Məhkəmə qərarları › İş №1(101)-643/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-643/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-643/2025 07.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X4 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1998-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətməsinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə saat 14:05-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs psixi qüsur əlamətləri ilə müşayiət olunan paranoid şizofreniya xəstəliyi nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onları idarə edə bilməməklə anlaqsız vəziyyətdə xx.xx.2024-cü il tarixdə təxminən saat 05-06 radələrində yaşadığı ünvan 1 ünvanında atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən kustar üsülla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs sol sifətin ağız boşluğuna nüfuz edən, boyunun arxa səthinin və başın ənsə nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan (cəmi 6 yara) dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və boyunun ön səthinin qida borusu və traxeyanı kəsən yarasından ibarət həyat üçün təhlükəli olan ağır dərəcəli xəsarətlər yetirərək qəsdən zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurma cinayəti törətmişdir. Sübutların tədqiqi: 3.Məhkəmə iclasında cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 2018-ci ildə və 2024-cü illərdə 33 saylı “Kliniki Psixatriya” xəstəxanasında müalicə almışdır. O, xx.xx.2024-cü il tarixdə xəstəliyi ilə əlaqədar həkim tərəfindən ona yazılan dərmanları içmədiyinə görə əsəbləşməyə başlamış, saat təxminən 05-06 radələrində əşyalarını qoyduğu dolabdan tutacağı qara rəngli bıçağı qəbul etdiyi dərmanı bölmək üçün götürüb əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Dərmanı götürmək üçün atasının yatdığı qonaq otağına getmiş, qonaq otağında bıçağı cibindən çıxarmış və stolun üstündə olan dərmanı götürüb otaqdan çıxmaq istədikdə atası Zərərçəkmiş şəxs onu bıçaqla vurmaq istədiyini zənn edib ona dərmanı götürməməsini bildirərək üzərinə gəlmişdir. Həmin vaxt atası sağ əli ilə onun sol çiyninə yüngül zərbə vurmuş, o, həmin zərbədən əsəbləşərək əlində olan bıçağı sol əlindən sağ əlinə ötürmüş, bıçaqla atasının baş nahiyəsinə bir neçə dəfə zərbə endirmişdir. Lakin bıçağın atasının hansı nahiyəsinə dəydiyini dəqiq bilməmişdir. Bundan sonra atası onu itələyərək kreslonun üstünə yıxmış, özü isə onu tutub saxlamağa çalışmışdır. Bacılarına isə polis çağırmasını qışqıraraq demişdir. Atasının bu sözündən əsəbləşərək qalxmaq istəsə də atası onu saxlamaq istəmiş, bu zaman o, əlində olan bıçaqla bir dəfə onun boğaz nahiyəsinə zərbə endirmişdir. Bundan sonra atası onu buraxaraq əli ilə boğazını tutmuş, atasının boğazından qan axdığını gördüb ayağa qalxaraq əlində olan bıçağı döşəmənin üstünə atmış və öz yataq otağına getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra yaşadıqları ünvana polis əməkdaşları gəlmiş, onu polis idarəsinə gətirmişlər. Hadisə zamanı evdə qoca nənəsi Malikə, bibisi Pərvanə və bacıları Nuriyə və Fatimə olmuşdur. Hadisə baş verən vaxt evdə atasından başqa hamı yatılı olmuş, səs-küyə bibisi və bacıları otağa gəlmişlər, lakin atasını bıçaqla vurduğunu onların görüb görmədiklərini dəqiq bilməmişdir. Müalicə məqsədi ilə qəbul etdiyi dərmanı bölmək üçün, bıçağı cibinə qoymuş, atası Zərərçəkmiş şəxs bıçaqla vurmaqda məqsədi üzərinə gəldiyi üçün özünü müdafiə etmək məqsədi ilə bir neçə dəfə təxmini baş nahiyəsinə və bir dəfə boğaz nahiyəsinə bıçaqla vurmuşdur. Lakin atasını bıçaqla vurarkən onu öldürmək niyyəti olmadığını, həkimin ona yazdığı dərmanı qəbul etmədiyi üçün həmin vaxt əsəbi olduğunu və yuxusuz olduğunu, atası isə həmin dərmanı qəbul etməsinə icazə vermədiyi üçün onu vurduğunu, hadisə zamanı atasını bıçaqla vurarkən sağ əlinin iki barmağının kəsildiyini, polis işçiləri tərəfindən heç bir zorakılığa məruz qalmadığını bildirmişdir (İ cild, səh. 55-57). 4.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, oğlu ilə həmişə münasibəti yaxşı olmuş, oğlu yeddi ildir xəstə olmuş və heç vaxt aqressiyası olmamışdır. Pandemiyadan sonra birbalaca narahatlığı olmuşdur. Davamlı olaraq həkimlərə getmiş, ən son xəstəxanaya yatmış və guya müalicə etmişlər. Ona görə guya deyir ki, ilk dəfə oraya yerləşdirəndə çox gözəl müalicə edilmiş, dörd il çox gözəl öz həyatını yaşamış və ikinci dəfə gedəndə düzgün müalicə olunmamışdır. Həkim dərmanlarının olmadığını demişdir. Həkimə əgər dərman yoxdursa onları alıb gətirməyi bildirmiş, buna baxmayaraq müalicə yenə də düz getməmişdir. Xəstəxanadan buraxılışdan sonra da həkim müalicəyə davam edəcəyini demişdir. Davam edəndə, hər ay yanına gedərkən uşağının sağalmadığını demişdir. Uşağı da hər şeyi ona danışmış, bu yeddi ildə özü şizofreniyanın hər şeyini öyrənmişdir. O, uşağının günü gündən pis olduğunu görmüşdür. Oğlu əvvəllər iki dəfə xəstəxanaya yatırılmışdır. Uşağında şübhələr odur ki, elə bilir kimsə onların ailəsinə zərər verəcəkdir. Hazırda da dərmanları qəbul etsə də, dərmanlar da keyfiyyətsiz olmuş, ona görə də uşağı iki gecə idi ki, yatmırmış. Səhər sübh namazına oyananda uşaq qəfil gələrək üzərinə cummuş və həmin vaxt övladının onu tanımadığını başa düşmüşdür. Məcbur olub uşağını kresloya yıxmış, evdəkilər səsə gələrək işığı yandırmış və işıq yananda onu görən övladı şok olmuşdur. Hadisə vaxtı otaqda ikisi olmuşlar. Uşağı özünə qəsd etməsi üçün durub qaçmış və onu vurduğuna görə pis olmuşdur. O da etməməsi üçün arxasıyca qaçmışdır. Uşaq adicə onun başı ağrıyanda yanına gəlmiş və səhərə kimi onun yanında olmuşdur. Hadisə baş verdiyi gün iynəsi vurulmuş, həkimi də uşağının səhv müalicə edildiyini, iynə və dərmanların təsirindən belə olduğunu demişdir. Dərmanlarını iki dəfə dəyişmiş, ən son iynə yazılmış, o da övladına pis təsir etmiş, vurulmasına razı olmamışdır. Uşaq da sonuncu dəfə istifadə etməsini xahiş etmişdir. Sonra da köməklik etmələri üçün polisi çağırmış, çünki uşağının xəstəxanaya getməli olacağını görmüşdür. Uşağının xəstəxanaya aparılmasını istəsə də aparıb cinayət işi açmışlar. Heç özü şikayət də yazmamışdır. Hazırda da övladı ilə barışmışdır və heç bir şikayəti yoxdur. 5.Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsi elan edilmişdir. Tədqiq edilmiş ifadəsində zərərçəkmiş şəxs göstərmişdir ki, 2018-ci ilin mart ayında oğlu Təqsirləndirilən şəxs psixi durumu pisləşməyə başlamış, 2018-ci ilin aprel ayında onu müalicə etdirmək üçün Nərimanov rayonu ərazisində yerləşən psixi mərkəzə aparmışlar, oradan göndərişlə Öməri 33 saylı X3 aparmışlar. 17 gün həmin xəstəxanada müalicə aldıqdan sonra Ömərin səhhətində dönüş yarandığından müalicəni evdə davam etdirmək qərarına gəlmişlər və Öməri oradan götürərək evə gətirmişlər. 2021ci ildə yenidən Öməri 33 saylı X3 müalicə alması üçün aparmışlar, 20 gün orada müalicə aldıqdan sonra yenidən müalicəsini evdə davam etdirmişlər. 2023-cü ilin noyabr ayında Ömər qollarını doğrayaraq özünü öldürməyə cəhd etdiyi üçün onu yenidən 33 saylı X3 müalicə alması üçün aparmışlar. Ömər 23 gün orada müalicə almış, Ömərin müalicəsi üçün aldığı dərmanları daima öz otağında saxlamışdır. Belə ki, Ömər bir balaca narahatlıq hiss edən kimi həmin dərmanları bir dəfəyə qəbul etməyə cəhd etmiş, xx.xx.2024-cü il tarixdə Ömər artıq 2 gün idi ki, yatmamışdır. Bu vəziyyətdən narahat olduğu üçün o, da yatmamış səhər saat 05-06 radələrində Ömər onun yatdığı otağa gəlmiş, ondan dərman istəmiş, həmin dərmanların tez-tez qəbulu təhlükəli olduğundan onun üstünə qışqıraraq yatmasını tələb etmişdir. Bundan sonra Ömər «sən bizdən nə istəyirsən» deyə qışqırmış, cibindən bıçağı çıxardaraq üzərinə gəlib əlində olan bıçaqla sol yanağına zərbə endirmiş, sonra isə dayanmadan bıçaqla başının müxtəlif nahiyələrinə bir neçə zərbə vurmuşdur. Ömərin yenə də onu vurmaması üçün əllərini tutaraq otağında olan kreslonun üstünə yıxmış, əlini buraxdıqda isə təkrar bıçaqla boğaz nahiyəsinə vurmuş və bıçağı yerə atmışdır. Səs-küyə qızları Fatimə, Nuriyə və bacısı Pərvanə gəlmişlər. Fatimə otağın işığını yandırdıqda artıq Ömər kənarda dayanmışdır. Bundan sonra qızları polisə və X11a zəng vuraraq bu barədə məlumat vermişlər. Ömər isə otaqdan çıxaraq digər otağa getmişdir. Ömərin onu bıçaqla vurmaqda məqsədi xəstəliyi ilə əlaqədar iki gün yatması, psixi durumunun pisləşdiyi və onu başqa şəxslə səhv salması səbəbindən öldürmək istəməsi olduğunu, həmin bıçaqla Ömər taxtadan fiqurlar yonduğu, eləcə də dərmanlarını bölmək üçün istifadə etdiyindən bıçağın Ömərin üzərində olduğunu, Ömərin psixi pozuntuları olsa da ilk dəfə belə aqressiv hərəkətlər etdiyini, hadisə zamanı üz, boğaz və baş nahiyələrindən bir neçə bıçaq zərbəsi aldığını bildirmişdir (İ cild, səh. 118-120). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, qardaşının xəstəliyi 20 yaşında məlum olmuşdur. Davranışlarından xəstə olduğunu hiss etmişlər, amma xəstəliyi haqqında məlumatları olmamışdır. Həkimlə danışdıqda şizofreniyası olduqlarını bilmiş, əvvəl qardaşı onlarla həmişə mehriban olmuşdur. Qardaşının kiməsə qarşı kəskin hərəkəti heç vaxt olmamışdır. Hamısına qarşı mehriban olmuş və ən çox atasını istəmişdir. O, hadisə günü yatmış və gecə vaxtı səs küyə ayılmışdır. Otağa girərək qonaq otağında işığı yandırmış, qardaşı diksinib bıçağı yerə atmış və həmin vaxt qardaşı artıq atasını vurmuşdur. İçəri girəndə atasının yaralandığını görmüş, qardaşı bıçağı yerə atmış, bacısı təcili yarıdma zəng etmiş və o da qardaşını xəstəxanaya aprarmaları üçün polisə zəng etmişdir. Atası həmin an əlində bıçaq olduğundan qardaşının əlindən tutmuş və qardaşı atasını görəndən sonra bıçağı buraxmışdır. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs uzun müddətdir psixi xəstəlikdən müalicə olunur. xx.xx.2024-cü il tarixdə saat 5-6 radələrində atasının yatdığı otaqdan qışqırıq səsləri eşitmiş, dərhal çarpayıdan qalxaraq həmin otağa getmiş, otağın işığını yandırdıqda isə atasının qan içində olduğunu, Ömərin otaqda olan kreslonun üstündə oturduğunu, atasının isə Ömərin əllərini tutduğunu görmüşdür. Nə baş verdiyini anlamamış, atası onlardan dərhal polis çağırmalarını istəmiş, polisə zəng vuraraq hadisə barədə məlumat vermiş, bundan sonra X11a zəng vurmuş, qısa zamanda polis işçiləri ünvana gəlmişlər. Polis işçiləri Öməri aparmış, bundan sonra X11 briqadası gələrək atasına ilkin tibbi yardım göstərmişlər. Qardaşı Təqsirləndirilən şəxs psixi xəstəlikdən uzun müddətdir ki, müalicə aldığını, hadisənin də qardaşının psixi durumunun pisləşməsi səbəbindən baş verdiyini, Ömərin atasını bıçaqla vurduğunu görmədiyni atasının yatdığı otağa gəlib işığı yandırdıqda artıq atası Familin qan içində olduğunu görmüş, qardaşı Ömərin psixi problemləri olsa da birinci dəfə idi ki, evdəkilərə qarşı belə aqressiv hərəkət etdiyni, Ömərin bıçaqla taxtadan fiqurlar düzəltdiyi üçün üzərində bıçaq olduğunu, hadisə zamanı evdə nənəsi, bacısı və bibisi olduğunu, nənəsi yaşlı olduğundan hadisə baş verən otağa gəlmədiyni, qışqırıq səsinə bacısı Soltanova Nuriyəvə bibisi Şahid3 həmin otağa gəldiyini bildirmişdir (İ cild, səh. 93-95). 8.Məhkəmə iclasında Şahid3 Bəhram qızının ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 82-84). 9.Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hadisə zamanı yatdığından səsə oyanmış, bacısı işığı yandırmış, həmin vaxt qardaşı əlindən bıçağı atmış və o da təcili yardım çağırmışdır. Gördükləri bu qədər olmuş, daha sonra özü atası ilə məşğul olmuşdur. Hadisəyə kimi qardaşı aqressiv olmamışdır. İçəri girərkən işıq yananda atası və qardaşını görmüş, qardaşı atasını görən kimi bıçağı yerə tullayaraq ayağa qalxmışdır. Daha sonra da o, atasının üzündən qan axdığından təcili yardıma zəng etmişdir. 10.Cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə keçirilmiş məhkəmə iclasında oğlu Təqsirləndirilən şəxs ilk dəfə belə əməl törətdiyini bildirərək evdə müalicə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11.Məhkəmə-tibbi ekspertizasının 07 iyun 2024-cü il tarixli, 52 nömrəli rəyindən görünür ki, 1.Vət.Zərərçəkmiş şəxs bədəni üzərində boynun ön səthinin qida borusu və traxeyanı kəsən yarası, sol sifətin ağız boşluğuna nüfuz edən yarası, boynun arxa səthinin və başın ənsə nahiyəsinin kəsilmiş-deşilmiş yaraları, (cəmi 6 yara) aşkar edildi. Qeyd olunan xəsarətlər iti kənarı olan əşya (alət) olabilsin bıçaq təsirindən Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «X10» PHŞ-ə müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə yetirilmələri istisna olunmur və dərəcələrinə görə boyunun ön səthinin qida borusu və traxeyanı kəsən yarası həyat üçün təhlükəli olan sağlamlığa agır zərərvurmaya, digər deşilmiş-kəsilmiş və kəsilmiş yaralar isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 2.Vət.Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi istisna edilmir (İ cild, səh. 108-111). 12.Məhkəmə-tibbi ekspertizasının 07 iyun 2024-cü il tarixli, 53 nömrəli rəyindən görünür ki, 1.Vət.Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin İİ-İİİ barmaqların kəsilmiş yaraları aşkar edildi. Qeyd olunan xəsarətlər iti kənarı olan əşya (alət) ola bilsin bıçaq təsirindən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 10 saylı X11 Stansiyasının 18 saylı filialına müraciətindən bir qədər əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə yetirilmələri istisna olunmur və dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. 2.Vət.Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşməsinə, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi istisna edilmir (İ cild, səh. 125-127). 13.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi ambulator məhkəmə-psixiatrik ekspertizasının 20 iyul 2024-cü il tarixli, 2111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müaymə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir (İ cild, səh. 128-130). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 avqust 2014-cü il tarixli, 154 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi qüsur əlamətləri ilə müşayiət olunan fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyi müəyyən edilir. F.O.Soltanov əziyyət çəkdiyi psixi qüsur əlamətləri ilə müşayiət olunan paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükə əhəmiyyəti kəsb etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür (İ cild, səh. 142-147). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7-Hüquqi şəxsi təkrar kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 31 yanvar 2025ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, İ.Motivləşdirici hissə. Məhkəmə psixiatrik ekspertizası üzrə motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alan ekspert komissiyası belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «PARANOİD ŞİZOFRENİYA, FASİLƏSİZ GEDİŞLİ, PSİXİ QÜSUR ƏLAMƏTLƏRİ İLƏ» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (psixi xəstəliyi səbəbindən tam müddətdə həqiqi hərbi xidmət keçmədiyini qeyd etməsi, əvvəllər dəfələrlə psixiatra müraciət etməsi, psixiatrik tibb müəssisələrində müalicə alması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyata düşdüyünü bildirməsi, ona təyin olunan «Roxizapin», «Fenazepam», «Cyclodol», «Motiden depo», «Estolam» dərman preparatlarını qəbul etdiyini söyləməsi, Bakı şəhəri Baş Səhiyyə İdarəsi 2 nömrəli X1 28 aprel 2018-ci il tarixdən 15 may 2018-ci il tarixədək «Şizofreniya, paranoid forma F20.0» diaqnozu ilə, 23 yanvar 2020-ci il tarixdən 24 fevral 2020-ci il tarixədək, 13 iyul 2021-ci il tarixdən 03 avqust 2021-ci il tarixədək və 13 noyabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək «Şizofreniya, paranoid forma, fasiləsiz gediş, psixi qüsur halı F20.01» diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi 3 nömrəli Şəhər Poliklinikasının ruhi-əsəb kabinetində 2018-ci ildən «Şizofreniya, paranoid forma» diaqnozu ilə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Psixi Sağlamlıq Mərkəzi» publik hüquqi şəxsində müayinə zamanı ona «Şizofreniya, paranoid forma fasiləsiz gediş, psixi qüsur halı ilə F20.0» diaqnozu qoyulması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində özünü bir qədər narahat aparması, şöbədaxili rejimə tabe olmaqda çətinlik çəkməsi, geyiminə və təmizliyinə fikir verməməsi, ümumi və şəxsi gigiyena qaydalarına kifayət qədər əməl etməməsi, gün ərzində vaxtının əksər qismini çarpayı üzərində fikirli halda uzanmaqla, palatada gəzişməklə keçirməsi, ünsiyyətə qurmağa az meylli olması, palatada səs-küy salması, digər yoxlanılan şəxslərə mane olması, əhvali-ruhiyyəsinin dəyişkən olması, aqressiv və fikirli görünməsi, bəzən palata ortasında ayaqüstə duraraq uzun müddət bir nöqtəyə fokuslandığının müşahidə edilməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində zahirən səliqəsiz olması, narahat və gərgin görünməsi, bir yerdə qərar tuta bilməməsi, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, əksər hallarda adekvat ünsiyyət yaratmağın mümkün olmaması, zamana və məkana görə bələdliyinin qənaətbəxş səviyyədə olmaması, sualları mahiyyətinə uyğun şəkildə cavablandırmaması, anamnestik məlumatları səthi formada açıqlaması, nitqində ardıcıllığın pozulması, sualların məzmunundan kənarlaşaraq məntiqsiz mühakimələr və fikirlər söyləməsi, bunları əsaslandırmağa çalışması, söylədiklərinə böyük inamla və əminliklə yanaşması, təfəkkürünün məntiqsiz, autik və paraloji xarakterli olması, özünüböyütmə məzmunlu sayıqlama fikirləri müəyyən edilməsi, müayinə gedişində özünü qeyri-adekvat aparması, eşitmə hallusinasiyalarının təsiri altında olması, ətrafa şübhəli nəzərlərlə baxması, əhvali-ruhiyyə fonunun nisbətən aşağı olması, emosiyalarında kasadlıq müşahidə edilməsi, impulsiv hərəkətlərə meylli olması, aşkarlanması, maraq dairəsinin məhdudlaşması, proqnozlaşdırma qabiliyyətinin zəifləməsi, ekspertizanın keçirilməsi məqsədini düzgün başa düşməməsi, onun gedişinə və nəticəsinin necə olacağına maraq göstərməməsi, hal-hazırkı psixi vəziyyətinə və yaranmış situasiyaya tənqidi münasibətinin olmaması və s.) sübut edir. Məhkəmə psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin tədqiqi zamanı - təfəkkürünün paralogikliyi, tənqidilik və proqnozlaşdırma funksiyalarının zəifləməsi, bir prosesdən digərinə keçməkdə çevik olmamaq, ixtiyari yaddasaxlamasının bir qədər aşağı olması, diqqətində dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi müəyyən edilir. Aparılan psixoloji müayinə gedişində - ünsiyyətə qəzəbli tərzdə daxil olması, gərgin, narahat halda olması, əhvali-ruhiyyə fonunun dəyişkənliyi, qeyri adekvat davranışlar sərgiləməsi, tez-tez ona ünvanlanan sualın mahiyyətindən kənarlaşması, nitqində rabitəsizlik, mühakimələrində məntiqsizlik, fikirlərinin korreksiya olunmaması, tənqidi münasibətinin tam həcmdə olmaması, həmçinin özünü qiymətləndirməsinin birtərəfli xarakter daşıması müəyyən edilir. İİ.Yekun hissəsi: Məhkəmə psixiatrik ekspertizası üzrə yekun hissə. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi qüsur əlamətləri ilə müşayət olunan fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyi müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi qüsur əlamətləri ilə müşayət olunan paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs halhazırkı psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün ciddi sosial təhlükə kəsb edir. Halhazırkı psixi durumuna görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Odur ki, Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. 16.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2024-cü il tarixli 3-16/16/2-3/1097 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq kustar üsülla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir (İ cild, səh. 138-140). 17.«Maddi sübut kimi tanınma haqqında» 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, bir ədəd bıçaq maddi sübüt kimi tanınaraq Pirallahı Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 58). 18.07 iyun 2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 26). 19.Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli, 4(094)- 21/2024 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyun 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 74-76). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 106-107). Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 21.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 24.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir və onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirildiyi cinayət əməlini sübuta yetirilmiş hesab edərək məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı, iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2 və 95.0.3cü maddələrinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. 25.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. 26.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. 27.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. 28.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. 29.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. 30.Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. 31.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, bir ədəd bıçaq məhv edilməlidir. 32.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 33.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 34.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 35.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, fəaliyyət qabiliyyəti olmayan Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutlan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən cinayət işi üzrə aparılmış ekspertiza xərcini ödəməkdən azad edilməlidir. 36.Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1, 21.2, 93.1-1, 93.1-1.1, 95.0 və 95.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilsin, qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ekspertiza xərcini ödəməkdən azad edilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Pirallahı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - bir ədəd bıçaq məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Elmin Rüstəmov

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar