Məhkəmə qərarları › İş №1(101)-645/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-645/2020

18.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-645/2020 18.08.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi- X9, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1993-cü ildə Şamaxı rayonu, Adnalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, peşə-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, BBC Group-da mütəxəssis işləyən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi ev 20, mənzil 17-də qeydiyyatda olan Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni yaşayış massivində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 91 saylı fərdi yaşayış evinin qarşısındakı adsız küçədə qohumu Zərərçəkmiş şəxs onun atası Şahid1 ünvanına nalayiq söyüş söyməsi səbəbindən şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxsla mübahisə etmiş, yaranmış münaqişə zamanı üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, mətbəx təyinatlı, soyuq silah hesab olunmayan bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsindən iki dəfə, daha sonra isə sol sağrı nahiyəsindən bir dəfə vuraraq sonuncuya sol sağrının 1 (bir) kəsilmiş-deşilmiş yarası İlə nəticələnən dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid, köndələn çənbər bağırsağın kəsilmiş-deşilmiş yarası, sağ peritonarxası sahənin hematoması və köndələn çənbər bağırsaq müsariqəsinin hematoması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş - kəsilmiş yarası dərəcələrinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, atası Dünyamalı, anası Zümrüd, kiçik qardaşı Vüsal Dadaşovla birlikdə yaşayır. Şahid2 və Zərərçəkmiş şəxs onun doğma bibisi oğulları olmaqla, yaxşı münasibətləri olmuşdur. xx.xx.2020-ci il tarixdə Bakı şəhərinə dostları ilə gəzməyə getmiş, daha sonra isə Ümid qəsəbəsinə qayıdıb yaşadığı evdə bir qədər yatıb dincəlmişdir. Təxminən saat 20 radələrindən sonra kiçik qardaşı Vüsal yanına gəlib Zərərçəkmiş şəxs atası Dünyamalı ilə mübahisə etdiyini demişdir. Bundan sonra o, nə baş verdiyini öyrənmək üçün evdən çıxanda atası Dünyamalı ilə rastlaşmış və atasının əsəbi olduğunu görmüşdür. Atası Dünyamalıdan nə baş verdiyini soruşduqda atası ona heç bir söz deməyib evə keçmişdir. O küçəyə çıxıb Təşəkkülün yaşadığı ünvan istiqamətində getdikdə, Təşəkkül yaşadığı ünvanın qarşısında dayanıb siqaret çəkdiyini görmüşdür. Təşəkkülə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu ona onluq bir şey olmadığını soruşmuşdur. O Təşəkküldən israr edərək atasına nə dediyini soruşmuş, Təşəkkül də ona,- “nə demişəm yaxşı eləmişəm” demişdir. Həmin vaxt Təşəkkülün sözlərinə əsəbləşib qələt edib atası Dünyamalının ünvanına nəsə deməsinə iradını bildirmiş, elə bu vaxt aralarında mübahisə yaranmışdır. Təşəkkül yumruqla onun sinəsindən vurduqdan sonra onun bədəninin müxtəlif yerlərinə yumruq və təpiklə zərbələr endirməyə başlayıb, onu döydüyündən özünü qorumaq üçün əlləri ilə başını tutub sifətini qorumaq üçün çökmə vəziyyətində oturmuşdur. Təşəkkülün onu döyməkdə davam edəcəyini görüb özündə güc toplayaraq Təşəkkülü özündən kənara itələyib, əlindən çıxaraq evləri istiqamətində qaçmış və həyətə daxil olmuşdur. Həyətə daxil olub həyətdəki daşların üstündə gündəlik məişətdə istifadə etdikləri yağ bıçağını daşların üstündən götürüb idman şalvarının arxa cibinə qoyub Təşəkkülün yanına qayıtmışdır. O Təşəkkülün yaşadığı ünvanın qarşısına çatıb Təşəkkülü səsləyib küçəyə çağırmış, həmin vaxt küçədə heç kim olmamışdır. O Təşəkküldən bir daha nəyə görə atası Dünyamalını təhqir etməsini, hələ üstəlik onu da döyməsinin səbəbini soruşmuş, Təşəkkül isə ona yaxşı edib söydüyünü demişdir. Təşəkkülün bu sözlərindən sonra arxa cibindən bıçağı çıxarıb qarnından iki bıçaq zərbəsi endirmişdir. Bu zaman Təşəkkül onun üstünə hücum edərək, onu yerə yıxıb yumruq zərbələri ilə başından vurmağa başlamış, elə həmin vaxt o Təşəkkülün aralanması üçün yenə də bıçaqla bir dəfə sol sağrı nahiyəsindən vurmuşdur. Bu vaxt səs-küyə Təşəkkülün anası Şəküra və Təşəkkülün qardaşı Alim gəlmişdir. O, Alimin onu vuracağından qorxub bir dəfə də bıçaqla Alimin sağ tərəfdən vurmuşdur. Həmin vaxt onun əlindəki bıçağı alsalar da, hava qaranlıq olduğundan əlindəki bıçağı kimin almasını görməmişdir. Onları ayırandan sonra o qaçıb yaşadıqları evə getmiş, sonradan nə baş verdiyindən xəbəri olmamış, bir qədər sonra isə Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları onun yaşadığı ünvana gəlib onu polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 38-ci PB-də Təşəkkülü bıçaqlamağını səmimi etiraf etmiş və törətdiyi cinayətə görə çox peşman olduğunu bildirmişdir. Həmin hadisə xx xxxxxx 2020-ci il tarixdə, saat 21 radələrində Təşəkkülün yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 91 saylı fərdi yaşayış evinin qarşısındakı adsız küçədə baş vermişdir. Onun ilk dəfə Təşəkkülün yanına gedərkən, sonuncuya xəsarət yetirmək fikri olmamış, sadəcə atası Dünyamalıya nə səbəbdən söyüş söyməsini aydınlaşdırmaq istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs təkrarən atası Dünyamalının ünvanına nalayiq söyüşlər söydüyünə, eləcə də onu döydüyünə görə, evə qayıdıb bıçaq götürüb gəlib onu bıçaqla vurmuşdur. Hadisə baş verdiyi zaman orada Təşəkkül və o olmuş, ətrafda heç kim olmamış, onunla Təşəkkül arasında ilk mübahisələri və aralarında münaqişə təxminən 5 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Təşəkkülün atası Dünyamalının ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. Elan edilməklə ona təqdim olunmuş Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 09 №-li rəyinə əsasən ondan aşkarlanan xəsarətlərə dair bildirir ki, sağ saidin sıyrıqları xəsarətini Təşəkkülü bıçaqla vurduqdan sonra Təşəkkül onu yerə yıxarkən, sağ əlinin yerə sürtünməsindən almış, başın sol gicgah nahiyəsinin qançırı xəsarətlərini isə Zərərçəkmiş şəxs onu yerə yıxıb başından yumruqla vurması nəticəsində almışdır. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, ona dəymiş ziyan valideynləri tərəfindən tam olaraq ödənmişdir. Törətdiyi əməlin ictimai təhlükəliliyini başa düşür və əməlindən peşmançılıq çəkir. Evli olmaqla, hələ ata ola bilməməsini, zərərçəkmiş şəxslə doğma dayı oğlu və bibi oğlu olmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ailə üzvləri tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənmiş olmasını, anasının 2-ci qrup əlil olmasını, aprel döyüşlərində iştirak etməklə, nəticədə bir qulağının eşitmə qabiliyyətinin zədələnməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, özü taksi fəaliyyəti ilə məşğul olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni Massivdə nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Şahid2 onun böyük qardaşıdır və onlar bir həyətdə yaşayırlar. Şahid1 onun doğma dayısı, Təqsirləndirilən şəxs da dayısı oğludur. Onun sonuncularla qohum kimi münasibətləri normal olmuş, yaxınlıqda yaşamaqla ailəvi gediş gəlişləri daim olmuşdur. xx.xx.2019-cu il tarixdə 18 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində 4-cü dayanacaqda dayandığı vaxt dayısı Şahid1 ona yaxınlaşıb, bayram səbəbindən birlikdə gedib yeyib-içmələrini təklif etmişdir. Dünyamalının təklifi ilə razılaşıb, birlikdə Sahil qəsəbəsində yerləşən marketlərdən birindən hərəyə 5 manat pul qoyub 10 manata 1 ədəd spirtli içki (araq) alıb Qaradağ rayonu, Ümid qəsəbəsinə gəlmişlər. Dünyamalı idarə etdiyi VAZ 2104 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini öz həyətində saxlayıb onun avtomobilinə əyləşib yaşadığı ünvana gəlmişdir. Onlar evdə yeyib içən zaman qardaşı Alim də onun yaşadığı ünvana gəlmiş, Alim onlarla salamlaşıb sonra çıxıb getmişdir. Bir qədər yeyib içdikdən sonra araqları qurtarsa da, əlavə bir araq da aldırıb yeyib içməklərini davam etdirmişlər. Artıq həmin arağı da içməyi qurtarmalarına az qalmış dayısı Dünyamalı kədərlənib ona irad tutaraq oğlu Ömər Dadaşovun türmədə olmasını, lakin onun bir dəfə olsun gedib Ömərə baş çəkmədiyini irad tutmuşdur. O da dayısı Dünyamalıya ona dayısı oğlu Ömərə gedib baş çəkməsini heç kimin tapşırmadığını bildirmişdir. Dünyamalı onun bu sözlərindən sonra qəzəblənərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O da Dünyamalının ona işlətdiyi ifadələri Dünyamalıya qaytarıb onu nalayiq ifadələrlə təhqir etmiş və Dünyamalını evindən qovmuşdur. Dünyamalı onun sözlərindən sonra evdən küçəyə çıxıb yaşadığı ünvan istiqamətində getmiş, o da qayıdıb öz evinə daxil olmuş, onun dayısı Dünyamalını küçəyə qovlamağından evdəkilərin xəbəri olmamışdır. Belə ki, qonşunun oğlu hərbi xidmətdən gəldiyinə görə anası Dilbər və dayısı arvadı Zümrüd qonşuya getmiş, dayısı oğlanları Elton və onun kiçik qardaşı Vüsal həyətdə olmamışlar. Bir qədər keçmiş həyətdə siqaret çəkən zaman qardaşı Alim ona yaxınlaşıb Dünyamalı ilə aralarında nə söz-söhbət olduğunu soruşmuş, o da qardaşı Alimə Dünyamalı ilə aralarında yüngül sözlə mübahisə baş verdiyini demişdir. Bu zaman küçədən dayısı oğlu Eltonun onu səsləməsini eşidib küçəyə çıxmış, qardaşı Alim isə həyətlərində qalmışdır. Küçəyə çıxıb Eltona yaxınlaşıb nə məsələ olduğunu soruşmuş, Elton isə ondan atası Dünyamalını nəyə görə təhqir etdiyini soruşmuşdur. O da Eltona atası Dünyamalının onun ünvanına söyüş söydüyü üçün cavab olaraq söydüyünü bildirmişdir. Bu zaman onların aralarında sözlə mübahisə yaranmış və Eltonla tutaşıb, bir-birilərinə qarşı yumruq atmış və münaqişənin gedişində Elton ondan ayrılıb evləri tərəfə qaçmışdır. O, Eltonun çıxıb getdiyini görüb evə qayıtmış, həmin vaxt artıq anası Şəkurə də evlərinə gəlmiş və saat təxminən 21 radələri olmuşdur. Evin həyətində olan zaman Elton yenidən onu küçəyə çağırdığından, küçəyə çıxıb Eltona yaxınlaşmışdır. Elton ona bir daha atası Dünyamalını söyməyini irad tutmuş və o da Eltona bundan əvvəl dediyi sözləri bir daha demişdir. Bundan sonra Elton cibindən nəsə çıxarıb onun qarın nahiyəsindən iki dəfə vurmuş, o isə Eltonu yerə yıxıb baş nahiyəsindən iki dəfə yumruqla vurmuş, bu zaman Elton onun sol sağrı nahiyəsindən bir dəfə bıçaqla vurmuş, bundan sonra həmin yerə qardaşı Alim də gəlmişdir. Əlini qarnına aparanda qan itirdiyini görmüş, bundan sonra huşunu itirdiyini hiss etmişdir. Anası və qardaşı onu həyətə aparıb həyətdəki divanın üstünə uzatmış, daha sonra huşunu itirmiş, huşu özünə gələndə isə xəstəxanada çarpayıda uzandığını görmüşdür. Hadisə xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni Yaşayış massivi 91 saylı fərdi yaşayış evinin qarşısında adsız küçədə baş vermiş, həmin vaxt sutkanın qaranlıq vaxtı olmuş, ətrafda heç kim olmamışdır. Həqiqətən də həmin gün Şahid1la iki butulka araq içmişlər və hər ikisi sərxoş halda olduqları zaman bir-birinə qarşı söyüş söymüş, həmçinin o, dayısı Şahid1 evindən qovmuşdur. Elton ilk dəfə onun yanına gəldikdə ondan atası Dünyamalını nə üçün təhqir etdiyini soruşmuş, həmin vaxt o, özü hələ də sərxoş olduğundan Eltona sərt cavab vermişdir. O, Eltonla əvvəlcə mübahisə etmiş, daha sonra tutaşmış, bir-birilərinə yumruq atmışlar. Amma Elton ondan ayrılıb yenidən evlərinə tərəf getmiş və geri qayıdıb ona iki dəfə qarnından bıçaqla vurduqdan sonra o Eltonu yerə yıxıb başından yumruqla vurmuşdur. Hadisə zamanı nə Elton nədəki o bir-birilərinin ünvanına nalayiq söyüş söyməmişlər. Son olaraq doğma dayısı oğlu olmaqla qohumu Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın valideynləri tərəfindən ödəndiyini, hadisənin qohumlar arasında məişət zəminində baş verən mübahisə zamanı baş verdiyini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində şərti cəza təyin edilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni Massivdə yerləşən 91 saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bir həyətdə yaşadıqları Zərərçəkmiş şəxs və Şahid2 övladlarıdır. Şahid1 qardaşı və Təqsirləndirilən şəxs isə qardaşı Dünyamalının oğludur. Həmin şəxslərlə münasibətiləri normaldır. Onun əsl adı Dilbər olmasına baxmayaraq, hamı onu Şəkura deyə çağırır. xx xxxxxx 2020-ci il tarixdə qonşusunun oğlu hərbi xidmətdən gəldiyindən göz aydınlığı vermək üçün qardaşı arvadı Zümrüdlə birlikdə getmiş, evə qayıdandan sonra həyətlərində qardaşı Dünyamalı ilə oğlu Təşəkkülün spirtli içki qəbul etdiklərini və bir-biriləri ilə sözlə mübahisə etdiklərini görmüş, buna görə də, oğlu Alimə zəng vurub evlərinə gəlməsini demiş, daha sonra yaşadığı evin həyətində işlərini görmüşdür. Alimlə Təşəkkül həyətlərində dayanıb söhbət etmişlər. Təxminən saat 21 radələrində küçədən səs gəldiyini eşidib çölə çıxmış, oğlu Təşəkkülün əlləri ilə qarınını tutub aşağı əyildiyini və Alimin də oğluna kömək etmək istədiyini görmüşdür. Qardaşı oğlu Eltonun əlində bıçaq olduğunu görəndə isə Eltonun Təşəkkülü bıçaqla vurduğunu başa düşmüşdür. O, tez bıçağı almış, Elton isə evləri istiqamətində qaçmağa başlamışdır. Həmin vaxt oğlu Alimlə birlikdə köməkləşib Təşəkkülü həyətə aparmış, Təşəkkülün qarın nahiyəsindən xəsarət almaqla qan axmışdır. Alim dərhal təcili tibbi yardıma və polisə zəng edib məlumat vermiş, bir qədər sonra isə Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları onların yaşadıqları ünvana gəlmiş, daha sonra isə təcili tibbi yardım avtomobili onların ünvana gəlib oğlu Təşəkkülü xəstəxanaya aparmışlar. Həmin hadisənin baş verməsi zamanı heç kimin söyüş söydüyünü eşitməmişdir. İş materiallarına əlavə edilmiş Şahid1 məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Şahid1 məhkəməyə müraciət edərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, dənizdə işdə olması ilə əlaqədar məhkəmədə iştirak edə bilmədiyini, nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, arvadı Zümrüd, böyük oğlanları Ömər, Vüsal və Elton və onun arvadı X13 birlikdə yaşayır. Asudə vaxtlarında etibarnamə ilə idarə etdiyi «VAZ-2104» minik markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2019-cu il tarixdə, təxminən 18 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində 4-cü dayanacaqda müştəri gözləyirmiş. Həmin vaxt bacısı oğlu X6 ona yaxınlaşıb təklif etmişdir ki, bayramdır gedib yeyib-içək, o, da Təşəkküllə razılaşmışdır. Bundan sonra onlar Sahil qəsəbəsində yerləşən marketlərdən birindən 10 manat pul verib 1 ədəd spirtli içki alıb Qaradağ rayonu, Ümid qəsəbəsinə gəlmiş. İdarə etdiyi avtomobili həyətində saxlayıb Təşəkkülün idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «VAZ- 2104» minik markalı avtomobili ilə əyləşib onlara getmişdir. Təşəkküllə bir qədər yeyib içdikdən sonra görmüşdür ki, Təşəkkül onun ünvanına nəlayiq söyüşlər deyir, onun içkili oluduğunu başa düşüb onların evindən küçəyə çıxarkən Təşəkkül onun getməyinə etirazını bildirmiş, o, da Təşəkkülə içkili olduğunu irad bildirməklə evi istiqamətinə piyada getməyə başlamışdır. Təşəkkül də onun arxası ilə küçəyə çıxıb nəlayiq söyüşlər söyürmüş. O, Təşəkkülə əhəmiyyət verməyib evinə qayıtmışdır. Darvazadan öz həyətinə daxil olanda görmüşdür ki, Elton həyətdə onunla qarşılaşmış, həmin vaxt Təşəkkül onun arxası ilə söyüşlər söyməyə davam edirmiş. Elton ondan nə baş verdiyini soruşmuş, o, da Təşəkkülün onun ünvanına söyüşlər verdiyini bildirmişdir, Elton küçəyə çıxıb Təşəkkülün yaşadığı ünvan istiqamətində getmiş. Artıq saat 21 radələri olarmış. Həmin vaxt yağış yağdığı üçün ayaqları yaş olduğu üçün evin içinə daxil olmuş. Təxminən 15 dəqiqə sonra evin həyətinə çıxmış və görmüşdür ki, oğlu Elton həyəcanlı vəziyyətdə həyətlərinə daxil olmuşdur, Eltondan nə baş verdiyini soruşduqda bildirmişdir ki, Təşəkküllü Alimi bıçaqla vurmuşdur. O, oğlu Eltona öz iradını bildirmiş və bacısı Dilbərgilə getmişdir. Ora çatanda artıq bacısı Dilbərgilin təcili tibbi yardıma zəng vurduqlarını bilmişdir. (cild 01, iş vər. 145- 146) İş materiallarına əlavə edilmiş X8 məhkəməyə ünvanlandığı xx.xx.2020-ci il tarixli teleqramdan görünür ki, Şahid2 məhkəməyə müraciət edəərk ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə bağlı məhkəmədə iştriak edə bilmədiyini, nəzərə alınmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni Massivdə yerləşən nömrəsiz fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Bir həyətdə yaşadıqları və evi onun evinin arxasında yerləşən Zərərçəkmiş şəxs balaca qardaşıdır. Münasibətləri normal olan Şahid1 dayısı və Təqsirləndirilən şəxs isə dayısı oğludur. Anasının əsl adı Dilbər olsa da Şəkura deyə çağırırlar. xx xxxxxx 2020-ci il tarixdə günün ikinci yarısında qardaşı Təşəkküllə getmiş və həmin vaxt dayısı Dünyamalı da həmin yerdə olmuşdur. Təşəkkül dayısı Dünyamalı ilə spirtli içki qəbul edərək birlikdə yeyib-içirmişlər. Həmin şəxslərlə salamlaşıb sonra isə çıxıb getmiş, həmin gün təxminən saat 21 radələrində anası Dilbər ona zəng edərək Təşəkküllə Dünyamalının spirtli içki qəbul edib bir-biriləri ilə mübahisə etdiklərini bildirmiş, bundan sonra o, təcili evə qayıtmış, evə çatanda isə Təşəkkülün həyətdə olduğunu, lakin Dünyamalının isə yanında olmadığını görmüşdür. Təşəkkülə nəyə görə Dünyamalı ilə mübahisə etdiyini soruşmüş, elə bu vaxt küçədən dayısı oğlu Eltonun Təşəkkülü çağırmasını eşitmiş, Təşəkkül çölə çıxmış, o isə həyətdə qalmışdır. Təxminən 5 dəqiqə sonra Təşəkkül geri qayıtmış, onlar söhbətlərinə davam etmiş, bundan sonra dayısı Dünyamalının oğlu Eltonun yenidən Təşəkkülü çölə çağırmışdır. Təşəkküldən nə məsələ olduğunu soruşmuş, Təşəkkül də ona adi bir söz söhbət olduğunu deyib küçəyə çıxmış, bu vaxt çöldə mübahisə səsi eşidib həyətdən çıxmış və Təşəkkülün əlini qarnına tutduğunu görmüşdür. Təşəkkülə yaxınlaşanda Elton bıçaqla bir dəfə sağ qoltuqaltı nahiyəsindən vurmuş, həmin vaxt bıçağın az hissəsinin ona dəyməsini hiss etmiş, həmin vaxt anası Dilbər də çölə çıxmış, bundan sonra Eltonun əlindəki bıçağı almış və Elton isə evləri istiqamətində qaçmağa başlamışdır. Həmin vaxt anası Dilbərlə birlikdə köməkləşib Təşəkkülü həyətə aparmış, Təşəkkül qarın nahiyəsindən xəsarət almış və qarın nahiyəsindən qan axmışdır. O, dərhal təcili tibbi yardıma və polisə zəng edib məlumat vermiş, bir qədər keçmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-nin əməkdaşları yaşadıqları ünvana gəlmiş və daha sonra isə təcili tibbi yardım avtomobili ünvanlarına gəlib, qardaşı Təşəkkülü xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı elan və tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Raqib Rəhimov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. (cild 01, iş vər. 01) xx xxxxxx 2020-ci il tarixli Qaradağ RPİ-nin 38-ci PB-nin məsul növbətçisinin həmin bölmənin rəisinə raportundan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 23.55-də KTM-dən tibbi bacısı Mürsəlova məlumat verərək, Qaradağ rayonu, Ümid qəsəbəsi Yeni Massivdə yaşayan 39 yaşlı Şahid2 döş qəfəsinin kəsilmiş yarası və qardaşı 35 yaşlı Zərərçəkmiş şəxs qarnının çox saylı kəsilmiş deşilmiş yaraları diaqnzu ilə müraciət etməsi barədə məruzə etmişdir. (cild 01, iş vər. 05) “Baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Raqib Rəhimov tərəfindən dəvət olunmuş hal şahidlərinin iştirakı ilə hadisənin baş verdiyi Bakı şəhəri, Qaradağ rayonu, Umud qəsəbəsi, Yeni Yaşayış massivində nömrəsiz evə baxış keçirilmiş, baxış zamanı hadisə baş verməmişdən öncə Zərərçəkmiş şəxs ilə Şahid1 həmin evdə oturub yeyib içdikləri müəyyən edilmişdir. Həmin ünvana baxış keçirilərkən küçə darvazasından həyətə daxil olarkən həyətdə bir mərtəbədən ibarədt 03 otaqlı ev olduğu, həmin evə daxil olmaq üçün 1 laylı dəmirdən qapı olduğu, həmin həyətdən dəmir darvaza ilə üzbəüz digər bir mərtəbəli ev də vardır. Həmin ev 04 otaqdan ibarətdir. Həyətdə olan hər iki fərdi yaşayış evində yaşayış vardır. Bundan başqa 02 otaqdan ibarət fərdi yaşayış evində Zərərçəkmiş şəxs, digərində isə Şahid2 yaşayır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə mübahisə edərkən Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, Dadaşov X3 Təşəkkül Sabir oğlu ilə mübahisəni Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni Yaşayış massivində Təşəkkülün yaşadığı evin küçə darvazasının qarşısında münaqişə edərək Ümid qəsəbəsi, Yeni Yaşayış massivində 91 saylı fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs döş qəfəsinə xəsarət yetirmişdir. (cild 01, iş vər. 08-10) xx xxxxxx 2020-ci il tarixli protokoldan və tədim edilmiş əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Raqib Rəhimov tərəfindən Şahid3 tərəfindən təqdim olunmuş cinayət işi üzrə 01 ədəd bıçaq qəbul edilərək baxış keçirilmiş, baxış zamanı bıçağın qatlanmayan tipdə olduğu, tiyə və dəstəkdən ibarət olması, ümumi uzunluğunun 240 mm olması, dəstəyinin qara rəngli, tiyəsinin gümüşü rəngli metaldan olması, bir kənarının itilənmiş, digər kənarının itilənməməmiş olması, bıçağın üzərində qan və ya hər hansı bir ləkənin olmadığı müəyyən edilmiş, bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 11-13) xx xxxxxx 2020-ci il tarixli 21116 və 21117 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ayıq, Şahid1 isə orta dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. (cild 01, iş vər. 14-15) “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Dadaşov X4 RPİ-nin İŞ-nin müstəntiqi Raqib Rəhimov tərəfindən həmin gün saat 01.05-də müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 42- 43) “Şübhəli şəxsin ifadəsinin yerində yxlanılması barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində istintaqa vermiş olduğu ifadəsi yerində yoxlanmış, bu zaman Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları əyani olaraq göstərməklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Yeni yaşayış massivində yerləşən 91 saylı fərdi yaşayış evinin qarşısındakı adsız küçədə bıçaqla xəsarət yetirdiyini bildirmişdir.(cild 01, iş vər. 60-63) Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin müstəntiqinə olan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dava-dalaş zamanı Zərərçəkmiş şəxs onun baş nahiysindən vuraraq bədən xəsarəti yetirməsi ilə bağlı, Zərərçəkmiş şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. (cild 01, iş vər. 73) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-4/2020 nömrəli, xx xxxxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 94-95) “Təqdim edilmiş əşyanın götürülməsi və baxışın keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Raqib Rəhimov tərəfindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd futbolka və 01 ədəd köynəyə baxış keçirilməklə götürülmüş, həmin futbolkanın ağ rəngli olmaqla, qısaqol olması, köynəyin çəhrayı rəngli olmaqla uzunqol olması müəyyən edilmiş, futbolka və köynək üzərində qana bənzər ləkələr aşkar edilmişdir. (cild 01, iş vər. 107) Şahid2 Qaradağ RPİ-nin müstəntiqinə olan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Şahid2 ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq bədən xəsarəti yetirməsi ilə əlaqədar, hazırda Təqsirləndirilən şəxsla barışdığını, aralarında heç bir ədavət və düşmənçilik olmadığını qeyd edib, nəzərə alınmasını xahiş etmişdir. (cild 01, iş vər. 116a) Zərərçəkmiş şəxs Qaradağ RPİ-nin müstəntiqinə olan xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə dayısı oğlu Təqsirləndirilən şəxs bıçaqla onu vuraraq bədən xəsarəti yetirməsi ilə əlaqədar, hazırda Təqsirləndirilən şəxsla barışdığını, aralarında heç bir ədavət və düşmənçilik olmadığını qeyd edib, nəzərə alınmasını xahiş etmişdir. (cild 01, iş vər. 117) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 120) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 09 №-li rəyindən görünür ki, vət. Təqsirləndirilən şəxs bədəni üzərində - başın sol gicgah nahiyəsinin qançırı, sağ saidin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. (cild 01, iş vər. 124-126) Məhkəmə tibbi-kriminalistik ekspertizasının xx xxxxxx 2020-ci İl tarixli 07- MTKŞ/2020 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində bir ədəd, arxa səthində bir ədəd, maykanın ön səthindəhki ədəd dəlib-keçən zədələr aşkar. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgüclü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər- bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın arxa sağ nahiyəsində aşkar edilmiş bir ədəd cırılma zədəsi maykanın müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış mətbəx təyinatlı bıçağdır və soyuq silah hesab edilmir. (cild 01, iş vər. 127-131) Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 56 №-li rəyindən görünür ki, vət. X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- köndələn çənbər bağırsağın kəsilmiş-deşilmiş yarası, sağ peritonarxası sahənin hematoması və köndələn çənbər bağırsaq müsaqirəsinin hematoması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş - kəsilmiş yarası, sol sağrının 1 (bir) kəsilmiş-deşilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər iti kənara və iti uca malik əşya (alət) ola bilsin bıçaq təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdilər. Dərəcələrinə görə köndələn çənbər bağırsağın kəsilmişdeşilmiş yarası, sağ peritonarxası sahənin hematoması və köndələn çənbər bağırsaq müsaqirəsinin hematoması ilə müşayiət olunan qarın boşluğuna nüfuz edən 2 (iki) ədəd deşilmiş - kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sol sağrının 1 (bir) kəsilmiş-deşilmiş yarası isə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (cild 01, iş vər. 135-138) Məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 17/220-MTBŞ №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sisemi üzrə qan qruppu 0/l/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq, X2 məxsus futbolka və köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qarın qrup aöstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız «H» antigeni alındı. Bu qan ləkələri ABO sistemi üzrə O /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 01, iş vər. 139-144) “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və əmələ hissəvi xitam verilməsi haqqında” xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 29,120.1, 126.2.4, 128, 221.3 və 228.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq zərərçəkmiş şəxslə barışdıqlarından Təqsirləndirilən şəxs əməlinə hissəvi xitam verilmiş və Şahid2 cinayət işi üzrə zərərçəkmiş şəxs kimi iştirakına xitam verilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128 və 221.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat xitam verilmiş, hadisə yerindən götürülmüş 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd futbolka və 1 ədəd köynək iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işi materialları ilə tanış olduqdan sonra həmin əşyalar saxlanılması üçün Qaradağ RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. (cild 01, iş vər. 150-161) İş materiallarına əlavə edilmiş 119 saylı MKİS-in rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “Memarlıq və inşaat” universiteti nəzdində İnşaat kollecini bitirib və aprel döyüşlərində iştirak edib. Halhazırda BBC GROUP-da işləyir. Yaşadığı müddətdə özünü nizam-intizamlı bir vətəndaş kimi tanıtmışdır. Yaşadığı müddətdə qonşular tərəfindən 119 saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanı tam olaraq valideynləri tərəfindən ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və mülki iddiasının olmadığını bildirmiş və eyni zamanda məhkəmədən Təqsirləndirilən şəxs şərti cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ№ 133239 seriya nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında xx.xx.2016cı il tarixdə nikah bağlanmışdır. N nömrəli hərbi hissənin səlahiyətli şəxsləri tərəfindən təqdim olunmuş xidməti xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xidmətə gəldiyi gündən özünü nizam-intizamlı və xidməti vəzifələrini vaxtı vaxtında yerinə yetirən bir əsgər kimi göstərmişdir. Hərbi nizamnamələrin tələblərini bilir və onları vaxtı vaxtında yerinə yetirilməsinə səy göstərir. Komandirlərin əmr və sərəncamlarını vaxtı vaxtında yerinə yetirməyə məsuliyyətli yanaşır. Hərbi nəzakət, davranış və əsgəri salamlaşma qaydalarına düzgün riayət edir. Geyim formasını səliqəli saxlayır. Kollektiv arasında nüfuz və hörmətə malikdir. İş materiallarına əlavə edilmiş 000392 nömrəli vəsiqənin surətindən görünür ki, Dadaşova Zümrüd Babaşalı qızı ikinci qrup ümumi əlildir. AA 052804 seriya nömrəli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası “Memarlıq və inşaat” universiteti nəzdində İnşaat kollecini bitirmiş və ona subbakalavr dərəcəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs SX ******* seriya nömrəli hərbi biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hərbi xidmətdə olmuş, bu müddətdə N nömrəli hərbi hissədə N mm minaatan heyət nəfəri vəzifəsində xidmət etmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələr, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs gənc olmasını, əvvəllər məhkum olunmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, anasının 2-ci qrup əlil olmasını, özünün aprel döyüşlərində iştirak etməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək, vurulmuş ziyanı tam olaraq ödəməsini, zərərçəkmişin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını, evli olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməklə ona cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Məhkəmə törədilmiş cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallarla bağlı, ilk növbədə qeyd edir ki, iş materiallarından göründüyü kimi Şahid1 və Şahid3 doğma bacı-qardaş olmaqla, hadisə sonuncuların övladları arasında yəni Təqsirləndirilən şəxsla bibisi oğlu Zərərçəkmiş şəxs arasında baş verməsi müəyyən edilmişdir ki, göstərilən hal özlüyündə cinayətin ictimai təhlükəlilik xarakterini azaldan amillərdəndir. Bununla yanaşı qeyd olunmalıdır ki, iş materiallarından müəyyən edildiyi kimi, hadisənin baş verməsinə səbəb spirtli içki qəbul edən Şahid1la Zərərçəkmiş şəxs arasında baş tutmuş mübahisə və bu zaman Zərərçəkmiş şəxs Şahid1 qarşı nalayiq ifadələri işlətmə səbəbini Təqsirləndirilən şəxs aydınlaşdırmaq istəməsi zamanı tutaşaraq, yumruqlaşmaları və Təqsirləndirilən şəxs Təşəkkülün onu döyəcəyini düşünməsi olmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayətin törədilməsi motivinin, eyni zamanda sonuncuya cəza təyini zamanı nəzərə alınmalı olan şəxsiyyətini xarakterizə edən mühüm hal kimi, Təqsirləndirilən şəxs 2016-cı ilin aprel ayında baş tutmuş döyüşlərdə iştirak etməklə, vətənin keşiyində durması, xidmət etdiyi hərbi hissənin işğal edilmiş torpaqlarımızın bir hissəsinin işğaldan azad olunmasında böyük rolunun olması və eləcə də həmin döyüşlərdə baş verən qanlı hadisələrin şahidi olmaqla psixoloji aləminin təsirlənmiş olması nəzərə alınmalıdır. Bununla yanaşı, məhkəmə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların məcmusunu, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini, onun ölkəmizin hərbi tarixçəsində fəxr mənbəyi olan 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin alınmasında birbaşa rolu olan hərbi hissədə xidmət etməklə, şəxsiyyətini xarakterizə edən halları, hadisənin bir-birinə münasibətdə dayı oğlu və bibi oğlu olmaqla qohumlar arasında məişət mübahisəsi zəminində baş verməsini nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət əməlinə görə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün sayaraq barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan həmin cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs öz davranışları ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti başa çatanadək onların davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək onlara bir vəzifə olaraq tapşırılmalıdır. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilməli və barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, onun iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Qaradağ RPİ-nin MSY-də və həbsdə saxlandığı xx xxxxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək olan müddət, cəmi 07 (yeddi) ay 13 (on üç) gün yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan cəzadan çıxılmalıdır. İş üzrə maddi sübutlar: Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan - bir ədəd bıçaq, bir ədəd köynək, bir ədəd futbolka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı tutularaq Bakı şəhəri Qaradağ RPİ-nin MSY-də və həbsdə saxlandığı xx xxxxxx 2020-ci il tarixdən, xx xxxxxx 2020-ci il tarixədək olan müddət, cəmi 07 (yeddi) ay 13 (on üç) gün yekun cəza müddətinə daxil edilməklə, həmin müddət ona təyin olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 17 (on yeddi ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunaraq Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti başa çatanadək onun davranışı üzərində nəzarəti həyata keçirəcək orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Azərbaycan Respublikası CİM-in 181.1-ci maddəsinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət daimi yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar: Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan- bir ədəd bıçaq, bir ədəd köynək, bir ədəd futbolka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar