhəri Suraxanı və Xətai rayon Polis İdarələrinə sorğu ilə müraciət edilmiş və Təqsirləndirilən şəxs qeyd olunan məzmunda 102 Zəng Mərkəzinə şikayət etməsi öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs özü də öz ifadəsində İran İslam Respublikasının vətəndaşından narkotik vasitə əldə etmək üçün öz təşəbbüsü ilə əlaqə saxladığını, həmin şəxsin kartına 400 manat məbləğində pul köçürdüyünü və həmin şəxsin göndərdiyi fotoşəkildə qeyd olunan ünvandan narkotik vasitəni özünün götürdüyünü və avtomobilinin ön oturacağına qoyduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində metadon həblərinin sayını mübahisələndirərək 6 list dərman preparatı aldığını, lakin polis əməkdaşlarının 10 list dərman vasitəsi aşkar etdiyini bildirsə də, o, öz ifadəsində həmçinin narkotik vasitənin qara sellofanda ünvana yerləşdirildiyini, yerləşdirilmiş yerdən sellofanı götürdükdən sonra açıb içinə baxmadığını bildirmişdir. Bununla da təqsirləndirilən şəxsin polis əməkdaşlarının onunla qərəzli münasibətdə olmaları, aldığı narkotik vasitə ilə onun üzərindən və avtomobilindən aşkar edilmiş narkotik vasitənin sayının və miqdarının fərqli olması ilə bağlı ifadəsi öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhz saxlanılan zaman üzərindən və avtomobilindən aşkar edilmiş metadonu özünün istifadə etməsi məqsədi ilə əldə etməsi, heç kimə satmaması ilə əlaqədar ifadəsinə münasibətdə isə onu qeyd edir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə metadon həblərinin sayını, miqdarını, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan zənglərə, sms mətnlərinə dair "xxxx" Telecom MMC-dən daxil olmuş diskə keçirilmiş baxış zamanı narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı kifayət qədər aydın sms yazışmalarının olması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair qərəzsiz və mötəbər mənbələrdən əldə olunmuş əməliyyat məlumatının olması qeyd olunan narkotik vasitə olan metadonu satış məqsədi ilə əldə etdiyini tam sübuta yetirir. Bu səbəbdən Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlar onun daha ağır məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadələrini və vəsatətlərində qeyd etdiyi xüsusatları səmimi qəbul etmir, onu özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu arayışı və müvafiq məhkəmə hökmləri ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş və müvafiq qaydada məhkumluqları ödənilmişdir. Bununla belə o, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələblərinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə ona təyin olunmuş cəzanı çəkib qurtardığı gündən altı il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal hesab olunur və bu hal cəza təyin edilərkən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, həmçinin özünün İİİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Belə ki, müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq İİİ dərəcəli əlildir. Həmçinin cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 08 iyun 2020-ci il təvəllüdlü X1 adlı bir azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, cinayətlərin təhlükəli residivinə görə cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5954 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkməsini, əməlinin cinayətlərin təhlükəli residivini yaratması, yeni cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunacağı nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələblərinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 10 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Yasamal RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə üzərində «Methadone 40» əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 90 ədəd yazı əlaqəli qəhvəyi rəngli dairəvi formalı metodon həblər hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə məhkəmə məsrəfləri olaraq 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci müəyyən edilmişdir ki, qeyd olunan məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.- ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsin, o, profilaktik olaraq ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut -Yasamal RPİ-nin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalan narkotik vasitə üzərində “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutlarda içərisində ümumilikdə 90 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı metodon həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Əli Məmmədov Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar