Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-647/2021 07.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs Firudin oğlunun, müdafiəçii: Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1979-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü işgüzar şəxs kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs Firudin oğluna müxtəlif banklarda kredit ödənişi edilmədiyi üçün girovda olan və hərrac vasitəsi ilə satışı təşkil edilən avtomobillərin orta bazar qiymətindən aşağı qiymətə alışını təşkil edə biləcəyini dair yalan vədlər verərək bu adla 2018-ci ilin yanvar ayında Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən “Qış parkının” yeraltı dayanacağında saxlanılan bir ədəd 2015-ci il buraxılışlı «Mercedes Benz S 500» markalı, bir ədəd 2014-cü il buraxılışlı «Lexus 570» markalı, beş ədəd 2014-cü il buraxılışlı «Toyota Camry» markalı və bir ədəd 2012-ci il buraxılışlı «X9» markalı avtomobilləri Zərərçəkmiş şəxs göstərərək «Mercedes S 500» markalı avtomobili 100.000 manata, «Lexus 570» markalı avtomobili 65.000 manata, «Toyota Camry» markalı avtomobilin bir ədədini 30.000 manata və «X9» markalı avtomobili 26.000 manata hərrac yolu ilə ona satılacağına inandırıb sonuncudan beh adı ilə 2018-ci ilin yanvar ayının sonlarında ünvan 2 ünvanında həmin dövrün məzənnəsi ilə 17.001 manat təşkil edən 10.000 ABŞ dolları pulunu, 2018-ci ilin fevral ayının sonlarında ünvan 3 ünvanında hərracda sənədlərin düzəldilməsi adı ilə 63.000 manat pulunu, 2018-ci ilin fevral ayının sonlarında Bakı şəhəri Nəsimi rayonu, Moskva prospekti 188 A ünvanında yerləşən “Məkan” restoranında eyni adla tanışı Şahid3 vasitəsi ilə 5000 manat pulunu, 09 mart 2018-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, X10 küçəsi 128 saylı ünvanında eyni adla 12.000 manat pulunu, 2018-ci ilin mart ayının ortalarında Bakı şəhəri Nərimanov rayonu, X10 küçəsi 112 ünvanında yerləşən “Gənclik” şadlıq sarayının qarşısında “Kia Optima” markalı avtomobili ona satmaq adı ilə 10.000 manat pulunu və 2018-ci ilin may ayının əvvəllərində “X11”-dan icarəyə götürdüyü Şahid4 məxsus “Mersedes S 500” markalı avtomobili hərrac yolu ilə ona satılacağını təşkil edəcəyinə inandırıb ondan Nəsimi rayonu, Moskva prospekti 188 A ünvanında yerləşən “Məkan” restoranında həmin dövrün məzənnəsi ilə 62.900 manat təşkil edən 37.000 ABŞ dolları pulunu, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 169.901 manat pulunu ələ keçirərək verdiyi vədlərə əməl etməyib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Sənanla Sahib əsgər yoldaşları olmuşlar. O, maşın alqı-satqısı ilə məşğul olur. Bakı şəhəri, K.Marks küçəsində olan «Hidayətoğlu» hərrac komitəsinin əməkdaşı Teymurun vasitəsi ilə ucuz qiymətə hərraca çıxarılan problemli bank kreditlərinə görə borcu olan müştərilərin nəqliyyat vasitələrini əldə edib daha baha qiymətə satıb qazanc əldə edirdi. 2018-ci ilin əvvəllərində dostu Sahib işlətdiyi “Məkan” yeməkxanasında ona bildirmişdir ki, avtomobil alqı-satqısı ilə məşğul olan Sənan adlı tanışı var, Sənan maşın əldə etmək barədə ona fikir bildirmişdir. Onun da Teymur vasitəsi ilə ucuz maşınları hərrac vasitəsi ilə əldə etmək imkanı olduğu üçün o, Sənanla Sahib vasitəsi ilə tanış olmuşdur. Söhbət əsnasında Sənan ona bildirmişdir ki, "xxxx" servis MMC-də avtomobillərin icarəsi ilə, həmçinin avtomobillərin alqı-satqısı ilə məşğul olur. Sahib isə onu Sənana hərrac komitəsində işləyən və həmin komitənin «K.Marks» adlanan yerdə yerləşdiyini bildirmişdir. O isə Sənana hərracda işləmədiyini, lakin tanışı vasitəsi ilə hərrac yolu ilə avtomobil ala biləcəyini demişdir. Sənanla razılaşmışlar ki, ucuz avtomobil çıxardaraq həmin avtomobilləri ona satışını təşkil etsin. Bundan sonra tanışı Teymurla bu haqda söhbət etmiş, Teymur bu yaxınlarda təxminən 9 ədəd xarici maşınların bank tərəfindən hərraca çıxarılacağını, həmin maşınların hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış parkının dayanacağında olduğunu bildirmişdir. Həmçinin Teymur ona bildirmişdir ki, hərracın keçirilməsi xərci olan nəqliyyat vasitələrinin dəyərinin 7%-ni təşkil edən 76.000 manat pul ona çatdırılmalıdır ki, o, hərracı məhz Sənanın xeyrinə həll etsin. Teymurun deməsinə görə qeyd edilən avtomobillərin hər birinin dəyərinin satışı bazar qiyməti dəyərindən 40 % ucuz qiymətə təşkil edə biləcəkdir. Teymurun soyadını və atasının adını bilmir, Teymurun yaşadığı ünvanıda bilmir, vəkilindən xahiş edəcək ki, Teymurun yerini müəyyən edib məhkəməyə dəvət etsin. Teymurun verdiyi məlumatları Sənanla Sahibə bildirmiş və sonuncuları Qış Parkın avtomobil dayanacağında olan «Toyota Camry», «Mercedes S 500», «Lexus 570» və «Grand Cheroki» markalı avtomobillərin yerini bildirməklə həmin maşınlara baxmalarını tövsiyyə etmişdir. Həmin avtomobillərin bir ədədi 2015-ci il buraxılışlı «Mercedez S 500» avtomobili, bir ədədi 2014-cü il buraxılışlı «Lexus 570» modelli avtomobil, 5 ədədi 2014-cü il buraxılışlı «Toyota Camry», bir ədədi «Grand Cheroki» 2012-ci il buraxılışlı avtomobllər olmuşlar. Sənan həmin avtomobillərə baxaraq onları bəyənmiş və almaq istədiyini bildirmişdir. O, Sənana 3 ədəd «Toyota Camry» markalı avtomobilin yaxın vaxtda hərraca çıxarılmaqla, hər birini 28.000 (iyirmi səkkiz min) manata, ümumilikdə 84.000 (səksən dörd min) manata satıldığını demiş, Sənan da onunla razılaşamışdır. O, Sənana bildirmişdir ki, həmin avtomobillər hərraca çıxarılanda xəbər edəcəyini, həmçinin ilkin ödəniş olaraq 10.000 ABŞ dolları onlardan Teymura çatdırılması üçün istəmişdir. Bundan 1-2 gün sonra, 2018-ci ilin əvvəllərində «K.Marks»da olan «Hidayətoğlu» hərrac komitəsində olduğu zaman Sahiblə Sənan birlikdə həmin yerə gəlmişlər. Sənan“3 ədəd “Toyota Camry” markalı avtomobillərin ona sənədləşdirilməsi məqsədilə Sahibin yanında 10.000 ABŞ dollarını vermişdir. O da öz növbəsində Sənangil çıxıb gedəndən sonra həmin pulu Teymura vermişdir. O, Sənandan 10.000 ABŞ dolları alandan bir həftə sonra Teymur ona bildirmişdir ki, avtomobillər yaxın vaxtda hərraca çıxarılacağı üçün o, ona daha 37.000 (otuz yeddi min) ABŞ dolları çatdırmalıdır. O da Teymurun bu tapşırığını Sənana çatdırmış, Sənan da 37.000 ABŞ dolları Nəsimi rayonu Şamaxinka deyilən yerdə ona vermişdir. Bundan təxminən 10 gün sonra o Sənanın mobil telefonuna zəng edərək özü üçün 4.500 manat pul istəmiş, Sənan da onun xahişini yerinə yetirərək həmin məbləği Sahiblə qardaşı Mustafanın işlətdiyi «Məkan» restoranında taksi sürücüsü Eldənizin vasitəsi ilə ona çatdırmışdır. Bundan sonra Teymurdan məsələnin nə vaxt həll olunacağını soruşduqda sonuncu bildirmişdir ki, maşınları hərraca çıxaran bank həmin maşınları özü əldə edərək balansına salmışdır. Başa düşmüşdür ki, Teymur onu aldadır və ondan verdiyi pulları geri istəmişdir. Teymur da ona 26.000 manat bir, 50.000 manat bir qaytarmışdır. Qaytarılan puldan 50.000 manatı Mustafaya vermişdir ki, Sənana çatdırsın. Mustafa da həmin məbləği Sənana çatdırmışdır. Sonra Sahibin vasitəsi ilə qalan 26.000 manatı Sənana qaytarmışdır. Mustafa ilə Sahibə pulları onların işlətdiyi «Məkan» kafesində vermişdir. O, həmin vaxtdan sonra Sənanla əlaqə saxlamamış, ona 10.000 manata ucuz qiymətə «KİA» markalı maşın satmasını vəd etməmiş və ondan bu maşın üçün 10.000 manat almamışdır. Hazırda onun Sənana 4.500 manat borcu qalmışdır. Sənan ona «Toyota Prado» markalı **-XX-*** markalı avtomobildə 63.000 manat pul verməmiş, o, Sənandan hərracda sənədlərin düzəlməsi adı ilə 2018-ci ilin fevral ayında Nərimanov rayonu Gənclik deyilən yerdə 5 N-li xəstəxanın yaxınlığında F.Xoyski küçəsi 112 saylı evin qarşısında 12.000 manat pul almamışdır. Qeyd etmək istəyir ki, 2018-ci ilin fevral ayından may ayına kimi olan müddətdə rentkardan müqavilə ilə dostu Turacdan götürdüyü «Mersedes S 500» markalı avtomobili Sənana satmaq üçün təklif etməmişdir. Əksinə, Sahiblə Sənan onun həyətində həmin maşını görüb qaçırmışlar. O, dərhal bu barədə Turaca xəbər vermiş, Turac da maşında olan GPS cihazı vasitəsi ilə maşının yerini müəyyən edərək geri qaytarmışdır. Bu səbəbdən Sahibgildən polisə şikayət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir ədavəti və ya düşmənçilyi yoxdur. Özü haqqında onu bildirir ki, o, 2005-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, «Ekselsior» hotelin həyətində olan "xxxx" servis MMC-də direktor kömkəçisi olaraq işləyirdi. "xxxx" servis MMC-nin təyinatı avtomobillərin icarəsindən ibarət olmuşdur. 2018-ci ilin yanvar ayının sonunda Təqsirləndirilən şəxs əsgər yoldaşı olmuş Şahid1 vasitəsi ilə tanımışdır. Belə ki, Sahib Təqsirləndirilən şəxs ona hərrac komitəsinin işçisi, həmin təşkilatın hərrac satışlarında ucuz qiymətə yaxşı maşınların hərrac vasitəsi ilə satıldığını, ondan münasib qiymətə maşınlar əldə edib icarəyə vermək mümkün olduğunu bildirmişdir. Bundan sonra Sahibə İlqarla tanış olmaq istədiyini bildirmiş, İlqarla görüşüb tanış olmuş, onun danışıqlarından sanballı və yaxşı adam olması qənaətinə gəlmiş, ilk dəfə Sahiblə birlikdə «Memar Əcəmi» metrostansiyasının yaxınlığında olan çay evində Təqsirləndirilən şəxslə görüşmüşdür. Söhbətləri uğurlu olduğundan İlqarın «K.Marks» da yerləşən hərrac komitəsinin binasına üçü birlikdə getmiş, orada hamının İlqarı tanıdığını, ona hörmətlə yanaşdıqlarını gördükdə ona olan inamı daha da artmışdır. Bildirmək istəyir ki, öz fəaliyyətində dostluq münasibətlərinə daha çox əsaslanır. Tanıdığı insanların verdiyi sözlərə inanaraq onlarla alqı-satqı münasibətləri yaratmış və heç vaxt yanılmamışdır. Əfsuslar olsun ki, Təqsirləndirilən şəxs çatdıqda bu inamı sarsılmışdır. İlqar ona bildirmişdir ki, hal-hazırda komitənin hərracında çoxlu sayda müxtəlif markalı xarici ölkə istehsalı avtomobiləri var və həmin avtomobillərə baxmaq üçün onu və Sahibi Qış parkının avtomobil dayanacağına göndərmişdir. Həmin dayanacağa getdikdə orada Təqsirləndirilən şəxs deməsinə görə hərraca çıxarılmış bir ədəd 2015-ci il buraxılışlı «Mercedes S 500» avtomobili, bir ədəd 2014-cü il buraxılışlı «Lexus 570» modelli avtomobil, 5 ədəd 2014-cü il buraxılışlı «Toyota Camry», bir ədəd «Grand Cherokee» 2012-ci il buraxılışlı avtomoblləri görmüşdür. Avtomobillərə baxan zaman orda bir nəfər hazırda üzünü xatırlamadığı mühafizəçi onlara yaxınlaşmış və avtomobillərdə nə işi olmasını xəbər alan zaman həmin şəxsə Təqsirləndirilən şəxs onları avtomobillər ilə tanış olmaq üçün göndərməsini bildirdikdə həmin şəxs onların rahat tanış olmağına şərait yaratmış və o, anlamışdır ki, mühafizəçi Təqsirləndirilən şəxs tanıyır. Sonra o İlqarın istifadəsində olan mobil nömrəyə zəng edərək avtomobillər ilə tanış olub, həmin avtomobilərin 8 ədədini də dəyərini ödəmək yolu ilə almaq istədiyini və avtomobillərin dəyərini ondan soruşmuş, İlqar qiymətləri müzakirə etmək üçün onu və Sahibi “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən çayxanaya dəvət etmişdir. Orada ona məlum olmuşdur ki, «Mercedes S 500» markalı avtomobili 100.000 manata, «Lexus 570» markalı avtomobili 65.000 manata, «Toyota Camry» markalı avtomobilin bir ədədini 30.000 manata və «X9» markalı avtomobili 26.000 manata hərrac yolu ilə satışa qoyulmuşdur. Lakin onun bu maşınları bu qiymətlərə almasına imkanı olmadığı üçün maşın alqı-satqısı ilə məşğul olan Mübariz adlı dostuna məlumat vermişdir. Mübarizə maşınların qiyməti barədə məlumat verdikdə Mübariz həmin qiymətlə razılaşmış və Hidayətoğlu MMC-nin qarşısında beh olaraq 10.000 ABŞ dolları vermiş, o isə hşəmin pulu İlqara vermişdir ki, İlqar bu maşınların sənədləşdirilməsini həll etməklə qalan məbləği də Mübariz onun vasitəsi ilə Hərrac komitəsinə ödəsin. Bundan savayı, İlqar onu şirnikləndirərək bildirmişdir ki, hərracda ucuz qiymətə bir ədəd “Kia Optima” markalı avtomobili vardır və həmin maşını ona 10.000 manata satacaqdır. O da İlqarın bu təklifinə sevinərək razılaşmış, hətta İlqarın bacısının həyətində həmin maşina baxmışdır. Həmin vaxtdan bir neçə gün sonra Sahiblə bir yerdə olduğu vaxt Sahib mobil telefonu ilə İlqarla əlaqə saxlamış və İlqar 50.000 (əlli min) manat pul avtomobilin sənədləşməsi üçün istəmişdir. O, da 2018-ci ilin yanvar ayının sonlarında Mübarizdən tələb olunan məbləği alaraq Sahiblə birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığına gedərək orada Təqsirləndirilən şəxs idarə etdiyi ** XX *** dövlət nömrə nişanlı Prado markalı avtomobilin içində Təqsirləndirilən şəxs 50.000 manat pul vermişdir. İlqar orada ona bildirmişdir ki, sənədləşmə işlərinə başlamışdır. Lakin günlər keçdikcə İlqardan bir xəbər çıxmamış, ondan şübhələnməyə başlamış və şübhələri barədə Sahibə məlumat vermiş və Sahibdən İlqara verdiyi pulları geri almağı xahiş etmişdir. Sahib bir müddət sonra ona zəng edərək İlqardan pulu aldığını və gəlib pulu aparmasını demişdir. O, gedib Sahibdən 50000 manat pulu almış, lakin ilkin olaraq beh verdiyi 10.000 ABŞ dolları ilə maraqlananda Sahib bildirmişdir ki, həmin pulu da qaytaracaqdır. O isə Sahibə demişdir ki, “qalan pulu səndən alacam, çünki İlqarı sənə görə tanımışam”. 2018-ci ilin fevral ayının sonlarında İlqar ona zəng edərək demişdir ki, işləri düzəltməyə başlamış, lakin o ondan pulu aldığı üçün işləri həll edə bilmir. O, İlqardan bu iş görüb görə bilməyəcəyini soruşanda sonuncu təklif etmişdir ki, 63.000 manat pul ona verilsə sənədləmə işlərin hamısını həll edə bilər. Sahibə Təqsirləndirilən şəxs işin düzəlməsi üçün 63000 (altmış üç min) manat pul istədiyini demiş və onlar birlikdə 2018-ci ilin fevral ayının sonlarında Yasamal rayonunda yerləşən “Şahdağ” restoranın qarşısına gedərək İlqarla görüşmüşlər. İlqarın gəldiyi Toyota Prado markalı maşina minərək orada Mübarizdən aldığı 63.000 manat pulu çıxarıb saymaq istədiyi zaman İlqar ona bildirmişdir ki, tələsdiyi üçün pulu saymağa ehtiyac yoxdur. O İlqara pulun 63000 manat olduğunu bildirmiş və həmin məbləği İlqara vermişdir. Bu pulun İlqara verilməsinin şahidi Sahib olmuşdur. Həmin vaxtdan bir neçə gün sonra İlqar avtomobillərin sənədləşməsi üçün əlavə olaraq ondan daha 5000 manat pul istəmiş və o, həmin pulu 2018-ci ilin fevral ayının sonlarında «Məkan» restoranında İlqarın göndərdiyi taksi sürücüsü Eldənizə vermişdir. Sonrakı günlərdə İlqar hərracda sənədlərin düzəlməsi adı ilə 09.03.2018-ci il tarixdə Gənclikdə 5 N -li xəstəxanın yaxınlığında F.Xoyski küçəsi 128 saylı evin qarşısında 12.000 manat almışdır. Həmin vaxtdan 10- 15 gün sonra artıq İlqar onunla söhbətdən yayınmağa başlamış və hər dəfə bir bəhanə etmiş, sonra isə telefonlara cavab vermədən ona vatsapla və mobil nömrə ilə avtomobilləri verəcəyinə dair smslər yazmış lakin vədlərinə əməl etməmiş və sonda onunla bütün əlaqələri kəsmişdir. O, bu barədə Sahibə bildirərək İlqardan verdiyi pulları geri almağı tələb etmişdir. Sahib qardaşı Musatafanın vasitəsi ilə İlqardan 26.000 manat pul alaraq ona qaytarmışdır. Qalan pulu da ya qaytaracağını ya da avtomobillərin ona satılacağına söz vermişdir. 2018-ci ilin may ayının əvvələrində Təqsirləndirilən şəxs ona zəng edərək hərracdan «Mersedes S 500» markalı avtomobil çıxartdığını bildirmişdir. O, avtomobilin harada olmasını soruşanda o, demişdir ki, avtomobili özü idarə edir. Sahibə zəng vurub bu barədə məlumat verərək həmin avtomobilin yerinin öyrənməsini xahiş etmişdir. Sahib qısa müddətə məsələni araşdırıb ona xəbər vermişdir ki, avtomobil İlqarın qonşusu Eldəniz adlı taksi sürücüsünün həyətindədir. O, Sahiblə həmin ünvana gedib avtomobilin həqiqətən də orada olmasını görmüşdür. İlqar əvvəlcə həmin avtomobili ona 130.000 ABŞ dollara satmaq istəmiş, lakin sonra guya ona hörmət əlaməti olaraq avtomobilin qiymətini 110.000 ABŞ dollara təklif etmişdir. O, avtomobilə baxmağa getdiyi zaman İlqar özü həmin yerdə olmamışdır. O, İlqara avtomobilin olduğu yeri deməsini və açarını ona təqdim etməsini demiş, bundan sonra İlqar avtomobilin Eldənizin həyətində olduğunu və açarı ondan alacağını demişdir. Eldənizin həyətinə getdikdə həmin maşını görmüş, lakin maşının üzərində dövlət qeydiyyat nişanı olmamışdır. Həmin nişanla maraqlandıqda İlqar bildirmişdir ki, sənədləşmə qurtarandan sonra həmin avtomobilə qeydiyyat nömrəsi alacaqdır. İlqarın razılığı ilə «Mersedes S 500» markalı avtomobili aparmışdır. Həmin maşina görə 2018-ci ilin may ayının əvvəllərində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Məkan” restoranında Sahibin yanında 37.000 ABŞ dolları Təqsirləndirilən şəxs vermişdir. İlqar ona söz vermişdir ki, iki gün ərzində Mersedesin sənədlərini ona verəcəkdir. Həmçinin digər avtomobillərin də sənədlərini hazırlayıb təqdim edəcək və həmin avtomobilləri də ona satılmasını təşkil edəcəkdir. O, İlqardan aldığı «Mersedes S 500» markalı avtomobili Keşlə qəsəbəsində yaşayan tanışı Yusifin avtomobil salonuna satılması üçün aparıb qoymuş, aparandan iki gün sonra Yusif ona zəng edib demişdir ki, ayıb deyil, o, oğurluq maşını onun həyətinə gətirmişdir. Həmin vaxt az qalmışdır ki, infarkt keçirsin, lakin özünü toparlayaraq Yusifin yanına getmiş və orada ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu Mersedesi «City» rentekardan icarəyə götürmüş, onu aldadaraq həmin maşının guya hərracda olan maşın olmasını demişdir. «City» rentekarın sahibi Sərxan onun tanışı olsa da Sərxandan bu mersedesin «City» rentekara məxsus olmasına dair sənədləri tələb etmiş, Sərxan da bütün lazım olan sənədləri , yəni icarə müqaviləsi, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Bundan sonra Sərxangil maşını özləri ilə aparmışlar. Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək ona qarşı dələduzluq edərək ümumən 169.901 manat pulunu ələ keçirmiş, bu puldan Sahibin vasitəsi ilə 26.000 manat qaytarılmış, 143.901 manat borcu qalmışdır. Həmin pulların ödənilməsini Təqsirləndirilən şəxs tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur, Zərərçəkmiş şəxs isə əsgər yoldaşı olmuşdur. O, özü avtomobillərin alqı-satqısı ilə məşğul olmuş, Təqsirləndirilən şəxs hərrac vasitəsi ilə banklarda girov olan maşınların satışı ilə məşğul olmuş, Zərərçəkmiş şəxs isə maşınların kirayə verilməsi ilə məşğul idi. Səhv etmirsə, 2017-ci ilin sonlarında o, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla qardaşı Mustafanın 20 Yanvar dairəsində olan «Qəbələ Məkan» restoranında oturub çörək yeyib çay içmişlər. X7 maraqları üst-üstə düşdüyü üçün Sənan İlqardan öz maşınları girov vermə şirkəti üçün İlqardan təzə maşınlar istəmişdir. Sonuncu da ona hərraca qoyulacaq 3 və ya 4 maşın verəcəyini Sənana söz vermişdir. Sənan onun yanında qeyd olunan maşınların hərrac faizi olan 5-7%-ni istədiyi üçün sonrakı günlərdə 50.000 manat pulu İlqara vermişdir. Lakin bundan təxminən iki həftə keçdikdə Sənan məsələnin həll olunmadığını əsas götürərək pulunu geri istəmişdir. O da İlqardan həmin pulu geri istədikdə İlqar pulu ona qaytarmış, o da öz növbəsində pulu Sənana vermişdir. Bundan sonra qardaşı Mustafanın restoranında olduğu zaman və orada Sənanla İlqar onun və Mustafanın yanında dəyəri 30.000 ABŞ dolları olan «KİA OPTİMA» markalı maşının İlqar tərəfindən Sənana satılması barədə razılaşmışlar. Həmin məbləği Sənan ona vermiş, o da öz növbəsində həmin pulu İlqara çatdırmışdır. Bu dəfə də məsələ yubandığı üçün Sənan pulunu geri istəmiş, o da İlqara bu məsələ ilə əlaqədar müraciət etdikdə İlqar ona 26.000 manat vermiş, o da həmin pulu Sənana qaytarmışdır. Bildiyinə görə İlqar 10.000 manat pulu isə birbaşa Sənana özü vermişdir. Artıq onun iştirakı olmadan Sənan maşın alqı-satqısı üçün İlqara 63.000 manat pulun verilməsini bilmişdir. Həmin məsələ ilə bağlı onu bilir ki, İlqarın bu günə Sənana təxminən 14.000 manat borcu qalmışdır. İlqar onun əli ilə üst-üstə əvvəlki borcları olan 76.000 manatı Sənana qaytarmışdır. Başqa pullardan məlumatı olmamışdır. Onu da xatırlayır ki, Sənanla İlqarın ilk razılaşmaları olan zaman Sənan qohumları ilə Nəsimi rayonu ərazisində olan yeraltı maşın dayanacağına gedərək orada İlqarın bildirdiyi maşınları bəyənmişdir. Həmin yeraltı dayanacağa o, İlqarla birlikdə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdr ki, Təqsirləndirilən şəxs qardaşı Şahid1 dostu kimi, Zərərçəkmiş şəxs isə əsgər yoldaşı kimi tanımışdır. O, özü Xüsusi Dövlət Mühafizə Xidmətində işləyir. Qardaşı Sahib avtomobillərin alqı-satqısı ilə, Təqsirləndirilən şəxs hərrac vasitəsi ilə banklarda girov olan maşınların satışı ilə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs isə maşınların kirayə verilməsi ilə məşğul olmuşlar. Səhv etmirsə, 2017-ci ilin sonlarında qardaşı Sahib, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsla birlikdə özünə məxsus 20 Yanvar dairəsində olan «Qəbələ Məkan» restoranında oturub çörək yeyib çay içmiş, orada Sənan maşın almaq üçün 50.000 manat pulu İlqara verdiyini, lakin pulunu İlqardan geri ala bilmədiyini demişdir. O, İlqardan həmin pulu geri istədikdə İlqar bir müddətdən sonra pulu ona qaytarmış, o da öz növbəsində 50.000 manat məbləğində pulu Sənana vermişdir. Bundan sonra Sənanla İlqar onun və qardaşı Sahibin yanında dəyəri 30.000 ABŞ dolları olan «KİA OPTİMA» markalı maşının İlqar tərəfindən Sənana satılması barədə razılaşmışlar. Həmin məbləği Sənan Sahibə vermiş, o da öz növbəsində həmin pulu İlqara çatdırmışdır. Bu dəfə də məsələ yubandığı üçün Sənan pulunu geri istəmiş, o da İlqara bu məsələ ilə əlaqədar müraciət etmiş, bundan sonra İlqar ona 26.000 manat vermiş, o da həmin pulu Sənana qaytarmışdır. Ümumilikdə İlqardan bir dəfə 50.000 manat, ikinci dəfə isə 26.000 manat olmaqla, 76.000 manat məbləğində pulu İlqardan alıb Sənana qaytarmışdır. Sənanla İlqarın arasında olan digər pul mübahisələri barəsində məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. O, özünə məxsus Mersedes S 500 markalı ** SB *** dövlət nömrə nişanlı avtomobilini 2018-ci ilin aprel- may aylarında Bakı şəhəri Səbail rayonunda yerləşən “X11” avtomobil icarəsi ilə məşğul olan Elvin adlı şəxsə günü 350 manata pul ödəməklə icarəyə vermişdir. Avtomobili Elvinə etibarnamə ilə vermişdir ki, o, da həmin avtomobili müştərilərə yol vərəqəsi ilə verə bilsin. Elvin həmin avtomobili hər hansı bir şəxsə icarə verəndə ona avtomobili kimə və neçə gün müddətinə verməsi barədə məlumat vermişdir. Avtomobili “City Rent a car” da olduğu zaman avtomobildə GPS olduğu üçün bir neçə gün müddətində avtomobilin hərəkət etmədiyini müşahidə etmişdir. O, həmin müddətdə avtomobillərin satışı ilə məşğul olan “Turbo az” saytına baxarkən ona məxsus “City Rentacar”a verdiyi Mersedes S 500 markalı ** SB *** dövlət nömrə nişanlı avtomobilin həmin saytda satılması ilə bağlı elan verildiyini görmüş, avtomobili satışa qoyan şəxsin hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək avtomobilə baxmaq istədiyini bildirmişdir. Həmin şəxs avtomobilin Nizami rayonu, Keşlə qəsəbəsində həyətində saxladığını bildirmişdir. O, həmin şəxslə danışdıqdan sonra Elvinə zəng edərək onunla birlikdə Keşlə qəsəbəsinə getmiş və avtomobilin həqiqətən də ona məxsus olduğunu müəyyən etmişlər. Avtomobili onlara təqdim edən sonradan adını öyrəndiyi Yusif adlı şəxsə bildirmişdir ki, avtomobil ona məxsusdur. Həmin yerə Yusifin atası Vidadi gəlmiş, Vidadiyə də avtomobilin ona məxsus olduğunu deyəndən sonra Vidadi Sənana zəng etmiş və Sənan həmin yerə gəlmişdir. Sənana bildirmişdir ki, avtomobil ona məxsusdur. Sənan həmin vaxt ona bildirmişdir ki, avtomobili ona İlqar adlı şəxs hərracdan alıb vermiş, lakin avtomobilin sənədlərini ona verməyib, sənədləri bir neçə günə hazır olacağını demişdir. Elvin orada avtomobilin qeydiyyat şəhadətnaməsini təqdim edib bildirmişdir ki, “avtomobil Sərxana məxsusdur və “X11”a icarə verib və o da həmin avtomobili İlqar adlı şəxsə icarəyə vermişdir. Bu sözlərdən sonra Sənan onlara inanmış və avtomobili onlara qaytarmışdır. Sənan həmin vaxt İlqarın mobil telefonuna bir neçə dəfə zəng etsə də İlqar onun mobil telefonuna cavab verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun dostudur. O, Keşlə qəsəbəsində olan maşın salonu vasitəsi ilə vətəndaşların təqdim etdiyi maşınların alqı-satqısı ilə məşğul olmuşdur. 2018-ci ilin təxminən may ayında Sənan ona satış üçün Mersedes Benz S 500 markalı avtomobil gətirmişdir. Sənan bildirmişdir ki, maşının sənədlərini 2-3 günə təqdim edəcək, maşının müəyyən yerlərinə əl gəzdirməyi və maşina müştəri tapmasını xahiş etmişdir. Sənanla uzun müddət dost olduğu və ona etibar etdiyi üçün maşının satılmasına dair «Turbo.az» saytına məlumat yerləşdirmişdir. Bundan sonra ona bir nəfər şəxs zəng edərək maşina gəlib baxmaq istədiyini bildirmişdir. Həmin şəxs Şahid4 idi. Sərxan maşının sənədlərini təqdim edərək bildirmişdir ki, maşını İlqar adlı şəxsə icarəyə vermişdir, lakin bir neçə gün həmin maşının icarə haqqı ona ödənilməmişdir. Sərxanın bu sözlərindən sonra Sənana zəng etmiş, Sənan onların yanına gələrək həmin maşını ona İlqar adlı şəxs tərəfindən satıldığını demiş, lakin İlqarın maşının sənədlərini ona verəcəyini desə də bu günədək verməmişdir. Bundan sonra o, maşını Şahid4 qaytarmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən olunmuşdur ki, o, Binəqədi rayonu, X4 Əliyevlə qonşuluqda yaşayır. Təqsirləndirilən şəxslə yaxşı münasibəti olmuş və aralarında hər hansı bir narazılıq və ədavət yoxdur. O, taksi sürücüsü kimi fəaliyyət göstərir. X6 və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vasitəsi ilə tanımışdır. Aralarında hər hansı bir narazılıq və ədavət yoxdur. Belə ki, mən 2018-ci il tarixdə dəqiq tarixini bilmədiyi vaxtda Bakı şəhəri Binəqədi rayonunda Zeytunluq deyilən yerdə tanımadığı restorandan İlqar sərxoş olduğu üçün onun idarə etdiyi “Prado” markalı avtomobili ilə yaşadığı evə gətirdiyi zaman ilk dəfə Sahiblə Sənanı orada görmüşdür. Həmin vaxtdan sonra o onları bir neçə dəfə Nəsimi rayonu Şamaxinka deyilən yerdə «Məkan» restoranında görmüşdür. İlqar ona həmin vaxtlar bildirmişdir ki, hərracla avtomobil alıb baha qiymətə sataraq pul qazanır. Həmçinin həmin vaxtlar görmüşdür ki, İlqar müxtəlif bahalı avtomobillər idarə edir. Bir dəfə 2018-ci ilin əvvəllərində evdə olduğu zaman İlqar ona bildirmişdir ki, Şamaxinkada yerləşən «Məkan» restoranına gedib oradan Sənandan pul götürməsini xahiş etmişdir. O, 2018-ci ilin əvvəllərində Məkan restoranına gedib orada Sənandan 5000 manat pul alıb X4a yaşadığı evdə vermişdir. Həmçinin 2018-ci ilin təxminən may ayında İlqar onun yaşadığı evin həyətində «Mersedes Benz S 500» markalı avtomobil saxlamışdır. Sahib və Sənan gəlib avtomobilə baxdıqları zaman İlqar ona bildirmişdir ki, avtomobilin açarını ver onlar avtomobili idarə edib baxsınlar. O, da avtomobilin açarını Sənana vermişdir. Sənan sonra həmin avtomobili idarə edib çıxıb getmişdir. Həmin vaxtdan bir neçə vaxt sonra yəni 2018-ci ildə dəqiq tarixini bilmədiyi vaxtda İlqar ona 26000 manat pul veərərək həmin pulu Mustafaya verməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs Firudin oğlunun Bakı şəhəri Baş Polis idarəsinə ünvanladığı şikayət ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında onun yanına dostu Şahid1lə gələrək ona bahalı maşınları olmağı təklif edərək müxtəlif vaxtlarda ondan iki yüz min manat pul alıb mənimsəmişlər. Məhkəmədə tədqiq edilmiş «təqsirləndirilən şəxsin tutulması üçün axtarışının elan edilməsi haqqında» 13.08.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuş və tutularkən ittiham elan olunması üçün Bakı şəhəri Nəsimi RPİ-nin istintaq şöbəsinə gətirilməsi müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş «Axtarışda olan şəxsin yaxalanması barədə» 28.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 10:15-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 9 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi RPİ-nə gətirilmişdir. Məhkəmədə tədqiq edilmiş «Təqsirləndirilən şəxsin tutulması haqqında» 28.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə ittihamın elan edilməsi üçün tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 29.08.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakcell MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, ***-***-**-** mobil nömrəsini Təqsirləndirilən şəxs istifadə etmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən çıxan və daxil olan zənglərə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 03.01.2018-ci il tarixdə cinayət işində şahid qismində dindirilmiş Şahid1 istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə və 20.02.2018-ci il tarixdən Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsi ilə mütəmadi danışıqlar aparması müəyyən edildi. Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən göndərilən SMS-lərə baxış zamanı müəyyən edilmişdir: ki, -14-03-2018-ci il tarixdə ********** nömrəsindən ********* nömrəsinə “maşını çıxardaq sənəd sora da olsa olar. Mən pis vəziyyətdə qalmışam. Bu gün nə edirsən et maşını çıxardaq”. Həmin tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “İlqar gunortaya kimi mawinin birini verak sanadi sonra ver” -17-03-2018-ci il tarixdə Şahid1 istifadə etdiyi **********84 mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi ********* nömrəsinə “Yeke kişisen vere bilmiyecekdik bunlari meni yaxama niye yapisdirirdin İlqar mən sənə belə olmuşdum”. -02.04.2018-ci il tarixdə 070210-46-00 mobil nömrəsindən ********* mobil nömrəsinə “bu gün ya maşını, ya da pulu ver”. -11.04.2018-ci il tarixdə 070210-46-00 mobil nömrəsindən ********* mobil nömrəsinə “5 daqiqalik goruşək məndən qaçma. Məndə işimi bilim. Çay içək bu gün allaha and olsun artıq söhbət olmayacaq”. -30.04.2018-ci il tarixdə 070210-46-00 mobil nömrəsindən ********* mobil nömrəsinə “sən neynəmək istayirsən mani qana salmaq istayirsan ? Bu gün evinizə gedəcəm”. -20.06.2018-ci il tarixdə ********* mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “Senan salam qaga ayin 28 senle gorusub halalaşacam tez alinmir. 28 günü bu söhbət bağlanacaq tez alınmır” mətnli smsləri göndərilmişdir. -Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefonun əhatə dairəsinə və danışıqlarına baxış keçirilərkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs Şahid1lə 03.01.2018-ci il tarixdən, Zərərçəkmiş şəxsla isə 20.02.2018-ci il tarixdən başlayaraq mütəmadi danışmışlar. 09.03.2018-ci il tarixdə saat 11:53 radələrində Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında telefon danışığı olduğu zamanı Təqsirləndirilən şəxs Nərimanov rayonu, X10 98 ünvanında olması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizasının 02.12.2020-cu il tarixli 2383 saylı ekspert rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək və onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllıq, hər hansı bir psixi xəstəliyinvə psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə tədqiq edilmiş Şəki Ağır Cinayətlər Məhkəməsinin 28.08.2017-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək yeddi il altı ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və sonuncu barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti təyin edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs hal-hazırda baxılan cinayət işi üzrə törətdiyi əməli 2018-ci ilin yanvar ayında törətmiş, yəni əvvəlki hökm üzrə təyin edilmiş şərti cəzanın sınaq müddəti bitməmişdir. Məhkəmə hesab edir ki, şərti məhkum edilmiş Təqsirləndirilən şəxs sınaq müddətində qəsdən ağır cinayət törətdiyindən ona tətbiq olunmuş şərti məhkum etmə ləğv edilməli və CM-nin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin olunmalıdır. Belə ki, CM-nin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə məhkəmə şərti məhkum etməni ləğv edir və ona CM-nin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yoxdur. Məhkəmə, işdə olan sübutları, istintaq materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış, ibtidai istintaq orqanı tərəfindən əməlin tövsifi hissəsində iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam aydınlaşdırılaraq həmin sübutlara əsasən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində guya zərərçəkmişdən əldə etdiyi pul vəsaitləriniTeymur adlı hərrac təşkilatının əməkdaşına verməsi barədə ifadəsi öz təsdiqini tapmamşdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin pullarını hansısa şəxsə verməsi barədə heç bir ifadə verməmiş, bu barədə zərərçəkmiş şəxsə və yaxud dostları olan şahidlər Sahib və Şahid2lərə bir məlumat istər ibtidai istintaq zamanı, istərsədə məhkəmə baxışı zamanı bildirməmiş, sonuncuların belə şəxs barədə məlumatları olmamış, həmçinin müdafiə tərəfi Teymur adlı şəxsi müəyyən edib dindirilməsi barədə heç bir vəsatət təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin bu hissədə vıerdiyi ifadəsinin hiqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməli cinayət qanunvericiliyində nəzərdə tutulan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayət əməlinin tərkibini yaratmışdır. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməllərinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi üçün hər hansı bir hərəkət etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın məqsədinə yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun saxlanıldığı 28.08.2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99- 1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs Firudin oğluna 169.901 manat məbləğində ziyan vurulmuşdur. Belə olan halda Zərərçəkmiş şəxs Firudin oğluna ödənilməmiş ziyanın Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 4 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün isə 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-354, 356--cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilsin. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər məhkəməsinin 28.08.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs tətbiq olunmuş şərti məhkum etmə ləğv edilsin, CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş 07 il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 09 (doqquz) il müddətə azdlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 28 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs Firudin oğluna ödənilməmiş ziyanın Təqsirləndirilən şəxs tutulub ona ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 360 AZN (üç yüz altmış manat) pul Bakı şəhəri 4 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-647/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-647/2021
07.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver